Ədəbi ilin
yekunları 2024: nəsr
Sözügedən il ərzində Azərbaycan bədii
nəsri haqqında nə demək olar? Sualla başlamaq təsadüfi
deyil: doğrudanmı, bir il ərzində nəsrimizdə
böyük təbəddülatlar baş verib?
Qızğın müzakirələr, polemik məqamlar,
zövqlərin baş-başa gəlməsi və sair... Bu məqamlara baxıb mənzərəni
aydınlaşdırmaq olar.
İkinci müəyyənləşdirici cəhət
bədii mətnlərin keyfiyyəti ilə bağlıdır.
Deyəcəksiniz ki, əsas da elə budur. Ancaq keyfiyyət, bədii-estetik
dəyər aşağı olmayanda polemika qızışa
bilər. Yeni şeylər həmişə mübahisələrlə
müşayiət olunur. Bir il ərzində bu kimi əsərlər
olubmu? Bunu birbaşa demək çətindir. Həm də nəsrin
“hərəkəti” elədir ki, sözügedən dəyər
illərlə aşkarlanır. Ona görə də məruzədə
biz təkcə konkret illə məhdudlaşmayacayıq.
Mən həmişə gənc ədiblərin
yaradıcılığına üstünlük vermişəm,
indi də o ənənəni davam etdirmək istərdim.
Əli Zərbəlinin “Hər şey dəyişəndə”
kitabı. Orxan Həsəninin “Anka” hekayəsi və iki
romanı – “Və dalğalandı yaddaş zəmisi” və
“Müharibəni gözlərkən”... Vüqar Vanın
“Hardasa, olardı 13-14 yaşım”, Ulucay Akifin hekayə və
şeirləri, Səddam Laçının şeir kitabı
və bir neçə hekayəsi, Orxan Cuvarlının hekayələri...
Daha sonra Şərif Ağayarın, Mübariz Örənin,
Şəhriyar Del Geraninin, Ömər Xəyyamın hekayələri...
Konkret ili unudaraq seçdiyimiz mətnlərin bizim ədəbi
proses üçün önəm daşıyacaq cəhətlərindən
bəhs etməyə çalışacağıq.
Anarın, Elçinin hekayələri. Anarın “Qatardan
qalan adam” hekayəsi haqqında yazmışıq və bu
hekayənin “danışdığı” mətləblər
usta şəkildə işlənib.
Professional yazıçı Elçinin mətnlərində,
fikrimizcə, bir yorğunluq hiss olunur, “yazmaq xətrinə
yazmaq” təəssüratı uzaqdan adamın üzünə
vurur. Bir də dərs keçmək niyyəti ilə təcrübəli
tənqidçinin nəzəri bazasız tənqidi-ədəbiyyatşünaslıq
yazıları yorur, yorğunluq yaradır...
Son zamanlar süni intellektin geniş intişarı, ən
müxtəlif şəbəkə və kəsiklərdə
real olanı, gerçək olanı əvəz etməsi
hallarına rastlanır. Süni intellekt tam olaraq elm faktoru olsa
da, kompüter möcüzəsi olsa da, əslində və
daha çox siyasət çubuğudur. Süni intellektdə
realla reallığı arzulanan nəsnələr
qarşılaşdırılır və məqsəd
gerçəkliyin unutdurulmasıdır. Bununla bağlı
filmlər də mövcuddur. Əslində həyatda olmayan bir
şeyi – sənin də iştirak etdiyin ən dəhşətli
bir olaydan bədii əsər, kino lenti quraşdırmaqla elə
bir inandırıcılıq effekti yaratmaq olar ki, yer yerindən
oynar. Türkiyə Prezidenti Ərdoğanın el şairi
Sücaətdən şeir deməsi. Süni intellekt əslində
heç nəyi uydurmur, Ərdoğanın siyasi leksikonunda
şeir məsələsi daim gündəlikdə
olduğundan, şeirləri siyasi-ideoloji məqsəd və
mesaj ötürmək üçün dediyindən mahiyyətcə
Sücaətdən də şeir deyə bilər. Süni
intellekt şeir deyən adamın intonasiyasını ideal
şəkildə təqlid edir.
Yəni, süni intellekt bədii ədəbiyyatın, ən
irəli post-modern ədəbiyyatın texnologiyasına sürətlə
yiyələnir, bir azdan ədəbiyyatda bu kimi nəsr əsərlərinin
yazılması aktual olmaya da bilər. Süni intellekt hər
şeyi sürətlə əvəz edir. Nəsrdə,
fikrimizcə, auto-fiction janrı bu baxımdan gündəliyə
gəlir. Bu janrda real olanda fantaziya qəribə şəkildə
qaynayıb qovuşur. Vüqar Vanın “Hardasa, olardı 13-14
yaşım” romanı məhz belə bir ehtiyacdan yaranıb.
Roman boyu bütün obrazların üstündə, yan-yörəsində
bir fotoqraf cihazı var, görünür və dərhal yoxa
çıxır. Bu cihaz uşaq gözləridir, ən
müxtəlif situasiyalarda hadisələrin axarında önəmli
bir detala “sancılır” və roman təhkiyəsində “fləş-yaddaş”a
çevrilir. Janr üçün önəmli olan məqamlardan
biri məhz budur. Hər yerdə, xüsusən, Ərdəbildə
gəzərkən bütün danışıqların, seyr
edilən mənzərələrin içindən nələrsə
seçilir, onların məhz uyğun olmayan tərəfləri
qarşı-qarşıya gətirilir və belə bir
ağrılı nöqtəni döyəcləyir: ola bilər
ki, haçansa bu gördüklərimiz silinib yox ola bilər,
çünki biz sürətli bir axının – dəyişmənin
içindəyik. Kommunikasiya texnologiyasının həniri
üzümüzə vurduğu dönəmdə bunun
gerçəkləşməsi çox asan və olası bir
məsələdir. Hər şey silinsə də, insanın
ruhunu və beynini, düşüncələrini və alt
şüurunu birləşdirən gözlərin “çəkdiyi”
məqamlar özünü bərpa edə bilər. Bu
“texnika”nın bir önəmli üstünlüyü də
var ki, fləş-yaddaş özündən əvvəlki
hadisələr haqqında da semiotik xəritə yarada bilmək
gücünə malikdir.
Rəşad Səfərin “Keçilərin nəğməsi”
romanı haqqında. Bu roman 2024-cü ilin məhsulu olmasa da,
haqqında danışmaq, fikrimizcə, yuxarıda
vurğuladığımız səbəbdən vacibdir. Bu
barədə danışmazdan əvvəl belə bir arqumenti
dilə gətirək: bizdə roman bumu özü ilə
çətinliklərlə bərabər müəyyən
üstün nəsnələri də qalıcı etdi. Nəsr
təfəkkürü sırf sosial mövzuların
içində itib-batmaqdan xilas olmaq yoluna qədəm qoydu. Rəşadın
romanı roman sənətində irəli atılmış, həm
də cəsarətlə irəli atılmış yeni
söz sayıla biləcək gücə malikdirmi? Yaxud:
heç bir tənqidə tab gətirməyən çox zəif
bir romandır? Bunu təhlillərlə təsdiq etmək olar.
Bu suala ətraflı və dəqiq cavab verə bilmək
üçün romandakı gerçəkliyin (bədii,
fiktiv gerçəkliyin) tipini müəyyənləşdirmək
lazımdır. Diqqətli oxu zamanı fikir haçalanır,
romandakı hadisələrin nüvəsində ani, mikroskopik
çevrilmələr yatırsa da (bu fikir İlham Əzizin
roman haqqında yazdığı qeydlərdə də var), əsas
məsələ sürrealist gerçəklik məsələsidir.
Ayrı-ayrı “nəğmələr”in bir-birlərinə və
“xəyali” bütövə münasibəti haqqında nə
demək mümkündür? Hər şey nəql edilir və
yoxa çıxır. Süjetin irəli-geri hərəkətində
hər şey nə qədər məqsədlidirsə, bir o qədər
də məqsədsizdir. Oxu irəlilədikcə
oxuduqların sürətlə unudulur, hər şey
keçici və epizodikdir, təkcə bir şey ekrana “sıçrayır”:
daim əllərinin içi tərləyən qəhrəman
ölüm qorxusu altında bütün xatirələrini tez
bir zamanda qələmə almaq istəyinə (mərəzinə
– !) tutulub. Yaddaqalan hərəkətin diktə etdiyi mahiyyət
səciyyəli nəsnələr yox, sadəcə,
“qabıq”dır, məsələn, saatsaz obrazı, oğlu
dünyaya gələnədək ona gətirilən
saatları zay edən, saatları sökən, o sfer və
sıfırblatların içində itib-batan adam, daha sonra
gerçək həyatdan mənzərələr: qəhrəmanın
xalası, evini çinlilərə kirayə verir, ekstrasenslik
xidməti göstərir, elə qəhrəmanın
hüzurunda üç adamdan birini türmədən
çıxarması... və
sair və ilaxır... Xətti süjetin alt yapısı yoxdu,
buna görə bədii mətn də yoxdur...
“İndi üstündən iki ildən artıq vaxt
keçib. Görünüşü hələ də
gözümün qabağındadır: bəzən
ağrıdan, bəzənsə əsaya söykəndiyindən
əyilmiş görünsə də, uca qaməti, xırda,
qıvrım, ağ saçları, yuxusuzluqdan daim şiş
gözləri, iri dodaqları, iri və bol damarlı əlləri,
gur səsi... Qapıdan son dəfə
çıxdığı, daha doğrusu,
çıxarıldığı gün artıq
üçüncü dəfə təkrarlayıb “dəftər
əmanəti” deməsinə rəğmən, xeyli müddət
qərar verə bilmədim. Necə, hansı formada, nə
zaman yazım onun hekayəsini? Yazmalıyammı? Mənim o məkana
gedişimin məqsədi başqa idi. Öz qorxularımın
ucbatından tələsik qərarlar vermişdim, hafizəmin
ağzını dalana tutub dördnala çapmaq istəyirdim.
Sonda dalana dirəndi dirənməyinə, amma bu, yalnız
öz kasıblığım ucbatından deyil, yoldaş
müstəntiqin də müdaxiləsi ilə baş verdi. Elə
bir an gəldi ki, daim özümün deyil, onun dirijor
çubuğuna uymağa başladım...” Romanın qəhrəmanı
bütün ona mane olan, yazmağa, düşünməyə
qoymayan əngəllərdən xilas olmaq üçün
dayısının aracılığı ilə şəhərdən
uzaq yerdə ev tutur və bir neçə gün yazı
işinə köklənməyə çalışır və
yazır da... Amma evin yiyəsi, qonşuluqda yaşayan
keçmiş müstəntiq və onun danışdığı
hekayələr gənc yazıçının yazmaq istədiklərini
üstələyir, reallıq fantaziyaya, təxəyyülə
qalib gəlir, yazıçı qələmi yerə qoyub cənab
müstəntiqi dinləyir. Çox əcaib və qorxulu,
çox inanılmaz və sirli hadisələr baş verir.
Harda? Qəhrəmanın şüuraltıyla dərk etdiyi məqamlarda.
Dəhşətin, qara-qorxunun gözü
açılar-açılmaz, ilk baxışda yazıdan
üstün sürreal gerçəklik
yaranıbformalaşır. Bu əhvalat əlbəttə ki,
Karpentyerin sözləri ilə desək, “yüzlərlə səhifəni
dolduran fəryaddır” – səssiz, içə çəkiləndə
oranı dağıdan fəryad. Onu sözə çevirmək,
nəsr dilində yazmaq çətindir. Yazmaq
üçün ən müxtəlif, zahirən və
doğrudan da, bir-birinə zidd olan nəsnələrin
uyuşması, uc-uca gətirilməsi, başqa sözlə, mətndə
güclü dramaturji ortam yaradılmasına ehtiyac var. Fikrimizcə,
Rəşad bu işin öhdəsindən müəyyən dərəcədə
gəlib. Qüsurlu sayıla biləcək səhifələr
və gedişlər də var. Bəzən işıq selində,
bu selin proyeksiyasında proporsiya düzgün hesablanmır. Bəzi
hissələr arxada qalanları unutdurur və bağ itir. Bədii
ədəbiyyat, nəsr dünyası əyləncə aləmidir,
detektivin, detektiv elementlərinin səhifələrə, bədii
mətnin ruhuna dolması da təsadüfi deyildir. Ancaq burda
proporsiya gözlənilməlidir. Çünki mahiyyəti
ifadə edən ciddilik pozular və oxucu onu duymaz. Karpentyerin
dediyi kimi: “İncildən gəlmə ehkamlar tonunda indi
oxuyacağınız sözləri demək istərdim: əylənmək
üçün roman yazırsansa, yandır onu! Çünki
sən onu yandırmasan, zamanın sürəti və gərdişi
onu məhv edəcək, onunla
birgə sən də istənilən şair, yaxud
romançının əbədi qalmaq istədiyi xalqın
yaddaşından silinəcəksən. Keçmişdə nə
qədər əyləncə ruhlu roman yazılıb! Eləcə
də bütün dövrlərdə. İndi kim onları
xatırlayır?”
Orxan Həsəninin hekayələri və yuxarıda
adlarını zikr etdiyimiz iki romanı. Orxan ən istedadlı
gənc nasirlərdəndir. Onun yazı üslubunda iki cəhəti
müşahidə etmişik. “Qırmızı ayaqqabılar”
və “Anka” tipli mətnlər doğrudan, çox gözəldir,
təkcə dilinə, mövzunun işlənməsinə
görə yox, həm də məxsusi, ancaq Orxana xas deyim tərzinin
olmasına görə. Orxanın mətnlərində həm də
Heminqueyin “mətnaltı” prinsipinə uyar bir nəsnə var,
üst qatdakı sakitlik, sürətin sanki qəsdən
azaldılması, altda cücərən
pıçıltıları tətikləyir və bu
“disharmoniya” mətləbin tam gücüylə ifadəsi ilə
nəticələnir. Məhz bunun sayəsində bu mətnlərdə
Orxan sözü kədərə, kədəri sözə
çevirə bilir. Dialoqlar gözəldir, mətnlərin
daxili intonasiyası, ab-havası, gerçəkliyə
münasibətdə üfüqi və şaquli
çarpazlaşmalar... hekayənin ideyasını bir sıra
prizmalardan görsədə bilir. İkinci tip mətnlərdə
Orxan avanqarda qaçır, mətndə, təhkiyə
axınında mürəkkəb gedişlər qurur və zəif
görüntülərlə yadda qalır.
Orxanın romanları – “Və dalğalandı
yaddaş zəmisi” və “Müharibəni gözləyərkən”
nə qədər qatmaqarışıq hadisələrdən,
döngələrdən bəhs etsə də, sakit təhkiyəsi
ilə diqqəti çəkir. Orxan Həsəninin təhkiyəsi
sakitlikdə axışı xoşlayır, mətnin daxilini hərəkətə
gətirən dramaturgiya onda dərinlərdə cərəyan
edir, üst qatda, nəfəs tıncıxmasına bərabər
tutula bilən qəfil və təsadüfi gedişlər onun
mətnlərinə yaddır. Bu iki romanda da ən
intriqalı, daxili narazılıq və
barışmazlığı ifadə edən situasiyalar da
sakit tərzdə göstərilir. Bunun üçün
Orxanın yiyələndiyi üsullar şəbəkəsi
var, hər halda biz belə hiss edirik. “Müharibəni gözlərkən”
birinci romanın qəhrəmanlarının tələbə
həyatından sonrakı illəri – əsgərlik həyatını
əks etdirir. Hava buludlu, atmosfer gərgindir. Orxan hər bir səhnəni
sakit tonda, ancaq incəliyinə qədər təsvir edir.
İkinci roman Universitet yoldaşının, həlak olmuş
dostun gündəliyi əsasında yazılır.
Hədiyyə Şəfaqətin “Uzaq adamlar” romanı
da müəllif üçün bu ilin uğurlarından
sayıla bilər.
Daha sonra Azad Qaradərəlinin seçilmiş əsərlərindən,
Aslan Quliyevin, Nəriman Əbdürrəhmanlının bədii
mətnlərindən bəhs etmək olar. Azadın ard-arda
yazdığı romanlar, hekayə və povestlər ədəbi
prosesdə müəyyən mövqeyə malikdir. Aslan
Quliyevin romanları ilə bərabər dünya ədəbiyyatından
etdiyi tərcümələr maraqlıdır. Nəriman hər
bir romanını yazdığı zaman ilk işi kimi arxivlərdə
işləməyi, təxəyyülündəki faktları
sənədləşdirməyi sevir. Hadisəni
yerli-yataqlı öyrəndikdən sonra onlarla yazı
manerasının icazə verdiyi şəkildə, sərbəst
davranır və konseptual layihə hazırlayır. Nərimanın yazdığı
roman, yaratdığı bədii mətn qəhrəmanın,
yaxud tarixi hadisənin varoluş ehtimallarından biri kimi səslənir
və insan taleyinin gizli, yalnız yazıçı təxəyyülü
ilə işıqlana bilən sahəsi kimi yaddaşda iz
buraxır. Onun “Qurban” romanı bu silsilədəndir.
Elçin Hüseynbəylinin “Gültəkin xaqan”
romanı. Roman V-VIII əsr Göytürk
Xaqanlığının tarixindən və onun ən böyük
sərkərdəsi sayılan Gültəkinin
döyüşlərindən bəhs edir.
İlham Əzizin “Şimşəkdən sonra” hekayələr
kitabı və bundan sonra maraqla qarşılanan bir neçə
hekayəsi.
Samirə Əşrəfin hekayələr kitabı və
“Divanın altı” hekayəsi. Samirə nəsr mətnlərində
müharibə ovqatını, müharibənin səbəb
olduğu mənəvi dağıntıları ustalıqla təsvir
edir.
Yaxınlarda Samirə Əşrəfin “Divanın
altı” hekayəsi Kulis.az saytında müzakirə olundu.
Müəyyən rəylər ixtisaslı tənqid
anlamına gəlirdi. Bədii mətni araşdıra bilmək
müəllifə və müəlliflərə çox
şey verir. Sual olunur: “Divanın altı” hekayəsini onun uzun
müddətdən sonra daha bir uğuru hesab etmək
olarmı? Hər halda hekayə, bədii mətn bir daha, bir
daha oxunmağı tələb edir. Və artıq bu bir məziyyətdir
– mətnin oxunmaq, incələnmək tələbi ciddi mətləblərdən
ən birincisidir. Vaxt var idi, müəllif hekayəsini
adlı-sanlı bir redaktora verib onu
“yaxşılaşdırmaq” istəyirdi və elə güman
edilirdi, bu komponent – dil mətnin
ən azından səksən faiz uğuru deməkdir. Ancaq
unudulurdu ki, həmin komponent – dil elə yazı prosesində yaranır. Başqası gəlib sənin
yaratdığın cismə can verə bilməz. İndi bu təsəvvür
arxada qalıb.
Nəsr mətni, ümumən bədii mətnin
bütün komponentlərinin ideal gözəllikdə,
düzümdə olduğu bir aləm deyildir, əksinə,
burda həmişə “işıqla
qaranlığın/kölgənin” dilləşməsi gedir.
Samirənin hekayəsində hər şey qaranlıq, gözlə
zəif görünən bir məkandan gün üzünə
çıxır və ora əl çatmır, istədiyin
şeyi nəyinsə “uzantısı”yla çıxara bilərsən.
Samirə nə yazırsa, uşaqlığının,
yeniyetmə çağlarının yaraları olan illərə,
o illərin alt qatlarına gedir. Məlum olur ki, divanın
altı da elə nələrinsə altıdır. Ordan
çıxmaq, ordan, o sehrli hənirlərdən qurtulmaq
mümkün deyildir. Samirə bədii detal ustasıdır. Hər
yazısını qəfil ağlına gələn detal üzərində qurmağı və
kəşf etdiyi ərazini genişləndirməyi bacarır.
Etimad Başkeçidin “Min yol mənə söylər”
romanı ötən illərdə nəşr edilib. Nəşr
ediləndən bəri haqqında heç nə deyilməyib,
üstündən sükutla keçilib, halbuki Etimadın
romanı haqqında danışmağa dəyər. “Min yol mənə
söylər” struktur etibarı ilə mürəkkəb və
qəliz olmasa da, keçən əsrin 90-cı illərinin kəsif
mühitini, siyasi baxımdan bulaşıq dönəmini təsvir
edir, bu təsvir həm də insanların daxilindən “çəkilir”.
Nəhəng kənd boyda bir şəhərdə oxuduğu
universitetdə iş tapıb dolanışıq qurmaq arzusu ilə
qiyabiyə keçən, buna görə bir aydan sonra
yataqxanadan çıxarılan, söz verilən iş imkanı
dəhşətli bir qəza nəticəsində yoxa
çıxan gənc (Edik) çox pis vəziyyətə
düşür, hər şey, dünya, insan, tale, həyatın
mənası və sair cizgilərlə bağlı hər
şey bu ifrat gərgin auradan göstərilir. Aclıq çəkdiyi,
ehtiyac ucundan kitablarını
bukinist dükanına satmaq istəyən adamın
yaşantıları (burda da fləş-yaddaş metodu işə
düşür...) bir sıra mətləblərin üzərinə
işıq sala bilir. “Sükut insanı təzədən
dünyaya gətirir”, – ağır məhrumiyyətlərdən
keçmiş personajın bu təsbiti romanın bütün
pasajları arasında bağ qurur.
Şərif Ağayarın bu il “Rəng mühəndisi”
romanı nəşr olunub və Libraff-da təqdimatı
keçirilib. Roman haqqında başqa bir təsadüfdə
danışmaq olar, indi onun ilk qələm təcrübələrindən
damcı-damcı yaranıb formalaşan tərzdə qələmə
aldığı “Yaz intizarı” hekayəsindən bəhs edək.
Bir məqamı ötürməyək, bizdə bir neçə
nasir var, üslub, yazı tərzi, yəni sanki hazır şəkildə
yiyələndiyi üslub dəyişmir, təzə-tər
qalır, oxuduqca bezmirsən, bu üslub elə bir magiyaya
malikdir ki, hər təsadüfdə yeni çalarlar bəxş
edir. Bu sıraya Fəxri Uğurlu və Mübariz Örəni
də aid etmək olar. Fəxri, fikrimizcə, bir balaca fərqlənir.
Onun mətnləri konseptual əsaslar üzərində gəlir.
“Tanrı dağları” silsiləsi və dünya ədəbiyyatını
yaradan əsər və hadisələr haqqında oçerkləri
misilsizdir.
Şərifin “Yaz intizarı” hekayəsində
intuisiyanın, uşaq qəlbi ilə dünyanı
duymanın incəlikləri, uşağın atlarla
bağlı özlüyündə elədiyi kəşflər,
dünyanı qavraması, bu unikal, ürəyə məhrəm
duyğularla girib orda sevgi dolu səslər yaradan, bu dünyada
təkcə uşaqların hiss etdiyi nəsnələr hekayədə
rəsm olunub. Alaşanın qayıtmasını ürəkdən
istədiyindən müqəddəs sayılan bulağın
suyunu içməzdən qabaq onu öpməsi, dua etməsi və
bu arada gözünün ucuyla dünyada cövlan edən
biclikləri də müşahidə etməsi təhkiyəyə
xüsusi təravət verir. Uşağın atasına və
anasına münasibəti, hər şeyi daha çox ürəyində
sorğulaması, anasıyla dayısının Çitadan
qayıtma səhnəsini oynaması, idilliya və onun
hansı sözlərləsə anidən yox olması,
insanlardan fərqli olaraq atların arxadan gələn təhlükəni
dərhal hiss etmələri (görmələri – !) kimi incəliklər
və bu məhrəmlik və paklığı pozmaq
üçün yaranmış söz və hərəkətlərin
araya girməsi hekayənin kompozisiyasında mərtəbəlilik
yaradır.
Mübariz Örənin “Qum adası” hekayəsi,
fikrimizcə, onun yaradıcılığında belə bir
funksiyaya malikdir; ancaq nə mənada? Mübarizin kifayət qədər
“uzun hekayələr”i var, onların əksəriyyəti
haqqında söz deyilib, təqdir, yaxud tənqid edilib.
Haqlı, yaxud haqsız. Ancaq “Qum adası” o hekayələrdən
fərqlənir, zahirən yox, daxili enerjisi etibarı ilə. Təhkiyə
Mübarizin bütün hekayələrində bizə
tanış olan təhkiyədir, heç bir dəyişiklik
yoxdur, digər hekayələrində olduğu kimi, bu mətndə
də “kənardan eşidilən” səs aparıcı rol
oynayır. İndicə baş verəcək, yaxud cərəyan
etməkdə olan hadisə haqqında kimsə kadr
arxasından danışır. Bu hekayəni digərlərindən
fərqləndirən, onu “adiləşdirən”, yəni fərqi
ört-basdır edən hansı keyfiyyətdir?
Həmid Piriyevin “Kadrarxası hekayələr” silsiləsi
var. Onlardan biri – “Qafqaz rəqqası” haqqında
danışmaq olar. Bu hekayələr fərqlidir, məqsəd
keçmişdən bu günə mədəniyyətin bu
günü yaradan hüceyrə, parça və
toxumalarını nişan verib göstərməkdir. Hekayədə
qəhrəmanın kənddən şəhərə gəlib
sirkdə işə düzəlməsi, atlara qulluq etməsi,
hər gün sirk səhnəsində oyun çıxaran rus
qızlarının məşqlərinə baxması, bu
qızların ona ümumən məhəl qoymaması, ancaq
günlərin bir günü tövlədə rəqs edərkən
sirk işçilərindən birinin onu görməsi, rəqsini
nömrə kimi proqrama salması taleyini dəyişdirir. Kirədə
qaldığı evdə hər gün başına gələnləri
həmşərilərə danışması, onların
buna inanmaması, gülüb keçmələri... hələ
bu harasıdır?! Bir gün sirkə sinematoqrafın gəlməsi,
səhnəyə ağ bez çəkib onun da rəqsinin
çəkilməsi adamı dəhşətə gətirir.
Bu kimi “inqilabi” şeyləri ilk dəfə
gördüyündən xəyalı çaşır, nə
edəcəyini bilmir, amma hər gün bir “buğda boyda”
böyüməsi də gecikmir. Fikrimizcə, Azərbaycan
hekayəçiliyində mədəni qatların
açılmasını göstərən bu tipli hekayələrin
xüsusi önəmi var.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.14-15.