Qələmin müqəddəs
savaşı, yaxud sözün "Əkinçi"
ucalığı
Milli oyanışımızın əsasında
dayanan, milli məfkurəmizin istiqamətini müəyyənləşdirən
mətbuatın yaranış tarixi yarandığı zaman da,
bu günün özündə də qürur və iftixar
hissi ilə anılır. Bəli, 1875-ci ildə işıq
üzü görən və bununla böyük işıq
qaynağına çevrilən "Əkinçi" qəzeti
Həsən bəy Zərdabinin dirəniş və müqavimət
əzminin nəticəsi olaraq hasilə gəlmişdir. Qəzetin
yarandığı ictimai-siyasi mühitin mənzərəsinə
nəzər salsaq, mürəkkəb və gərgin bir
dönəmin varlığından söhbət
açmalıyıq. Ölkədə ümmətçilikdən
millətçiliyə gedən yolun konturları
cızılmamışdı, milli birlikdən söhbət
belə gedə bilməzdi. Amma oyanış üçün
milli zəmin vardı. A.Bakıxanov, İ.Qutqaşınlı
və M.Ş.Vazehdən başlanan dalğa böyük
maarifçi M.F.Axundzadənin yaradıcı dühasında
pöhrələnir, Qərblə Şərq arasında
körpünün möhkəm, dayanıqlı əsası
qurulurdu.
Bu oyanış əzmindən mənəvi qida alan Həsən
bəy Zərdabi Azərbaycanda ilk Xeyriyyə Cəmiyyətini,
1873-cü ildə ilk milli teatrı yaratmasına baxmayaraq, xalqa
xitab etməyin yolunu mətbuatın yaranmasında hiss edirdi.
Maariflənməyə, mövhumat zəncirini elmin
açarı ilə qırmaq əzminə inamını itirməyən
Həsən bəyin inadı ona gətirdi ki, bu ağır
yolçuluq sonucda milli şüur, milli tərəqqi, milli düşüncə
hərəkatına çevrildi.
XIX əsrin sonlarında Mirzə Fətəli Axundzadənin
Həsən bəy Zərdabiyə ünvanladığı məktubların
birində belə fikirlər yer alırdı: "Əgər
külli şəhər xalqı padşahlıq məktəbxanalarında
oxusalar, yer tapılmaz. Deyəcəksən ki, şəhərlərdə
məktəbxanalar bina edək... Çox yaxşı, şəhərlərdə
məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə
başladıq. Aya, ünas və kənd əhalimiz necə
etsinlər? Kəndlərdə də məktəbxanalar
açaq və müəllim gətirək, ya yox?.. Əgər
deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər
xalqı elm öyrənsin, onda sənin muradın əmələ
gəlməz. Bir gül ilə bahar olmaz. Şəhər
xalqı kənd əhlinə nisbətən qətrədir, dəryaya
nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki,
kaffeyi nas, Prus xalqı kibi və Yengidünya xalqı kibi
ünasən və zükurən elmindən bəhrəyab
ola... Sənin muradın o vaxtdan kamala yetər ki, bizim, hətta
çobanlarımız da Prus çobanları kibi oxumaq, yazmaq
bilələr və ünas tayfamız da oxumaq bilə".
Yəni, elə bir dövr gəlmişdi ki,
ziyalılar Azərbaycanda maarif və məktəb şəbəkəsinin
genişləndirilməsinin, xalqın savadlanmasının
vacibliyini aydın dərk edirdilər və hər kəs əlində
qələm bu yolda milli mücadiləyə
atılmışdı. "Əkinçi"nin
yaranmasına təkan verən amillər bunlar idi. Həsən
bəy Zərdabi bütün dönəmlərdə bir
amalı prioritetə çevirməyi bacardı: elmin və təhsilin,
dərslik və oxu kitablarının ana dilində olmasına
çalışdı, bunun üçün çabalar və
mücadilələr etdi.
Bu gün bizim hamımızın işlətdiyimiz ədəbi
və publisistik dil "Əkinçi"dəki dil
normasına borcludur. Milli triadamızın banisi Əlibəy
Hüseynzadə yazırdı ki, "bu şəxs bizim
üçün dil yaratmışdır. Ədəbiyyata
qapı açmışdır". Və yalnız ədəbi
dilmi? Bu gün "Əkinçi" qəzetinin yeri və
rolu, özündən sonra göstərmiş olduğu təsirin
hüdudları Həsən bəy Zərdabinin siqlətli
missiya daşıyıcısı olduğunu meydana qoyur. Ondan
sonrakı dövrdə - xüsusilə, XX əsrin əvvəllərində
milli ruh və idrak təəssübkeşliyimiz, müqavimət
və dirəniş amalımızın qazanılmasında Zərdabi
ideallarının nə qədər önəm kəsb etdiyi
məlum məsələdir. Bu dövr həm də görk
edir! XIX əsrin sonu, XX əsrin əvvəllərində
yaşayıb-yaradan aydınlar mətbuatın, maarifin,
oxumağın faydasını, elmlə ucalmağın zərurətini
israrla ifadə edən mətnlərlə necə alovlu şəkildə
çıxış etmiş, bunu konseptual olaraq
yaradıcılıqlarının amalına çevirmişlər.
Elm almaq, maariflənmək prosesi ardınca məfkurə xəttini
gətirməli idi. Bunu böyük haqq işi uğrunda
mücadiləyə atılan bütün milli münəvvərlər
aydın dərk edirdilər. Zərdabi ilə qurulan vətən
məfkurəsi sonradan pərvəriş tapan mətbuat
orqanlarının hamısının ana xəttinə
çevrildi. 1891-ci ildə "Kəşkül" qəzetində
Azərbaycan adının milli kimlik məsələsi təsbit
olundu, millətin adı ətrafında fikirlər səsləndirildi.
"Tərcüman" qəzetində krımlı yazar
İsmayıl Qaspıralı "Dildə, fikirdə, işdə
birlik" məramı ilə türklərin ortaq problemlərinin
qoyuluşunu hədəf götürdü. 1903-1905-ci illərdə
"Şərqi-Rus" qəzetində Məhəmməd
Ağa Şahtaxtlının rəhbərliyi ilə
çalışan ziyalılar Şərq xalqlarının
mövqeyini daim qorumağa çalışdılar. Ən
böyük məfkurə dərsini isə 1905-1906-cı il
aralığında çap olunan "Həyat" qəzeti
verdi. Böyük ədəbi-mədəni coğrafiyanı
ehtiva edən bu qəzetdə böyük ideoloq Əli bəy
Hüseynzadənin qələmində təqdim olunan
"Türklər kimdir və kimlərdən ibarətdir",
eləcə də Əhməd bəy Ağaoğlu, Əlimərdan
bəy Topçubaşov, Həsən bəy Zərdabi, Nəriman
Nərimanov, Məhəmməd Hadi, Mirzə Ələkbər
Sabir və digər ədiblərin yazdığı məqalələrlə
milli varlıq tanıdılmağa, milli triadamızın əsası
qoyulmağa, milli kimlik fənni aşılanmağa
başlandı və qəzet bağlandıqdan az sonra, elə
həmin il işıq üzü görən "Füyuzat"
jurnalı 32 sayı ilə cəmi bir il davam edən
yaradıcı fəaliyyətində geriyə
dönüşü mümkün olmayan azadlıq,
şüur hərəkatına imza atdı. "Bizə fədai
lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa
qiyafəli fədai", - deyən Əli bəyin
çağırışı ardınca istiqlala aparan yolun
mübarizkar, mətin milli fədailərini yetişdirdi. Bu, həm
də M.F.Axundzadə və H.Zərdabi ilə başlanan
yolçuluğun, millət və xalq fədailiyinin məntiqi
sonucu, tarixi nəticəsi idi.
Bu mənada, millətin elmi, bədii və siyasi
potensialını meydana qoyan "Əkinçi" qəzetinin
xalqa qazandırdığı nə oldu, - xüsusunda sual edəndə
bu iki amilin məxsusiliyini önə çəkmək
lazım gəlir. İlk növbədə, milli şüurun
formalaşması və milli dövlətçiliyin
yaranması nemətini. Mirzə Bala Məmmədzadə
"Azerbaycan misaki-millisi" əsərində yazır ki,
"Zənnimizcə, Mirzə Fətəli və Həsən
bəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər,
istiqlal tarixi, Azərbaycan istiqlal bəyannaməsi də 50 il
sonra meydana gələcəkdi. Bunların arasında sıx
bir münasibət və rabitə vardır".
Kim etiraf etməz ki, Azərbaycanda milli
özünüdərk prosesinin təşəkkülü, Azərbaycanın
dövlət müstəqilliyinin varlığı Azərbaycan
mətbuatına borcludur?! Dünya mədəniyyətinə
çıxışımız da milli mətbuatın
hesabına mümkün olmuşdur. Bu mənada, XX yüzilin əvvəllərində
Azərbaycan mətbuatı həm ədəbiyyatın, həm
də cəmiyyətin istiqamətini müəyyənləşdirir,
milli şüurun, eləcə də estetik zövqün gəlişməsini
təmin edirdi. O illərdə bizim siyasi müəyyənliyimiz,
sərhədlərimiz, ordumuz, dövlətimiz
olmadığı üçün bütün
boşluqları, təbii ki, Azərbaycan mətbuatı
doldururdu. Bu mənada, 1918-ci il, mayın 28-də yaradılan Azərbaycan
Xalq Cümhuriyyəti tarixi, ideoloji və siyasi fakt olaraq
yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu,
XX əsrin əvvəlləri milli mətbuat səhifələrində
davam edən siyasi, ədəbi və fəlsəfi
düşüncənin nəticəsidir. Çünki həmin
illərdə bizdə milli dövlətçilik
ideyasının tarixi uzağa getməsə də, milli mənlik
şüurunun yaranmasının aspektləri bədii-publisistik
düşüncəyə söykənirdi. Digər bir məsələ,
medianın əsas vəzifəsi informasiya ötürmək
olsa da, o, hər şeydən əvvəl sağlam milli təsəvvürlərin
gəlişməsini təmin etməlidir. Bu mənada,
xatırlatmaq xoşdur ki, bizim ilk mətbu orqanımız olan
"Əkinçi"nin adı əslində, əkinçilik
problemindən daha çox kültür, mədəniyyət,
milli kimlik anlayışlarını ehtiva edirdi. Yaxud ötən
əsrin əvvəllərində sırf estetik planda olan məsələlər,
elə sırf estetik bir ünvanda intişar tapırdı. Məsələn,
"Füyuzat" feyzlərin cəmi, daha doğrusu, estetik
feyzlərin cəmi, toplusu demək idi və bugünkü cəmiyyətimizin,
ədəbiyyatımızın, incəsənətimizin
estetik əyarı elə ötən əsrin əvvəllərində
həmin jurnal vasitəsi ilə yaradılırdı...
Sovet ideologiyasının hakimi-mütləq olduğu
ilk dönəmlərdə mətbuat məfkurə xəttini
qorumağa müvəffəq olmadı. Məlumdur ki, bütün
çevrilişlər yalnız tarix hadisəsi kimi deyil, həm
də düşüncə hadisəsi kimi təzahür edir.
Sovet rejiminin də düşüncə hadisəsi olaraq lokal
dövriyyəyə hesablanmış siyasi baxışları
xalqı milli koloritindən, keçmişin milli-mənəvi
sərvətlərindən, "xalq və mən"
şüurundan uzaq salmağa yönəlmişdi. Biz bir millət,
bir xalq kimi bütün bu fəci reallıqları şəxsi
taleyimizdə yaşadıq. Millətimizi o tay-bu tay həsrətlisi
edən mənfur irtica dünənimizdən bu günə, sələfdən
xələfə, ziyalıdan xalqa gələn genetik
kodları, üzvi və mənəvi bağları
qırmaqdan çəkinmədi. Əlifbamız dəyişdirildi,
milli-mənəvi sərvətlərimiz
saxtalaşdırıldı, ictimai fikir öndərlərimizin
irsi təhriflərə məruz qaldı. Üstəlik,
1937-ci ildə sovet rejiminin həyata keçirdiyi amansız
repressiya dalğasında prosesin effektivliyinin və məhsuldarlığının
artırılmasında mətbuatdan vintcik, təkərcik kimi
istifadə etdi. Xüsusilə bu məqam, yəni həmin illərdə
mətbuatın belə bir müdhiş hərəkatın
donoruna çevrilməsi xalqın mətbuata, ziyalıya olan
inamı arasında uçurum yaratdı.
Belə bir uçurum bir də 1970-ci illərin əvvəllərində
aradan götürülməyə başladı. Ümummilli
lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi
ilə bütünlükdə keçmişi
"rekonstruksiya" işi, vulqar ideoloji konsepsiyaların
güdazına getmiş mənəvi sərvətlərimizi mədəniyyət
aləminə daxil etmək prosesi başlandı. Klassik irsimiz
təbliğ olundu, tarixi yaddaşımız bərpa edildi, azərbaycançılıq
ruhunun, türk əxlaqının millətə
qaytarılması yönündə sistemli işlər həyata
keçirildi. Bu işlər də onunla sonuclandı ki, 1991-ci
ilin oktyabrında müstəqillik aktı imzalandı və
Heydər Əliyev minillik dövlətçilik tariximizə
milli məfkurəyə istinad edən yeni Azərbaycan dövlətinin
qurucusu kimi daxil oldu.
Bu gün də Heydər Əliyev idealları, onun azərbaycançılıq
ruhu Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin dövlətçilik siyasətində qorunaraq
xalqın və dövlətin şərəf tarixinin ifadəsinə
çevrilməkdədir. Prezident İlham Əliyevin
düşüncə tərzində və siyasi üslubunda qələmə
hörmət, varislik haqqına tapınaraq yola çıxmaq məqamı
aparıcı xətti təşkil edir. Bəlkə buna
görə rəhbərlik etdiyi iyirmi iki illik zaman kəsimində
ölkə başçısı İlham Əliyevin
diplomatik səriştəsi sayəsində xalq öz milli
kimliyindən ayrılmadı, keçmişindən
qopmadı, dəyərlərini itirmədi, özünə,
meyarlarına sadiqliyi qorudu. Milli məfkurə, suveren
şüur, istiqlal ruhu İlham Əliyevin sədaqətlə
qoruduğu ən böyük sərvət oldu.
***
Biz bugünkü imkan genişliyində peşəkarlıq,
etika və məsuliyyət məsələlərində
ehtiyatlı davranmalıyıq. Əks təqdirdə, ictimai
etimad da, milli dirəniş də zəif qalacaq. Unutmayaq ki, mətbuat
yalnız xəbər, informasiya ötürmək
üçün bir vasitə deyil, milli ruhun, milli
şüurun ayıq saxlanması üçün ən
güclü arsenaldır.
Təəssüf ki, bir çox hallarda mətbuat, bəzən
sifarişli, yaxud dəqiq müəyyənləşdirilməmiş
informasiyalar yayır. Müəyyən siyasi və ya iqtisadi
dairələrin təsiri altında fəaliyyət göstərən
media nümunələri az deyil. Bu da, əlbəttə ki,
ictimai etimadı zəiflədir.
Bizdə mətbuat azadlığı Konstitusiya ilə
təmin olunub, müstəqil media qurumlarının fəaliyyətinə
imkan yaradılıb. Sadəcə, media
savadlılığını artırmaq, milli şüuru
gücləndirmək lazımdır. Medianın savadlılığı
oxucunun da maariflənməsi deməkdir. Daha peşəkar,
dürüst ideoloji mövqeyi olan media qurumlarına
üstünlük vermək prioritetə çevrilməlidir.
Bu kontekstdə savadlı, səviyyəli media dilinin
labüdlüyü məsələsini də unutmaq olmaz. Bəzən
saytlarda, qəzetlərdə adi xəbər o qədər
pinti dil və estetika ilə təqdim olunur ki, bunun
qarşısını almaq üçün nəzarət
mexanizmi işlənib hazırlanmalıdır.
***
22 iyul - Milli Mətbuat günü böyük əməl
sahiblərinin bayramıdır! İstiqlala gedən yolda
usanmadan xidmət göstərənlərin, milli kimliyin Var
olması istiqamətində həyatını təhlükəyə
atıb gələcəyə hədəflənən fikir və
siyasi düşüncə adamlarının! Mətbuat vasitəsilə
ürəklərə müqəddəs vətən eşqi
aşılayanların! Məfkurədən müstəqilliyə
gedən yolun aydını olanların!
Sözdən Vətən yaradanların yəni!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.16;17.