Müasir
Azərbaycan dramaturgiyası (2024-cü ilin materialları əsasında)
Dram nəzəriyyəsində mərkəzi yeri tutan
konfliktkompozisiyanın qurulmasında əsas mövqeyə malik
olub, antoqonist güclərin toqquşma məqamlarını
özündə kodlaşdıran bir anlayışdır. Bu
baxımdan konflikt təkcə klassik ədəbiyyat nəzəriyyəsində
qəbul edilən kimi dramın hərəkətverici amili
deyil, o həm də cəmiyyətin şüurunda gedən
daimi mübarizənin maddiləşmiş formasıdır.
Konflikt anlayışı təkcə dram nəzəriyyəsinin
kateqoriyası kimi yox, sosiologiya, psixologiya, o cümlədən,
konfliktologiya elmlərinin metod və üsullarından istifadə
edilərək geniş kontekstdə araşdırılanda daha
tutarlı və elmi nəticələrə gəlmək
mümkün olur.
Bildiyimiz kimi, dram meydana çıxandan dövrün
siyasi, ictimai, mədəni hadisələrinə uyğun olaraq
konflikt tərəfləri də dəyişmişdir: tarixən
müvafiq cərəyan və istiqamətlərə uyğun
olaraq yunan dramaturgiyasında fərd və ali qüvvələr,
intibah dramaturgiyasında insan və çərçivələr
(cəmiyyət, ailə, kral), klassisizmdə ağıl və
hisslər, romantizm dövrü dramaturgiyasında ideal və həqiqət,
absurd teatrda insanın mahiyyəti və mövcudluğu
arasında toqquşma müxtəlif konflikt tiplərinin meydana
çıxmasına səbəb olmuşdur. İqor
Çistyuxin yazır ki, “konflikt tipinin dəyişməsi həm
də incəsənətdə epoxanın dəyişməsidir.
Fikrimizcə, novator o kəsdir ki, təkcə dramaturgiyaya yox,
ümumiyyətlə incəsənətə yeni tip konflikt gətirsin”.
Deməli, konflikt tərəflərindən asılı olaraq
insan təfəkküründə gedən proseslərin mahiyyəti
də dəyişmiş, şüurdakı dəyişiklik
sosial münasibətlərə, o cümlədən, mədəni
sistemə də təsirsiz ötüşməmişdir.
Bəs müasir dramaturgiyamızda konflikt tərəfləri
kimlərdir? 2024-cü ilin pyeslərinə əsasən bu məsələni
diqqət mərkəzində saxlamağa
çalışacağıq. 2024-cü ilin dramaturgiya mənzərəsinə
nəzər yetirdikdə əsas mövzunun müharibə və
insan taleyi olduğunu müşahidə edirik.
Yazıçı-dramaturq Hidayət Orucovun “İrəvanda
yanan çıraq”, Əli Əmirlinin “Xeyir xəbər”,
Ülviyyə Heydərovanın “Torpaqlar”, Adilə Nəzərin
“Axirətdən gələn səs” pyeslərində torpaq
uğrunda canından keçənlər, öz qəhrəmanlıqları
ilə tarix yazanlar ön plandadırlar. Real gözönü
konfliktin – müharibənin əksi dramaturgiyada ən müxtəlif
rakurslardan – həm real döyüş səhnələrindən,həm
də müharibənin ən qaynar nöqtələrindən
keçib gəlmişinsan yaşantıları mövqeyindən
təqdim edilir.
Hidayət Orucovun “İrəvanda yanan çıraq”
birhissəli mistik tarixi dramında konflikt Azərbaycan
dramaturgiyasında ənənələri olan erməni-azərbaycanlı
qarşıdurmasındadır. Faktların təhrifinə,
tarixin saxtalaşdırılmasına cəhd edən ermənilərlə
real sənədlərə əsaslanaraq Qərbi Azərbaycan
torpaqlarının tarixən türk, azərbaycanlı
etnoslarına mənsubiyyətini sübut etməyə
çalışan azərbaycanlı ictimai fikir adamları –
tarixçilər, yazıçılar arasında toqquşma
pyesin konflikt tərəflərini təmsil edir. Müəllif
erməni fitnəkarlığının
icraçılarını xırda məmur, asanlıqla idarə
edilə bilinən qadınlardan, azərbaycanlılardan isə
tarixçi, alim, yazıçı təbəqədən
seçməklə konflikti ilk baxışdan həll etmiş
kimi görünür. Şah İsmayılın İrəvan
xanı Rəvanqulu xana əbədiyyət rəmzi kimi əmanət
etdiyi çırağınpyes boyu daim yanmasıtarixi həqiqətlərin
gec-tez öz təsdiqini tapacağı və ədalətin bərqərar
olacağına işarədir.
Süjetinin əsasında real müharibə rejiminin təsviri
duran Ülviyyə Heydərovanın “Torpaqlar” adlı birpərdəli
dramında konflikt artıq pyes mətnindən öncə
mövcuddur. Pyesin çərçivəsindən kənarda
başlamış konflikt personajların dialoqlarında,
replikalarda səpələnmiş şəkildədir. Pyesdə
torpaqların azadlığı uğrunda döyüşənlər
torpaqla eyniləşdirilmiş, bu torpaqlara qan yaddaşı ilə
bağlı olan hər bir insanın da torpağın bir dənəsi
olduğu onların xatirələrində, gələcək
arzularında vurğulanmışdır. Hərbçi,
müəllim, tarixçi, musiqiçi, sürücü,
ofisiant kimi ən müxtəlif sosial təbəqələrdən
olan döyüşçülər başçıları
Kapitanın ölümündən sonra belə, intiqam
qarışıq döyüşkənlik ruhlarını
itirmir, doğma torpaqlarına qovuşma anlarını ən
müxtəlif emosional hisslərlə ifadə etməyə
çalışırlar.
2024-cü il ərzində dramaturqların müraciət
etdikləri mövzular içində sosial mövzuların da
xüsusi çəkisi var. Müasir sosial gerçəkliyə
alternativ olaraq fantastik gerçəklik fonunda – yeni erada
insanlararası münasibətin yeni mənzərəsi
Vüsal Nurunun “Yadplanetli kürəkən” pyesində təqdim
edilir. Mədəniyyətin öz yerini cəngəllik
qanunlarına verərək insan daxilindəki vəhşi
instinktləri üzə çıxarmasıkonfliktin tərəflərini
müəyyənləşdirir. Bir tərəfdə süni
şəkildə mədəni-etik normalar təqdim edən tərəf,
o biri tərəfdə isə öz heyvani instinktləri ilə
fəxr edən və maskaya bürünməməyə qərar
verən tərəf yeni ictimai-sosial münasibətləri
ironik üslubda təqdim edir.
Ən yeni dramaturgiyadan bəhs edilərkən, əsasən,
üç amil önə çəkilir: real xarakterlər,
real konfliktlər və gündəlik danışıq
üslubu. Bu baxımdan müasir dramaturgiya təkcə
müraciət etdiyi mövzulara görə yox, həm də
mövzunun təqdimedilmə formasına görə fərqlənir.
Konflikt tərəflərinin dəyişməsindən
asılı olaraq dramın məzmunu ilə yanaşı,
strukturunda da müəyyən dəyişikliklər baş
verdi. Hadisə
iştirakçılarının sayının azalması,
insanın daxili “mən”i ilə ziddiyyəti nəticəsində
ünsiyyətin daha dar çərçivədə baş
tutması, reallıqda qarşılaşdığımız
problemlərin mətndə müxtəlif rakursdan – retrospektiv
metodla, gələcəyə dair xəyallarla əksi,
açıq finallı kompozisiyalar konfliktin həlli yolunda
müəllifin irəli sürdüyü çoxsaylı
variantlardandır.
Klassik dramaturgiyada konflikt birxətt üzrə
tamaşaçının, oxucunun gözü
qarşısında motivdən məqsədə, səbəbdən
nəticəyə gedən “personajların real
toqquşması”nda üzə çıxırdı. Yeni
dramaturgiyada, xüsusilə, Çexovdan başlayaraq personajlar
birxətlilikdən xilas olur, motivdən “ikinci plan”a, “mətnaltı”ya,
“daxili monoloq”a keçir –
davranışların əsl motivləri dramaturji təhkiyənin
çərçivəsindən kənarda qalır.
İsmayıl İmanın 2024-cü ildə oxusu baş tutan
“Əziz ata” pyesi də məhz yeni dram istiqamətinin bariz
nümunələrindəndir. Yay tətilini bağda anası
ilə keçirməyə qərar verən Səidə ilə
anası Şəfiqə arasında gedən mübahisələr,
fikir ayrılıqları ilk baxışda konfliktin ana-qız
arasında olduğunu təqdim edir. Lakin Səidənin hər
fəslin sonunda həyatda olmayan atasına yazdığı məktublarla
konfliktin mahiyyəti tamamilə dəyişir. Əslində
öz xatirələri, gələcəyə dair
narahatlıqları ilə daimi döyüş vəziyyətində
olan Səidənin konflikti öz daxili “mən”i ilədir. 6 fəsil
boyunca personajın daxilində gedən toqquşma sonuncu fəsildə
geoloq atasının uşaq vaxtı onunla oynadığı
oyunla çözülür. Filosof, siyasi xadim Nikkolo Makiavelli
münaqişənin dağıdıcı funksiyası ilə
yanaşı, yaradıcı funksiyasının da olduğunu
qeyd edir. Makiavellinin fikirlərini dramaturgiyadakı konfliktə
tətbiq etsək, görərik ki, həqiqətən də,
konflikt xarakterə yeni cizgilər əlavə edir və
konfliktdən çıxan tərəflər artıq konfliktəqədərki
tərəflər deyil. Pyesin finalında Səidənin xəyallarındakı
həyatın gerçəkləşməsi personajın
daxilindəki konfliktin çözülmə anını
işarələyərək konfliktdən əvvəlki və
sonrakı Səidənin arasındakı fərqi üzə
çıxarır. Ana-qız arasında olan dialoqlardan və
hər aktın sonunda ataya yazılan məktublardan ibarət
olan pyes öz quruluşuna görə də ənənəvi
dramaturgiyadan fərqlənir və hadisə əsaslı deyil,
psixoloji əsaslı konflikti önə çəkir.
Xatırladaq ki, bu pyes hələ 2023-cü ildə
Rusiyada keçirilmiş VII Müstəqil Beynəlxalq
Müasir Dram Müsabiqəsinin qaliblərindən biri olub, həmçinin
Polşada baş tutan “Avrora” müsabiqəsinin də uzun
siyahısına daxil edilib.
2024-cü ildə dramaturgiya ilə bağlı həyata
keçirilən layihələr – elmi seminarlar, pyes oxuları,
müsabiqələr də ədəbi prosesi
canlandırmağa xidmət etmişdir. Müasir dünya
dramaturgiyası ilə tanışlıq baxımından həyata
keçirilən layihələr – “KATALİZATOR ArtHub” tərəfindən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində təşkil edilən “Böyük
Britaniyanın çağdaş dramaturgiyası:tanıma”
layihəsi, Çilinin Azərbaycandakı səfirliyi və
CHARACTERS Müasir Dramaturgiya festivalının təşkilatçılığı
ilə Çili dramaturqu və rejissoru Pablo Manzinin
“Barbarların yaşadığı yer” (“Donde Viven los
Bárbaros”) pyesinin oxunuşu müasir dramaturgiyada gedən
prosesləri izləmək baxımından mühüm əhəmiyyətə
malik layihələrdir.
2024-cü ildə CHARACTERS Müasir Dramaturgiya
festivalının elan etdiyi pyes müsabiqəsinə 2020-ci illərdə
qələmə alınmış 40-a yaxın yeni pyes təqdim
edilmişdir. Müəlliflər arasında Jalə
İsmayıl, Ülviyyə Heydərova, Şəbnəm
Xeyrulla kimi ardıcıl pyes müəllifləri ilə
yanaşı, Hacı Səfərov, Emin Əliyev,Türkan
Hüseyn, Elçin Məhərrəmli, Əli Sadiqi, Nəvid
Əzimi kimi yeni müəlliflərin də adlarını
görmək mümkündür.
Müsabiqənin qalibi Şəbnəm Xeyrullanın
“Arqon” birpərdəli monopyesində konflikt Arqon adlı şəxsin
dilindən təqdim edilir. Ümumiyyətlə, monopyeslərdə
gözönü konfliktin olmaması, yeganə personajı
qarşı tərəfin də düşüncəsini təqdim
etməyə məcbur edir ki, bu da konfliktin birbaşa fəaliyyətdə
yox, təhkiyədə inkişafını şərtləndirir.
Monopyesdəki konflikt insan və başqaları – onu anlamayanlar
arasındadır. Cəmiyyətin onu
anlamadığını və qəbul etmədiyini hesab edən,öz
lazımsızlığından bezərək intiharı yeganə
çıxış yolu kimi görən Arqon konflikti passiv
yolla – fiziki olaraq məhvi ilə həll etməyə
çalışır.
Eyni motiv – konfliktin fərd
və “başqaları” arasında getməsi müsabiqənin
qaliblərindən olan Hacı Səfərovun “Aysu və
başqaları” pyesində də müşahidə edilir. Bu
pyesdə konflikt ilk baxışda fərqli nəsillər və
siniflər arasında olsa da, finala yaxın konfliktin əsl
mahiyyəti üzə çıxır – itmiş
qızılların axtarışı zamanı yeni evli
cütlüklər – Aysu və Eldarın valideynləri bir-birlərini
günahlandırsalar da, sonda konfliktin bir tərəfində
Aysu, digər tərəfində isə valideynlər və
Eldar personajı qalır ki, bu da pyesin adında olduğu kimi,
baş qəhrəman Aysunın təkbaşına mübarizəsini
təsdiqləyir. Jan Pol Sartrın “Cəhənnəm–başqalarıdır”
ifadəsinin aktual olduğu bu pyeslər fərdi dünyaqavramını
önə çəkərək başqaları ilə daxili
konfliktdə olan personajların psixoloji portretlərini ortaya
çıxarırlar.
Müsabiqənin daha bir qalibi Jalə
İsmayılın “Göyərçin dimdiyində bir qəfəs
küçə” pyesində isə konkret sosial konflikt
mövcuddur. Evlərinin sökülməsinə qarşı
çıxan küçə sakinləri və
söküntü aparan tərəf gözönü konfliktin
tərəfləridir. Sosial psixologiyada konflikt
anlayışı ilə bərabər konflikt şəraiti,
yəni toqquşmanı meydana çıxaran şərtlər
və səbəblər ətraflı öyrənilir. Bu pyesdə
də konflikt şəraiti uğurla təsvir edilmiş, bir
küçənin timsalında sosial problemlərdən
asılı olaraq insan taleyinin müxtəlif yön aldığı göstərilmişdir.
Yuxarıda qeyd edildiyi kimi, yeni dramaturgiyanın ən
mühüm xüsusiyyətlərindən biri də dil
faktıdır. Pyes canlı danışıq dilinə
yaxın bir strukturdur. Ən yeni dramaturgiyada isə nitq gündəlik
danışıq dilinə maksimum yaxınlaşır, mürəkkəb
cümlə quruluşları öz yerini daha sadə cümlə
konstruksiyalarına verir.Müsabiqəyə təqdim edilən
pyeslər arasında qısa siyahıya düşən Emin
Əliyevin qara yumorla yazılmış “Pivə və biskvitlər”
pyesi də dinamik dialoqları və fikrin nitqdə birbaşa,
pafossuz, metaforadan uzaq ifadəsi ilə özündə absurd
teatrın konfliktini ehtiva edir. Məhz bu pyesdə absurd
teatrın konflikti əyaniləşir – insanın mahiyyəti
ilə mövcudluğu arasında konflikt meydana
çıxır. Ölmüş bildikləri oğulları
Fuadın dirilib gəlməsi absurd situasiya yaradır.
Dağılmaqda olan ailə xatirələrindən belə,
imtina etdikləri oğullarının yenidən var olması
ilə yeni qərarlarvermə məcburiyyətində
qalırlar.
Nümunələrdən də
göründüyü kimi, ən yeni dramaturji mətnlərə
nəzər yetirdikdə konfliktin 1. Sosial məzmun kəsb
etdiyi; 2. Fərd və daxili “mən”; 3. Fərd və
“başqaları” arasında getdiyinin şahidi oluruq.
Valideyn-övlad münasibətləri də konfliktin əsas təkanverici
motivlərindən olub, son illərin dramaturgiyasından
qırmızı xətt kimi keçir. İsmayıl
İmanın “Əziz ata” pyesində Səidənin, Hacı Səfərovun
“Aysu və başqaları” pyesində Aysunun, Emin Əliyevin
“Pivə və biskvitlər” pyesində Fuadın öz
doğma ailəsinə ögeylik hiss etməsi
dramaturgiyamızda yeni bir xətt – valideynləri sorğulamaq,
doğmalıq bağlarının qırılma səbəblərini
üzə çıxarmaq və bu yolla daxildəki konfliktin həllinə
çalışmaq bu mövzunu dramaturgiyamızın əsas
süjetlərindən birinə çevirir.
2024-cü ilin ədəbi məhsulu olan pyeslərdən
bir neçəsinin artıq səhnəyə qoyulması da
müsbət hallardandır. Hidayət Orucovun “İrəvanda
yanan çıraq”, Adilə Nəzərin “Axirətdən gələn
səs” pyesləri İrəvan Dövlət Dram Teatrında,
Əli Əmirlinin “Xeyir xəbər” pyesi Sumqayıt Dövlət
Dram Teatrında, Şəbnəm Xeyrullanın “Arqon” pyesi
Yuğ Dövlət Teatrında geniş tamaşaçı
kütləsinə təqdim edilmiş, İsmayıl İmanın “Əziz
ata” pyesinin Yuğ Dövlət Teatrında məşqlərinə
başlanılmışdır.
Təbii ki, yalnız bir və ya bir neçə il ərzində
yazılmış mətnlər əsasında konflikt kimi
mürəkkəb kateqoriyanı hərtərəfli öyrənmək
mümkün deyil. Lakin 44 günlük İkinci Qarabağ
müharibəsi, çoxdan gözlənilən qalibiyyət
duyğusu, insanlar arasında sosial münasibətlərin
xarakterinin dəyişməsinə səbəb olan pandemiya
şəraiti 2020-ci ildən başlayaraq, növbəti illərin
mətnlərinə də əhəmiyyətli dərəcədə
təsir göstərdi. Bədii-sənədli pyeslərin qələmə
alınması, real tarixi faktlar əsasında pyeslərin
meydana gəlməsi (İsmayıl İmanın reportaj metodu
ilə yazılmış “Hamar üzdə” sənədli
pyesi, Adilə Nəzərin şəhid Vüsal Vəliyevin həyat
və döyüş yolu haqqında yazdığı “Axirətdən
gələn səs” qəhrəmanlıq dramı, Əli
Əmirlinin 44 günlük müharibədə Füzuli
uğrunda könüllü kimi döyüşən
Muradın döyüşdən sonrakı həyatına həsr
edilmiş “Xeyir xəbər” pyesi) bədii mətndə
maksimum reallığın təqdiminə şərait
yaratdı.
Yeni dramda çox vaxt tərəflər
arasındaaçıq, kəskin toqquşma, qarşıdurma
başvermir, şəxsiyyətlərarası münasibətlər,
davranışlar, bəzən bir replika, aparte belə, konflikt
situasiyasını müəyyənləşdirir. Bu
xüsusiyyətləri biz 2024-cü ilin dramaturji nümunələrində
də müşahidə edirik. Personajların xarakter səviyyəsində
açılmasına yönələn süjet xətti
konfliktin daha çox sosial-psixoloji zəmində cərəyan
etməsinə gətirib çıxarır və nəticədə
hadisə əsaslı yox,daha çox psixoloji əsaslı
konfliktin dominantlığını şərtləndirir.
Şahanə ƏLİYEVA
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.26;27.