2024-cü ilin ədəbi
yekunları - özümüzə və dünyaya deyəcək
sözümüz
2024-cü ildə ədəbiyyat sahəsində həm
Azərbaycanda, həm də beynəlxalq aləmdə bir
sıra maraqlı proseslər müşahidə olundu. Ədəbi
meyillər, yeni nəşrlər, layihələr, müsabiqə
və mükafatlar, mətn və ona yanaşmalar bu ilin əsas
konturlarını müəyyənləşdirdi. Əlbəttə,
2023-cü ildən bu yana qazanclarımızla birgə elm və
ədəbiyyat adına itkilərimiz də az olmadı. Arif
Acaloğlu, Paşa Əlioğlu, Şirindil
Alışanlı, Nəsiman Yaqublu, Nəzakət Məmmədli,
İradə Musayeva, Niyazi Mehdi, Pərvanə İsayevanın
ölümü ədəbiyyatşünaslığımız,
filoloji və fəlsəfi fikir adına böyük itkilər
oldu. Hər biri adlarının çəkisi, sanbalı qədər
böyük boşluq qoyub getdilər. Yeganə təsəllimiz
onlardan geriyə yadigar qalan ədəbi mətnlər,
araşdırma və kitablardır ki, bu irsin də hər
zaman müəlliflərini yaşatmağa gücü yetəcək.
2024-cü il Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Şuşa şəhərini
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı"elan edən 21 noyabr, 2023-cü il Sərəncamı
ilə başladı. Ardınca Prezidentin 2024-cü ilin
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi
haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamı, daha
sonra böyük Azərbaycan şairi Məhəmməd
Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında 25 yanvar,
2024-cü il tarixli Sərəncam, daha sonra “Məhəmməd
Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi
haqqında” 30 dekabr, 2023-cü il tarixli Sərəncam və s.
və i. 2024-cü il daha çox bu proseslərin ədəbiyyatlaşmış
atmosferi içrə keçdi. Bütün bunlara baxmayaraq,
ötən ili xarakterizə edən əsas hadisə,
düşünürəm ki, iqlim diplomatiyasında Azərbaycanın
zəfəri kimi reallaşan COP29 beynəlxalq tədbiri oldu.
Bütün il boyu - COP29-a hazırlığın son
mərhələsinə qədər prezident dövlət
başçılarını bəşəriyyət naminə
konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq
etməyə çağırdı. COP29 öncəsi
çıxışında İlham Əliyev bildirdi ki, “Mən
yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət
göstərmək üçün noyabrın 12-dən 13-dək
Bakıda keçiriləcək Dünya Liderlərinin
İqlim Fəaliyyəti Sammitində dövlət və
hökumət başçılarını salamlamağa
şad olaram”.
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) Liderlər
Sammitinin açılış mərasimində Prezident
İlham Əliyevin çıxışı sübut etdi ki,
missiya tamamlanıb. 196 ölkədən 72 min insan, 80 dövlət
başçısı - prezident, vitse-prezident, baş nazir
olmaqla bütün dünyanın diqqəti Bakıya, COP29-a
yönəldi və ölkə başçısı
Bakıdan bütün yer kürəsini salamladı: "Beləliklə,
dünya Bakıya toplaşıb və biz bütün
dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"
Bu artıq, “var millətimin imzası imzalar içində”
qürurunun yaşatdığı məmnunluq duyğusu idi:
"Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti,
beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi
kimi görürük!" Bəli, qurmaq, yaratmaq, sülhə,
harmoniyaya çağırış türkün fitrətində
var. Məgər Andranik Zəngəzurda kütləvi
qırğınlar törədəndə Hüseyn Cavid
“Turana qılıncdan daha kəskin, ulu qüvvət /
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...”
deyərək dünyanın təhlükəsizliyi
üçün yollar arayır və bunu mədəniyyətdə
tapmırdımı? İndi də dörd bir yanda müharibə
ocaqlarının alovlandırıldığı bir zamanda
“qoca Şərqin qapısı” dünyaya açılıb bəşəriyyətə
yaşıl dünya naminə həmrəy olmağın
nümunəsini göstərdi: "Bir sözlə,
mesajım belədir. COP29-un sədri kimi, əlbəttə,
biz yaşıl keçidin güclü carçısı
olacağıq və bunu edirik"...
AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlunun şərhinə istinad etsək,
“Prezident Sözü də ədəbiyyatdır. Mötəbər
Ədəbiyyat, nəyi, necə, nə zaman... - yerində
söyləməyin Ədəbiyyatı. COP29 elan olunandan, il
boyu düşünmüşdüm, bu balaca Azərbaycanımızın
bapbalaca Azərbaycan ədəbiyyatı o böyüklükdə
dünyanın İqlim dəyişkənliyinə nə
qatqı verə bilər axı, verə bilərmi nəsə?!
Payımı-cavabımı Prezident
çıxışından aldım; aydın məramlı,
çox-məzmunlu, sərrast-hədəfli, hökmlü-əmin...
Aldım da qürrələndim. Biz, ey ədəbiyyat
adamları, yazıçılar, şairlər, tüm qələm
əhli! O ki, səhər-axşam dünya, dünya deyib
dururuq, buyurun, Dünya bizi bu yerdən, bu kürsüdən
eşidir. Nə güman eyləmisən;
Özümüzü, Sözümüzü, Azərbaycanımızı
tanıtmağın indi bircə adı, bir ustadı var:
Müstəqil Azərbaycanın Prezidenti, Qalib Ali Baş
Komandan, Sözünün sahibi Müzəffər siyasi lider
İlham Əliyev. Dünya bizi buradan, bu ali məqamdan
tanıyır...”
***
Türk ruhunun qələbəsi ili! 2020-ci ildə Zəfəri
qazandıqdan sonra bizim türk dövlətləri ilə əlaqə
və münasibətlərimiz daha da dərinləşdi və
fərqli müstəviyə keçdi. 2024-cü il türk
ruhunun qələbəsi, sözümüzün yaddaş
sirrinin qorunma, ona qayıdış ili kimi yadda qaldı.
Düzdür, müstəqil olduğumuz otuz illik zaman kəsimində
türkçülük, turançılıq istiqamətində
bir çox addımlar atıldı. Amma xüsusilə,
Türk dövlətləri ilə əməkdaşlığın
gücləndiyi son illərdə bu xəttin
öncüllüyü daha həssas nöqtədə qərarlaşdı.
Bəs ədəbiyyatda bu, necə hiss olundu? Zənnimcə,
bütün hallarda mövzunu manipulyasiya halları bu məqamda
da özünü çox gözlətmədi. İndiyə
qədər bilən də, bilməyən də türk ədəbiyyatının
əlaqə və münasibətlərindən bəhs edərək
türkçülük yönündə fikir bildirməyə
cəhd göstərir. Amma bu istiqamətdə bizdə güvənilən
qələmlər var ki, onların türk ədəbiyyatının
öyrənilməsi istiqamətində sözü istinad ediləsi
mötəbər mənbə olub. Azərbaycan elminin
türk xalqları
arasındakı ortaq mənəvi bağların öyrənilib
üzə çıxarılması baxımından bu
adamların gördüyü işlər ötən il də
öz ənənəvi ritmində davam etdi. Hətta tədqiqatların
əhatə coğrafiyası daha geniş miqyas aldı.
Akademik Nizami Cəfərov, Vilayət Quliyev, Rafael Hüseynov,
Azər Turan, Məti Osmanoğlu ötən il ərsəyə
gətirdiyi mətnlərlə milli-ictimai tərəqqinin gəlişməsində
tarixi perspektivə zəmin yaradan
insanların ömür yolunu, onların əsərlərindəki
ideya istiqamətlərini öyrənməklə, nəinki XX əsrin,
hətta bugünümüzün çağdaş
ölçülərinin müəyyənləşməsində
mühüm missiya daşıyıcısılarına
çevrilir, tarixin dərin qatlarına nüfuz edib bizim
üçün toxunulmamış, yaxud yarımçıq
qalan mövzuları yeni çağın problematikasına
daxil edə bilirlər. Aydın məsələdir, milli cəmiyyət,
mədəniyyət və ədəbiyyatın inkişaf
istiqamətlərini müəyyənləşdirmək istəyiriksə,
onların ideyalarının saçdığı
işıqdan bu günə, sabaha yollar aramalıyıq. Bu
istiqamətdə ötən il meydana qoyulan kitablara da diqqət
etməyə dəyər.
Filologiya elmləri doktoru Elçin İbrahimovun
“Türk xalqlarının ortaq əlifbası, imlası və
ünsiyyət dili” kitabının Özbəkistan
Respublikasında çap olunması bu baxımdan, ilin
mühüm uğurları sırasında qeyd
olunmalıdır. Türk xalqları arasında əlifba
islahatları istiqamətində görülən işlər,
həmçinin XX yüzilliyin başlanğıcından
günümüzə qədər davam edən proseslər
kitabda elmi-nəzəri aspektdə tədqiq olunur. Qeyd edim ki,
türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni
əlaqələrin gücləndiyi bir vaxtda hasilə gələn
bu araşdırma həlli açıq qalmış bir
çox problemlərin aydın elmi izahının
tapılması yönündə uğurlu addımı ifadə
eləyir.
Ötən il Türk Akademiyası Azər Turanın
türkləşmək, islamlaşmaq,
çağdaşlaşmaq nəzəriyyəsinin müəllifi Əli bəy Hüseynzadənin həyat
və irsini araşdıran "Əli bəy Hüseynzadə"
kitabını Beynəlxalq Türk Akademiyasının
prezidenti akademik Şahin Mustafayevin
ön sözü iləAstanada qazax, Daşkənddə özbək dillərində nəşr
elədi. Bu, Əli bəy Hüseynzadəni türk dövlətləri
içrə tanıtmaq, onun türkçülük,
turançılıqla bağlı ideyalarının daha
geniş auditoriyalara çatdırılması
baxımından nəcib addımdır. Eyni zamanda XX əsr
aydınının bir çox məsələlərə
baxışından yararlanaraq çağımızın
eyni civarında cərəyan edən proseslər
dalğasına nələrsə ötürməyə imkan
verən maarifçi təşəbbüsdür.
Ötən ilin ən uğurlu ədəbi hadisələrindən
biri şəhid türkoloq Xalid Səid Xocayevin tərcüməsində
Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin
əlyazmasının Nəsimi adına Dilçilik
İnstitutunda tapılması oldu. Bu, ömrü
repressiyanın amansız dalğasında güdaza gedən bir
alimin haqqının bərpası idisə, digər tərəfdən,
Azərbaycanın türkologiya elminə verdiyi böyük
töhfə idi ki, bunun üçün illərlə bu əlyazmanın
tapılması üçün mücadilə aparan, Xalid Səid
Xocayevlə bağlı ilk kitabın müəllifi olan Azər
Turana və əlyazmanın tapılıb üzə
çıxarılmasında əməyi olan akademik İsa Həbibbəyli
və Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədliyə
təşəkkür düşür.
Türk dövlətləri arasında ədəbi-elmi
münasibətlərdən bəhs ediriksə, ötən
ilin sonu, 2-4 dekabr tarixlərində “Türk Dünyasında
milli kimlik və mədəni irs” mövzusunda keçirilən
III Beynəlxalq Türkoloji Konqresdən danışmaq
labüdləşir. Şuşa şəhərinin 2024-cü
il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi münasibətilə keçirilən
bu konqres Türkiyənin Mədəniyyət və Turizm
Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin
Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət
Pedaqoji İnstitutunun birgə təşkilatçılığı
ilə hasilə gəldi.Konqresdə əsas məqsəd
başda Azərbaycanın Şuşa şəhəri olmaqla,
Türk-İslam mədəniyyətinin inkişafında əhəmiyyətli
yer tutan mədəniyyət mərkəzlərinin, milli
kimliyin formalaşmasında və mədəni irsin
qorunmasında oynadığı rolun vurğulanması idi ki,
bu münasibətlə Beynəlxalq mərasimdə Türkiyə,
Azərbaycan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası başda
olmaqla, ümumilikdə, 10-dan çox ölkədən 100-dən
çox elm adamının məruzəsi dinlənildi,
türkologiyanın müasir problemləri ilə bağlı
geniş müzakirələr aparıldı.
İl boyu türk
dünyasının bir sıra maraqlı şəxsiyyətləri
ilə bağlı yazılan kitab və məqalələr
öndə qərarlaşdı.Vilayət Quliyevin “525-ci qəzet”
və “Ədəbiyyat qəzeti”ndə çap olunan məqalələri,
Nadir Məmmədlinin “Ədəbiyyat qəzeti”ndə Azərbaycan
ədəbi dili tarixinin həm linqvistik, həm sosial-mədəni,
həm də siyasi-ideoloji
baxımdan xüsusi maraq doğuran dövrlərinin təhlilini
verən yazıları, İsa Həbibbəylinin “Azərbaycan
ədəbiyyatı: mərhələlər və simalar”
kitabı, Əli Qafqaziyalının “Nazim Hikmət”,Asif
Rüstəmlinin “Cümhuriyyət məfkurəsi” və “Cəmo
bəy Cəbrayılbəyli: həyatı və bədii
yaradıcılığı”, Bədirxan Əhmədovun
üç cilddə çap olunan“XX əsr Azərbaycan ədəbiyyatı
tarixi” kitablarıötən ilin ədəbi faktları olsa
da, bütünlükdə XX əsri tarixi-tipoloji vahid olaraq
oxumağa imkan verən mətnlər məcmusudur.
Türk keçmişimiz, milli kimliyimizlə
bağlıAzər Turanın ötən il çap
olunmuş"Alp Ər Tonqa" kitabına diqqət yönəltməyə
gərək var. Birbaşa tarix konsepti üstündə
yazılan "Alp Ər Tonqa" kitabı müəllifin digər
yazıları kimi ədəbi-mədəni diskursa
açıqdır, onda tarixiləşmək, tarixi sabaha
vurğulama niyyəti ilə üzləşməli oluruq.
Bilgi və informasiyasının ağırlığına
görə fərqlənən, tariximiz haqqında
çeşidli yeni gerçəklər anladan, ciddi
düşüncə sahiblərinin, tarixçilərin fikirlərinə
istinadən böyük mətləblərdən soraq verən
"Alp Ər Tonqa"mətnində qaldırılan problemlər
sırasına görə düşündürür. Zərdüştə
və onun "Avesta"sına yenidən nəzər yetirməyin
labüdlüyü, yaxud "əsli-nəsli bilinməyən Dəvdək
adlı bir şairin Cavanşirin ölümünə
yazdığı: "Tamam ram etmişdi böyük
Cavanşir, Dünayda nə qədər
işğalçı var?" kimi əttökən "mərsiyəsini"
erməni dilindən Azərbaycan türkcəsinə
çevirib ədəbiyyat tariximizin birinci yazısı edənlər"in nə üçün Alp Ər Tonqaya, yaxud Alp Ər Tonqa
barədə bizim öz dilimizdə
yazılmış ən qədim türk şeirinə sahib
çıxmaq istəmir", - kimi sualların
varlığı bizi tariximizə bağlı daha obyektiv elmi
yanaşmalar əsasında düşünməyə vadar
edir. Bu suallara cavab vermək, əlbəttə ki, tarixçilərin
işidir. Amma bu da faktdır ki, bəzən faktların
mövcudluğu, mənbələrin yetərincə olması
onların doğru təfsirinə varılması
üçün bəs eləmir. Bunun üçün həm
də milli şüur oyaqlığı, millətini və
dövlətini sevmək əzmi öndə olmalıdır.
Ona görə Azər Turanın aşağıdakı fikirləri
milli heysiyyətdən doğan ağrı nidası kimi səslənir:
"Bu yazıya başlayarkən təəssüf
qarışıq bir duyğu yaşadım. Kaş bizim
tariximizi Zəki Vəlidi Toğan kimi romantik milli ruha,
böyük elmi öfkəyə və diapazona malik alimlər
yazaydılar. Daha adları hecalara bölüb hər
hecanın tərkibindən türk elementini axtarmaqla məşğul
olmayaydılar. Cahan tarixinə həm
də hər zaman oyanıq olan milli şüurun gözləriylə
baxaydılar..."
Bu, zaman-zaman yad əllər və düşüncə
ilə yazılmış, milli statusundan ayrı
düşmüş bir tarixin acılarından ibrət
götürməyə çağırışdır. Bu
kitabda həmin yad ideologiyaların güdazına getmiş millət
fədailərindən sevgi ilə bəhs olunur. O fədailər
ki, 1926-cı ilin Bakısını Türkoloji qurultayın
ilk ünvanına çevirə bilmiş və rus şərqşünası
Bartoldun bu fikirlərini tarixə salmağa şərəfli
ömür həsr etmişdilər: "Hal-hazırda qurultay
Bakıda çağırılır. Qurultayın Bakıda
çağırılmasına bir çox dəlillər
vardır... Danmaq olmaz ki, əksər əhalisi türk olan
cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan
cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri
universitet həyatını və ümumiyyətlə, elmi həyatı
daha yüksək dərəcədə saxlamağa müvəffəq
olmuşdur. Digər tərəfdən, coğrafi mövqeyinə
görə də Bakı istər Moskvadan, Leninqraddan, istərsə
də Krım, Tatarıstan, Türkmənistan və sair
respublikalardan gələnlər üçün eyni dərəcədə
əlverişlidir".
Düşünürəm ki, Bartoldun I Türkoloji
Qurultayla bağlı söylədiyi bu fikirlər indi,
Qurultayın 100 illiyi ərəfəsində olduğumuz bu
zaman kəsimində başqa bir önəm cizgisi kəsb edir.
Türkoloji Qurultaydan danışırıqsa, birmənalı
şəkildə mühacirət irsimiz yada düşür.
Öz məfkurələri yolunda ömür nisan edən qələm
adamlarının qürbətdə olan fəaliyyətlərini
incələyib üzə çıxarmaq, araşdırma
predmeti edib tarixin yaddaş faktına çevirmək elə bu
adamların gördükləri iş qədər çətinlik
və əzm tələb edir. İllərdir bu yükü
çəkənlər var. Vilayət Quliyev, Nikpur Cabbarlı,
Abid Tahirli, Bədirxan Əhmədli, Vaqif Sultanlı, Dilqəm
Əhməd. Ötən il xüsusilə Vilayət Quliyev,
Nikpur Cabbarlı və Dilqəm Əhmədin bu kontekstdə fəaliyyətləri
sistemli və dinamik təsir bağışladı. Bu məqamdabir
faktı qeyd etməliyəm. AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun “Azərbaycan Mühacirət ədəbiyyatı”
şöbəsi filologiya elmləri doktoru Nikpur
Cabbarlının rəhbərliyi ilə uzun illərdir ki, elm
adına çox uğurlu işlər görür,
mühüm kitablar hasilə gətirir: “Məhəmməd
Əmin Rəsulzadə” (2016), “Səlim Rəfiq Rəfioğlu.
“Füzuli” (2019), “Alazan Baycan” (2021), “Süleyman Təkinər”
(2022), “Mirzə Bala Məhəmmədzadə” (2023). Mühacirət
irsimizin öyrənilməsi istiqamətində bu kitabların
hər birinin yeri və rolu müstəsnadır. Adları
çəkilən müəlliflərin zəngin
yazılı irsini, zamanında istiqlal mücadiləsinin
ideoloji-siyasi əsaslarının müəyyənləşməsində
rol oynayan baxışlarını, azərbaycançılıq
məfkurəsinə sədaqətlə xidmətlərini
öyrənmək baxımından bu nəşrlərin qiyməti
misilsizdir.
Qərbi Azərbaycan ili! Ötən il Qərbi Azərbaycanla
bağlı mütəşəkkil təşkilatlanma ili kimi
xarakterizə olundu. Qərbi Azərbaycanla bağlı Təşəbbüs
qrupu yaradıldı, il böyu bir sıra mühüm konfrans
və tədbirlər keçirildi, müzakirələr və
görüşlər aparıldı. Bu yöndə
xüsusilə Qərbi Azərbaycan İcmasının dinamik
və səmərəli fəaliyyətini qeyd etməyə
ehtiyac var. Əslində, 2022-ci ilin 24 dekabrında Prezident
İlham Əliyevin Qərbi Azərbaycan İcmasında etdiyi
çıxışın, bu tarixi torpaqlara qayıdış
konsepsiyası ilə müəyyən
çağırışlar səsləndirməsinin əsasında
yeni milli təfəkkürün, təzələnən
diskursun və məfkurə dalğasının
düşüncədə və əməldə ifadəsini
görmək istəyi dayanırdı ki, bu istiqamətdə də
Qərbi Azərbaycan İcması işləri məqsədyönlü
şəkildə və nəticəyə hesablanmış tərzdə
aparır.
Ötən il AMEA-da həyata keçirilən elmi və
elmi-təşkilati fəaliyyətin mühüm istiqamətlərindən
biri Qərbi Azərbaycanla bağlı oldu. AMEA-da və
ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla
bağlı aparılan elmi tədqiqatların daha sistemli və
uğurluistiqamətdə təşkil edilməsini təmin
etmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarı
ilə akademik İsa Həbibbəylinin sədri olduğu Qərbi
Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə
Şurası yaradıldı. Qərbi Azərbaycanın azərbaycanlı
əhalisinin və Qarabağın qeyri-maddi mədəni
irsinin sistemləşdirilməsi, nəşri, tədqiqi və
təbliği istiqamətində fəaliyyətin gücləndirilməsi
məqsədilə isə Qərbi Azərbaycan tədqiqatları
ilə bağlı Tarix və Etnologiya İnstitutunda Qərbi
Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi
Azərbaycan folkloru şöbəsi və Dilçilik
İnstitutunda Toponimika şöbəsi fəaliyyətini davam
etdirdi.
Ötən il sentyabrın 30-da Bakıda Aşıq
Ələsgərin abidəsinin açılışı
oldu. Bu, böyük el sənətkarının, irfani
düşüncə sahibinin irsinə, sənətinə olan
böyük sevgi və qayğının təzahürü
olmaqla yanaşı, həm də milli ideoloji baxımdan
müstəsna hadisədir. Bu heykəl təkcə
Aşıq Ələsgərin deyil, ümumiyyətlə, hər
bir Qərbi Azərbaycanlının və Qərbi Azərbaycanın
obrazını özündə əks etdirən nümunədir.
Nəzərə alanda bu gün Qərbi Azərbaycan amili nə
qədər aktualdır və yenə də nəzərə
alanda ki, dünya ictimaiyyəti ermənilərin mənafeyindən,
ikili standartlardan çıxış edir, erməni vəhşiliklərini
faktiki olaraq təsdiqləmir və azərbaycanlılara
qarşı həyata keçirilən deportasiya
zülmünü görmür, ədalətsizcəsinə
davranmağı fəaliyyət məramlarına çevirirlər,
o zaman bu zülmün təzahürlərini daha uca səslə
bəyan etmək lazım gəlir. Aşıq Ələsgərin
heykəli bu baxımdan həm vizual olaraq qəzəbin,
ağrının simvoludur, həm də Prezident İlham
Əliyev tərəfindən zamanında gerçəkləşdirilmiş
müstəsna fakt kimi əhəmiyyətlidir.
Qərbi Azərbaycana məxsus ədəbiyyatın,
bu böyük ədəbi-tarixi irsin öyrənilməsi ədəbiyyatşünaslığın
ciddi problemi və predmeti olsa da, əslində, onun sədlərini
aşan bir mövzudur. Məsələn, “Zəngəzur Azərbaycanın
zəngin guşəsidir” ifadəsi gəlişigözəl
söz olmadığı kimi, onun metafizik etimalogiyası, təəssüf
ki, geniş təbliğ olunmamış, lokal hüdudları
qıraraq geniş düşüncə ərazilərinə
adlamamışdır. Bu qədim və tarixi əraziyə məxsus
gözəlliklərin arxasında dayanan hekayələr (!) sənət
dili ilə geniş və panoramlı təsvirini
tapmamışdır. 2022-ci ildən başlayaraq Prezident
İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşdə
etdiyi çıxışdan sonra bu yöndə
ardıcıl və konseptual addımlar atılmaqdadır. Ötən il “Ədəbiyyat qəzeti”
Qərbi Azərbaycana həsr olunmuş “Xüsusi
buraxılış” hazırladı. Bu, ən yeni tariximizin Qərbi
Azərbaycan adlanan mərhələsinin mədəniyyətlə
başlanan yolçuluğunda ilk addımlardan sayıla bilər.
Bu “ilk”lərdən digəri "Yenisi" Ədəbiyyat və
Mədəniyyət Təzahürləri Mərkəzi
İctimai Birliyinin növbəti layihəsi (layihənin rəhbəri
Məqsəd Nur, ekspert Tehran Əlişanoğludur)kimi ərsəyə
gələn"İrəvan gündəliyi" adlı qiymətli
nümunə oldu. Qeyd edim ki, klassik və müasir Azərbaycan
müəlliflərinin tarixi İrəvan şəhəri, o
cümlədən İrəvan xanlığı haqqında
yazdığı ədəbi mətnlərin yer
aldığı "İrəvan gündəliyi"
kitabında ilk dəfə olaraq ədəbiyyatda İrəvan
konsepti ayrıca qabardılıb, sistemli şəkildə, mərhələlər
üzrə işıqlandırılıb. O da simvolikdir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
"Qayıdış konsepsiyası"na
çağırışın ruhuna
uyğunlaşdırılaraq hazırlanan bu kitabın tərtibatında
istifadə edilmiş bütün rəsm əsərlərinin
və qrafik elementlərin müəllifi XIX əsrdə
yaşamış Azərbaycan portretçisi və ornamentalist
rəssamı Mirzə Qədim İrəvanidir.
Sərgilər – Kitab ili! Son illərin mühüm ədəbi
layihələrindən biri kimi Kitab Sərgilərini qeyd etmək
olar. Etiraf edək ki, keçirilən sərgilər kitab sənayesinə
maraq oyadılmasında, kitaba diqqət yönəldilməsində,
yeni yetişən nəsillərin kitaba sevgi ruhunda
böyüməsində əvəzsiz rol oynayır. Ötən
il də bu mənadaistisna olmadı. Oktyabrın 2-də Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi
açıldı. Məhəmməd Füzulinin 530 illiyinə
həsr edilən sərgidə 4 qitəni təmsil edən 18
ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya
və kitab sənəti ilə əlaqəli müəssisə
iştirak etdi. Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən
şair Salam Sarvan və yazıçı Rövşən
Abdullaoğlu sərginin fəxri yazarları seçildilər.
Dünya şöhrətli irlandiyalı yazıçı Con
Boyn, tanınmış alman yazar Vulf Dorn, Azərbaycan əsilli
Fəriba Vəfi də sərginin fəxri qonaqları
sırasında qərarlaşdılar. Qeyd edək ki, bu il
keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
nəşr etdiyi “Füzuli kitabxanası” seriyası Mədəniyyət
Nazirliyi tərəfindən sərginin “Ən yaxşı
kitab”ı seçildi.
19–22 dekabr tarixlərində ANAİB-in təşəbbüsü
ilə 2024-cü ilin son kitab sərgisi - ANAİB I Bakı
Kitab Sərgisi keçirildi.“Yeni ilə yeni kitablarla”
şüarı ilə keçirilən sərgidə
ANAİB üzvü olan nəşriyyatlarla yanaşı, digər
nəşriyyatlar da iştirak edərək öz kitablarını
təqdim etdilər.
2024-cü ilin 2-10 noyabr tarixində İstanbulda
keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycan
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan yazarlarının bir qismi təmsil
olundular. Həftə boyu sərgidə Azərbaycan yazıçılarının
iştirakı ilə imza mərasimləri, ədəbi
müzakirələr və müxtəlif ölkələrdən
naşirlərin işgüzar görüşləri
keçirildi.
Dünya və biz! 2024-cü il Ədəbiyyat üzrə
Nobel mükafatı cənubi koreyalı yazıçı Han
Kanqa verildi. O, bu mükafata tarixi travmaları və insan həyatının
kövrəkliyini üzə çıxaran poetik nəsrinə
görə layiq görüldü. Dünyanın nüfuzlu ədəbiyyat
mükafatı olan "Buker"in ("Booker Prize")
2024-cü il üzrə qalibi isə “Orbital” romanı ilə
Samantha Harvey oldu.
Hələlik Nobel və Bukerə əlimiz
çatmasa da, ötən il bizim yazıçı və
şairlərimizin də aldıqları təltif və
mükafatlar az olmayıb. Xalq yazıçısı Anar
Trabzon Beynəlxalq Ədəbiyyat Festivalının
açılış mərasimində “Yaşayan ədəbi
dəyərlər” medalı ilə təltif olunub. Habelə
ötən il yazıçıya Türk Dil Qurumunun “Türk
Dünyası Ədəbiyyat (Hekayə) Ödülü” də
təqdim olunub.
Artıq ənənəvi şəkildə verilən
Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat
adamı” mükafatıötən il Ramiz Rövşən, Həmid
Herisçi, Rüstəm Behrudi, Aydın Talıbzadə, Azər
Turan, Varis, Aqşin Yenisey, Nərgiz Cabbarlı, Ulucay Akif,
Etimad Başkeçidə təqdim olundu.
Yeri gəlmişkən, qeyd edim ki, ötən ilin Gənclər
üçün ayrılmış Prezident mükafatı 2
fevral – Gənclər günündə Ulucay Akifə verilib.
İl boyu Məmməd İsmayılın 80,
Hüseyn Arifin 100, Zəlimxan Yaqubun 75 illiyi geniş şəkildə
qeyd olunub. Baba Vəziroğlu 70 yaşı münasibətilə
“Şərəf” ordeni ilə təltif edilib.
2024-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun – bu qüdrətli elm ocağının,
intellekt və idrak məbədinin 90 yaşı tamam oldu. Bu
münasibətlə AMEA Rəyasət Heyətində
böyük tədbir keçirildi, bir sıra alimlər
mükafatlarla təltif olundular.
2024-cü il, 27 martda - “Elm”günündə Prezident
İlham Əliyevin Sərəncamı ilə “Heydər
Əliyev – 100” medalı ilə İnstitutun bir qism əməkdaşları
- akademik İsa Həbibbəyli,
AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri
doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri
doktoru, professor İmamverdi Həmidov və filologiya elmləri
doktoru, dosent Elnarə Akimovatəltif olundular.
Ötən il yazıçılarımızın əsərlərinin
xarici ölkələrdə çap olunması
baxımından əlamətdar oldu. Xalq
yazıçısı Elçinin Türkiyənin “Mi
Yayınları”nda pyeslərindən ibarət “Teleskop. Teatro
oyunları” kitabı nəşr edildi. Kitaba Elçinin
“Teleskop”, “Mənim sevimli dəlim”, “Şekspir” və “Cəhənnəm
sakinləri” pyesləri daxil edilib. Əsərləri türkcəyə
tanınmış yazıçı Orxan Aras çevirib. Qeyd
edək ki, 2024-cü ildə Elçinin yeni çoxcildliyinin
2-ci və 3-cü cildləri də çapdan
çıxmışdır. Cildlərə ədibin “Mahmud və
Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” və
“Baş” kimi məşhur romanları daxil edilmişdir.
Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı:
mərhələlər və simalar” monoqrafiyası ötən
il Türkiyənin “Bengü” nəşriyyatında çap
olundu. Qardaş ölkə ilə elmi əlaqələrimizin
yeni bir səhifəsi kimi də əhəmiyyət
daşıyan bu nəşrin elmi redaktoru professor Yavuz
Akpınardır.
Yazıçı Novruz Nəcəfoğlunun ötən
il “Bembeyaz keçidde”,
"Unutamadığım gün”,"Karanlık gecenin
sesleri" əsərləri Türkiyə türkcəsində
(İmdat Avşarın tərcüməsində) işıq
üzü gördü. Bu kitabların hər biri İstanbul
Valiliyi tərəfindən şəhər
kitabxanalarının fondlarına daxil edilib. “Bembeyaz
keçidde” kitabı isə Türkiyə Universitetlərinin ədəbiyyat
fakültələrində oxu materialı kimi istifadə
olunmaq üçün Türkiyə Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
sifarişlə alınıb.
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin
ötən il İranda hekayələr kitabı çap
olunub. “Babam, nənəm və kommunizm” adlı toplunun tərtibçisi
və naşiri Əlyar Poladdır. Qeyd edim ki, bu,
yazıçının qonşu ölkədə nəşr
olunan sayca üçüncü kitabıdır.
Ötən il həmçinin yazıçı Mənzər
Niyarlının Türkiyənin Ankara şəhərində
"Düğün gününün sabahı" adlı
hekayələr kitabı nəşr olundu. On yeddi hekayədən
ibarət kitabın redaktoru Avrasiya Yazarlar Birliyinin
başkanı Yakup Öməroğludur. Hekayələri
Türkiyə türkcəsinə Ege Universitetinin doktorantı
Zeynep Yıldırım çevririb.
2024-cü ildə Ankarada mərhum millət vəkili,
Türk Dünyasının tanınmış ziyalısı
Qənirə Paşayevanın xatirəsinə həsr
olunmuş kitab çap olundu. Araşdırmaçı-jurnalist
Şəhla Aslanın təşəbbüsü ilə
hazırlanan bu kitab Q.Paşayevanın həyat və fəaliyyətinə
dair fikirləri əks etdirən məqalələr toplusu kimi
özündə Türkiyənin elm və təhsil
adamlarının, siyasətçilərin, jurnalistlərin və
digər tanınmış şəxslərin yazılarını
ehtiva edir.
Digər bir istiqamət. Ötən il nəşr
olunan və haqqında bəhs olunan uğurlu nəşrlərdən
biri də tanınmış tərcüməçi, ədəbiyyatşünas
və redaktor Seyfəddin Hüseynlinin “Tərcümə təcrübələri”
kitabı oldu. Nəşrdə Seyfəddin Hüseynlinin
dünya ədəbiyyatından ana dilimizə zövqlə
seçib çevirdiyi hekayələr, esse və söhbətlər
yer alıb ki, onlarla tanışlıq oxucuya həyata, insana, ədəbiyyata,
incəsənətə münasibətdə fərqli rakursdan
yanaşmaq imkanı verir, həmçinin müxtəlif
tarixi, ictimai, ədəbi-mədəni məsələlərlə
bağlı tanınmış yazıçıların fikir
və mülahizələrini öyrənmək feyzi
yaradır.
Keçən il “Mücrü” nəşriyyatında
XX-XXI əsr çeçen şeirinin bütün ədəbi
nəsillərini təmsil edən, hər bir müəllifdən
bir şeir olmaqla 41 şairin əsərini çevrələyən
“Ərənlərin nəğməsi. Çeçen
şeirindən seçmələr” toplusu işıq
üzü gördü. Şeirləri dilimizə tərcüməçi,
eyni zamanda antologiyanın tərcüməçisi və son
sözün müəllifi, Azərbaycan Yazıçılar
Birliyinin katibi, şair Səlim Babullaoğlu çevirib.
Ədəbi müsabiqələr və layihələr! Müsabiqələr daim stimul verir,
yetişdirir, yeni adlar irəli çəkir, ədəbiyyatın
hansı mövzular ətrafında var-gəl etdiyini meydana
qoyur. Hər il olduğu kimi, ötən ildə də
müsabiqələr keçirildi. 2024-cü ilin noyabrında
TEAS Press Nəşriyyat Evi
ikinci dəfə “Gənclərin Roman müsabiqəsi”
keçirdi və 10 imzanın mətni dəyərləndirilənlər
sırasında oldu: Mahir Abbasov
“Şərin qürubu”, Orxan Həsənli “Berlindəki
xarıbülbül”, Pərvin İsmayılov
“İlğım”, Fatimə Qədirzadə “Qarabağ
çiçəyi”, Hüseyn Qəhrəmanov “Görünməyən
rəng”, Fərid Məhərrəmli “Əmanət”, Samir Məmmədov
"Zona”, Gülü Mustafayeva “Yolçu ruhlar”, Vasif Zahidov
“Sonuncu istintaq” əsərləri ilə ədəbi prosesə yeni adlar və maraqlı
mövzularla daxil ola bildilər.
2023-cü ildən başlayaraq hər il keçirilən
“Ədibin Evi” Ədəbiyyat Fondunun hekayə müsabiqəsində
isə müsabiqənin qalibləri 230 müəllifin 261 hekayəsi
arasından seçildi. Qeyd edim ki, müsabiqədə ikinci
yerin qalibi sırasında mərhum istedadlı nasir Yaşar
Bünyadın “Heyvagülü” hekayəsi də yer
aldı.
Müsabiqələrlə yanaşı, son illər
müxtəlif instansiya və qurumların ədəbiyyata dəstək
verməsi çox gözəldir və alqışlanmalı
işdir. 2022-ci ildə Azərbaycan ədəbiyyatının
gənc müəlliflərindən dörd nəfərin
kitabını çap edən BP şirkəti bu il də 5 azərbaycanlı
müəllifin kitabının - Qismətin "Tanış
küçələrin birində”, Ruslan Dost Əlinin “3
mart”, Ulucay Akifin “Bayılda axşamçağı”, El
Romanın “Ağ kvadrat” şeirlər toplusu, Rəvan Cavidin isə
“Gecəni axtaranlar” qısa hekayələr və roman toplusunun
çapına dəstək nümayiş etdirdi.
Ötən il “Ədibin Evi”nin ADY ilə birgə
“Qatarda oxu” layihəsi üçün
hazırladığı kitab da işıq üzü
gördü. Mir Cəlal adına III Hekayə Müsabiqəsinin
qalibləri və münsiflər tərəfindən
seçilən 50-yə yaxın müəlliflərin hekayəsinin
yer aldığı kitab Xalq yazıçısı
Elçinin ön sözü ilə nəşr edilərək
oxucuların mühakiməsinə verildi. Qeyd edim ki, “Ədibin Evi”nin təşəbbüsü
ilə TEAS Press tərəfindən hazırlanan
“Yağışlı Bir Gün idi...” adlı bu kitab "Azərbaycan
Dəmir Yolları" QSC-nin sifarişidir və “Qatarda oxu”
layihəsi çərçivəsində səyahət
zamanı ADY sərnişinlərinin qiraəti
üçün qatarlarda təqdim ediləcək.
Bu məqamda, “Ədibin Evi” Ədəbiyyata Dəstək
Fondunun Azərbaycan ədəbiyyatının tədqiq və
təbliği istiqamətində gördüyü işləri
xüsusi vurğulamaq lazımdır. 2017-ci ildən bəri
keçirilməklə ənənə halını alan və
Azərbaycan ədəbiyyatında qısa hekayəçilik
irsini qoruyan Mir Cəlal adına Hekayə müsabiqəsindən
başqa, Fond müxtəlif layihələr gerçəkləşdirməklə
Azərbaycan ədəbiyyatına töhfə verməyə
çalışır. Bu sıradan, Aqşinin, Qismətin il
boyu “Ədibin Evi” layihəsi çərçivəsində
gerçəkləşdirdikləri maarifçi işlər,
söhbət və diskussiyalar çox önəmlidir. Məlumdur
ki, çağdaş dünyada texnoloji yeniliklər insanın
fəaliyyət və davranışlarına aşırı
sürət, tələskənlik gətirib. Buna adekvat olaraq
maraqlı mövzuların seçilməsi və diqqətçəkən
üslub nümayiş etdirilməsi zəruriləşir.
“Ədibin Evi”nin media layihələri olan “Fikir vaxtı”,
“Tarixin güzgüsü”, “Ədibin Evi”nin Milli Kitab 10-luğu
layihələri bu gün texnoloji üstünlüklərdən
maarifçilik yönündə yararlanmaq, zaman dinamizmi və
qarışıqlığı içində diqqəti ədəbiyyat,
mədəniyyətyönümlü işlərə yönəltmək
baxımından unikaldır və ana dilimizin incəliklərinə
varmaq, milli ədəbiyyatımızın dəyərli əsərlərini
yeni dövr insanına təqdim etmək niyyəti ilə fərqli
düşüncə müstəvisində qərarlaşır.
AMEA – beynəlxalq əməkdaşlıq ili! Azərbaycan
Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi
inkişafı baxımından bir sıra nailiyyətlərlə
müşayiət olunan 2024-cü il Azərbaycan elmi, o
cümlədən Azərbaycan Milli Elmlər Akademiyası
üçün də uğurlu oldu. Akademiyanın strukturu
daha da modernləşdirildi, elmin yeni prioritetləri dövlət
siyasətinin strateji hədəfləri və dünya elminin
çağırışları ilə
uyğunlaşdırıldı, dövlətin sosial-iqtisadi, mədəni-mənəvi
və ideoloji siyasətinin həyata keçirilməsində
elmin iştirakı əhəmiyyətli dərəcədə
gücləndirildi, beynəlxalq elmi əlaqələr
genişləndirildi.
Xüsusilə, son məqama vurğu salaraq qeyd edim ki,
2024-cü il AMEA-nın beynəlxalq arenada qurulan əməkdaşlıqların
ili kimi yadda qaldı. Ölkə başçısının
Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı Sərəncamından
irəli gələrək görülən işlər
sırasında “Məhəmməd Füzuli və Sultan Baho:
Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr”,
AMEA Rəyasət Heyəti, AMEA-nın Humanitar və
İctimai Elmlər bölmələri və İraq-Azərbaycan
Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı
ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli
müştərək müsəlman mədəniyyətinin
yetirməsi kimi” adlı beynəlxalq elmi konfranslar, “Məhəmməd
Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans,
III Türk dünyası Ədəbiyyat və Kitab
festivalında “Məhəmməd Füzuli-530” paneli və digər
tədbirlər həm Füzulini yenidən dünyaya Azərbaycan
şairi kimi tanıtmaq, həm də qardaş ölkələrlə
ədəbi münasibətləri dərinləşdirmək
məramıdır.
Ötən ilin mühüm hadisələrindən
biri də Nobel mükafatı laureatı, AMEA-nın fəxri
üzvü, ABŞ-nin Şimali Karolina Universitetinin professoru
Əziz Səncərin AMEA-ya səfəri oldu. 30 may - 6 iyun
2024-cü il tarixlərində Əziz Səncərin AMEA-ya səfəri
oldu, AMEA-nın elmi müəssisələri və
respublikamızın ali məktəblərində görkəmli
alimlə görüşlər keçirildi. Əziz Səncərin
iştirakı ilə AMEA-nın Ümumi
yığıncağının xüsusi iclası
keçirilərək ona AMEA-nın fəxri üzvü
diplomu və vəsiqəsi təqdim olundu.
Ötən il humanitar elmin mühüm nəticələrinə
görə üç kitab daha çox fərqlənərək
“İlin kitabı” qismində qərarlaşdı: “Məhəmməd
Füzuli. Həyatı və yaradıcılığı”
(müəllif: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
Füzulişünaslıq sektoru. Kollektiv); “Yeni Azərbaycan ədəbiyyatı
tarixi oçerkləri” kitabı (müəlllif: fil.e.d. Rəhim
Əliyev); “Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi
və müasir istiqamətləri” (müəllif: filologiya
elmləri doktoru, dosent Elnarə
Akimova)
Cari ədəbiyyat, yaxud zaman və biz! Müasir ədəbiyyatda
nə baş verir? O, özünü “zaman necə dəyişir,
mən necə dəyişirəm” sualına kökləyə
bilirmi? Canlılıq, dinamizm necədir? Əvvəlcə bunu
deyim. Müasir ədəbi proseslə bağlı AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun “Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı” şöbəsində
aparılan kitab müzakirələri xüsusi canlanma
mühiti yaradıb. Şöbə müdiri ədəbiyyatşünas
Tehran Əlişanoğlu və moderator Mətanət Vahidin
birgə təşkilatçılıqları ilə ərsəyə
gələn müzakirələr həm meydana qoyulmuş yeni
kitabların təhlili, gənclərin
yaradıcılıqlarına, mətnlərinə
baxış kimi önəm çəkir, həm də ən
yeni ədəbiyyatı tanıtmaq istiqamətində
mühüm addımı ifadə eləyir. Yaxud ötən
ilin maraqlı layihələrindən biri olan “Nəsrin bulvar
söhbətləri”ndə yazıçı İlham
Əzizlə Rəşad Səfərin maraqlı ədəbiyyat
adamları ilə söhbətləri dəvət edilən
şəxsin yaradıcılığının təhlil
sferasından çıxıb bütünlükdə ədəbiyyatımızın
keçdiyi yola, cariliyə nəzər nöqtəsinin sərgilənməsi
baxımından faydalı və gərəkli idi.
Ötən ilin sonu “Kulis.az” saytı 2024-cü ilə
yekun vuraraq tənqidçi Cavanşir Yusifli ilə müsahibə
hazırlamışdı.
İl boyu “Ədəbiyyat qəzeti”ndə cari ədəbiyyatı
təhlil etməkdə xüsusi rolu olan tənqidçi
Cavanşir Yusifli müsahibədə Həmid Piriyevin ona
ünvanladığı “2024-cü ildəki ədəbi
proses keçmiş illərdən yaxşı mənada fərqlənirdi?”
– sualına belə cavab verir: “Əlbəttə, pozitiv mənada.
Bayaq qeyd etdiyim tədbirlər, diskussiyalar, müzakirələr…
Əvvəllər olan neqativ cəhətlər
yığışmağa başlayıb. Məsələn,
müəlliflər tənqid eşitməyə hazır
deyildilər, eşidən kimi ağız büzürdülər.
Həm də tənqid istəyirdilər, çünki təriflənmək
istəyirdilər. İndi bu hallar aradan qalxır”.
Bu, doğrudan da belədir. İndiki gənc nəslin
digərlərindən fərqi ondadır ki, həm sağlam tənqidi
eşitməyə hazırdırlar, həm də yeri gələndə
özləri tənqid etməklə bərabər, tənqid
predmetinə çevrilməkdən çəkinmirlər.
Qismətin, Əli Novruzovun, Mirmehdi Ağaoğlunun, Alpay Azərin,
Ulucay Akifin, Nadir Yalçının, İlham Əzizin, Orxan
Saffarinin, Təvəkkül Boysunarın və b. “Kulis.az”
saytının hekayə müzakirələrində, yaxud
ayrıca məqalələr şəklində gerçəkləşən
bu təhlil-tənqid jestləri bütünlükdə ədəbiyyatın
xeyrinədir və etiraf edək ki, peşəkar tənqidin
bir qədər içəçəkilmə (yaxud geriçəkilmə!)
yaşadığı indiki dövrdə ədəbiyyatı ətalətdən
xilas edən çıxış yoludur.
Ötən il Qarabağ və post-müharibə
travmaları, kimlik böhranı, insan tənhalığı
və sosial psixoloji məqamlar bədii mətnlərin əsasını
təşkil etdi. Sosial şəbəkə üzərindən
yayımlanan ədəbi əsərlər və poeziya
formaları populyarlığını saxladı, müxtəlif
ədəbiyyat təqdimatları, yaradıcılıq gecələri
gənclər arasında ədəbi diskussiyaları
artırdı. Süni intellekt ətrafında müzakirələr
öndə qərarlaşdı, janrların sərhədləri
daha da qarışdı, tənqidlə essenin, bioqrafiyanın
və sosioloji təhlilin sərhədi silinməyə
başladı. “Autofiction” (avto-fantastik) janrı – müəllifin
şəxsi təcrübəni süjetlə birləşdirdiyi
janr aparıcı oldu.
2024-cü il ədəbiyyatda çoxsəsliliyin, mədəni
keçidlərin və daxili dünyaların ili oldu. Azərbaycan
ədəbiyyatı getdikcə qloballaşan, amma eyni zamanda
yerli köklərə söykənən bir istiqamətə
doğru inkişaf edir. Yeni nəslin ədəbiyyata gətirdiyi
dil, forma və üslub yenilikləri bu mənzərənin əsas
rənglərindən biridir. Ötən il ədəbiyyatda
daha çox gənclərin sözü kimi yadda qaldı. Gənc
və orta nəsli təmsil edən yazıçı və
şairlər ard-arda maraqlı bədii mətnlər meydana
qoydular.
Orxan Həsəninin realist üslubda yazılan
"Müharibəni gözləyərkən", Vüqar
Vanın "Hardasa, olardı 13-14 yaşım" adlı
yeni romanları, Həmid Herisçinin "İki səmanın
qartalı" kimi modern və postmodern üslubda yazılan
hekayələri, Təvəkkül Boysunarın “Sonuncu
aşiqlik” adlı hekayələr kitabı şəxsi təcrübələrin
bədii dillə birləşdiyi uğurlu nümunələr
kimi diqqəti cəlb edir.
Yazıçı Sona Vəliyevanın “Qapı sirri”
adlı yeni kitabında müəllifin Qarabağ mövzusunda
yazdığı povest və hekayələr yer alır.
Hüseynbala Mirələmovun “Ağ buludlar üstündə”
povestində məhəbbət motivi önə çəkilir.
Yazıçı-dramaturq Firuz Mustafanın "On pyes"
kitabında müəllifin müxtəlif mövzularda
yazdığı on dram əsəri toplanıb. Zemfira Məhərrəmlinin
ötən il çap olunan “Çox kiçikdir bu dünya”
kitabında otuz illik bir dönəmin yaşantılarından
tutmuş qələbə reallığına, pandemiya çətinliklərindən
tutmuş ailə-məişət zəminində problem ola biləcək
nüanslara vurğu salınır.
Bütün bunlar əslində, müstəqillik
dövrünün Azərbaycan modelidir! İtkiləri və
qazancları, faciələri və zəfərləri ilə
birlikdə! Hər şey onun obrazına müvafiqdir. 90-cı
illərin xaotik proseslərindən yol alan hər şey
2024-cü ildə belə bu obrazın – Azərbaycan
obrazının mürəkkəbliyində qapanır,
qatılaşır, nəhayət, zəfərlə
çıxdığımız reallıqda artıq yeni məcraya
qovuşur, başqa səmti, başqa ovqatı nişan verir.
Poeziyamızda da diqqət çəkən yeni kitablar
oldu. Ötən il şair Vaqif
Bayatlı Odərin “Türkün şərəfli oğlu”,
“Göyüzünə yazılanlar”, “Göyüzüylə
söhbətlər” və “Biblioqrafiya” kitabları tam şəkildə
hazırlanaraq şair Fərid Hüseynin tərtibat və
redaktorluğu ilə işıq üzü gördü.
Şair, yazıçı Rasim Qaracanın “Yepyeni
şeirlər” adlı kitabı çap olundu. Sözügedən
kitabda müəllifin son iki ildə qələmə
aldığı şeirləri toplanılıb. Qeyd edək
ki, 80 səhifəlik şeirlər toplusundakı
illüstrasiyalar Rasim Qaracanın özü tərəfindən
ərsəyə gətirilib.
Digər şair Qulu Ağsəsin ötən ildə
çap olunan və haqqında çox yazılan “Görsən
üşüyürsən…” adlı şeirlər kitabında
şairin işğala, müharibələrə,
haqsızlığa və ədalətsizliyə qarşı
üsyankar poetik düşüncələri öndə qərarlaşıb.
Ulucay Akifin “Adını unutduğum qadınlar”,
İntiqam Yaşarın "Adını çəkirəm"
adlı yeni şeir
kitablarında yer alan yeni və köhnə şeirlərin
mövzu çaları dəyişməzdir: fəlsəfi, vətənpərvərlik,
sevgi və tənhalıq mövzuları!
Ötən il haqqında çox danışılan
kitablardan biri Xalq yazıçısı, akademik Kamal Abdulla və
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin
dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin
qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə
tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və
nitq-dil” adlı kitabı oldu. “Sim-Sim” nəşriyyatında
işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq
nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti
olan dilə-nitqə tətbiq edilir. Qeyri-səlis məntiqin
sosial elmlərə geniş şəkildə tətbiq
olunmasının vacibliyini önə çəkən bu kitab
Azərbaycan dilçiliyində məntiq və dil
arasındakı əlaqələrin təhlilində yeni
istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin
elmi yaradıcılığının zirvəsi olaraq gələcək
tədqiqatlar üçün zəmin yaradır.
Ötən il həmçinin professor Niyazi Mehdinin Xalq
yazıçısı, akademik Kamal Abdullanın
yaradıcılığına həsr etdiyi “Kamal Abdullanın
diskursları... Bildirdiklərindən bilinənlərə”
adlı kitabı çap olunub.Kamal Abdullanın son 30 ildə
qələmə aldığı elmi-bədii əsərləri
haqqında olan məqalə və şərhlərini fərqli
üslub və rakursda incələyən Niyazi Mehdi öz ədəbiyyatşünaslıq
təlimləri ilə yazıçının obrazını
əxz və dərk etməyə imkan yaradır.
2024-cü ilin maraqlı nəşrlərindən olan
Qismət Rüstəmovun "Güzgülü pərdə"
adlı yeni kitabında müəllifin kino sənəti ilə
bağlı yazdığı esselər yer alıb. Ədəbiyyat
və sənətin birgə dialoqundan yaranmış bu
nümunələrdə arxa fonu təşkil edən ictimai-fəlsəfi, ədəbi-estetik,
tarixi-mədəni durumu da görmək çətin olmur.
Əslində, müəllif uzaq səmtlərdən boylanıb
oxucuya bu bilik və mənzərəni ötürməyə
çalışır.
Ötən il şair, yazıçı Rəşad
Məcidin 60 illik yubileyinə həsr olunmuş “Ağ adam”
adlı yeni kitab işıq üzü gördü. Akademik
İsa Həbibbəylinin “Vətəndaşlıq və
professionallıq nümunəsi” adlı giriş məqaləsi
ilə açılan kitabda bir çox qələm
adamlarının yazıları yer alıb. Rəşad Məcid
haqqında ötən il daha bir kitabı yazıçı,
publisistlər Şahanə Müşfiq və Şəfa Vəli
hasilə gətirdi. “Qələmli və qələmsiz” Rəşad
Məcid portreti” adlı kitabda Rəşad Məcidin
yaradıcılığı və şəxsiyyəti haqda
müxtəlif yönlərdən yanaşmalar meydana qoyulur.
Şair İlham Qəhrəmanın “Laçın lətifələri”
və “Dəyirmanın su dərdi” kitabları da ötən
il çap olunan nəşrlər sırasındadır.
“Laçın lətifələri”nin bu dəfəki nəşri
Laçın şəhərinin 100 illiyinə həsr
olunub.Kitabda qaçqın-köçkün həyatı
yaşamış Laçın camaatından müəllifin
topladığı orijinal lətifələrlə
yanaşı, Molla Nəsrəddin kimi xalq arasında məşhur
gülüş qəhrəmanı ilə bağlı indiyədək
heç bir yerdə çap olunmamış lətifələr
də yer alıb. Bundan əvvəl “Laçın folkloru” və
“Laçın lətifələri” kitablarında yer alan lətifələr
bu kitabda bir daha toplayıcı tərəfindən
yoxlanılıb və bədii cəhətdən zəif,
estetik baxımdan məqbul olmayan bəzi lətifələr və
gülməcələr yeniləri ilə əvəzlənib.
“Dəyirmanın su dərdi” kitabı şairin poeziya
sahəsində oxucularla on birinci görüşüdür.
Kitabda İlham Qəhrəmanın son illərdə qələmə
aldığı 275 bayatısı toplanıb.
Bayatıların mövzusu əsasən sevgidən,
ömür yolundan və Qarabağ müharibəsindən bəhs
edir.
Ötən il yazıçı Azad Qaradərəlinin
əsərlərinin beşinci cildi çapdan
çıxdı. Külliyyatın bu cildinə ədibin bir
roman və bir neçə hekayəsi daxil edilib. Qeyd edək ki, ötən il Azad
Qaradərəlinin özünün həyat və
yaradıcılıq yolu ilə bağlı yeni kitab da
çap olundu. “Azad Qaradərəlinin söz aləmi” adlı
608 səhifəlik məqalələr toplusunda müəllifin
dostlarının, tələbələrinin, qələm
dostlarının fikirləri, kitab təqdimatlarını,
Türkiyə səfərlərini əks etdirən
fotolar-şəkillər də dərc olunub.
Bütün bu faktlarla yanaşı, 2024-cü il əsasən,
nəsrimizdə maraqlı hekayə və hekayə
kitablarının nəşri ili kimi yadda qaldı.
Anarın “Qatardan qalan adam”,
Şərif Ağayarın “Qayıdış”, Həmid
Herisçinin “Quşqovanlar diriləndə”, Mübariz Örənin
“Çinar yazıları”, Nərmin Kamalın
“Qarovulçunun oğlu”, Təranə Vahidin “Gümüş
durnalar”, Mahirə Nağıqızının “Mənim
çəkmələrim”, İmamverdi İsmayılovun
“Bayquş və qarovulçu”, İlham Əzizin “Krossvord”, Həmid
Piriyevin "Qarışqanın ruzisi", Samirə
Əşrəfin “Divanın altı”, Əli Novruzovun “Sonuncu
barista”, Alpay Azərin “Bubu və qatar”, “Məhkəməsiz”,
Ulucay Akifin “Piterə həmişə qar yağır”, “Nərgiz”,
Nizami Hüseynovun “Ağ nar”, Orxan Saffarinin “Əjdər”, Orxan
Həsəninin “Anka”, Tural Turanın “Xalça oğrusu”,
Nihat Pirin “Ad günü”, Furqanın “Gürcü” hekayələrinin
bir qisminin ötən il “Kulis.az” saytında müzakirəsi təşkil
olundu, bir qismi haqqında isə “Ədəbiyyat qəzeti”ndə
il boyu Nizami Cəfərov, Cavanşir Yusifli, Mətanət
Vahid, Ülvi Babasoy, Elnarə Qaragözova, Təvəkkül
Boysunarın məqalələri işıq üzü
gördü. Yazıçı Azad Qaradərəlinin
2023-cü ildə “Ədəbiyyat qəzeti”ndə İkinci
Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə
Baxışovanın xatirəsinə həsr etdiyi “Sevgilim vətən”
povestindən parçalar işıq üzü
görmüşdüsə, 2024-cü ildə “Savaşın
qara və ağ üzü” başlığı ilə təqdim
etdiyi “İki yaşlı qəhrəman”, “Kəşfiyyatçnın
bir gecəsi”, “Bizi köçürdürlər” və
“Əsgər çəkmələri” adlı silsilə hekayələri
oxucuların ixtiyarına verildi. Yaxşıdır ki, Azad Qaradərəli
Qarabağ mövzusunu yaradıcılığının
aparıcı xəttinə çevirib. Çünki bizim Zəfərimizlə
bağlı özümüzə və dünyaya deyəcək
sözümüz var. Bunu siyasət meydanında beş ildir
ki, demişik. Yazıçıların əli ilə
yazılacaq Ədəbiyyatın sözü isə hələ
ki, öz zamanını gözləyir. Əlbəttə, deyə
bilərik ki, bədii mətn sifarişlə yazılmır,
bu, bir iç yaşantısıdır. Məsələ də
bundadır ki, bu mövzu iç yaşantısına niyə
çevrilə bilmir, fərdin ağrısı, insan amili
kontekstində niyə meydana qoyulmur?!. Hələlik
qayıdışla bağlı ən yaxşı mətn
Şərif Ağayarın “Qayıdış” hekayəsidir.
Bu hekayə müharibə haqqında yeni elegiyadır. Azad
edilmiş yurd yerlərinə qayıdan, viran qoyulmuş evlərinin
xarabalıqları içərisində gəzib dolaşan,
orda öz keçmişini – uşaqlığını,
yaddaşını, gülüşünü axtaran
insanın yaşadığı sarsıntıların bədii
poetik əksidir:
“Doğrudan, getmək istəyirdimmi kəndimizə?
Bilmirdim ki! İstəyib-istəyib yorulmuş, usanmış,
hətta qocalmışdım. Bu istək biri-birindən
ağır keçən günlərin, ayların, illərin
altında qalıb əzilmişdi, indi
çapalaya-çapalaya üzə çıxa biləcəkdimi?"
Bu hekayədə Şərifin nəsri artıq
birbaşa varlıq fəlsəfəsi, dərk olunmuş bədii
şüur, bədii düşüncə səviyyəsindədir.
Problematikanı da məhz çağımızı
düşündürən müharibə, qayıdış
və insan məsələlərindən götürür.
Yeni reallıqlar, yeni ictimai-siyasi proseslərlə əhatələnən
insan və onun mənəvi durumu, təbəddülatları
varlığından necə keçirməsi,
sarsıntılarını necə adlaması və s.
“Qayıdış” Şərifin digər mətnləri
ilə qurulan “bağ”dır. Amma müəllifin digər əsərlərindən
xəbərsiz oxucu belə bu hekayəni məhz struktur və
ondan doğan təəssürat bütövlüyünə
görə yeni bir mətn kimi oxuyacaq. Və düşünəcək.
Bəli, qayıdış elə də asan olmayacaq! Bəs necə
olacaq? Bəlkə də Şərifin yeni nəsri, ümumiyyətlə,
ən yeni nəsrimiz məhz bu sualı cavablandırmaq
imkanlarından doğulacaq. Amma qayıdışımıza
yol açmış Zəfərimizi də bədii təcəssüm
predmetinə çevirməklə! Niyə də yox?!
Şuşanın alınması faktının özü bir
romandırsa, bunun ədəbiyyatlaşması mütləq əksini
tapmalıdır. Əhməd Cavad misali:
Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!
Biz də gözləyirik!
Növbəti ilin ədəbi yekunlarında Zəfərimizə
layiq yazılan Sözümüzdən bəhs etmək
ümidi ilə!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.8-11.