İsmayıl Qaspıralı Həsən
bəy Zərdabi və "Əkinçi" haqqında
Azərbaycanı bütün varlığı ilə
sevən, onun mədəniyyətinə qırılmaz tellərlə
bağlı olan böyük ideoloq, naşir, redaktor,
yazıçı-publisist, tənqidçi, tərcüməçi,
ideya və əməlləri ilə bütün dünya
müsəlmanlarının, xüsusilə, Rusiya
imperiyasının zülmü altında inləyən
türklərin taleyində, tərəqqisində misilsiz xidmətlər
göstərmiş, onların ictimai-siyasi, mədəni, mətbu
həyatında yeni mərhələ açmış, öz
dildaşları və dindaşlarının təfəkkür
tərzində dönüş yaratmış İsmayıl
Qaspıralının (1851-1914) uzaqgörənliklə ortaya
atdığı "Dildə, fikirdə, işdə
birlik" şüarı həmişəyaşarlılıq
statusu almış, illər ötdükcə
aktuallığını artırmışdır. O, öz qəzetinə
"Tərcüman" (1883-1918-ci illərdə Krım,
Baxçasaray şəhəri) adını verməklə və
yeni tipli "üsuli-cədid" məktəblər şəbəkəsini
yaratmaqla səpələnmiş, parçalanmış,
hüquqları əlindən alınmış türkdilli
xalqları birləşdirmək, onların istəyini, iradəsini
ifadə etmək kimi tarixi missiyanı öz üzərinə
götürmüş oldu və son nəfəsinədək bu
vəzifənin həyata keçirilməsi uğrunda
mücadilə apardı.
İsmayıl Qaspıralı dünyadakı türk məskənlərini,
türklərin məskunlaşdığı ölkələri
- Osmanlı imperiyası, Çar Rusiyası, Şimali Afrika
(Misir, Tunis, Sudan) Hindistan, Orta Asiya ərazilərini gəzir,
soydaşlarının mədəni irsi ilə maraqlanır, əsərlərində
onları işıqlandırırdı. İstedadlı həmkarımız
Azər Turanın təbirincə desək, "Həzrəti
Musanın sehrli əsasına bənzəyən "Tərcüman"ı
ilə küfran dənizini yaran bu böyük kəramət
sahibi türk milli varlığının müqəddəs
yazılarını Baxçasaraydan Bombeyə, Bakıdan Qahirəyə,
Balkanlardan Çin səddinə yaymağı bacardı".
Unudulmaz professor Xeyrulla Məmmədov İ.Qaspıralı
haqqında yazdığı məqalələrin birində
göstərirdi ki, naşir-mühərririn Bakıda S.M.Qənizadə
və N.Nərimanov, İrəvanda F.Köçərli,
Naxçıvanda M.T.Sidqi, Şuşada H.Vəzirov və
H.X.Qaradaği, Qoridə A.O.Çernyayevski və S.Vəlibəyov,
Tiflisdə M.H.Qayıbov və Ə.Axundzadə,
Teymurxanşurada M.Ə.Talıbov, Peterburqda Ə.Haqverdiyev və
başqaları ilə yaradıcılıq əlaqələri
diqqəti cəlb edir. O, "Tərcüman"ı və
yeni tipli məktəblər açmaq istəyi və
ideyası ilə Bakı, Şuşa, Şəki,
Şamaxı, Gəncə, Naxçıvan, Ordubad, İrəvan,
Tbilisi, Lənkəran, Qəbələ, Quba, Göyçay,
Salyan, Bərdə, Ağdam... kimi bölgələri də
qarış-qarış gəzmiş, maarifçilik toxumu səpmişdir.
İ.Qaspıralının
yaradıcılığında, fəaliyyətində Azərbaycan
maarifçiləri ilə əlaqə və əməkdaşlığının
misilsiz xidmətləri olmuşdur. Onun M.F.Axundzadə, Həsən
bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov,
Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə,
Sultan Məcid Qənizadə, Ünsizadə qardaşları,
Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Məhəmmədağa
Şahtaxtlı, Nəriman Nərimanov ... kimi xadimlərin ədəbi-mədəni
fəaliyyəti ilə bağlı çoxsaylı qeydləri,
Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy
Zakirin şeirləri, Əbdürrəhim bəy Haqverdiyevin
"Dağılan tifaq" komediyası haqqında rəy və
resenziyaları, eləcə də "Əkinçi",
"Ziyayi Qafqaziyyə", "Kəşkül",
"Şərqi-Rus", "Həyat",
"İrşad", "İqbal", "Səda",
"Həqiqət", "Molla Nəsrəddin", "Məktəb"
kimi Azərbaycan mətbuat nümunələri, xüsusilə,
onların dil sahəsindəki fəaliyyətləri ilə əlaqədar
çoxsaylı mülahizə və mühakimələri
fikrimizi təsdiqləyir.
Yuxarıda qeyd etdiyimiz kimi, İ.Qaspıralının
ədəbi, mədəni, mətbu, hətta şəxsi tərcümeyi-halında
Baxçasaraydan, Krımdan sonra Bakı, Azərbaycan gəlir.
Bu baxımdan Azərbaycan mətbuatı ilə də
bağlı İ.Qaspıralının fikirləri, qənaətləri
çox yerində və təbii görünür. O, "Tərcüman"
qəzetində dərc etdirdiyi "Cəlal əfəndinin
"Kəşkül" məcmuəsi" (8 may 1883, ¹ 4),
"Təəssüf" (5 dekabr 1891, ¹ 42), "Tiflisdə
yeni qəzet" (19 aprel 1903, ¹ 15), "Lisan məsələsi"
(4 noyabr 1905, ¹ 90; 7 noyabr 1905, ¹ 91), "Açıq məktub"
(15 mart 1906, ¹ 26), "Dil haqqında" (18 dekabr 1906, ¹ 142),
"Dil ətrafında" (30 iyul 1913, ¹ 169; 31 iyul 1913, ¹ 170),
"Yenə dil ətrafında" (4 sentyabr 1913, ¹ 194), "Məsələlər-qəzetlər"
(15 oktyabr 1913, ¹ 227), "Xoşbəxt ekizlər" (22 aprel
1914, ¹ 88), "Molla Nəsrəddin" (5 yanvar 1914, ¹ 4) kimi məqalələrində
"Əkinçi", "Kəşkül",
"Ziya", "Ziyayi-Qafqaziyyə", "Şərqi-Rus",
"Həyat", "İqbal", "Molla Nəsrəddin",
"Məktəb" kimi mətbu orqanlardan, onların
naşir, redaktor və əməkdaşlarından, qəzet və
jurnalların toxunduqları problemlərdən, materialların
dil-üslub, sənətkarlıq məsələlərindən,
bu nəşrlərin Rusiya müsəlmanlarının tarixində
və taleyində oynadığı mühüm roldan gen-bol bəhs
etmişdir.
Ədibin irsində "Əkinçi" qəzeti və
onun naşiri Həsən bəy Zərdabi barədə dəyərli,
bu gün də aktuallığını itirməyən
maraqlı materiallar var. "Baxçasaraydan Daşkəndə
səyahət" oçerkində "təhsil və tərbiyə
işləri üzrə tanınmış mütəxəssis
Həsən bəylə bir mahalda, bir məclisdə
görüşməyi, söhbət etməyi özü
üçün böyük ləzzət olduğunu" qeyd
edən İsmayıl Qaspıralı "Rusiya müsəlmanlarının
mədəniləşməsinin başlanğıcı"
məqaləsində milli qəzetçilik tarixinə ilk
imzanı atan H.Zərdabinin xidmətini yüksək dəyərləndirərək
yazırdı: "Bakı şəhərində Həsən
bəy Məlikov cənabları tərəfindən
"Əkinçi" adında türkcə qəzet təsis
edib az müddət davam etmiş isə də, donmuş və
buzlamış fikirlərə ildırım kimi ziya vermiş
idi". "Dillərin birləşdirilməsi gəlir"
adlı yazısında İ.Qaspıralı Həsən bəyin
qəzet açmaqla "Qafqazda ədəbi dilə və ali
türk məsləyinə xidmət etdiyinin inkaredilməz"
olduğunu vurğulayır. İsmayıl bəy Həsən
bəy Zərdabinin tarixi xidmətini qədirbilənliklə
qeyd edir və onun qəzet açmaq təşəbbüsünü
Rusiya müsəlmanlarının həyatında müstəsna
hadisə kimi qiymətləndirirdi: "1875-ci ildə mərhum
şeyximiz Həsən bəy Məlikovun şəxsi təşəbbüsü
ilə Bakıda "Əkinçi", bir az sonra general
Staroselskinin maddi köməyi ilə Tiflisdə mərhum Səid
Əfəndi Ünsizadənin "Ziyayi-Qafqaziyyə" qəzeti
çıxarılmışdı. Həm bunları, həm də
İstanbulun "Təqvim-i vəkəyi" və "Bəsirət"ini
gözə aldırıb biz də bu "Tərcüman"ın
vücuda gətirilməsinə və davam etdirilməsinə
çalışdıq ("Dil ətrafında").
İsmayıl bəy Azərbaycan mətbuatını dərindən
izləyir, qəzetlərin cəmiyyət həyatındakı
rolu barədə fikirlərini bölüşür, lakin
bununla kifayətlənmir, məqalələri mövzu, dil,
üslub, sənətkarlıq baxımından təhlil edir,
müəyyən qənaətlərə gəlir. O, "Məsələlər-qəzetlər"
adlı məqaləsində M.F.Axundovun əsərlərinin,
"Əkinçi", "Ziyayi-Qafqaziyyə" qəzetlərinin
timsalında həmin dövrün dili ilə "Həyat",
"İrşad" və "İqbal"ın
timsalında son dövrün dilini müqayisə edir və
dilin inkişafını nümunə kimi göstərir. Bir
nümunəyə diqqət edin: "Əkinçi" və
"Ziyayi-Qafqaziyyə"nin dilinə baxın, bugünkü
(1913) "İqbal"ın dilinə də baxın: millətin
qəzeti Azəri şivəsi ilə yazılmır.
Ümumilik yoluna girmiş sadə türkcə yazılır.
"Tərcüman" da elədir, biz də
"İqbal"ın dilindən istifadə edirik ("Dil ətrafında").
Həsən bəy Zərdabinin və onun
"Əkinçi"sinin Azərbaycan xalqının tarixində
və taleyində oynadığı rolu
İ.Qaspıralının "Farsimi, türkimi" məqaləsindəki
aşağıdakı cümləsindən daha yaxşı
necə ifadə etmək olar, bilmirəm: "Mərhum Həsən
bəy Məlikovun təşəbbüsündən bu günə
qədər Azərbaycanda türk dili
çalışıldı; qəzetlər, teatrlar, risalələr
türk dilində nəşr edildi... qardaş-qardaşı
gördü, tanıdı, təkrar qucaqlaşdı, birləşdi..."
Qəbələ, 5 iyul, 2025-ci il
Abid TAHİRLİ
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (¹25).- S.8.