BÖLGƏLƏRDƏ
ƏDƏBİ HƏYAT – 2024
Ədəbi prosesi illər üzrə təhlilə cəlb
etsək də, araşdırmalarımız onu göstərir
ki, bir öncəki ildə olan yaradıcılıq
tendensiyası ənənəvi şəkildə davam edir. Bu
fikir və ideya gedişi eyni mövzuların müxtəlif qələm
sahiblərində təzahüretmə səviyyəsində
aşkarlanır. Klassik təfəkkürü əks etdirən
mövzular üstünlüyünü qorusa da, müasir insan
obrazı və onun duyğuları da diqqət mərkəzində
olmuşdur. Bölgə ədəbiyyatında bir neçə
xətt üzrə fəaliyyət istiqaməti müşahidə
edirik: a) Strukturun mətn kontekstində işlənməsi
keyfiyyəti nəzərə alınaraq, yaradıcılıq
prosesini çağdaş nəzəri prinsiplər müstəvisində
inkişaf etdirmək. Bu da janrlar nöqteyi-nəzərindən
mövcud ənənənin üzərində yeni nümunələr
yaratmaq cəhdini şərtləndirir. b) Mövzu
baxımından müşahidəçi funksiyasını
yerinə yetirib, zamanın nəbzini tutan bədii örnəklərə
üstünlük vermək. c) Şifahi xalq ədəbiyyatından,
mifologiyadan məzmunu zənginləşdirmək
üçün istifadə çoxluğu. ç) Tarixi
mövzuya müraciət uzaq keçmişlə bu gün
arasında əlaqə yaratmaq tələbatından irəli gəlir.
Poeziyada ənənəvi mövzular hakimdir. Nəsrdə
tənqidi mühakimə, dramaturgiyada katarsis məzmun əsasdır.
XX əsrin 80-ci illərində Kamal Talıbzadə tərəfindən
bədii yaradıcılıqda tələb səviyyəsində
qoyulan “Yazıçı və müasir həyat” probleminin
XXI əsrdə bölgə ədəbiyyatında təzahürünə
baxdıqda nəsr və dramaturgiyada üzə
çıxdığını qeyd edə bilərik. Poeziyada
çağdaş zaman xalqa bağlılıq, millilik və Vətən
sevgisi ilə həmahəngləşir. Vətənpərvərlik
şairin mənəvi keyfiyyəti kimi özünü
göstərir. Poeziya haqqında yekun fikrimiz budur ki,
bütün regionları birləşdirən cəhət “Azərbaycançılıq”
ideologiyasıdır.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik
ili” elan edilməsi əlamətdar hadisədir. Azərbaycanın
beş milli prioritetindən biri “Təmiz ətraf mühit və
yaşıl artım ölkəsi” olmasıdır. Bu dövlət
siyasətinə ədəbi mühit çərçivəsində
diqqət Azərbaycan Yazıçılar Birliyinin
“Yaşılım, yaşılım, hara gedirsən?”
şeirlər toplusunda özünü göstərir. Bu
topluda bölgələrdən olan şairlərin də
şeirləri yer almışdır. Azərbaycan
torpağını gəzməkdən doymayan Ağasəfa, fəsillərin
dəyişməsi ilə möcüzəyə çevrilən
təbiətə laqeyd münasibətin gələcəkdə
pis nəticələrə səbəb olacağına
işarə verən İsmayıl İmanzadə, insanın
öz xeyrini düşünərək təbiətə
vurduğu ziyana etiraz edən AY Bəniz Əliyar,
quşları ovlayan ovçu qismində poetik obraza
çevrilib sorğularla mənəvi dünyasını
mühakimə edən Barat Vüsal, insana məxsus xüsusiyyətləri
təbiətin gözəlliyi ilə uyğunlaşdıran
Vaqif Aslan, təbiətin oyanışı ilə insan
dünyasında yaz fəslinin gələcəyinə inanan
Zakir Məmməd, baharın gəlişindən
ilhamını götürən Həsənəli Eyvazlı,
Sahib İbrahimli, təbiətin nəğməsindən
şeirlərini yazmağa başlayan Nuranə Təbriz,
ömrün qış lövhələrinə yol gedən
Ramiz Qusarçaylı, dağların seyrinə
çıxmağı arzulayan Elvin Nuri təbiətlə
insan arasında olan münasibəti müəyyənləşdirməyə
çalışmışlar. Qafar Qərib Naxçıvan
dağlarını, Zeyqəm Vüqar Batabatın gözəlliyini,
İbrahim Yusifoğlu Şərurun Sarıbulaq
yaylağını, Elxan Yurdoğlu isə Göygölü təbiətin
insan düşüncəsinə təsir edən möcüzəsi
kimi vəsf etmişdir. Sumqayıtdan olan Ofelya Babayeva, Məmməd
İlqar, Rafiq Yusifoğlu, Rəfiqə Şəms, Əli Nəcəfxanlı,
Natiq Qubadoğlu, Emin Piri, İbrahim İlyaslı, Xatirə Fərəcli
yaşıl dünyanın insanın həyatında əhəmiyyətinə poetik çalarla diqqəti yönəltmişdilər.
Cənubdan Aygün Abbas, Arif Fərzəli, Çoban Arif,
Elxan Şovulu, Xanəli Toliş, Mərasim Hacızadə,
Müşfiq Məmmədov, Namik Bağırov, Nurməmməd
Ağa, Ofelya Nəzərova, Samit Nuriyev, Sərraf Talıb təbiətin
insanın duyğuları ilə harmoniyasını tərənnüm
etmişdilər.
2024-cü ildə dahi Azərbaycan şairi və
mütəfəkkiri Məhəmməd Füzulinin anadan
olmasının 530 illiyinin qeyd edilməsi ilə bağlı mətbuatda
və elmi mühitdə bir sıra tədbirlər
keçirilmişdir. Bölgələrdə poeziyada
Füzuliyə nəzirə yazan şairlər də az
deyildir. Ağamir Cavadın Füzulinin “Vətənimdir, vətənimdir,
vətənimdir, vətənim” şeirinin təsirində
yazılan qəzəlində birinci beytin qafiyələnmə
sistemi Füzuli ilə eynidir. Ağasəfa
onun “Qəd ənarəl-eşqə-lil-üşşaqi
minhacəl hüda! / Saliki-rahi-həqiqət eşqə eylər
iqtida” beyti ilə başlayan qəzəlinə nəzirə
yazmışdır. Füzulinin təsiri ilə
yazılmış bu şeirdə vəhdət vadisində ustad yanında məşq etməkdən
zövq aldığını ifadə etmişdir. Ağasəfanın
şeirində ilk üç misra onun, axırıncı iki
misra isə Füzulinin qəzəlindəndir, yəni təxmis
nümunəsidir.
Poeziyada lirik “Mən”in
işlənmə meyarları fərqlidir. Sərvaz
Hüseynoğlunun şeirlərində sənətkarın “mən”i
“sən”in içərisində itir. Orxan Fikrətoğlunun “Mən”
obrazı şairin daxilinə yönəlir. Hüseyn
Bağıroğlunun, Xanəli Kərimlinin şair “mən”i
cəmliyə tabe edilir. Fazil Əsədin (Beyləqan) “mən”i
sorğu-sual axtarışındadır. Barat Vüsalın
(Qazax) “mən”i təzadların arasında özünə yer
tapmağa çalışır. Arif Buzovnalının (Xəzər)
lirik “mən”i subyektiv hisslərin Vətənə sevgi
notları ilə bağlanmasında üzə
çıxır. Fəxrəddin Əsədin (Ağdaş)
“mən”i xatirələrin izinə qovuşub qaranlıqdan
çıxmağa çalışır. Ağasəfanın
(Xızı) birinci şəxsin
dilindən yazılan şeirlərində ictimai fikirdə “mən”
bütövlük anlayışını
ifadə edir, ədalətin bərpasına xidmət
edir, kəskin ifşa əsasdır. Zabil Pərviz
(Neftçala) dəyişən zamanda itirilən gəncliyini
doğuran səbəbləri poeziyasına mövzu seçir,
vaxt anlayışı “mən”in içində gizlənir.
Adilə Aslanova (Zaqatala) günahlarının içində zərrə
olan “mən”lə arzularının içində itən “sən”i
qarşılaşdırır. “Biz ağaclara, divarlara,
torpaqlara yazdıq ismimizi, qanımızla itkin düşməsin
deyə” yazan Gülnarə Cəmaləddin şeirlərini təbiətlə
insanın müqayisəsi üzərində qurur. İbrahim
Yusifoğlunun şair ovqatı Naxçıvandan başlayan
ömrün Bakının təbiətinə uyğunlaşma
prosesində üzə çıxır. AY Bəniz Əliyar
(Şabran) bitən nağıllarda ömrün qadın fəslini
etiraz motivinə kökləyir. İsmayıl İmanzadənin
lirik “mən”i xalqın səsinə çevrilir. Elvin
İntiqamoğlunun (Sumqayıt) içində gizlənən
bitməmiş sətirləri ömrün son günlərinə
qədər ifadəsini tapmaq arzusuna yönəlir. Namizəd
Xalidoğlu (Şəki) heç kəsin şeiriylə dəyişik
düşməyən misralarını diqqətə
çatdırır. Ağamir Cavadın cavabı axtarılan
“mən”inin mahiyyətində Allaha çatan yolda zərrə
dayanır. Yaqut İntizar antonim sözlərdən istifadə
edib bədii təzad yaratmaqla
lirik “mən”i ilə həyatın qəribəliklərini
tərənnüm etməyə çalışır.
Naxçıvan Muxtar Respublikasının 2024-cü
ildə 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli sərəncamı
Naxçıvanda silsilə tədbirlərin keçirilməsinə
səbəb olmuşdur. İlin ədəbi mənzərəsində
bu istiqamətdə bədii yaradıcılıq nöqteyi-nəzərindən
Asim Yadigarın “Bu yol Heydər yoludur”, Rəqsanə
Tapdıqlının “Zəngəzurdan Naxçıvana”
(Naxçıvan Muxtar
Respublikasının muxtariyyətinin 100 illiyinə həsr
edilmişdir), Sevinc Azadlının “Məktubunu oxudum: oxu məktublarımı”,
Məftunə Nurun “Bütün dünya sən yaşayan
küçədir”, Yaqut İntizarın “Ürək
pıçıltılarım” kitabları mühüm rol
oynayır. Asim Yadigarın poeziyası ümummilli lider Heydər
Əliyevə və Ali Baş Komandan İlham Əliyevə həsr
olunmuşdur. Milli kimlik, milli mənsubiyyət
anlayışının gözəl biçimdə ifadəsi
bu şeirlərdə reallığını tapır. “Bir Vətən
var Azərbaycan adında” deyən Sevinc Azadlı doğma
yurdun sərvətini təcəssüm etdirən mənəvi
dəyərləri vəsf edir. Sevinc Azadlının builki fəaliyyətini
həmkarlarından fərqləndirən cəhət əruz
vəznində şeir yazmaq bacarığını
nümayiş etdirməsi ilə bağlıdır. Rəməl
bəhrində olan şeirləri “FəilAtün, FəilAtün,
FəilAtün, Fəilün” təfiləsinə əsasən
yazılmışdır. Onun Vüsal Fateh, Cümşüd
Əli, Ramin Əhmədoğlu, Arzu Əyyarqızı, Bəxtiyar
Neymətov, Azər İqrar, Arzu Tahirqızı, Sakit
İlkin, Vüsal Həbibli ilə şeirləşmələrində
müşairələrdən, deyişmələrdən fərqli
bir məzmun müşahidə edirik. Mübahisə, rəqibi
məğlubetmə məqsədi yoxdur. Şairə şeirləşməyə
daxil olduğu müəllifin fikirlərini təsdiq etməyi,
qüvvətləndirməyi üstün tutur. Ötən illərdə
Qumru Qüdrətin kitabında rast gəldiyimiz şəhidlərə
həsr olunan şeirləri ənənəyə sadiqlik
timsalında Rəqsanə Tapdıqlı davam etdirir. Onun Zəngəzur
arzusu narahat edən duyğuların izi ilə həsrətin
bitəcəyi ümidinə köklənir. Məftunə Nur
poeziyası kimlik axtarışına yönəlir. “Axtarma
möcüzəni, möcüzənin özüsən”
ideyasını təbliğ edən
şeirlərin məzmununda insan duyğularını
dərketmə dayanır. Bu dərketmə prosesində
sorğu-suallarla həyat sanki istintaqa çəkilir,
insanın ən böyük zəfərinin özünü
tanımaq olduğu aydınlaşır. Ruha tabe olan
ağıl, yoxsa duyğusuz ağıl arasındakı
keçid şairəni fikirləşdirən, tərəddüdlər
gətirən məqamlardır. Bir tərəfdən, “ürəyin
öz yeri, ağlın öz yeri” fikrini müdafiə edir, digər
tərəfdən, “Qalıb yol ayrıcında möcüzə
gəzən insan ∕ Ruhun hara baxırsa, sən də o tərəfə
get” müddəasının tərəfdarı kimi
çıxış edir. “Mənim həyatımda tək
möcüzənin, Elə mən olduğun
xatırlasaydın” misrası Məftunə Nurun bütün
yaradıcılığına hakim bir yanaşmadır.
2024-cü il Sumqayıt şəhər statusu
almasının 75-ci ildönümü ilə yadda qalır.
“Sumqayıtın tarix yazan canlı əfsanəsi”
adlandırılan Eyruz Məmmədovun “Sumqayıt – sabahın
şəhəri” kitabı tarixi oçerklərdən ibarətdir.
Ömrünü, yaradıcılığını
yaşadığı və böyüyüb boya-başa
çatdığı məkana həsr etmək Eyruz Məmmədova
məxsusdur. Sumqayıtın dünənini, bu
gününü işləyib gələcəyinin
proqnozlaşdırılması kimi məsul vəzifəni
üzərinə götürən yazıçının
tarixi materialları, sistemli təhlili təqdirəlayiq hadisə
kimi qiymətləndirilə bilər. Tarixi keçmişə
müraciət müasir həyatı daha yaxşı dərk
etməyə şərait yaradır. Mədəniyyət
çərçivəsində şəxsiyyət və onun
ədəbi mühitdə yeri məsələsi kulturoloq Hafiz
Ataxanlının Sumqayıt Dram Teatrının rejissoru Firudin
Məhərrəmova həsr etdiyi “Altıncı hücrənin
remarkası” kitabında vardır. Samir İmanovun
“Arzularımın rəqsi” kitabı tipik və atipik
insanları inklüziv cəmiyyətin parçası kimi təsvir
edir, fiziki
qüsurlu insanları qaranlıqdan çıxıb
potensialını dərk etməyə həvəsləndirir.
Asif Asiman “Ömür vəfa etsə” kitabı ilə ilin mənzərəsində
seçilməyi bacarmışdır. Rafiq Yusifoğlunun 20
cildliyində bütün yaradıcılığı –
poeziyası, nəsri, publisistikası, monoqrafiyaları,
başqa ölkələrdə yazdığı hekayələr
toplanmışdır.
2024-cü ildə isə Gəncə ədəbi
mühitini Xəzangül, Qərib Mehdi, Fazil Sənan, Sahib
İbrahimli, İmam Cəmilli, Aləmzər Əlizadə,
Eltun Türkel, Nüşabə Əsəd Məmmədli, Rəfiqə
Sadıqova, İradə Aytel, Ümbülbanu, Fərruxə
Umarova, Almaz Yusifqızı, Vüsal Hicran, Zahir Şirani,
Müşviq Məhərrəmov, Tofiq Əmrahov təmsil
edir. Bu il Xəzangülün “Qəzəllər”, Qərib
Mehdinin “3 cüt ayaqqabı”, İmam Cəmillinin
“Yaddaşımın ağrıları”, Səadət Təhmirazqızının
“Nəğmə də bir silahdır”, Almas
Yusifqızının “Bu şəhər bir simfoniyadır”
kitabları işıq üzü görmüşdür.
Uşaq ədəbiyyatı istiqamətində Aləmzər
Əlizadənin yaradıcılığı bu il də
aktuallıq kəsb edir. Onun “Balqabağın ay yuxusu” əsəri
Gəncə Dövlət Kukla Teatrında tamaşaya
qoyulmuşdur. Nəsrdə məhsuldar bir
yaradıcılıq izlənilir. Fazil Sənanın “Gözəllik
salonunda”, “Ov”, “Limit” hekayələrində yumoristik
çalarlar vardır. “Limit” hekayəsində ailədaxili
münasibətlərin istiqamətini analar – gəlinlər
müstəvisindən qayınana və qayınata arasında
baş verən hadisələrin təsvirinə yönəldir.
Motiv oxşar, lakin qarşı-qarşıya gələn tərəflər
fərqlidir. Qayınana zülmündən bezən tərəf
onun ailə üzvləri, əsasən də həyat
yoldaşıdır. Öz diktatorluğunu ailə üzərində
qurmağa çalışan qadının qəzəbini,
nifrətini tökəcəyi yerin ərin üzərində
cəmləşməsi “gəlin, qayınana, ortada qalan
oğul” üçlüyünün daha böyük insan
çərçivəsinə yayılmasına səbəb
olur. Bu əsərdə köhnəliklə yeniliyin mübarizəsi
deyil, mühafizəkar qüvvələrin uzlaşma meylindən
uzaqlaşmasına əsaslanmış bir qarşıdurma
vardır. Nüşabə Əsəd Məmmədlinin “Nur
yolu” hekayəsində onun yaradıcılığı
üçün səciyyəvi olan qadının psixoloji vəziyyəti
ilə yanaşı, cəmiyyət hadisələri
qarşısında güclü duruşu əsas
götürülmüşdür. Cəmiyyət və bu cəmiyyətdə
qadının taleyi Nüşabə Əsəd Məmmədlinin
başlıca mövzuları sırasındadır.
Qərib Mehdi “3 cüt ayaqqabı” kitabında geyimlərə
rəmzi mahiyyət yükləyib bədii əsərin
materialına çevirmək funksiyasını yenidən
nümayiş etdirir. Qərib Mehdinin hekayələrində
süjet elə qurulur ki, artıq kuliminasiya mərhələsində
müəllifin təbliğ etdiyi ideya ortaya
çıxır. Vəzifə hərisliyinin insanlıq keyfiyyətinə
vurduğu zərbənin təsvirinə yönəlmiş
“Alın yazısı”, kəskin heyvansevərliyin yol
açdığı absurd düşüncələrin qələmə
alındığı “Ay it” hekayələrində tənqidi
mühakimə yumoristik səpki ilə tamamlanır. Qərib
Mehdinin üslubu Eltun Türkelin yazılarında hiss olunur.
Onun “İtin iti yaddaşı” hekayəsinin ekspozisiya hissəsində
əhvalatların cərəyanetmə prinsipi və
ardıcıl inkişaf edən hadisələrin mahiyyəti
baxımından oxşarlıq vardır. Lakin Qərib Mehdidən
fərqli olaraq, kuliminasiyanın qurulması zamanı hadisələr
gərginləşmir, yazıçının
aşıladığı fikir yalnız final mərhələsində
aydınlaşır. Bizim fikrimizcə, Eltun Türkeli Qərib
Mehdinin davamçısı kimi qiymətləndirmək olar.
2024-cü ildə çap olunan “Cənub inciləri”
antologiyası bölgənin fəaliyyətini üzə
çıxaran mühüm hadisədir. 2004-cü ildə,
2015-ci ildə nəşr olunan “Ömürdən yarpaqlar”
antologiyasından sonra bölmənin üçüncü
uğuru kimi diqqətimizi cəlb edən bu antologiyada poeziya və
nəsr üstünlük təşkil edir. İstər
paytaxt, istərsə də bölgə dramaturgiyasında kəmiyyət
və keyfiyyət nöqteyi-nəzərindən inkişaf qənaətbəxş
deyildir.
Belə bir şəraitdə çağdaş ədəbi
prosesdə bu janrın katarsis mahiyyətini dərk edib yeni bədii
nümunələr yaratmaq ustalığını Qafar Cəfərli
nümayiş etdirir. “Ömür yolu” avtobioqrafik romanından
sonra müəllifin dramaturgiyaya müraciət etməsi həyat
hadisələrinin canlı, hərəkətdə təqdimini
şərtləndirir. Çünki dramatik əsərlərin
başlıca funksiyası obrazların monoloji və dialoji
nitqi vasitəsilə həyatı göstərməklə dərk
etdirməkdən ibarətdir. “Qıl körpüsündə
rəqs” kitabında toplanan əsərlərdə konflikt
dramaturgiyaya xas ibrətamiz sonluqla bitir. “Qıl
körpüsündə rəqs” əsərində narkotik
asılılıq və onun ailə daxilində
yaratdığı faciələr, “Tanrı əmanəti” əsərində
isə ailə-məişət çərçivəsində
namus məsələsi işıqlandırılmışdır.
Müasir dünyanın mənfiliklərini qavraya bilməyən
insanın mənəvi dünyasının təqlidində
meyar zamana uyğunlaşa bilməyən şəxsiyyətin
üzərində cəmləşir. Lənkəran bölməsinin
sədri Qafar Cəfərlinin dramatik əsərlərində
təsdiq qismində insan və
inkar qismində cəmiyyət dayanır. “Şəhid
bayraq” pyesi bu il Füzuli Dövlət Dram Teatrında səhnələşdirilmişdir.
“Narkomaniyaya YOX deyək!” mövzusunda keçirilən
müsabiqədə “Altıncı barmaq” hekayəsi ilə
qalib müəlliflərdən biri olması nəsrdə də
Qafar Cəfərlinin qələminin seçildiyini göstərir.
“Sonet” dedikdə, təbii ki, Şəkər
Aslanın timsalında Cənub bölgəsi yada
düşür. 2024-cü il sonetdə ustalıq göstərmək
vəzifəsini Əhməd Haqsevər öz üzərinə
götürmüşdür. Onun
yaradıcılığında akrostik sonet (misraların
baş hərflərinin yuxarıdan aşağı
oxunması ilə “Şəkər Aslan” adı
yaranmışdır), mesostix sonet (sətirlərin
ortasındakı hərflərdən “Ağamir Cavad, Lənkəran,
müəllim” sözləri yaranmışdır), mini sonet (hər
sətir bir hecadan ibarətdir), ikili sonet və akrostik diaqonal
sonet növlərinə təsadüf olunur. Yeni sonet
növü yaratdığını iddia edən şairin
qayıdan sonetlərində birinci katrenin ilk misrası ikinci
tersetin sonuncu misrası ilə eynidir. Qafiyələnmə
sisteminə nəzər yetirək: abba, abba, cca, cca və ya
abab, cdcd, eef, ggf. Deməli, katrenlərdə dairəvi
(qapalı) və çarpaz (açıq) qafiyələnmə
sistemi mövcuddur. Bəhri-təvildə yazan müəllif
uşaqlara satirik üslubda müstəqillik, azadlıq məfhumunu
qafiyəli nəsrlə axıcı bir üslubda
çatdırır. Məmməd Əvəzoğlunun bəhri-təvilində
isə eşq mövzusu əsasdır, axıcı üslubu
ilə birqafiyə bəhri-təvil nümunəsi yaranır.
Tənqidi mühakimənin hakimliyini qoruduğu
janrlardan “təmsil”ə Tarıverdinin (Kitab – “Bir ildə
yaşa”) yaradıcılığında təsadüf edilir.
Didaktik mahiyyət daşıyan bu təmsillərdə nəql,
təsvir və əxlaq hissələri uşaqlara nəsihətamiz
fikirlər aşılamaq gücündədir. Antropomorfizmdə
heyvanlar əsas vasitə seçilir, əsas mövzu hiyləgərliyin
üzərində qurulur. Sakit Üçtəpəli
Tarıverdidən fərqli olaraq şəxsləndirmə
prosesini cansız əşyalar üzərində aparmışdır.
Musa Xanbabazadənin bir bənddən ibarət olan şeirlərində
böyük bir məzmun dörd misraya yerləşdirilir.
İlham İlhaminin ustadnamələri didaktik fikirləri
aşılamaq baxımından əhəmiyyətlidir.
“Dünyanın mizanı pozulub tamam / Haqq yerində
deyil, ədalət köçüb” deyən Hidayət
Ölməzin (Kitab – “Göydən gələn səda”),
“İnsanlar çox, insanlıq az / Bilinmir qış, bilinmir
yaz/ Pozulubdu nizam, taraz / Dünya, sənin haqqın hanı?”
söyləyən Salman Məmmədoğlunun (Kitab –
“Dünya, sənin haqqın hanı?”), “Haqqı görməyə
əzəldən kor olub gözü dünyanın” yazan
Əfrahim Abbasın poeziyasında zəmanəyə etiraz
motivi vardır. “Dünya kimə qalacaq?” sualını
müzakirə edən Hacı Qərib etibarsız dünyadan
gileylənərək Məmməd Arazın “Dünya sənin,
dünya mənim, dünya heç kimin” misralarına köklənir.
Eyni zamanda Firəngiz Ümid “Hər şey gəldi-gedərdi
/ Acısı bol dünyada” misrası ilə Hacı Qəribin
fikirlərini tamamlayır. Ziya Dilsuz “Bu kirli dünyaya necə
qarışım?” sualı ilə insanlığın
ölümündən bəhs edir. Musa Məftun isə
dünyanı təqsirləndirən müəlliflərin əksinə
olaraq, hər şeyin səbəbkarını
insanlığın özündə axtarır. Gülbala
Teymur “Söz tapa bilmirəm ağa, qaraya / Bilmirəm
dünyanın harasındayam” yazaraq öz yerini tapmağa
çalışır. Xanlar Həmid “Könlümün
eşq fəsli” kitabında “Hara gedir bu dünya?” sualının
axtarışına çıxır. Ruhunun
azadlığını arzulayan şair söz ilə haqq
arasında qalır, nəticədə sözünü
İlahiyə doğru yönləndirir. Anar Seyidağa
“Göy cənnətdir, yer cəhənnəm, doğrumu?”
sualı ilə sevgi hisslərinə aydınlıq gətirməyə
çalışır. Bilal Alarlının sərbəst vəzndə
yazdığı “Göynərtilər”inin silsilə poetik
hissələrində xatirələrdən gələn kədər
hissi zamanın haqsız gərdişinə gətirib
çıxarır, Tanrıya müraciətlə yaşamaq
eşqini, üzlərdəki sevinci qorumağı istəyir.
Samid Rzazadə isə ümidsizlikdən uzaqlaşıb Allaha
şükür etməyi, “Bəs niyə yaradıb Yaradan
bizi?” deyərək öz yolunu müəyyənləşdirməyi
məqsədəuyğun hesab edir.
Qorxmaz Kadusinin “Azərbaycan əsgəri” şeiri
marşa məxsus xüsusiyyətləri özündə birləşdirən
bir şeirdir. Aydın Rza Baxşıyev Kadusinin bu
marşından təsirlənərək şeir
yazmışdır. Bu marşlarda Azərbaycan əsgərinin
şücaətindən doğan iftixar hissi mövcuddur. Xaqani
Muğamatoğlu Mehmet Akif Ersoyun “İstiqlal
marşı”nın təsiri ilə üçrəngli
bayrağa şeir həsr etmiş, onun misralarına
qarşılıq olaraq, “O mənim millətimin
bayrağıdır, parlayacaq” misralarını işlətmişdir.
Bəxtiyar Əliyar Qafar Cəfərlinin “Şəhid bayraq”
dramına həsr etdiyi şeirdə “Bayraqları bayraq edən
üstündəki qandır” ideyasını tamamlayır.
Xudaverdi Cavadın “Generalla söhbət”, Salman Məmmədoğlunun
“Zəfər soraqlı yollar” sənədli lirik-epik
poemalarında Vətən və qəhrəmanlıq motivi
paralelləşir. Xudaverdi Cavad Həzi Aslanovun Lənkəranda
ucaldılan abidəsinə xitab edərkən öz hiss və
duyğularını da ifadə edir ki, dialoji nitq qurulmuş
olur, generala ünvanlanan şeirlərlə generalın təhkiyəsinə
çevrilən parçalar bir-birini tamamlayır. Salman Məmmədoğlunun
poemasında anadan olduğu Boladi kəndindən
çıxmış oğulların şücaəti tərənnüm
olunarkən assosiativ proses monoloji aspektdən götürülərək
şairin duyğularının ifadəsinə çevrilir.
Hafiz Mirzənin “Günəş şəhərinin
sirləri” və povestlərindən ibarət “Sonuncu güllə”
kitabları cənub bölgəsinin nəsr sahəsində
builki fəaliyyətini irəliyə istiqamətlənmiş
uğurlu təşəbbüs kimi təmsil edir. “Günəş
şəhərinin sirləri” romanı Bakı şəhərinin
tarixinə metafizik baxışı göstərən
nümunədir. Qeyb aləminə səyahət və
etnoqrafik məlumatların mövcudluq xüsusiyyətlərini
diqqətə çatdıran, ontologiya, teologiya və kainat
haqqında bilikləri, mifologiyanı özündə təcəssüm
etdirən bu romanda Günəş şəhəri Bakı
şəhərində, Günəş qalası Qız
qalasında kodlaşdırılır.
AYB-nin Şimal-Qərb bölməsinin Zaqataladan olan
şairləri bölgə ədəbi mühitinin
formalaşmasında mühüm rol oynamışdır.
Özünü öyrənən fənn axtarışına
çıxan Adilə Aslanova, sürətlə axıb gedən
illərə təəssüflənən Nəbi Mülk,
qısa ömürdə yaşamaq eşqini üstün tutan
Nüsrət Musa, cəmiyyətə doğru yolu göstərmək
vəzifəsini özünə nəsihət üslubunda qələmə
alan Züleyxa Azad, köçdən ayrı düşən
durna kimi özünü qərib hiss
edən Gülniyar Məmmədova, sözün gücündən
istifadə edib estetik zövqü gözəlləşdirən
şair obrazını tərənnüm edən Güldanə
Zərif, bəxtə düşən ömrü yaşayarkən
insanlığa ehtiyacını ifadə edən Şükufə
Göyçəli, qəlbinin sirlərinə ortaq olan qələmə
etiraz edən Kifayət Mütəllibqızı, fəsillər
kimi dəyişən insanların əməllərində
gözəllik axtaran Ömər Dinçili, bəşərin
sülh içində yaşamasını arzulayan Gülbahar
Cahanlı poeziyada bölgəni təmsil edir.
2024-cü ildə Mingəçevir bölməsinin
yaranmasının 25 illiyi tamam olmuşdur. Ədəbi
mühitdə vətənpərvərlik mövqeyi
üstünlük təşkil edir. Bu cəhətdən Məmməd
Mərzilinin doğma yurdun müdafiəsində iştirak edən
qəhrəman övladlara həsr etdiyi “Üç qardaş”
və “Zülmətin açarı” kitabları mühüm
rol oynayır.
Mingəçevir Dövlət Dram Teatrında dramaturq
Aygün Həsənoğlunun “Adsız qadın” əsəri
səhnələşdirilmişdir. Xocalı
soyqırımına həsr olunan bu əsər 2016-cı ildən
hər il İstanbulda tamaşaya qoyulur.
Fikrimizcə, yaşadığımız cəmiyyətə
müdaxilə etməyi yaradıcı şəxsiyyət
öz üzərində vacib vəzifə kimi dərk etsə,
bədii mətnlər də ədəbi prosesdə hakimliyini
qoruyub saxlayar. Eyni mövzulara müraciət edilən keyfiyyətli,
sənətkarlıq xüsusiyyətlərinə görə
tələblərə cavab verən poetik nümunələr
kəmiyyətin içərisində itir, bu şeirlərin gələcəyə
qalma ehtimalı azalır. Bəlkə də müasir
dövrün inkişaf dinamikasında bizim şairlərdə
görmək istədiyimiz bu kiçik iradımız
yaradıcı şəxsiyyətin qüsuru kimi deyil,
zamanın qlobal problemləri içərisində seçilmənin
çətinliyindən asılı olaraq formalaşan bir
xüsusiyyətdir. Məmməd Arazın “Dünya sənin,
dünya mənim, dünya heç kimin” misrasına köklənən
şeirlərin bir misrasının belə ədəbi prosesdə
özünə yer tapması vacib bir məsələdir.
Çünki miqdar deyil, estetik zövq və bu duyumu
çatdırma qabiliyyəti bizi maraqlandırır.
2024-cü ilin regionlar üzrə ədəbi-mədəni
fəaliyyətini əvvəlki illərlə müqayisəli
şəkildə qiymətləndirdikdə bu nəticəyə
gəlirik ki, Naxçıvanda poetik fiqur tarixi konsepsiyaya
söykənir, Sumqayıtda nəsr tarixi keçmişin gələcəyə
təsirinə yönəlir, Cənub bölgəsi
dramaturgiyanın inkişafında ibrətamiz motivi əsas
seçir, Gəncə bölməsi xatirə xarakterli,
avtobioqrafik məlumatların yer aldığı mətnlərə
üstünlük verir, Şimal-Qərb
regional bölməsi poeziyanı mənəvi-əxlaqi
problemlərə kökləyir, Mingəçevir bölgəsi
mətnlərdə doğma yurdu qorumaq amilini əsas
götürür. 2024-cü ildə fəaliyyət istiqaməti
baxımından AYB Naxçıvan və Lənkəran
bölməsi seçilir. Həm nəzəri baxımdan
araşdırılmağa imkan verən bədii mətnlərin
çoxluğu, həm də dramaturgiyada inkişafın
olması bizim bu nəticəyə gəlməyimizə səbəb
olmuşdur.
Nurlanə Məmmədova
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.24-25.