Aqibətnamə
Müqəddimə
Nizami Gəncəvinin "Sirlər xəzinəsi"
əsəri sanki "Xəmsə"nin dibaçəsi və
ya müqəddiməsidir. Bu əsəri "Xəmsə"dən
çıxarsaq, yerdə yenə də beş əsər
qalır: "Xosrov və Şirin", "Leyli və Məcnun",
"Yeddi gözəl", "Şərəfnamə",
"İqbalnamə". "İskəndərnamə"
isə sanki "Xəmsə"nin beşmərtəbəli
evinin altıncı mərtəbəsidir, yəni hamıya məlum
olmayan, kənardan beşmərtəbəli görünən,
içinə girib yuxarı qalxdıqca - alilik pilləkənindən
ucaldıqca mərtəbələrin sayının beş yox,
altı olduğunu anladığımız əsər. Nizami
məhz belə bir "Xəmsə" imarəti ucaldıb.
Nə üçün belə bir qənaətə gəlmişəm,
bu yəqinim nəyə əsaslanır ki, "Xəmsə"nin
müqəddiməsi, girişi, açar mətni məhz
"Sirlər xəzinəsi"dir? Nizami Gəncəvinin
yaradıcılığının əsas qayəsi insan fəlsəfəsinin,
yəni Adəm övladının adi insandan peyğəmbərliyə
gedən mənəvi yolunun, sadə eşqdən İlahi
eşqə uzanan möhtəşəm əqidə yolunun
fundamental əsaslarına ümumi halda "Sirlər xəzinəsi"ndəki
məqalətlərdə, xəlvətlərlə
bağlı hissələrdə və
dürlü-dürlü hekayələrdə bu və ya digər
şəkildə rast gəlinir. Bu əsərdəki
ümumiləşdirmələr Nizaminin digər əsərlərindəki
vahid süjetlər şəklində (müxtəlif obrazlar
vasitəsilə) nəzərə çarpır. Bu haqda
söhbət başqa bir kitabın mövzusu olduğundan
yaxın gələcəkdə bu xüsusda ayrıca bir elmi əsər
qələmə almağı düşünürəm. Ona
görə də yuxarıda dediyim fikri müxtəlif istiqamətlərdə
deyil, sadəcə, bir yöndə - "Xəmsə"dəki
ölüm hadisələri və vəfatlarla əlaqələndirməklə
hələlik bu barədə fikirlərimi
yekunlaşdırıram.
Nizami Gəncəvinin əsərlərindəki
ölüm səhnələri, qəhrəmanların dünyayla
vidalaşmaqla bağlı münasibətləri, cahandan
köçünü çəkib getməyin insan həyatındakı
anlamı və bu kimi məsələlər "Sirlər xəzinəsi"ndə
ümumi fəlsəfi nəzəriyyə şəklində
verilir. Təsadüfi deyildir ki, Nizami öz əsərinin uca
məqamını göstərərək yazırdı:
"Dahiliyin mayası ondadır, İlahi sirlərin xəzinəsi
ondadır. Yəni cismani və ruhani aləmin nə sirləri
varsa, mənim bu əsərimdədir. İlk
başlanğıc yaranışdan axirətə kimi
bütün sirlər bu əsərdə toplanıb".
"Sirlər xəzinəsi"ndə Nizami Gəncəvinin
nəzəri görüşlərinə əsasən məxluqatın
ən şərəflisi olaraq yaradılmış insanı -
olum (yaranış), həyat - yaşam tərzi, əməllər
və ölüm (aqibət) mərhələlərindən
keçir. İnsanın həyatı və əməllərinin
nəticəsi onun aqibətidir. Sonra digər əsərlərdə
biz həmin aqibətlərin mahiyyətini anlayanda onun
yaradıcılığının əsas mayasının
"Sirlər xəzinəsi"ndən
qidalandığını başa düşürük. Nizami
bu poemanın adını "Sirlər xəzinəsi"
qoymaqla, məncə, həm də digər əsərlərindəki
sirlərə işarə edir. Yəni "Xəmsə"nin
əsas sirləri "Sirlər xəzinəsi"ndə gizlənir.
Sanki bu əsər vasitəsilə Nizami əvvəlcə
yaradıcılığındakı sirlərin
açarlarını təqdim edib, sonra sirlərin
çözümləri barədə digər məsnəvilərindəki
süjetləri qurub. Yəni müəllif əvvəlcə əsərlərinin
mənası gizlənən ümumi məzmunlu bir əsəri
yazıb, sonra digərlərini onun konsepsiyasına uyğun
şəkildə yaradıb. Ona görə də "Xəmsə"yə
aid digər əsərləri ("Sirlər xəzinəsi"ndən
başqa) oxuduqca oradakı mənaları anlamaq
üçün "Sirlər xəzinəsi"nə
dönə-dönə geri qayıtmaq lazımdır. "Xəmsə"ni
başqa metodla oxuyanlar üçün bu Beşlik ümumi məzmunlu
süjetlər toplusundan başqa mahiyyət kəsb etməyəcək.
Ona görə də "Xəmsə" ilə bağlı
sirləri sonda yox, əvvəldə - ilk əsərdə -
"Sirlər xəzinəsi"ndə çözmək
lazımdır. Sonra isə batinini bildiyin sirrin
özünü "Sirlər xəzinəsi"ndə tapmalısan.
Bu tərsinə macəra Nizaminin nə qədər qeyri-adi,
unikal təfəkkürə malik bir söz sənətkarı
olduğunun bir başqa sübutudur.
Nizami Gəncəvinin "Xəmsə"sində
ölüm hadisələri baş verir, bu ölümlərin
hər biri bir personajın aqibətidir, amma o aqibətlərin
hamısının ümumi məzmunu "Sirlər xəzinəsi"ndəki
ölüm hadisələrinə münasibətdə
(müxtəlif şəkildə) aydın görünür.
"Sirlər xəzinəsi"ndə isə ölümlə
bağlı beş hissə yer alıb. Həmin beş hissədən
dördü konkret əsərlərə ("Xosrov və
Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl",
"İskəndərnamə") aiddir, on
dördüncü məqalət ("Axirəti
qarşılamaq haqqında") isə bütün "Xəmsə"dəki
ümumi vəfatlara. İndi isə "Sirlər xəzinəsi"ndəki
ölümlə bağlı hissələrlə dediklərimi
əsaslandırmağın vaxtıdır.
Nizami Gəncəvinin "Sirlər xəzinəsi"
əsərində ölüm məqamları
Onuncu məqalət - "Dünyanın axırı
haqqında"
Birinci "Adəm haqqındakı" məqalətdən
başlayaraq Nizami insanı öz axır aqibəti haqqında
düşünməyə vadar edir. Şair aqibəti həm
real ölüm hadisəsi kimi, həm də dini-simvolik anlamda
qəbul edir. "Sən torpaqdan yarandın, torpağa da gedəcəksən
- sonun torpaqdır. Su xasiyyətli ol, vəzndə
yüngül, qiymətdə baha. Çevik ol, incə ol, Qaf
dağı kimi ağırcanlı olma! Zülm etmə, sən
fələyin hökmündəsən, onunla oynama! Aqibətini
düşün". İlk məqalətə aid
"Ümidsiz padşahın bağışlanması"
adlı hekayədən başlayaraq Nizami həyatın
sonundan, qiyamət qovğasından, aqibətdən, sirr
yükünü daşımaqdan, peşmanlıqdan, yaxud
yaxşı əməllə xoş aqibət ələ gətirməyin
üstünlüyündən bəhs edir: Dünyanın
axırında Yer Göyə qalxacaq, Göy Yerə enəcək,
Göy ilə Yer kürəsi bir-biri ilə yerlərini dəyişəcəklər.
Dünya, sadəcə, insanın bezməsinə, azmasına
görə dağılmır, cahanın məhvinə səbəb
odur ki, bu fani mülkün özü daha bəşər
övladından usanıb. Həm Yerin başı insanların
dərdindən, həm də çərxin - Göy
üzünün yolu adamların tozundan təmizlənmək
istəyir. Torpağın ciyəri insanların
tökdüyü qanlardan doyub, Yer üzü qəm
küpünün içindədir, ulduzlar xəcalət
çəkir ki, axı nə qədər bu torpaqdan
yaradılmışa, amma bu torpağı qana bələyənə
pərəstiş, səcdə ediləcək?!
Ey yer üzünün bütün
canlılarının şahı olan insan! Ey bütün
dünyanın gövhəri! Bu torpaq mülkünü sən
abad elə. Bu dolanan dairədə nə varsa, hamısı sənə
xidmət üçün yaradılıb. Bu göylərin
beşiyi ki yırğalanır, sənin şirin yuxun
üçün gah gecə, gah gündüz olur. Gül
üzünü görmək üçün Günəş
çıxır. Ay zülfüntək incəlib
özünü sənə bənzədir.
Xeyir işdən, xoş əməldən özünə
bir azuqə yığ! Zəifləri incitmə, yetim
malına qıyma. Bil ki, sonda aqibət var.
İnsanların əksəri gecə-gündüz bilmədən
dünyanı ona görə dağıdır ki, o, çox nəsnələrdə
eyib tapıb onları düzəltmək istəyir, cahanı
olduğu kimi qəbul edənlərsə, özlərini islah
etməyə çalışırlar. Həyatı öz
görmək istədikləri kimi dəyişənlərin
çoxluq təşkil etdiyi dünyanın
dağılması qaçınılmazdır. Qiyamətdə
qiyama qalxan elə dünyanın özüdür. Dünya
daha bu cür insanlığın aynası olmaqdan usanıb.
Tük hər vəchlə hər yerdə üzə
çıxır, gizli qalmır, ancaq özünü ələ
verən tükü görənlər ondan o saatca iyrənirlər,
ancaq tük də zəhər kimi hər
töküldüyünə qarışsaydı, onda zəhəri
tapmaq üçün əlləşib-vuruşanlar, yüz
yol axtaran insanlar tükü də axtarmalı olardılar. Ona
görə də özünü büruzə verənlərdən
yox, gizlədənlərdən saqınmaq lazımdır.
Dünyada hər şeyin öz məntiqi var. Bu məntiq, bu
nizam pozulanda qiyamət qaçılmaz olur. Nizami bu məqalətdə
əsasən bunları deyərək dünyanın aqibəti
barədə düşüncələrini
yekunlaşdırır.
Bu məqalət Xosrovun aqibəti ilə paraleldir.
Xosrov dünyanı dəyişmək fikrinə
düşür, ancaq özünü islah etmək istəmir.
Dünyanın axırı eşqin sonudur. Dünyanın sonu
eşqin qiyamətidir. Xosrovun ölümü Şirinin
ölümünə, Şirinin ölümü onların
birgəliyinin sonuna səbəb olur. Sevənlər
ölür, eşqsə yaşayır. Hər zaman mənzərələr
gedir, müstəvilər qalır. Xosrov öz əməlləri
ilə mənzərəni yaradır, müstəvini yox. Bu mənada
Xosrov təkcə eşqinin yox, həm də özünün
qurbanı olur. Hər günahkar bir günahsızı qurban
edir. Şirinin ölümü də beləcə bir qurbangetmədir.
Xosrov ən uzaqdakı rəqibini - Fərhadı dəf
edib ən yaxındakı rəqibi olan və Şirini sevən
oğlu Şiruyənin varlığını unudur. Təhlükəsiz
düşmənlərin qərargahı uzaqda, amantanımaz
düşmənlərin qərargahı isə nəfəs qədər
yaxın olur. Ən ağıllı adamlar çox zaman
nadanlığın qurbanı olurlar. İnsan təhlükəsiz
düşmənləri uzaqlaşdıraraq zalımlara öz
ayaqları ilə yaxınlaşır. Dünyanın
axırı və eşqin sonu - Nizami Gəncəvi
bunların hər ikisini paralel dünyalar kimi əks etdirir.
"Xosrov və Şirin"dəki digər ölümlər:
Məhinbanunun, Bəhram Çubinin, Məryəmin
ölümü də bu "Sirlər xəzinəsi"ndəki
"Dünyanın axırı haqqında" məqalətə
uyğun gəlir. Onlar da dünyanın aynasında yer etdiklərini
düşünürlər, ancaq ölüm öz həyati fəlsəfəsi
ilə göstərir ki, daha cahan onlar üçün ayna
olmaqdan yorulub. İnsan çox şeyin sona
çatmasını düşünür, ancaq öz həyatının
axırını isə yox. Ölümü düşüncəmizdən
kənar saxlayaraq ondan uzaqlaşdığımızı zənn
edirik. Nizami bu düşüncələri daha canlı əks
etdirmək üçün hər üç qəhrəmanı
ölümün haqladığını xüsusi olaraq
qabardır. Öləcəyini hər kəs bilir. Bunu bilmək
müdriklik deyil, aqil insan ölümü əlacsızlıqdan
yox, qədər kimi qəbul edəndir. Məhinbanu, Bəhram
Çubin, Məryəm öləcəklərini
anlayırlar, Fərhad, Xosrov və Şirin üçün
bu aqibət qəfil baş verir. Nizami sanki ölümü
öz aqibətini duyan və öz aqibətindən xəbərsiz
insanların timsalında güzgüləndirir. Lakin
güzgü fərqləri göstərmir... Axı
güzgünün bir üzü var!
On birinci məqalət - "Dünyanın vəfasızlığı"
İnsanların böyük qismi ona görə gecə-gündüz
bilmədən mal-mülk əldə etmək, sərvət
toplamaq üçün çalışırlar ki, bu yolla
dünya ilə ortaqlaşsınlar, dünyanın
varının müəyyən hissəsi onların olsun. Ancaq
dünya ilə ortaqlaşmaq heç vəchlə
mümkün deyil. İki ortaqdan hansının malı daha
azdırsa, sonda malı çox olan ortağının əlindəki-ovcundakını
da alıb özününkünə qatır. Dünya ilə
insanın şərikliyi də belədir: insan öz
ömrü müddətində durmadan nələrsə
qazanır, amma Adəm oğlunun hünəri və sərvətinin
miqdarı çatmır ki, dünya ilə şərik ola.
Sonda dünya müvəqqəti varlanan şərikinin
bütün malına sahiblənir.
Karvanlar gəlib-gedir, ancaq zınqırovları
meydanlarda qalır. Biz bu kontekstdə dəvələrin
zınqırovuna "tarix" deyirik.
İnsanın ömrü fikir fitnəsi ilə yuxu
qovğası arasında keçir.
Dünya sərvət verdiyi insanı arzusuna
çatmış qoca timsalında görür. Dünya bilir
ki, onsuz da, həmin qoca əldə etdiklərinin hər birini əcəl
günü yetişəndə itirəcək. İnsanın
bu dünyada rahatlıq tapmamasının səbəbi ona
yaxın olandan uzaq, ona uzaq olana yaxınlığıdır.
Hər kəs özünə nəyin mahiyyətcə
yaxın olduğunu bilsə, onda həyatın anlamını
dərk edər.
Biz insanların dünyaya bağlanmağımız o
zaman məntiqi olardı ki, sonda torpağın altından
üstünə ucalardıq, amma əksinə olur, axırda
torpağın üstündən altına gedirik. Xilas
yeraltı dünyadan yerüstü dünyaya doğrudur, bizsə
əksini edirik - ölüm insanı yerüstü
dünyanın məşəqqətlərindən azad edir.
"Sirlər xəzinəsi"ndəki on birinci -
"Dünyanın vəfasızlığı" hissəsinə
uyğun gələn, "Leyli və Məcnun" əsərindəki
ölüm hadisələri, xüsusən, "Leyli və Məcnun"un
ümumi məntiqi bunu göstərir.
Belə ki, insan əbədiyyəti eşq vasitəsilə
qazana bilər, eşq bizi dünya qovğasından uzaq
salır, nəfsimizdən azad edir. İndi isə gəlin,
"Leyli və Məcnun"dakı ölüm hadisələrinin
məntiqinə baxaq. İbn Səlam öz dövrünün ən
şöhrətli, gözəlliyi ilə ad qazanmış
xanımını (Leylini) sevir, ancaq bu istək onu sonda
ölümə aparır - fələk onu əlacı olmayan
dərdə mübtəla edir. Məhəbbət yalnız
qarşılıqlı olanda nəfsdən azad ola bilər.
Leylinin anası və atasının ölümü də
nəfslə bağlıdır. Onların övlad sevgisinin
mahiyyətində nəfs var. Çünki onların nəzərindəki
ideal övlad tipi cəmiyyət tərəfindən qəbul
olunan, ailəsinə karlı olan biridir. Bu arzularına
çatmamaq onları dərdə salır,
çürüdür, axırlarına çıxır.
Nizaminin "Sirlər xəzinə"sində
söylədiyi kimi, Məcnun ayağını ox kimi iti
tikanın üzərinə qoydu, özünü,
ata-anasını məhv etdi. Bu dünya fanidir, insan burada əbədi
məskən tuta bilməz. Özünü payız küləyindən
qoruya bilməyən baharından solur. Məcnunun atası
çox çarə axtardı, çarə tapmadı. Bəxti
oğul dərdindən döndü, qocaldı, zəif
düşdü. Bir-iki nəfəri özü ilə
götürüb Məcnunun aqibət diyarını
axtarmağa üz qoydu. Aqibət məzarı olan səhra
sanki qəbir kimidir. Yazıq qoca ata ora çatmaq
üçün bütün günü yüyürdü.
Ora çatanda bədənsiz bir ruh gördü. Məcnun
artıq ruha çevrilmişdi, əzab və məşəqqət
içində idi. Bu səhnələr, eləcə də
atasının ölümündən sonra anasının Məcnunu
görməyə gəlməsi süjetində simvolik elementlər,
məcazlar da yer alır. Burada əslindən qopub ayrı
düşmüş insanın bu fani dünyadakı əzabına
işarə də var. Artıq Nizami Məcnunu eşq yolunda
kamilləşərək əslinə, ilahi eşqə
qovuşmağa hazır olduğunu göstərir.
Hətta Leylinin də ölümündə nəfs
var. Çünki İbn Səlamın ölümündən
sonra Leyli yaranmış şəraitdən istifadə edərək
Məcnunun yanına gəlir. Şair eşqə qapı
açmamalıdır, vüsal Allahın izni ilə baş
tutmalıdır. Məcnun ən sonda ölür - onun
eşqinin üzərindəki bütün nəfslər
arınandan sonra.
Leyli və Məcnunun bir-birinə qovuşması
sırf sufi anlamında can pərdəsini qaldırıb Ona -
İlahi eşqə qovuşma anı kimi təsvir edilib. Burada
"mənlik" və "sənlik" yoxdur. Eşq mərtəbəsində
ikilik yoxdur, bir - vəhdət var. "Mən yoxam, sən
varsan", "hər ikimiz bir vücuduq". Məcnun
özündən keçib yox oldu və Leylidə əriyib
yox oldu, Sufi anlamında Nizami bu iki sevəni eşq nurunda əridib
bir-birinə qovuşdurur. Əslində isə, kamil insan
arzularının öz dövrünə
sığmayacağını bilir, ona görə də
önündəki zamana, yaxud gələcəyə müvafiq
yaşayır.
On ikinci məqalət - "Bu torpaq mənzillə
vidalaşmaq barədə"
Əgər hansısa tacirə desələr ki,
qarşıdakı dayanacaqda sənin üstündəki
qızılı, pulu soyacaqlar, olanını ehtiyacı
olanlara ver, yüz tacirdən biri buna əməl edər, doxsan
doqquzu isə deyilənin həqiqi olub-olmadığını
bilmək üçün yolkəsənlərin mənzilinə
qədər gedib çıxar. Ölüm də yolkəsəndir,
hər kəs son mənzildə bu yağmaçının
onun hər şeyini əlindən alacağını bilir,
amma onun mənzilinə qədər olanını, sərvətini
kiməsə qıymır, yaxud mümkün qədər əl
qısır. Bu dünyada ibrət olmayan ölüm yoxdur, hər
ölümdə başqalarına bir dərs var. Ölümlər
unudulur deyə, ibrətlər də yaddan çıxır,
ona görə də daş atana gül atan tapılmır, kəsək
atana daş tolazlayanlarsa hər zaman var. İnsan
üçün ən böyük qəflət öz aqibətidir.
Bu qəflət məsələsi - "Sirlər xəzinəsi"nin
on ikinci məqalətinin əsas mövzusudur. Həmin məqalətdə
- "Bu torpaq mənzillə vidalaşmaq barədə"
hissədə deyilənlər "Yeddi gözəl" əsərindəki
ölüm hadisələrinin mahiyyətinə uyğundur,
xüsusən isə, məsnəvinin baş qəhrəmanı
Bəhramın, Rast Rövşənin, Yəzdigirdin halına
çox uyğundur. Bəhram qəflət içərisindədir,
yeddi hekayətdən dünyanın yeddi rənginin mahiyyətini
- halını anlayır və dünyadan əl üzüb
qeybə çəkilir. Rast Rövşən qəflət
içərisindədir, naqis əməlləri onu həqiqətdən
uzaqlaşdırır, ona elə gəlir ki, şah daim onun
dediklərinə inanacaq, həqiqətlərə yox. Şah
isə bircə həqiqəti - Rast Rövşənin dövlətə
xəyanətlərini bilən kimi onu
öldürtdürür. Yəzdigird də qəflət
içərisindədir: o, başqalarının, yadların
güclənəcəyindən qorxmaq əvəzinə,
oğlunun şöhrətlənəcəyindən narahat
olur, onu qoruya biləcək adamı özündən
uzaqlaşdırır, ətrafına xəyanətkarları
yığır. Sonda bu qəflət ona canı bahasına
başa gəlir.
On dördüncü məqalət - "Qəflətin
məzəmməti barədə"
İnsan daim yanılğı içərisindədir,
elə bilir ki, şərab dərdi aparır, əslində isə,
şərab ağlı oğurlayır. Ağılsız
adamın nə qəmi?! Ölümə doğru hər
şey mahiyyətini dəyişir. Qiyamət günü
insanların başqalarına gizlin etdiyini ona aşkar şəkildə
edəcəklər. Əlbəttə, bundan xəbərsiz
olmaq ən böyük qəflət nişanıdır.
Bu hissə bütövlükdə "İskəndərnamə"yə
uyğun gəlir. İskəndər çoxsaylı səfərlərə
çıxır, zəka yarışlarında hər kəsə
qalib gəlir, amma ölümə məhkum olmaq həqiqətini
anlaya bilmir. Dünyanı öz iradəsinə tabe etmək
istəyərkən özü dünyanın iradəsinə
tabe olmalı olur. İskəndər Günəşin nurunu
yox, ona tabe olmuş Günəşin
işığını istəyir, Ayın
işığını yox, Ayın nurunun ona tabe
olmasını istəyir, bu, mümkünsüzdür. Əgər
insandan daha qədim, daha qüdrətli yaradılışlar
dünyaya gəlib-getməyə boyun əyirsə, insan da bu
cızıqdan kənara çıxmaq fikrinə düşməməlidir.
"İskəndərnamə"də İskəndər
öləndən sonra filosoflar ölür, onlar şahdan fərqli
olaraq, ölümə qalib gəlmək istəyərək
yox, əcəllə barışaraq dünyadan
köçürlər. Məlum olur ki, İskəndərin
ölümü filosofları qəflətdən
ayıldır, nəinki oxuduqları və yazdıqları
kitablar.
On doqquzuncu məqalət - "Axirəti
qarşılamaq haqqında"
"Axirət rüsvayçılığı"
deyilən bir məsələ var. Yəni bu dünyada gizlin
saxladığımız pis əməllərimiz qiyamət
günü üzə çıxacaq. Bu dünyada on insandan həya
edib açmadığımız günahı o dünyada
bütün bəşəriyyət biləcək. Nizami
oxucularına belə bir məsləhət verir: "Bu
dünyada gizlədiklərini o dünyada səndən gizləməyəcəklər.
Balacaları görməyən özü balaca qalacaq, əqrəbin
düşmənliyi gizlidir, ilanınkı aşkar, ona görə
də ilandan qorunmaq olur, əqrəbdən yox".
Mal-mülk, ilk növbədə, insanın
azadlıqla baş-başa qalmaq imkanını məhdudlaşdırır.
Ən böyük güc hər şeyi olarkən hər
şeydən uzaq olmaqdır. İnsan yuxu kimi gizlənməlidir,
yəni hamının olsun, amma heç kəs ona sahib ola bilməsin,
su kimi axmalıdır ki, heç kəs onu qovmasın. Su daim
axır, hamıya pay verir, amma ümumilikdə heç kəsin
deyil, bu xüsusiyyət Allaha da aiddir. Bu dünyanın mahiyyəti
səfər etməkdədir, elə olmasaydı, Günəş
hər gecə gedib, Ay gəlməzdi, Ay hər gecənin
sonunda Günəşlə əvəzlənməzdi.
İnsan bu dünyada, onsuz da, nəfəs alır,
yaxşı olar ki, o nəfəsi kiminsə eşqi
üçün alsın. İnsanın içində
saflıq olsa da, əməli pisdirsə, o, naqis adını da
dünyadan aparacaq. İnsanın suyu yoxdur, amma əzəməti
dəryalara bərabərdir, bir açarı olmasa da, Allah onu
xəzinətək yaradıb.
"Sirlər xəzinəsi"ndəki bu hissə
ümumilikdə Nizaminin bütün dünyadan köçən
qəhrəmanlarına aid düşüncələrin əks
olunduğu məqamdır. Həyatın mənasını
insanlar öz ölümləri ilə açırlar.
Ölüm həyatın üstündən çox
müşkülləri götürdüyü
üçün öləndən sonra insanların
günahlarını bağışlamaq daha asan olur, yaxud
ölən pis bir adama da hər kəsin rəhmi gəlir.
Çünki ölüm hər kəsin ürəyini soyudan
bir həqiqət gücü daşıyır. Bu dünyada hər
kəs öz qonağıdır, hər kəs özünü
bu dünyadan o dünyaya əməllərinin müşayiəti
ilə yola salır. Bu dünyada gözəl əməllərimiz
bizi o dünyada gözəl qarşılanmağımıza,
pis əməllərimizsə əzab-əziyyətə
mübtəla olmağımıza səbəb olacaq.
İnsanın ən böyük aynası öz
vicdanıdır. Bu dünyada vicdanımız pak olsa, o biri
dünyada üzümüz ağ olar.
(Ardı var)
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.30;31.