AZƏRBAYCAN UŞAQ
ƏDƏBİYYATI – 2024
2024-cü il Azərbaycan uşaq ədəbiyyatının
inkişafı baxımından həm elmi, həm də
yaradıcı müstəvidə məhsuldar bir dövr kimi
xarakterizə oluna bilər. Bu müddət ərzində
uşaq ədəbiyyatı sahəsində nəzərəçarpacaq
dərəcədə tədqiqatlar, nəşr olunan əsərlər,
keçirilən konfranslar və beynəlxalq əməkdaşlıq
təşəbbüsləri bu ədəbi sahənin
ümumi tərəqqisinə töhfə vermiş, onun nəzəri
və praktik əsaslarını daha da möhkəmləndirmişdir.
Bu fəaliyyətlər həm uşaq auditoriyasına istiqamətlənmiş
keyfiyyətli ədəbi mətnlərin meydana
çıxmasına, həm də uşaq ədəbiyyatının
elmi əsaslarla tədqiqinə şərait
yaratmışdır.
İlin ən diqqətəlayiq elmi hadisələrindən
biri, filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas
və tənqidçi, həmçinin Milli Məclisin
deputatı Elnarə Akimovanın “Azərbaycan uşaq ədəbiyyatı:
tarixi təcrübəsi və müasir istiqamətləri”
adlı monoqrafiyası nəşr olunmuşdur. Bu əsər,
Azərbaycan uşaq ədəbiyyatının keçdiyi
tarixi mərhələləri və çağdaş
inkişaf istiqamətlərini dərindən və sistemli
şəkildə təhlil edir. Kitabda təqdim olunan bölmələr
– “Uşaq ədəbiyyatı: tarixdən
çağdaşlığa”, “Klassika modern
işığında”, “Uşaq mətnləri diskurs kimi”,
“Uşaq ədəbiyyatında müharibə və zəfər
duyğuları” və “Dərsliklərin vəziyyəti:
problemlər, qayğılar” – bu sahənin fərqli aspektlərini
kompleks şəkildə əhatə edir. Nəzəri və
praktik yanaşmaların vəhdətində
yazılmış bu tədqiqat əsəri uşaq ədəbiyyatının
müasir elmi diskursuna əhəmiyyətli töhfə kimi dəyərləndirilə
bilər.
2024-cü ildə “Ulduz” jurnalının fevral-mart
aylarına təsadüf edən buraxılışı
uşaq ədəbiyyatına həsr olunmuşdur. Bu xüsusi
buraxılış Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Uşaq ədəbiyyatı” şöbəsi ilə jurnal
redaksiyasının birgə əməkdaşlığı nəticəsində
ərsəyə gətirilmişdir. Layihə həm elmi, həm
də bədii baxımdan yüksək səviyyəli
materialları ilə uşaq ədəbiyyatının
çağdaş vəziyyətini və beynəlxalq miqyasda
inkişafını əhatə edir.
Jurnalın bu buraxılışı Elnarə
Akimovanın dərin məna daşıyan və poetik
üslubla qələmə alınmış “Gecələr səmaya
bax, bütün ulduzlar çiçəkləyəcək...”
başlıqlı Ön sözü ilə
açılır. Bu giriş yazısı uşaq ədəbiyyatının
ilhamverici gücünü və onun uşağın daxili
dünyasına təsir imkanlarını vurğulayır.
Buraxılışın məzmunu zəngin və
çoxşaxəlidir. Ədəbiyyatşünas alim,
professor Cavanşir Yusifli dünya uşaq ədəbiyyatının
klassik nümunələrindən biri olan Antuan de
Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərindən
üç fəsli və müəllifin "Ekzüperinin
duası" adlı konseptual təqdimatını oxuculara təqdim
edir.
Tərcüməçi və yazıçı Hədiyyə
Şəfaqət Rey Bredberinin “Zəncirotu şərabı”
romanından ilhamlanaraq qələmə aldığı
“Əjdaha şərabı” adlı bədii esse ilə
çıxış edir. Bu yazı uşaqlığın
sehrli duyğularını və yaddaşda iz qoyan təsvirləri
fəlsəfi müstəviyə daşıyır.
Yazıçı Səməd Behrənginin məşhur
"Balaca qara balıq" əsəri, Türkiyənin
tanınmış satirik yazıçısı Əziz
Nesinin “Abidəsi qoyulan milçək” hekayəsi də
jurnalın bu sayında yer alır.
Orxan Aras türkiyəli uşaq
yazıçısı Yücel Feyzioğlunun
yaradıcılığına həsr olunmuş
“Nağılına sevgi qoşan adam” adlı məqaləsi ilə
çıxış edir. O, Feyzioğlunun uşaq ədəbiyyatında
yaratdığı emosional dərinliyi və sadə dildə
böyük ideyalar təqdimetmə bacarığını təhlil
edir.
Jurnalın bu buraxılışında “Ədəbiyyat
qəzeti”nin baş redaktoru Azər Turanın “Toğrul Nərimanbəyovun
nağıl ağacı, yaxud Teymur Elçinin
yaratdığı mifoloji təsəvvürlər
dünyası” adlı sanballı məqaləsi də yer
alıb. Məqalədə rəssamlıq və uşaq ədəbiyyatının
sintezindən yaranan obrazlar və təsəvvür
dünyası təhlil edilir.
Bundan başqa, jurnalda klassiklər də diqqətdən
kənarda qalmır, Süleyman Sani Axundovun “Əhməd və
Məleykə” nağılı “Klassik uşaq ədəbiyyatından
seçmələr” rubrikasında dərc olunaraq yeni nəslə
təqdim olunur.
Sevinc Nuruqızının “Uşaq ədəbiyyatında
sevgi etirafı” adlı məqaləsində uşaq
yazılarında sevgi anlayışının poetik və
psixoloji çalarları elmi və bədii yanaşma ilə
şərh olunur.Cavid Qədirin Türkiyənin məşhur
uşaq yazıçısı Nur Dombaycı ilə
müsahibəsi isə uşaq dünyasının özəlliklərini
yazıçı baxış bucağından təqdim edir və
beynəlxalq təcrübəni oxucu ilə
bölüşür.
Əlavə olaraq, jurnalın bu
buraxılışında Reyhan Yusifqızının
“Dünya dəyişdi, bəs uşaq ədəbiyyatı dəyişikliklərə
uyğunlaşdımı?” adlı analitik məqaləsi,
filologiya üzrə fəlsəfə doktoru Mətanət
Vahidin “Kitab – xəyal gücü sərhədsiz olan alternativ
dünyadır” adlı fəlsəfi-bədii təhlili, dosent
Aygün Bağırlının “Zəfərin uşaq ədəbiyyatında
şöləsi” adlı məqaləsi müasir qəhrəmanlıq
obrazlarının təqdimatında uşaq ədəbiyyatının
rolu haqda mülahizələrini əhatə edir.
Jurnalda, həmçinin dünya uşaq ədəbiyyatının
nəhənglərindən Hans Kristian Andersenin həyatı və
onun “Balaca İdanın çiçəkləri” adlı
nağılına geniş yer ayrılmış, uşaq ədəbiyyatında
duyğu incəliyinin bədii ifadəsi göstərilmişdir.
Nurlana İşığın “Uşaq məyusluğunun
həqiqəti” adlı essesi isə uşaqlıqda emosional təcrübələrin
mahiyyəti və bu təcrübələrin ədəbiyyatdakı
bədii inikasını işıqlandırır.
Beləliklə, bu buraxılış uşaq ədəbiyyatını
yalnız bir janr kimi deyil, həm də pedaqoji, psixoloji və
estetik baxımdan kompleks şəkildə təqdim etməklə,
onun ictimai və mənəvi dəyərini bir daha
vurğulayır.
2024-cü il mayın 1-də AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı”
şöbəsində gənc yazıçı-dramaturq
Sevinc Elsevərin “Novruz nağılı” romanı müzakirə
edilmişdir. Müzakirədə şöbə müdiri,
f.e.d., dos. Elnarə Akimova, f.ü.f.d.,dos.Aygün
Bağırlı, f.ü.f.d.Mətanət Vahid,
f.ü.f.d.,dos. İlhamə Ağazadə, f.ü.f.d.,dos. Səadət
Bayramova, f.ü.f.d.,dos. Gülnar Qəmbərova və müəllif
iştirak etmişdir.
Elnarə Akimova müzakirəyə giriş edərək
əsərin janr xüsusiyyətlərinə, poetik struktura və
Novruz atributlarının işlənmə səviyyəsinə
diqqət çəkmişdir. O, “Novruz
nağılı”nın uşaq ədəbiyyatında bu
mövzuda ilk romanlardan biri ola biləcəyini
vurğulamışdır.
Aygün Bağırlı əsəri roman kimi dəyərləndirmiş,
onun həm maraqlı süjet quruluşu, həm də
etnoqrafik və folklor elementlərlə zəngin
olmasını yüksək qiymətləndirmişdir. O, əsərdəki
vizual tərtibatın, şəkillərin və adət-ənənələrin
izahının uşaqlar üçün maarifləndirici
olduğunu bildirmişdir.
Mətanət Vahid əsərin şifahi xalq ədəbiyyatı
nümunələri ilə zənginləşdirilməsini təqdir
etsə də, müəyyən müasirləşmə
çatışmazlığını qeyd etmişdir. Onun
fikrincə, müasir uşaqların gündəlik həyatına
uyğun elementlər – texnologiyalar, aktual adlar və s. az
işlənib. Yazıçı isə bunu nostalji hisslər
və uşaqlıq xatirələri ilə izah etmişdir.
Səadət Bayramova və İlhamə Ağazadə
folklor motivlərinin geniş və əhatəli işlənməsini,
ailə münasibətləri, adət-ənənələrin
qorunması və uşaqlarda vətənpərvərlik hisslərinin
aşılanmasını əsərin əsas
üstünlükləri kimi göstərmişlər. Onlar,
eyni zamanda ad seçimi, uşaqların psixologiyasına təsir
edən etik mesajların əhəmiyyətini
vurğulamışlar.
Gülnar Qəmbərova əsərin didaktik və
informativ xüsusiyyətlərini qeyd etmiş, “Poçt
qutusu” ilə olan paralelliyi maraqlı hesab etmişdir.
Sonda Elnarə Akimova əsərin dilinin səlisliyi,
axıcılığı, uşaqlara ünvanlanan konkret və
aydın mesajlarla zəngin olduğunu bildirmişdir. Onun fikrincə,
yazıçı uşaqlar üçün mətn yaradarkən
həm ənənəyə, həm də uşaqların
yaş xüsusiyyətlərinə uyğun formada
yazmağı bacarmışdır.
Ümumilikdə, “Novruz nağılı” romanı
Novruz bayramının atributlarını və milli dəyərləri
uşaq dünyasına uyğun şəkildə
çatdıran, tərbiyəvi və maarifləndirici
yönü güclü olan, müasir uşaq ədəbiyyatında
fərqlənən əhəmiyyətli nümunə kimi qiymətləndirilmişdir.
2024-cü il iyunun 8-də Oğuz rayon Calut kənd tam
orta məktəbinin ibtidai sinif müəllimi Günel
İbrahimovanın təşəbbüsü və onun
şagirdlərinin iştirakı ilə ərsəyə gəlmiş
"Mən böyüyürəm, insanlar!" adlı
kitabın Oğuz Mədəniyyət Mərkəzində təqdimat
mərasimi keçirildi.
Təqdimatda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin
əməkdaşları, dos. Aygün Bağırlı,
uşaq yazıçısı Sevinc Nuruqızı da
iştirak etmişdir. Elnarə Akimova
çıxışında bu kitabın
yazılmasının əhəmiyyətini
vurğulamış, ideya-estetik tutumunu yüksək qiymətləndirmişdir.
“Qəhrəman əsgərlərimizin yazdığı
böyük tarixi hekayətlərin fonunda bizim uşaqlar
öz kiçik hekayələrini artıq azad və təhlükəsiz
ölkədə yaza bilirlər,” – deyə o vurğulayıb.
Ədəbiyyat İnstitutunun əməkdaşları
dos. Gülnar Qəmbərli və dos.İlhamə Ağazadə
kitabın mətnlərinə ədəbi aspektdən
yanaşaraq, mövzu seçiminin, uşaqların ifadə
imkanlarının və müəllimin istiqamətləndirmə
rolunun önəmini vurğulayıblar. Dosent Aygün
Bağırlı da çıxışında uşaqlara
uğurlar arzulayıb, müəllim Günel İbrahimovanın
pedaqoji fədakarlığını təqdir edərək
onu gələcək nəsillər üçün nümunə
göstərib.
Düşünürük ki, bu təqdimat yalnız
bir kitabın yox, eyni zamanda uşaq dünyasının zənginliyinə,
yaradıcı potensialına və müəllim-şagird əməkdaşlığının
gücünə bir nümunə kimi dəyərləndirilə
bilər.
2024-cü ildə “Altun”, “Ting”, “Çıraq”,
“Üç alma”, “Leylək”, “Tutu”, “Balabilgə”, “Libra”, “Qələm”,
“Simurq”, “Dəyər”, “Mücrü”, “Günəş”,
“İzə”, “Ağıllı bala” kimi nəşriyyatlar tərəfindən
müxtəlif yaş qrupları üçün nəzərdə
tutulmuş, məzmun baxımından zəngin və estetik dəyəri
yüksək olan uşaq kitabları nəşr edilmişdir.
Bu nəşriyyatların fəaliyyəti, həm müəlliflərin
yaradıcılıq imkanlarının genişlənməsinə,
həm də uşaq ədəbiyyatında janr və tematika
baxımından müxtəlifliyin artmasına səbəb
olmuşdur.
Azərbaycan uşaq ədəbiyyatının beynəlxalq
müstəviyə inteqrasiyası istiqamətində
2024-cü ildə atılmış addımlar da xüsusi qeyd
olunmalıdır. Belə ki, yerli müəlliflərin
uşaq ədəbiyyatı nümunələrinin Türkiyə
türkcəsinə tərcümə olunaraq nəşr edilməsi
iki ölkə arasında ədəbi əlaqələrin dərinləşməsinə
və Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə
tanıdılmasına imkan yaratmışdır. Bu təşəbbüs,
eyni zamanda uşaq ədəbiyyatının ümumbəşəri
dəyərlər kontekstində təqdiminə və regional ədəbi
inteqrasiyaya töhfə kimi qiymətləndirilə bilər.
2024-cü ildə uşaq ədəbiyyatı sahəsində
həyata keçirilmiş elmi tədqiqatlar,
yaradıcılıq layihələri, nəşriyyat fəaliyyətləri
və beynəlxalq əməkdaşlıq təşəbbüsləri
bu ədəbi istiqamətin kompleks şəkildə
inkişafına səbəb olmuşdur. Bu dinamizm, Azərbaycan
uşaq ədəbiyyatının yalnız milli kontekstdə
deyil, beynəlxalq müstəvidə də dəyər
qazandığını göstərir və gələcək
inkişafı üçün möhkəm zəmin
yaradır. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 2024-cü il 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində
10-cu Beynəlxalq Kitab Sərgisi keçirilmişdir. Bu sərgi
uşaqlar üçün maarifləndirici və
inkişafetdirici tədbirlərlə zəngin bir platforma təqdim
edərək, onların intellektual və mədəni
inkişafına mühüm töhfə vermişdir.Bu cür
sərgilər uşaqlarda kitab oxumağa maraq oyatmaqla
yanaşı, onların yaradıcılıq və sosial
bacarıqlarının inkişafına da şərait
yaradır.
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanın
mədəni diplomatiyasının gücləndirilməsi,
yerli və beynəlxalq nəşriyyatlar arasında əməkdaşlığın
inkişafı və oxu mədəniyyətinin təşviqi
baxımından əhəmiyyətli bir hadisə olmuşdur.
Sərgi, həmçinin yerli müəlliflərin beynəlxalq
səviyyədə tanıdılması və Azərbaycan ədəbiyyatının
qlobal müstəvidə təbliği üçün
mühüm bir platforma rolunu oynamışdır.
Azərbaycan uşaq ədəbiyyatının
inkişafında xüsusi yeri olan “Göyərçin”
jurnalı 2024-cü ildə də öz fəaliyyətini
davam etdirərək, maarifçilik və estetik tərbiyə
funksiyalarını yüksək səviyyədə yerinə
yetirmişdir. 1958-ci ildən nəşr olunan bu jurnal
uşaqlara ünvanlanan ilk ədəbi nəşrlərdən
biri kimi bu gün də aktualdır. 2024-cü il
buraxılışları da onun zəngin ənənələrinin
davamı kimi dəyərləndirilə bilər.
Azərbaycan ədəbi mühitində
tanınmış şair və ədəbiyyatşünas
Rafiq Yusifoğlunun rəhbərliyi altında dərc olunan
jurnalın məzmun keyfiyyəti və bədii səviyyəsi
qorunub saxlanılmış, janr müxtəlifliyi təmin
edilmişdir. Jurnalın kollektivi həm klassik, həm də
müasir uşaq ədəbiyyatını diqqətlə izləyərək
pedaqoji dəyəri olan mətnlərə üstünlük
vermişdir.
Jurnalda yer alan şeirlər,
nağıllar və didaktik materiallar ibtidai siniflər
üçün tərtib olunan dərsliklərin
hazırlanmasında da istifadə edilməkdədir. Beləliklə,
jurnal həm estetik tərbiyə, həm də dil
bacarıqlarının formalaşdırılması
baxımından mühüm mənbədir. Jurnalın pedaqoji
əhəmiyyəti həm də uşaqların fəal
iştirakını stimullaşdırmaqla onların
yaradıcılıq imkanlarını
reallaşdırmasına şərait yaratmasındadır. Bu
xüsusiyyət onu klassik ədəbi jurnallardan fərqləndirən
mühüm cəhətlərdən biridir.
Jurnalda Qəşəm İsabəyli, Sevinc
Nuruqızı, Ələsgər Əlioğlu, Mərziyyə
Səlahəddin, Akif Abbasov, Aləmzər Əlizadə,
İbrahim Yusifoğlu, Nurlana İşıq, Adil Babayev,
Günel Almaz, Mina Rəşid, Adil Rəsul, Coşqun Xəliloğlu,
Esmira Günəş və s. müasir dövrdə yazıb
yaradan uşaq yazarları ilə yanaşı klassik müəlliflərə
də yer verilmişdir. Dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin 530 illiyi münasibətilə jurnalın 11-ci
sayında “Meyvələrin söhbəti” əsəri
uşaqlar üçün sadələşdirilmiş formada
nəşr olunmuşdur. Bundan başqa, “Bəngü badə” əsərindən
“İsfahanlı kişinin hekayəsi” yer almışdır.
Digər klassiklərimizdən Abbasqulu ağa Bakıxanov, Abbas
Səhhət, Abdulla Şaiq, Balaş Azəroğlu, Mirmehdi
Seyidzadə, Maqsud İbrahimbəyov, Xəlil Rza, Nəbi Xəzri,
Mirvarid Dilbazi və başqalarına məxsus şeirlər,
kiçik hekayələr jurnalın müxtəlif nömrələrində
dərc olunmuşdur ki, bunlar həmin müəlliflərin
unudulmaması, zaman-zaman gənc nəslə keçmiş ədəbi
nəsli xatırlatmaq üçün mühüm vasitədir.
“Göyərçin” jurnalının ötənilki
sayında diqqətimizi çəkən mühüm məqamlardan
biri jurnalın 5-6 və 7-8-ci saylarının sırf
nağıllara həsr olunmasıdır. Bu saylarda müxtəlif
xalqların nağılları yer almışdır.
2024-cü ildə nəşr olunan "Göyərçin"
jurnalında yer alan nağıllar, Azərbaycan və dünya
xalqlarının folklor irsini əks etdirən, uşaqların
mənəvi və intellektual inkişafını hədəfləyən
ədəbi nümunələrdir. Bu nağıllar,
uşaqlara həm əyləncə, həm də təlim məqsədi
daşıyır və onların
dünyagörüşünü genişləndirməyə
xidmət edir.
Jurnal, klassik nağıl nümunələri ilə
yanaşı, müasir uşaq yazarlarının əsərlərinə
də yer verir. Bu, uşaqlara həm ənənəvi, həm
də çağdaş ədəbiyyatla tanış olmaq
imkanı yaradır. Məsələn, Nurlana
İşığın "Göyün yeddinci qatı" əsəri
uşaqların mistik və macəra dolu bir səyahətini təsvir
edir və onların təxəyyülünü inkişaf
etdirir.
"Göy qurşağı" jurnalı, Firudin bəy
Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən
nəşr olunan və 2006-cı ildən etibarən fəaliyyət
göstərən bir uşaq nəşridir. Əvvəllər
"Körpəm" adı ilə tanınan jurnal, məktəblilərin
dünyagörüşünün inkişafına, vətənpərvərlik
hisslərinin güclənməsinə və təhsilə
marağın artırılmasına xidmət edir. Bu jurnal rəngli
şəkillərlə nəfis tərtib olunur və
uşaqlar tərəfindən maraqla qarşılanır.
2024-cü ildə “Göy qurşağı” jurnalının
dörd nömrəsi nəşr olunmuşdur. Hər bir
nömrədə müxtəlif mövzuları əhatə
edən əsərlər dərc edilmişdir. Jurnalın əsas
məqsədi uşaqlarda vətənpərvərlik hisslərini
formalaşdırmaq, ədəbiyyata və mədəniyyətə
marağı artırmaqdır. Hər sayda əlamətdar
tarixi günlər, bayramlar, görkəmli şəxsiyyətlər
haqqında məlumatlar, uşaqların yazdıqları
şeir və hekayələr, çəkdikləri rəsmlər
dərc olunur.
Azərbaycan uşaq ədəbiyyatının
tanınmış nümayəndəsiZahid Xəlil 2024-cü
ildə də yaradıcılığını davam
etdirmişdir. Onun müxtəlif dərgilərdə, qəzetlərdə
nəşr olunan əsərləri və bədii fəaliyyəti
uşaqların tərbiyəsinə, vətənpərvərlik
ruhunun aşılanmasına və ədəbi zövqün
formalaşmasına yönəlib. Ötən ildə Zahid Xəlil
ilə bir sıra görüşlər və tədbirlər
keçirilib. Onun fəaliyyəti uşaq ədəbiyyatına
verdiyi töhfələrin davamı olaraq, gənc nəslin vətənpərvər,
zəhmətsevər və əxlaqlı böyüməsinə
xidmət edir.
2024-cü ildə Azərbaycan uşaq ədəbiyyatında
öz fəallığı ilə seçilən
yazıçılardan biri də Sevinc Nuruqızıdır.
Onun “Meyvələrin söhbəti” adlı əsəri Azərbaycan
ədəbiyyatının klassiklərindən olan Məhəmməd
Füzulinin “Söhbətül-əsmar” poemasının motivləri
əsasında yazılmışdır. Əsərdə meyvələr
– alma, armud, ərik, gilas, albalı və digərləri bir
araya gələrək öz xüsusiyyətləri barədə
danışır, bir-birilə mübahisə edir və
özlərini tərifləyirlər. Bu dialoqlar vasitəsilə
müəllif uşaqlara meyvələrin faydaları,
sağlamlığa təsiri və təbiətin zənginliyi
haqqında məlumat verir. Əsər, uşaqlara sağlam
qidalanmanın əhəmiyyətini və meyvələrin
orqanizm üçün faydalarını çatdırmaq məqsədi
daşıyır.
Sevinc Nuruqızının “Hava və İqlim Melisa ilə”
adlı əsəri 2024-cü ildə “Təhsil” nəşriyyatı
tərəfindən nəşr olunmuşdur. Bu kitab,
uşaqlara hava və iqlim mövzularını əyləncəli
və maarifləndirici şəkildə təqdim etmək məqsədi
daşıyır. Əsərin baş qəhrəmanı
Melisa, oxucuları müxtəlif iqlim qurşaqları ilə
tanış edir və onları dünyanın müxtəlif
ölkələrinə səyahətə aparır. Kitab,
uşaqlara hava və iqlim anlayışlarını sadə və
anlaşılan dildə izah etməklə yanaşı,
onların təbiətə olan marağını
artırmağı və ekoloji düşüncəni inkişaf
etdirməyi hədəfləyir.
Bundan başqa, müəllifin “Qadın”, “Rəngli
yağışlar” əsərləri dərc olunmuşdur ki,
bu əsərlər də uşaqların
dünyagörüşünün formalaşmasında
mühüm əhəmiyyətə malikdir. Müəllifin
“Qadın” əsərində qadınlar zərif olmaları ilə
yanaşı, həm də güclü tərəflərindən
təqdim olunur. Bu kitabda müəllif Ağabəyim ağa,
Natəvan, Zərifə Əliyeva, Leyla Məmmədbəyova,
Ağabacı Rzayeva, Şövkət Səlimova, Salatın
Əsgərova, Həmidə Cavanşir, Nigar
Şıxlinskaya, Xanımana Əlibəyli, Əzizə Cəfərzadə
kimi qadınların şəxsiyyəti, onların həyatı,
yaşadıqları hadisələr haqqında oxuculara məlumat
verir, kiçikyaşlı oxuculara həm bu xanımları
tanıdır, həm də onların təxəyyülündə
bu xanımların güclü bir qəhrəman kimi
obrazının yaranmasına vəsilə olur.
“Bilgənin macəraları” seriyası, “Hədəf
Nəşrləri” tərəfindən 2021-ci ildə təşkil
olunan müəllif tenderi nəticəsində
yaradılmışdır. Tenderin məqsədi, müasir tərzdə
uşaq ədəbiyyatının yaradılması, yeni və
milli uşaq xarakterlərinin meydana çıxması və
yerli müəlliflərə stimul verilməsi idi. Seriyaya daxil
olan kitablar arasında “Həkim Bilgə”, “Mühəndis Bilgə”,
“Səyyah Bilgə”, “Polis Bilgə” “Müəllim Bilgə”
kitabları “Bilgənin macəraları” adlı 10 cildlik
uşaq kitabları seriyasının bir hissəsidir,
2024-cü ildə “Bala bilgə” nəşrləri tərəfindən
dərc edilmişdir. Bu seriya, uşaqlara müxtəlif peşələri
tanıtmaq və onlarda maraq oyatmaq məqsədilə
hazırlanmışdır. Bu kitabların müəllifləri
Aynur Cavid və Cəmilə Məmmədlidir.
2024-cü ilin oktyabr ayında Bakı Beynəlxalq Kitab
Sərgisində yazıçı Aynur Cavid, Sevinc Elsevər və
uşaq ədəbiyyatı tədqiqatçısı
f.ü.f.d., dos. Səadət Bayramovanın iştirakı ilə“Uşaq
romanlarında müasir tendensiyalar” adlı müzakirə
saatı keçirdik. Bu müzakirə zamanı biz
adlarını çəkdiyimiz romanların müasir uşaq
ədəbiyyatına bəxş etdiyi yenilikləri təhlil
etdik. Kiçikyaşlı oxucuların da bu tədbirdə
iştirakı onların kitablara olan marağının əyani
göstəricisi idi. Ümumiyyətlə, bu kitabların hər
biri uşaqlarda öyrənmə marağını
artırır, ətraf aləmi dərk etməyə və
suallar verməyə həvəsləndirir, peşə
seçiminə erkən yaşlardan maraq oyadır, tərbiyəvi
və maarifləndirici məzmunu ilə
formalaşdırıcı rol oynayır. Kitablar əyləncəli
və interaktiv dillə yazıldığından,
uşaqların həm diqqətini cəlb edir, həm də
onları düşündürür. Rəngli illüstrasiyalar,
sual-cavablar, maraqlı faktlar və real həyatdan nümunələr
bu nəşrlərin effektivliyini artırır.
Uşaqlar üçün bir-birindən maraqlı
şeirlər, poemalar, mənzum nağıllar müəllifi
olan, kiçik balalara yeddi adda kitablar hədiyyə edən
İbrahim Yusifoğlu 2024-cü ildə də öz ənənəsini
davam etdirmişdir. Müəllifin şeirləri “Savalan”,
“Göyərçin” jurnallarında, “Ədəbiyyat qəzeti”,
“Ədalət”, “Azad Azərbaycan” kimi mətbu orqanlarında dərc
olunmuşdur. “Göyərçin” jurnalında “Əncir
çatır Araza”, “Çıraq”, “Nar çiçəyi”
adlı dərc olunan şeirlər uşaq dilindən
yazılmışdır. İbrahim Yusifoğlu Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olan, vətənpərvərlik və
milli dəyərləri ön plana çəkən bir
şair və pedaqoqdur. Onun əsərləri həm ədəbi,
həm də publisistik baxımdan zəngin məzmunu ilə
seçilir və oxucular tərəfindən maraqla
qarşılanır.
Uşaqlar üçün bir-birindən maraqlı
kitablar yazan müəlliflərdən biri də Əziz
Sultandır. Əziz Sultanın “Kapsul” adlı kitabı
müasir Azərbaycan ədəbiyyatında fərqli
üslubu və novator yanaşması ilə seçilən
maraqlı nəsr nümunəsidir. Bu kitab, postmodern ədəbiyyatın
elementlərini daşıyaraq, oxucunu qeyri-ənənəvi
düşüncə tərzinə sövq edir. “Kapsul” həm
forma, həm də məzmun baxımından eksperimentaldır
– müəllif burada ənənəvi hekayəçilik
strukturunu qıraraq, fərqli zaman və məkan
qatlarını birləşdirir.
Əziz Sultanın 2024-cü ildə çap olunan
“Dron arenası” kitabı müasir Azərbaycan uşaq ədəbiyyatında
fərqlənən nümunələrdən biri kimi qiymətləndirilə
bilər. Bu əsər yalnız əyləndirici süjet xətti
ilə deyil, həm də müasir texnologiyaların,
sosial-psixoloji problemlərin və uşaqların daxili
dünyasının təsviri ilə diqqət çəkir.
Əziz Sultanın “Heyvanlar nə danışır?”
kitabı da 2024-cü ildə nəşr olunmuşdur, uşaq
ədəbiyyatının maraqlı nümunələrindən
biridir. Bu əsər heyvanların dili ilə
yazılmış nağılvari hekayələr toplusudur və
müəllif burada heyvan personajları vasitəsilə
uşaqlara müxtəlif mənəvi-əxlaqi dəyərləri
aşılamağı qarşısına məqsəd
qoymuşdur.
Müəllifin
“Şimşək dəstəsi” uşaqların
marağına səbəb olacaq şəkildə macəra
janrında yazılıb. Əsərin əsas ideyası
birlik, dostluq, cəsarət və vətənpərvərlik
kimi mənəvi dəyərləri təbliğ etməkdir.
Uşaqların bir dəstə kimi təşkilatlanması və
qarşılarına çıxan çətinliklərlə
mübarizə aparması onların sosiallaşmasına və
vətənə bağlılıq hissinin formalaşmasına
xidmət edir. Əsərdəki hadisələr uşaq
psixologiyasına uyğun şəkildə təqdim olunur, qəhrəmanların
yaşına uyğun davranışlar və qərarlar
onların şəxsiyyət inkişafına nümunə ola
bilər.
Uşaq əsərləri yazıb yaradan müəlliflərdən
biri də Elgüsel təxəllüsü ilə yazan
Günel Məcidovadır. Müəllifin ötən ildə
iki kitabı nəşr olunmuşdur. Bunlardan biri
“Yumağın macəraları”
kitabıdır. Bu kitab uşaqlar və yeniyetmələr
üçün yazılmış, həm əyləncəli,
həm də düşündürücü bir əsərdir.
Kitab nəfis tərtib olunmuş, uşaqlar üçün
maraqla oxuna bilən üslubda hazırlanmışdır. Rəngarəng
şəkillər, maraqlı hekayələr kiçikyaşlı oxucuların
diqqətini cəlb edir, onlarda mütaliəyə həvəs
yaradır.
“Cəsur, Dəcəl, Ağıllı” romanında
isə baş qəhrəman Cəsur adlı uşaqdır. Cəsur
böyümək istəmir və uşaqlıq illərinin əyləncəli
və sərbəst həyatını qorumağa
çalışır. Kitab uşaqlara böyümək, məsuliyyət
və dəyişikliklərlə bağlı dərin
düşüncələr təqdim edir. Bu əsər
uşaqlara özlərini və ətraf aləmi daha
yaxşı anlamağa kömək edir.
Vüqar Haqverdiyev uzun illərdi uşaq ədəbiyyatında
imzası olan parlaq müəlliflərdən biridir. Onun
2024-cü ildə “Həyəti kim təmizləyirmiş?”
adlı uşaq hekayəsi fin, “Uçan adam” adlı
nağılı mari dilində, “Qarınqulu ayı balası”
adlı əsəriisə udmurt dilində Rusiyada çap
edilmişdir.
V.Haqverdiyevin “Dovşan, pişik və kirpi niyə
Müjdəyə çox sağol dedi?” adlı
nağılı “Qanun” nəşriyyatı tərəfindən
təşkil olunan “Müasir Azərbaycan nağılları”
müsabiqəsində birinci yerə layiq
görülmüşdür.
“Qarınqulu ayı balası” (rus dilində “Ìåäâåæîíîê
îáæîðà”) adlı pyes müəllifin uşaq dramaturgiyası sahəsindəki
diqqətçəkən nailiyyətlərindən biridir. Bu əsər
Rusiyanın müxtəlif
bölgələrində kukla teatrında səhnələşdirilmişdir.
Həmin pyes əsasında Naxçıvan Dövlət Kukla
Teatrında, Füzuli Dövlət Dram Teatrında və Qax
Dövlət Kukla Teatrında eyniadlı tamaşalar
hazırlanmış və bu teatr məkanlarında uğurlu
premyeraları gerçəkləşdirilmişdir.
Müəllifin Novruz bayramına həsr etdiyi
“Saçları səməni oğlan” adlı pyesi Qusar
Dövlət Ləzgi Dram Teatrında səhnələşdirilmiş
və Novruz ərəfəsində uşaq
tamaşaçılara təqdim olunmuşdur.
Digər bir dramaturji nümunə olan “Pis Uşaqlar
Planeti” (rus dilində “Ïëàíåòà Ïëîõèõ Äåòåé”) pyesi Leninqrad vilayətinin
Vıborq Uşaq Musiqili Teatrındauğurla tamaşaya
qoyulmuş və rusiyalı uşaqlar tərəfindən
maraqla qarşılanmışdır. Əsərdə əsas
ideya oyuncaqlara sevgi və qayğı ilə
yanaşmağın önəmini vurğulamaq, uşaqlara
dürüstlük, həmrəylik, dostluq və
yoldaşlıq kimi mənəvi-əxlaqi dəyərləri
aşılamaqdan ibarətdir.
“Sehrli planşet” adlı pyes əsasında isə
Naxçıvanın Yeni Era Uşaq və Gənclər
Teatrında Yeni il mövsümünə həsr olunmuş
eyniadlı tamaşa hazırlanmış və uşaqlara təqdim
edilmişdir. Əsər uşaqlara düzgün
davranış formalarının, hədəflərə
doğru yolla çatmağın və çətin vəziyyətlərdə
qarşılıqlı yardımın vacibliyini
aşılamışdır.
2024-cü il, tanınmış uşaq
yazıçısı və şair Gülzar
İbrahimovanın yaradıcılığında məhsuldar
bir dövr olmuşdur. Bu il ərzində o, bir neçə
yeni əsərini oxuculara təqdim etmişdir.
Gülzar İbrahimovanın 2024-cü ildə nəşr
olunan əsas əsərlərindən biri “Trolların
sirri” adlı nağıl
kitabıdır. Bu əsər, Skandinaviya xalqlarının
nağıl qəhrəmanları olan trollara həsr
edilmişdir. Yazıçının digər bir əsəri
“Dəcəl Keçəl” nağıl kitabıdır. Bu
kitab, əyləncəli və gülməli məzmunu ilə
uşaqlar arasında sevilmişdir. Valideynlərin rəylərinə
görə, kitab uşaqların marağını cəlb
edir və hər gecə oxunmasını tələb edirlər.
Gülzar İbrahimova tərəfindən
yazılmış “Gizlənpaç” adlı kitab,
uşaqların sevimli oyunlarından biri olan gizlənpaç
oyununu əyləncəli şəkillərlə təqdim
edir. Kitab, uşaqların diqqətini gücləndirməyə
və müsbət təsir göstərməyə yönəldilmişdir.
Yumşaq cildli və 32 səhifədən ibarət olan bu
kitab, uşaqların marağına səbəb olmuşdur.
Gülzar İbrahimovanın 2024-cü ildə nəşr
olunan bu əsərləri, onun uşaq ədəbiyyatına
verdiyi töhfələrin davamı olaraq, uşaqların maraq
və inkişafına yönəlmişdir.
Yazıçının əsərləri, həm əyləncəli,
həm də tərbiyəvi məzmunu ilə uşaqların
sevimlisinə çevrilmişdir.
2024-cü il yazıçı Solmaz Amanovanın
uşaq ədəbiyyatı sahəsindəki fəaliyyətində
əlamətdar olmuşdur. Onun yeni nəşrləri, oxucu
görüşləri və beynəlxalq tədbirlərdə
iştirakı, uşaqlara milli dəyərləri və mədəniyyəti
aşılamaq istiqamətində mühüm addımlar
olmuşdur.
Solmaz Amanovanın 2024-cü ildə “Turac və sehrli
daraq” Azərbaycan folkloruna əsaslanan və Novruz
bayramının ənənələrini əks etdirən bir
nağıl-pyesdir. Əsər, xalqımızın qədim
oyunlarını və Novruz ənənələrini
özünəməxsus tərzdə təqdim edir. Turac
haqqında məşhur rəvayət uşaqlar
üçün uyğunlaşdırılaraq fərqli şəkildə
təqdim olunur, bu isə pyesi daha da maraqlı edir. Əsər, uşaqların milli dəyərləri
və ənənələri daha yaxşı mənimsəməsi
üçün yazılmışdır. Nağıl-pyes
formatında olan bu kitab, uşaqların marağını cəlb
edəcək şəkildə tərtib edilmişdir.
Uşaq poeziyası milli ədəbiyyatın
mühüm sahələrindən biri olaraq, hər dövrdə
uşaqların estetik tərbiyəsində, dilin öyrənilməsi
və formalaşdırılmasında, onların
dünyagörüşünün genişlənməsində
əhəmiyyətli rol oynamışdır.
Apardığımız tədqiqat zamanı belə qənaətə
gəldik ki, 2024-cü ildə bu sahədə nəzərəçarpacaq
bir canlanma müşahidə olunur. Şeirlər daha aktual
mövzularda yazılır, dil və forma baxımından
müasir uşaq dünyasına daha uyğun təqdim
olunur.2024-cü ilin uşaq poeziyasında əsas mövzulardan
olan iqlim dəyişikliyi, heyvanların qorunması, təbiətin
sevilməsi mövzuları bir çox şairin
yaradıcılığında ön plana
çıxmışdır. Uşaqlara ekoloji şüurun
aşılanması məqsədi ilə sadə, lakin təsirli
poetik nümunələr yazılır.
Azərbaycan tarixi, qəhrəmanlıq motivləri,
milli simvollar (bayraq, dövlət dili, Şuşa, Qarabağ və
s.) uşaq şeirlərində mütəmadi olaraq təbliğ
olunur. Valideyn sevgisi, dostluq, paylaşma və sevgi kimi sosial
münasibətlərə dair poetik nümunələr
uşaqlarda humanist dəyərləri formalaşdırır.
Bu dövrdə yazılan bəzi şeirlərdə mobil
telefonlar, robotlar, internet və süni intellekt kimi müasir
anlayışlara da rast gəlinir. Bu, uşaq
poeziyasının zamanla ayaqlaşdığını göstərir.
Şeirlər uşaqların yaş səviyyəsinə
uyğun şəkildə yazılır. Qafiyəli, ritmik,
oxunaqlı və yaddaqalan ifadələr üstünlük təşkil
edir. Tapmacalar, təmsil və nağıl-poemalar 2024-cü
ilin poeziyasında geniş yayılıb. Bu, uşaq
düşüncəsini və təxəyyülünü
inkişaf etdirir. Müasir uşaq poeziyası daha çox
uşağın daxili dünyasını əks etdirməyə
çalışır, birbaşa nəsihətlərdən
uzaq durur, əvəzində obrazlarla öyrətməyə
üstünlük verir.
2024-cü ildə “Göy qurşağı”
jurnalında dərc olunan uşaq şairlərinin
yaradıcılığında həm klassik ənənəyə
bağlılıq, həm də müasir poetik düşüncə
müşahidə olunur. Şairlərdən – Aygün
Aslanlı, Kənan Hacı, Günel Əziz və
başqaları uşaq ədəbiyyatına yeni nəfəs
gətirən müəlliflər kimi diqqət çəkir.Eyni
zamanda sosial şəbəkələr vasitəsilə
uşaq şeirlərini paylaşan yeni nəsil müəlliflər
meydana çıxır. Bu müəlliflər interaktiv
üslubda, uşaqların marağını cəlb edən
şəkilli və animasiyalı şeirlərlə
çıxış edirlər.
2024-cü ildə uşaq poeziyası müasir
uşağın dünyasını daha dərindən əks
etdirmək, onların maraqlarına uyğun bədii nümunələr
təqdim etmək istiqamətində mühüm irəliləyiş
əldə etmişdir. Mövzu və üslub
baxımından zənginləşən bu poeziya sahəsi həm
pedaqoji, həm də ədəbi baxımdan cəmiyyət
üçün vacib və dəyərli istiqamət olaraq
qalır.
2024-cü il Azərbaycan uşaq nəsri
üçün yeniliklər və inkişaflarla zəngin bir
dövr olmuşdur. Əsərlərdə milli dəyərlərlə
yanaşı, müasir mövzuların da əks olunması
uşaqların həm intellektual, həm də emosional
inkişafına töhfə vermişdir.
Uşaq dramaturgiyası ədəbiyyatın
mühüm sahələrindən biri kimi 2024-cü ildə də
inkişaf etməkdə davam etmiş, həm mövzu, həm
də forma baxımından yenilənmişdir. Müasir
dövrün çağırışlarına cavab verən,
uşaqların yaş xüsusiyyətlərinə,
psixologiyasına və estetik zövqünə uyğun
yazılmış əsərlər həm yazılı ədəbiyyatda,
həm də teatr səhnələrində özünü
göstərmişdir.
Digər janrlarda yazılmış əsərlərə nisbətən uşaq pyesləri
sayca çox az olsa da, ötən ildə uşaq
dramaturgiyası həm tematik, həm forma baxımından yeni
nəfəs qazanmış, çağdaş dövrün tələblərinə
uyğunlaşdırılmışdır. Müasir uşaq
dramaturqları uşaqların dünyasını daha dərindən
anlamağa çalışır, onları
düşündürən və maraqlandıran məsələlərə
toxunurlar. Ənənə ilə innovasiyanın vəhdəti
nəticəsində bu sahə həm estetik, həm də
pedaqoji baxımdan əhəmiyyətli məzmunla zənginləşmişdir.
Beləliklə, uşaq dramaturgiyası təkcə əyləncə
deyil, eyni zamanda tərbiyə və maarifləndirmə vasitəsinə
çevrilməkdədir.
2024-cü ildə Azərbaycan uşaq ədəbiyyatı
sahəsində həm elmi, həm də praktik səviyyədə
mühüm irəliləyişlər müşahidə
olunmuşdur. Akademik tədqiqatlar, yaradıcılıq
müşavirələri, nəşriyyatların fəallığı
və beynəlxalq əlaqələrin genişlənməsi
bu sahənin inkişafına töhfə vermişdir. Gələcəkdə
də bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi
uşaq ədəbiyyatının zənginləşməsinə
və yeni nəslin mənəvi inkişafına müsbət
təsir göstərəcəkdir.
Gülnar QƏMBƏRLİ
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.29-30;31.