Bayquşun naləsi və
insanlığın gecəsi
İmamverdi İsmayılovun "Bayquş və
qarovulçu" hekayəsinə kulturoloji baxış
Ədəbiyyat obrazlar və hadisələr silsiləsinin
özgü estetik dəyərlərlə süslənməsidir.
- Bütün digər tərifləri ilə yanaşı belə
bir tərifi də yadırğamayan söz sənəti həm
də insanlıq sınaqlarının bədii platformudur.
Yazıçının qələmi, çox vaxt dinməyən
bir sual kimi zamanın ürəyinə sancılır: "Bu
qədər qaranlığın içində, kim həqiqətən,
bayquşdur?" - İmamverdi İsmayılovun "Bayquş
və qarovulçu" hekayəsi də, məhz belə
sualları gündəmə gətirən yeni bədii mətnlərdəndir.
Bu hekayə - estetik cizgilərlə işlənmiş,
mifiklə realist təfəkkürün sınırında
dayanan bir tənhalığın prozasıdır.
Burada bayquş arxetipdən insana doğru
"uzanır"...Bayquş çoxmədəniyyətli
şüurda ziddiyyətli semantik yük daşıyır: həm
ölüm və viranəlik, həm də hikmət və
ruhani gözləmlə bağlanır. Türk
mifologiyasında isə bayquş şaman papaqlarının bəzəyidir
- onun lələyində qoruyucu güc var. Hekayədə bu
ikili simvolika - qarovulçunun nəvəsi ilə dialoqunda
açıq görünür:
"Bəy quşudu, ee bu, bəy quşu! Necə
qıyıb, güllə ata bilərsən ona, ay baba"?!
Burada "bayquş" sadəcə, quş deyil - dəyişən
zamanla toqquşan şüurun özüdür sanki...
Bəs qarovulçu? - O, kimdir - qoruyucu, yoxsa
qorxağın biri? Qarovulçunun rolu məkanı və mənəvi
sınırı qorumaqdır; amma bu hekayədə o, təkcə
gecənin deyil, öz keçmişinin və toplumun lənətlədiyi
səsin - "bayquş ulartısı"nın
qarşısında da qoruyucudur; di gəl, qoruyucu olmaqla qorxan,
düşündükcə zəif düşən
insandır o: "Tər basmış yastığını
aşırıb, uzuqoylu çevrildi... Divara naümid söykənmiş
tüfəngə baxdı". - Burada qarovulçu -
vicdanı ilə savaş içində olan
insanlığın simasıdır. Ayrıca, müəllifin
"Divara naümid söykənmiş tüfəng" -
poetik kəşfi də öz yerində... - Zatən,
İmamverdi müəllim həm bu, həm digər bədii əsərlərində,
demək olar, hər dəfə bir poetik kəşfə imza
atır, yaxud unudulmaqda olan sözləri, deyimləri yenidən
dirildir.
Yenidən hekayənin özünə dönək;
oxucu burada viranəlik və mifin çevrilməsi sürəcini
(paralelliyini) izləməkdədir. Müəllif, folklorla
yüklənmiş viranəlik anlayışını sadəcə
fiziki çürümə kimi yox, ruhani iflas kimi təqdim
edir. Bu mifik təcrid - tərk edilmiş ev, nalə çəkən
bayquş və yuxuda qayıdan qız - həqiqətdə
kültürün boğulan qatıdır. Viranələrdə
məskən salmış bayquşun obrazı - toplumun unutduğu
vicdanın metaforudur: "Bəlkə insan bayquşu lənətləyib
susdurmaqla - öz əllərilə saldığı
xarabalığın səsini kəsir"... - Bax, bu, öz
kökünü inkar edən və öz lənətini
başqasına yönəldən insanlığın obyektiv
tənqididir. Akademik Nizami Cəfərovun sözügedən hekayə
və onun müəllifi haqqında yazısının
giriş vurğusunu bu məqamda xatırlamaq yerinə
düşər: "Çox sevinirəm ki, görkəmli
yazıçı, publisist və ictimai xadim İmamverdi
İsmayılov bu günlərdə qələmə
aldığı, ideya-məzmun, bədii- estetik enerji - miqyasca
az qala roman gücündə olan "Bayquş və
Qarovulçu" hekayəsilə ədəbi mühitimizi
canlandıracaq daha bir yaradıcılıq uğuruna imza
atdı. Az-çox peşəkar ədəbiyyatçının
bu və ya digər dərəcədə diqqətli
müşahidəsi dərhal göstərir ki, İmamverdi
İsmayılovun yazılarında onun ictimai xadimliyi ön
plandadır - bəhs elədiyi mətləbin sosial-psixoloji,
siyasi-ideoloji, mənəvi-əxlaqi çəkisini, dəyərini
(və məsuliyyətini!) son dərəcə həssaslıqla
ifadə etməsi də məhz buradan irəli gəlir".
Uzun, amma zövqlə oxunan hekayə içsəl
dialoqlar və bəşəri məsuliyyət
baxımından da özünəməxsus səviyyəyə
malikdir. Hekayənin bədii gücü hadisələrin uslu
ardıcıllığı ilə yanaşı, içsəl
monoloqların fəlsəfi qatında da yatır. Bayquşun
ulaması - doğanın səsi ilə insanın vicdanı
arasında körpüdür. Qoca qarovulçunun
düşüncəsi isə artıq fərdi yox, bəşəri
miqyas qazanır: "İnsan - canına qorxu düşən
kimi, min hoqqadan çıxır... Qorxu isə... sonda qəddarlaşdırır
və ölüm gətirir"!.. Bu məqamda hekayə bir fərdin
faciəsindən çıxaraq, sivilizasiyanın axirət
düşüncəsinə, yaxud sonrakı varlıq
suallarına çevrilmiş olur.
Əsərin kuliminasiyası - güllənin
atıldığı an - dramatikdir, ancaq dramatikliklə
yanaşı, epistemoloji partlayışdır. Güllə
bayquşu da, qarovulçunu da, habelə oxucunun susqunluğunu
da deşib keçmək istəyir. Sonda isə itirilən
"bəy quşu"nun yığvalı ilə birgə,
insanın öz mənəvi toxunulmazlığını
itirməsi baş verir.
"Bayquş... al qan içində can verən
qarovulçunu, naqəfil açılan güllə ilə əlini
nahaq qana batırmış qonşunu... özünü
ağlayırdı"...Bu, artıq sıravi qəhrəmanlıq
yox, kulturoloji sarsıntıdır - necə deyərlər,
insan öz lənətini tanıyır, amma onu hələ də
silahla "susdurmağ"a çalışır.
Uzun sözün qısası, İmamverdi
İsmayılovun bu hekayəsi - xalq inancları, mifoloji kodlar,
sosial konfliktlər və ekzistensial həyəcanlar fonunda
yazılmış əsl kulturoloji mətn kimi dəyərləndirməni
haqq edir. Bəs siz necə bilirsiz, "Bayquş və
qarovulçu" - əslində, görmək və dərk
etmək istəməyən insanlığın portreti
deyilmi?.. Sizcə, bayquş bu hekayədə qorxununmu, həqiqətinmi
səsidir? - Sual ritorik, cavab aydındır: həqiqətin!
Kaş, həqiqətin səsini anlayanlar çox, eşidənlər
daha çox olaydı...
Əkbər QOŞALI
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.7.