"Azərbaycan
ürəyimdə bir şah damardır"
Sivasda dünyaya gəlmiş Türkiyənin
tanınmış şairi, azəri kökənli Yavuz
Bülent Bakilər bütün qəlbiylə Azərbaycana
bağlı insandır. Yazıma başlıq qoyduğum misra
onun Bəxtiyar Vahabzadəyə həsr etdiyi şeirdəndir:
Türkü türkdən başqa indi kim anlar,
Yaram dərin, məlhəmim yox, vaxtım dar.
Bir dastan yazar kimi yaz məni, Anar,
Duy məni, Bəxtiyar, duy məni, Şahmar!
Türkiyədə toplantıda Qarabağ müsibətindən
bir epizodu xatırladım: Xocalı qırğınından
sonra qarlı meşədə sürünən körpə
balasının donmuş bədənindən tikanları
bir-bir çıxarıb onu dəfn edən anasından
danışdığım zaman Yavuz bəyin necə
sarsıldığını, kövrəldiyini, gözlərinin
dolduğunu heç vaxt unutmayacam.
Tanışlığımızın uzun bir
tarixçəsi var. İstanbulda, Ankarada, Bakıda, hətta
Amsterdamda görüşmüşük. Hər dəfə
Azərbaycanın dərdlərinə, özəlliklə
Qarabağ məsələsinə necə ürək
yanğısıyla yanaşdığına şahidəm
Yavuz Bülent Bakilərin (soy adının tərkibində
bir "Bakı" qismi də var) televiziya proqramlarında dil
haqqında silsilə verilişlərini maraqla izləyir və
söylədiyi fikirlərin çoxuyla
razılaşırdım. Bu barədə bir
görüşümüzdə özünə də dedim və
eyni zamanda Türkiyə mediasının dil siyasətinə
aid bəzi iradlarımı da bildirdim. Bir müddət sonra
Yavuz bəyin "Tərcüman" qəzetində (13 aprel
2004) dərc edilmiş yazısıyla tanış oldum. Yavuz bəy
yazırdı:
"Bugünkü çağdaş Azərbaycan ədəbiyyatının
ən dəyərli yazarlarından Anar mənə çox
önəmli bir soru sordu: "Biz, - dedi, - dünənki Sovet
rejimində bir sıra yanlışlıqlar yapmaq məcburiyyətində
qaldıq. Çünki bağımsız
("bağımsız" sözünə diqqər edin! -
A.) deyildik. Siz nədən dildə böyük
yanlışlıqlar yapırsınız? Sizi kim zorlayır?
Dildə zərurət və məcburiyyət olmadan kəlmələr
dəyişdirirsiniz?
Məsələn, millət, hürriyyət, həyat,
şərt, ehtiyac, şərəf, imkan, hekayə,
ağıl, şəhər, ədəbiyyat, hakimiyyət, can
kimi kəlmələrimiz həm Türkiyə türkcəsində,
həm də Azərbaycan türkcəsində (! - A.) tamamən
ortaq kəlmələrdir. İndi siz bu kəlmələrdən
neçin vaz keçdiniz? Mən indi istəyirəm ki,
Anarın sorusuna bütün "Tərcüman"
oxucuları da, millətimiz də cavab verməyə
çalışsın. Nədən minillik kəlmələrmizi
tərk ediyoruz? Bu sorunu mən də sizə soruyuorum".
Yavuz bəy "Sözün doğrusu"
kitabının Birinci cildini mənə "Mühtərəm
Anar Rəsulzadə - kardeşime türkcə
sevdasıyla" sözləriylə, ikinci cildini "əsərlərini
zevklə oxuduğum Anar Resulzade kardeşime varlıq səbəbimiz
olan Türkcə sevgisiylə, təşəkkürlə"
ithafıyla 2004-cü ildə
bağışlamışdı. Elə o vaxt hər iki cildi
maraqla oxumuşdum. İndi bu yazını işlərkən,
bu kitablara bir daha müraciət etdim. İstər dil
haqqında cildlərində, istərsə də vətənimizə
həsr etdiyi "Azərbaycan ürəyimdə bir şah
damardır" kitabında tam razılaşdığım
fikirlər əksəriyyət təşkil etsə də,
Yavuz bəyin müəyyən qənaətləriylə
mübahisəyə də ehtiyac duyuram.
Əvvəla, dil məsələsi. Yavuz bəyin
Türkiyə türkcəsinə çox sayda əcnəbi
sözlərin daxil olunmasına etirazını yüzə
yüz anlayır və paylaşıram. Doğrudan da,
"hesab" əvəzinə "arifmetika", "həndəsə"
əvəzinə "geometriya" işlətməyə nə
ehtiyac var? Dilə çoxdan daxil olmuş fars sözü
"çardak" əvəzinə italyan sözu
"perkola" işlənməsinə etirazında da
haqlıdır. Yerli-yersiz "alan" sözünü
işlənməsinin də əleyhinədi. "Piknik
alanı", "Çoçuq oyun alanı"nı və
s. qəbul etmir. Hətta artıq dilə girmiş "hava
alanı" yerinə "hava meydanı" işlənməsini
tərcih edir.
Yaxud "şair" sözünün əvəzinə
"ozan" sözünün işlənməsini qəbul
etmir. Doğrudan da, müasir aşıqların babaları -
qopuz çalıb oxuyan ozanlara şair, əsrlər boyu
yazılı şeirlərin müəllifləri kimi
tanınan şairlərə ozan demək düz deyil.
Coşqun millət sevdalısı olan Y.B.Bakilər
ifrat millətçi "günəş dil teorisi"ni, yəni
bütün dillərin guya türk dilindən törəməsi
nəzəriyyəsini də yanlış sayır və əlbəttə,
tamamilə haqlıdır. Dilə daxil edilən və etiraz
etdiyi sözlərin siyahısını gətirir:
Nəyə görə cəmiyyət yerinə sosyete,
firqə yerinə parti, heyət yerinə deleqe, ictimai yerinə
sosyal, iqtisadiyyət yerinə ekonomi, mədəniyyət yerinə
kültür, sənaye yerinə industri, müdir yerinə
direktor, həkim yerinə doktor, aşxana yerinə lokanta
işlənməlidir?
Mən bu siyahıya indiki Azərbaycan dilinə pərçim
olunmuş sözləri də əlavə edərdim. Niyə
dükan yox, market, kainat yox, speys, ismarış əvəzinə
mesaj və s. işlətməliyik?
Yavuz bəy bizim Cümhuriyyət əvəzinə
Respublika, Cümhur Başqanı əvəzinə Prezident deməyimizi
düzgün saymır. Şimali Kiprdə
çıxışımda mən də bu barədə
danışmışdım. Türkiyə türklərinə
müraciətlə: "Biz Respublika, siz Cümhuriyyət
deyirsiz. Amma biz mədəniyyət, siz kültür, biz siyasət
siz politika, biz iqtisadiyyat siz ekonomi deyirsiz. Dillərimizi daha da
yaxınlaşdırmaq istəyiriksə, gəlin, bir prinsipə
əsaslanaq ("prinsip" sözünü də
"qayda" sözüylə əvəz etmək olar), ya
hamımız ərəb mənşəli, ya hamımız
Avropa mənşəli sözləri işlədək.
Amma hər işdə olduğu kimi, bu məsələdə
də ifrata varmaq olmaz. Yavuz bəy türk dilinə girmiş,
demək olar ki, bütün yeni sözləri - "öz
türkcə"ni qəbul etmir. Mənim fikrimcə, tutalım,
çağdaş, uçaq, örnək sözləri
uğurludur. Elə bir qədər əvvəl Yavuz bəyin
işlətdiyi və altını cızdığım
"bağımsızlıq" sözü də fəna
deyil. Hansı məntiqlə "maaləsəf",
"binaaleyn" kimi adamın dilini dolaşdıran sözlər
saxlanılır, amma hamının yaxşı bildiyi "məktəb",
"müəllim" sözləri "okul",
"öyrətmən" sözlərilə əvəz
olunur. Ancaq ona görəmi ki, "okul" fransızca
"ekol"a bənzəyir, "öyrətmən"
ingiliscə "centlmen", "biznesmen" sözlərini
xatırladır?
"Fövqəladə" - deyilişi ağır
sözlərdəndir, amma "olağanüstü"
asanmı tələffüz edilir? Bəlkə bu sözün
ifadə etdiyi anlamı - mənanı "görünməmiş",
ya "inanılmaz" şəklində işlədək?!
İllərdir deyirik ki, bizim işlətdiyimiz "qatar"
sözü "tren" sözündən daha türkcədir,
deyirik ki, "açar" "anahtar"dan
yaxşıdır, bəli, əvət deyirlər, amma yenə
də "tren"dən və "anahtar"dan əl
çəkmirlər. "Xoşuma getdi" deyirlər. Nərəyə
getdi? "Xoşuma gəldi" daha məntiqli deyilmi? Şəhərə
nədən "kənd" deyirlər və eyni zamanda
"Böyük şəhər bələdiyyəsi"
işlədirlər?
Yavuz bəy "həyat" əvəzinə
"yaşam", "həqiqət" əvəzinə
"gerçək", "həsrət" əvəzinə
"özləm", "xüsusi" əvəzinə
"özəl" işlənməsinin də əleyhinədir.
Bu məsələdə Yavuz bəylə
razılaşmıram. Demirəm ki, sabahdan "həyat" əvəzinə
"yaşam" işlədək. Amma bu iki sözün hər
ikisini, ümumiyyətlə, həm "gerçək", həm
"həqiqət", həm "həsrət", həm
"özləm" kəlmələrini işlətsək,
bu dilin sinonim zənginliyini artırar. Qoy bu sözlərin
hamısından istifadə olunsun, yaxud Türkiyə türkcəsiylə
desək, "hepsi kullanılsın". Hansı daha çox
yayılar, hansını çoxluq, çoğunluq qəbul
edər, o da qalar. Yaxud ikisi də qalar.
Dillə bağlı problemləri - sorunları bitirməkçün
bir məsələyə, - konuya da toxunum - deyinim. Azərbaycan
və türkcə işlənən eyni mənalı -
anlamlı sözləri qoşa gətirirəm ki, dillərimiz
arasında bütün eyniliklərlə - oxşarlıqlarla
bərabər, fərqlər - ayrılıqlar da aydın
olsun.
Bu məsələni ona görə abartıram -
qabardıram, şişirdirəm ki, bir çox türkiyəli
qardaşlarımız kimi, Yavuz bəy də Azərbaycana
böyük məhəbbətilə birlikdə dilimizi ləhcə
sayır. Dəfələrlə Türkiyədə dediklərimi
bir də təkrar etməliyəm: Bağımsız, müstəqil
Azərbaycanın dövlət dili - ləhcə sayıla bilməz.
Sovet dönəminin çətin illərində Azərbaycan
xalqı, onun ziyalıları - aydınları, ilk növbədə,
yazıçıları - yazarları dilimizin yaşaması
uğrunda ona görə ölüm-dirim mübarizəsi
aparmayıblar ki, müstəqillik dövründə onu ləhcə
adlandırsınlar? Azərbaycan türkcəsi - heç bir
dilin ləhcəsi deyil, müstəqil dildir, öz tarixi,
özkeçmişi, öz ənənələri - gələnəkləri
olan dildir. Oğuz qrupuna daxil olan Azərbaycan türkcəsinin
və Türkiyə türkcəsinin qaynağı eynidir və
ta XIX əsrə qədər bir-birindən çox az fərqlənmişlər.
Ağız ədəbiyyatımız - şifahi ədəbiyyatımızda
heç fərq yoxdur, yazılı ədəbiyyat - divan
şeiri də ümumi ərəb və fars sözlərinə
görə yaxındır. Amma bu gün mən Yunis Əmrəni
sərbəst oxuyub anlayıramsa, onun kitabına yazılan
Ön sözü mütaliə edəndə tez-tez lüğətə
baxmalı oluram. Bu gün dillərimiz arasında heç bir fərq
yoxdur, - deyənlər, ya həqiqətə
- gerçəyə göz yumanlardı, ya da bunu müəyyən
məqsədlə edənlər. Bu gün Azərbaycan
türkcəsi Yavuz bəyin düşündüyü təkin
- Türkiyə türkcəsinin Sivas, ya Ərzurum kimi ləhcələrindən
biri deyil. Öz xüsusiyyətləri - özəllikləri,
öz söz tərkibi olan ədəbi dildir. Eləcə də
qazax, qırğız, özbək, tatar, türkmən,
uyğur dilləri ləhcə deyil, müstəqil dildirlər.
Böyük Öndərimiz Heydər Əliyevin məşhur
sözlərini unutmuram: "Bir millət - iki dövlət".
Əlbəttə, elədir. Amma bir millətin də iki fərqli
ləhcələri yox, ədəbi dilləri ola bilir.
Hindistanda neçə fərqli dil var, amma hind xalqı vahid
millətdir. Əfqan xalqı vahiddir, amma Əfqanıstanda
puştu, xəzər, tacik, özbək dillərində
danışırlar. O biri tərəfdən, Latın
Amerikası ölkələri ispan dilində
danışır, amma məgər meksikalılar və
argentinalılar eyni millətdir? Yaxud eyni dildə
danışan ispanlarla çililər eyni xalqdır?
Amerikanlar, britaniyalılar, kanadalılar, avstraliyalılar
ingilis dilində danışırlar, lakin eyni xalq deyillər.
Eləcə də ingilis dilində danışan irlandlar və
şotlandlar eyni millət deyil. Azərbaycan türklərilə
Türkiyə türkləri iki dövləti olan eyni millətdir,
amma bir-birinə çox yaxın olsa da, bir qədər fərqli
dilləri var. Bu fərqlər hələ XX əsrin əvvəllərində
Mirzə Cəlil Məmmədquluzadənin "Anamın
kitabı", Üzeyir Hacıbəylinin "O olmasın, bu
olsun" əsərlərində parlaq şəkildə əks
olunub. Qıpçaq qrupundan qazax və qırğız dilləri
çox yaxındırlar. Eyni qrupdan tatar və
başqırdların, hətta ümumi ədəbi klassikləri
var. Amma bütün bu türk xalqları öz ana dillərini
ləhcə yox, müstəqil dil sayırlar və düz
edirlər. Bu məsələdə müstəqil Azərbaycan
Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin
Rəsulzadənin də eyni fikirdə olduğunu xatırlatmaq
istəyirəm.
Yavuz bəy ustadı saydığı böyük
şairimiz Bəxtiyar Vahabzadəni belə səciyyələndirir:
"Bizim Məhməd Akifimiz, Yəhya Kamalımız, Nəcib
Fazilimiz nə isə Azərbaycanın Bəxtiyar Vahabzadəsi
də odur".
Müstəqil Azərbaycan dili (ləhcəsi yox, məhz
dili) məsələsində Bəxtiyar Vahabzadənin fikrini elə Yavuz bəy də
kitabında gətirir:
"Pəki (yaxşı) şimdi (indi) nə
yapmalı? (nə etməli?) Türk xalqının əsrlər
boyu bir-birindən ayrı düşməsi dildə də
böyük fərqlər meydana gətirdi. Bu üzdən əski
Sovet Birliyində türk xalqları kəndi (öz) ana dilləriylə
bir-birlərini yetəri qədər anlamıyorlar. Ortaq bir dil
olaraq rusca konuşmağa (danışmağa)
başladılar. Bu isə bizim üçün böyük
bir faciə idi. Mən bunu türk olaraq kəndimə
böyük bir həqarət sayıram. Və
çıxış yolu olaraq bütün türk xalqları
üçün iletişim (rabitə, ünsiyyət) dili
olaraq Türkiyə türkcəsinin əsas
alınmasını istiyorum".
Göründüyü kimi, Bəxtiyar müəllim
çağdaş türk xalqlarının dillərinin fərqli
olmasını, bir-birini anlamayacaq dərəcədə fərqliliyini
və buna görə ortaq dil kimi rus dilindən istifadə
olunmasını təəssüflə qeyd edir. Əlbəttə,
bayaq dəmin yazdığım kimi, qıpçaq dil qrupuna
daxil olanlar bir-birini anlamaqda çətinlik çəkmir,
eyni cür oğuz qrupunda, özəlliklə Azərbaycan və
Türkiyə türkcəsi bir-birini asan (kolay) anlayacaq dərəcədə
yaxındırlar. Yaxındırlar, lakin fərqlidirlər.
Əgər, bəzilərinin saydıqları kimi heç bir
fərq yoxdursa, onda mən, Anar (eləcə də Bəxtiyar
müəllim və öz dilimizdə yazan bütün azəri
yazıçılar) əyalət ləhcəsində yazan
müəlliflər sayılmalıdırlar. Bu barədə
Bakilərlə fikir mübadiləsi edərkən Yavuz bəy:
"Elə düşünməyin ki, biz Türkiyə
türkləri sizə qarşı bir abi (ağabəy,
böyük qardaş) kimi davranmaq iddiasındayıq, - dedi. -
Əlbəttə, - dedim, - biz belə
düşünmürük, biz eyni millətik, amma dil fərqlərimizi
abartmadan-qabartmadan büsbütün danmaq da olmaz.
O ki qaldı ortaq dilə, Bəxtiyar müəllim kimi
mən də türk xalqları arasında iletişim
(ünsiyyət, rabitə, əlaqə) dilinin Türkiyə
türkcəsi olması fikrindəyəm
və bu barədə çıxışlarımda dəfələrlə
demişəm.
Yavuz Bülent Bakilərin Azərbaycana sevgisi qibtə
ediləcək qədər böyükdür. Sevincimiz sevinci,
dərdimiz dərdidir.
44 günlük zəfər savaşımızda,
torpaqlarımızın otuz illik işğaldan sonra azad edilməsində
Türkiyə türklərinin, o cümlədən, əksər
Türkiyə aydınlarının qəlbləri bizim qəlblərimizlə
bir döyünürdü və tarixi qələbəmizlə
birlikdə öyünürük.
Onu da məmnunluqla vurğulamaq istəyirəm ki, ortaq
müqəddəs abidəmizi - "Kitabi Dədəm
Qorqud"u Yavuz bəy də milli dəyərimiz sayır.
"Dədə Qorqudu yenidən oxumaq" adlı
yazısında qeyd edir:
"Azərbaycan türkləri Dədə Qorqudu kəndi
dillərinin, yəni Oğuz türkcəsinin ən
ölümsüz şairi - ozanı olaraq
alqışlayırlar. Dədə Qorqud dastanlarından yola
çıxaraq mükəmməl bir film yapmağı da ilk dəfə
Azərbaycan türkləri gerçəkləşdirdilər.
Qardaş Azərbaycan Cümhuriyyəti, Kültür
bakanlığı, Elmlər Akademisi, Azərbaycan
Yazıçılar Birliyi Dədə Qorqud dastanlarının
yazılışının 1300 il dönümü
dolayısıyla Bakıda böyük bir proqram düzənlədi.
Xariqə!"
Amma bunu da gizlətmək istəmirəm ki, Y.B.Bakilərin
Azərbaycana böyük və səmimi məhəbbətlə
qələmə alınmış kitabında bəzi
mübahisəli məqamlar da var. Bunun səbəbi Yavuz bəylə
Bakıda ünsiyyətdə olan adamlardan bəzilərinin onu
birtərəfli məlumatlandırmalarıdır. Belə
yarımçıq bilgilərin nətcəsində Yavuz bəyin
bəzi şəxsiyyətlərə, elə tutalım, Nərimanova
münasibəti tamamilə mənfidir, onu, hətta xain və
Azərbaycanın 1920-ci ildə sovetlər tərəfindən
işğal olunmasının baiskarı sayır. Guya Nərimanov
olmasaydı, XI Qızıl ordu Türkiyənin qurtuluş
savaşına yardım bəhanəsilə Azərbaycana
soxulmayacaqdı və müstəqil hökumətimizi devirməyəcəkdi.
Bolşeviklər Azərbaycanı zəbt edəndən sonra
Stalinin fikri ölkəni iki əyalətə
bölmək və Bakı şəhərini birbaşa
Moskvaya tabe etmək idi. Beləliklə, Azərbaycan, hətta
coğrafi vahid kimi xəritədən silinə bilərdi. Məhz
Nərimanov Lenini inandırdığına görə, Azərbaycan
formal olsa da, Bakını paytaxt kimi saxlamaqla müttəfiq
respublika statusunu qoruyub saxlaya bildi.
Qarabağ məsələsində də Nərimanov
bu qədim torpağımızın ermənilərə verilməsi
haqda fikrə qarşı çıxdı və əyalətin
Azərbaycanın tərkibində qalmasına nail oldu. Nərimanovun
çətin sovet rejimində milli dəyərlərimizi,
dilimizi qorumaq yolunda səyləri bolşeviklərin, o cümlədən,
bəzi gənc Azərbaycan kommunistlərinin onu millətçi
kimi damğalanmasına və sovet təbliğatında "nərimanovşina"
("nərimançılıq") kimi millətçilik təmayülünə
görə siyasi ittihama səbəb oldu. Nərimanovu Azərbaycandan
ayırmaqçün ona Moskvada vəzifə verdilər - və
onu az-çox müdafiə edən Leninin ölümündən
sonra Nərimanov da müəmmalı şəkildə vəfat
etdi. Adının çəkilməsi bütün Sovet
İttifaqında, ilk növbədə, Azərbaycanda
qadağan olundu.
Bu barədə Yavuz bəylə söhbətimizdən
və ona bu məlumatlardan bəzilərini
çatdırdıqdan sonra Nərimanova münasibəti məncə,
müəyyən dərəcədə dəyişdi, hətta
"bizim bəzi məsələlər barədə məlumatımız
azmış" - dedi. Bütün bunlar Yavuz bəyin bilmədiyi
faktlar idi və Nərimanova Türkiyədə (və Azərbaycanda!
- A.) birtərəfli yanaşmadan qaynaqlanırdı. Amma
axı Yavuz bəy özünün bildiyi faktların əsasında
da Nərimanova qarşı belə münasibət bəsləməməliydi,
onun Bakıdakı heykəlinin uçurulmasını,
ev-muzeyinin qapanmasını istəməməliydi. Azərbaycana
aid bəhs etdiyim kitabında Nərimanovun Azərbaycan
hökumətinin başçısı olduğu zaman
Türkiyə, Mustafa Kamal paşanın Qurtuluş
savaşına yardım üçün beş yüz kilo
ölçüsündə qızıl göndərildiyini
qeyd edir. Bu yardımı borc sayanlara Nərimanov "qardaş
qardaşa borc verməz, bu təmənnasız və
qaytarılmayacaq yardımdır" - deyib.
Yavuz bəylə dartışdığımız -
mübahisə etdiyimiz ən əsas, önəmli məsələ
isə Nazim Hikmətlə bağlıdır. Nə yazıq
ki, Yavuz bəy Türkiyədəki tüm (bütün) Nazim əleyhdarları
kimi, şairi eyni faktlara -
SSRİ-yə qaçmasına, Stalini öyməsinə, rus
qadınıyla evlənməsinə görə
suçlayır. Nazimin günahsız olaraq on beş il
Türkiyə məhbəslərində ömrünün ən
gözəl gənclik çağını
çürütməsi heç nəzərə
alınmır. İkinci Dünya hərbində Hitleri əzən
qüvvələrin başında Stalinin rolunu qiymətləndirməsi
- Nazimin suçumudur? Moskva hava alanında - hava meydanında
Stalin haqqında dediyi sözlər təhrif olunmuş şəkildə
çatdırılır və qınanılırsa, elə
bircə ay sonra, Stalinin sağlığında Moskvada
yaşaya-yaşaya açıq şəkildə SSRİ-də
ifrat dərəcədə Stalinə pərəstişi
qınamasını yada salmırlar. Sovet İttifaqında
yaşaya-yaşaya bu quruluşun eybəcərliyini göstərən
əsər yazması, tənqidi fikirlərini açıq
söyləməsi, nəticədə mənəvi təzyiqlərə,
açıq təqiblərə məruz qalması, hətta
ölümlə təhdid edilməsi nəzərə
alınmır.
Fəqət, Yavuz Bülent Bakilər bir fikir adamı,
ideoloq olmaqla yanaşı şairdir, özü də gözəl
şairdir. Və məhz şair olduğu üçün
Nazimə olmazın küfrlər yağdırdıqdan sonra
belə bir səmimi etiraf edir: "Bir televizion proqramında
açıqca söylədim ki, Nazim Hikmətin türkcəsi
mənə görə çox gözəl türkçədir".
Başqa bir yerdə Nazimi çox kötü - pis baba
(ata) adlandıran Yavuz bəy ardınca bu sözləri deyir:
"Oğlu Mehmet üçün yazdığı
şeirləri bir ürək ağrısıyla oxuduğumu söyləyə
bilərəm".
Məncə, həssas ruhlu şair Yavuz Bülent bax,
bu sözlərdədir. Başqa bir şairin dərdini,
nisgilini, həsrətini duya bilən insan. Şairin şairi
duyması bütün ideoloji ehkamlardan, siyasi əqidələrdən
fərqlidir.
Bakıda vaxtilə Nazim Hikməti sürəkli
alqışlayan bəzi ziyalılarımız Yavuz bəyə
xoş gəlməkçün Nazimi yamanlamağa tələsəndə
çox mətləblər haqqında düşünməli
olursan. Bu sayaq ziyalılarımız haçan daha səmimidirlər:
canlı Nazimi görəndə sevincdən yerə-göyə
sığmayanda, ya Nazimin əleyhinə deyilənlərə
züy tutanda?
Bakilərin sırf şair davranışını
estetik baxışları, dünyagörüşü ondan
çox uzaq olan Orxan Vəliyə sayğılı və
sıcaq yanaşmasında da görürəm.
Azərbaycanda çox dəfə olmuş, özəlliklə
Xalq Cəbhəsinin hakimiyyəti dövründə gəlmiş
Bakilərlə Türkiyədə son
görüşümüzdən belə nəticə
çıxardım ki, ölkəmizin indiki durumu haqqında
tam təsəvvürü yoxdur. Mənə Əbülfəz
Elçibəyə həsr olunmuş kitabını verərkən:
- "bu kitabı Azərbaycana aparmağınız sizə təhlükə
törətməzmi? - deyə ehtiyatla soruşurdu.
Güldüm.
- Azərbaycanda Elçibəy haqqında
çıxan heç bir kitab nəinki yasaq deyil, - dedim, - onun
haqqında öz müəlliflərimizin də kitabları
çıxır. Əbülfəz bəy Fəxri Xiyabanda dəfn
olunub. Kitabınızı Bakıya rahatca aparacam, oxuyacam, fikrimi də bildirəcəm.
Doğrudan da, Bakıda bu kitabla tanış oldum.
Əbülfəz Elçibəy haqqında 2009-cu ildə
yazdığım və "Əsrin əsiri"
kitabımda dərc olunmuş məqaləmdə qeyd edirdim ki,
Yavuz Bülent Bakilərin "Elçibəy" kitabında
Türkiyə jurnalistlərinin, siyasi xadimlərinin
Əbülfəz bəy haqqında yazıları, onunla
görüşləri, söhbətləri barədə xatirələri
daxil edilmişdir. "Kitabın sonunda Yavuz Bülent
Elçibəyin vəsiyyətini verir".
Yavuz bəyin Azərbaycan haqqında kitabında
oxuduğum bir məlumat da mənimçün tam bir yenilik
oldu. Ənvər Qazıyev haqqında yazdıqlarını nəzərdə
tuturam. Ənvər Qazıyevin adı mənə
tanışdı. Otuzuncu illərdə atam haqqında
yazdığı mətni qəzetdə oxumuşdum. Atamla və
dirijor Niyaziylə birgə şəkilləri durur. Bildiyimə
görə, müharibə vaxtı bu adam almanlara əsir
düşüb. Onun haqqında heç bir başqa məlumatım
yox idi. Bakilərin kitabında Ənvər Qazıyev barəsində
oxuduqlarım məni sarsıtdı. Demə, Ənvər
Qazıyevi də almanlara əsir düşmüş başqa
azərbaycanlılar kimi, əsasən Türkiyəyə, bir
qismini isə İsveçrəyə gətiriblər. Stalinin
təhdidinə baxmayaraq İsveçrə hökuməti
onların SSRİ-yə verilməsinə razı olmayıb.
Bakilər yazır: "Bizdə Cümhur Başqanı
qoltuğunda İsmət İnönü otururdu,
İnönü Stalinin təhdidlərindən qorxmağa
başladı. İsveçrə dövləti Stalinin
zorlamalarına rəğmən üç yüz türk və
min rus əsirini Rusiyaya təslim etmədi, amma qosqoca Türkiyə
Cümhuriyyəti Stalin Rusiyasının təhdidlərinə
baş əydi və bir sabah 1300 kişilik (nəfərlik) Azərbaycan
türkü bulunduqları kamplardan (düşərgələrdən)
ayıraraq doğu sınırına sevk edildi. Bu yolculuğa
çıxanlar ölümə götürüldüklərini
çox iyi bilirdilər".
Sonra kitabda sovetlərə verilərək ölümə
məhkum edilmişlərdən birinin Ənvər Qazıyevin
Mehmed (Məmməd) adlı dostuna yazdığı məktub
verilib:
"Qardaşım Məmməd!
Sarıqamışdan Karsa gələnə qədər
nələr çəkdik, Allah bilir. İntihara da bir
türlü müvəffəq olamadık. Şimdi Karsdan
hüduda doğru gedirik. Bu yolçuluq həyatımızın
sonudur. Əlvida qardaşım, gözlərindən
öpürəm".
Labüd, qaçılmaz ölümə gedən
insanın bu məktubunu həyəcansız oxumaq
mümkün deyil. Doğrudan da, Sovet hökumətinə təhvil
verilən əsirləri elə sərhəddəcə -
Boraltan körpüsündə - qurşuna düzmüşlər
- güllələmişlər. Bu olay (hadisə) tarixə
Boraltan müsibəti kimi düşüb. İstedadlı gənc
yazıçımız Pərvinin "Aşar, keçər
Arazı" adlı pyesi bu faciəyə həsr olunub.
Əsərin adı xalq türküsündən gəlir.
Boraltan bir körpüdür,
Aşar, keçər Arazı.
Bu dəhşətli hadisədən bəhs edən
Yavuz bəy daha sonra yazır:
"Əcəba, Atatürk sağ olsaydı, 1500
soydaşımızı ruslara təslim edərdimi? "Edərdi"
deyənlər Atatürkü heç, amma heç
tanımayanlardır".
Türkiyəyə son səfərlərimdən birində
Yavuz Bülent Bakilərin Türkiyənin millətçi kəsimindən
olan arkadaşlarıyla arasının soyuduğunu eşitdim.
Səbəb Yavuz bəyin Atatürkün özəlliklə
din və dil siyasətinə qarşı olmasıdır.
Xatırlayıram ki, Yavuz bəylə söhbətlərimizdə
Osmanlı dövləti və İkinci Əbdülhəmid
haqqında böyük rəğbətlə
danışırdı. Düşünürəm ki, sultan
Əbdülhəmid də, Atatürk də, Nərimanov da,
Nazim Hikmət də, Elçibəy də indi, necə deyərlər,
haqq dünyasındadırlar. Bizim dünyada bir-birini eşitmək
istəməyən insanlar, bəlkə də başqa bir
dünyada - əgər belə bir dünya doğrudan da, varsa
- bir-biriylə anlaşacaqlar.
Sentyabr 2023
ANAR
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (¹25).- S.2-3.