Bir millətin ruhunu
nota danışdıran adam
Onu anlamaq üçün notları deyil,
susqunluqları dinləmək lazımdır. Hər bir səssizlikdə
onun xalqı var idi, hər sükutda torpaq, hər pauzada vətən
nəfəsi gizlənmişdi. Azərbaycanın ruhunu
dünya səhnələrinə çıxarmaq, yalnız sənət
deyil, həm də mənəvi bir inqilab idi.
Bir insanın ruhu xalqın yaddaşına çevriləndə
o daha insan deyil - o artıq simvoldur, dillərin çata bilmədiyi
bir rəmz. Onun musiqisi notlarla deyil, millətin
sızısı ilə yazılırdı. Muğamın sinəsində
doğulan bir xalq, onu konservatoriyanın divarları ilə
tanıdı, amma o divarlar xalqın deyil, xalq onun içindən
keçdi.
Dünyanın sivil səhnələrində səslənən
hər ariya, onun xəyalındakı Azərbaycan
obrazının portretindən bir boya idi. Hər orkestrdə
Qarabağın bir çiçəyi, Şuşanın bir
dumanı, Xəzərin bir ləpəsi vardı. Təkcə
musiqini deyil, kimliyimizi və zamanla azalan
yaddaşımızı da nota çevirdi. Hər səhnəyə
çıxan əsəri ilə o, Azərbaycanın
unudulmazlığını sübut edirdi.
Milli musiqi onun üçün yalnız səslərin
və ya janrların məcmusu deyildi. Milli musiqi - xalqın həyatına
bükülmüş duadır. Üzeyir bəyin nəzərində
musiqi - səssizlərin fəryadı, yazılmamış
tarixlərin poetik yaddaşı idi.
Əgər bir xalq öz ruhunu tanımaq istəyirsə,
öz musiqisini dinləməlidir. O, musiqi ilə xalq
arasında unudulmaz bir körpü tikdi. O körpüdən
keçənlər torpağı daha fərqli duydu, dildə
daha dərin danışdı, dövlətə daha məsuliyyətlə
yanaşdı. Çünki o, musiqini dilin, torpağın,
dövlətin, ailənin və şəhidin varisi kimi
görürdü.
Azərbaycan onun musiqisində yalnız coğrafiya
deyildi. Azərbaycan, bir ritm idi, bir nəfəs idi, bir ana
laylası idi. O laylanın içində xalqın
keçmişi, ağrısı, müqaviməti və
azadlıq əzmi səslənirdi.
Onun operaları dinləniləndə insanlar
ağlamırdı - torpaq ağlayırdı. Torpağın
illərlə səssiz qaldığı hər bir dərd o əsərlərdə
dillənirdi. Hər bir qəhrəman - bir şəhidin ruhu,
hər bir ariya - bir ananın fəryadı idi.
"Arşın mal alan", sadəcə, bir komediya
deyildi - bu xalqın bazar fəlsəfəsinin, iqtisadi
münasibətlərinin, insan sevgisinin və milli qürurunun
musiqili konstitusiyası idi. Orada danışanlar yalnız
aktyorlar deyildi - orada bir dövr danışırdı, bir xalq
özünü tanıtdırmaq istəyirdi.
Musiqidə təvazökarlıqla üsyanı birləşdirən
Üzeyir bəyin içində daim bir əxlaq dərsi
vardı. Hər simfoniyasında xalqın etikası, xalqın
duruşu, xalqın ağrısı və xalqın sükutu
yer alırdı.
Xalq çalğı alətlərini simfonik orkestrə
daxil etməklə o, öz folklorunu dünyəvi dillə
danışdırdı. Bu, sadəcə texniki bir uğur
deyildi - bu, mədəni müqavimətin ən yüksək səviyyəsiydi.
O bilirdi ki, muğamı notla öyrətmək olmaz.
Muğam xalqın gözü kimi, ruhu kimi, çörəyi
kimi öyrədilməlidir. Ona görə də tədrisə
musiqidən əvvəl mənəviyyatı gətirdi. Hər
müəllimə yalnız çalğı yox, ruhun
dinamikasını öyrətdi.
Tələbələri ilə davranışı bir
müəllimin deyil, bir atanın münasibətini əks
etdirirdi. Onun pedaqoji üsulu informasiya yox, ilham üzərində
qurulmuşdu. Onun hər dərsi bir məktəb deyildi - bir vətən
dərsi idi.
Ona görə də bu gün bir sinif otağında
bir skripka çalınırsa, bir tələbə nota
baxırsa, əslində Azərbaycan musiqi dövlətçiliyi
ayaqdadır. Çünki Üzeyir bəy musiqiyə dövlətin
əbədi dili kimi baxırdı.
Əsərlərində yalnız tar və kaman deyil,
tarix və zaman da çalırdı. O, sazın simlərində
öz nəslinin qanını, xalqının göz
yaşını, anaların sükutunu əks etdirirdi. Musiqi
onun əlində millətin müqəddəs kitabına
çevrilmişdi.
O dövrlərin ən ağrılı zamanı -
milli kimlik axtarışının, azadlıq
arzularının, əzilmiş xatirələrin zamanında
musiqi ilə xalqın içindəki əzəməti
oyatdı. O, heç zaman əsgər olmadı, amma onun
musiqisi bir ordunun ruhunu formalaşdırdı.
Bir şəxsiyyətin dünyaya çıxması
üçün xarici təbliğat yox, daxili
böyüklük lazımdır. O, öz
böyüklüyünü öz səsinin içində
tapdı və həmin səsi dünyaya Azərbaycan adı
ilə təqdim etdi. Əsərləri ilə dünya musiqi
tarixinə yeni bir "azərbaycançılıq tərzi"
gətirdi.
İnancı sənətə, sənəti
xalqına, xalqı musiqisinə bağladı. Onun
varlığı bir ideologiya idi - maarifləndirmə
ideologiyası. Bu maarifçilik siyasi deyildi - ruhani idi. O
ruhaniyyət hələ də xalqın içində
yaşayır.
Dünya dəyişdi, dövrlər dəyişdi, nəsillər
dəyişdi. Amma Üzeyir bəyin yazdığı səs
dəyişmədi. Həmin səs hələ də himnimizdə
çalınır, bayrağımızla ucalır, şəhidin
tabutuna sarılır.
İndi onun heykəlinə baxanda biz bir insana yox, bir
zamanın yığcam formasına baxırıq. O zaman bizim
üçün tarix deyil, həm də gələcəkdir.
Çünki o, gələcəyi keçmişin içindən
musiqi ilə yaratdı.
Əsərləri ilə cəmiyyətin məfkurəsini,
estetik zövqünü, musiqi savadını
formalaşdırdı. Bu gün xalqın bir bayramı, bir matəmi,
bir nikahı varsa, orada onun musiqisi var. Deməli, xalq onunla hələ
də nəfəs alır.
O, heç bir milləti alçaltmadı, amma öz
millətini daim ucaltdı. Onun vətənpərvərliyi bir
pafos yox, bir əxlaq kodeksi idi. Musiqidə vətəni sevməyi
öyrətdi, amma heç vaxt bunu səs-küylə etmədi.
Onun səsi hündür yox, dərin idi.
Ona görə də bu gün onun adı çəkilməsə
belə, onun ruhu danışır. Danışan hər bir
sazda, hər bir müəllimdə, hər bir tələbədə,
hər bir azərbaycançının qəlbində
danışır.
Əgər bir xalqın musiqisi varsa, deməli, onun
yaşamaq haqqı var. O, bu haqqı bizə bəxş etdi.
Bizi bir millət kimi musiqidə əbədiləşdirdi.
Ondan sonra gələnlər Üzeyir bəyin izindən
getmədi - onun qoyduğu izlərdə böyüdülər.
Çünki o, təkcə musiqi qoymadı - həm də
xalqın ruhuna doğru bir yol açdı.
Mən - Adəm İsmayıl Bakuvi - hələ
uşaq ikən, Fəxri Xiyabanda Üzeyir bəyin məzarına
gedəndə, orada bir daş görmürdüm, bir qəbir
yox, sükuta bürünmüş, musiqiyə
çevrilmiş bir ruh görürdüm. Orada
yazılmış ad sadəcə bir ad deyildi - o ad bir
xalqın musiqidəki doğumu idi. O məzarın
üstündəki hər güldə bir not, hər daşda
bir muğam eşidirdim. Hər dəfə baş çəkəndə
sanki ruhum bir neçə addım da irəli gedirdi.
İllər keçdi. Tələbəlik
dövründə - həyatla, düşüncəylə, mədəniyyətlə
daha dərindən tanış olduqca - bir gün İncəsənət
Muzeyinin həyətində, sükutun içində donmuş
bir heykəllə üz-üzə gəldim. Bu, adi bir heykəl
deyildi. Bu, güllələnmiş, əzilmiş,
sürgün edilmiş bir yaddaş idi. Üzeyir Hacıbəyovun
əzəmətli heykəli orada, qırıq-qırıq bir
vəziyyətdə, soyuq baxışlarla üzümə
baxırdı. Ürəyim ağrıdı.
Sanki onun üzündəki hər bir cızıq bir
xalqın əzabını danışırdı. O heykəl
təkcə daşdan deyildi - onu erməni barbarlığı
parçalasa da, ruhunu öldürə bilməmişdi. O heykəldə
təkcə sənət yox, Azərbaycanın mədəni
taleyi, ruhunun əzabkeş tarixi yatırdı.
Sonra öyrəndim: erməni vandalizmi bu heykəli
oğurlayıb metalloma satmaq istəyərkən, ümummilli
lider Heydər Əliyev bu millətin yaddaşını,
heysiyyətini ayağa qaldıraraq, böyük diplomatik
güc, böyük şəxsi təşəbbüs və
vəsaitlə, bu müqəddəs əmanəti
Gürcüstandan Azərbaycana qaytarmışdı.
Bu - sadəcə bir heykəlin gətirilməsi
deyildi.
Bu, milli yaddaşın ölümdən xilas
olunması idi. Bu, xatirənin dirilməsi, dəyərlərin
qorunması, sükutun danışmağa başlaması idi.
Heykəl bir daha öyrətdi ki, mədəniyyətin simvolu
heç vaxt daşda bitmir - daşın içindəki ruh
yaşayanda xalq yaşayır.
Və illər sonra...
2023-cü ildə Şuşaya ayaq basanda, o müqəddəs
torpağa qayıdanda, yenidən o heykəli orada -
doğulduğu torpaqda, doğma dağların qoynunda - ucada,
işıqlı və məğrur görərkən,
gözlərimə hakim ola bilmədim.
Mən o heykələ baxmadım - sanki o, mənə
baxdı.
Mən eşitdim:
"Qayıtdım... Xalqımla bir yerdəyəm."
O an mən anladım: biz təkcə torpağı
azad etmədik - ruhları da azad etdik.
O heykəl azad olunmuş Şuşanın mərkəzində
təkcə bir abidə deyildi - bir millətin öz ruhunu geri
qaytardığı anın canlı sübutu idi, mən o anda
başa düşdüm ki, bu qayıdış təkcə
bir tarix deyil, bir ruhun dirilişidir. Mədəniyyətin,
musiqinin, düşüncənin, ruhun əbədi
varlığının dirilişi.
Bu möcüzə İlham Əliyev kimi bir liderin iradəsi
ilə reallaşdı. O, sadəcə şəhəri azad
etmədi - dəyərləri, yaddaşı, şəxsiyyətləri
də azadlığa çıxardı.
Üzeyir bəyin heykəli Şuşada ucalanda - xalq
da ucaldı.
Prezident İlham Əliyev o gün dövlətçiliyin
musiqiylə yenidən yazıldığını, hər bir
notun azadlıqla, ruhla və milli şüurla ahəng təşkil
etdiyini göstərdi.
O gündən sonra mən o heykələ sadəcə
bir sənət nümunəsi kimi baxmadım.
O mənim üçün - bir xalqın musiqidə
yenidən doğulduğu məqam, bütün təhqirləri
aşaraq öz heysiyyətini bərpa etmiş bir mədəniyyətin
heykəli idi.
Sanki heykəlin öz dili vardı, deyirdi:
"Mən daha tək deyiləm. Mən xalqımla
birgəyəm. Və bu torpaqda ruhum yaşayır -
çünki bu torpaq artıq azaddır."
Mən Adəm İsmayıl Bakuvi musiqinin heykəlini
qəlbində daşıyan bir millət övladı oldum,
Şuşada keçirilən Vaqif Poeziya günləri
zamanı, məhz Üzeyir bəyin heykəlinin
qarşısında duraraq qələmə almışdım
hisslərimi. Həmin günlərin təəssüratı
ilə bir ovuc Şuşa
torpağını götürüb, Bakıya - Fəxri
Xiyabanda uyuyan dahi bəstəkarın məzarının ətrafına
səpələmişdim. Bu, ruhani bir bağ, musiqiyə
çevrilmiş torpağın torpağa qovuşması idi.
Sağ ol, Dahi Üzeyir Bəy! Fəxrimiz!!!
Adəm İsmayıl BAKUVİ
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.13.