BƏDİİ TƏRCÜMƏ:
PRAKTİKA VƏ NƏZƏRİYYƏ – 2024
İctimai şüurun bütün formalarında
olduğu kimi, ədəbiyyat və incəsənət sahəsində
də, habelə onun bədii tərcümə qolunda praktika və
nəzəriyyə daim qarşılıqlı-dialektik
münasibət və əlaqə prosesindədir. Keçən
ilin Azərbaycan dilində çap edilmiş bədii tərcümə
əsərləri çox zənginolub, klassik və müasir
müəllifləri əhatə edir;hətta o qədər zəngindir
ki, həmin əsərlərin müəlliflərini və
mütərcimlərini bütöv bir siyahıda tamamilə
ehtiva etməkbelə müşküldür.
2024-cü ilin bədii tərcümə materialları
əsasən kitablar şəklində nəşr olunmuş,
həmçinin “Azərbaycan” ədəbi-bədii jurnalı,
“Dünya ədəbiyyatı”, “Ulduz” dərgiləri, “Ədəbiyyat
qəzeti” və s. bu kimi ayrı-ayrı mətbuat
orqanlarında dərc edilmişdir. Tərcümələrdə
başlıca olaraq rus dilinə üstünlük verilsə də,
birbaşa orijinaldan –ingilis, alman, fransız, polyak və s. dillərdən
də ana dilimizə çevrilmələr yerinə
yetirilmişdir; professional mütərcim, tərcüməşünas
və redaktorların fəaliyyəti qənaətbəxş
qiymətləndirilə bilər.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsində (müdiri fil.e. dok. Rəhim Əliyev)
“Min ilin alman şeiri” antologiyası(Bakı: “Optimist” MMC,
2024, 324 s.) – tərcümə kitabı hazırlanıb nəşr
edilmişdir. Nəşrə hazırlayan: Z.Zeynalova və
F.Süleymanoğlu; rəyçilər: E.Fuad və M.Mehdibəyova.Antologiyaya
Almaniyada mühacir həyatı yaşayan tanınmış cənublu
şair, yazar və tərcüməçi Ə.Səlaminin
alman klassik və çağdaş poeziyasından ana dilimizə
orijinaldan tərcümə etdiyi əsərlər daxil
edilmişdir. Əksəriyyəti Azərbaycan dilinə ilk dəfə
çevrilən bu əsərlər oxuculara alman poeziyası
ilə dolğun şəkildə tanış olmaq imkanı
verir.
Fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət
xadimi, dramaturq və esseistF.Mustafanın “Poetik tərcümələr”
kitabı (Bədii tərtibatçı: A.Mustafayev. Redaktor:
H.Hüseynova. “Renessans – A” nəşriyyat evi, 2024, 236 s.) nəşr
olunmuşdur. Kitabda Rusiya, Belarus, Qırğızıstan,
Norveç, Çexiya, Çili, Vyetnam, Rumıniya, Çin,
İran, Almaniya, ABŞ və s. ölkələrdən olan
20-ə qədər millət və xalqın nümayəndələri
təmsil edilmişdir. Rus dilində yazıb-yaradan soydaşlarımızın
şeirləri “Azərbaycan poetik radiusu” başlığı
altında təqdim olunmuşdur. Kitabın “Poetik diktatura”
bölməsinə K.Marks, F.Engels, İ.Stalin, B.Mussolini,
A.Hitler və başqa bu kimi vaxtilə siyasi xadim, partiya rəhbərivə
dövlət başçıları olmuş insanların qələmindən
çıxan yazı-pozuları daxildir. Mütərcim öz
bədii istedadına və şairlik təbinə arxalanmaqla gərgin
axtarışlar sayəsində əldə etdiyi əsasən
fəlsəfi-lirik məzmunlunümunələri ədəbi-bədii
qayda-qanunları gözləyərək rus dilindən heca vəzni(ölçü,
təqti, qafiyə...) və sərbəst şeir tələblərinəmüvafiq
şəkildə ana dilimizə çevirmiş, bəzilərini
isə sətri tərcümə ilə vermişdir. O,
araşdırmalar apararaq bir çox müəlliflərlə
əlaqədar bioqrafik məlumatlar əldə etmiş, bir
sıra şeirlərin mətnləri ilə bağlı
şərh və izahlaryazmışdır. Lakin, fikrimizcə,kitabda
bəzi çatışmazlıqlar, mətbəə və
orfoqrafik xətalar mövcuddur. Məsələn, S.Yeseninin məşhur
“İran nəğmələri” silsiləsindən olan məlum
şeirin tərcüməsində lirik qəhrəmansevimli
xanımın obrazına həm “Şəhanə”, həm də
“Şahanə”kimi xitab edir. Sonra, bəzi müəlliflərin
qısaca da olsa, tərcümeyi-halı yoxdur, bir qisminin isə
heç təvəllüd tarixi belə göstərilməmişdir.
P.Nerudanın “Kəndli əllər”
şeirinin sərlövhəsində “n” əvəzinə “h” hərfi
getmişdir. Özbək şairinin şeiri “Güz” arxaizmi
ilə verilmişdir, halbuki, ana dilimizdə müasir “payız”
sözü mövcuddur. Eyni zamanda geniş oxucu kütləsi
üçün bütövlükdə bu tərcümə
kitabının əksər hissəsi, o cümlədən dəonun sonuncu bölməsimüəyyən
qədər maraq doğursa da, əslində bəzi hallarda
mütərcimin zəhmətinə heyfimiz gəlir,
çünki onun özünün də “Poetik
diktatura”yayazdığı Ön söz qeydlərindəgöstərdiyi
kimi, buradakı müəlliflərin ilk gənclik
dövründə qələmə
aldıqlarıdırnaqarası “poetik yaradıcılıq”
(s.185) nümunələrinin bir çoxuxeyli dərəcədə
ədəbi-bədii məziyyətlərdən məhrumdur və
artıq tarixin arxivinə gömülmüşdür.
Keçən il Qazaxıstanın xalq şairi,
Türk Dünyası Yazarlar Birliyinin sədri U.Esdauletin
“Dağların və çöllərin nəğmələri”
kitabı (E.Zal və İ.İlyaslı birbaşa orijinaldan tərcümə);
Qırğızıstanın xalq yazıçısı
S.Rayevin “Dəlixana” romanı (“Xan”, 2024, tərcüməçi:
A.Oğuz, redaktorları: Y.Oğuz və C.Qədir); U.Ekonun
“Qızılgülün adı” fəlsəfi-detektiv
romanı (“Qanun”, 2024, 688 s., tərcüməçi: S.Bulut.);
E.L.Voyniçintəkrar olaraq “Ovod” əsəri (“Qanun”, 2024,
424 s., tərcümə edən: B.Musayev) və s. kitablar da nəşr
edilmişdir.
2024-cü ildə Azərbaycan-Polşa Elmi-Mədəni
Cəmiyyətinin sədri,prof.G.Abdullabəyli polyak dilindən
tərcümələri ilə oxucularımıza dəyərli
kitablar bəxş etmişdir:1) M.Ə.Rəsulzadə“Azərbaycan
müstəqillik uğrunda mübarizədə”(“Elm”);kitab ilk
dəfə 1938-ci ildə Varşavada çap olunub.Mütərcim
kitaba Ön sözyazmışdır. Bu tərcümə əvvəlcə
“Azərbaycan” jurnalında çap edilmişdir (¹ 1);2)
Stanislava Plyaskovitska-Rımkeviç“Məhəmməd
Süleyman oğlu Füzuli” (“Elm”). Polyak dilində 1973-cü
ildə yazılmışkitabda Füzulinin dövrü,
mühiti, ədəbi şəxsiyyəti,
yaradıcılığı haqqında ətraflı məlumat
verilir, şairin “Bəngü-Badə” poemasının polyak
dilində tərcüməsi təqdim olunur. Mətnin elmi redaktoru,
“Füzuli polyak türkologiyasında” giriş
sözünün müəllifi Gülər xanımdır.
Keçən il A.Cəmilin rus, belarus, bolqar,
qırğız, ərəb, ingilis, həmçinin rusdilli
Azərbaycan şairlərinin poeziya nümunələrindən
ibarət “Könüldən-könülə” tərcümə
kitabıçap olunmuşdur. S.Hüseynlinin “Tərcümə
təcrübələri” (“Zərdabi MMC”, redaktoru:
S.Ağabalayeva) adlı kitabı isə ümumilikdə 18
ölkədən 56 imzanı əhatə edir; 3 bölümdən
ibarət kitabda 42 hekayə, 46 esse, 4 ədəbi söhbət
var. Kitab haqqında S.Mürvətqızı “Tərcümə
təcrübələri” ədəbi-mədəni ötəsinə
körpü” adlı əhatəli resenziya
yazmışdır (“Ədəbiyyat qezeti”, 20 dekabr 2024, s.
26-27).
“Dünya ədəbiyyatı” dərgisinin (baş
redaktor: S.Hüseynli) 2024-cü il nəşri çeçen
xalqının ədəbiyyatına həsr edilmişdir.
“Mündəricat” aşağıdakı hissələrdən
ibarətdir: K.Abdulla “Qafqaz dağlarıtək məğrur
çeçen ədəbiyyatı”; S.Babullaoğlu“Ən
vacib mövzularda çeçen ruhu ilə yazmaq...”;
M.İbrahimov “Çeçen Respublikası: tarix və
çağdaş dövr” (tərcüməçi:
S.Hüseynli); Proza (yəni “nəsr”, ingiliscə: “prose”); – tərcüməyə səriştəli
mütəxəssislər cəlb edilmişdir.
Poeziya(S.Babullaoğlu); – çeçen poeziyasının 41
müəllifindən tərcümələr
edilmişdir.Elmi baxış – Z.Çukuyeva “Çeçen ədəbiyyatı:
inkişafının əsas mərhələləri və
tendensiyaları” (Ş.Şəfa); Müəlliflər
(haqqında məlumat). Ümumiyyətlə, buradakıtərcümə
əsərləriyüksək ideya-bədii məziyyətləri
ilə oxucunu razı salır. Hər bir əsər
üçün burada zəruri hesab edilən məqamlarda
lüğət, izah və şərhlər verilir. Bununla belə,
əsərlər rus dilindəntərcümə edildiyinə,
habelə materiallar bəzən redaktor və korrektor nəzərindən
yayındığına görə mütərcimdən və
ya mətbəədən irəli gələn bir sıra
anlaşılmazlıq və səhvlər də
özünü göstərir.Məsələn, elə
aşağıdakı sitatda iki texniki səhv
özünü göstərir: “...Məryəm
İsayevanın, Məhəmməd-Salah Qadayevin, Xasməhəmməd
Ədilovun[1], Vahid İtayevin, Ruslan Yusifovun, Şərif
Suruyevin, Sulim Məhəmmədovun, Lyuba Arsaliyevanın poetik
nümunələrində, Səidbəy Arsanovun, Xalid
Oşayevin, Səid Baduyevin[2], Məhəmməd Mamakayevin,
Musa Mutayevin və təqdim olunan onlarla başqa müəllifin
nəsr əsərlərində çeçen
xalqının milli-mənəvi keyfiyyətləri aşkar
görünür” (s. 5). Rus dilindən fərqli olaraq bizim ana
dilimizdə “c” səsi və hərfi olduğuna görə,
gürcü dilinə məxsus “Qamardjoba” sözünü
“dj” hərf birləşməsi ilə deyil (s. 25), sadəcə
dilimizdəki “c” hərfi ilə vermək lazımdır. Və
ya: “Kim qaçıb papağını məscidin mimarına
qoya bilər?” sual cümləsindəki “mimar” sözünə
ətək yazısında belə izahat verilir: “Məscidin
içərisində qibləni göstərən taxça”(s.39).Məlum
məsələdir ki, burada söhbət hər bir məscidin
içərisində olan mehrabdan gedir.“Qaluşka” sözünə
qısa – “Xəmirdən hazırlanan yemək” (s.78) və
çox uzun olmaqla (s.120) iki dəfə izahat verilmişdir.
Yaxud “Mövlidiyə danışarıq”, “get, Mövlidini
çağır buraya...” (s.129) cümlələrində
çox ehtimal ki, “Mövlud” xüsusi ismi nəzərdə
tutulmuşdur. “Qamar” (s.178) nə
deməkdir, bəlkə bu, “Qəmər”dir?! Tərcümələrdə
ehtiyac olmadan çox vaxt ana dilimizdə
qarşılığı tapıla bilən müxtəlif əcnəbi
sözlər, varvarizmlər işlədilir:turistik, stabil,
resurs, hospital, skamya, pedal, kanistr...
Fikrimizcə, dərginin belə genişhəcmli
xüsusi buraxılışlarına sonda vahid bir tarixi, mədəni-etnik
reali və terminlərdən ibarət lüğət əlavə
edilərsə, oxucu üçün daha münasib olar.Bu
növ xüsusi tərcümənin
müvafiq redaktorunun da olması, yəniindiki halda
çeçen dilini bilən şəxsin əlindən
keçməsi zəruridir.
2024-cü ildə “Azərbaycan” ədəbi-bədii
jurnalı (baş redaktor: İ.Qasımzadə) xeyli tərcümə
əsərləri çap etmişdir. İlk növbədə,
birbaşa orijinaldan tərcümələri qeyd etmək
lazımdır. Bu baxımdan tanınmış mütərcim
və yazıçı K.Nəzirlinin dünyaşöhrətli
yazıçı M.Pyuzo qələminə məxsus “Xaç
atası”romanının tərcüməsini (¹ 1, ¹ 2, ¹ 3-4, ¹
5) vurğulamalıyıq.Onunəsərdəki
leksik-sintaktik-üslubiçətinliklərin, mürəkkəb
söz və birləşmələrin adekvat tərcüməsinə
nail olması, ümumiyyətlə bizim tərcümə sənətimizin
nailiyyəti hesab edilə bilər. Burada oxucu bir çox izah və
şərhlərlə rastlaşır ki, bu da onun əsəri
rahatlıqla başa düşməsinə kömək edir.
Eyni zamandabəzi qeyd və iradlarımız da var: “biyar-biyar
zarafat edirdi” (s.202), (içki adı olan)“martini” (s.205), (tarixi
döyüş)“Perl Harbor” (s.207), “vəngilti”? (s.220) və s.
bu kimi az işlənən, habeləməhəlli söz və
spesifik ifadələrin də izaha ehtiyacı vardır. Qərb
yazıçısının mentalitetindən irəli gələn
açıq-saçıq fikir və deyimləri olduğu
kimi Azərbaycan oxucusuna təqdim etmək də düzgün
deyildir:“Bu gözəlçə fahişədir, kimə gəldi...”
(s.198), “Hələ də gəlinin rəfiqəsini...” (s.221)
və s. tipli cümlələr bizim ədəbi dilimizin bədii
üslubu üçün qəbuledilməzdir. Mütərcim
efvemizmlərdən də istifadə edə bilərdi. K.Nəzirli,
həmçinin ingilis dilindən Mark Tvenin 1905-ci ildə
yazdığı “Çarın monoloqu” essesinin uğurlu tərcüməsi
ilə də çıxış etmişdir(“Azərbaycan”, ¹
11, s.74-79).Tanınmış alim və mütərcim V.Quliyev
Krım-tatar yazıçısı
Ç.Dağçının qələminə məxsus
“Qorxunc illər” romanını türkcədən ana dilimizə
uyğunlaşdırmışdır (¹ 2, ¹ 3-4, ¹ 5). Vilayət
müəllim romandan əvvəl “Çengiz
Dağçı fenomeni” adlı bir Ön söz də
yazmış (s.32-37), bir sıra sətiraltı izah və
şərhlər də vermişdir. Azərbaycan oxucusunun
mütaliəsini zənginləşdirən bu əsər ədəbi
hadisə hesab edilə bilər,lakinburada davarvarizm və
arxaizmlərə, dialekt sözlərə rast gəlirik:
qaramsar,odeyal, əski, lehistanlı, politruk, aşbaz (“aşpaz”
olmalıdır)... Jurnalın keçənilki səviyyəli
tərcümələri sırasında
aşağıdakıları da qeyd etməliyik:
Dağıstanın Xalq şairi M.Əhmədovun rus dilindən
çevrilmiş (Məmməd Oruc) səkkiz şeiri
oxunaqlıdır (¹ 2); M.Ş.Vazehin şeirləri (alman dilindən
sətri tərcümə əsasında tərcümə edən
A.Yaşar, ¹3-4); M.Həzrətqulu “Göygöl” (özbək
dilindən tərcümə edən: Şahista Kamranlı,
¹3-4); Bəsti Əlibəyli “Müasir Türkiyə
şeirinin əfsanəsi Əbdürrəhim Qaraqoç”–9
şeir (¹3-4);S.Kolmanovski “Həsənbala” (A.Yaşar, ¹ 5),K.Abe
“Dəyənəyə çevrilən kişi” (A.Yaşar, ¹
10), E.Radzinski “Koba” (A.Yaşar, ¹ 10), M.Bulqakov “Kəmağıl
Jurden” (H.Piriyev, ¹ 10). Jurnalda gedən ədəbi-elmi məqalələr,
bilavasitə tərcüməşünaslığa aid
materiallar da diqqətəlayiqdir. Jurnalın 12-ci sayında
çap edilmiş – İ.Həmidov “Füzuli
yaradıcılığı ərəb alimi Hüseyn Mucib əl-Misrinin
tədqiqatında”; Ş.Əlibəyli “Məhəmməd
Füzulinin “Yeddi cam” əsərinin tərcüməsi
Böyükağa Qasımzadə qələmində”; A.Mirzəyev
“Məhəmməd Füzulinin “Hədiqətüs-süəda”
əsəri şəhidlik abidəsi kimi”; L.Əliyeva
“Füzuli ədəbi irsi Qərb şərqşünaslarının
elmi-nəzəri fikrində” adlı məqalələr ədəbiyyatşünaslarımızın
milli tərcümə nəzəriyyəsinə töhfələri
hesab edilə bilər.
“Ulduz” dərgisində (baş redaktor: Q.Ağsəs)
çap edilmiş aşağıdakı materiallar (yanvar) tərcüməşünaslığımızı
zənginləşdirir: İ.Abbasov “İngilis ədəbiyyatının
amerikalı nümayəndəsi” (s.8-12), “T.Eliotun aforizmlərindən
seçmələr” (s.13), N.İsmayılova “Bir qış
gecəsi əgər bir yolçu” və postmodernizm” (s.29-36),
M.Osmanoğlu “Əsərmi, mətnmi?” Rolan Bart “Əsərdən
mətnə” (s.73-79). Tanınmış tənqidçi, nəzəriyyəçivə
mütərcim C.Yusiflinin orijinaldan tərcümə etdiyi və
Ön söz də yazdığı “Eqzüperinin duası”
materialı (fevral-mart, s. 7-8) “Balaca şahzadə” müəllifi
haqqında məlumat və təsəvvürümüzü
genişləndirir. Dərginin həmin sayında ingilisdilli ədəbiyyat
üzrə görkəmli alim və mütərcim Ş.Xəlillinin
yüksəksəviyyəli tərcüməsi – “Britaniya və
Amerika uşaq şeirindən seçmələr” çap
edilmişdir (s. 55-59).
“Ədəbiyyat qəzeti” (baş redaktor: A.Turan)
keçən il bədii tərcümələrə və tərcümə
nəzəriyyəsinə geniş yer vermişdir.
L.Aşkenazinin “Qara mücrü” kitabından 6 şeir
(H.Piriyev), X.Şahaninin əsəri (A.Yaşar), prof. T.Quliyevin
“Zəhirəddin Məhəmməd Babur” məqaləsi,
Dövlətgərəy Kapulunun iki şeiri
(İ.İlyaslı), “Pol Osterin stolüstü kitabları”
(N.Hacılı) və Q.Markesə aid “İşıq da elə
su kimidir” (A.Yaşar) materialları qəzetin müvafiq olaraq
yanvar və 8 mart tarixlərindəki saylarında çap
edilmişdir.“Ədəbiyyat qəzeti”nin eyni bir sayında (27
aprel) fransız ədibi P.Lopənin “Üç (adsız)
şeiri”ni C.Yusifli (s.42), E.Heminqueyin “Hindu qəsəbəsi”
hekayəsini isə ingilis dilindən tanınmış qələm
sahibi, prof. A.Abbasov (s. 43) uğurla tərcümə etmişlər.
Qəzetin 7 sentyabr sayında A.Moravianın “Körpə”
(M.N.Qarayev) və A.H.əs-Sədrin
(Bintül-hüda) “Kaşki biləydim!” (ərəb dilindən
İ.İsmayılzadə) hekayələri çap
olunmuşdur. Xalq yazıçısı Elçin “Qələm
və maskalar” (“Qaldoni haqqında bir neçə söz”) məqaləsini
və dramaturqun “Kələkbaz dul qadın” əsərinin tərcüməsindən
bir hissəni (ikinci pərdə, iyirminci gəliş, 27 dekabr,
s.5-6) təqdim edir: “...mən Qaldoninin pyeslərini yenidən
varaqladım, hətta xoşuma gələn komediyalarından
birini...rus dilindən tərcümə etməyə
başladım”. Eyni bir cümlənin iki müxtəlif tərcüməsini
verən Elçin müəllimingənc mütərcimlər
üçün örnək olacaqbelə bir fikrinə diqqət
yetirək:“Yəqin bu cür də tərcümə etmək
olar”.Bununla da, o, nəzəri şəkildə həmişə
alternativ tərcümə variantının da
mümkünlüyünü ifadə edir.
Beləliklə, tam əhatə edə bilməsək
də, icmal şəklində nəzərdən
keçirdiyimiz2024-cü ilin bədii tərcümələrinə
və bu sahədə qələmə alınmış elmi-nəzəri
məqalələrə əsasən inamla deyə bilərik
ki, milli-bədii tərcümə praktikası və nəzəriyyəsinin
davamlı inkişafı üçün yeni imkanlar
açılmış, dünya ədəbiyyatında
miqyasına görə
geniş spektri əhatə edən bir çox görkəmli
simaların, istedadlı ədiblərin mövzu və məzmunca
rəngarəng, dəyərli əsərləri Azərbaycan
oxucusunun mütaliə dairəsinə daxil olmuşdur.
Rasim Nəbioğlu
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.31-32.