Orxan Paşanın
yaradıcılığında türkçülük, vətənçilik
və bütöv azərbaycançılıq
düşüncəsi
Azərbaycan folklorunun zənginliyi, əhatəliliyi,
çoxfunksionallığı və etnik-tarixi kimlik faktoru ilə
birbaşa bağlılığı tədqiqatçıdan
xalq yaradıcılığına dərindən bələdlilik,
etnoqrafik həssaslıq, həmçinin, bir sıra əlaqəli
elmləri içəriləyən geniş bilgi tələb
edir. Yanaşı olaraq soykökə, tarixi keçmişə,
milli-mental dəyərlərə bağlılıq, ictimai-mənəvi
sorumluluq, üzərinə düşən etik yükü
daşıya bilmək... kimi mənəvi keyfiyyətlərə
malik olmaq isə alimi həm də bir ziyalı kimi
bütövləşdirir. Ozan-aşıq sənətinin
öyrənilməsi, toplanılıb-tərtib edilməsi,
qorunması və təbliğatı istiqamətində əhəmiyyətli
xidmətlər göstərən, bu mənəvi-mədəni
irslə bağlı müxtəlif aspektlərdə əhatəli
elmi fəaliyyəti, yeni yanaşma sərgiləyən
konseptual araşdırmaları ilə respublikamızda və
digər türkdilli ölkələrdə görkəmli
folklorşünas-alim kimi tanınan Əməkdar elm xadimi,
professor Məhərrəm Qasımlı da məhz belə
ziyalılarımızdan biridir.
Əsas tədqiqat obyekti Azərbaycan folkloru,
ozan-aşıq sənəti olan Məhərrəm
Qasımlının, həmçinin, ədəbiyyatşünaslığın
digər istiqamətlərilə bağlı elmi əsərlərində
də müəllifin milli ziyalı ruhunu aydın şəkildə
görmək mümkündür. Bu onun iç
dünyasının tərcümanı kimi
çıxış edən şair Məhərrəm
Qasımlının – Orxan Paşanın bədii
yaradıcılığında da əsas keyfiyyətlərdən
biri kimi özünü göstərir və alim və
şairi obraz olaraq eyni müstəvidə birləşdirir.
Orxan Paşanın poeziyası yüksək bədii-estetik
məziyyətlərə malik olub mövzu dairəsi, ideya-məzmun
xüsusiyyətləri, retrospektiv düşüncələrin
maraqlı şəkildə ifadəsi, milli koloriti, şifahi ənənədən
çeşidli aspektlərdə yararlanılması ilə
diqqəti çəkir. Xalq (aşıq!) yaradıcılığı
üslubu, folklor ruhu və ifadə tərzi “Mən poetik təfəkkür
baxımından Qurbaninin “Bənövşə”
qoşmasındakı ruhun daşıyıcısıyam”, –
deyən Orxan Paşanın poeziyasının əsas istiqamətini
və poetik-üslubi səciyyəsini müəyyənləşdirir.
Orxan Paşanın yaradıcılığında onun bədii
düşüncə tərzinin əsasında dayanan folklor
rakursu, demək olar ki, ən qabarıq görünən
keyfiyyət kimi diqqəti çəkir. Qoşma janrı isə
burada, xüsusilə, ədəbi-estetik ayrıcalıq təşkil
edir.
Orxan Paşanın folklora, xüsusilə də
ozan-aşıq sənətinə həssas münasibəti və
yaradıcılığında çeşidli aspektlərdən
bu zəngin irsə yönəlmələr mənsub olduğu
coğrafi bölgədən gəlmə genetik məqam, mənəvi-estetik
enerjidir. Poeziyasına alim Məhərrəm
Qasımlının təsiri də elə özünü
daha çox onun məhz folklora, o cümlədən
türk-oğuz (!) etnik-mədəni sisteminin əsasında
dayanan başlıca amillərdən biri olan ozan-aşıq sənətinə
münasibətində göstərir. Şeirlərində
sazı xüsusi həssaslıqla vəsf edən şairin
“Sazına sahib çıx, ay Oğuz eli, // Sazın səndən
başqa yiyəsi yoxdu!” – misralarında, az qala, bütün mədəniyyətlərin
bir-birinə qarışdığı bu xaotik zamanda Dədəm
Qorqud yadigarı qopuzun varisi və xələfi olan sazın gələcək
taleyilə bağlı nigarançılıq hissləri əks
olunur, eyni zamanda, dolayısı ilə, sazın milli musiqi alətimiz,
ozan-aşıq sənətinin isə oğuz etnomədəniyyət
hadisəsi və faktı olması vurğulanır.
Keçən əsrin səksəninci illərinin
sonlarından etibarən Azərbaycanda baş verən
ictimai-siyasi-tarixi hadisələr, müharibə faktoru,
qanunauyğun olaraq, ədəbiyyatımıza da bu və ya
digər şəkildə öz təsirini göstərir, ədəbi
proses müəyyən mənada cəmiyyətdə və
milli şüurda gedən proseslərlə eyni müstəvidə
birləşirdi. Bütün bunlar, təbii olaraq, Orxan
Paşanın poeziyasından da yan keçməmişdir. Onun
zamanın tələbindən doğan bu qəbildən olan
şeirlərində milli-tarixi kontekst mətnin özəyini
təşkil edir və biri digərini şərtləndirən
türkçülük, vətənçilik və
bütöv azərbaycançılıq ideyaları önə
çəkilir. Şairin bu sıradan olan
“Türklüyümüz yenilməz” şeirində
sözügedən tarixi dövr üçün səciyyəvi
olan milli oyanış, özünəqayıdış və
özünüdərk amillərinin doğurduğu
türkçülük məfkurəsi mətnin
başlıca ideyasını təşkil edir. Qəhrəmanlıq
ruhunda qələmə alınmış şeirdə
başlıca olaraq etnogeneoloji faktoru vurğulayan Orxan Paşa,
həmçinin, milli kimliyimizi, soykökümüzü,
tarixi keçmişimizi unutdurmağa çalışanlara
türkün etnik qan yaddaşında daşlaşmış
genetik kodunun silinməsinin mümkünsüzlüyünü
də xatırladır:
Yer-göy bilsin, Boz Oğuzdu adımız,
Qandan getməz dədə-baba odumuz.
Gör nə deyir sümüyümüz-südümüz,
Türklüyümüz yenilməz!
Şeirdə türklük həm də bir keyfiyyət
kimi təqdim olunur – bir çox xüsusiyyətləri kompleks
halında içəriləyən və yalnız türkə
məxsus olanüstü bir keyfiyyət. Yenilməzlik, alp-ərənlik
savaş günü qartal kimi düşmən üzərinə
şığıyan türkün qanında,
canındadır. Çünki Tanrı türkü
yaradılışdan belə xəlq etmişdir. Təsadüfi
deyil ki, burada “türklük” və “yenilməzlik” sanki
bir-birini tamamlayan məfhumlar kimi təqdim edilir. Şeirdə
türkün-oğuzun etnik-tarixi kimliyini, yenilməz
savaşçı ruhunu, qəhrəmanlıq əzmini ifadə
edən məzmun əks olunmaqla, həm də müvafiq
ünvana (yaxud ünvanlara) kontekstlə əlaqəli konkret
sosial-siyasi mesaj ötürülür.
“Xəzər qalxır” şeirində su və əcdad
arxetipləri arasında mifik-mistik bağlantı yaradan
şair rəmzi-məcazi olaraq Xəzərin təlatümlənərək
qalxıb-qabarmasını etnik yaddaşın oyanması,
damarlarımızda axan türk qanının coşması,
dikələn dalğaların hayqırtısını isə
sanki Xəzərdən metafizik şəkildə zühur edən
Atilla, Mete, Oğuz... ruhlarının
çağırış-nidaları kimi alır. Şeirdə
türkün-türklüyün oyanış-yüksəlişinə,
yeni qalibiyyətlərə yol açacağına inam ifadə
olunur. Sözügedən şeirlər türk-oğuz
kontekstində tarixi-genetik birgəlik faktorunun
vurğulandığı siyasi-ideoloji əhəmiyyətli mətnlər
olub milli özünüdərk və istiqlal ədəbiyyatımızın
nümunələrindəndir. Orxan Paşanın cümhuriyyətimizin
qurucusu Məmmədəmin Rəsulzadənin “Bir kərə
yüksələn bayraq bir daha enməz!” kəlamından
ilhamlanıb yazdığı “Bir daha enməz” şeiri də
rəhbərə sayqı ilə bərabər, milli dövlətçilik
və istiqlal düşüncələrini əks etdirir.
Orxan Paşanın yaradıcılığında vətən,
torpaq sevgisi müəllifin yurd həsrətinin, el-obadan
ayrı düşmənin ağrı-acısının poetik
ifadəsini əks etdirən qürbət mövzusunda olan
şeirlərində xüsusi həssaslıqla təsvir edilir
və mətnin əsas ideya istiqamətini müəyyənləşdirir.
Eldən ayrı düşənlərin yurdu qürbətin
yolları olar – vətəndən və vətənə
sarı uzanan yolları. Özgə yerdə qərar tuta bilməyib
vətən, el-oba həsrətilə qovrulanlar özlərini
həmin yollara atar, lakin addımları hər tərəfi
duman-çən, hər qarışı isə sanki
yandırıb-yaxan qor, dirigözlü cəhənnəm,
çıxılmaz bir gor olan bu yolları qət etməyə
yetməz, “İlim-ilim itməyi yox, // Axır ucda bitməyi
yox. // Vətən sarı getməyi yox – // Kordu qürbətin
yolları”, – deyərək vətənə sarı kövrək-kövrək,
qəhərli-qəhərli boylanarlar yalnız... Vətənin
bir nəfəslik havası, bir ovuc torpağı, bir
kiçik daşı belə –
Bir udum bürkü gələ
Vətəndən –
Burda dönüb külək olar, vallah.
Bir qamış kolu gələ
Vətəndən –
Halımı görüb tütək olar, vallah.
Əl boyda bir çay daşı gələ
Vətəndən –
Götürüb sinəmə qoyam,
Döyünüb ürək olar, vallah... –
həsrəti ilə yaşayan qəriblərin özləmidir.
Bu özləm son nəfəsə qədər onları tərk
etmir, dünyadan köçəndə də illərin iz
saldığı üzlərinin son ifadəsində donub
qalır. Şairin “Vətəndi dərmanım” şeirində
görürük ki, vaxtilə Qazaxıstana sürgün edilən,
ömrünü dərdinin dərmanı vətən həsrətilə
qürbətdə başa vurmaqda olan nisgilli aşığa xəstəliyin
fiziki ağrısı ilə yanaşı və bəlkə
də, daha çox qəriblikdə dəfn
olunacağının mənəvi ağrısı əzab
verir. Təsadüfi deyil ki, şeir qürbətdə can verməyin
mənəvi-psixoloji iztirablarını təsirli bir şəkildə
əks etdirən “Rahat köçəmmirəm, uzaqdı məndən
// Qəbrimin üstünü örtən dərmanım”
misraları ilə bitir. Mətnin semantik yükünün əsas
ağırlığı da elə məhz bu kövrək,
nisgilli və ağrılı misraların üzərinə
düşür.
Təkcə canlı insan yox, qürbətdə dəfn
olunub cismi vətən torpağına qovuşmayan insanın
ruhu da qəriblik çəkir. Bu əzabı, bəlkə də,
maddi-fiziksəl mövcud olub ağrısını qəlbində
daşıyan insandan daha çox sərgərdan gəzib-dolaşan
qərib və narahat ruhlar yaşayırlar. Qürbətdə
dəfn olunan kimsənin məzarı da qərib,
küskün, boynubükükdür sanki. Bu baxımdan
qürbət acısının, doğma torpaq həsrətinin
qərib bir məzar sahibinin dilindən ifadə edilməsi
kövrək-emosional təsirilə diqqəti çəkir:
“Kim məni axtarıb-arar? // Hərdən gəlib dua verər?
// Qərib-qürbət yerdə qərar // Tuta bilmirəm,
bilmirəm... // Başa yetməz dərdi-sərim, // Vətənimə
xəbər verin: // Yaman narahatdı yerim, // Yata bilmirəm,
bilmirəm...”
Göstərilən nümunələrdə qürbət
acısı, vətən həsrəti və bu hisslərin
doğurduğu daxili-psixoloji halın poetik ifadəsi o qədər
içdən təqdim edilir ki, sanki müəllif özü
uzun müddət vətəndən uzaqlarda qəriblik çəkmiş
və bu hissləri yaşamışdır. Şairin bu qəbildən
olan şeirlərinə, mövzuya uyğun olaraq, pərişan
və nisgilli psixoloji ovqat hakimdir.
Orxan Paşanın poeziyasının başlıca
ideya istiqamətlərindən birini də bütöv azərbaycançılıq
ideyası təşkil edir ki, bu da dünyanın geopolitik xəritəsinin
dəyişdiyi çağdaş dövrdə, xüsusilə,
önəm kəsb edir. Onun bu yönümdə qələmə
aldığı şeirlərində folklor və tarix
qaynaqlarından müvafiq şəkildə bəhrələnmə
sözügedən ideyanın milli-tarixi kontekstdə təqdimini
gerçəkləşdirir. Şairin, demək olar ki, ritorik
suallar üzərində qurduğu və Dərbənd nisgili
ilə yazdığı “Getdim, gördüm” adlı
şeirində də müəllif öz məqsəd-məramını
məhz bu yolla ifadə edir, başqa sözlə desək,
folklor yaddaşına istinadən Dərbəndin Azərbaycanın
qədim yurd yerlərindən biri olması faktına diqqət
çəkərək tarixi yaddaşı diri tutmağa
yönləndirir: “Koroğlunun səfəri yadındamı?
// Xan Kərəmin xəbəri yadındamı? //
Yadındamı //
torpağına-daşına // nə tapşırırdı
telli saz? – // Yadındamı Xəstə Qasım, //
Tufarqanlı Abbas?! // Yadındamı ərənlərin
tutarı, // qalaların tabı, Dərbənd? //
Yadındamı // Dədəm Qorqudun kitabı, Dərbənd?
// Dəmir qapıların necə? – // Yadındamı Dəmirqapı
Dərbənd?!. // Qapına-yoluna baxıb, //
sağına-soluna baxıb // Qorxdum sükutunun // daş
olmağından. // Qorxdum yaddaşının //
korşalmağından...” Əvvəldən axıra kimi sanki
folklor örtüyünə bürünüb Dərbəndlə
bağlı mədəni-tarixi keçmişimizin
sözügedən məqamlarına səyahət edən
poetik mətnin bu şəkildə təqdimi ana
kitabımızda oğuzların “Dəmür qapu Dərbənd”
adlandırdıqları, ozanlar ozanı Dədəm Qorqudun
uyuduğu bu qədim oğuz-türk məskənilə əlaqəli
milli-tarixi konteksti aydın şəkildə ortaya qoyur.
Ümumiyyətlə, Orxan Paşanın
yaradıcılığında Azərbaycanın ərazisi bu
günkü mövcud sərhədlərlə məhdudlaşmayıb
öz tarixi toponimiyasını əhatələməklə
daha geniş coğrafiyada təqdim edilir. Məhərrəm
Qasımlının ozan-aşıq sənətinə dair
monoqrafiyasında müəyyənləşdirdiyi aşıq
mühitləri, onları içəriləyən mədəni-coğrafi
bölgələr toplusu (ölkəmizin indiki sərhədlərinin
dışında qalan tarixi əraziləri də daxil olmaqla)
Azərbaycanın sözügedən kontekstdə təxmini
geokulturoloji konturlarını işarələməklə, həmçinin,
ümumilikdə, bir növ, Azərbaycanın tarixi-coğrafi
mənzərəsini də göz önünə gətirir.
Orxan Paşanın poeziyasında da vətən
coğrafiyası Azərbaycan türklərinin tarixi məskəni
kimi bir bütöv halında alınır, bu
bütövün pərən-pərən olunmuş
parçaları – ikiyə bölünmüş,
qoparılmış, işğal edilmiş torpaqları,
düşmən əsirliyində qalmış yurd yerləri
ilə bağlı nisgil və haray əks olunur. Təbriz və
onun timsalında güneydəki yurdlarımızla
bağlı nisgil və həsrət bu baxımdan ayrıca
qeyd olunmalıdır. Onun “Yol verin”, “Gedək Təbrizə, Təbrizə”
şeirləri illər boyu bu üzdən Təbriz, o üzdən
Gəncə deyib yananların həsrətini, bu yerləri dərdinə
dərman olacaq ocaq-ziyarətgah bilənlərin
ağrısını ifadə edən poetik mətnlərdir.
Qeyd edək ki, sərhədlərin açılmasından
sonra etnopoetik düşüncədə Güney mövzusu ilə
bağlı ayrılıq, həsrət motivlərinin, nisbi
olaraq, vüsal motivlərilə əvəzlənməsi Orxan
Paşanın poeziyasında bir qədər fərqli şəkildə
özünü göstərir. Belə ki, iki əsrin
ayrılıq acısı unudulmayıb və hələ də
qövr edən dərd kimi yenə də bizimlədir.
Adətən, yazılı poeziyamızda ikiyə
bölünmüş vətənin vüsal həsrətli
ümumiləşmiş məkanları Bakı-Təbriz
paralelliyi şəklində alındığı halda,
şairin “Yol verin” şeirində sözügedən semantik
tutum mətndə fərqli kolorit və effekt yaradan Gəncə
və Təbrizin üzərinə transformasiya olunmuşdur ki,
bu da folklor qaynaqlarından, xüsusilə də dastan
yaddaşımızdan gələn maraqlı məqam kimi diqqəti
çəkir:
Araz dərdi sağalarmı beş günə?
Çoxmu qalıb o mübarək xoş günə?
Ay namərdlər, Gəncə-Təbriz eşqinə
Xəstə düşüb yatanlara yol verin!..
Ümumiyyətlə, vüsal həsrətilə
yazılmış bu şeirdə həssaslıqla
seçilmiş ifadələr mətnin məna tutumunu dərinləşdirir
və duyğusal təsiri daha da qüvvətləndirir.
Şairin “Bəlkə, sən körpü deyilsən,
körpü heykəlisən?!” ritorik sualı ilə
başlayan, pərişan, nisgilli atmosferi və vizual təsvir
effekti ilə oxucunu uyğun ovqata kökləyən “Xudafərin
körpüsü” əsəri də bu qəbildən olub qədim
Xudafərinin mənfur hayların iyirmi yeddi illik işğal
dövrünü də içəriləyən son iki əsrdə
yaşadığı acı taleyini göz önünə gətirir.
Orxan Paşanın şeirlərində ayrı
düşdüyümüz, itirdiyimiz yurdlarla bağlı
nisgil təkcə Dərbəndlə, ümumiləşmiş
Təbrizlə bitmir. Nə yazıq ki, öz tarixi
torpaqları (!) ilə sərhəd olan Azərbaycanın
Göyçə, İrəvan, Borçalı... həsrəti
var. Və bir də işğal olunmuş iyirmi faiz
torpaqlarının kədəri, Qarabağ dərdi,
Şuşa nisgili var...
Ay ürəyim, gözüm gülü,
Nədən oldun hüzün gülü?
Bizə doğma uzaqlardan
Boylanırsan üzüntülü.
Sənsiz haçan üzüm gülür,
Şuşanın Xarı bülbülü.
Azərbaycan Şuşa kimi bir qalasını itirməklə
sanki yerini-göyünü, zamanı irəli aparan
vaxtını da itirib Qarabağda. İtirdiyimiz “O vaxtı
tapmayınca, // tapıb oyatmayınca, // açılmayacaq
yurdun qara baxtı”, – deyir şair. Təbriz həsrəti ilə:
Yatan yurdda təpər olmaz,
El arası çəpər olmaz.
Bundan ulu səfər olmaz,
Gedək Təbrizə-Təbrizə,
Yetək Təbrizə-Təbrizə –
deyən şair bu dəfə üzünü vətənin
ər oğullarına tutub onları Qarabağa müqəddəs
səfərə haraylayır, əcdadlarımızın
narahat ruhlarının küskün-küskün
dolaşdığı yurd yerlərimizi işğaldan azad etməyə,
vətənə sahib çıxmağa səsləyir:
Ehey, ər igidlər,
ər oğullar,
qayıdın, qayıdın!
Qarabağda yatıb qalan
vaxtı oyadın, oyadın!
Keçmişdən bu günə
qovun, tezləşdirin zamanı.
Şuşada, Laçında,
Dəlidağlar başında
Bakı vaxtı ilə
uzlaşdırın zamanı!!!
Bu haray, bu səsləniş, bu azad və bütöv
azərbaycançılıq düşüncəsi Orxan
Paşanı Oğuz türklərinin Salur boyundan olan igid sərkərdə-hökmdar
və klassik ədəbiyyatımızın görkəmli
nümayəndələrindən biri Qazi Bürhanəddinin
yaradıcılığındakı alp-ərənlik məzmununa
köklənmiş bədii mətnlərinin poetik ovqatına
çəkib aparır. Və şairin sözügedən
poetik yaxınlığı aydın şəkildə ortaya
qoyan mükəmməl “Gedəlim” şeiri yaranır. Onun
türk bahadırlıq tarixinin poetik tablosunun həkk
olunduğu bədii nümunələrdən biri kimi dəyərləndirdiyi
Qazi Bürhanəddinin möhtəşəm “Qan ilə dəstəmaz
alıb // Yürü, namaza gedəlim!” misralarına
yazdığı bu bənzətmə də elə həmin
örnək kimi alp-ərənlik keyfiyyəti aşılayan,
savaş və mübarizə coşqusu yaradan, cəngavər
oğuz savaşçısının bədii təcəssümünü
əks etdirən emosional-ekspressiv təsirə malik poetik mətndir:
Ərənlərə salam olsun,
Durub pişvaza gedəlim!
Qandan qorxan qoy almasın,
Biz dəstəmaza gedəlim!
Orxan Paşanın şeirlərinin bir hissəsi
sazın melopoetik biçimlərinə uyğun olub, sanki
müxtəlif saz havacatlarının ahəngi üzərində
köklənmişdir. Şairin bu qəbildən olub aşiqanə,
lirik-romantik duyğularını, ana vətən və onun təbiətinin
vəsf və tərənnümünü əks etdirən
poetik mətnləri, qeyri-iradi olaraq, “Dərvişi”,
“Hüseyni”, “Cəlili”, “Mirzəcanı”, “Qəhrəmanı”,
“Göyçəgülü” kimi saz havacatlarını,
mübarizə ruhunda, qəhrəmanlıq mövzusunda
yazdığı şeirləri isə Koroğlu
havacatlarının sədalarını yaddaşlarda dilləndirir.
Vətənimizi işğaldan azad etməyə
çağıran, savaş ruhuna kökləyən “Gedəlim”
şeiri bu baxımdan səciyyəvi nümunədir. Onun
istedadlı şair Məstan Günərin “Son damla qanına
söykən, // Möhkəm ol, möhkəm ol, möhkəm...”
misralarına yazdığı bənzətməsi də bu qəbildəndir:
Dan yeridi son damla qan,
Doğulan danına söykən!
Meydan Vətən meydanıdı,
Dayan, meydanına söykən!
Azərbaycan əsgərinə xitab edən Orxan
Paşa mətndə əcdad arxetipini, oğuzların
etnogenetik koddan gələn alp-ərənlik keyfiyyətini diqqətə
çatdırır, “Dəli nərən
qırılmasın, // Qızıl qanın qaralmasın. //
Vurar qolun yorulmasın, // Oğuzun şanına söykən!”,
– deyib onu Qorqudsayağı alqış-dualarla Oğuzun şərəfli
tarixindən ibrət və ilham alaraq mənfur düşmənlə
haqq savaşına çağırır.
Türk mifologiyasında Boz atlı Xızır dirilik
suyu içib əbədi həyat qazanan, diriliyin,
yaşamın, yaşıllığın rəmzi kimi
alınan, çətin situasiyalarda metafizik şəkildə
zühur edib darda qalanların dadına yetən xilaskar, hami
ruh, mifik-sakral varlıq statusunda təqdim olunur. Türk
mifolojisindən, şifahi ənənədən məharətlə
yararlanan Orxan Paşa “Dar günə hazırım igid, //
Sultanım, vəzirim igid. // Boz atlı Xızırım igid,
// Ölümsüz canına söykən!” misralarında
Xızırın funksional-mahiyyət etibarilə
daşıdığı məzmunu, burada, xitab etdiyi Azərbaycan
əsgərinin üzərinə transformasiya etmişdir.
Gördüyümüz kimi, təqdim olunan şeirlər
bənzətmə kimi yazıldıqları nümunələrlə
eyni poetik birgəliyi, bədii-estetik effektivliyi əks etdirir. Hər
iki şeirdə vətənpərvərlik və qəhrəmanlıq
ideyaları təlqin edilir, tarixi keçmişimizdən
güc alıb torpaqlarımızın azadlığı və
bütövlüyü uğrunda kafir yağı ilə
mübarizəyə ruhlandırılır.
Orxan Paşanın “2020-ci ilin Ulu Vətən
Savaşçılarına” həsr etdiyi “Qırx dörd
günün gerçək nağılı” isə artıq
Azərbaycan əsgərinin işğalçı
düşmən üzərində möhtəşəm
qalibiyyət qazandığı mübarək zəfər
soraqlı qırx dörd günlük İkinci Qarabağ savaşından
bəhs edir. Mətndə bəzi məqamların Mithat Cemal
Kuntayın Türkiyə Cümhuriyyətinin
yaranmasının on beşinci ildönümü münasibətilə
yazdığı “On beş yılı karşılarken”
şeirindəki məşhur “Bayrakları bayrak yapan
üstündeki kandır! // Toprak – eger uğrunda ölen varsa,
Vatandır!” misraları ilə assosiasiya yaratması və
müəllifinin bu misralardan təsirlənməsi də diqqətdən
yayınmır:
Sentyabrın 26-sından
27-sinə keçən gecəsi,
dəmir bir yumruğa
dönmüşdü aslan pəncəsi.
...Bir az sonra
başlayacaqdı döyüş –
bir az sonra
lərzə düşəcəkdi arana-dağa;
qəlbi qubarlı Qarabağa;
bir az sonra
şəhid qanı, qazi qanı
qarışıb
can verəcəkdi torpağa.
44 günlük alov içində
ürəklənib
təzədən Vətən olacaqdı
çayır torpaq, yovşan torpaq...
Ər oğulların,
əsgər oğulların
çəkməsinə qovuşan torpaq...
Orxan Paşanın poeziyasında azad olunmuş torpaqlar
və o torpaqlara qayıdış məzmununda
yazılmış şeirlər də yer almaqdadır. Yurda
dönüş Orxan Paşanın Şuşada olarkən
keçirdiyi hisslərin, mənəvi-psixoloji halın poetik təzahürü
kimi ortaya çıxan və bəlkə də, azad
Şuşada yaranan ilk bədii nümunə olan “Gəlmişəm,
Şuşam, gəlmişəm” şeirində təsirli bir
şəkildə öz ifadəsini tapmışdır.
Şeirin yaranmasına impuls verən şairin azad Şuşa
ilə bağlı təəssüratı və daxili
yaşantıları olmuşdur. Mətnin böyük sənətkar
Xan Şuşinskinin xalq mahnısı statusu qazanmış məşhur
“Şuşanın dağları” mahnısının birinci –
“Şuşanın dağları – başı dumanlı”
misrasına semantik tutum baxımından əks mövqe sərgiləyən
(burada məcazi anlamda) sözlərlə başlaması ilk
baxışdaca maraqlı məqam kimi diqqəti çəkir:
Dağıt başından dumanı,
Gəlmişəm, Şuşam, gəlmişəm.
Qalmasın ahın-amanın,
Gəlmişəm, Şuşam, gəlmişəm...
Yolu açdı igidlərim,
Qazilərim, şəhidlərim.
Gerçək oldu ümidlərim –
Gəlmişəm, Şuşam, gəlmişəm.
Azərbaycan xalqının böyük arzusunun uzun həsrətdən
sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə
qalib Ordumuz tərəfindən gerçəkləşdirildiyinin
qürur və sevincini əks etdirən bu şeiri eynilə
işğaldan azad olunmuş bütün torpaqlarımıza
qayıdış məzmununda almaq olar və bu kontekstdə
Şuşa, burada, həmçinin, ümumiləşmiş məna
daşıyır.
* * *
Orxan Paşanın milli ziyalı mövqeyi, vətəndaş
təəssübkeşliyi onun, böyük əksəriyyətlə,
elmi-bədii təfəkkürünün məhsulu kimi ortaya
çıxan və qeydlər, fikir və qənaətlər,
retrospektiv düşüncələr, mikroesselər, ədəbi-estetik
dəyərləndirmələr, xəlqi ümumiləşdirmələr...
kimi çeşidli nümunələri əhatə edən
“Taleyimdən və ürəyimdən keçənlər”
kitabında da öz əksini tapmışdır.
Poeziyasında olduğu kimi burada da vətən sevgisi, milli
kimlik və dövlətçilik düşüncəsi, alp-ərənlik
keyfiyyəti aşılamağa hesablanan, milli-mənəvi dəyərlərimizə
sahib çıxmağa səsləyən, qəhrəman
şəhid və qazilərimizə sayqı ifadə edən
örnəklər yer almışdır: “Yüz illər
boyunca oğuz-türkman babalarımız qılıncı
qolunun, sazı da ürəyinin davamı bildi”, “Əsl milli
dövlətin mövcudluğu üçün başlıca
şərt dövləti təmsil edən xalqın öz ruhu
və davranışı ilə əsgər xalq
olmasıdır”, “Şəhid qəbri torpağa sancılmış
Vətən nidasıdır! Onun qarşısında ayaq
saxlayıb sayqı nidasına dönməsək, əyilər-əriyər
Vətən nidası!”... İbrətamiz səciyyəli bu
cür nümunələrin bir hissəsi semantik tutum
baxımından el deyimi, aforizm səviyyəsindədir:
“Qılıncı gödələn millətin dili də
gödəlmiş olur”, “Bayrağı yüksəklərə
qaldıran dirək deyil, o ucalığa sevdalanmış
ürəkdir!”... Ümumiləşdirmələrin bir qismi
müxtəlif mövzularda olub alliterasiya, assonans kimi bədii
üslubun fonetik baxımdan göstəricilərindən, həmçinin,
təkrir və söz oyunundan istifadə yolu ilə qurularaq
fikrin maraqlı şəkildə çatdırılması
ilə də diqqəti çəkir.
“Otardığı quzulardan seçilməyən
balaca bir uşaq həsədlə yanından
şütüyüb keçən maşına baxır.
Maşındakı yorğun görkəmli adam da həsrətlə
bəxtəvər saydığı o uşağa sarı
boylanır. İkisi də mənəm...”, – deyən Orxan
Paşanın yaradıcılığında qabarıq şəkildə
müşahidə olunan retrospeksiya, keçmişə
fokslanmış duyğular, nostalji hisslər onun yaşın
bu çağından içərisində
qoruyub-yaşatdığı uşaqlıq və yeniyetməlik
çağlarına sevgi, həsrət və həsəd dolu
boylanışı ilə bərabər, həmçinin,
doğulub-böyüdüyü yurd yerinin, onun təbiətinin
özləmidir.
Nümunələrin bir çoxu Orxan Paşanın
xarakter etibarilə vətənə, torpağa, soykökə
bağlılığını göstərməklə, eyni
zamanda, müəllifin estetik idealını müəyyənləşdirməyə
də imkan yaradır. “Yovşan ətri... Min illərdir
damarımızda daşıdığımız bitib-tükənməyən,
ucsuz-bucaqsız çöl qoxusu. Hansı ətrin belə dəlisov
qoxusuyla at belində şığıyıb getmək,
yaxın-uzaq doğmaların nisgilini ovutmaq olar?!” – estetik dərkin
bu şəkildə ifadəsi təkcə həssas və
poetik duyuma malik ziyalının nostalji əhvala köklənmiş
daxili yaşantıları deyil, etnogenetik yaddaşın diktə
etdiyi bir məqamdır. Milli ziyalılığın əsas
şərtlərindən olan bu vacib amilin təzahürü
Orxan Paşanın yaradıcılığında qabarıq
şəkildə özünü göstərir. Onun təhtəlşüur
olaraq Dədəm Qorqud ruhundan boy göstərən “Axşam
qaranlığa qapanır, sabah aydınlığa
açılır. Aydınlıqlar içində
olasınız!” alqış-duası da mifoloji
dünyagörüşün formalaşdırdığı
dualist düşüncənin təzahürüdür.
Duallıq prinsipi əsasında əbədi mübarizəyə
münasibət sərgiləyən bu qəbildən olan bir
sıra nümunələrdə gerçəkliyin
(işığın qaranlığı yox etməsi) fonunda
xeyirin şər üzərində qələbəsinin
labüdlüyünə inam ortaya qoyulur ki, bu da mifik təsəvvür
və təfəkkürdən gələn bir məqamdır.
Elə maraqlı detallardan biri də gecə-gündüz (səhər)
antonimiyası üzərində qurulmuş bu tip nümunələrdə
gecənin (qaranlığın) şərlə assosiativ şəkildə
verilməsidir.
Orxan Paşa etnik-tarixi konteksti, milli-mənəvi-mental
dəyərləri, əxlaq kodeksini zədələyən,
onlara xələl gətirən nəsnələrə
qarşıdır. Bu baxımdan
yaradıcılığının ümumi mənzərəsi
müxtəlif istiqamətlərdə ənənəyə
bağlı olan şairi yaşam tərzi və
düşüncə etibarilə yaxşı mənada
konservativ kimi xarakterizə edir.
Folklora dərin və həssas yanaşma sərgiləyən,
onu “soykökə qayıdışı, tarixi yaddaşın
oyanışını, milli kimlik düşüncəsini hərəkətləndirən
ən güclü enerji mənbəyi... seysmik təkan mərkəzi”
kimi dəyərləndirən alim-şair tarixi folklor örnəyi
olan lirik mətnin “Qar yağdı dizə kimi, // Burdan Təbrizə
kimi” misralarını tarixi-coğrafi ərazi kontekstində
bütöv azərbaycançılıq ideyası istiqamətinə
yönəldib maraqlı yozum verərək mənalandırır:
“Burdan – Gəncədən, burdan – Qarabağdan, burdan –
Naxçıvandan, burdan – Dərbənddən, burdan – Zəncandan,
burdan – Urmiyadan, burdan – Ərdəbildən, burdan –
Borçalıdan, burdan – Şirvandan... Təbrizə kimi! Bu
bayatı harada, daha doğrusu, Azərbaycanın harasında səslənirsə,
ölçünün miqyası oradandır, oradan Təbrizə
kimidir. Adam bayatı misralarında qərarlaşmış bu
tarixi möhtəşəmliyin boynuna sarılmaq istəyir”.
* * *
Gördüyümüz kimi, türkçülük,
vətənçilik, bütöv azərbaycançılıq
ideyaları və milli-tarixi kontekst Orxan Paşanın
yaradıcılığından xüsusi bir xətt kimi
keçir. Şair ideya-mövzu gərəyi mifolojidən,
folklor qaynaqlarından məharətlə yararlanır, əcdad
arxetipinə, türk-oğuz etnonimlərinə sıx şəkildə
yer verir ki, bu da semantik-funksional mahiyyət etibarilə etnik
yaddaşı oyatmağa, diri tutmağa, millilik, soykökə
qayıdış, özünüdərk kimi vacib amilləri
daim diqqət mərkəzində saxlamağa, vətənpərvərlik
və qəhrəmanlıq keyfiyyətləri
aşılamağa hesablanır.
Yaradıcılığında bəzən mövzuya
alim yanaşması ilə diqqəti çəkən “Orxan
Paşa Məhərrəm Qasımlının “alter-eqo”su –
ikinci “mən”idir” (Rüstəm Kamal). Hər iki imza eyni
müstəvidə birləşdikdə müəllifinin
ziyalı portretinin cizgilərini tamamlayır.
Aynur XƏLİLOVA
Ədəbiyyat qəzeti $g 2025.- 4 iyul (¹23).- S.28;29.