ZƏFƏR
PUBLİSİSTİKASI: YARADICI FƏALLIĞIN BİR
İLİ
Əsas mətləbə keçməzdən əvvəl,
ötən ilin publisistikası ilə bağlı bir neçə
mühüm amili nəzərə çatdırmaq istərdik.
Ötən il ədəbi orqanlarda, ayrı-ayrı
kitab və məcmuələrdə, eləcə də digər
ədəbiyyat, mədəniyyət və incəsənət
portallarında təqdim edilmiş publisist yazıların təhlillərindən belə bir
təsəvvür yaranır ki, 2024-cü ilin publisistikası
dövrün mühüm hadisələrini, milli-ictimai
düşüncəmizdəki başlıca mətləbləri
əhatə edə bilmişdir.
Yaradıcı fəallığına görə Xalq
yazıçıları Anar, Elçin, Xalq şairi Sabir
Rüstəmxanlı, akademiklər İsa Həbibbəyli,
Nizami Cəfərov, Rəfael Hüseynov, filologiya elmləri
doktorları – Qəzənfər Paşayev, Vilayət Quliyev,
Vaqif Yusifli, Vüqar Əhməd, Rüstəm Kamal, Bədirxan
Əhmədov, Elnarə Akimova, Cavanşir Yusifli, İradə
Musayeva, Nizami Tağısoy, habelə şair-publisist Rəşad
Məcid, tənqidçi-publisist
Azər Turan, yazıçı-pedaqoq Allahverdi Eminov,
teatrşünas-tənqidçi İlham Rəhimli və s.
kimi intellektual səviyyəli qələm
ustalarını ötən il də seçilib fərqlənən
görürük.
İl ərzində publisistika
yaradıcılığının mühüm bir hissəsini
görkəmli yazıçı, şair və ədəbiyyatşünas
alimlərin yubileyləri münasibətilə
yazılmış məqalələr təşkil
etmişdir. Bu sırada Vilayət
Quliyevin professor Asif Rüstəmovun 70 (“Zirvəyə gedən
yolda”, “Ədəbiyyat qəzeti”, 27 yanvar), Fərid Hüseynin şair Tofiq Nurəlinin 70 (“Zaman böyük
talançıdır”, “Azərbaycan” jurnalı, N 5), Barat
Vüsalın Xalq şairi Hüseyn Arifin 100 (“Bizi saz
tanış etdi”, “Azərbaycan” jurnalı, N 6), Esmira
İsmayılovanın şair-publisist Rəşad Məcidin 60
(“Sevmədiyindən yazmaq olmur”, “Ədəbiyyat qəzeti”, 6
iyul), Loğman Rəşidzadənin şair Ağacəfər
Həsənzadənin 70 (“Zəngi çalan kimdir?”, “Ədəbiyyat
qəzeti”, 31 avqust), Şahnaz Şahinin
yazıçı-publisist Şəfəq Nasirin 70
(“Ömür xətti”, “Ədəbiyyat qəzeti”, 6 iyul), Sabir
Rüstəmxanlının şair-dramaturq Hidayətin 80
(“Milli taleyə qarışan ömür”, “Ədəbiyyat qəzeti”,
14 sentyabr), Anarın akademik İsa Həbibbəylinin 75 (“Məslək
dostluğu və yorulmazlıq örnəyi”, “Ədəbiyyat
qəzeti”, 12 oktyabr), Vaqif Yusiflinin Xalq şairi Nəbi Xəzrinin
100 (“Dəniz, göy, məhəbbət şairi”, “Ədəbiyyat
qəzeti”, 10 dekabr) illiyi münasibətilə dərc
edilmiş yazıları xatırlatmaq mümkündür. Məlumdur
ki, yubiley münasibətilə sənətkarın həyat və
yaradıcılığına həsr edilən oçerklər
kitabının buraxılması da ədəbi ənənələrimizdən
birinə çevrilmişdir və biz bu seriyadan ötən il
institutumuzun əməkdaşı İbrahim Yusifoğlunun 70
illiyi münasibətilə çap edilmiş “Ömür
dastanının boyları” (Bakı, Şirvannəşr, 2024)
toplusunu qeyd edə bilərik. Topluya daxil edilmiş oçerklərdə yubilyar bir yaradıcı ziyalı
kimi hərtərəfli – şair, pedaqoq,
yazıçı-publisist kimi xarakterizə edilir. Ümumiyyətlə,
yubiley münasibətilə dərc edilmiş publisist
yazıları janr və forma nöqteyi-nəzərindən
oxşar olsalar da, məzmun-mündəricə etibarilə fərqli
və rəngarəngdirlər. Ədəbi orqanlar, həmçinin
görkəmli sənətkarlar haqqında xatirələr və
müsahibələr dərc etməklə sənətkar və
həyat, sənət və cari vəzifələr
mövzusunda söhbətləri davam etdirmişlər.
Cəmiyyəti düşündürən ən
müxtəlif problemlərlə
bağlı düşüncələrin geniş – siyasi, elmi
və bədii publisistika formalarında ardıcıl ifadəsinə
meydan verməsinə görə “525-ci qəzet” xüsusilə
fərqlənmişdir. Bu qəzet həyatın bütün
sahələrinə nüfuz etmək, mövzu-problem
seçimində həssaslıq və operativlik göstərmək,
informativ məlumatlar əsasında təhlili yazılara
üstünlük vermək, əməkdaşlar arasında
peşəkarlıq və bacarıqlarını nəzərə
almaqla ixtisaslaşma aparmaq dəsti-xətti ilə diqqəti cəlb edir. Xaqani Cəfərlinin
və Pərvanənin siyasi hadisələrlə bağlı
icmal xarakterli yazıları, Nadir Yalçının və
Sevinc Qarayevanın sosial-iqtisadi problemlərin səbəblərini
araşdırıcı məqalələri, Əlisəftər
Hüseynovun, Zakir Bayramlının, Aytac Sahədin, Günay
Tahirlinin, Türkan Turanın, Havar Səfiyevanın, Sevda
Sultanovanın və başqalarının müxtəlif, o
cümlədən, mənəvi-əxlaqi tərbiyə
mövzu-problemlərinə həsr etdiyi yazıları günlə səsləşmək
və geniş kütlələrin düşüncələrini
ifadə etmək xüsusiyyətləri ilə əhəmiyyətlidir.
Qəzetin səhifələrində sahibsiz itlər
mövzusundan tutmuş, “qeyri-etik məzmunu və əxlaqi-mənəvi prinsipləri
pozması ilə səciyyələndirilə biləcək
efir işğalçılarının şou proqramları
mövzusunadək, internet asılılığı
mövzusundan tutmuş, Fransanın ermənipərəst siyasəti
mövzusunadək, bir sözlə, həyatın hər bir tərəfinə
və üzünə dair materiallar
görmək mümkündür. Təbii ki, fəal və
çoxşaxəli yaradıcılıq prosesində yeni ifadə-forma
tərzi, janr özünəməxsusluqları da təzahür
etməmiş deyil. Qəzet publisistik icmal, təhlili məqalə, tədqiqi
oçerk, açıq məktub, müsahibə-söhbət
və s. kimi formalardan tez-tez istifadə edir. “Ədəbi
köşk: nə var, nə yox?” başlığı
altında verilən silsilə fraqmentlər bir növ ədəbi
prosesdə baş verən yenilikləri izləmək və
şərh etmək məqsədinə xidmət edir. “Facebook:
sosial şəbəkədə yazılanlar”
başlıqlı silsilə seçmələr də diqqətli
və operativ əməyin nəticəsi olmaqla, qəzet
publisistikasının İnternet publisistikası ilə
ayaqlaşmasına kömək edir. Filosof və
yazıçı Firuz Mustafanın həyat və mədəniyyət
məsələləri ilə bağlı maraqlı məlumatları
toplayıb xatırlatmaq və düşündürmək məramlı
“Çaparaq notlar” silsiləsi,
Rəşad Məcidin “Qələmsiz yazılanlar”
seriyasından publisist düşüncələri qarışıq janrlar problemi ətrafında
yeni araşdırmalara rəvac
verir.
Bütün bunlarla yanaşı, publisistikamız
üçün İkinci
Qarabağ müharibəsində
qazanılan möhtəşəm qələbənin ətraflı
təhlili və dəyərləndirilməsi xüsusilə əlamətdar
olmuşdur. Ümumiyyətlə, son illərdə ədəbiyyatımızın
ZƏFƏR PUBLİSİSTİKASI adlandıra biləcəyimiz
yeni bir qolu pərvəriş tapıb qol-budaq
atmışdır. Bu da onunla əlaqədardir ki, akademik
İsa Həbibbəylinin qeyd etdiyi kimi, İkinci Qarabağ
savaşı ilə müharibə ədəbiyyatı salnaməsinə
tam yeni səhifələr yazılır, Ali Baş Komandan
İlham Əliyevin uğurla həyata keçirdiyi “Dəmir yumruq” müharibə hərəkatı
Azərbaycan ədəbiyyatının mübarizlik ruhunu, vətəndaşlıq
qayəsini ön mövqeyə çıxarmış, beləliklə,
müharibə ədəbiyyatı tarixində ilk dəfə
olaraq diskurs dəyişmişdir. Əlbəttə, müharibələr
zamanı publisistikanın
döyüşən bədii prosesdə ön xəttə
can atması birinci hadisə deyil. İstər İkinci
Dünya müharibəsi illərində, istər 1990-cı
illərdə erməni silahlı qüvvələri Azərbaycana
qarşı işğalçı müharibəyə
başlayanda, istərsə də 2020-ci il İkinci Qarabağ
savaşında publisistikamız
poeziya ilə birlikdə ön xətdə mövqe tutmuş,
o vaxt da, bu vaxt da müharibənin doğurduğu vətənpərvərlik
coşğunluğu, ruh yüksəkliyi onların
başlıca pafosunu təşkil etmişdir. Lakin tarixi şəraitə
və hadisələrin inkişafına uyğun olaraq bədii-publisist
məzmun və qayə fərqləri də özünü
göstərməyə bilməzdi. 1980-ci illərin
sonlarında Ermənistanın Azərbaycana qarşı
qaldırdığı növbəti əsassız ərazi iddiaları və
təcavüzü qanlı faciələrə gətirib
çıxartdı: düşmən tarixi ərazimizin 20
faizini işğal etdi, yüz minlərlə
soydaşımız qaçqın, köçkün taleyi
yaşamağa məcbur oldu, yüzlərlə
yaşayış məntəqəsi dağıdılıb
yerlə-yeksan edildi.
Bütün bunlar yazarlarımızda baş verən faciələrin
şahidi kimi çıxış etmək, müvəqqəti
məğlubiyyətimizin səbəbləri üzərində
düşünmək, növbəti qırğınların
qarşısını almaq yollarını aramaq kimi
meyillər doğurdu ki, bu da
sözsüz ki, daha çox ağrı və itkilərimizdən
bəhs edən sənədli-bədii nəsrin
inkişafına təkan verdi.
30 ildən sonra – İkinci Qarabağ savaşında (27
sentyabr 2020-8 noyabr 2020)
işğalçı qüvvələrin
darmadağın edilməsi və hərbi-siyasi kapitulyasiyaya
uğraması isə ədəbiyyatımızın
yenidən nikbin notlar üzərində canlanmasına və
onun zəfər publisistikası kimi yeni bir qanadının
formalaşmasına səbəb oldu.
Zəfər publisistikasının çoxsaylı nümunələrini
təhlillərdən onun aşağıdakı əsas ideya-məzmun istiqamətlərini
və qəhrəman obrazlarını müəyyən
etmiş olduq. Zəfər publisistikası – uzun illər
işğal altında qalmış müqəddəs
torpaqlarımızın azad edilməsindən, Başlıbel,
Qaradağlı, Meşəli, Ağdaban, Malıbəyli,
Quşçular, Xocalı faciələrini törətmiş
erməni qatillərindən alınan intiqamdan, uydurulmuş
“erməni məğlubedilməzliyi” mifinin darmadağın
olunmasından doğan ümumxalq sevincini ifadə edən, Vətəni
sevməyə, bu gün də, bundan sonra da qəsbkarlardan
qorumağa səsləyən vətənpərvərlik
publisistikasıdır. Müzəffər yürüş “bir
millətdəki əhval-ruhiyyənin inikası demək olan ədəbiyyatın”
(Hüseyn Cavid), o cümlədən, publisistikanın
“generatoru” rolunu oynamış, onu gur işığa bələmişdir.
Yaşından və təcrübəsindən asılı
olmayaraq yazıçı-publisistlərimiz (Anar, Sabir Rüstəmxanlı,
Hüseynbala Mirələmov, Aqil Abbas, Vaqif Bəhmənli,
Fazil Güney, Mustafa Çəmənli, Sadiq Qurbanov, Günel
Mehri və onlarla başqaları) xalqımızın
düşməni qovmaq, qələbə qazanmaq arzu-sevincini
qürur hissləri ilə ifadə etmişlər. Zəfər
publisistikası azad edilmiş torpaqlarımıza
qayıdış sevinci, duyğuları, düşüncələri
ilə cilvələnir sanki. Bu baxımdan Rəşad Məcid,
Elnarə Akimova, Vahid Məhərrəmov, Əli Rza Xələfli,
Xanəli Kərimli, Şəmil Sadiq, Şakir Əlifoğlu
və s. kimi
yazarlarımız oxucularla
görüşə daha tez-tez gələnlər
sırasındadır. Əlihüseyn Şükürovun
“Şuşaya getmişdim...” (“525-ci qəzet”, 25 yanvar),
Günel Mehrinin “Can Laçın” (“525-ci qəzet”, 8 fevral),
Sevinc Qarayevanın “Böyük Qayıdışın
miqyası sürətlə genişlənir” (“525-ci qəzet”,
2 may) və s. kimi yazıları oxucu qəlbini riqqətə
gətirir, yağı düşmənin viran qoyduğu
doğma yurdu yenidən dirçəldib gülüstana
çevirməyə səsləyir.
Zəfər publisistikası
– ölkə başçısı, Ali Baş Komandan
İlham Əliyevin fövqəladə hərbi-strateji məharətini
etiraf, siyasi qətiyyətini təqdir, intellektual səviyyəsi
və mübarizliyi ilə fəxriyyə
publisistikasıdır. Bu publisistika qələbəmizi təmin
edən amillər sırasında İlham Əliyev şəxsiyyəti faktorunu xüsusilə önə
çəkir və onun bir Prezident, bir Ali Baş Komandan kimi
böyüklüyünü və uğurlarını səciyyələndirir.
Məsələn, Adəm İsmayılov “Prezidentin
portreti” adlı yazısında
İlham Əliyevi xalqı möhtəşəm qələbələrə
aparan, Ermənistanın təcavüzünə qarşı
uzun, israrlı tarixi dramatizmlə dolu mübarizədə
mütləq Qalib kimi xarakterizə edir (“Ədəbiyyat qəzeti”,
24 fevral 2024-cü il).
Şair-publisist Əli Rza Xələfli “Zəkanın və
qətiyyətin təntənəsi” adlı yazısında
İlham Əliyevi “bütün varlığı ilə
torpağa, yurda, xalqa, milli mənafelərə əzəmi dərəcədə
bağlı sarsılmaz sərkərdə, siyasi fikir
döyüşlərinin bu gün dünya siyasi fikir
arenasında ən sarsılmaz obrazlarından biri” kimi səciyyələndirir. Professor
Mais Əmrahovun,
yazıçı-jurnalist Fazil Güneyin təbirincə
desək, Prezident İlham Əliyevin bu dava dönəmində
etdiyi tarixi çıxışlar, dünyanın aparıcı
TV kanallarına verdiyi müsahibələr düşmən
üzərinə yağdırılan dronlardan, top, raket zərbələrindən
də güclü səsləndi.... Həqiqətən də,
Ali Baş Komandanın şəhər və kəndlərimizin
işğaldan azad edilməsi
münasibətilə hər gün xalqa verdiyi şad xəbərlər, qələbədən sonra
Şuşa səfərlərindəki
çıxışları yazıçı-publisistlərimizə
bir növ ideya istiqaməti və yaradıcılıq ruhu
vermiş olurdu. İntiqam Qasımzadə, Azər Turan, Qulu
Ağsəs, Tehran Əlişanoğlu, Mehman Həsənli,
Aygün Bağırlı,
Nizami Cəfərov, Nizaməddin Şəmsizadə,
Rüstəm Kamal, Orxan Aras, Əlabbas, Mustafa Çəmənli,
Südabə Ağabalayeva, İradə Musayeva, Tahirə Məmməd,
Gülnar Səma, Zakirə Əliyeva, İsa Həbibbəyli, Qəzənfər
Paşayev, Vaqif Yusifli, Elnarə Akimova, Vüqar Əhməd,
Əlizadə Əsgərli, Mərziyyə Nəcəfova,
Gülbəniz Babayeva və s. kimi onlarla müəllifin
publisist məqaləsində Azərbaycan
xalqının çoxdan həsrətində olduğu qələbə
arzusu ifadə edilmiş, ölkə Prezidentinin
çağırışları dəstəklənmiş,
müzəffər yürüş
alqışlanmışdır.
Zəfər publisistikası – öz şücaətləri
ilə XXI əsrin qəhrəmanlıq dastanını yaradan,
sıldırım qayalıqlar arasında salınmış
Şuşaya yalın əllə qalxıb, əlbəyaxa
döyüşə girıb qələbə
bayrağı ucaldan əfsanəvi
döyüşçülərimizin qəhrəmanlığına
heyrət, heyranlıq publisistikasıdır. Zəfər
publisistikası əsgər və zabitlərimizdən,
onları qəhrəmanlıq zirvəsinə yüksəldən
mənəvi-iradi keyfiyyətlərindən, vətəndaş
düşüncələrindən rəğbətlə, məhəbbətlə
söz açır. Nadir Yalçının şəhid
baş leytenant Səid Rəşidzadəyə (“Ürəyinin
başında gəzdirdiyi bayraq uğrunda”. “525-ci qəzet”, 1
fevral), Kəmalə Abıyevanın kəşfiyyatçı
Əli Seyidova (“Vətən sevdalısı”. “525-ci qəzet”,
22 fevral) və baş çavuş Elçin Əliməmmədova
(“Yüz illər boyu ölməz”. “525-ci qəzet”, 16 may) həsr etdikləri məqalələr
bu qəbildəndir. Rəşid Faxralının “Ruhumuzun Zəfər
fəsli” adlı yazısı isə fədakar əsgərlərimiz
haqqında ballada təsiri bağışlayır.
Ayrı-ayrı döyüş səhnələrinin, heyrətamiz
şücaətlərin təsviri igid əsgərlərimizin
parlaq obrazlarının yaradılmasına imkan verir və
hamısı bir yerdə bir qayəni təlqin edir: “İkinci
Qarabağ müharibəsində Azərbaycan əsgəri
Mübarizləşmişdi!... Döyüş ruhu kükrəmişdi!...”
“Əsgərlər qətiyyətlə “Səngərləri sərhədlərə
köçürəcəyik!” – deyirdilər”. Əlisəftər Hüseynovun
“Bir.., bir.., sol!..” əsəri isə hekayə janrında
yazılmışdır və əsərdə heç bir
konkret faktlar göstərilmir, bununla belə, onu Qarabağ
müharibəsi qazisinin mənəvi-psixoloji durumunu dəqiq təsvirinə
görə tipik bədii publisistika nümunəsi kimi də dəyərləndirmək
olar və bu əsəri oxuyanda qəhrəman obrazının
yerində canını Vətən uğrunda fəda etmiş
istənilən döyüşçümüz təsəvvürə
gələ bilir.
Zəfər publisistikası – azad Şuşa şəhərində
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında müttəfiqlik münasibətləri
haqqında imzalanmış
“Şuşa bəyannaməsi”nin alqış publisistikasıdır. Bu tarixi sənəd
təkcə iki qardaş ölkə arasında əlaqələrin
strateji tərəfdaşlıqdan müttəfiqlik zirvəsinə
yüksəlməsi ilə deyil, həm də tarixi-ədəbi
yaddaşımızda yenilməzlik qalası – milli
qürurumuzun simvolu kimi tanınıb qalan Şuşada, Ali
Baş Komandanın “Əziz
Şuşa, sən azadsan! Əziz Şuşa, biz
qayıtmışıq! Əziz Şuşa, biz səni
dirçəldəcəyik!” kimi tarixə
düşmüş kəlamlarının əks-sədası altında
imzalanması ilə və regionda və bütövlükdə
türk dünyasında sabitlik, rifah və inkişaf
üçün əlverişli
şərait yaratmaq niyyəti
ilə əlamətdardır.
Zəfər publisistikası
– 44 günlük müharibədə qazanılan qələbəmizin səbəblərini
təhlil publisistikasıdır.
Zəfər publisistikasında birmənalı şəkildə
vurğulanır ki, Azərbaycan xalqı ona görə qalib gəlmişdir
ki, haqlı idi, öz əzəli torpaqları uğrunda
vuruşurdu, öz suverenliyinin tam təmin edilməsi
uğrunda mübarizə aparırdı. Azad edilmiş
torpaqlarımızda geniş və sürətli quruculuq
işlərinin aparılması, yurda qayıdış
qürur hissi ilə vurğulanır. Bu qüdsal duyğular
Əminə Yusifqızının “Laçın –
çiçəklənən arzularımız” (“525-ci qəzet”,
16 may 2024-cü il), Sevinc
Qarayevanın “Böyük
qayıdışın miqyası sürətlə genişlənir”
(“525-ci qəzet”, 31 may 2024-cü il), Sadiq Qarayevin “Zaman və
Əraf” (“525-ci qəzet”, 24 iyul 2024-cü il), Şəlalə
Məhyəddinqızının “Azad torpaqlarda: Zəfər
yolu ilə Qarabağa doğru”
(“525-ci qəzet”, 24 iyul 2024-cü il) və s. kimi yazıların mətn və məzmununu da nura
boyayır. Tarixi qələbədən dörd il sonra azad Şuşada
keçirilən 2-ci Qlobal Media Forumunda iştirak etmiş akademik, yazıçı-publisist Rəfael
Hüseynov görüb-müşahidə etdiklərindən
duyğulanaraq heyrətamiz uğurların başlıca səbəbi
kimi Azərbaycan Liderinin müstəsna qabiliyyətlərini və
diplomatik müvəffəqiyyətlərini təqdir edir.
Müəllif öz fikirlərini konkret fakt və arqumentlərlə
əsaslandırmaqla İlham Əliyev fenomenini – onun digər siyasətçilərdən
və rəhbərlərdən üstün cəhətlərini
şərh edir (“525-ci qəzet”,
23 iyul 2024-cü il).
Beləliklə, qeydlərimizi ümumiləşdirərək
belə bir nəticəyə gəlirik ki, Zəfər publisistikası
milli ədəbiyyatımızın Qarabağ uğrunda 30
illik ədəbi mücadiləsinin qələbə ilə
başa çatması təntənəsinin təcəssümü,
44 günlük Zəfər yürüşünün sənədli-bədii
inikasıdır.
Elçin MEHRƏLİYEV
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.17-18.