Hərəkətsiz ağac

 

 

Buludlardakı didiklərin ardından

səmanı necə görmək mümkünsə,

sən də zamandakı boşluqlar sayəsində

görə bilirsən göy üzünü.

 

Buludlar daim hərəkət etsə də,

göy üzü donuq və hərəkətsizdir.

Sən də, eynilə eləcə,

yəni yerində qımıldanmadan dayanırsan.

 

 

Pəncərə

 

Əlüstü pəncərəmi aç!

Buradakı söz-söhbətin

və siqaretlərin külü çökübdür otağıma.

Pəncərəmi də elə qəlbimdəki

            pəncərə ilə birlikdə açsana!

 

Qəlbimdəki otağa qonaqlar

            qədəm qoymasa da,

o da uzun müddət qapalı qalıb deyə,

havası kəsifləşir.

 

Ey ömür-gün yoldaşım!

Pəncərəmi açıq saxla!

O lal-dinməz səmanın üzünə,

o dilsiz-ağızsız ağacların üzünə açıq!

 

Səma

 

Hardan başlanır səma?

Bir qırğı quşunun süzdüyü

 

            yerdədir bəlkə səma?

Elə meyvə də, rüşeym də

 

insan gözlərindən məhrəm yerlərdə

və səssizcə böyüyür, adətən.  

 

Hə-ə! Rüşeymin elə ətrafındakı

o fəza imiş də səma.

 

Mən gücsüzəm

 

Mən gücsüzəm,

mübarizəyə tabım yoxdur,

ancaq sırf həyatda qalım deyə,

başqalarını tələyə, bəlaya sala bilmərəm.

 

Mən gücsüzəm,

özüm sağ qalım deyə,

başqalarını doğrayacaq qədər

alçalmağa qıymaram.

Mən gücsüzəm,

başqalarının fikirlərini özümünkü kimi

təqdim edəcək qədər

alçalmağa da razı olmaram.

Hə, mən gücsüzəm

və bu gücsüzlüyümü

daima qorumağa çalışacağam.

 

Dilimizə çevirdi: Azad Yaşar

  Dzyun TAKAMİ

(1907-1965)

Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (¹23).- S.32.