Azərbaycanın
rusdilli ədəbiyyatı
Azərbaycan ədəbiyyatının bir qolu olan
rusdilli ədəbiyyatımızda ümumi prosesdən kənarda
qalmır. Postmüharibə dövrünün problemləri,zəfər
sevincimizmüəlliflərin yaradıcılığında
yetərincə yer almışdır.
Konkret olaraq 2024-cü ilin ədəbi materialına
keçid edərək, poeziyanümunələrindən
başlamaq istərdik. Poeziyada məhəbbət
mövzusu, fəlsəfi lirika ilə yanaşı müharibə,
zəfərimiz və itkilərimiz haqqında əsərlər
yaranmışdır. Yelena Məmmədovanın məhəbbət,
tənhalıq, dostluq kimi mövzularda yazılanlarla
yanaşı əsgər analarına həsr olunmuş (“Tənhalıq”),
müharibə mövzusunda (“Su qabı”) şeirləri, Azər
Əfəndinin, Ləman Bağırovanın, Dinarə Gərəkməzlinin,
Timur Bədəlbəylinin, Afaq Rafiq qızının,
İrina Zeynallının və başqa şairlərin əsasən
ənənəvi üslubda
yazılmış nəzm əsərləri çap
olunmuşdur.
Rusdilli ədəbiyyatımızın
tanınmış nümayəndəsi, “Söz” və
“İgidlərin sözü” layihələrinin
yaradıcısı Nigar Həsənzadə Mərakeş Mədəniyyət
Nazirliyi və Mərakeş Poeziya Evinin təşkilatçılığı
(25-30aprel)ilə keçirilən
ərəb dünyasının tanınmış
şairləri, eləcə də dünyanın bir sıra
ölkələrindən nümayəndələrin dəvət
olunduğu Beynəlxalq Poeziya Festivalında iştirak
edib.Müəllifin ərəb dilinə tərcümə
olunmuş şeirləri festival antologiyasına daxil edilib, ərəb
dünyasının nüfuzlu ədəbi orqanı
olan“Thaqafat”da (https://thaqafat.com/2024/07/109082)
yaradıcılığına həsr olunan məqalə
çap olunmuşdur.
Əsərləri bir
çox dillərə tərcümə olunan, kitabları müxtəlif ölkələrdə
çap edilən müəlliflərdən
biri də Eldar Əhədovdur.[1]Rus, ingilis, ispan, italyan, serb,
azərbaycan və başqa dillərdə Rusiyada, Azərbaycanda,
ABŞ-da, Kanadada, Serbiyada, Meksikada, Hindistanda, Misirdə nəşr
olunmuş 96 poeziya və nəsr kitabının müəllifidir.
Ötən il yazıçı, şair Eldar Əhədovun
yaradıcılığına həsr olunmuş məqalələr
toplusundan ibarət "Məhəbbət məkanının
üzərindən uçaraq" (“Ïðîëåòàÿ íàä çåìë¸é ëþáâè»)
adlı kitab işıq üzü görüb. Kitabda rus
müəllifləri ilə yanaşı (filologiya elmləri
doktoru Natalya Tsımbalıstenko, filologiya üzrə fəlsəfə
doktoru Lyubov Kalinina, tanınmış rus yazıçı və
ədəbiyyatşünasları
Aleksandr Karpenko, Dina Krupskaya, Vlad Antikin, Yekaterina Kuznetsova,
Natalya Lixtenfeld və b.) serbiyalı (Milutin Curiçkoviç
(Belqrad), kosovalı (professor Faxreddin Şexu (Priştina),
britaniyalı ədəbiyyatşünasların (Riçard
Berengarten (Kembric), uruqvay-hollandiyalı
yazıçının (Xuan Karlos Takses), ispan
yazıçısının (Yordan Arroyo) və digər
müəlliflərin rus dilinə tərcümə olunmuş
məqalələri yer almışdır. İl ərzində “Dünya
şairləri” seriyası çərçivəsində
“Allah şairləri sevir” (ingilis və çin dilində),
“Aforizmlər”i (Serbiya), “Qayıdacağım məkan”
(Bakı), “Mərkəzi və şərqi Sibirin
toponimikası haqqında (Krasnoyarsk vilayətinin nümunəsi
əsasında)” kitabları çap olunub. Qeyd edim ki, E.Əhədov,
həmçinin "Xarıbülbül: Azərbaycan
dastanı" (2023, Bakı)
kitabının müəllifidir. Onun Vətəninə,
tarixinə bağlılığı hər kəs tərəfindən
vurğulanır: “Eldarın müxtəlif xalqların mənəvi
tarixini fundamental şəkildə anlamaq və ümumiləşdirmək
istedadı var. O, hər kəs üçün həqiqətən,
dəyərli olanı önə çıxarmağı
bacarır. O, yaddaşın qoruyucusudur” (A.Karpenko). İl ərzində
E.Əhədovun əsərləri
Qazaxıstanda(“Altay İzumrudnıy), ABŞ-da (“Prodıgy”),
Banqladeşdə ("Red time"), Nepalda ("Poetry
planetarıat") və
s.müxtəlif ölkələrdə çap olunan
jurnallarda yer almışdır.
Nasirlərimizdən Sənan İsmayılovun (“Hər(i)flərin
oyunu”), şairlərimizdən
Ədalət İsmayılov (“Daltonik”) və Marat Şəfiyevin
(“İkinci nəfəs”) əsərləri “Russkaya
premiya”nın (xaricdə
yaşayan və rus dilində yazan müəlliflər
üçün nəzərdə tutulmuş yeganə
mükafat) uzun siyahısına daxil olmuşdur. Ədalət
İsmayılov müsabiqənin laureatı olaraqikinci yerə
layiq görülmüşdür.
Rusdilli ədəbiyyatımızın görkəmli
nümayəndəsi, Xalq yazıçısıNatiq Rəsulzadənin
yubiley (75 yaş) ilində “Poker
oyunu” adlı yeni povesti çap
olunub. İntrovert, taleyinə sovet və postsovet olaraq iki fərqli
mərhələlərdə ömür sürmək
yazılmış insanın, Ədəbiyyat İnstitutunun tələbəsi
və sonda məhkum həyatı yaşamaq nəsibi olmuş
birinin, həyatın amansızlığına baxmayaraq
özünü yazıçı kimi təsdiq etməyə
çalışmasının psixoloji aspektdə
canlandırdığı romanda yuxu, xəyali obrazlar,
“yaşanmamış” həyat konsepti əks olunub.
Ötən ilin maraqlı nümunəsi olaraq Leyla
Tarıverdiyevanın “Eksperiment” povestinin üzərində
dayanmaq istərdik. Eksperiment obyektinə çevrilən
insanlara, gün ərzində onlara əvvəlki həyatlarını
xatırlamaq imkanı verilir, bu dəyişilmə
yaxşı heçnə vəd etmir. İdeya maraqlı olsa
da,mətn povestdən daha çox, ssenari olaraq
yazılmış kimi görünür, vizuallıq
üstünlük təşkil edir, müxtəlif yozumlara yer
qalmır. Məsələn, «Niyə bu təcrübə
yaxşı sonlanmamalı idi? Ümumiyyətlə, bu nəyə
lazım idi? İnsanlara onların düşüncəsiz və
düzəlməz məxluqat olduğunu göstərmək
üçünmü?... Mən anlamıram, – Alik davam etdi, –
niyə hər şey belə alındı? Axı əksinə
də ola bilərdi, hər kəs bir-biri ilə
doğmalaşa da bilərdi. Yoxsa ola bilməzdi?” “Bu gün
hamıya düşünmək imkanı verildi. Məhz buna
görə də – sizi əvvəlcədən təcrübə
barədə xəbərdar etdilər. ... kimsə bizim reflekslərimizi
yox, şüurlu fəaliyyət qabiliyyətimizi yoxlamaq istəyir”
(Nərminə – L.H.74). Göründüyü kimi, müəllif
qaldırdığı problemləri əsərin personajı
olan Nərminə vasitəsilə çözməyə
çalışaraq, oxucuya öz qənaətlərini təqdim
etməyə çalışır, bu zaman isə bədii
şərhləndirmə, oxucu refleksiyası aradan qalxır. Həmçinin
povestdə bədii əsərin əsas məziyyətləri
olan dilinbədiiliyi, bədii ifadə vasitələrindən
istifadə, bədii şərhləndirmə yer almır. Və
ya təsvirin vizuallığı ilə bağlı bəzi
epizodlara nəzər yetirək: «Ulubəyli ürəyindən
tutdu və arxaya aşmağa başladı. Alik və Həsən
Həsənoğlu onun qolundan yapışaraq həyətə
apardılar. Bu vaxt Nərminə Gulyanı qucaqlayıb evə
keçdi və qapını arxasınca bərk
bağladı, elə həmin anda qapını döyməyə
başladılar». Balaca qızıcığazın söylədikləri
fəlsəfi anlamla yüklənsə də (“Həyatda bizə
mənsub olan heç nə yoxudr”), təəssüf ki,
“düşüncəsiz” böyüklərin bütün suallarını
cavablandırmağa hazır olan balaca müdrik
qızcığaz personajı bədii gerçəklikdən
doğmur, bu səbəbdən də özünü
doğrultmur.
Əvvəlki illərdə olduğu kimi, bu il də həm
poeziyada, həm də nəsr sahəsində kiçik janrlara
müraciətüstünlük təşkil edir. Mədinə
Eldarovanın miniatürləri, Gülüş Ağaməmmədovanın,
Fəridə Məmmədovanın pritçavari novellaları
(“Noa tayfasının qadınları”, “Büllur at”), xeyli sayda
hekayələr(Şirin Manafovun “Mən Sarmısağı
öldürməliyəm”, Laçının “Dante”, Tamerlan
Hacıyevin “Çovğun”, Marat Şəfiyevin “Yeremey
haqqında” və b.) buna misaldır. Hekayə-portretlər
olaraq Saveliy Kolmanovskinin “Həsənbala”,
Aytən Aqşinin “Madam Raşlinin Brançı”, “Həmdərd”
hekayələrini misal göstərmək olar.
Qafar Cəfərlinin “Altıncı barmaq” hekayəsində
nankor övlad, “Cənnət ayaqlar altındadır” hekayəsində
anasızlıq (xəyanətkar ana və düşmən tərəfindən
öldürülən ana) təsvir olunur. “Gülgəzi”, “Məhəbbət”,
“Tənha qadın” hekayələrində bir-birini sevən iki
insanın münasibətlərinin fərqli variasiyaları əks
olunursa, “Həyatın 61-ci dəqiqəsi” hekayəsi
müharibə mövzusundadır.
Gülüş Ağaməmmədovanın il ərzində
bir neçə novellası çap olunub.Sənət
insanlarının əks olunduğu novellalarda hər sahənin
professional özəlliklərinin ustalıqla
canlandırılması (“Model”, “Xoşbəxtlik geni”, “Diva”,
“Aktyor sənəti”)sənətlə bağlı gizlin qalan məqamların
təsvirinə imkan verir.Beləliklə, oxucu yalnız
personajın taleyi ilə deyil, həm də sənətkar həyatının
özəllikləri ilə tanış olur ki, bu məqam
obrazın təsvirini dolğunlaşdıraraq, oxucunu indiyə
qədər onun üçün qaranlıq qalan sənət
dünyasına daha da yaxınlaşdırır.
Özrubrikalarına sadiq qalan “Literaturnıy Azerbaydjan”
jurnalı yeni imzalar olaraq Sevda Ağalarovanın (“Hiyləgər
plan” yumoresko), Aliyənin, Yelena Şetkinanın (şeirlər)
əsərlərini oxucularına təqdim etmişdir.
Beləliklə, rusdilli ədəbiyyatda,
əsasən, kiçik formalara maraq davamlı olsa da (qeyd
etdiyimiz novellalar, Tatyana Rüstəmlinin aforizmləri,
şeirlər), bu əsərlərə xas psixologizm,
müşahidələrin dəqiqliyi müəlliflərin tədricən
iri formaya keçid edəcəklərini təxmin etməyə
imkan verir. Íà÷àëî ôîðìû
Texnologiyanın inkişafı ilə müasir sənətdə
və ədəbiyyatda yeni insan konsepsiyası
formalaşır. Texnologiyalar – maşınlar, robotlar vasitəsilə
həyatı yenidən qurmaq və mükəmməlləşdirmək
cəhdləri müasir ədəbiyyatda transhumanizm
ideyalarının yer almasına səbəb olur. Sənan İsmayılovun əsasənfantastika
janrında qələmə aldığı, insan və
maşın birliyinin hansı şəkildə inkişaf edəcəyinin
əks olunduğu əksər əsərlərində qeyd
olunan tandemin səbəb olacağı mənfi təsirləri
canlandırması bu mövqedən yanaşmanın bariz
nümunəsi kimi maraq doğurur.
Yazıçının“Çarpaz yuxular” kitabı
kiçik bir müqəddimə ilə başlayır:
“Texnologiyanın sürətlə inkişaf etdiyi əsrdə
insan tez-tez öz gələcəyi haqqında
düşüncələrə dalır. Necə olacaq? Gələcək
zaman nəsillərə nə verəcək? İnsanlar və
maşınlar birgə, dinc şəraitdə mövcud ola biləcəklərmi?
Maşınlara həyatın bütün sferalarını
tapşırmaq olarmı?”Müəllifin ötən ilMoskvada
çap olunan kitabına (Ïåðåêðåñòíûå ñíû. Ìîñêâà, 2024, Ôëîáåðèóì,
313ñ.) “Üçüncü dairə”, “Rəddedilmə”,
“Çarpaz yuxular” və “Ədədlər” povestləri daxil
olunmuşdur.
Rüfət Mustafazadənin “Meqabeyin” elmi-fantastik,Yelena
Andreyevanın “Yenidən yaşanan həyat” (real və real
olmayan hadisə) hekayəsini ədəbiyyatımızda bu
yanaşmanın davamı kimi qiymətləndirmək olar.
Rusdilli ədəbiyyatımızın nümayəndələri
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin,
tarixi həqiqətlərinin
dünyayaçatdırılması, təbliği sahəsində
durmadan fəaliyyət göstərirlər.2024-cü ilin
noyabr ayında PraqadaAzərbaycan Mədəniyyət Evinin açılışı bu istiqamətdə
atılan addımlardan biridir. Mədəniyyət Evinin rəhbəri
şairə, dramaturq, yazıçı Leyla Bəyim Cəfərovadır.
Leyla xanımınyaradıcılığı, fəaliyyəti
haqqında əvvəlki illərə aid icmallarımızda
geniş bəhs etmişik. Fəaliyyətə
başladığı gündən Mədəniyyət Evində
xeyli sayda tədbirlər təşkil olunmuşdur ki, bu da
Çexiyadakı Azərbaycan icmasının və yerli cəmiyyətin
əlaqələrinin inkişafında böyük rol oynayır.
Hazırda ümumən 18 ölkədə 29 Azərbaycan Mədəniyyət
Evi fəaliyyət göstərir ki, mədəniyyətimizin,
ədəbiyyatımızın təbliğində onlar
mühüm rol oynayırlar.
Ötən il Praqada yerləşən
“Divadlo D21“ teatrında “Sevginin iştahası
böyükdür” (“U lyubvi appretit piranyi”)
tamaşasının premyerası keçirilib. Əsər Leyla Bəyim və
ssenarist-dramaturq Yefim Abramovun növbəti işbirliyi nəticəsində
ərsəyə gəlib. Həmçinin Leyla Bəyimin
ssenari müəllifi və rejissoru olduğu daha bir layihəsi
“Olmaq, yoxsa olmaq?” qısametrajlı filmi Nyu-York – İstanbul
Qısametrajlı Filmlər Beynəlxalq Festivalının
qalibi olub. Praqa və Bakı şəhərlərində lentə
alınmış film, həmçinin başqa festivallarda
(“Prague İnternational Film Awards” və “Roma Prisma Film Awards”) da
müxtəlif nominasiyalarda mükafatlara layiq
görülüb.
Ədəbi əlaqələrin sıx olduğu
ötən illərdə ölkəmiz, tanınmış
şəxslərimiz haqqında bir çox xalqların müəllifləri əsərlər
qələmə almışlar. Belə müəlliflərdən
biri də Boris Ozyernıdır. Saratovda anadan olsa da, işi ilə
əlaqədar olaraq Azərbaycana gələn (1929) şairin
ilk şeirləri yerli qəzetlərdə çap olunub.
Dörd il Azərbaycanda yaşayıb və yenidən Saratova
qayıdıb. Müharibədən sonra SSR
Yazıçılar Birliyinin Saratov bölməsinin məsul
katibi olub. 1954-cü ildə sovet
yazıçılarının Ümumittifaq Qurultayında
nümayəndə olarkən Səməd Vurğunla
tanış olub. Nəticədə
Azərbaycana, Bakıya, “Səməd Vurğunun xatirəsinə”
şeirlər həsr edib, bu ənənə müasir
dövrdə də unudulmamalıdır. 2023-cü ildə
Bakıda olarkən S.Vurğunun ev-muzeyini ziyarət edən
Boris Ozyernının qızı şairə İrina Ozyernaya
“Kreşendo” triptixini Vurğun Vəkilov
yaradıcılığına həsr edib.Təəssüf
ki, müasir mərhələdə
əlaqələrin o qədər də sıx olmaması səbəbindən
bu istiqamətdə yazılan əsərlərin sayı
azdır. Zənnimizcə, bu məqama diqqət yetirilməli,
“Azərbaycan” mövzusunun, müstəqillik
epoxasının digər
xalqların ədəbiyyatında əks olunmasına
çalışmalıyıq.
Beləliklə, rusdilli əsərlərdə
yaddaş konsepti, milli-mədəni dəyərlərə
bağlılıq üstünlük təşkil etsə də,
(sovet dövründə Rüstəm və Maqsud İbrahimbəyovları
bütün sovet məkanında sevdirən bu xüsusiyyətlər
deyildimi!?), eksperimentlərə də
açıqlığı, müasir zamanla ayaqlaşmaqda
olduğu, beynəlxalq tədbirlərdə, saytlarda (Sənan
İsmayılovun https://dzen.ru/a/aEAKtwSAvXmO_dRH, Aliyənin və başqa müəlliflərin
əsərləri poeziya.ru, litmir.club və litfond.net
saytlarında) yetərincə təmsil olunduğu
görünür.
Onlarla azərbaycanlı müəllif, həmçinin
əcnəbi müəlliflər rus dilinə tərcümə
olunur (Nicat Məmmədovun Azərbaycan dilindən rus dilinə,
Laçının ukrayna dilindən azərbaycan dilinə və.s).
Son illərakademik mühitdə qələmə
alınan onlarla məqalə, tədqiqat ("Rusdilli ədəbiyyatın
milli ədəbiyyatlar kontekstində aktual problemləri və
inkişaf perspektivləri: Beynəlxalq elmi-praktik konfransın
məqalə və materiallar toplusu Kazan, 16-17 noyabr 2020-ci il), həm
də ədəbi orqanlarda təşkil olunan müzakirələr(“Drujba
narodov” 2009, 9) rusdilli ədəbiyyata olan marağın
göstəricisidir. Bu cür yanaşma müasir
dünyanın dialoqa kökləndiyini, bu baxımdan da xalqlar arasında “dialoqu tərənnüm
edən rusdilli ədəbiyyatın” (N.Leyderman) hələ
uzun zaman aktuallığını itirməyəcəyini
proqnozlaşdırmağa imkan verir.
Lalə HƏSƏNOVA
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.19.