Gənclik üçbucağı

 

 

Mən Həsən Kürü 2017-ci ildən tanımışam. Tərtibçisi və redaktoru olduğum "Xəzinə" poeziya antologiyasının I cildində onun da bir neçə şeirlərini çap etmişdik. Həsən elə o vaxtlarda da özünəməxsus istedadı ilə seçilirdi. Ancaq bununla kifayətlənmədi, zaman-zaman özünü inkişaf etdirdi, aktiv ədəbi prosesə qoşularaq çoxsaylı poeziyasevərlərin gənc şairinə çevrilməyi bacardı.

Sonralar da bir-birimizlə vaxtaşırı əlaqə saxlayır, fürsət düşdükcə görüşüb hal-əhval tuturduq.

2021-ci ildən etibarən Həsənlə görüşlərimizin sayı çoxalmağa başladı, çünki artıq hər ikimiz müharibə veteranı kimi ictimai-mədəni tədbirlərə, gənc şair kimi ədəbi tədbirlərə dəvət alırdıq. Və bu tədbirlər bir-birimizi daha yaxından tanımağa vəsilə oldu.

"Kulis"in əməkdaşı şair Eminquey Akif Qənimətlər Parkında "Zəfər günü" münasibətilə Həsən Kür, Emin Piri və mənim iştirakımla müsahibə tipli reportaj hazırlayırdı. Hardan biləydim ki, bu mənim Həsən Kürlə son görüşümdür?! Bilsəydim, inanın ki, həmin gün Həsəni tez zamanda heç yerə buraxmazdım, gün boyunca söhbətləşərdik. Həsənlə fikirlərimiz, demək olar ki, üst-üstə düşürdü.

Həsən Kür 2024-cü ildə ailə qurmuşdu. Qənimətlər Parkında qısa söhbətimiz zamanı mənə ata olacağını demişdi. Çox sevinmişdim. Həsənin bu xəbəri həmin an üçün gənclik üçbucağını tamamlamışdı: gənc şair, gənc ailə və gənc ata. Ancaq "Sən saydığını say, gör fələk nə sayır". Dünyanın ədalətsizliyi yenə özünü göstərdi: Həsən gənc yaşda dünyasını dəyişməklə yanaşı, doğulmağına sayılı günlər qalan qızının üzünü görmək şansından da məhrum oldu. Çox heyif! Təəssüflər olsun ki, "gənclik üçbucağı"nda "gənc ata" söz birləşməsini "gəncin ölümü" əvəzlədi. Allah rəhmət eləsin!

 

 

 

Elvin İNTİQAMOĞLU

Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.5.