İrəvanda bir sinif
var idi...
Əməkdar jurnalist Svetlana Nəcəfovanın və
onun məktəb yoldaşlarının əziz xatirəsinə
İrəvanda bir sinif var idi...
Uşaqları mehriban, səmimi, ürəyiaçıq.
Səhər açılanda məhəllələrdən
bir-birini səsləyərdilər. Küçənin o
başından:
- Süsən, gəlmirsən?
- Əfşan, tez ol, gecikirik!
- Baboş, tələs, müəllim danlayacaq!
Ayaq səsləri bir-birinə qarışar, yolboyu
danışa-danışa, gülə-gülə məktəbə
üz tutardılar. O məsum səslər bütün məhəlləni
oyadardı. Küçənin tinində əsən külək
də o səslərə qulaq kəsilərdi sanki. Səslər
doğma idi, əziz idi. Azərbaycan türkcəsində səslənirdi.
O səslər bu torpağın, bu şəhərin nəfəsi,
ruhu idi...
Müharibə təzə bitmişdi. Qıtlıq
vardı, aclıq vardı. Bəzən meyvə qurusundan
başqa yeməyə heç nə tapılmazdı. Ailələrdə
müharibədən dönməyənlərin
ağrısı, axıdılan göz yaşları
vardı. Amma qədim İrəvanın dar küçələrində
böyük arzularla yaşayan kiçik insanlar - uşaqlar
vardı.
Nə ayağına uyğun gəlməyən
ayaqqabı, nə dizi süzülmüş şalvar, nə də
anasının köhnə ətəyindən tikilmiş
paltar onların xoşbəxtliyinə mane ola bilmirdi. Onlar
ürəklərində məktəbə getməyin, parta
arxasında dərs oxumağın, dostluğun saf sevincini
daşıyırdılar.
Sinfin ən balacası idi Svetlana. Məktəbə
altı yaşında getmişdi. Ona görə boyca
hamıdan kiçik, çəlimsiz görünürdü.
Sibirdən bəraət alaraq qayıtmış "xalq
düşməni" Hacı Nəcəfovun və əmisinin
himayəsində böyümüş Kubra xanımın yeganə
qızı, üç uşağın sonbeşiyi idi.
Gözünü dünyaya açandan həyatın sərt
üzü ilə qarşılaşmışdı. Məktəbə
xüsusi həvəslə gedirdi. Müəllimlərinin tərifi,
vaxtilə Qori seminariyasını bitirmiş atasının
öyüd-nəsihətləri onu daha da
ruhlandırırdı.
Müəllimlər zəif oxuyan şagirdlərlə
məşğul olmağı Svetlanaya tapşırar, ona etibar edərdilər. Evə
qayıdanda isə bu balaca qızcığazı başqa bir
vəzifə gözləyirdi - anasının bağda əkib
becərdiyi göyərti dəstələrini
götürüb bazara aparmaq. Orada gözəl geyimli həmyaşıdlarını
görəndə həsədlə baxardı. Balaca qəlbində
bir sual doğardı: "Görəsən, mən də bir
gün belə gözəl geyinə biləcəyəmmi?"
Amma ruhdan düşməzdi,
daha səylə çalışar, dərslərini
böyük əzmlə oxuyardı.
İstirahət günlərinin birində Svetlana bibisi
oğlu Maratla arx qırağına oynamağa getmişdi. Suda
üzüb dolaşan balaca balıqlar onların diqqətini
çəkdi. Qərara gəldilər ki, vedrə gətirib
onları tutsunlar, həyətlərindəki
arxa buraxsınlar. Elə də etdilər... O
"balıqlar"ın əslində çömçəquyruq
olduğunu isə yalnız yayda - həyəti qurbağa səsi
başına götürəndə bildilər...
Svetlananın sinifdə yaxın rəfiqələri
vardı. Onlardan birinin atası azərbaycanlı, anası erməni
idi. Rəfiqəsi özü danışırdı ki,
anası ilə sözü çəp gələndə
qadın qızının damarında axan "azərbaycanlı
qan"ını lənətləyərdi.
Bu söhbət balaca Svetlana üçün hələ
anlaşılmaz idi. Çünki onların
yaşadığı məhəllədə, İrəvanın
mərkəzində qonşularının hamısı azərbaycanlı
- mehriban, yardımsevər insanlar idi. Tək-tük ermənilər
var idisə, onlar da bağda-bağatda fəhləlik edər,
azərbaycanlıların verdiyi pulla dolanardı.
Hətta müharibədən sonra İrəvana ermənilərin
kütləvi axını da qızcığazı qorxutmurdu.
Amma anasının danışdığı o dəhşətli
xatirələri də unutmurdu. Anası deyərdi: "1918-ci
ildə mən uşaq idim. Erməni-müsəlman davası
başlamışdı. Hər gecə pəncərələrimizə
güllələr yağırdı. Bizim yerimizi pəncərə
altında salırdılar ki, güllə dəyməsin. Həyəcanla
hər gecə Allaha yalvarırdım: Ay Allah, kaş dünən
öləydim, bu gün bu qorxunu yaşamayaydım."
Hərdən içinə dolan qorxuya baxmayaraq, Svetlana
da digər uşaqlar kimi qəlbində bir sevinc
daşıyır, dostları ilə əylənir, gələcək
üçün planlar qururdu. İçi həyat eşqi,
oxumaq arzusu, insanlara sevgi ilə dolu idi.
Axundov məktəbi kökləri, ənənələri
yaşadan Azərbaycan ruhunun məktəbi idi. Svetlananın
sinif yoldaşları - Süsən, Əfşan, Fəxrəddin,
Yaşar, Akif, Ceyran, Tərifə... - hər biri mehriban idi,
sadiq idi, doğma idi. Özləri böyüdükcə
arzuları da böyüyür, qurub-yaratmaq həvəsi
artırdı.
Svetlana məktəbi medalla bitirdi. Azərbaycan Dövlət
Universitetinin jurnalistika fakültəsinə daxil oldu. Ancaq hər
yay doğma şəhərinə qayıtdı. Hər gəlişində
bir-birindən daha dəhşətli, qanqaraldan hadisələr
barədə eşitdi: qonşuluqda yaşayan cavan oğlan,
eyni iş müqabilində ermənidən az maaş
aldığından şikayət etdiyinə görə
döyülmüş, aldığı zədələrdən
dünyasını dəyişmişdi. Qoca Matan xala bazara gedərkən
erməni məktəbinin yanından keçmiş, "balaca
cəlladlar" - erməni uşaqları tərəfindən
təhqir olunmuş, yıxılmış və
ölmüşdü.
Bu hadisələr, bu faktlar gənc jurnalist Svetlana Nəcəfovanın
içini etiraz hissi ilə doldurur, qələmi ilə
üsyan etmək istəyini doğururdu.
Zaman dəyişirdi... Əvvəlcə
yavaş-yavaş... sonra qəfil. İrəvanın
küçələrində tanımadıqları adamlar
dolaşmağa başladı. Əvvəllər qonaq kimi gələn
ermənilər artıq ev yiyəsi olurdu. Yerli əhali zorla
şəhərdən köçürülürdü. Məktəblərin,
küçələrin adları dəyişdirilirdi. O sinfin
uşaqları da - kimisi gecə yarısı, kimisi
gündüz doğma şəhəri tərk edirdi. İrəvanıın
uşaq səsləri ilə dolu küçələri səssizləşdi...
Şəhər ana dilində səslənən kəlmələr
üçün darıxırdı.
SSRİ-nin dağılması ilə baş verən
hadisələr, yaşadığımız dəhşətli
olaylar heç zaman yaddaşımızdan silinməyəcək.
Belə bir məqamda Əməkdar jurnalist Svetlana Nəcəfova
haqq səsimizi dünyaya çatdırmaq yolunu seçdi: kəskin
çıxışları, tutarlı yazıları, ermənipərəst
Storovoytovaya yazdığı ağrı və nifrət dolu məktubu,
20 Yanvar hadisələrində nümayiş etdirdiyi vətəndaş
mövqeyi ilə seçildi.
Həyatının hər bir dönəmində
doğulduğu İrəvanın məhəbbətini,
nisgilini ürəyində, yazılarında yaşatdı.
Göz yaşına boğulmadan oxunması mümkün
olmayan "Yaralı məhəbbətim - İrəvanım mənim"
adlı məqaləsini yazdı. Sevimli sinfini, doğma
dostlarını heç zaman yaddan çıxarmadı.
Zamanla Axundov məktəbinin 1953-1954-cü il məzunları
Bakıda bir-birini tapmağa başladı. Sonra qərara
aldılar: ara-sıra görüşmək lazımdır.
Mayın 9-u görüş günləri oldu. Hər il həmin
günü səbirsizliklə gözlədilər. Doğma
şəhərin, doğma məktəbin ətrini bu
ünsiyyətdən aldılar. Bəzən zarafatlarla, bəzən
göz yaşları ilə o günləri yenidən
canlandırdılar:
- Yadındadır, dərsdən qaçıb meyvə
oğurluğuna getmişdik, müəllim bizi necə
danladı?
- Akif, yadındadır, dərsə gecikmişdin, sinfə
pəncərədən girmək istədin. Şalvarın
ağacın budağına ilişib cırıldı...
Şaqraq gülüşlər, uşaqlaşan
çöhrələr, işıqla, nurla parlayan gözlər...
Zaman keçdi... Dünyanı ağuşuna alan
ağır pandemiya dövrü gəldi... Dünya birdən-birə
səssizliyə büründü... Sonra isə - yarpaq
tökümü başladı... Görüş yerinə gələnlərin
sayı azaldı. Vaxtilə səs-küylə uşaqlıq
xatirələri danışanların sırası seyrəldi.
Şaqraq səslər hüznlü söhbətlərlə əvəz
olundu. Sonra... sonra bu görüşlər də bitdi...
Qəribədir, elə bil sözləşmişdilər...
Sanki bir-birinin ardınca getməyə söz vermişdilər.
Kim bilir, bəlkə də...
2021-ci ildə də Svetlana xanım da haqq
dünyasına qovuşdu. Əgər sağ olsaydı, iyulun
8-də 87 yaşı olacaqdı. Təsəllim bircə
ondadır ki, Svetlana Nəcəfova yazılarında,
çıxışlarında, insanların xatirələrində,
yaddaşlarında ləyaqətli bir insan, işinin peşəkarı
kimi qaldı.
Taleyin hökmü ilə bu gün Axundov məktəbinin
1953-1954-cü il məzunlarının çoxunun məzarı
burada - Bakıdadır. Tanrıdan böyük bir arzum var...
İrəvan torpağına ayaq basım, əyilib o müqəddəs
torpağı öpüm, ovcuma doldurub Bakıya gətirim, əzizlərimin
qəbrinə səpim! Axı bu, sadəcə torpaq deyil - nəsillərin
səsi, anamın nəfəsi, doğma yurdumun ruhudur!
İrəvanda bir sinif var idi...
Xatirələrdə, fotolarda yaşayacaq bir sinif...
Fəridə SƏFİYEVA
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.9.