Yüz birinci
şansı itirməyin
Əsəd Cahangirin "Səs" essesini
xatırlarkən...
Bu, ruhi bir halla bağlıdır: ağlının,
ruhunun harasındasa, lap kiçik bir guşəsində, dərin
bir küncündə hansısa rəqəm, söz,
görüntü ilişib qalır. Ayağını
ayaqqabının içində döyən bapbalaca daş
kimi ordan sənə özünü xatırladır: "Mənə
qayıt, bax, araşdır, aç, dinlə, gör, dərk
et!" Əsəd Cahangirin yüz bir bənddən ibarət
"Səs" essesini oxumuş və yazının ilahi bir
gücü, mistik mahiyyəti məni sehrləmişdi. Esseyə
cavab olaraq "Səsin yüz bir notu" adlı geniş məqalə
yazmışdım.
Əsəd Cahangirin essesi əslində Şərq və
Qərbin ümumi mifoloji-kulturoloji və ideya, milli-mənəvi
dünyasının keçmiş və gələcək
istiqamətlərini müəyyənləşdirən, ona
güzgü tutan qeyri-adi, kreativ ideyaları ilə təəccübləndirən
şedevr bir əsərdir.
Müqayisələr o qədər aydın və səlis,
əsaslı və dərindir ki, istənilən səviyyədə
oxucu üçün mübahisəyə yer yoxdur. Bir
neçə hissədən ibarət essenin müddəalarının
son sayına baxdım - 101 idi: "Quran" ayələrindən
on üç say az. Səsin yeddi notu var, "Səs"də
isə Əsəd Cahangir səsin yüz bir "not"unu
müəyyənləşdirib.
Düşündürücü və maraqlı rəqəmdir.
Nə üçün bu sayla kifayətlənib? Əslində
onun kimi həssas, milli və dini düşüncəyə
modern şəkildə hakim bir adam, inanmıram ki,
yazdığı əsərin müddəalarının
sayında "Quran" ayələrini ötüb keçəydi.
Ümumiyyətlə, numerologiyanın mistik mahiyyətinə
inanıram. 80-ci illərin ortalarında pakistanlı Mohammad
Sıddıkın tele-şou proqramlarına baxandan inamım
daha da möhkəmlənmişdi. Pifaqorun əsirlikdə olarkən
midiyalılardan rəqəmlərin sirrini öyrənməsi
haqda məlumat var. Təəssüf (bəlkə də
haqlı olaraq), bu ciddi, sirli məlumatlar gizli saxlanılır.
Dünyanın mükəmməl bir şəkildə
qurulduğunu, hər şeyin rəqəmlərlə (söz
başda olmaqla) idarə olunduğunu bilirik. "407 dərəcəli
çevrə" əsərimdə də rəqəmlərin
sirli mahiyyətinə müraciət etmişdim. "Səsin
101 notu"nu çoxdan yazmışdım. Dörd il
keçməsinə baxmayaraq (təəccüblüdür, o
əsəri də iyulun əvvəlində
yazmışdım - 1423 gün əvvəl), bu 101 rəqəmi
o xırdaca daş kimi əqlimin bir küncündə elə
hey özünü xatırladır, ona müraciət etməyimi
istəyirdi. Mən, axır ki, etdim.
Yüz bir rəqəmi çoxmənalı, dini,
mistik, ezoterik anlamda geniş izahı olan uğurlu rəqəmdir.
İlk baxışda adi rəqəm kimi görünür,
ancaq, mistik və ezoterik yanaşmalarda bu rəqəmin yozum və
simvolikalarına baxaq. Məsələn, numerologiyada 101 rəqəmi
1+0+1=2 kimi sadələşir ki, bu da duallıq,
qütblülük, yəni: işıq və qaranlıq,
kişi və qadın, ruh və maddə kimi balans simvoludur.
Ancaq yüz biri ayrıca götürəndə 1 -
başlanğıc, 0 - sonsuz potensialı, yenidən - 1 yenə
başlanğıca qayıdış, dirçəlmək, mistik
təcrübə zonası, transformasiya kimi yozulur. Ezoterik
yanaşmalarda 101 bəzən mistik qapı və ya keçid
nöqtəsi sayılır. Binary kodda (ikilik sistemdə), məsələn,
kompüter dünyasında 101=5 deməkdir. Ezoterik təhlildə
5 rəqəmi insanı simvolizə edir: 2 qol, 2 ayaq və bir
baş. Bu baxımdan 101 insanın ruhani başlanğıc və
son arasındakı keçidi kimi yozulur. "Qurani-Kərim"də
"Əl-Bəqərə" surəsinin 101-ci ayəsində
vəhyin inkar olunması, keçmiş peyğəmbərlərin
xəbərdarlıqları ilə bağlı məqam var. Bu
ayə ilahi bilikləri rədd edənlərə qarşı
xəbərdarlıqdır. Demək, 101 - ilahi biliyin qəbulu
və ya rədd edilməsi dilemmasını təmsil edir.
Yəhudi Kabalasında isə 101 rəqəmi
Mikayıl" mələyinin simvolik rəqəmi kimi yozulur.
Mikayıl müdafiəçi mələkdir, şər
güclərlə savaşan nur varlığıdır. Sufi təhlillərdə
101 rəqəmi "bir addım artıq" prinsipinə
işarədir. Yəni sən özünün 100
addımlıq həddini keçib Allahın hüzuruna
yaxınlaşmaq üçün daha bir addım atırsan.
Bu isə tamahı deyil, ixlası ifadə edir.
Yüz bir rəqəmini bəzi ədəbiyyat nümunələrində
- məsələn, "Psychology 101"də psixologiyaya
giriş dərsi adlandırırlar.Yəni, bilik
qapısı, ilkin mərhələ, öyrənmənin
başlanğıcı, daha doğrusu, insanın ruhən
oyanmağa başladığı an kimi yozulur. Beləliklə,
101 rəqəminin başlanğıc və dönüş
nöqtəsi, ilahi qapının astanası, biliyin qəbul və
rədd edilməsi, ruhani yüksəliş üçün
bir artıq addım və mistik qoruyucu enerji kimi simvolik mənaları
var. Mistikada bu rəqəm "sehrli eşik",
"qadağan olunmuş bilik", "əldə ediləcək
gizli hikmət" simvollarını ifadə edir.
Bədii, mistik kontekstdə əfsanəyə görə
101-ci qapı yalnız ruhani yetkinlik və daxili paklığa
açılır. Bu qapı zaman və məkan sərhədlərindən
kənardadır - onu tapan "başqa dünyalar"a
keçə bilər: "O, 101-ci qapının harda
olduğunu heç kəsə demədi. Çünki qapı
çöldə yox, içəridə idi". Bəzi mənbələrdə
məlum dualardan sonra "101-ci dua" var. Bu dua söylənərsə,
insanın unutduğu mənəvi və ilahi kamilliyi ona geri
qaytarılır: "Əgər bu duanı tapıb ürəkdən
oxuyarsansa, keçmişində itirdiklərin səni
tanıyacaq!"
Əsəd Cahangirin bu esseni 101 maddədən ibarət
yazmasında o qədər böyük, ilahi hikmətlər
var ki, açmaqla bitmir. Məsələn, əfsanəyə
görə insanın ruhu dünyaya gəlməzdən əvvəl
101 nəfəs alır. Əgər o, bu nəfəsin səsini
yenidən eşidərsə, həqiqi mənşəyini
xatırlayar, bu dünyadakı vəzifəsini dərk edər:
"101-ci nəfəsi eşidən insan bir daha yalan
danışa bilməz!" Baxın, yenə də eşitmək,
SƏS-ə qayıdış var burda.
Sufi mənbələrinə görə qoruyucu mələk
Mikayıl yer üzündə 101 gizli ruhani varlıq
yetişdirir. Bunlar qaranlığa qarşı Nur-un ordusudur
(bu Nur haqda bir pritçamda həqiqətləri,
gördüklərimi sadə və səmimi dillə izah
etmişəm, onu yalnız ruhunu Şərdən tam uzaq tutan
biri dərk edər. Həmin parçanı "Ağ dəvə
düzdə qaldı" kitabımın sonunda vermişəm.
Kitab 2022-ci ildə nəşr olunsa da, pritça 2016-cı
ildə yazılıb): "Sən onların 101-cisisən və
indi oyandın".
Reinkarnasiyada bildirilir, ruh 100 həyat yaşayıb
(yuxuda e.ə. 428-ci ildə doğulduğumu deyiblər, təəssüf,
bu tarixi araşdırmamışam). Hər birində ruh
öyrənməli idi.101-ci həyat -
axırıncıdır, bunda isə bütün
keçmiş həyatların biliyi,
peşmançılığı, sevinc və əzabları
birləşir. Qəhrəman bu həyatda, ya qurtuluşa, ya
da sonsuz itkiyə gedəcəkdir. Bu mənada,
dini-mistik-ezoterik anlamda "101-ci şans" ifadəsi
geniş məna bildirir, işlənir: "Bu dəfə səhv
etmək haqqın yoxdur. Bu, 101-ci şansındır!" 100 dəfə
dünyaya göndərilən ruh hər dəfə yeni bədəndə,
yeni həyatda ortaya çıxır, lakin əsas dərsi
öyrənmədən geri dönüb. İndi ona sonuncu -
101-ci şans verilir. Bu dəfə, ya kamilliyə çatacaq,
ya da əbədi itkiyə, heçliyə məhkum
olacaqdır. 101-ci şansı itirmək qorxusu ruhunu dərk edən
hər bir insanın qorxduğu, dəhşətə gəldiyi
məqamdır. Budan sonra o bir heçliyə yuvarlanır. Daha
seçim hüququ da qalmır. Kamillik və əbədilikdən
əli üzülən birinin bu əzabları cəhənnəm
əzabından betərdir. Ona görə Nəsiminin dili ilə
desək: "Yoxdur vəfası dünyanın, aldanma anın
alına. Rəngindən oldu münfəil, hər kim
boyandı alına!" Böyük Yaradan istər ki, insan nəfsə
aldanmadan əbədi həyatın mənasını dərk
etsin. Əbədiyyət qapısının açarı
öz əlində - 101-ci şansdadır. 101-ci dəfə səhv
etmək olmaz!!
05.07.2025
HƏCƏR
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.20.