Yeni kitab – mədəniyyət
və humanitar elm problemlərinə yeni baxış
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisi, Azərbaycanda
Atatürk Mərkəzinin əməkdaşı, Fəlsəfə
Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının
üzvü, fəlsəfə elmləri doktoru Rahid Uluselin “Elm
və Təhsil” nəşriyyatında çap edilən
“İlğımdan Absurda, yoxsa Gerçəkdən Həqiqətə?!”
adlı yeni irihəcmli kitabı ideya konseptuallığı,
mədəniyyətin və humanitar elmlərin problemlərinə
yeni yanaşma cəhdi ilə seçilir. Kitaba müəllifin
dünya, ümumtürk və Azərbaycan mədəniyyətinə
dair araşdırmaları, 2020-ci il Vətən Müharibəsi
dövründə qələmə aldığı məqalələri,
müxtəlif mövzulu polemik fəlsəfi esseləri,
klassik aforizm yaradıcıları xüsusunda yazıları,
humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq
konqreslərdəki (Seul, Harvard, Stokholm, Afina, Roma)
çıxışları daxil edilmişdir.
Kitabda Türk sivilizasiyasının təkamülü,
müasir türk dövlətləri arasında siyasi-mədəni
birliyin yaranması, İslam sivilizasiyasının yüksəliş
və tənəzzül səbəbləri,
sivilizasiyalararası dialoqa qlobal təhdidlərin ideoloji
kökləri, Qərbin və Rusiyanın Qafqaz siyasətinə
münasibətdə Azərbaycanın
özünütəsdiq siyasəti, Qarabağ müharibəsindəki
qələbəmizin tarixi və siyasi əhəmiyyəti,
milli mədəniyyətimizin suveren dövlətçilik təfəkkürü
ilə özünü dərk etməsi kimi aktual məsələlər
araşdırılır.
Müəllif “Avesta”, “Tövrat”, “Quran”, “Bhaqavad Gita”,
“Tao Te Çinq” kimi əski mətnləri, Platon, Aristotel,
İohann Volfqanq Gete və Fridrix Nitsşenin klassik
irsini, Fransua de Laroşfuko, Blez Paskal, Ralf Uoldo Emerson və
Rabindranat Taqorun aforizmlərini, Oqyüst Rodenin monumental abidələrini
dəyərləndirir. O, İmadəddin Nəsimi və
Kuzanlı Nikolas, Məhəmməd Füzuli və Mikelancelo,
Hüseyn Cavid və Cibran Xəlil Cibran kimi Şərq və
Qərb klassiklərini müqayisəli təhlil edir, həmçinin,
çağdaş Azərbaycan alimləri və
filosoflarının, yazıçı və şairlərinin
yaradıcılığını məhz dünya intellektual
və ədəbi-bədii fikri kontekstində nəzərdən
keçirir. Harmoniya fəlsəfəsi – bu
araşdırmaların əsas metodoloji özəyi kimi
çıxış edir.
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (¹23).- S.31.