Qəzəl
dünyasının sonuncu Vahidi
Böyük şairimiz Əliağa Vahidin anadan
olmasının 130 illiyinə
Füzuliyə gəldikdə isə...
Bir gün şairlər məclisində Füzuli sənətindən
söhbət düşür. Əliağa Vahid deyirmiş ki:
- Füzulinin hər bir qəzəli möcüzədir.
Mən təəccüb eləyirəm ki, bu böyük
ustad, fövqəladə zövqə malik olan şair o zaman nə
əcəb peyğəmbərlik iddiasında olmayıb.
Əgər belə bir fikrə düşmüş
olsaydı, kəlamlarını möcüzə kimi təqdim
edib məqsədinə nail olardı...
- Ay Vahid, siz özünüz də Füzuli
yadigarı, Füzuli şagirdisiniz.
Vahid etiraz etmiş, demişdi ki:
- A kişilər, nə deyirsiniz, mən Füzulinin
şagirdinin şagirdi ola bilmərəm. O kişi aləm
olub. Onun əsərləri dəryadır. Mən də o dəryadan
bircə qaşıq götürə bilmişəmsə, o
da çay qaşığıdır. Mən bu barədə
yazmışam ki: "Böyük Füzulilərin xaki
payının biriyəm"
Azərbaycan yazılı ədəbiyyatında ən
uzunömürlü şeir forması hansıdır? Əlbəttə,
QƏZƏL - cavabını verərik. Qəsidələrin
bir hissəsi (nəsib) kimi diqqəti cəlb edən qəzəldə
qadınlara olan sevgi hissləri tərənnüm olunurdu. Vətəni
Ərəbistan olan qəzəl sonralar digər Şərq
xalqları poeziyasına da təsir göstərir və hətta
bir janr kimi hakimiyyəti ələ alır... Ərəb
şairi Ömər ibn Əbu Rəbiə qəzəli qəsidədən
ayırır və 6-8 beytlik şeirləri ilə ilk qəzəlxan
kimi tanınır. Bizim ədəbiyyata isə qəzəl bir
şeir forması kimi XI əsrdə daxil olur və ilk qəzəllər
Qətran Təbriziyə məxsusdur (bu haqda mərhum professor
Azadə xanım Rüstəmovanın "Klassik Azərbaycan
ədəbiyyatında qəzəl" əsərində təfərrüatı
ilə söhbət açılıb).
Biz qəzəl xüsusunda söhbəti davam etdirmək
fikrində deyilik. Bu şeir formasının
uzunömürlü olmasının, elə bizim zəmanədə
də öz missiyasını yerinə yetirməsi ayrıca
bir söhbətin mövzusudur. Böyük inkişaf yolu
keçən, klassik poeziyamızın ən aparıcı
janrı kimi məşhurlaşan, ictimai-siyasi həyatımızın,
mənəvi dünyamızın, fəlsəfi fikrimizin ifadəsi
kimi qəzəlin tarixini xatırlatmaq istəməzdik. Ancaq Azərbaycan
ədəbiyyatında üç böyük sənətkarın
üç qəzəl sarayı ucaltdığını
mütləq nəzərə çarpdırmalıyıq:
Füzuli, Seyid Əzim və Əliağa Vahid. Təbii ki, qəzəl
yaradıcılığını təkcə bu üç
şairin xidmətləri ilə məhdudlaşdırmaq olmaz.
Həsənoğlu, Qazi Bürhanəddin, Kişvəri, Həbibi,
Nəsimi, Xətai, Saib Təbrizi, Qövsi Təbrizi, Nəbati,
Natəvan kimi ustad şairlərin də heç bir vaxt öz
bədii təravətini itirməyən qəzəllərini
unutmaq insafsızlıq olardı. Lakin qəzəli elita janr səviyyəsinə
qaldıran, onu yaşadıqları dövrün və
sonrakı əsrlərin ədəbi yaddaşına
çevirən bu üç müəllif qəzəlin məzmun
və formasında, sözün həqiqi mənasında bir
inqilab yaratdılar. O inqilabın bütün parametrlərini
öncə Füzuli cizgiləndirdi - qəzəli struktur
baxımından dolğunlaşdırdı, onun yeni fiqur və
obrazlar sistemini formalaşdırdı, ən
başlıcası isə, "məndə tofviq olsa, bu
düşvarı asan eylərəm" məramına sadiq
qalıb Azərbaycan türkcəsində misilsiz nümunələr
yaratdı, dilimizin poetik qüdrətini nümayiş etdirdi.
Amma ən böyük missiya isə kamil Eşq
konsepsiyasını yaratmaq oldu. Füzulidən sonra gələn
şairlər də bu yolu davam etdirdilər. Seyid Əzim
Şirvani isə XIX əsrdə Füzulinin binasını
qoyduğu o sarayın yanında, amma ona bitişik yenisini
yaratdı, onun qəzəllərində yeni poetik
çalarlar, cizgilər, təzə və təravətli bədii
təsvir vasitələri və əlbəttə, XIX əsrin
bədii təfəkkürü öz əksini tapdı. Seyid
Əzimin bir xidməti də onda oldu ki, o, Füzuli ilə
Vahid arasında mənəvi varislik körpüsünün əsasını
qoydu.
Nəhayət, Əliağa Vahid. Qəzəl
janrının sonuncu korifeyi. Vahidin qəzəl
yaradıcılığı, Azərbaycan poeziyasında bu
janrın oynadığı rol heç də tam, yəni
elmi-tənqidi fikir baxımından dolğun şəkildə
işıqlandırılmayıb. Bu yazıda Vahidin qəzəl
janrına gətirdiyi yenilikləri, bir novator kimi yerinə
yetirdiyi missiyanı yığcam şəkildə nəzərə
çarpdırmaq istərdik.
1. Vahid XIX əsrdə başlanan, amma tam şəkildə
reallaşmayan bir vəzifəni həyata keçirdi. Qəzəli
xəlqiləşdirdi. Onu həm məzmunca, həm də
formaca geniş xalq kütlələrinin istifadəsinə
verdi; qəzəli mümkün qədər ərəb və
fars kəlmələrindən təmizlədi, qəzəl
birbaşa xalqın auditoriyasına daxil oldu. Qəzəl
xalqın bütün zümrələrinin, təbəqələrinin
mənəvi dünyasına yol tapdı. Onun qəzəllərində
işlənən ərəb və fars kəlmələri də
sanki azərbaycanlaşdı. Xalqın eşq, məhəbbət,
həyat, ölüm, varlıq, yoxluq, gözəllik və cəngavərlik
haqqında inam və inancları çox sadə,
anlaşıqlı şəkildə qəzəllərə
hopdu.
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı
gözəldir.
İlqarı gözəl olmayanı istəməz
aşiq,
Can ver elə canana ki, ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm,
Ruxsarı gözəl, şivəsi, rəftarı
gözəldir.
Yüzlərcə gözəl başqa vilayətdə
də çoxdur,
Amma bizim ölkə bütün elcarı gözəldir.
Yar olsa mənimlə, mənə biganə nə eylər,
Uçmaz elə bir xanə ki, memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də
sevdi,
Qiymətli o şeydir ki, xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə-əşarı
gözəldir.
Keçən əsrin otuzuncu illərində qələmə
alınıb bu qəzəl. Amma sanki indi, XXI əsrdə
yazılmış kimi diqqət çəkir. Nə qədər
sadə, təbii, xəlqidir, amma bu sadəlikdə və təbiilikdə
dərinlik, ucalıq, genişlik göz qabağındadır.
Vahid qəzəlinin bu xüsusiyyətini vaxtilə ədəbiyyatşünas
Məsud Əlioğlu belə qiymətləndirmişdi:
"Vahidin qəzəllərində həyatın,
varlığın və dövranın ecazkar sirlərinə
vaqif müdrik bir təfəkkür, xalq zəkası dil
açıb danışır. Qəzəl yazmaq
bacarığı xalq təfəkkürünün itiliyinə,
vüsətli fikirləri söz, misra və beytlə ifadəyə
gətirmək qabiliyyətinə dəlalət edir. Digər tərəfdən,
həmin müdrik təfəkkür yanar bir qəlbin hərarəti
ilə - səmimiyyət və saflıq dolu xalq mənəviyyatının
sönməz odu ilə qızınır".
2. Vahid bir şeirində yazır ki: "Vahidəm,
xalqımın qəzəl şairi, Məhəbbət
şairi, gözəl şairi". Bəli, Vahid bütün
ömrüboyu məhəbbətdən yazıb, eşqin
qüdrətini tərənnüm edib. O, eşq, məhəbbət
mövzusunu daha çox canlı münasibətlər, real
hisslər, duyğular üzərində qurdu.
Gül incədirsə, sən, gözəlim, güldən
incəsən,
İncə nəzakətin qədər incə
düşüncəsən.
Hər oynadanda xəm qaşını, qan olur
könül,
Sanki bu fikirlə əl atırsan qılınca sən.
Zalım, həmişə könlümü incitdi firqətin,
Ömründə qoymadın məni bir ləhzə
dincə sən.
Ayinələr xəcalət olur görcək əksini,
Naz ilə şanə zülfünə hərdən
çəkincə sən.
Füzulinin eşq konsepsiyasında sevgilinin özü
ilə yox, onun ideyası ilə yaşamaq, son nəticədə
canını da qurban verib əbədi həyata qovuşmaq əsasdı,
Vahiddə isə canını qurban vermək, ölmək-dirilmək
heç də platonik səciyyə daşımır.
Baxın:
İcazə ver, baxım, ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim, aşikarə gözlərinə.
Qəm etmərəm, məni yüz dəfə
gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə, gözlərinə.
Olaydı qismət, öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm istixarə
gözlərinə.
Gözüm götürməyir əğyarlar baxanda
sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə.
Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə
gözlərinə.
Vahidin eşq-məhəbbət düşüncəsində
klassik, artıq ənənəvi mahiyyət daşıyan
modellər də dəyişir, aşiq və məşuqun
bir-birinə münasibətləri konkretləşir,
onların sevgisi öz məqsəd aydınlığı ilə
real mahiyyət kəsb edir, deyir ki: "Sevirəm mən o nəzakətli
gözəl dilbəri ki, Musiqi elmini, rəssamı, qəzəlxanı
sevir. Piri könlüm gəlir ilhamə, görürkən hərdən,
Bir nəcabətli gözəl qız, gözəl
oğlanı sevir". Vahid qəzəllərində, hətta
bir əhvalat, bir vaqeə də adilik örtüyündən
çıxır, yeni məna kəsb edir: "Dəyişmişəm,
gözəlim, indi sən deyən deyiləm, Get, hər kiminlə
gəzirsən, gəz, inciyən deyiləm", yaxud:
"Dedi ol yar mənə, dəftərimiz evdə qalıb,
Eşqə dair yazılan sözlərimiz evdə
qalıb".
3. Vahidə qədər Azərbaycan obrazı qəzəliyyat
dünyasına daxil deyildi. Qəzəllərdə Vətən
adı çəkilsə də, bu vətənin mənası
daha çox mücərrəd yer, məkan səciyyəsi
daşıyırdı. Vahid ilk qəzəl ustadıdır
ki, Azərbaycan obrazını və bununla da sırf vətənpərvərlik
ideyasını şeirə gətirdi. "Könlüm yenə
bülbül kimi şeydayi-vətəndir, Məcnun edən
aşiqləri leylayi-vətəndir" - deyən Vahid əksər
qəzəllərində azərbaycançılıq
duyğusunu -Vətən sevgisini etiraf etmişdir: "Vahid, cəhənnəm,
istəməsin qoy rəqiblər, Sən fəxr qıl ki, Azərbaycan
sevir səni" və ya: "Bu şərafət mənə
nəslən qalacaqdır, Vahid, Nə qədər xidmət edəm
Azərbaycanım üçün". Vahidin bir çox qəzəlləri
var ki, Azərbaycanın ayrı-ayrı şəhərlərinə,
bölgələrinə həsr edilib. Bunu təsadüf saymaq
olmaz. Vahid üçün Vətən məfhumu
doğulduğu Masazır kəndindən başlayıb o
taylı-bu taylı Azərbaycana aid idi.
4. Vahidin musiqi ilə, muğam sənəti ilə
bağlılığı da mühüm mövzulardan biridir.
Əgər belə demək mümkünsə, o, qəzəldə
hansı yeniliklərə nail olubsa, musiqidə də eynən
o missiyanı həyata keçirib. Əvvəla, Füzulidən
və Seyid Əzimdən sonra musiqinin insan mənəviyyatındakı
rolunu ifadə edən məxsusi qəzəllər qələmə
alıb: "Musiqi nəşəsi min sevgili cananə dəyər.
Əsəri-naleyi-ney arif üçün canə dəyər"
mətləli qəzəli (məqtə beyt isə belə
bitir: "Musiqilə məni dəfn eyləsələr, Vahid,
əgər, Qəbrimin torpağı min rövzeyi-rizvanə dəyər")
və əksər qəzəllərinə misra-misra, beyt-beyt
səpələnən təbliği fikirlər. İkincisi,
Azərbaycanın və məxsusən Qarabağın musiqi
diyarı, muğam ölkəsi kimi tanıdılması:
"Qarabağdır bizim öz ölkəmizin Şirazı,
Qoy bu tarixi həqiqətləri hər yan oxusun".
Üçüncüsü, tanınmış muğam
ustalarının vəsfi: "Tarında, Vahid, əgər
Qurbanın məlahəti var, Dayan bir indi görək,
Zülfünün segahı nədi".
Dördüncüsü, muğam sənətinin Vahid qəzəlləri
ilə yeni bir məna kəsb etməsi, Vahidin poetik ləfzi ilə
muğam ləfzi arasında harmoniyanın yaranması.
Xüsusilə, təsnif yaradıcılığında Vahid
qəzəllərinin təsiri danılmazdır.
5. Vahid əruzun Azərbaycan poeziyasında süqutuna
yol vermədi, öz qəzəlləri ilə sübut elədi
ki, XIII əsrdən Azərbaycan dilində yazılan əsərlərdə
işlənən əruz əsrlər boyu doğma heca vəznilə
yanaşı yaşayıb. Qüdrətli şairlərimiz əruzu
bizim şeir dilimizdə özününküləşdirib,
milli poeziya faktına çeviriblər. Əliağa Vahid də
artıq Azərbaycan əruzunun ən gözəl nümunələrini
yaratdı, şeirimizdə əruzla ifadə olunan musiqi, ritm
tonunu artırdı. Sovet dönəmində klassik poeziyaya, əruza
və qəzələ münasibət bir qədər dəyişsə
də, bu biganəlik buzunu Vahid və Süleyman Rüstəm
kimi şairlərimiz əritməyə başladılar.
Əruz Vahidi, Vahid də əruzu yaşatdı və
onların hər ikisi qəzəli yaşatdı.
6. "Vahidin ədəbi məktəbi var", fikri qətiyyən
mübahisə doğurmamalıdır. Vahidlə yanaşı
və Vahiddən sonra neçə şair Vahid yolunu öz
yaradıcılıqlarının başlıca axarına
çevirdilər. Ələkbər Şahid, Seyidağa,
Əliağa Bakir, Hacı Mail, Hacı Ələmdar, Şahin
Fazil, Ənvər Nəzərli, indinin cavan qəzəlçilərindən
- Arif Buzovnalı, İlqar Fəhmi Vahid ədəbi məktəbinin
üzvləridir, - desək, yanılmarı
Nəhayət, Vahidlə bağlı bir məqama da
toxunmaq istərdik. Əliağa Vahid 37-ci ilin repressiya
tufanında qərq olmadı. Sual olunur: klassik ədəbiyyatın
bir çox tədqiqatçıları gedər-gəlməzə
yola salındılar, bəs onda əruzu və qəzəli
yaşadan Vahid necə bu bəladan xilas oldu? Əvvəla,
Vahid o zaman ümumxalq məhəbbəti qazanmışdı,
xanəndələr gecə-gündüz onun qəzəllərini
oxuyurdular. Xalqın sevgisi hər addımda onunla idi.
İkincisi, Vahid siyasətdən uzaq bir adam idi. Ailəsi ilə
birgə yarımqaranlıq, darısqal bir otaqda
yaşayırdı və hər gün işə gedib-gəlirdi,
ailəsinə ruzi qazandırırdı. Rəsmi dairələrdə
kim idi Vahidi yada salan?! Bəzən qəzəl
yazdığına görə onu tənqid də edirdilər,
amma Vahid bütün bunlara biganə idi. Laübalı bir həyat
tərzi keçirirdi, içirdi-içmirdi, indi bunun məsələyə
heç bir aidiyyəti yoxdur, əsas odur ki, sadə bir həyat
tərzi keçirirdi. Ona ictimaiyyətçi demək
olmazdı, amma öhdəsinə nə iş
düşürdüsə, onu ləyaqətlə yerinə
yetirirdi və buna görə də repressiya Vahiddən yan
keçdi. Sonrakı illərdə də onun sadə həyat
tərzi dəyişilmədi. Rəsmi dairələrdən
qaçırdı, amma hamı (əlbəttə, xalq) Vahidi
sevirdi və bu sevgi də onu ruhən qocalmağa qoymadı.
Gözəl həyatını Vahid, fənayə sərf
etmə,
Səni zəmanə yetirməz, dübarə, bir dənəsən!
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.6;7.