Ədəbi tənqid
tezisləri –2024/2025
1. Tənqidin
tənqidi. Hesabat ilinin sonunda ədəbi tənqidin bizim ədəbi
prosesdə missiyasını başa vurması barədə
söhbətlər yenə gündəmə gəldi. Son otuz
ildə neçənci dəfə. Bütün ajiotajla
yanaşı, ədəbiyyatşünas-tənqidçilər
Cavanşir Yusifli, Mətanət Vahid bu barədə faktik
danışdılar. Ki, olmayan şeydən nə
danışasan. Hətta filosof Rahid Ulusel təzəlikcə
(bax: “Tənqidin yaradıcı meydanı getdikcə niyə
daralır?!” – “Ədəbiyyat qəzeti”, 7 mart 2025-ci il),
olmayan “ədəbi tənqid”in olası şərtləri barədə,
necə otuz il əvvələ, reseptlərini böyük bir
şövqlə bir daha ədəbi publikaya sundu. Nə fayda,
məktəblərdə öyrəndiklərimiz gər real
praktikamızda yoxdursa, bunun adına sxolastika demişlər.
Tarix boyu belə olmuşdur.
2.
Real praktikadan, gerçəklərdən gəlmək
lazımdır.Bizdə ədəbi tənqid niyə və nədən
olmasın ki? Çox sadə; 2024/2025-ci ilin ədəbi
prosesləri-faktları-gerçəkləri və ədəbi-tənqidi
praktikasıüzərində müşahidələr bizə
deyir: bugün bizdə ədəbi tənqid məhz ona görə
yoxdur ki, bu missiyanın arxasında durmaq, janrın-sahənin
yükünü boynuna çəkmək istəyən, ədəbi
tənqidə və tənqidçi adına iddia edən kimsə-kimsənəartıq
yoxdur (Necə ki, neçə il öncə Xalq
yazıçısı Elçin “Məsuliyyətimizi nə
üçün janrın boynuna atırıq?” deyə həyəcan
təbili çalırdı - “Ədəbiyyat qəzeti”, 2, 8,
16 mart 2019). İstər fərdi, peşəkar qaydada, istərsə
də hər hansı instansiya-institut-qurum səviyyəsində.
3.
Harada qalmışdıq. İki il öncə “Şuşa
ilində ədəbi tənqid” icmalında bu missiyanın
avtomatik, ya şüurlu, xoş-naxoş üzərində
olduğu klassik ədəbi tənqid korpusu, ədəbi
qurumlar, ədəbiyyatımızın real inkişaf məntiqindən
gələn konsept və tendensiyalar və ayrı-ayrı tənqidçilərin
işi barəsində uzun-uzadı (bax: “Ədəbiyyat qəzeti”,
22 iyul 2023; 20 yanvar 2024) bəhs açmışdıq. Nerədə
bunlar? Nədən heç birisi yükün altına girməyib-girəməyib
gün-gündən daha da sürət götürmüş,
nerəyəsə tələsən ədəbi zəmanəmizin
adekvat analitik mənzərəsini, tənqidini verə bilməyir.
Sual, əlbəttə, ritorikdir; özlüyündə
cavabı da içində (əvvəlki tezisə bax).
4. Tənqid
və ədəbi proses.Praktikaya gələk. Bizdə lap son
zamanlara qədər çağdaş ədəbi prosesin dərki-analitikası,
mənzərəsi-şərhi, gəlişməsi-gəlişdirilməsi...
professional səviyyədə başlıca olaraq Azər Turanın “Ədəbiyyat qəzeti”ndən
keçib-gəlirdi (Bunu mən ilk olaraq “2018-ci il: ədəbi
tənqid refleksləri” icmalında konstatasiya etmiş,
sonrakı illərdə də ardıcıl izləmişəm
– bax: “Tənqid və ədəbi proses-2019 (Şikayət
tezisləri)”; “Yeni Zamana giriş: ədəbi tənqiddə
diskurslar”// T.Əlişanoğlu, Müxbir üzvün qeydləri.
Bakı, “Elm və təhsil”, 2022; “Şuşa ilində ədəbi
tənqid” – 22 iyul 2023, 20 yanvar 2024)İstər ideya-ideoloji, ədəbi-estetik
hərəkət və hərəkatların fiksəsi
baxımından, istərsə də elə ölkənin nəhəng
ədəbiyyat korpusunun bu platformları qəzetdə realizəsinə
görə. Bugünisə bunu demək, çətindir.
Doğrudur,
bugün də ölkə ədəbiyyatının baş
ideoloji xətti, ideya-estetik yöntəmi, hərəkət
istiqamətlərini ədəbi prosesə ilk olaraq məhz
“Ədəbiyyat qəzeti” sızdırır,yansıtmağa
çalışıır: Turan idealı, Azərbaycançılıq
məfkurəsi, modern dünya konteksti...Amma axı ölkə
Prezidentinin çıxışlarından qaynaqlanan, eyni
zamanda ədəbi-mədəni və ictimai-tarixi kontekstin
müəyyən etdiyi həmin oriyentirlərəƏdəbiyyat
özü nə əlavə edir?Azərbaycançılıq-türkçülük
dəyərləri, modern dünya gəlişmələri ədəbiyyatımızın
praktikasında necədir, necə və nədə təzahür
edir, nəyi, niyə, necə qabardır... – bu mənzərəni
nə qəzetdə görə bilir, nə də
analitikasını ədəbi-tənqidi proseslərdən ala
bilirik...
Doğrudur,
qəzetdə yenə də “Ədəbiyyat qəzeti”nin
baş yazarı Azər Turan (...), baş tənqid yazarı,
millət vəkili Elnarə Akimova (...), ardıcıl
köşə yazarı Cavanşir Yusifli (...), silsilələr
yazarı Əsəd Cahangir (...), künc yazarı Rüstəm
Kamal (...) kimi səriştəliqələm sahibləri
mütəmadi tənqid yazıları ilə
çıxış edirlər; hər biri də öz
mövzusu, öz dünyası, öz ampluasında. Elə
çox-çox digər müəlliflər də;
adlı-sanlılar da, sıradan görünənlər də...
Buradaca
Azər Turanın qəzetdəki yazılarından hasilə gəlmiş,
ardıcıl türkçülük mücadiləsini ehtiva
edən irihəcmli “Ulusu sevmək fənni” kitabının
(Bakı, 2025) önəmini vurğulamağı lazım bilirəm...
Qəzetin
səhifələrində yenə də ölkənin baş
yazarı, xalq yazıçısı Anar, xalq
yazıçısı Elçin, xalq şairi S.Rüstəmxanlı,
qocaman şair Məmməd İsmayıl müxtəlif
aktual-tematik mövqelərdən çıxışlar edir,
gündəm temalarına yerindəcə reaksiya verirlər.
Yenə də Ədəbiyyat klassikasına dair qəzetdəakademik
İsa Həbibbəylinin (...),“Kitabi-Dədə Qorqud” və
qeyri-səlis məntiq konusunda akademik Kamal Abdullanın (...),
Dil tarixi və ontologiyasına dair akademik Nizami Cəfərovun
(...)yeni-yeni yazılarını oxuyuruq. Qəzet son
intensivliyində daha bir “dil bazarçası”
açmış; dilçilik professoru Nadir Məmmədlinin
müxtəlif Dil problematikasına eyni maarifləndirici
missiyadan müdaxiləsi (...) heyrətamiz və diqqətəşayandır...
Yenə
də Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə,
Qəzənfər Paşayev, Asif Rüstəmli, Vaqif Yusifli,
Vilayət Quliyev, Məti Osmanoğlu kimi ədəbiyyatşünasların,
publisist və tənqidçilər Nizaməddin Mustafa, Pərvin,
Mətanət Vahidintənqidi-publisist yazıları yer almaqla
yanaşı, amma çox sayda “köhnə bazara təzə
nırx” yazıların da sızması burda prosesin
yornuqluğunu, sükunətini, sanki qəzetin də bu
aradaProsesdən yorulduğunu büruzə verir. Qəzetdə əzəlki
gəlişmə havası, canlı Ədəbiyyat nəfəsi,
mövqe və fikir çırpınışını
görmürük. Bugün “Ədəbiyyat qəzeti” proses səciyyəli
deyil, tematik çıxır. Və bu tematik və hardasa
stratafik rəngarənglik heç də “Ədəbiyyat qəzeti”nin
xeyrinə olmayıb, onu ədəbiyyat dərc edən digər
qəzetlər yanında sıradan birinə çevirə bilər.Necə
deyərlər, indi axı bu ayinəyə baxıb, ədəbiyyatımızın
hazırda hardan gəlib, hara getdiyinigörə bilmirik...
-
Ədəbi tənqidin hesab apardığı, umub da daim
küsdüyü ünvanlardan ən qədimisi, şəksiz
ki, Azərbaycan Yazıçılarının Birliyidir. Elə
“Ədəbiyyat qəzeti”, “Azərbaycan”, “Ulduz” jurnalları
da daxil olmaqla tənqid sarıdan vəziyyət burda da
tematikdir. Birliyin beş-yeddi ildən bir görünən Tənqid
seksiyasını yada salmaq “ağrımayan başa dəsmal
bağlamaq” olar, yozaq ötən əyyamların
yıpranmış formatlarına. Məsələn, əvəzində
baxaq,“Azərbaycan” jurnalının il ərzində produktiv “Tənqid
və ədəbiyyatşünaslıq” səhifələrinə:
Rüstəm Kamalın “Şuşa landşaftının
mifopoetikası”ndan başlamış Qorxmaz Quliyevin “Poçt
qutusu”nda nəzər nöqtəsi anlayışı”,
Yaşar Qasımbəylinin “Əsrin səsi və ədəbi
zirvəsi”, Nizami Məmmədov-Tağısoyun “Anar
yaradıcılığında keçmişlə
müasirliyin simbiozu”, Vaqif Yusiflinin “Akademikin yaddaş
dünyası”, Rahid Uluselin “Həyatın təməl
quruluşu”, Salidə Şərifovanın “Sirlərin sərgüzəşti”,
Təyyar Salamoğlunun “Zəfərimiz və ədəbiyyatımız”,
Nərgiz Cabbarlının “Qalibiyyət romanları və
ağrısı bitməyən müharibə”, Esmira
Fuadın “Bütöv Azərbaycan ədəbiyyatında zəfər
diskursu”, Fərid Hüseynin “Zəfər zavalı: Məhəmməd
Füzulinin “Bəngü Badə” əsəri barədə” Zəfər
məqalələrinəcən... – hər birisində problem,
portret, nəzəriyyə, təhlil, araşdırma səciyyəli
tematik rəngarənglik. Özlüyündə
alqışlanmalı, ədəbiyyat və ədəbiyyatşünaslıq
bazamıza rəng qatan, xallar artıran missiyadır deyək.
Jurnalda sadəcə Proses axtarışı yoxdur; niyə
küsək, bir tənqid icmalında da
vurğuladığım kimi,“Azərbaycan” jurnalıbu niyyəti
heç qarşısına qoymur da...
Yenə
“Şuşa ili”nə qayıdıram.
Yazıçıların XIII qurultayından az sonra Anar müəllim
məclislərin birində bir çox vədləri
sırasında bir“Tənqid” jurnalı yaratmaq niyyətini də
bildirdi. Hətta yadımdadır, mənim “Tənqid.net”imlə
maraqlanmış, yeni jurnalın redaktoru kimi məşhur tənqidçi
Əsəd Cahangiri nəzərdə tutduğunu demişdi.
Gözləyə-gözləyə qaldıq...
AYB-də
hadisələrin dinamik inkişaf etdiyi yer, şəksiz
ki, Natəvan zalıdır. Məlumdur
ki, Natəvan zalı lap əvvəldən“açıq
qapı” siyasəti yürüdür: Yubiley təntənələrindən,
hər cür kütləvi kitab təqdimatlarına, Ulduzlu
görüşlərəcən. Bir çox layiqli tədbirlərin
ədəbi-mədəni önəmini danmadan, o da lap əvvəldən
bəllidir ki, Natəvan zalı Tənqidin olmadığı
yerdir...
-
Bizdə Ədəbi tənqidin tarixən güvəndiyi
ünvanlardan daha birisi Ədəbiyyat elmimizin baş qərargahı
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutudur.
Akademik İsa Həbibbəylinin təşəbbüsü,
Ədəbi tənqid şöbəsinin təşkilatçılığı
ilə hazırkı formatda Ədəbi prosesə müdaxiləmiz
13 ildir artıq. Formata heç bir iradım olmadan, deyim ki, ilin
bitməsindən də yarım il sonra baş tutan “İlin ədəbi
yekunları”nı heç də ədəbi tənqidə
yox, ümumən ədəbi prosesin öyrənilməsi, tədqiqi,
təhlilinə yozmalıyıq.
Konkret
halda son Ədəbi proses toplusunda (“Ədəbi proses – 2023”.
Bakı, “Elm və təhsil”, 2024) tanınmış imza sahibləri
ilə yanaşı, gənc ədəbiyyatşünaslara da
(Elnarə Qaragözova, Şahanə Əliyeva, Nurlanə Məmmədova)
geniş yer verilməsiprosesə baxışlara təravət
gətirsə də,bütövlükdə onuheç də
statika və statistiklikdən qurtarammır. Digər tərəfdən,
gənc ədəbiyyatşünaslar nəsli
üçün bir növ “tənqid laboratoriyası” önəmi
daşıyan “yekunlar”, təəssüf ki, buradaca qalır,
geniş ədəbi proses auditoriyalarına
çıxmır. (İstisna olaraq, əlbəttə, son illərdə
Elnarə Qaragözovanın “Olaylar” qəzetində prosesi gəlişdirməyə
yönəlik fəaliyyətini vurğulamaq gərək)
Statikanı “İlin yekunları”nın elə içindən
də duyub qeyd edənlər vardır. Cavanşir Yusiflidən
sitat: “Artıq neçə onildir ilin ədəbi yekunları
yazılır, eyni format, eyni janr ölçüləri
daxilində. Bizə belə gəlir, icmal xarakterini yadda
saxlayıb janr məsələsindən konseptual əsasda bəhs
etməyin vaxtıdır...” (“Ədəbi proses-2023”, s. 97)
Əgər
çağdaş ədəbi prosesə müdaxilədən
danışırıqsa, mənimcə, daha dinamik formalara da
önəm vermək lazımdır. Məsələn,
bizim“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”
şöbəsində Mətanət Vahidin təşəbbüsü
ilə gənclər qrupunun aylıq keçirdiyi “Yeni ədəbiyyatı
tanıyaq” müzakirə layihəsini göstərmək olar;
məsələ burda sadəcə kitab müzakirəsində
deyil, ümumən “müzakirə” formatının effektliyindədir.
İl ərzində ardıcıl keçirilən müzakirələr
seçilmiş kitablar ətrafında yeni ədəbiyyatın
qabartdığı məqamlara, ədəbi-bədii
tendensiyalara da diqqət çəkməyə vəsilə
olur. O sıradan il yarım ərzində 12 müəllifin –
Orxan Həsəni, Hədiyyə Şəfaqət, Ataqam, Adəm,
Əli Zərbəli, Narıngül Nadir, Ramil Əhməd, Həmid
Piriyev, Cavid Zeynallı, Qurban Yaquboğlu, Rəvan Cavid,
İlham Əzizin roman, hekayə, şeir kitablarının
analitika, polemika, müzakirəyə cəlb olunması gərəkli
praktika sayılmalıdır.
- Onu
da qeyd etmək gərəkdir ki, çağdaş prosesdə
ədəbi tənqid aləti kimi müzakirə
formatıgeniş yayılıb. Ötən illər bu praktika
“Ədəbiyyat qəzeti”ndə daha fəal işlənirdi.
Hazırda “Kulis.az” saytının ardıcıl hekayə
müzakirələrini göstərmək olar.
Ucsuz-bucaqsız sosial şəbəkə müzakirələrini
hələ demirəm...
-
Ötən illər icmallarımda ədəbi prosesə təsir
etməyə çalışan, o cümlədən ədəbi-tənqidi
prosesi gəlişdirən “525-ci qəzet”, Kulis.az,
Yaradıcılıq Fondu və Simsim.az və s. kimi ədəbi
ünvanlardan bəhs açmışam... Son illərdə fəal
olan belə ünvanlardan daha birisi – “Ədibin evi”nin də
adını çəkmək vacibdir. XX əsr klassiki Mir Cəlalın
ocağında yaradılmış bu ədəbiyyat qurumu ən
müxtəlif,çevik, gündəmlilayihələri ilə
tez bir zamanda görünə, prosesdə yerini ala
bilmişdir.“Ədibin evi” ənənəvi keçirdiyi “Hekayə
müsabiqəsi” ilə yanaşı, bir də xüsusən ədəbi
gəncliyə meydan verməsi ilə yadda qalır, perspektivli
görünür...
Praktika
göstərir ki, Ədəbiyyat olmayan yerlərdən,
olduğu ərazilərə gedir, ədəbi tənqid də
onun ardınca...“Şuşa ilində ədəbi tənqid”
icmalını orda bitirirdim ki, sosial şəbəkələr,
bizim praktikamızda xüsusən FB (feysbuk) başqa aləmdir;
Ədəbiyyatın da sürətlə və fəal cəlb
olunduğu bu ünsiyyət dünyasında tamam özgə
proseslər hökm sürür. Bu dəfə Ədəbiyyat
və onun tənqidini bəlkə də orada axtarmalıyıq...
5.
Esse düşüncəsi. Bir az oksümoron kimi səslənir.
Esse elə düşüncədir, yazıçı qələmində
olsun, ya tənqid janrında; esse – Ədəbiyyat-sənət
haqqında düşüncə-mətn-yazıdır, fikir
ekspromtu, xəyalatdır.Sosial şəbəkələrdəƏdəbiyyat
müstəvisində kimi gördümsə, bu qəbildən,
həmin formatda gördüm (...)
Bizdə
bugün Ədəbi tənqidi esseizmin büsbütün əvəz
elədiyi barədə bəzi Proses fəallarının
müşahidələri ilə(məsələn, Mətanət
Vahidin, Qismətin, Fəxri Uğurlunun, Rasim Qaracanın, Şərif
Ağayarın... nümunəsində) faktik razılaşmaq,
barışmaq da olar –obyektiv mənzərə belədir; amma
axı əvəz eləmədiyi, eləyəmmədiyi sorunu
da göz qabağında, problematik olaraq qalır.
Ümumən,
vəziyyət oksümoronluqdur. FB dünyasında dəxli
olub-olmayan hər kəs (istər professional, istərsə də
diletant səviyyədə) Ədəbiyyat haqqında
düşünür-daşınır,
bildiyini-düşündüyünü
yazır-danışır, amma iş ki Ədəbiyyat
axtarışına gəlir,yenə tənqid yada düşür;
nəzərlər hər yerdə Ədəbi tənqidi
arayır...
Esse
hardasa tənqid kimi, tənqidin janrı kimi
çıxış edə bilər. Amma ümumən ədəbi
tənqidi əvəz edə bilməz, bilmir də.
Çünki esse, esseizm hər yerdə subyektdən, subyektiv
başlanğıcdan nəşət edir, başlayır; obyektiv
olaraq janrın təbiəti belədir. Tənqid isə obyektdən,
obyektiv başlanğıcdan gəlir...
Bilirik
ki, tənqid/tənqidilik/dəyərləndirmə
(çağdaş) Ədəbiyyatın iç strukturuna aid
komponentdir; tənqidini itirərsə az qala bu,
çağdaş (oxu: bidiyimiz, tanıdığımız)
Ədəbiyyat sisteminin özünün də yox olmasına
işarətdir.Tənqid çağdaş Ədəbiyyatın
struktur elementidir, Ədəbiyyat industriyası tənqidindən,
özünü-dərki, dəyərləndirməsindən
keçmədən ümumən var ola, gəlişə bilməz.
(Söhbət, əlbəttə, Yeni dövr ədəbiyyatından,
bizdə M.F.Axundzadədən bugünə gəlişən
modern Ədəbiyyat sistemindən gedir) Bəlkə də
bugün Tənqidin(in) yoxluğu bir növ elə (bu) Ədəbiyyatın
yoxluğununəlamətidir...
Nə
demək istəyirəm; Ədəbiyyat məkanı, ədəbi prosesi əhatə edən
bütün instansiyalarda (ədəbi mətbuat, ədəbi
qurumlar, ədəbi saytlar, portallar, nəşriyyatlar və
kitab prosesi, hər cür müsabiqə-müzakirə-polemika
meydanları, üstəgəl sosial şəbəkələrdə)
Ədəbiyyat adına hər şey –Ədəbiyyat
düşüncəsi, sualları, narahatlıq və
şikayətləri, Ədəbiyyat axtarışları
varsa da,Ədəbiyyatın özünün
varlığı-yoxluğu (bütün sadalananların cəmi
olaraq) böyük Sual altında gizlənir; yəni Tənqidinə
möhtacdır.
6.
Dekonstruktiv dövrdə yaşayırıq.YuxarıdaPostmodern
dövrü moderndən məxsusi ayırmağımın vəchi
var...
Mahiyyəti
budur ki, zəmanəmizin xarakterinə, məntiqinə, sürətinə,
gətirdiklərinə, gözləntilərinə cavab olaraq
“dayanıqlı” nə varsa, “sökülüb” də yenidən
təşəkküllənir, zamanın süzgəcindən
keçib də qurulur, necəsə, nə cürsə yenidən-təşkil
tapır; irs, mədəniyyət, dəyərlər, təsəvvürlər,
ehkamlar, baxışlar, münasibətlər...
“Sökülür” o qədər ki, özül, təməl,
ilkin mətn görünə və üzərində(n) yeniSi
yapıla. Genişliyə getməyək; o sıradan Ədəbiyyat,
ədəbiyyata münasibət, tənqid...
Postmoderndə
(bildiyimiz) Ədəbiyyat, yaxud da “Ədəbiyyat bildiyimiz”
artıq yoxdur; onu
Dekonstruksiya(sı) əvəz edir. Bunu mən demirəm ki,
Ədəbi proses (bütün gerçəkliyi ilə) deyir;
əslində Prosesin özü də dekonstruksiyaya
uğramışdır, yəni nə dərəcədə
(bildiyimiz mənada) “ədəbi” prosesdir – sual altındadır.
Bir halda ki, Ədəbiyyat bildiyimiz yoxdur, əvəzində
Dekonstruksiyasıdır, Tənqidi də təbii ki,
dekonstruktiv yanaşmalar əvəz edir. Desəm ki, yuxarıda
xatırlatdığım (şərtən)“Ədəbiyyat məkanı”nı
bugün hər cür Ədəbiyyat bilinənlər (yəni
simulyakrlar), yaxud da (bildiyimiz) Ədəbiyyatın hər
cür dekonstruksiyaları zəbt edib, heç kəsi təəccübləndirmərəm.
Həm də hər cür ibtidai səviyyədən (Ədəbiyyat
bilikləri mənasında) yüksək
professionalyanaşmalara qədər. Təəccüblənməyə
də yer yox. Çün Post-modern əsillə oxşarının,
orijinalla plagiatın, peşəkarlıqla
diletantlığın yanaşılığına əvvəlcədən
konstitusion hüquq tanıyıb...
7. Bu
halda peşəkar Ədəbiyyat qurumu olaraq,bugün
Zamanın çağırışlarına İnstitutumuz, mənimcə,
ədəbi-tənqidi proseslərdən də çox,
güclü ədəbiyyatşünaslıq bazası ilə
cavab verir. O cümlədən Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda möhkəm təməl üzərində
bir çox köklü, fundamental monoqrafiyalar, kitablar
yazılır və çap olunur...
Vacib
bildiyim bir neçəsinin adını çəkməklə,
qeydlərimi bu yerdə dayandırmağı tərcih edirəm:
Rəhim Əliyev, “Yeni Azərbaycan ədəbiyyatı tarixi
oçerkləri” (Bakı, 2024); Safurə Quliyeva,
“Poeziyamız XX yüzildə” (Bakı, “Elm”, 2023); Bədirxan
Əhmədli, “XX əsr Azərbaycan ədəbiyyatı
tarixi. 3 cilddə” (Bakı, Qanun nəşriyyatı, 2024-2025);
Sara Osmanlı, “Düşündüklərim,
yazdıqlarım” (Bakı, “Sabah”, 2023); İslam Qəribli, “Azərbaycan
ədəbiyyatı: dünən və bu gün” (Bakı,
2022); Elnarə Akimova, “Azərbaycan uşaq ədəbiyyatı:
tarixi təcrübəsi və müasir istiqamətləri”
(Bakı, “Elm və təhsil”, 2024);Şahbaz
Şamıoğlu, “Azərbaycan mühacirət irsi. Nəsr və
ədəbiyyatşünaslıq” (Bakı, “Elm və təhsil”,
2023); Elnarə Qaragözova, “Yusif Səmədoğlunun həyatı
və yaradıcılığı” (Bakı, “Xan” nəşriyyatı,
2024); Salidə Şərifova, “Leyla Əliyevanın poetik
dünyası” (Bakı, “Elm və təhsil”, 2024)...
Bu qədər.
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.16;14.