2023-2024-cü illərdə
İraq-türkman ədəbiyyatında ədəbi proses
2003-cü ildən sonra İraq türkmanlarının
ictimai-siyasi və mədəni həyatında olduğu kimi, ədəbiyyatlarında
da ciddi dəyişikliklər baş verdi. Vaxtilə
türkmanlara öz dillərində yazmaq, kitab çap etdirmək,
təhsil almaq qadağan edilsə də, Səddam rejiminin
devrilməsi ilə İraq türkmanları müəyyən
qədər azadlıq əldə edə bildilər. Siyasi təzyiqlər
davam etsə də, bir çox sahələrdə, əsasən
də, ədəbiyyatda müstəqillik meyilləri
müşahidə edilməyə başladı. Artıq
İraq türkmanları türk dilində yazdıqları əsərləri
rahat şəkildə çap etdirir, “Qardaşlıq”,
“Türkmaneli”, “Türkman kültürü” və s. bu kimi ədəbi
dərgilər bütün İraq ərazisinə
yayılırdı. Sözsüz ki, İraq
türkmanlarının ədəbiyyat baxımından əldə
etdikləri azadlıqlar onların bu sahədə
inkişafına təkan vermiş oldu.
Bütün dövrlərdə olduğu kimi,
2023-2024-cü illərdə də poeziya İraq-türkman ədəbiyyatının
özəyini təşkil etmişdir. Bu illərdə kifayət
qədər nəsr əsərləri yazılsa da,
şeiriyyatla müqayisəyə gəlməyəcək qədər
azdır. Türkman şairləri öz ənənələrinə
uyğun olaraq 2023-2024-cü illərdə də şeirin
müxtəlif janrlarına müraciət etmiş, mövzu
baxımından zəngin ədəbiyyat nümunələri
yaratmağa nail olmuşlar. Bir zamanlar İraq-türkman ədəbiyyatının
aparıcı vəzni olan əruzda şeirlər az yazılsa
da, sərbəst və heca vəznində bir-birindən
gözəl poeziya nümunələri ərsəyə gətirilmişdir.
Son iki ildə yazılan şeirləri araşdırarkən
türkman şairlərinin sərbəst şeirə daha
çox üstünlük verdiyinin şahidi oluruq. Rza
Çolaqoğlunun “Anam”, Aydın Kərkükün “Bir nənəm
vardı”, Şəmsəddin Kuzəçinin “Azərbaycan
sevgisi”, Mehmet Ömər Qazançının “Babamın Kərkük
sevdası”, Faruk Faik Köprülünün “Bəxtiyaram”,
Zibeydə Bayatlının “Son xatirə”, Çoban Uluxan Bəşirlinin
“Yabancı”, “Yanılmaq”, Semir Kəhyaoğlunun “İstərsən”,
Ömər Mayasın “Kərkük” və digər şairlərin
sərbəstdə yazdıqları gözəl şeir
nümunələri müxtəlif qəzet və jurnallarda dərc
edilmişdir. İraq-türkman ədəbiyyatında 1950-ci illərdən
etibarən yazılmağa başlayan sərbəst şeir son
illərdə daha geniş vüsət almışdır.
Türkman şairlərinin sərbəst şeirə tez-tez
müraciət etmələrinin başlıca səbəbi bu
cür şeirlərin müəllifə öz fikir və
düşüncələrini daha geniş şəkildə
ifadə etmək imkanı yaratması ilə əlaqədardır.
İraq-türkman ədəbiyyatşünaslığında
ədəbi tənqid yox dərəcəsində olduğu
üçün ədəbi prosesi izləmək o qədər
də asan deyil. İstənilən halda, 2023-2024-cü illər
və 2025-ci ilin birinci yarısında qəzet, jurnal və ədəbi
dərgilərdə, eləcə də yeni işıq
üzü görən kitablarda yer alan bədii əsərləri
təhlil etməklə İraq-türkman ədəbiyyatında
cərəyan edən prosesləri dəyərləndirmək
mümkündür.
İraq-türkman şairləri öz ənənələrinə
sadiq qalaraq son iki ildə də xoyrat yazmağa davam etmişlər.
Xoyrat yazmaq hər bir türkman şair üçün ən
ümdə vəzifə hesab olunur. Professor Qəzənfər
Paşayev yazır ki, əruz vəznində yazan türkman
şairləri sərbəstdə və hecada, sərbəst və
hecada yazan şairlər isə əruzda yazmayıblar. Lakin
bütün şairlər xoyrat yazıb[1]. 2023-2024-cü illər
İraq-türkman ədəbiyyatına nəzər
saldıqda, Aydın Kərkük, Nəcib Seyh Vahab, Rza
Çolaqoğlu, Mahmud Qasapoğlu, Əsəd Ərbil, Şəmsəddin
Kuzəçi kimi şairlərin xoyrat yazdıqlarını
görürük. Vaxtilə xalq poetik düşüncəsinin
zirvəsi hesab olunan xoyrat yaradıcılığı
müasir İraq-türkman ədəbiyyatında bir qədər
fərqli şəkildə öz əksini tapıb. Belə
ki, xoyrat anlayışı yazılı ədəbiyyatda ad və
forma baxımından öz varlığını qoruyub
saxlasa da, özünəməxsusluğu, yəni cinaslı
qafiyələrdən təşkilolunma xüsusiyyəti
saxlanılmayıb. “İraq-türkman folkloru” kitabında
xoyratlara belə bir tərif verilir: “Xoyrat və manilər
cinaslı və adi qafiyəli olmaqla iki yerə
bölünürlər. Cinaslılar xoyrat, cinassızlar isə
“mani” və ya “maani” adlanır”[2]. İraq-türkman ədəbiyyatşünası
Mehmet Ömər Qazançı 2024-cü ildə çap
etdirdiyi “Çaxmaq, çaxmaq” adlı kitabında yazır:
“Xoyrat sıradan bir şeir türü deyildir. Bir dil oyunu, dil
ustalığı üzərində qurulan sənətdir. Bu
sənət cinasdan başlar. Cinaslı sözlər
xoyratların təməlini oluşdurur. Hər hansı bir
insan, hətta sıradan bir insan bir cinas buldusa, bəzən
üstündə çalışır, bəzən də
özünü heç çətinə salmadan bir xoyrata
çevirir”[3].
Göründüyü kimi, xoyratlar birmənalı
olaraq cinas qafiyələrdən təşkil
olunmalıdır. Lakin son iki ildə şairlərin xoyrat
adı verdikləri dördlüklərdə cinaslara rast gəlinmir.
Aydın Kərkük “Türkmaneli” ədəbiyyat və sənət
dərgisinin 2024-cü ildə işıq üzü görən
194-cü sayında dərc etdirdiyi “Xoyrat dəftərimdən”
adlı dördlüklərində cinas qafiyələrə
rast gəlinmir.
Diyillər xoyrat selə,
Vermə kılavuv yelə.
Biz adam axtarırıx
Bağlayağın bel-belə.
***
Bu yazı, bu qələmdi,
Bu sudu, bu bələmdi.
Ayağım yola verməz,
Bilmirəm, nə bələmdi.
Son illərdə xoyrat yazan şairlərin bu şeir
növünün ən əsas qanuna riayət etməmələri
ilə bağlı daha çox nümunə göstərmək
mümkündür. Lakin İraq-türkman şairlərinin
xoyrata üstünlük vermələri dil amili
baxımından çox önəmlidir. Bizə yaxşı
məlumdur ki, türkmanların danışıq dili Azərbaycan
türkcəsindədir. XVI əsrin II yarısından etibarən
Osmanlı dövlətinin tərkibində olan İraq
türkmanlarının ədəbi dili İstanbul şivəsinin
təsiri altında qalmış və zaman keçdikcə ədəbiyyat
nümunələri məhz Türkiyə türkcəsində
yazılmışdır. Günü bu gün də İraq
türkmanlarının ədəbi dili Türkiyə türkcəsindədir.
Xoyrat yazan şairlər şifahi xalq ədəbiyyatının
ənənələrinə uyğun olaraq bu dördlükləri
yerli şivədə yazmağa üstünlük verirlər.
Bu baxımdan xoyratların dili Azərbaycan türkcəsinə
çox yaxın, bəzən isə eyni olur. Məsələn:
Nə dediv, dediv bizə,
Bir gün gəlliğ üz-üzə.
Biz qolay bükülməriğ,
Dizimiz gəlməz dizə[4].
Bəzi dördlüklərdə işlənən
sözlərə isə Türkiyə türkcəsində
deyil, Azərbaycan türkcəsində rast gəlinir. Həmin
sözlər bu gün Azərbaycan ədəbi dilində və
dialektlərdə işlədilir. Məsələn:
Bəs bir gün gəl imana
Kimə gedim dərmana?!
Ustad əskidən diyip
Heç çar olmaz yamana[5].
Bu dördlükdə işlənən “dərman” və
“çar”, yəni “çarə” sözləri Türkiyə
türkcəsində “ilac” və “yardım” sözləri ilə
ifadə edilir. Mahmud Qasapoğlunun aşağıdakı
şeirində işlədilən sözlər bir daha dillə
bağlı dediklərimizi təsdiq edir:
Erkəkdi dişi degi,
Aldanan kişi degi.
Haqsızlığa göz yummağ
Mərt adam işi degi[6].
Dördlükdə rədif kimi işlədilən
“degi” sözü Kərkük ləhcəsində
yazılmışdır. Ən çox maraq doğuran “erkək”
və “kişi” sözləridir. Türkiyə türkcəsində
“erkək” kişi cinsindən olan insanı ifadə etdiyi halda,
Azərbaycan türkcəsində bu söz kişi cinsindən
olan heyvan anlamına gəlir. Türkiyə türklərinin
işlətdiyi “kişi” sözü isə Azərbaycan dilindəki
“nəfər” mənasını ifadə edir. Mahmud
Qasapoğlunun şeirinin mənasına nəzər
saldıqda müəllifin həmin sözləri sırf Azərbaycan
dilində olduğu kimi işlətdiyi aydın şəkildə
görünür.
Son illərdə İraq-türkman ədəbiyyatında
Azərbaycan ədəbi dilində yazılan poeziya nümunələrinə
rast gəlinir. 2024-cü ildə “Qardaşlıq” dərgisində
dərc olunmuş Semir Kəhyaoğlunun “İstərsən...”
şeiri sırf Azərbaycan türkcəsində
yazılmış və ədəbi dilimizin qayda və
qanunları gözlənilmişdir. Şair türkmanların
da çox rahat şəkildə başa
düşdüyü bu dili ləhcə xüsusiyyətləri
ilə deyil, sırf ədəbi dildə qələmə
almışdır.
Şeir qapısını döymədən
Dilsiz olma...!
Vəzn qafiyədən çıxma
Ətəyinə yağdır alın təri ilə
çağdaş sözcüklərini
Aç kitabları öyrən
Göylərə özgürcə uçuşuna
Saqın qürurla çox tələsmə...
Demə mən şairəm...!
2023-cü ildən başlayaraq İraq
türkmanları ilə Azərbaycan arasında elmi, ədəbi
və mədəni əlaqələr intensiv şəkildə
inkişaf etməkdədir. Bu da etnik cəhətdən Azərbaycana
bağlı olan türkmanların ölkəmiz haqqında
daha çox məlumat əldə etməsinə imkan verir.
2020-ci ildə Azərbaycanın 44 günlük Vətən
müharibəsində qazandığı şanlı qələbə
türkman soydaşlarımız arasında da böyük əks-səda
doğurmuş və bununla da İraq-türkman ədəbiyyatına
“qalib Azərbaycan” mövzusu gəlmişdir.
Türkmanların Azərbaycana olan sevgiləri əvvəlki
illərdə də ədəbiyyatda öz bədii əksini
tapmışdır. Sabir Dəmirçi, Əbdüllətif
Bəndəroğlu, Faruk Faik Köprülü, Fövzi
Əkrəm Tərzi, Şəmsəddin Kuzəçi və
digər şairlər zaman-zaman ölkəmizə məhəbbətlərini
şeirlərində izhar etmişlər. Sabir Dəmirçi
və Fövzi Əkrəm Tərzi Azərbaycanı görmədən
vətənimiz haqqında poema yazmışlar. Əvvəlki
illərdə Azərbaycan haqqında yazılan bədii əsərlərdə
daha çox buranın təbiəti, tarixi şəxsiyyətləri,
Qarabağ problemi və türkmanların ölkəmizə
olan sevgisi tərənnüm olunurdu. Qarabağ zəfərindən
sonra isə türkman şairləri böyük fəxarət
hissi ilə Azərbaycanı vəsf etmişlər. Bu
şeirlərə misal olaraq Əli Yağmuroğlunun
“Qarabağ”, “Azərbaycan”, Faruk Faik Köprülünün
“Azərbaycan dastanı”, Şəmsəddin Kuzəçinin
“Azərbaycan sevgisi” və s. şeirləri göstərmək
olar.
İraq-türkman şairlərinin Azərbaycana həsr
etdiyi şeirlərin əsasında ölkəmizə və
xalqımıza olan məhəbbətləri dayanır.
Fikrimizcə, bu məhəbbəti ən gözəl şəkildə
Şəmsəddin Kuzəçi qələmə
almışdır. Şair 2024-cü ildə qələmə
aldığı “Azərbaycan sevgisi” adlı şeirində
yazır:
Azərbaycanı
daha çox
sevmək üçün
kaş ki, ayrıca
bir qəlbim olaydı...
Kuzəçinin Azərbaycana olan böyük
sevgisinin, o sevgi ki, onu daha da artırmaq üçün
şair ikinci ürək, qəlb arzulayır, səbəbini
“Anlıq şeir”ində açıqlayır:
Sənə gəlirəm, sənə,
Ey müqəddəs ata yurdum.
Ümidimi sənə qurdum,
Düşmənə qarşı durdum...
İraq-türkman poeziyası mövzu cəhətdən
xeyli zəngindir. Şairlər ənənəvi və yeni
mövzulara müraciət etməklə bir-birindən gözəl
şeir nümunələri yaratmışlar. Müasir İraq-türkman
ədəbiyyatının tarixinə nəzər saldıqda
görürük ki, vətənpərvərlik,
Türkmanelinin gözəlliklərinin tərənnümü,
müxtəlif illərdə türkmanlara qarşı həyata
keçirilmiş soyqırımıları nəticəsində
yaşadıqları ağrı-acının poetik əksi və
müxtəlif ictimai-siyasi hadisələrlə bağlı
mövzulara daha çox üstünlük vermişlər. Bu
baxımdan, 2023-2024-cü illərdə yazılan nəzm əsərləri
də istisna deyil. Demək olar ki, bütün
İraq-türkman şairləri birmənalı olaraq
yuxarıda qeyd etdiyimiz mövzulara müraciət etmişlər.
Faruk Faik Köprülünün “Canım Kərkük”, “Mənim
Kərküküm”, Əhməd Həmdi Tanpınarın
“Mosul axşamları”, Şənər Danyıldızın
“Türkmaneli” kimi şeirləri türkmanların
yaşadığı yerlərin gözəlliklərindən
bəhs edir.
Soyqırımı da son iki ildə poeziyanın
müraciət etdiyi əsas mövzulardan olmuşdu. İraq
türkmanları XX əsrdə dəfələrlə qətliamlara
məruz qalmışlar. Bunların arasında ən dəhşətliləri
1920-ci ildə Qaçhaqaç, 1924-cü ildə Levi (erməni),
1946-cı ildə Gavurbağı, 1959-cu ildə Kərkük,
1991-ci ildə Tuzxurmatu və Altunkörpü qətliamlarıdır.
Bu qanlı faciələrdə minlərlə günahsız
türkman İraqı idarə edən müxtəlif rejimlər
tərəfindən qətlə yetirilmişdir.
Soyqırımı mövzusu daim İraq-türkman ədəbiyyatında
aktual olmuşdur. Hadisələrin üstündən uzun illər
ötsə də, bu mövzu öz aktuallığını
itirməmişdir. Şairlər son iki ildə də
soyqırımı mövzusuna dəfələrlə
müraciət etmişlər. Rəbiyyə Barışın
2024-cü ildə “Türkmaneli”də dərc olunan “İraqda
Türkmaneli” şeiri türkmanların yaşadığı
vəhşətləri əks etdirən ən gözəl ədəbi
nümunələrdən biridir:
Yıllarca qan tökdünüz, vətənli
saymadınız,
Baxın On dörd temmuza, nə canlara
qıydınız.
Türkmanların əlindən cavanları
aldınız,
Olmaz böylə qətliam, yoxmu ara bulucu...[7]
İraq-türkman qələm adamları tarixən
poeziyaya daha çox üstünlük versələr də, nəsr
sahəsində də uğurlu ədəbiyyat nümunələri
yaratmağa nail olmuşlar. Bədii nəsr əsərlərinin
yaranması XX əsrin əvvəllərinə təsadüf
etsə də, türkman yazıçıları öz ədəbiyyatlarını
bu sahədə də xeyli inkişaf etdirə bilmişdilər.
İraq-türkman ədəbiyyatında daha çox hekayə
və roman janrında nəsr nümunələrinə təsadüf
edilir. Son iki ildə nəşr olunan kitablarda və müxtəlif
dərgilərdə yenə hekayə və roman janrında nəsr
əsərlərinin yazıldığını
müşahidə edirik. Hekayə və romanlar kitab şəklində
o qədər də çox çap olunmamışdır.
Son iki ildə bir neçə kitab işıq üzü
görsə də, nəsr yazıları daha çox ədəbi
dərgilərdə dərc edilmişdir. Mehmet Vandavinin
“Əskilər”, “Məmləkətin yıxıq halı”,
İlaf Köprülünün “Çığlıqlar”,
“Pianistin röyası”, “Bəkləyiş” kimi maraqlı hekayələri
jurnallarda işıq üzü görmüşdür. Gənc
yazıçılardan biri olan Mehmet Vandavinin hekayələri
İraq türkmanları arasında xeyli populyardır.
Maraqlıdır ki, Mehmet 2024-cü ildə “Qardaşlıq” dərgisində
dərc etdirdiyi “Əskilər” adlı hekayəsini Mehmet
Vandavi, bir il sonra yenə eyni dərgidə
yayımladığı “Məmləkətin yıxıq
halı” hekayəsini Mehmet Öztürk imzası ilə təqdim
etmişdir.
Son illərdə İraq-türkman
yazıçıları arasında öz istedadı və dəsti-xətti
ilə seçilən İlaf Köprülü təkcə
İraqda deyil, Türkiyədə də xeyli məşhurlaşmışdır.
Xanım yazıçı bir sıra müsabiqələrin
qalibi olmuş, İraq-türkman ədəbiyyatında hekayə
yaradıcılığına yeni nəfəs gətirmişdir.
İlaf Köprülünün “Kərkükdə cocuq olmaq”,
“Od ana və yavrular”, “Tanrının imtahanı” və s. hekayələri
yazıçıya gənc yaşlarında şöhrət
qazandırmışdır. Yazıçının “23
öykü” adlı kitabı 2024-cü ildə Ankarada
çap edilib. Kitaba İlaf Köprülünün 2017-ci ildən
2023-cü ilə qədər yazdığı hekayələr
daxil edilmişdir. Bu hekayələrdən 19-u vaxtilə
müxtəlif jurnallarda dərc edilmişdir. “Toros ekspresində
hırsız”, “Uştmaxtın bağçasındakı
eşq”, “Qarlı qalaya yolçuluq” və “Yabancı” hekayələri
ilk dəfə məhz 2023-cü ildə oxuculara təqdim
edilmişdir.
İraq-türkman hekayə
yaradıcılığında hadisəyə çevrilən
Mahir Naqibin “Mühacir quşlar” adlı kitabı 2024-cü ildə
Türkiyədə işıq üzü
görmüşdür. Daha çox elm aləmində
tanınan professor Mahir Naqibin 9 hekayədən ibarət
kitabı real hadisələr əsasında qələmə
alınmışdır. 9 hekayənin mövzusu əhalisi
yalnız türkmanlardan ibarət olan və 2003-cü ildən
sonra Əl-Qaidə və İŞİD kimi terror təşkilatlarının
zülmünə məruz qalan Telafər şəhərinin
sakinlərinin yaşadıqları hadisələrdən
götürülmüşdür.
Real hadisələr əsasında yazılan digər
bir hekayə kitabı Əhməd Yanar və Əhməd
Pamuqçunun müəllifi olduqları “Cüt qəhvə
xatirələri” 2024-cü ildə işıq üzü
görmüşdür. Kərkük şəhərinin ən
çox tanınan yerlərindən biri olan “Cüt qəhvə”də
baş verən hadisələr, danışılan xatirələr
kitabda yer alan hekayələrin mövzusu olmuşdur.
Real tarixi hadisələrin əks olunduğu əsərlər
təkcə hekayə janrı ilə məhdudlaşmır. Məhəmməd
Abdullah Alkadinin 2024-cü ildə işıq üzü
görmüş “Türkman qızı Almasa” adlı
romanında da hadisələr real həyatdan
götürülmüşdür. Romanın baş qəhrəmanı
atası vaxtilə Osmanlı ordusunun əsgərlərindən
olmuş Almasa adlı qızdır. Atası vəfat etdikdən
və İraq Osmanlıdan ayrıldıqdan sonra bu qız daim
yanında xəncər gəzdirir və zalımlara
qarşı mübarizə aparır. Almasa adlı qadın
günü bu gün də Kərkükdə
xatırlanır. Məhəmməd Abdullah da məhz
türkmanlardan eşitdiyi hadisələr əsasında bu
romanı qələmə almışdır.
2023-2024-cü illər İraq-türkman ədəbiyyatında
məhsuldar iki il kimi xarakterizə oluna bilər. Bu qısa
zaman kəsiyində türkman şair və
yazıçıları tərəfindən “Mənalı və
içli dördlüklər”, “Axşam kölgəsi”,
“Zamanın dəyişməyən huyu”, “Kərkükə
eşqim ölümsüzdür”, “Könül həyəcanı”,
“Könlümdən əsən rüzgar”, “Altın
gümüş”, “Əsinti”, “Davamız yarıda qaldı”, “Səni
səndə tapan xoyrat”, “Ərbil”, “Mühacir quşlar”, “23
öykü”, “Türkman qızı Almasa” və s. kitablar
işıq üzü görmüşdür. Yüzlərlə
şeir və hekayələr isə müxtəlif qəzet və
jurnallarda dərc olunaraq oxucuların ixtiyarına
verilmişdir. 2023-2024-cü illər İraq-türkman ədəbiyyatında
gedən ədəbi prosesləri təhlil edərkən, hər
hansısa bir gözlənilməz və ya bu ədəbiyyata
xarakterik olmayan hadisənin baş verdiyini söyləmək
olmaz. Uzun illər olduğu kimi, son iki ildə də İraq ərazisində
mövcud olan türk ədəbiyyatında şeir
yaradıcılığı öz hegemonluğunu davam
etdirmişdir. Şeirlər daha çox sərbəst və
heca vəznində yazılmışdır. Dil və mövzu
baxımından rəngarənglik müşahidə olunmuşdur.
İraq türkmanlarının ədəbi dili Türkiyə
türkcəsi olduğu üçün yazılan şeirlərin
böyük əksəriyyəti məhz bu dildədir. Lakin
xalq üslubuna yaxın olan xoyrat yaradıcılığı
türkmanların öz danışıq dilində, yəni
Azərbaycan türkcəsində qələmə
alınmışdır. Doğrudur, bu dildə yazılan
şeirlər tələffüz şəklinə uyğun
halda yazıda öz əksini tapsa da, Semir Kəhyaoğlu kimi
şairin simasında İraq-türkman ədəbiyyatına
Azərbaycan ədəbi dili də ayaq
açmışdır. İraq türkmanlarının ənənəvi
mövzuları olan azadlıq, türkman soyqırımıları,
şəhidlik, vətən həsrəti və s. ilə
yanaşı, son iki ildə qalib Azərbaycana aid bədii əsərlərin
yazıldığı da diqqətdən yayınmır.
Şeir qədər olmasa da, 2023-2024-cü illərdə
İraq-türkman ədəbiyyatında hekayə və roman
yaradıcılığı da fəal olmuşdur. Yazılan
hekayə və romanlar türkmanların hazırki durumunu daha
çox əks etdirmiş, mövzular real hadisələrdən
qaynaqlanmışdır.
Orxan İSAYEV
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.27-28.