Firidun bəy
Köçərli Molla Vəli Vidadinin ilk tədqiqatçılarından
biri kimi
Sistemli Azərbaycan ədəbiyyat tarixinin
yaradılmasında müstəsna xidmətləri olan Firidun bəy
Köçərlinin tədqiqatlarında XVIII əsr Azərbaycan
şairlərinin araşdırılması mühüm yer
tutur. Alimin bu sahədə apardığı tədqiqatlar bu
gün də öz əhəmiyyətini saxlamaqdadır.
F.Köçərlinin tədqiq etdiyi XVIII əsr Azərbaycan
şairlərindən biri də Molla Vəli Vidadidir.
M.V.Vidadinin şəxsiyyəti barədə məlumat
verən F.Köçərli qeyd edir ki, o "Molla Pənahın
müasiri, dostu və bir qövlə görə, əqrəbası
imiş. Molla Vəli Qazax mahalında Şıxlı qəryəsində
təvəllüd edibdir. Bəzi rəvayətə görə,
Molla Vəlinin atası Məhəmməd ağa İrandan gəlmədir
və Məhəmməd ağanın atası Həmzə
sultanın nəslindəndir ki, Səfəvilərin
dövründə İranda olurmuş" (F.Köçərli.
Azərbaycan ədəbiyyatı. Birinci cild. Bakı:
"Elm" nəşriyyatı, 1978, s. 192)
M.V.Vidadini elmli, savadlı, təbi rəvan, təqva əhli,
vaxtının çoxunu ibadətlə keçirən, haqq
söyləyən, haqqı dost tutan, hər kəsin eybini
açıq söyləməkdən çəkinməyən
bir şəxsiyyət kimi xarakterizə edən F.Köçərli
qeyd edir ki, "bəzi rəvayətə görə, Molla Vəli
Qazax mahalında ən mötəbər, tədbirli və
nüfuzlu bir adam hesab olunduğundan binaən, Gürcüstan
valisi İrakli xan onu özünə müqərrəb edib və
onun ağıl və kamalını görüb, bəzi
ittifaqlarda Qazax mahalına dair məsələlər vüqua
gəldikdə onun tədbir səlahdidilə iş görərmiş"
(yenə orada, s. 192).
F.Köçərli daha sonra qeyd edir ki, bu rəvayətin
təsdiqinə, yəni "Vidadinin İrakli xana müqərrəb
və məsləhətçi olduğuna" nə
gürcü, nə rus və nə də bizim tarixlərdə
rast gəlmədik.
M.V.Vidadinin Qarabağda, Şuşada, İbrahim
xanın sarayında olması məsələsində də
F.Köçərli tərəddüd edir. Əhməd bəy
Cavanşirin "Qarabağ tarixi" əsərinə istinadən
Molla Pənah Vaqifin Vidadini "yazıb Qazaxdan Qarabağa gətirtdiyini"
bildirən müəllif qeyd edir ki, rəvayətə görə,
"xan Molla Vəlinin ağıl və kamalını dərk
edib və xüsusən onun mömin və müttəqi bir
şəxs olduğunu görüb, ona lütf və mərhəmət
göstərərmiş və hər qism röya görsə
imiş Molla Vəliyə söylər imiş. Molla Vəli dəxi
onları xeyli münasib təbir edərmiş. Amma bu rəvayəti
dəxi təsdiq etməyə əldə bir dəstavizimiz
yoxdur. Bunun doğruluğuna şəhadətverici
"Qarabağ tarixi"ndə də bir işarə görmədik"
(yenə orada, s.193).
Qarabağda Mirzə Vəli adlı bir şəxsin
yaşadığını və bunun "Şuşa
uyezdinin Baharlı qəryəsindən olduğunu və onun nəslindən
olan bir çox məşhur adamların hazırda Qarabağda
və Bakıda Vəliyev familiyası ilə ömür
sürdüyü"nü yazan F.Köçərli təəssüflə
bildirir ki, bir çox müəlliflər,
"Qarabağın əhval və tarixinə bələd
olanlar və onların cümləsindən şair
Mirmöhsün ağa Ağamirzadə (Mirmöhsün Nəvvab
- T.A.) Şıxlı Molla Vəlinin vücudunu bilmərrə
inkar edib, Molla Vəli Vidadinin ancaq Mirzə Vəli
Baharlıdan ibarət olmasını təkid edirlər"
(yenə orada, s. 193-194).
Burada qeyd etməyi lazım bilirik ki, M.Nəvvab
M.P.Vaqif haqqında yazdıqlarının içərisində
M.V.Vidadinin "Dəyər" rədifli qəzəlini,
"Vaqiflə Vidadinin deyişməsi"ni vermiş (M.Nəvvab.
Təzkireyi-Nəvvab. Bakı: "Elm" nəşriyyatı,
2018, s.17-25), ayrıca oçerkdə ondan "Mirzə Vəli
ibn Bayram xan Baharlı" kimi bəhs etmiş, "Eylərsən",
"Düşübdür", "Düşər" rədifli
qoşmalarını, "Belə qalmaz" rədifli müsəddəsini
və "Könlümü" rədifli qitəsini təzkirəsinə
daxil edərək yazmışdır: "O, Molla Pənaha rəqib
olmuş və həmişə bir-birilə şeirləşib
həcv demişlər. Vəfat edən vaxt təqribən həştad
yaşı var idi" (yenə orada, s. 37-40).
Sonrakı tədqiqatlarda yuxarıda adları çəkilən
şeirlər, qeydsiz-şərtsiz, bir qayda olaraq Molla Vəli
Vidadinin əsərləri hesab edilmişdir.
M.M.Nəvvabın yazdıqlarına əlavə olaraq
F.Köçərli onu da əlavə edir ki, bir qədər əvvəl
Baharlı kəndindən Həmid bəy Vəliyev adlı bir
şəxslə tanış oldum. O şəxs bildirdi ki,
Molla Vəli mənim babamdır və təxəllüsü
də "Vidadidir".
Təbii ki, F.Köçərli nə M.M.Nəvvabın,
nə də Həmid bəy Vəliyevin dediklərini həqiqətə
uyğun saymır və yazır: "Hər halda cənab
Mirmöhsün ağa, Həmid bəy və qeyriləri
Baharlı Mirzə Vəli ilə Şıxlı Molla Vəlini
qarışdırırlar. Bu, böyük səhvdir. Vidadi mərhumun
övladı əlan Qazax mahalında və bəziləri
Tiflis şəhərində sakindirlər" (F.Köçərli.
Göstərilən əsəri, s.194).
F.Köçərlnin qənaətinə görə,
Molla Vəli Vidadi dostu Vaqifin dəvəti ilə Qarabağa gəlmiş,
"burada Cavanşir uyezdində məşhur
"Gülüstan" adlanan yerdə ki, - sabiqdə
xırdaca bir xanlıqdan ibarət imiş, - Molla Vəli
Vaqifin vasitəsi ilə xanın hüzurunda müqərrəb
və məhrəm şəxslərdən biri olubdur" (yenə
orada, s.194).
F.Köçərli fikrinin təsdiqi
üçün Vidadi ilə Vaqifin deyişməsindən
mövzu ilə bağlı Vaqifin dilindən deyilən beş
bəndi və Vidadinin dilindən olan aşağıdakı bəndi
misal gətirir:
"Dövtələb oluban gedibsən xandan,
Ölüncə çıxmanam ta Gülüstandan,
Sən hərgah çalışsan habelə candan,
Hər nə desən, bil, aqibət eylərsən"
(yenə orada, s.195).
M.V.Vidadinin Məhəmməd ağa və Tiflisdə
ikinci müfti olan Osman əfəndi adlı oğlanları,
Osman əfəndinin üçüncü müfti olan Məhəmməd
və "Qazax mahalında məsnədi-qəzavətdə
ikən həşdad sinnində dari-üqbayə rehlət edən"
Qazi Səiddədin adlı oğlanları olduğunu qeyd edən
F.Köçərli bildirir ki, Vidadinin böyük oğlu,
babasının adını daşıyan Məhəmməd
"Qazi Səidəddin əfəndinin qövlünə
görə bir müddət Gülüstanda xanlıq
etmişdir" (yenə orada, s.195-196).
F.Köçərliyə görə, "Vidadi
yüz ilə yaxın, bəlkə, bir az da artıq zindəganlıq
edibdir. Sinndə Vaqifdən böyük imiş" (yenə
orada, s.196).
Müəllif şairin tərcümeyi-halı ilə
bağlı qeydlərini aşağıdakı cümlələrlə
tamamlayır: "Molla Vəli Vidadi vəfat edibdir tarixi-hicriyyənin
1224-cü ilində ki, miladın 1809-cu sənəsinə
baqidir. Dəfn olunubdur Şıxlı qəbiristanlığında
ki, "Gəmiqaya" adlanan yerdə vaqedir. Qəbir
daşının üstündə bu beyt həkk olunubdur:
Kim Vidadi xəstənin qəbrin görüb etsə
dua,
Edə həqq rəhmət, şəfi ola Məhəmməd
Mustafa"
(yenə orada, s. 196).
M.V.Vidadinin yaradıcılığı haqqında
danışarkən F.Köçərli ilk olaraq onun
"Bax" rədifli, müxəmməs şəklində
yazdığı mənzuməsi üzərində dayanaraq
yazır: "Vidadinin əsərlərindən məşhuru
Şəki və Şirvan hakimi Hüseyn xan
"Müştaq" təxəllüsün sərgüzəşti
və öz əmisi Hacı Əbdülqadirin hiyləkarlığı
və ədavəti ilə məqtul olduğu babında
yazdığı müsəddəsdir ki, eyni ilə burada dərc
olunur" (yenə orada, s.196). Bu sözlərdən sönra
müəllif:
Gəl, könül, bir ibrət al, bu gərdişi-dövranə
bax!
Cami-heyrətdən dəmi məxmur olub, məstanə
bax!
Tut təfəkkür damənin, bir dəm dili-heyranə
bax!
Kimsəyə qılmaz vəfa, bu dəhri-bipayanə
bax!
Olma məmurinə raqib, axırı viranə bax!
- bəndi ilə başlanan və:
Böylədir dövran işi, hər gündə bir
al eyləmiş,
Aqili nadan ilə pəjmürdəəhval eyləmiş.
Üz verib namərdə, hər dəm mərdi pamal
eyləmiş,
Ey Vidadi, gəl ki, bu heyrət məni lal eyləmiş,
Gör nələr qıldı fələk
Müştaq tək insanə, bax!
- bəndi ilə tamamlanan 28 bəndlik mənzuməni
verir (yenə orada, s.196-199).
Əsərin mətnindən sonra Şəki hakimi
Hacı Çələbinin oğlu Ağakişi bəyin
hakimiyyəti, Qazıqumuq xanı Məhəmməd xan ibn
Surxayın Şəki xanlığına hücum edərək
oranı istila etməsi və Hüseyn xanın atası
Ağakişi bəyin xaincəsinə öldürülməsi,
Quba xanı Fətəli xanın köməyi ilə
Hüseyn xanın təzədən xanlıq taxtına
oturması kimi məsələlərə toxunan müəllif
Hüseyn xan Müştaqın həm də şair
olduğunu, lakin əsərlərinin əldə
olmadığını bildirir və yazır: "Heyfa ki,
onun əsərlərindən ələ düşmədi. Hər
halda Hüseyn xan Müştaq öz əsrinin əhli-kamal və
ürfanından xoşməqal və sahibhal bir vücud
olduğu Qafqaz tarixində zikr olunubdur" (yenə orada, s.
200).
M.V.Vidadini "könül və meyli axirət
dünyası ilə olub, ibadətlə ömrünü
keçirən", şeirlərini "mövzun və
pürməzmun kəlamlar" olan şair adlandıran,
F.Köçərli qeyd edir ki, "nə qədər ki,
Molla Pənah Vaqif əhli-zövqü səfa imiş və
beş günlük ömrün qədrini bilib istərmiş
ki, onu eyş-işrətlə keçirib könüldə
bir həsrət və arzu qalmasın, bir o qədər də
dostu Molla Vəli Vidadi dünyanın zövqü səfasına
bel bağlamayıb onun bivəfa olmasından məyus və
şaki imiş" (yenə orada, s. 201).
M.P.Vaqifin xarakteri ilə M.V.Vidadinin xarakterinin ziddiyyətli
olmasını, lakin bu ziddiyyətin onların səmimi dostluqlarına
heç bir maneçilik törətmədiyini bildirən
müəllif bu iki sənətkar arasındakı mükaliməni
verməklə oxucularına məsləhət görür ki,
"onların birinin digərinin üzərinə zərifanə
gülüşünün" səbəbini anlamaq
üçün "yuxarıda dərc olunan şeirlərə
diqqət yetirsinlər".
Mükalimənin məzmunundan çıxış edərək,
"Vaqif üçün dünyanın əzabı
toy-bayramdır", - deyən F.Köçərli M.V.Vidadinin
söylədiklərini belə şərh edir: "Ağlamaq
məhəbbətdəndir və şikəstəxatirlik mərhəmətdəndir.
İnsanda gərəkdir vəfa, məhəbbət və
mürüvvət olsun. Səndə ki, bunlardan bir əsər
yoxdur. "Fəlyəzkihu" ayəsini oxuyub
ağlamayıbsan və yarü həmdəm firqətin
çəkməyibsən. Əgər bu ağlamaq ləzzətin
bilsəydin, nuri-bəsər gedincə ağlardın" (yenə
orada, s. 206-207).
Şairin "Vəfadar olmayan yerdə məhəbbət
payidar olmaz", - misrasına əsaslanmaqla onun bu qəbildən
olan şeirlərinin ümumi ruhunu "hər naəhlü
nakəsə bel bağlama, sözünə bavər və əhdinə
etibar eləmə. Dar gündə baxarsan ki, səndən
üz çevirir, ehtiyacı olmadıqda səni tanımaz,
bilməz", - ideyasına uyğun olduğunu bildirən
müəllif M.V.Vidadinin "Dəyər" və
"Olmayan yerdə" rədifli qəzəllərinin tam mətnini
verir, şairin:
Qan tökər xəstə Vidadi ki, demişdir vazeh,
Könlümün dideyi-giryan kimi fəvvarəsi var,
- beytini misal gətirərək onun M.Füzulinin kəlamına
bənzədiyini bildirir.M.V.Vidadinin "Dəyər" rədifli
qəzəlinin M.P.Vaqifin ona yazdığı "Kim ki,
sevdayi-səri-zülfi-pərişanə düşər"
qəzəlinə cavab olaraq yazıldığını qeyd
edən F.Köçərli şairin heca vəznli əsərlərindən,
qoşmalarından danışarkən onları "mürəbbeat"
adlandıraraq yazır: "Vidadinin mürəbbeatı da
Vaqifinki kimi xeyli açıq və gözəl dildə və
lisanımızın şivəsində
yazılmışdır" (yenə orada, s. 207).
Bu qeyddən sonra M.V.Vidadinin "Düşər",
"Düşübdür", "Könlümü"
qoşmalarının tam mətnini verən müəllif
sonuncu qoşma üzərində bir qədər ətraflı
dayanaraq yazır: "Şair öz həmdəminə
rücu edib deyir ki, vətənindən və elindən
ayrı düşmüş könlümü, rəhm et, tərpətmə.
O, yaralıdır. Hər bivəfa yadlara könül
bağlayıb əziz ömrümüzü badi-fənaya
verdik və başımıza dürlü-dürlü bəlalar
gəldi. Fələk bizi odlara saldı və
könlümüzü şan-şan, yəni
parça-parça elədi. Belə müsibətlərə
düçar olduqca şairin qanlı yaşı bollanır və
sinəsi üstündə göl əmələ gəlir və
könlü qəm səməndərinə minib uzaq diyarlara
yollanır. "Bollandı", "gölləndi",
"yollandı" sözləri türk dilinin şivəsinə
məxsus əlfazlardandır ki, başqa lisanə olmaz və
sığışmaz" (yenə orada, s.210).
F.Köçərlinin M.V.Vidadi haqqında qeydlərində
diqqəti çəkən digər mühüm məqam
şairin "Durnalar" rədifli qoşması ilə
M.P.Vaqifin və Q.Zakirin eyniadlı qoşmalarının
müqayisəsidir. Qoşmaların üçünün də
mətnini verən müəllif yazır: "Bu mürəbbeatın
hansı birisini qeyrilərinə tərcih etmək
müşkül bir əmrdir. Çünki hər bir
şairin özünəməxsus üslub və şivəsi
vardır" (yenə orada, s.212).
Vidadinin "Durnalar" qoşması barədə
F.Köçərli qənaətini aşağıdakı
kimi ümumiləşdirir: "Vidadi ... elə zənn eləyir
ki, durnalar dəxi həmişə qəm və ələmə
mübtəla olub oxuduqları nəğmələri fərəh
və şadlıq ucundan olmayıb, qəm və qüssədən
nəşət edən ahü nalələrdir... Onların
şirin dili Vidadinin ürəyini parça-parça eləyir"
(yenə orada, s.212).
Müəllifin M.P.Vaqifin "Durnalar"ından bəhs
edən qeydlərində oxuyuruq: "Vaqif dəxi həmçinin
öz qəlbində olan hissiyyatdan söz açıb
durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi
və sorağında olduğu alagözlü həmdəmdən
görsünlər ona bir xəbər və əsər gətirə
bilərlərmi?... Durnaların oxumağı Vaqifə
hüzn gətirmir və könlünü pərişan
qılmır. Onların avazı şairin ruhunu təzələndirir"
(yenə orada, s.213).
Q.Zakirin "Durnalar" qoşmasını, çox
güman ki, şairin Bakıda sürgündə olduğu
zaman yazdığını və məzmununa görə daha
çox M.P.Vaqifin şeiri ilə səsləşdiyini qeyd edən
müəllif fikirlərini aşağıdakı kimi
ümumiləşdirir: "...Hər üç şairin
durnalara yazığı və rəhmi gəlib dostluq və
mehribanlıq gözü ilə onlara tapşırırlar ki,
bu yerlər xatalı yerlərdir, burada durmasınlar və səslərini
çıxartmayıb, ahəstə keçib getsinlər və
illa şahin və laçın onların sürbəsini
dağıdar və qızıl qana boyayar" (yenə orda, s213).
"Hər üç şairin kəlamında
başqa bir məlahət və lətafət var", - yazan,
vəfatından yüz ildən ziyadə vaxt keçən
M.V.Vidadini və M.P.Vaqifi "bizim möhtərəm, milli
şairimiz və ədəbiyyatımızın banisi, əşarü
kəlamları mövzun, təbləri rəvan, dilləri
açıq və sadə" sənətkar hesab edən
F.Köçərli bildirir ki, "hərgah Vaqif və Vidadi
kimi məşhur şairlər özgə millətlərin
arasında zühur etmiş olsa idilər, bişübhə,
indiyə kimi onların asarü əşarı dəfat ilə
çapdan çıxıb əbnayi-millət içində
yayılmışdı. Onların qəbirləri
üstündə nişangah qoyulmuşdu və vəfatlarının
əlli və yüz sənəlik yübileyi-yövmi-alisi
artıq cəlal və təntnə (təntənə) ilə
yad olunmuşdu" (yenə orada, s.214).
F.Köçərli M.V.Vidadi haqqında dəyərli
və özündən sonrakı tədqiqatçılara
istiqamət verən qeydlərini aşağıdakı ibrətamiz
və təsirli, günümüz üçün də
çox aktual olan aşağıdakı cümlələrlə
tamamlayır: "Amma biz türklərdə bu hissiyyat və qədirşünaslıq
yoxdur. Şan və şərafətimizə, vətən və
millətimizin sərəfrazlığına səbəb olan,
dilimiz və ədəbiyyatımıza rövnəq verən əziz
və möhtərəm vücudların qədr və mənzilətini
bilmirik və onların asari-güzidələri ilə iftixar
etmirik. Əzbəs (Əbəs) ki, avamıq və
avamlığımızdan milliyyət hissi bizlərdə
ayılmayıbdır, vətənimizin, dilimizin və ədəbiyyatımızın
qədrini bilmirik" (yenə orada, s.200).
12 fevral 2025-ci il
Təranə ABDULLAYEVA
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.22;23.