Hər kəsə
doğma Bəxtiyar
Ustadı olmayan şagirdin nə zamansa ustadlıq məqamına
ucalmaq şansı sıfıra bərabərdir. Fərli
şagird ustaddan dərs alar, mükəmməl bilgi toplayar,
şəxsi bacarıq və çalışqanlığı
sayəsində özünün toparladıqlarını da
ustad yükünün üstünə qoyar, axırda
özü də sayılıb-seçilən bir ustad olar. Vay
o kəslərin halına ki, ustadsız ustad olmaq arzusuna
düşürlər...
Bütün türk dünyasının sevimli məfkurə
və söz Ustadı, Azərbaycanın xalq şairi Bəxtiyar
Vahabzadə ilə bəndənizin ilk
tanışlığı indi əlçatmaz, uzaqda
qalmış 1972-ci ilin mart ayının ortalarına tuş gəlir.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına
klubunda Bəxtiyar Vahabzadənin (1925-2009) yaradıcılıq
gecəsi keçirilirdi. Sovetlər zamanı ədəbiyyatın
təbliğinə xüsusi diqqət və önəmli
dövlət vəsaiti ayrılırdı. Ali və orta məktəblərdə,
klub və mədəniyyət ocaqlarında, teatr
salonlarında və kitabxanalarda, zavod və fabriklərdə,
irili-xırdalı müəssisə və təşkilatlarda,
şəhər və kəndlərdə tez-tez ədiblərlə
görüşlər təşkil olunur, onların oxucularla
birbaşa təmasları təmin edilirdi. Nə isə, olan
oldu, keçən keçdi, geri dönməz ötən
günlər. Qayıdaq mətləbə... Şairlə
görüşə giriş sərbəst idi. Şairin pərəstişkarlarının
çoxluğundan dolayı yaşlı adamlar zalda əyləşmiş,
cavanlar, gənclər isə ayaq üstə künc-bucaqda birtəhər
özlərinə yer eləyib, şöhrətli şairə
qulaq kəsilmişdilər. Mən onda Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun filologiya fakültəsinin ikinci kurs tələbəsi
idim. Dərslərimi əla oxumaqla yanaşı, M.Ə. Sabir
adına kitabxanada istedadlı şair, rəhmətlik
Ağacavad Əlizadənin (1928-1995) rəhbərlik etdiyi ədəbi
məclisin fəal üzvlərindən biriydim və şeirlər
yazırdım. Bizim dərnəyin bəzəyi, tacı və
sultanı, sonralar Azərbaycanın ən ünlü söz
ustadları cərgəsində özünün layiqli yerini
tutan xalq şairimiz Zəlimxan Yaqub (1950-2016) idi. Üç il
- hər həftənin şənbə günü
toplaşar, bir-birimizin şeirlərinə dəyər verər,
poeziyanın sirlərini Ağacavad müəllimdən
çox Zəlimxan Yaqubdan öyrənərdik. Ey gidi
dünya, Zəlimxan kimi qaynar poeziya bulağını da
vaxtsız-vədəsiz əlimizdən alıb, Haqqın dərgahına
qovuşdurdun! Sirrindən baş açmaq olmur sənin, bivəfa
dünya!.. Yerləri cənnət olsun Ustad Bəxtiyarın
da, Zəlimxanın da! Amin!..
Təbii ki, Zəlimxan da Ustadın həmin
görüşünə gəlmişdi. Bəxtiyar müəllimin
uzun sürən maraqlı məclisinin sonunda kim istəsə,
şairə sual verə bilərdi. Bu, o illərdəki ədəbi
görüşlərin adi qaydası idi. Zəlimxanın
fenomen yaddaşı təkcə məclisin səbəbkarını
deyil, bütün görüş iştirakçılarını
heyran qoymuşdu. Orda məlum oldu ki, o, Bəxtiyar müəllimlə
çoxdan oturub dururmuş. Şairin bir neçə
şeirini özünəməxsus odlu-alovlu tərzdə əzbərdən
deyən Zəlimxanı hamı gurultulu alqışlarla
qarşıladı. Sonda Bəxtiyar müəllimə
yaxınlaşdıq, dostum Zəlimxan məni ustadla
tanış etdi, əfsanəvi şairlə əltəmən
görüşdük. Səxavətli, genişürəkli gənc
şair gur səsilə Ustada üz tutdu, mənim barəmdə
xeyli tərifli sözlər söylədi, fikrini belə cəmləşdirdi:
- Ustad, ürəkdən təbrik edirəm Sizi.
Görüşünüz əladan da əla keçdi, var
olun! Bəxtiyar müəllim, bu oğlan pedaqoji institutun
filologiya fakültəsində əlaçıdır.
Yaxşı şeirlər də yazır, amma buna ciddi
yanaşmır nədənsə. Deyir ki, ustad şairlərin
şeirlərini oxuyanda özümün yazdıqlarım
cızma-qara təsiri bağışlayır. Sizin fəlsəfi
şeirlərin vurğunudur. Əsl Türkçü,
Turançıdır...
Bəxtiyar müəllim elə oradaca ev telefonunun
nömrəsini yazıb mənə verdi. Bu
tanışlığımız zaman-zaman artıb
yaxınlığa, dostluğa, ata-oğul münasibətinə
çevrildi və sözün müstəqim mənasında,
ustad-şagird zirvəsinə ucaldı. Ustadın fiziki
sağlığında beləcə davam elədi, elə indi
də davam eləyir. Axı, mənən ustadlar heç vaxt
ölmürlər! Qədirbilən yetirmələrinin qəlbində
əbədi yaşayır ustadlar.
Mən 1980-ci ilin əvvəlində Moskvaya
köçərkən doğma valideynlərim - atam Musa
kişi, anam Qəmər xanım ilk öncə
maraqlandılar ki, Bəxtiyar müəllim sənin bu
köçünə xeyir-dua verib, ya yox? Bəli, ustadım
bilirdi ki, şagirdi harada yaşayır-yaşasın, onun
ürəyi hər an doğma Vətənlə - Azərbaycanla
qoşa döyünəcək, yurda-yuvaya, elə-obaya
bağlı olacaq, şüurlu həyatını millətinə,
Türkçülüyə, Turançılığa xidmətə
həsr edəcəkdir. Yaradanıma və taleyimə min
şükürlər ki, ustadımın inamını,
etibarını doğrulda bildim, ömrümün ötən
70 ilini məsləkimdən, yolumdan dönmədim və
inşallah, ömrün qalan qismət payını da elə o
cür başa vurram. Güman edirəm, Bəxtiyar müəllimin
ölməz ruhu mənim qəlbimi, varlığımı tərk
edib, məni çaş-baş qoymaz indən belə...
İlk tanışlığımızdan mən Bəxtiyar
Vahabzadəyə "Dədə" deyə müraciət
etmişdim, o da qeyd-şərtsiz qəbul etmişdi. İndi Bəxtiyar
müəllimin ən uca insani özəlliklərinə -
orijinal düşüncə tərzinə, incə yumor hissinə,
haqq-ədalətsevərliyinə işıq salan üç
xatirə olayını dəyərli oxucularımıza ərməğan
etmək niyyətindəyəm. Sovetlər dağılana kimi
Bəxtiyar müəllim Moskvaya tez-tez gələrdi. Hər gəlişində
onu qarşılayar, nə qədər qalmağından
asılı olmayaraq, hər gün onunla bir yerdə olar,
doğma ata kimi qulluğunda durardım. 1980-ci illərin
ortaları idi. Payız vaxtı idi. O, Moskvanın
"Moskva" mehmanxanasında lüks bir nömrədə
qalırdı. Gecə sağollaşıb ayrılanda sabah
axşam restoranda bir qonaqla şam edəcəyimizi söyləsə
də, qonağın kimliyini demədi. Tapşırdı ki,
evdəkilərə gec gələcəyimi xəbərdarlıq etməyi unutmayım.
O biri gün səhər-səhər
görüşdük, şəhərdə
görəcəyimiz işləri görüb qurtardıq və
saat 17-18 radələrində otelə döndük. O,
paltarını dəyişdi, geyindi-keçindi,
arındı-durundu, restorana gedəcəyimizi bildirdi və
sözarası məndən Yusif Səmədoğlunun (1935-1998)
təzəcə dərc olunan "Qətl günü"
romanını oxuyub-oxumadığımı soruşdu. Cavab
verdim ki, nəhayət, Yusif qağa yata-yata gözəl bir
roman yazdı. Yusif Səmədoğlunun geniş mütaliəsi,
dərin və zəngin humanitar bazası vardı, doğma ədəbiyyatımızın,
eləcə də dünya ədəbiyyatının mahir
bilicisi idi. Amma özünün məhsuldar qələm
çalmağı yox idi, canına cəfa basan deyildi,
yatağan adamdı. Söhbətdən anladım ki, gözlədiyimiz
qonaq Yusif Səmədoğludur. Ağsaqqala restorana sifariş
verib otaqda süfrə açdırmaq təklifində bulundum,
lakin sözüm keçmədi. Bəxtiyar müəllim
dedi:
- Ay oğul (O, "ay oğul" ifadəsini tez-tez və
elə şirin-şirin deyirdi ki, indi də o səsin
tamarzısındayam, o ifadə üçün qulağım
cingildəyir, burnumun ucu göynəyir!!!), gedək restoranda
oturaq, həm camaata baxaq, həm özümüzü göstərək,
bir az da bu rusların musiqisinə qulaq asarıq. Romanına
görə mən Yusifə kefin gələn bir qonaqlıq
vermək istəyirəm. Zəif bir etiraz etməyə cəhd
göstərdim:
- Dədə, restoranda səs-küy çoxdur,
ağız deyəni qulaq eşitmir. - Lakin sözüm ötmədi.
Axır ki, saat 19-da Yusif Səmədoğlu gəlib
çıxdı, öpüş-görüşdən sonra
paltosunu çıxarıb asılqandan asdı, oturmaq istəyəndə
Bəxtiyar müəllim onu tələsdirdi:
- Yoska (Bəxtiyar müəllimin öz ustadı Səməd
Vurğunun böyük oğlu
Yusiflə doğma qardaş kimi şirin
zarafatlaşması vardı), tez getdik restorana, bizi acından
qırdın sən, öynədə də elə bir şey
yeməmişik, Abuzərlə, vaxtımız yox idi. -Getdik
mehmanxananın 11-ci qatında yerləşən böyük
restorana, boş yer tapmaq müşkül məsələydi,
amma Bəxtiyar müəllimin deputatlığı
dadımıza çatdı, qulluqçular əl-ayağa
düşüb, bizə xudmani bir masa təşkil etdilər.
Əyləşdik, menyudakı könlümüz istəyən
nemətlərdən sifariş elədik, yemək-içməyimiz
gələnə qədər Ustadım məni Yusif qağaya
"satmağa" macal tapdı:
- Ay Yoska, əziz canın üçün Abuzər sənin
romanına elə gözəl bir qiymət verdi ki, gəl
görəsən! Ay oğul, necə dedin Yusif qağanın
romanı haqqında?
Məcbur qalıb öz dilimlə qağamın
yuxumculluğunu qıpqırmızıca üzünə
söyləməli oldum. Şükürlər ki, Yusif Səmədoğlu
incə yumorlu, zərif və genişürəkli bir insan
olduğundan, mənim xoş məramlı, səmimi sözlərimi
şirinliklə qarşıladı:
- A Baxtiyar (o, ustada həmişə belə müraciət
edərdi), başına and olsun, kişinin oğlu düppədüz
deyir, düz sözə nə deyəsən?! - Bu şux
zarafatdan sonra Bəxtiyar müəllim eyhamla üzümə
baxıb dedi:
- Ay oğul, görürsən, nə sakitlikdir,
çoxbilmişlik edirdin, deyirdin ki, restoran səsli-küylüdür.
- Gülümsünüb cavab verdim ki, Dədə, tələsmə,
"cücəni payızda sayarlar". Sifarişimiz masaya
düzüldü, simvolik olsa da, konyak badələrimizi (Onun
spirtli içki içməyi dodağını yaşlamaqdan
o üzə getmirdi, tam rəmzi xarakter
daşıyırdı) qaldırıb Yusif qağanın
romanını qutladıq, ona cansağlığı dilədik.
Az keçməmiş musiqi başladı, nə
başladı! Danqıltıdan, cingiltidən, guppultudan,
çıqqıltıdan, qışqır-bağırdan
qulaq tutulurdu. Masa arxasında bir kəlmə kəsmək
mümkün deyildi. Gərək
qışqıra-qışqıra danışaydın ki, nəsə
bir şey anlaşılaydı. Üçümüz də
susmağa üstünlük verdik, yeməklə məşğulduq,
sağlığı isə lal himi - əl işarəsilə
deyirdik. Onun dilxor olmuşdu, özünü çox narahat
hiss edirdi, aydınca sezilirdi ki, kişi bu naqolay vəziyyətdən
bir çıxış yolu arayır. Mən onun yanında
oturmuşdum, əyilib qulağıma tərəf ucadan dedi:
- Ay oğul, tez masamızın qulluqçusunu tap, bura
çağır. - Cəld qulluqçunu tapıb
çağırdım. Bəxtiyar müəllim uca səslə
qadından soruşdu:
- Sizin musiqiçilər müştərilərin
sifarişini yerinə yetirir? - Qadın başı ilə təsdiqlədi.
Bəxtiyar müəllim pencəyinin döş cibindən pul
kisəsini çıxartdı və şax bir 25
manatlığı (o vaxtlar bütün SSRİ-də pul
vahidi eyni idi) ayırıb, qulluqçu qadına verdi və
qulağına nəsə dedi. Yusif müəllimlə mən
dənəsək qalmışdıq, hələ heç nə
anlamırdıq. Qadın əlində qələm və
bloknot mən tərəfə yanaşıb,
"ağsaqqalı necə təqdim etmək məsləhətdir?"
- deyə soruşdu. Mən qələmi və bloknotu
götürüb Bəxtiyar müəllimin lazımi
titullarını yazdım. Qadın pulu və mən
yazdığım "təqdimat"ı müğənniyə
verdi. Aradan 5 dəqiqə keçər-keçməz
müğənni mikrofonla bildirdi:
- "Azərbaycanın xalq şairi, akademik, Ali Sovetin
deputatı Bəxtiyar Mahmud oğlu Vahabzadənin sifarişilə
düz 30 dəqiqəlik musiqi fasiləsi, səssizlik elan
olunur." Hamı əl çaldı. "Bravo!",
"Bravo!" qışqıranlar da oldu. Onun gözləri
gülürdü, çıxılmaz vəziyyətdən
müdrikcəsinə yol tapmışdı, istəyinə
nail olmuşdu...
Yenə qış vaxtı (sovetlər zamanı
yazda-yayda əksər redaksiyaların, nəşriyyatların
işçiləri, tərcüməçilər istirahətdə,
yaxud yaradıcılıq ezamiyyətlərində
olardılar, o səbəbdən də milli respublikaların ədibləri
paytaxtda öz əsərlərini çap etdirmək
üçün, adətən payız və qış
aylarında Moskvaya gələrdilər) Bəxtiyar müəllim
Moskvaya gəlmişdi, 1986-cı il idi. Şairin əsərlərinin
rus dilinə ən kamil tərcüməçilərindən
biri olan Anatoli Peredreyevi (1934-1987) görmək lazımdı.
Evinə zəng etdik və həyat yoldaşı,
çeçen əsilli Şema xanımdan öyrəndik ki,
tərcüməçi dostumuz təzəcə Moskvanın
120 kilometrliyində yerləşən Maleyevka adlı təbiətin
gözəl bir guşəsində yerləşən
Yazıçıların Yaradıcılıq evinə gedib,
20 gündən sonra qayıdacaq evə. Sübh tezdən
moskvalı dostum, ehtiyatda olan polkovnik Viktor Afanasyeviç
Svirinin "Zaporojes" markalı təptəzəcə
maşını ilə "Rusiya" mehmanxanasının
önünə gəldik, Dədə Bəxtiyar öndə,
mənsə arxada əyləşib yola çıxdıq. Bir
neçə kəlmə bu maşın haqqında oxuculara məlumat
vermək istərdim. "Zaporojes" markalı
maşınlar sovetlər dönəmində Ukraynada istehsal
olunurdu, ikiqapılı idi, motor-mühərrik hissəsi
arxada, baqaj yerində, baqaj isə öndə yerləşirdi.
Qışda istilik sistemi əla çalışırdı,
qarda-boranda çox etibarlı texnika sayılırdı, arxada
oturmaq üçün sağdakı sərnişin
oturacağı mexaniki yolla qaldırılırdı...
Bayırdakı şaxta bizim kefimizə soğan doğraya
bilmirdi, yerimiz rahat, isti və söhbətimiz şirin.
Maşın sahibi də humanitar sahəyə çox həvəsli,
dərin intellektual, geniş mütaliəli rus ziyalısı
idi. Bütün günü bir yerdə olduq, yolboyu çox
maraqlı və yaddaqalan söhbətlərimiz oldu. Anatoli də
ustadın boynuna götürdüyü şeirlərinin
hamısını tərcümə eləyib
qurtarmışdı, bu münasibətlə yerli restoranlardan
birində Bəxtiyar müəllim səxavətlə
nazlı-nemətli bir süfrə də açdı. Dostum
Viktor Afanasyeviç onun sehrinə düşmüşdü,
onun hər sözünü sanki yaddaşına əbədi
köçürməyə çalışırdı.
Düzü, ustad da çox bəyənmişdi yeni həmsöhbətini.
Tez-tez arxaya dönüb, "üzün ağ olsun, ay
oğul, belə dostuna görə, belə adamlarla nə qədər
çox oturub-dursan, sənin xeyrinə olar, çox şeylər
öyrənərsən", - deyirdi mənə. Mənim də
çiçəyim çırtlayırdı Ustadın bu
qiymətindən. Müxtəsəri, mehmanxanaya
çatmağımıza lap az qalmış Viktor
Afanasyeviç çox ciddiliklə ona üz tutub soruşdu:
- Baxtiyar muallim (ruslar belə tələffüz edirlər),
dünyanı çox gəzmisiniz, çox yerlər
görmüsünüz, söhbətlərinizdən
anladım ki, olduqca dərin və müdrik adamsınız.
Sizə iki sual vermək istəyirəm, amma xahiş edirəm,
mənim suallarıma doğru və tam səmimi cavab verəsiniz.
Sizin üçün dünyada ən gözəl ölkə
hansıdır? - O, fikirləşmədən cavab verdi:
- Doğma Vətənim, öz ölkəm. - Viktor
Afanasyeviçin ikinci sualı lap gözlənilməz oldu. O
soruşdu:
- Dünyanın müxtəlif ölkələrində
cürəbəcürə maşınlara minmisiniz. Sizin nəzərinizcə,
ən yaxşı maşın hansı markadır?
- Mənim üçün bu gün dünyanın ən
yaxşı yox, ən əladan əla maşını sənin
bu "Zaporojes" maşınındır. Səndən
xahiş edirəm, sözümün səmimiyyətinə
inan. Çünki sənin bu maşının bu gün bizi
qarda-boranda, soyuqda-şaxtada 400 kilometrə qədər bir məsafəni
ən rahat şəkildə gəzdirib, sağ-salamat
qaytarıb məkanımıza çatdırdı. Əziz
dost, bundan əla bir maşın tanımıram mən bu
gün. İnsan gərək əlində olanın qədir-qiymətini,
dəyərini bilsin, olacağın yox! - Rus dostum qanad
taxıb uçurdu, Bəxtiyarın müəllimin
cavabları döşünə yatmış, sarı yağ
kimi canına yayılmışdı...
Rəhmətlik ölənə (2015) kimi həmişə
ustad Bəxtiyarı ən dəruni sevgilərlə anır,
şairin həmin gün ona avtoqrafla
bağışladığı rusca "Bir gəminin sərnişinləriyik"
kitabından əzbərlədiyi, məxsusi müdrik
tonallıqla oxuduğu şeirlərlə həmin unudulmaz 21
yanvar 1986-cı il tarixini kövrəkliklə yada
salırdı...
Yenə qışın oğlan
çağıdır, böyük şair növbəti dəfə
Moskvada səfərdədir. SSRİ Yazıçılar
İttifaqının təsərrüfat şöbəsi onu
"Moskva" mehmanxanasının lüks nömrələrindən
birində yerləşdirib. O vaxtkı Gertsen küçəsi,
ev-50 ünvanında yerləşən Mərkəzi Ədiblər
Evində, saat 12-də bir neçə rus şairlərilə
Dədə Bəxtiyarın həm işgüzar, həm də
dostanə görüşü olacaqdı. Şaxtalı,
küləkli bir hava vardı bayırda, amma getməliydik. Mən
dəvəsi ölmüş ərəb timsalındaydım,
belə havaya çoxdan alışmışdım. Lakin Bəxtiyar
müəllimdən soyuğa heç tavanası yox idi, nə
qədər qalın geysə də, yenə
üşüyürdü sərt havada. Qütəbbər
geyinib-keçinib çıxdıq çölə.
Sovetlər dönəmində ən kasad nəsnələrdən
biri də taksi xidməti idi. Moskvada 25 taksomotor parkı, hər
parkda da ən azından 1000-dən çox maşın
olmasına rəğmən, yenə paytaxt taksi
qıtlığı çəkirdi, çünki hər
şey dövlətin əlində idi. Mehmanxananın
önündəki taksi dayanacağında uzun bir növbə
vardı, gözləməyə vaxtımız olsa da, məni
Dədə Bəxtiyarın soyuğa
dözümsüzlüyü qorxuzurdu, Allah eləməmiş,
xəstələnə bilərdi. Yadıma düşdü
ki, Ustadın deputatlıq vəsiqəsini növbənin əvvəlindəki
adamlara göstərsək, bizi hökmən növbəsiz
buraxacaqdılar. O zaman rəsmən, qanun əsasında bir
sıra adamlara belə hallarda dövlət güzəştləri
şamil edilirdi. Deputatlar, müharibə
iştirakçıları və əlilləri, əmək
qəhrəmanları, qəhrəman analar, orden sahibləri
dövlət imtiyazlarından yararlana bilirdilər.
Qısası, Dədə Bəxtiyardan deputat vəsiqəsini
istədim ki, taksiyə növbəsiz oturaq. Gözləmədiyim
halda Ustad höcət elədi:
- Ay oğul, ayıbdı, deputatıq deyə, 20-30
adamı ayaqlayıb keçək? Deyək ki, geri durun, biz
sizdən üstünük? Elə şey yaraşmaz mənə.
Vallah-billah, xəcalətdən tər tökərəm, gecə
yuxu yata bilmərəm o adamları xatırladıqca, ölüb
yerə girrəm. - Növbəmiz çatana kimi ustadı
içəri apardım, növbəmiz yetişəndə gəlib
ikimiz də arxada əyləşdik, əlini əlimin
üstünə qoyub, yumşaq, nəvazişli səslə
dedi:
- Ay oğul, incimədin? Məndən sənə əmanət:
hansı məqama ucalırsan-ucal, amma heç vaxt özünü
adi adamlardan üstün tutma. - Bəli, mənim ustadım, Azərbaycanın,
Türk dünyasının iftixarı Bəxtiyar Vahabzadə
belə saf kişiydi, belə şəxsiyyətli
kişiydi!.. Özü nə gözəl deyib:
"İnsanı şəxsiyyət böyüdər
ancaq!"
Böyük Ustad, unudulmaz Bəxtiyar müəllim,
adını ədəbiyyat və insanlıq tariximizə
pozulmaz hərflərlə əbədi yazan sənətkar, 100
yaşın mübarək!!!
Bəxtiyar Vahabzadənin minnətdar şagirdlərindən
biri - Abuzər Bağırov...
Abuzər BAĞIROV
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.14;15.