Ədibi yad edərkən...
2022-ci ildə XX əsr Azərbaycan ədəbiyyatı
və ədəbiyyatşünaslığının görkəmli
nümayəndəsi Mir Cəlal Paşayevin bir əsr ərzində
elmi-ədəbi dövriyyədən kənarda qalmış
"Ədəbiyyatda romantizm" irihəcmli yazısı
orijinaldan savayı, 3 dildə (rus, ingilis, ərəb) kitab
halında çap edilmiş və "Milli kitabxananın
qızıl fondu"na daxil
edilmişdir.
Sözügedən nəşrin işıq
üzü görməsinin "ədəbiyyat hadisəsi"
kimi qiymətləndirilməsinin, elmi dəyəri ilə
yanaşı, əsas səbəbi əsərin üzə
çıxarılmasının (bir əsr sonra) qeyri-adi
tarixçəsi ilə bağlıdır.
Nəşrin əsas səbəbkarı Milli
Kitabxananın direktoru, professor Kərim Tahirov "Ön
söz"də qeyd edir ki, "Mir Cəlal Paşayev
çox erkən yaşlarında ədəbi tənqidə gəlmiş
və 20 yaşında... "Ədəbiyyatda romantizm" əsərini
1928-ci ildə yazaraq Dağıstanın Maxaçqala şəhərində
nəşr olunan "Maarif yolu" jurnalında dərc
etmişdir... Darülmüəllimin yenicə bitirib uzaq kənd
məktəbində müəllimliyə başlayan gəncin
biliyinə, mütaliə səviyyəsinə və ədəbi
əsərlərin təhlili baxımından görkəmli ədəbiyyatşünas-alimlərlə
bir sırada durmağa layiq düşüncə tərzinə
və təfəkkürünə heyran qalmaya bilmirsən.
Hörmətli Kərim müəllim sözügedən
yazının uzun müddət müvafiq arxivlərdə
axtarışında olub: ilk olaraq "Maarif yolu"
jurnalının arxiv fondunda mühafizə edilən 1928-ci ilin
10-12 nömrələrində axtardığı səhifələrinin
cırılaraq götürüldüyünü aşkar
etmişdir; hətta Milli Kitabxananın fondunda eyni vəziyyətlə
rastlaşan Kərim müəllim axtarışını
dayandırmır, müvafiq yerlərə sorğular edir, hətta
Rusiya Dövlət Kitabxanasından "fondumuzda yoxdur"
cavabı alır.
Nəhayət, 2019-cu ilin sonunda Moskvada özü şəxsən
müəyyənləşdirir ki, jurnalın müvafiq
nömrələri kitabxananın arxivindədir. Və 2020-ci
ilin əvvəlində Rusiya Dövlət Kitabxanasının
direktorunun köməkliyi ilə Mir Cəlalın ilk mükəmməl
qələm təcrübəsi Milli Kitabxanamızın arxiv
fonduna daxil edilir və tədqiqatçıların
ixtiyarına verilir.
Kitabın elmi redaktoru akademik Nizami Cəfərov,
lüğət, ərəb qrafikasının
transfonoliterasiyasının müəllifi professor Asif Rüstəmli,
tərcüməçilər: filologiya elmləri doktoru Sara
Osmanlı (rus dili), professor Əhməd Sami Elaydi (ərəb
dili), İlahə Abdullayevadır (ingilis dili).
Əsərin rus dilinə ilk tərcüməsi nədənsə
qəbul edilmədiyinə görə, akademik İsa Həbibbəyli
(10 ildən çoxdur ki, kitab, məqalə, məruzələrin
tərcümələrini mənə tapşırır) məni
təklif etdi və beləliklə, Mir Cəlalın uzun
dövr ictimaiyyətə məlum olmayan yazısının
rus oxucusuna təqdim edilməsi mənə nəsib oldu.
İndi yazıyla mənim birinci təmasım (tərcüməçi
kimi) və 3 il sonra yenidən (nəzəriyyəçi kimi)
tanışlığım haqda. Bu, "yenidə"nin
izahı. Təxminən, may ayında məzunu olduğum BDU-da
olarkən Rus dili ədəbiyyatı tarixi kafedrasına
baş çəkdim və kafedra müdiri, professor Ədibə
Mir Cəlal qızı ilə görüşdüm. Söhbət
etdik, o əlçatmaz, ünyetməz günləri (Akif
İslamzadənin oxuduğu mahnısı yada
düşür: "Keçən günlərimi
qaytaraydılar...") xatırladıq: Ədibə xanım
ADU-nu bitirən ildən bu elm ocağına sadiq qalmış,
hələ 1965-ci ildən bizə, o cümlədən, mənə
həm də 523 №-li qrupda bizimlə oxuyan kiçik
qardaşı Mir Cəlal müəllim və Püstə
xanımın sonbeşiyi, unudulmaz Aqilə (1947-2005) dərs
demişdir. Ədibə xanım sözügedən kitabı
da soruşdu. Və mən deyəndə ki, indi bəzi
şeylər bizə məlumdur, Ədibə Mir Cəlal
qızı o gənclik ehtirasıyla dedi: "Sara, sən
tarixi mövqedən oxu".
Mən yazıya qayıtdım və 1928-ci ili, 20
yaşlı cavanı mümkün qədər
gözümün önünə gətirdim. Və nə
yaxşı ki, yenidən oxudum. Həqiqətən, ədəbi
hadisə imiş.
Məqalə sistemli səciyyəlidir. Hər şeydən
əvvəl 20 yaşlı (1928-ci il!) müəllif
yazının məqsədini açıqlayır: "gənclərdə
(özü gənc ola-ola - S.O.) bir nəfəs oyada bilsək..."
Həqiqətən, 20-ci illərdə türkcə elmi mənbə,
tərcümələr yox dərəcəsində idi. Cavan kənd
məktəb müəllimi milləti maarifləndirmək
yoluna qədəm basır.
Məqsəddən sonra gəlir "romantizm"
istilahının açılışı (doğuran
tarixi-ictimai səbəblər, sentimentalizm ilə fərqi, əsas
səciyyələri, müxtəlif şəkilləri (alman,
fransız, türk). Demək, yazının strukturudur.
Nəzəri ədəbiyyata bələd olan gənc
müəllifin qeydinə görə, mütəxəssislər
etiraf edirlər ki, ən qarışıq istilahlar içərisində
romantizmdir. Və konkret misallar gətirilir.
Hətta romantizmi "xəyala qapılmaq kibi
düşünürsək yanılmış oluruq.
Çünki əvvəla xəyalatın iştirak etmədiyi
sənət əsəri ola bilməz.
Olursa da... bu bir "protokol" adlana bilər. Realizm isə o
demək deyildir ki, şair həyatda olan şeyi yazsın...
Realizm həyatda ola bilən tip və vaqeələr
götürür". Romantizmlə bağlı, hətta
yerindəcə P.A.Vyazemskinin rus romantizminin banisi V.A.Jukovskiyə
yazdığı məşhur məktubundan məlum sitat gətirir.
Romantizm ədəbi cərəyanının özəl
səciyyələrini izah edəndən sonra (bəzi qəbul
olunmuş konseptlərdən fərqli) müəllif
keçir milli ədəbiyyatlarda cərəyanın
reallaşmasına. Özü də, yumşaq desək, bir qədər
riskli yol seçir. Cərəyanın ümumi səciyyələrini
7 bənddə müəyyənləşdirir.
Sonra isə bunların milli ədəbiyyatlarda təzahürünün
özünməxsusluğunu axtarır. İngilis, fransız,
türk (indi deyərdik "Türkiyə") romantizminin fərdi
amillərlə şərtləndirilməsini göstərməklə
(əlbəttə, milli ədəbi ənənələri nəzərə
almaq şərtilə).
Gənc müəllif, hətta ədəbiyyatşünaslıq
leksikonuna "cavidizm" kibi istilah daxil edir və öz şərhini
verir.
Digər yenilik: romantizmin janrlar müstəvisində də
spesifikliyinə müraciət edilir: məsələn, Cavidin
məşhur dramları ilə yanaşı, "Azər"
poeması problem yönündə cəlb edilir.
Bir vacib müşahidəni
də qeyd etməliyəm: bildiyimiz kimi, ta 70-ci illərə
kimi sovet ədəbiyyatşünaslığında romantizm
iki "cəbhəyə" bölünürdü (ideoloji
meyarla) - mürtəce və
inqilabi. Amma hələ 20-ci illərdə gənc Mir Cəlal
bir yerdə də olsun bu ənənəyə məhəl
qoymur. O, yalnız 2 meyli qeyd edir: qəm-qüssə motivli və
etiraz, mübarizə çağırışlı romantik əsərlər.
Bu və digər müşahidələr belə bir nəticəyə
gəlməyə əsas verir ki, 20 yaşlı Mir Cəlalın
bu yazısı əslində maraqlı tipoloji yönlü tədqiqatdır
(cərəyanın ümumi, səsləşən və
milli mənsubluq baxımından fərdi cəhətləri).
Hərçənd "tipoloji" termini 70-ci illərdə ədəbiyyatşünaslıq
leksikonuna ancaq daxil etməyə başlayırdı.
P.S. Yeri gəlmişkən, əsəri bir də
oxumağı mənə tövsiyə edən dəyərli
müəllimim, professor Ədibə Mir Cəlal
qızını doğum günü münasibəti ilə təbrik
edir, Cənab Allahdan dualarının qəbul edilməsini diləyirəm.
Keçmiş tələbəniz - Sara Fətəliyeva...
Sara OSMANLI
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.12.