İŞIQ
AXTARIŞINDA: 2024-cü ilin ədəbi prosesində gənclik
İlk çərəyini
yaşadığımız XXI yüzilin əsas səciyyəsi
olan sürət təkcə
hadisələrin, proseslərin dəyişməsini
şərtləndirmir, bu sürət axını daha
çox mahiyyətləri yeniləyir.
Həyatın hər sahəsində, xüsusən, müstəqil dövlətçiliyi
ağır sınaqlarla üz-üzə qalmış Azərbaycanın
2020-ci ilin payızından başlayaraq, Zamanın keyfiyyətini,
axarını yeniləyən uğurları və
inkişafı fonunda
ictimai-siyasi məzmun dəyişikliyinin korrektə etdiyi
mədəni-mənəvi proseslər də yeni mahiyyət
qazandı. Dövlətçiliyin möhkəmləndirilməsində
son dərəcə zəruri olan milli birliyin, milli ruhun qorunmasına nail olmuşAzərbaycan
təkcə haqq işi, doğma
torpağı uğrunda vuruşmadı, təyinləri
dəyişdi, epik siqlətli süjetyaratma ənənəsini
cilaladı, təkcə hərb, qəhrəmanlıq,
barış tarixinin janr və üslubi keyfiyyətlərini
yeniləmədi, ahəngi tamamladı. Bu tarixi uğurlar yeni
dünya nizamında təyinedici rəng qazandıqca, qalib
ruhun cövlanı milli mədəniyyətin, sənətin,
ədəbi-bədii düşüncənin ərazisində
havanı, ovqatı və intonasiyanı dəyişdi. Bu sətirləri
bu mətnin müəllifi yazmır, mahiyyət etibarilə, bu
fikri Azərbaycan gəncliyi yazdırır. Birlərin Birlik
olduğu gərgin, mürəkkəb və möhtəşəm
44 gündə – savaş bölgəsində olduğu
kimi! Bu gün hər kənddə, hər şəhərdə
dincliyə keşik çəkən şəhid şəkilləri,
yollar boyu sıralanan posterlər Azərbaycanı
qarış-qarış, addım-addım birləşdirən,
Bütöv eləyən Azərbaycan gəncliyinin kimliyidir. Və onlar hər yerdədir!
Azad Şuşada ənənənin davamı kimi
yaşanan o anların fatehi həmin
gənclərdir və gənc fatehlərin
çıxışından sonra, subyektiv düşüncə
başqa çıxışlara
yer tanımırdı. Hərbi geyimdə, əl
ağacının köməyi, protez dayaqların dəstəyi
ilə, amma məğrur heysiyyətlə, qazi – şairlər
yaşadıqları ölüm
ağrı-acılarını, itki qubarını şeirin
dili ilə etiraf etməklə yanaşı, bir daha sübut
etdilər ki, gənclik xalqın özünəməxsus
sosial idealının və mənəvi normalarının
daşıyıcısıdır hələ də. “Azərbaycan” jurnalı “Sözü Vətən olanlar”
layihəsində 39 şəhid və qazi gəncin bədii yaradıcılıq
nümunələrini dərc etməklə, ədəbiyyatın
haqq savaşında gənc ədəbi nəslin də olduğunu sözün və düşüncənin
yaddaşına bir daha qeyd etdi.
Hesab edirəm ki, həmin şəhid gənclərin adlarını burada
qeyd etmək heç də
artıq görünməz: Elzamin Əhmədov, Mehman Yusifov, Murad Nağıyev,
Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Mikayıl
Vahabzadə, Nadir Zəkarayev, Mirsalam Cəfərov, Saleh
Əliyev, Kərim Əhmədəliyev,Samir
Şükürov, Nəcməddin Savalanov. Onlar bundan belə də ədəbi gənclik
sıralarında olacaqlar.
Ötən ilin ədəbi prosesində gəncliyin
yeri ilə bağlı məruzəyə
“uzaqdan” giriş günümüzün kütləvi mədəniyyət
dəbindən, sənət, yaradıcılıq
mühitinin təbiətindən
qaynaqlanır.Ədəbi proses, bir növ, cəmiyyətdə,
xalqın həyatında baş verənlərin analitik
bekqraundudur və yuxarıda xatırlatdığımız
sürət və sərhədsiz çıxış imkanları
ədəbi prosesin mənzərəsini bütövlükdə
izləmək, araşdırmaq və təhlil etməkdə
çətinlik yaradır. İnternet ədəbiyyatı,
onlayn kitab, metavers dövrü, blockchain texnologiyaları insan – cəmiyyət üzvi əlaqəsini
qırmağa, “aqoran”ı (qədim Yunanıstanda toplantıların
keçirildiyi meydan) sosial şəbəkələrə
daşımağa cəhd göstərsə də, necə
deyərlər, “demoqrafik keçid”in növbəti mərhələsi
üzünü “virtual dünya”ya tutmuş kimi görünsə
də, süni intellektin həyatın az qala bütün sahələrini
“işğal
yürüşü” sürətlənsə də,
canlı ünsiyyət, yaradıcılıq, ədəbiyyat
“bir yaşıl ada kimi” özünü qorumaqda davam edir. Hələlik
kitab təqdimatları, sərgilər, müsabiqələr,
çap nəşrləri bu “səlib
yürüşü”nün qabağında duruş gətirir.
Prezident İlham Əliyevin 2 iyul 2013-cü il tarixli,
934 saylı fərmanı ilə
təsis etdiyi Gənclər üçün Prezident mükafatına 2 fevral
– Gənclər
Günündə ədəbi gəncliyin nümayəndəsi Ulucay Akif layiq görülüb. AYB
üzvü olan 20 gəncə
Prezident təqaüdünün verilməsi ötən
il də davam etdirilib. Aylıq ədəbi orqanlarda dərc olunanlara qonorar verilməsi,
bu imkan bu günün reallıqları fonunda çox az olsa
da, stimuldur. Yaradıcı,
ağıllı münasibətin yox, nəfsin və
emosiyanın idarə etdiyi səviyyənin
azadlığını təbliğ edən kütləvi mədəniyyət
dövründə bazar münasibətlərinin diktəsinə boyun əyən
mühitdə qazancın mənəvi kapital adına xərclənən
əxlaqi sərvətlərini talan etməsi fonunda dövlətin
gənclər siyasətinin olması çox vacibdir.
Çünkibütövlükdə psixoloji aşınmalara
məruz qoyulmuş insanı, sosial şizofreniya
yaşamağa məhkum qalmış cəmiyyəti gözləyən
təhlükələrin kütləviləşməsi həm
də onların "zamanda davamlılığı"nı
şərtləndirir. Ancaq həmişə xaos,
anlaşılmazlıq, nizamsızlıq və ümidsizlikdən
xilas olmağa bir fürsət var.
Bu fürsətə inandıran iki məqamdan biri Rolan
Bartın “Tarix – bizim
Tariximiz indi bizə yalnız bəzi
fikirlərimizi dəyişməyə və fərqli şəkildə ifadə
etməyə, bəzi şeylərdə daha da irəli getməyə,
bəzi şeylərdən isə imtina etməyə imkan
verir” fikridir. Digər məqam isə budur ki, 2024-cü ilin ədəbi mənzərəsində
tanış ola bildiyimiz yaradıcılıq nümunələrində
gəncliyin obrazı bütövlükdə bir gənc şairin – Yeqzar Cəfərlinin
misrasını xatırlatdı:
Hər birimiz bir ümidin közüyük”.
Biz də daha çox “köz” işartısı sezilən bəzi
nümunələr üzərində dayanmaq niyyətindəyik.
Ədəbi müsabiqələrdən
başlayaq. 2024-cü ilin
noyabrında TEASPress Nəşriyyat
Evi ikinci dəfə təşkil etdiyi “Gənclərin Roman
müsabiqəsi”nin ilkin
seçim mərhələsinin
nəticələrini elan etdi.
18-35 yaşarası müəllifləri əhatə edən
müsabiqənin ikinci mərhələsinə təqdim
olunmuş 93 müraciət arasından münsiflər heyətinin seçdiyi qısa
siyahısında 10 imzanı təqdim etdi: Mahir Abbasov “Şərin qürubu”, Orxan Həsənli
“Berlindəki xarıbülbül”, Pərvin İsmayılov
“İlğım”, Fatimə Qədirzadə “Qarabağ
çiçəyi”, Hüseyn Qəhrəmanov “Görünməyən
rəng”, Fərid Məhərrəmli, “Əmanət”, Samir Məmmədov
“Zona”, Gülü Mustafayeva “Yolçu ruhlar”, Vasif Zahidov,
“Sonuncu istintaq” əsərləri ilə ədəbi prosesə yeni adlar və maraqlı mövzularla
daxil ola bildilər. 2022-ci ildə
elan olunmuş ilk müsabiqənin beşliyinə daxil
olmuş Əfrayıl Abbaszadə
(“Mənguberdi”), Əşrəf Əşrəfov (“Gecənin
ən qaranlıq anı”), Seymur Həmzəyev (“Nikolas Bonnet –
Şərqə aparan hekayə”),
Elay İsmayılov(“Günah”)
və Pərvin İsmayılov (“Xanədan”)
imzaları münsiflərin rəyinə
əsasən, potensialları ilə
ümidverən müəlliflərdən bəziləri, az
sonra ədəbi prosesdə öz adlarını təkrar səsləndirdilər.
Məsələn, Pərvin İsmayılov ikinci müsabiqədə
də qısa siyahıya düşdü, Seymur Həmzəyevin
adını isə başqa bir müsabiqənin qalibləri
sırasında, özü də birinci yerdə gördük. Müsabiqənin
şərtlərinə əsasən, yekun mərhələsində
iştirakçılar arasından 3 qalib seçilir, I yerin
qalib əsərinin çap olunaraq
LİBRAFF kitab
mağazaları şəbəkəsində təqdimatı keçirilir. Və üstəlik,
II müsabiqədə qalibə
3000 manat pul mükafatı verilir. Bu sıralama II yerin qalibi
2000 man, III yerin qalibi 1500 manat
ardıcıllığını nəzərdə
tutur. Layihənin məqsədi
yeni imzaları üzə çıxarmaq, gənc
yazıçıların tanıdılması, eləcə də
milli və bəşəri dəyərləri
təbliğ edən mövzuları roman janrının
imkanları ilə oxucuya
tanıtmaqdır.
2017-ci ildə təsis olunmuş Mir Cəlal adına
hekayə müsabiqəsi
“Ədibin Evi” Ədəbiyyat Fondunun hekayə
janrının inkişafına töhfə vermək missiyası
ilə Azərbaycan ədəbiyyatının zənginləşməsinə xidmət
edir. İki ildən bir təşkil
edilən müsabiqə, böyük axın və
güclü marağı nəzərə alaraq, 2023-cü ildən
başlayaraq, hər il keçirilir. Bu illər ərzində ənənəvi
müsabiqəyə həm peşəkar, həm də həvəskar
yazıçıların təqdim etdiyi 2000-ə yaxın
hekayə qiymətləndirilib. 2024-cü ildə nəticələri
elan olunmuş IV müsabiqənin
qalibləri 230 müəllifin
261 hekayəsi arasından seçilib. Maraqlı cəhət budur ki,
iddiaçıların yarıdan çoxu gənclərdir və
daha xoş olan budur ki, qaliblərin sırasında da gənclər
üstünlük təşkil edir, həm də ədəbi
ictimaiyyətin heç tanımadığı imzaların
qalib olması sevindirir. Ötənilki hekayə müsabiqəsinin 6
qalibindən 4 nəfəri gənc imzalardır və bu
imzalar bu uğuru münsiflərin
yekdil rəyi ilə əldə ediblər. Moskvada yaşayan gənc
yazıçı Leyla Əliyeva (“İşıq”) I yerə
və 3000 manat pul mükafatı, Nuranə Abbasova
(“Yanğınların dili olsa”) II yeri istedadlı nasir
Yaşar Bünyadla (Əhmədov) (“Heyvagülü”)
bölüşsə də, hər ikisi 2000 manat pul mükafatına
layiq görülüb.
Üçüncü yerin 3 qalibindən ikisi Asim
Arazlı (“Kələntər dayı”) və Aysel
Şıxlı (“Sonsuzadək gülümsəyən
uşaq”) (o da Azərbaycandan kənarda
yaşayır), Aliq Məmmədov (“Naqafil alver”) 1000 manat pulla
mükafatlandırılıblar.
Xatırladaq ki, yuxarıda
qeyd etdiyimiz kimi, roman müsabiqəsində seçilən
azlıq sırasında adını çəkdiyimiz Seymur Elsevər 3-cü hekayə
müsabiqəsinin birinciliyinə layiq
görülmüşdür. Münsiflər heyətinin
görkəmli ədəbiyyatşünas, yazıçı,
şair və naşirlərdən ibarət tərkibinə ötən il Azərbaycan
Yazıçılar Birliyi Gənclər
Şurasının sədri Fərid
Hüseyn də daxil edilib. Bu, həm də, prosesin qiymətləndirilməsi
kimi məsuliyyətli işə gənclərin cəlb
olunması təşəbbüsü və onlara verilən
avansdır. Yeri gəlmişkən,
bu mənada akademik İsa Həbibbəylinin Nizami adına
Ədəbiyyat İnstitutuna rəhbərliyə gəldikdən
dərhal sonra, Gəncləşdirmə siyasətini
aktuallaşdırması, ümumən ədəbiyyatşünaslığın ədəbiyyatı gerçəkliyə,
real, konkret və dəqiq izah olunmuş fakta çevirmək təyinatında
gənc ədəbiyyatşünaslara yer verməsi, ədəbi gəncliyin
ədəbi prosesdəki yerinə ayrıca məruzələr
səviyyəsində diqqət ayırması, gənc ədəbiyyatşünasların
tədqiqatlarına gündəlik diqqəti işin
dinamikasını şəxsən izləməsi, nəticə
etibarilə ədəbiyyatşünaslıq məktəblərinin layiqli
davamçılarının
yetişdirilməsi kimi nəcib məqsədə xidmətdir.
Müsabiqənin şərtlərinə uyğun
olaraq, nəticələr elan olunduqdan sonra qalib hekayələr “Azərbaycan” jurnalında dərc olunur. IV müsabiqənin
qalib hekayələri ilə jurnalın 2024-cü il 6-cı
nömrəsində tanış olmaq mümkündür.
Ötənilki müsabiqənin qalibləri ilə
bağlı kədərli bir faktı da qeyd etməyi borc bilirəm.
Çox təəssüf ki, istedadlı
yazıçılarımız – hekayəsi yüksək dəyərləndirilmiş,
potensialı böyük ümidlər vəd edən Asim
Arazlı, ədəbiyyata gec gəlsə də, ciddi
nasir imzası, ədəbi əxlaqı ilə nümunə olan Yaşar
Bünyadı, eləcə də gənc yazıçı
Mahmud Mahmudlunu, yaradıcı istedadı böyük ümidlər
verən Rauf Ranı amansız əcəl
sıralarımızdan apardı və fərqi yoxdur, ötən
il, yaxud bu il,
dünyasını dəyişən bütün
yazıçılarımızın əziz xatirəsinə
ehtiramımızı bildirir, dərin hüznlə yad edirik.
Ötən ilin daha bir
hekayə müsabiqəsini
“Ulduz” jurnalı və Ədəbiyyat Fondunun Xalq
yazıçısı Anarın 85 illik yubileyi münasibətilə
təşkil etmişdi. Ədəbiyyatşünas
Bədirxan Əhmədli
müsabiqənin 3 qalibinin
– Cavid Babayevin
“Üçnəfərlik motosikletlər", Orxan
Cuvarlının “Daş”və
Xan Abdullanın (Xanbala Mahmudov) “Yazgülün nənəsi”
hekayələri ilə bağlı fikirlərini Tənqid rubrikasında “Üç
hekayəyə bir baxış”
məqaləsində bölüşür. Professorun gəldiyi
ümumi qənaət: “Bu hekayələr onu təsdiq edir ki, nəsrimiz
onların yaradıcılığı ilə dil, üslub,
obraz, ideya baxımından dəyişib və yeniləşib.
Süjetli nəsrin ən kiçik və çətin
formalarından olan hekayə janrında bu cür
uğur onların gələcək yaradıcılıq
yoluna tutulmuş aydın bir işıqdır.” Əsas olan bu
işıqdır. Əsas olan
inandırmaq bacarığıdır. Əsas olan odur ki,
müəllifin həqiqəti ədalətə çevirmək
bacarığı ilə ortaya gələn mətn ədəbiyyat
faktı ola bilsin.
Gənc tənqidçi Ülvi Babasoy ötən ilin
nəsri olmasa da, “Amanabənd” romanı ilə bağlı
düşüncələrini qələmə almaqla, bu əsəri,
bir növ, ötən ilin ədəbi prosesində dövriyyəyə
qaytarıb. Və deyək ki, yaxşı da edib. Gənc yazıçı Cavid
Ramazanovun yaradıcılığına diqqət yönəldən
yazısında həm də müəllifi daha yaxşı
tanımağa maraq oyadır. Və Cavidin müsahibələri,
öz romanı ilə bağlı fikirləri maraqlı, kifayət
qədər intellektli, istedadı olan bir yazıçı
obrazı ilə oxucunu məmnun edir.
Ötən il həm də “Ədəbiyyatda
postmodernizm:oyun estetikası” adlı dərs vəsaiti (“Hədəf”
nəşriyyatı, Bakı,2024, 208 səh.) çapdan çıxmış
filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoy sənətin estetila və inestetikasını gənc
yazıçı Cavid Ramazanovun “Amanabənd” romanı
kontekstində izləyir. Bayaq qeyd etdik; roman 2024-cü ilin nəşr
faktı olmasa da, tənqidçi “Ulduz”un 2024-cü il yanvar sayında bu əsəri,
əslində müasir Azərbaycan romanının
dinamikasını incələmək
niyyətilə incələyir və bu baxımdan
uğurlu sayır.
Kəm-kəsirləri, müəllif cəhdləri
fonunda “Amanabənd”in fikir, ifadə,
struktur estetikasında lokallaşmasının səbəblərini
izah edir, həm də onu “işığı közərən
roman janrımızda yeni bir işıq, yeni bir məzmun,
Bakıya və sevgiyə yeni bir baxışyaratma cəhdi”
kimi, müəllifin potensialına ümidlə, kifayət qədər
iddialı əminliklə, təkcə oxucuya yox, Azərbaycan
yazıçısına, ədəbiyyat adamlarına
tövsiyə edir.
Azərbaycan Yazıçılar Birliyinin 60-cı illərin sonunda ədəbi
gəncliyin birbaşa tribunası kimi
təsis etdiyi, profil media nümunəsi olan 58
yaşlı “Ulduz” aylıq ədəbiyyat
dərgisinin ötən il bəzi sayları birgə layihələr
kimi düşünülmüşdür:Yanvar nömrəsi
jurnalın C. Cabbarlı adına Respublika Gənclər
kitabxanası, həm də “525-ci qəzet”lə yeni nəsil: tənqid, 3-4-cü
birləşmiş sayda layihə ortağı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun uşaq ədəbiyyatı şöbəsi
olub. Yanvar nömrəsində bir neçə gənc tənqidçi
çıxış edir. Gənc tənqidçilərin
yazılarında təəssüfedici məqam odur ki, Qərb
ədəbiyyatına, ədəbiyyatşünaslığına
maraq (zəruri olmaqla), diqqət, terminlərə (hətta
qarşılığı milli ədəbiyyatşünaslıqda
gen-bol işləndiyi halda) aludəliyin, bəzən aşırı təsirlənmələrin
fərqinə varılmır, yaxud Qərb ədəbiyyatına
maraq, rəğbət, ayrı-ayrı
yazıçıların estetikasına nabələdlik gənc tənqidçilərin ifadə tərzində də
anlaşılmazlığa gətirir. Daha bir meyil isə, yenilikçi ruhu yalnız
bütün mətnlərdə postmodernizm izləri, elementləri
axtarmaq, bunu görmədikləri mətnləri isə survival
qalıq kimi qiymətləndirmək cəhdlərinin
müşahidə olunmasıdır. Bu mənzərə
Dovjenkonun “Torpaq” filmini xatırladır. Bəlkə, bu filmi
xatırlayanlar azdır, necə deyərlər, köhnəlik
qalığı kimi tarixin zibilliyinə atılıb, amma
traktorun dayandığını görüb onun ardınca
qaçan adamlar, onların
“Traktor dayana bilməz!” harayındakı təlaş....
adamların başını
Allaha yox, uçan aeroplanlara
qaldırması dövrü... bəzən tənqidçiliyə
iddialı olanların yazılarında hiss olunan hər mətnə, hər
yaradıcılığa postmodernizm “gözlüyü”ndən
baxmaqla qiymət vermək cəhdləri milli ədəbiyyatı, milli nəsri
aşağılamaq cəhdləri, nihilist mövqe təəssüf
doğurur və bu meyil yalnız gənc tənqidçilərdə müşahidə olunmur. Hərdən
gənc yazıçılar da yazılarına peşəkar
tənqidçi yanaşmalarının qəliz,
anlaşılmaz dilini, müstəntiq ədasını
anlamaqda çətinlik çəkdiklərini dilə gətirir
və adətən peşəkar
ədəbiyyatşünasların nəzəri-metodoloji
çıxışlarının
yaradıcılıqlarına stimul, istiqamətverici amil ola biləcəyini
düşünənlər də az deyil. Bu yöndən
yanaşıldıqda “Ulduz”un, “525-ci qəzet”in səhifələrində
Əli Əmirlinin dramaturgiya dərsləri, ədəbiyyatşünas
Məti Osmanoğlunun apardığı “Gənc yazarlar
üçün ustad dərsləri”
rubrikası, o cümlədən, Cavanşir Yusiflinin “Kulis.az”
saytında ədəbiyyatın
nəzəri məsələləri
ilə bağlı yazıları ədəbi gəncliyə
yaradıcılıq imkanlarını cilalamağa kömək
məqsədi daşıyır. Gənclərin yaradıcılığına
daimi qayğı və diqqəti ilə seçilən tənqidçilərdən
Vaqif Yusifli, Elnarə Akimova, Nərgiz Cabbarlı, Lalə Həsənovanın
obyektiv, operativ təhlillərini, mətnə, müəllifə yanaşması xüsusi qeyd edilməlidir.
Gənc tənqidçi Ülvi Babasoyun artıq
neçə ildir tanış olan imzasını izləməyə
marağı təmin edən filoloji esseləri Azərbaycan ədəbi
tənqidinə yeni, özünəməxsus çalar qatan nümunələr
sırasındadır. Onun
2024-cü ilin yanvarında
yazdığı “Fərd olmağın harmoniyası”
essesi Azərbaycan romanını, ən azı, yarım
əsr irəli sala bilmiş Yusif Səmədoğlu, İsa
Hüseynov, Çingiz Hüseynov
“üçlüyü”nün özəlliyini səciyyələndirən
əsas amili – “Yusif Səmədoğlu və İsa
Hüseynovdan sonra Azərbaycan ədəbiyyatında
Çingiz Hüseynovla da “təhkiyə meşələrinə” səyahət başladı“ qənaətində
ümumiləşdirməklə yanaşı, Çingiz
Hüseynovun obrazını son dərəcə dəqiq,
aydın və ən əsası, fərqli şəkildə təqdim edir:
“Çingiz Hüseynov Azərbaycan ədəbiyyatında bir
etalon idi. Yaradıcılığında kəsir və
qüsurlar varıydımı,
vardı. O, Azərbaycan ədəbiyyatında elitist,
avanqardist yazıçı idi. Şəxs olaraq kübar,
elitar şəhər mühitini, xarizmatik yazıçı
simasını təmsil edirdi.Onun haqqında keçmiş
zamanda danışdığım üçün üzr istəyirəm.Hər
kəs öz bioqrafiyasını
yazır və Çingiz bəy Hüseynov bunu ləyaqətlə
tamamladı..., o, kollektiv
düşüncədən uzaq yazıçı ömrü
yaşadı.Fərd kimi yaşamağın gözəl
melodiyası idi bu... Onun ədəbi missiyası... “Fətəli
fəthi” romanı oldu”.
Gülnar Səma Ulucay
Akifin “Pulaxtaranlar” hekayəsində,
“bədii mətn kimi mükəmməllik” gördüyü qənaətindədir,
ancaq bu mükəmməlliyin təfərrüatlı şərhi
fonunda “hekayənin ümumilikdə çox sadə olması”
nəticəsi oxucunu nagüman qoyur.
Yanvar sayına imzası
ədəbi prosesdə tez-tez görünən Elnarə
Qaragözova redaktorluq edib. Burada da özünə sadiq qalaraq,
müraciət etdiyi bütün mətnlərdə postmodern
estetika axtarışını davam etdirir.
Başadüşüləndir; elmi-tədqiqat mövzusudur.
Redaktorluq etdiyi bu say
üçün, məlum kontekstdə təhlil obyekti kimi tənqidçinin gənc bir
imzanı seçməsi
peşəkar etika baxımından daha məntiqli
olardı, nəinki “Ulduz” jurnalının baş redaktorunun nəsrini.
Ədəbi mühitə doğma olan “525-ci qəzet”də, eləcə də,
“Ədəbiyyat qəzeti”nin 27 dekabr sayında gənc tənqidçi Sevinc
Mürvətqızının ədəbiyyatşünas, tərcüməçi
Seyfəddin Hüseynlinin ötən il çapdan
çıxmış “Tərcümə təcrübələri”
kitabı haqqında resenziyası
dərc olunub. Yazının peşəkar səviyyəsi, mətnləri, müəllifi
duymaq, ədəbi təsərrüfatımızda tərcümə ilə
bağlı ustad dərsi səviyyəsində qiymətləndiriləcək
bir nəşr haqqında olan bu yazı resenziyanın az-az rast
gəlinən gözəl nümunəsidir və rezonansı
elə kitabın özü qədər oldu. Onun mətnə səriştəli
nüfuzetmə qabiliyyəti ilə fərqlənən esseləri, gözəl üslubu ilə
də yadda qalır.
Kitab nəşri ilə bağlı vəziyyət necədir?
Əlbəttə, hər şeydən əvvəl, maliyyə
problemləri, günümüzün nəşr mənzərəsi
hamıya məlumdur. Bununla belə, nəşriyyatlar, məsələn,
“Qanun” nəşriyyatı təsdiq
edir ki, sifarişlər üzrə
gənc müəlliflərin müraciəti kifayət qədər
çoxdur. Olsun. Bu gün gənclərin kitablarını nəşr
edən xeyli nəşriyyat adı
sadalamaq olar. Gəncədə fəaliyyət göstərən
“Kitab Oxu” nəşriyyatının
ötən il buraxdığı iki gənc müəlliflin
kitabını aldım: Adil Samirin “Səndən nigaranam”
romanı, Aydın Kərimlinin “Sonuncu təbəssüm” hekayələr
kitabı. “Səndən nigaranam” adı çox
tanışdı.
Üç hekayəsini oxucuların mühakiməsinə verən
“Sonuncu təbəssüm”ün müəllifi debüt
intizarını annotasiya zəmanətinə etibar
edib, annotasiya da oxucuya vəd edir ki: “Kitabdakı hekayələrin
fərqli-fərqli süjetləri olsa da, adama elə gəlir
ki, onlar vahid bir əsərin parçalarıdır. Şirin, axıcı dil, gözəl
təbiət təsvirləri, rəvan təhkiyə,
maraqlı dialoqlar...mərhəmət, sevgi, vicdan,
peşmanlıq, qisas...” Bir sözlə, insan halı,
tanış insanlar. Amma bəzən
baxdığımızı görürükmü?
Gördüyümüzü tanıyırıqmı? Təhsildə sosial-psixoloji xidmət
üzrə ixtisas almış gənc müəllifin ilk
kitabını hansı hisslərlə oxuyub, hansı hisslərlə
bitirəcəyik, fərq etməz, debütün
uğurunu,oxucu marağını
arzulayaq. Gəncədə yaşayan gənc müəllif
ədəbi proseslə görüşə gəlib. Bu sətirləri
yazıram, özünü (“Şərq.az” 18.03. 2024) Hər
sözə dönəcək adam deyiləm// Sən məni
Allahın sözüylə çağır – deyə nişan verən Taleh
Mansurun misraları düşür yadıma:
Sevsəniz insanı, ürək görərsiz,
Hər yeri, hər yanı ürək görərsiz.
Bu kələk dünyanı ürək görərsiz,
Gözlərdən boylanıb, ürəkdən
baxın.
(“Ədəbiyyat qəzeti”, 12 oktyabr, 2024-cü il)
Daha bir gəncin yeni kitabı: “Hardasa, olardı 13-14
yaşım”. “Qanun” nəşriyyatında keçən il
çıxan bu kitab Vüqar Vanın 3-cü romanıdır.
Kitabın 3 redaktorunun hər birinin əsərlə
bağlı fikri sanki oxucunu yönləndirir. Seymur Baycanın
“Vüqarın romanı oxuyacağınız ən gözəl
əsərlərdən biri olacaq” əminliyindən sonra Şəhriyar
Del Geraninin təəssüratı
yolayrıcındadır:”...təkrar oxuyanda gördüm, yox,
ilk dəfədir...” Nadir Yalçına görə bu, həyatın
müxtəlif üzləri ilə
tanış olanların manifesti, maraqlı süjet, oxucunu
özünə cəlb edən situasiyalarla zəngin
romandır. Olsun. İlk baxışda adama elə gəlir
ki,eksperimentlərə meyilli, dinamik Vüqar Van həmişə hər yerdə
var, həmişə harasa tələsir, elə tələsə-tələsə,
çaparaq
danışdığı bioqrafik fraqmentləri birləşdirib,
sonra ardıcıllıqla, amma səliqəylə
düzüb. Ancaq mütləq dinləmək istəyirsən,
maraqla gözləyirsən ki, sonra nə olacaq. Təhkiyəsi
rəvandır, gündəlik həyatın sürətini
hopdursa da, büdrəmir. Təbiətini mətninə yansıtmağı bacaran az müəllif görərsən,
amma mənim həm də kitabını aldığım
satıcının təsadüfən müəllif
olduğunu biləndə gördüyüm Vüqar Van
“gördüyünüz” adam deyil. Və mən mütəəssir
baxışından üz-gözünə çilənmiş “təbəssüm”ün bu kitabın müəllifi
olduğuna inandım. Köşə yazılarında və “cığallıqlarında”
özünü xərcləməyinə heyfsiləndiyimiz bir
neçə yazıçıdan biridir ki, məcburiyyətlərindən
sıyrılıb, oxuyacağımız daha yaxşı
romanlar yaza biləcəyinə inandıran bu kitab, həmin o
yazıçının kitabının, yaxud
kitablarının müjdəçisi və deposudur.
Redaktorluğu, təhlilləri, kredosu da belə deyir. Vüqar
Van o yazıçının gəlişinə
hazırlıq görür. Sağlıq olsun.
Ədəbi prosesi canlandıran, hərəkətə
gətirən kitab müzakirələrinin əhəmiyyəti,
faydası Ədəbiyyat İnstitutunun müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin
“Ədəbiyyat qəzeti” ilə birgə təşkil
etdiyi müzakirələr
fonunda cavab axtarılan suallarda
daha yaxşı ifadə olunur. Ötən ilin yazında gənc
yazıçı Ataqanın
“Qanadlı körpü” kitabının müzakirəsi
“yaxşı hekayə necə yazılmalıdır? –
sualına cavab axtarışı və “Janrın tələbi
nəzərə alınan, təhkiyəsi ədəbi təcrübədən
yararlanan mətn yaxşı alınacaq”(Tehran
Əlişanoğlu) nəticəsi
ilə maraq doğurur. Gənc yazıçı Orxan Həsəninin
“Və dalğalanırdı yaddaş dalğası”
romanının müzakirəsi fonunda gənc nəsr
üçün çevik düşüncənin dinamik
yazı dilinin vacibliyi vurğulanıb.
Ötən il dövri nəşrlərdə gənc
imzalar necə görünüb?
XX əsr Azərbaycan ədəbiyyatının
inkişafı milli mətbuatın təcrübəsi ilə
sıx bağlı olub. Cari ədəbi prosesi əks etdirən,
istiqamətləndirən və tarixiləşdirən mənbə
olan ədəbi jurnallar ədəbiyyatın estetik
obrazının, ideya-məzmun istiqamətinin dəyişməsinin
mənzərəsini verməklə yanaşı, onu izləməyə
imkan verir. Alternativ ədəbi-mədəni tribuna və
platforma olmaq iddialarının nümayişi olan nihilist
mövqe, ədəbi nəsillərə
dözümsüzlük fonunda sağlam, ağıllı, dərrakəyə
sığışacaq həddə yeniliyi
alqışlamağın tərəfdarı olan klassik “Azərbaycan” jurnalı, peşəkar
yazıçıların tribunası olsa da, istedadlı gəncliyin
özünüifadə imkanlarını Ədəbi gənclik, Debüt, Gənc
tənqidçinin tribunası rubrikalarında təmin edir.
2024-cü ildə jurnal Tural Cəfərli,
El Roman, Günel Ağazadə, Fərid Hüseyn, Elvin
İntiqamoğlu, Fərqanə Səfərli, Səbinə
Xosiyeva, Günel Rəcəb, Pərviz Qurbanlı, Leyla
Əliyeva, Nuranə Abbasova, Həmid Piriyev, Asim Arazlı, Aysel Şıxlı,
Əfsanə Rəvan, Səddam Laçın, Mir Kamilin
yazılarına tribuna oldu. “Ədəbiyyat qəzeti” və
“Ulduz” jurnalı bu adlara əlavə
kimi Taleh Mansur, Nadir Yalçın,
Təvəkkül Boysunar, Eminquey, Orxan Saffari, İntiqam
Yaşar, Ulucay Akif, Yeqzar Cəfərli, Aysel Zülfüqar, Gülay Tahirli, İlkin Öz, Bəşir
Niftəliyev, Fərqanə Səfərli, Rəvan Cavid, Nihat
Pirin yaradıcılığından nümunələr təqdim
etdi. Əslində, bu imzalar ədəbi
prosesdə, bu və ya digər platformalarda, həm nəsrdə,
həm poetik ovqatda, tərcümə sahəsində, ədəbi
essedə fəaldırlar. Görüntülər
ayrı-ayrılıqda bəzən
gözlənilməzliklərlə sevindirir, bəzən gözləntiləri
sozaldır. Olsun. Heç bir yaradıcılıq həmişə
yüksəliş nümunəsi ola bilməz. Heç bir şair də tənqidlə
istedadlı olmaz. “Ulduz” jurnalı bəzən onların
“Özü ilə söhbət” rubrikasında sərbəstliyinə
imkan yaratdı.
Gəncliyin maksimalist ruhu
hər nə qədər güzəştə hazır
olmasa da, bu gün də müşahidə olunan
inkarçılıq, ənənəvi dəyərlərdən
tez-tələsik imtina olunması, xüsusən, yeni dəyərlər yaradılmadan “köhnə” dəyərlərin arxivə
göndərilməsi, onlardan
üz döndərilməsi,
yaxud ənənəvi dəyərlərin inkar
olunması, hətta bu, ən yeni postmodernist
konsepsiyanın səciyyəsi olsa belə, heç
də yaxşı deyil. Gəncliyi
itaətkarlığa dəvət heç deyil. Sınaqdan
çıxmış “ən
yaxşı yeni – unudulmuş köhnədir” nəticəsi ehkam
kimi qiymətləndirilməyə layiqdir,
həm də ona görə ki, cəmiyyətin də,
fərdin də inkişafının
keyfiyyəti dəyərlərin sintezinə nail
olmaq və onlara yaradıcı yanaşmaqdan asılıdır.
Başadüşüləndir ki, Mədəniyyəti təkcə yaradılanlar deyil, həm də
yaradılanlara münasibət kimi qavrayan, qəbul
edən düşüncədən yanaşılsa, klassik
ədəbi irsə münasibətdə diqqətli
və həssas yanaşma
müasir ədəbi
prosesin əsas keyfiyyət göstəricilərindən biri kimi
xarakterizə
olunmalıdır. Klassik
irsə dəyər səviyyəsində münasibət – tarixə müraciət, klassik
irsin tədqiqi və təbliği, sənətkarların təcrübəsindən
bəhrələnmək,
ayrı-ayrı sənətkarların
yaradıcılıq nümunələrinə nəzirə, təbdil və
iqtibaslar, ən başlıcası, ənənəyə novatorcasına yanaşma
– müasir ədəbi
prosesin inkişaf etdirilməsində, onun bir sıra
problemlərinin həllinə istiqamətlənmiş yanaşmalarda, gənc ədəbi nəsillərin
düzgün istiqamətlənməsində mühüm
ictimai-estetik amillərdəndir.
Südabə AĞABALAYEVA
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.20-21.