Bir kitab, bir İnsan,
bir başqa aləm...
Odlar yurdu Azərbaycanımın sinəsində
alovlanan odun, atəşin həm maddi, həm də mənəvi
gücü əsrlər boyu bu bölgədə yurd
salmış hər kəsin dilində - ata sözü və
deyimlərdə özünü doğrultmuşdur. Uzaq Tibet dağlarında
isinməkçün yoqa müdriklərinin o soyuqlarda atəşi
insanın öz içində yandırabilmə
texnikasını icad etdiklərində, Uca Yaradan bu neməti dədə-babalarımız
üçün hazır torpağın üstündən
çıxardıb bizlərə bəxş etmişdir. Hər
Yanar dağa və ya Atəşgah muzeyinə getdiyimdə
Prometeyi yada salıram. Bəlkə elə bu Prometey məşaləsinin
atəşindəndir ki, məmləkətimin insanları da
dünyanın ən istiqanlı, Prometey kimi yeri gəlsə,
Yer üzünü işıqlandıra biləcək fədakar insanlarıdır.
Ailəmizin ağsaqqalı, keçmiş
"Taxıl Məhsulları Nazirliyi"nin nazir
müavini Rahib Osmanovun bağ
evində qonaq idim. Yoqa ilə maraqlandığımı bilən
kimi: "Ay qızım, sən heç bizim yoqları
tanıyırsanmı?" - deyə soruşdu. Bir az duruxdum.
Dünyaca məşhur yoqları tanısam da, Azərbaycanda
bu sahədə mütəxəssis olduğunu təsəvvür
etmirdim. Təəccübdən bərəlmiş gözlərimi
görən kimi yaşına uyğun olmayan çevikliklə
otağından gətirdiyi kitabı mənə sarı
uzatdı. Azərbaycan Respublikası Auditorlar Palatasının
sədri Vahid Novruzovun "Yoqa və sağlamlıq"
adlı kitabını tuturdu əlində. "Papaq altında
yoqlarımız var, tanımalısan", - deyə
gülümsəyərək üzümə baxdı.
Əslində təəccüblənməyə
haqqım yox idi. Ölkəmiz ipək yolunun üzərində
olduğuna görə Hindistanla nəinki ticarət, həm də
mədəni əlaqələrin tarixi keçmişi
olduğunu unutmamalıydım. Atəşgah muzeyi bariz
nümunədir. Bu yaddaş hər zaman diriləcək, üzərindən
min illər keçsə də, maneələrə baxmayaraq,
yoqa elə bu torpağın sərvəti kimi insanlara təqdim
olunacaq. Yaxşı, bəs necə təqdim olunacaq? Din kimi,
idman kimi, yoxsa həyatımızın bütün aspektlərini
qucaqlaya biləcək bir elm kimi?!
Hörmətli ziyalımız Vahid Novruzov belə
yazır: "Yoqa" sözünün bir çox məna
çaları vardır. Bu terminin izahlarından biri "əvvəllər
əlçatmaza nail olmaq"dır. Bu ideya ona əsaslanır
ki, hazırda bizim imkanlarımızın hüdudlarından kənarda
yerləşən nəsə mövcuddur və bizim bu
hüdudlardan kənara çıxmağımıza imkan verən
hər hansı hərəkəti etməyimiz yoqanın sayəsində
mümkün olur". Bir neçə ildir ki, yoqa təcrübəmdən
irəli gələrək bunun bir həqiqət olduğunu təsdiqləyə
bilərəm. Vahid müəllimin izahı isə indiyədək
tərcümələrdən oxuduğum yoqa haqqında təsnifatın
ən mükəmməlidir.
Təəssüflə deyə bilərəm ki, bəzən
yoqa adı altında dini "təriqətlər" qurulur və
bu, bilincsiz, amma qulaqdan eşitmə məlumatlarla dolu
insanları səhv yola sürükləyir. Elə
Hindistanın özündə yoqa bir həyat fəlsəfəsi
kimi deyil, bir-birinə düşmən kəsilən dini təriqətlərin
sui-istifadəsinə çevrilib dalğalanaraq dünyaya
yayılır. Vahid Novruzov kimi əsl yoqlar isə
bacardığı qədər bu səhv axının
qarşısını alır, dupduru axan çayın
içinə dolmuş çör-çöpü təmizləyərək
insanlara təmiz şəkildə xidmətə
açırlar.
Yoqa haqqında bir məqalədə fikir ifadə etmək
yetərsiz olar. Yoqa - haqqında danışılıcaq bir nəsnə
deyil, yoqanı bir həyat tərzinə çevirmək və
yaşamaq lazımdır. Məşhur yoqlardan olan Tara Freyzerin
deyiminə görə isə, yoqa bədən üzərində
işləyərək qəlb üçün
qazandığımız təcrübədir.
"Yoqa mövcudluğumuzun bütün aspektlərini
- fiziki, mental, emosional və mənəvi aspektləri ahəngdar
şəklə salaraq, bizim genlərimizdə olan ən
yaxşı keyfiyyətləri daha dolğun
reallaşdırmağa kömək edir. O, bizə sağlam həyat
tərzi bəxş edir ki, bu da insanı əhatə edən
hər kəsə və hər şeyə hörmətlə
yanaşmaqda yardım edir.
Minilliklərin sınağından
çıxmış yoqa bütövlükdə insan
şüurunun təkamülü, onun ruhi və cismani
sağlamlığı haqqında təlimdən ibarətdir.
Qədim hind fiziki təmrinlər sistemi olmaq etibarilə yoqa
sağlamlığı qoruyub saxlamağın səmərəli
vasitəsidir", - yazır Vahid Novruzov. Vahid müəllim Azərbaycanda
rəhbər vəzifədə olsa da, yoqa bilicisi kimi həm də
bu sahənin mütəxəssisidir. Yoqanın kitabını
yazaraq xalqımızı maariflənməyə
çağırır.
Bu məqaləni yazmaqda məqsədim Vahid Novruzovu bir
yoq kimi xalqımıza tanıtmaq və kitabını təbliğ
etməkdir. Sərhədlərimiz dünyaya
açıldığı üçün ölkəmizə
"yoqa" adı altında dini təriqətlərin gəlməsi
də təəssüf ki, qarşısıalınmaz bir
prosesdir. Doğru məlumatları isə doğru insanlardan
almaq üçün onları axtarmalı və
tanımalıyıq.
"Yoqa fərdi "mən" ilə kainat "mən"inin
birləşməsidir. Yoqa əmin-amanlıq, rahatlıq və
nəşə qapısının qızıl
açarıdır. Yoqa bədəni və hissləri təkmilləşdirən,
ağılı sakitləşdirən, düşüncəni
tərbiyə edən bir yoldur ki,
varlığımızın mahiyyəti olan qəlb
rahatlığına gətirib çıxarır".
Vahid müəllim kitabında həm yoqanın nəzəri,
həm də praktikası haqqında dəyərli fikirlər
ifadə edib. Rəngli illüstrasiyaları ilə
canlandırılmış "asana" - yoqa hərəkətləri
yeni başlanğıc üçün gözəl ilham
verir. Sevərək vərəqlədim, oxudum. Yaşından
asılı olmayaraq vətənimdə hər kəsə
tövsiyə ediləcək kitabların sırasına daxil
edilərsə, çox şad olaram. Kitab
özü-özlüyündə maariflənmənin
simvoludur. Belə kitabları yazıb təqdim etməksə,
Prometey kimi əlində atəşi tutmaqdır. Bu atəşi,
bu ocağı qoruyub saxlayaraq mədəniyyətimizə,
prometeylərimizə sahib çıxaq.
Afaq ARAS
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.23.