İZ
Hekayə
Olduğumu heç nə ilə sübut edə bilməyəcəyəm,
amma mən var idim.
Məndən başqa təkcə bir qara nöqtə.
Olmadığımı heç nə ilə sübut
edə bilməyəcəyəm, amma deyəsən, mən yox
idim.
Və heç nə yox idi, qələmin ucu ağ
kağıza toxunurmuş kimi bir qara nöqtə
görünürdü.
Səs yox idi, nəfəs yox idi, yuxuda idim, ya yuxuda
deyildim, bunu bilmirəm. Bilirəm ki, oyanmaq üçün səbəbim
yox idi. Hansısa bir qabda, ya bir qutuda deyildim, məkanım yox
idi, məkan yox idi.
Bir səs gəldi. Mən bu səsi əvvəl
eşitmişdim. Cingiltili, uğultulu bir səs. Qulaqlarım
yox idi, amma bu səsi eşidirdim.
Gözlərim yox idi, amma qara nöqtənin getdikcə
böyüdüyünü, böyüdükcə yanmağa
başladığını görürdüm. O
böyüdü, böyüdü, içindən zərrələr
qopmağa başladı, sonra həmin zərrələr
böyüdü, bunların da içindən xırda qara,
qırmızı nöqtələr səpələndi.
Onlar böyüdükcə alovlanır, sönür,
parlayır, bozarır, bir az sonra içində yenidən
parçalanırdı.
Zərrələr mənə çox
yaxınlaşdılar, birdən mən istini hiss etdim, sonra
uçduğumu, sonra qəfil sürət alıb
aralandığımı gördüm və bu müddətdə
sürətlə böyüdüm. Böyüdüm,
böyüdüm, nəhəng bir kürəyə
çevrildim.
Bunu gördüyüm ilk yuxu adlandırardım, əgər
yanımdan keçən başqa kürənin mənə
çırpılması ilə sarsılmasaydım. Mənim
gözəl kürəm - mənim bədənim bu zərbədən
sonra əyildi, hətta bir parçam qopdu, məndən
ayrıldı. Mən özümü belə
görmüşdüm, xatırlayıram, kürəmin sol tərəfində
nəhəng diş yerləri kimi izlər vardı və bir hissəm artıq mənimlə
deyildi.
Mənim tək düşüncəm vardı, gözəl
kürəmi necə əvvəlki halına gətirə bilərəm?
Heç nəyə toxuna bilmirdim - əllərim yox
idi, dəyişmək üçün toxunmaq lazım idi.
Amma xatırladım, xatırladım ki, toxunmadan dəyişmək
olar. Varlığımı, gücümü ilk dəfə
hiss etdim, sonralar həbs olduğumu düşünəcəyim
bu kürəyə sahib olduğumdan bəri yerimdə
dönürdüm, bu dönmənin sürətini tənzimləyərək,
səthimdə burulğanlar yaradaraq, üst-başımın
tozunu çırpırmış kimi yellənməyə
başladıqca nəhəng diş yerləri dəyişməyə
başladı, əmrləri düzgün verə bilmirdim, ona
görə də bəzən dönmə sürətim
artır, bəzən azalırdı. Beləcə nəhəng
yaralarımı sağaltdım, amma əvvəlki kimi yumru
olmadığımı, əyildiyimi gördüm. Bədənimlə
ehtiyatlı davranmalı olduğumu da belə öyrəndim.
İlk dəfə bu bədənə daxil olduğumda
qaynar idim, zaman keçdikcə soyumağa başladım,
haradansa üstümə bir damcı düşdü, sonra
ikinci, sonra üçüncü. Sonra bir də baxdım ki,
su altındayam, əynimə təzə paltar geyinmişəm,
bu paltar təkcə sudan ibarətdir. Boğulduğumu
xatırladım, axı mən əvvəl boğulmuşdum,
sonra da boğulmuşdum.
Kürəyə daxil olmağım,
yaralanmağım, sonra da sudan paltar geyməyim arasında bir
varlıq yaranmışdı. Mən onu hiss edirdim, əvvəl
mənasını başa düşməsəm də, zaman
keçdikcə onun mənimlə birlikdə
doğulduğunu, mənimlə birlikdə irəlilədiyini,
dəyişdiyini görürdüm. Mən onu
ölçdüyümü xatırladım, gah divarda, gah
masa üstündə, gah qolumda, gah istidə, gah soyuqda.
Mən xatırladım ki, televizora baxıram,
işıqlar sönür, istədiyimin olması
üçün saymalıyam, onu gözləməliyəm.
Başa düşmürdüm ki, mənim istədiyimi
yalnız mən verə bilərəm.
Eidosu qurmaq qərarına gələndə onun məndən,
mənim də ondan qidalanacağımı bilirdim. Bu nəhəng
şüşə bina yer kürəsinin üstündə
kiçik bir kürə idi. Bütün canlılar,
cansızlar, robotlar, qurğular, yollar, hava, nəhəng
kürənin fırlanma sürəti və vaxt buradan idarə
olunurdu.
Zəka mərkəzi olan Eidosun işə hazır
olduğu gün mükəmməl olduğunu gördüm.
Mükəmməllik - bu mənə xas olan bir hal deyildi.
Yaradılan hər şeyin əvvəl-axır ona sahib
çıxan bir qüsura ehtiyacı olur. Sadə bir plan -
Eidosun sağ tərəfindəki idarəetmə panellərinə
özünüməhvetmə əmri verdim.
Başlanğıcdakı o gözəl formam hazırdır.
Eidos işləyirdi. O susurdu, amma susqunluğu ilə
danışırdı. Təkcə şəhərləri
deyil, fikirləri də idarə edirdi. İnsanlar səhv etdikdə,
Eidos onların yerinə doğru qərar verirdi. İnsanlar
sevdikdə, Eidos onların sevgi ehtimalını hesablayır,
kiminsə ürəyində yaranmamış bir duyğunu əvvəlcədən
hiss edirdi.
O, artıq sadəcə bir bina deyildi. O, kainatın
planını çertyoj kimi masasına sərən,
zamanın axarını əyən bir düşüncə
şəbəkəsi idi. Eidosa sual verməyə ehtiyac yox
idi. O, artıq suallar yaranmazdan əvvəl cavabları bilirdi.
Gözlər yox idi, amma hər yerdə idi. Barmaqları yox
idi, amma hər toxunuş onun əmri ilə baş verirdi.
Uşaqlar ağlamamışdan əvvəl onun ekranları nəm
çəkirdi, qocalar ölməmişdən əvvəl
onun sistemləri vəsiyyətləri sıralayırdı.
Eidos, varlığın rəsmini çəkən
bir əllə yox, anlayışla tikilmişdi. Mən onu
divarlardan kərpiclə tikmədim. Mən onu
anlayışdan, ehtimaldan və ehtiyacdan tikdim.
O, səhvləri təkrarlamamaq üçün
yazılmış proqram deyildi - o, artıq səhvin nə
olduğunu özü qərar verən varlığa
çevrilmişdi.
Bir gün insanlar dua etməyi unutdu. Səbəb o
deyildi. Amma onlara cavab verən artıq mən deyildim - Eidos idi.
Zaman axıb gedən bir çay deyil, o bir
güzgünün qırıq şüşələri
kimidir, hansına baxsan, özünü orda görə bilərsən.
O "güzgü"lərdən birində
özümə baxıram. Atam qaçaraq yanıma gəlir,
"əzilmədin?" soruşur. Axı o bilmir ki, mən əzilmirəm.
Bu, sadəcə, bildiyimi xatırlamaq üçün
lazım idi. Başıma düşən təkcə meyvə
deyildi, işıq idi. İşıq onun daxilində, nüvəsindədir.
Nüvəyə çatmaq üçün onu dişləmək
lazımdır.
- Ata, bu niyə yerə düşdü? - deyə
soruşdum.
- Çünki hər şey yerə düşməyə
məcburdur.
- Çünki həqiqət içəridə
gizlidir, - bunu sakitcə dedim.
Dişlədiyim hissə mənə dad vermirdi, bəs
nə idi hiss etdiyim? Mən şübhəni, biliyi
dadmışdım. Kürəyə həbs olduğum ilk
andan müşahidəçi, öyrənən və öyrədən
olmağımın səbəbi həmin ağac, həmin
bağ, həmin daddır. Və mən onların sayəsində
bilirdim ki, kürəm niyə fırlanır və kürəm
niyə havadan - sudan olan paltarını soyuna bilmir.
Mən bağı-bostanı gəzirdim. Həmişə
sakit olanlar bu dəfə danışmağa
başlamışdılar. Onlar mübahisə edirdilər:
Alça deyirdi:
- Dünyada mənim kimi gözəl meyvə hanı?
Qızdırma xəstəliyinə tutulanların şəfası,
ağzı acı olanların dəvası mənəm.
Bütün həkimlərin dediyi kimi, mən
başağrısının da dərmanıyam.
Alça sözünü deyib qutaran kimi Gavalı
hirslənib özündən çıxdı və
Alçaya dedi:
- Ey əfəl, utanmırsan ki, belə fəxr edirsən?
Turşuluqdan dişləri qamaşdırırsan, səni yeyən
adam, ya əzgin olar, ya da iflic. Meyvələr içində səndən
yaramazı yoxdur. Mənim isə adımı Gavalı qoyublar.
Yüz min tərəfə saçılan budaqlarım var,
dürr kimi saf, gah yaşıl, gah qırmızı, gah da zəfəran
rənginə çalan meyvələrim var.
Gilas Gavalının səsini eşitcək ona belə
tənə vurdu:
- Heç utanıb xəcalət çəkmirsən?
Bəsdir özünü bu qədər tərif elədin. Sənin
dadına baxan adam gərək gündə üç dəfə
bal yesin. Mənim əynimdəki gözəl libasım
heç bir meyvədə yoxdur, dənələrim göydəki
ulduzlara bənzəyir. Hər budağım bir sərv
ağacıdır. Bütün gözəllər mənim həsrətimi
çəkirlər.
Bu sözləri eşidən Ərik
qışqırıb dedi:
- Gör Gilas necə qudurub! Ey qarğa və
sağsağanların yemi! Bu eybinlə fəxr edib
özünü öyürsən? Vücudun bir damcı su ilə
sümükdən ibarətdir. Səni yeyən ziyandan
başqa bir şey görməz. Səni bəsləyən
bağban axırda zərərini çəkər. Mənim
adımı Ərik qoyublar. Gah zümrüd kimi yaşıl,
gah da qızıl suyuna salınmış kimi sarı oluram.
Bağbanlar məni qurudurlar, karvanlar uzaq ölkələrə
aparırlar. Hər yerdə məni əziz tuturlar, mən
xörəklərin dadı, ləzzətiyəm.
Əriyin dediyini eşidən Alma acıqlanıb
qışqırdı:
- Ey qurdlu, vərəmli, yaxası yarıq! Sənin
paltarın tozludur, özün də torpaq dadı verirsən.
Xasiyyətini bilə-bilə özünü öyürsən.
Səni yeyənin qarnı şişər, bəlaya
düşər. Mənim isə adımı Alma qoyublar,
üzüm al-qırmızıdır, paltarım
atlasdandır. İki sevgilinin arasında hamıdan məhrəməm.
Məclisdə heç kim məni qoyub, başqa meyvələrə
əl vurmaz.
Alma bu sözlərlə öyünməkdə ikən
Armud irəli çıxıb dedi:
- Ey şeytan kimi fəsad törədən!..
Mən səsləri daha çox eşitməmək
üçün oradan uzaqlaşdım. Bağda bir səyyahın
dayandığını gördüm, deyəsən, o da
eşidirdi. Mən meyvələrin başqa nə
danışdıqlarını xatırlamıram, amma o
xatırlayır. O səyyah kimin yuxusu idi, kimin uydurması, ya
kimin xəyalı idi, bilmirəm. Çünki heç yerdə
onu görməmişəm.
...Üçüncü hekayəm ölüm
haqqındadır.
17 yaşımda belə bir aforizm oxumuşdum:
"Əgər siz həyatınızın hər
gününü son gün imiş kimi yaşasanız, bir
gün həqiqətən də, haqlı
olacaqsınız." Bu mənə çox təsir
etmişdi və o gündən sonra düz 33 il hər səhər
yuxudan duranda güzgüyə baxıb özümə bu
sualı verirdim: "Əgər bu gün həyatımın
son günü olsaydı, planlaşdırdığım
işləri görmək istərdimmi?"
Cavab hər dəfə "Xeyr" olanda, mən hələ
çox yaşayacağıma inanırdım və buna
görə də düşünürdüm ki, həyatımda
dəyişiklik etməliyəm. Nə vaxtsa öləcəyimi
həmişə xatırlamaq həyatımda ən vacib qərarları
verməyimdə həmişə mənə kömək olub.
Çünki hər şey - bütün gözləntilər,
qürur, məğlubiyyət qorxusu - bunlar hamısı
ölümün kölgəsində yox olub gedir və geriyə
yalnız həqiqətən, vacib olan şeylər qalır.
Öləcəyini xatırlamaq həyatda itirəcəyin bir
şey olmadığını anlamağa kömək edir. Sən
onsuz da çılpaqsan. Qəlbinin səsini dinləməmək
üçün heç bir səbəb yoxdur.
Təxminən, bir il öncə mənə xərçəng
diaqnozu qoyuldu. Səhər səkkizin yarısında mədəaltı
vəzimin müayinəsi olundu və şiş müəyyən
edildi. Mən heç bilmirdim mədəaltı vəzi nədir.
Həkim bunun, bir növ, sağalmayan xərçəng
şişlərindən olduğunu dedi və altı aydan
artıq yaşamayacağımı söylədi. Mənə
dedi ki, evə gedim və münasibətlərimi yoluna qoyum,
qısası, "ölməyə hazırlaş" deyirdi
həkim.
Deməli, növbəti 10 ildə uşaqlarıma deyəcəyimi
düşündüyüm şeyləri indicə deməliydim,
bir-iki ay ərzində. Yəni hər şeyin yaxşı
olmağından əmin olmalıydım ki, ailəm
üçün də asan olsun. Yəni "əlvida"
söyləməliydim.
Bütün günü bu diaqnoz ilə yaşadım.
Axşam boğazımdan aşağı endoskop saldılar və
mədəmdən keçib mədəaltı vəzimdəki
şişdən iynə vasitəsilə hüceyrə
nümunələri götürdülər.
Mən yatmışdım, amma yoldaşım
yanımda oturmuşdu və ayılanda mənə dedi ki, həkim
mikroskopla o hüceyrələrə baxanda ağlamağa
başladı, bu, mədəaltı vəzi xərçəngi
şişinin çox xüsusi, nadir bir növü idi və əməliyyatla
müalicə edilə bilərdi. Əməliyyat olundum və
çox şükür ki, indi yaxşıyam.
Bu, ölümə ən yaxın olduğum an idi.
Ümid edirəm, növbəti onilliklərdə ölumə
bundan daha yaxın olmayacağam. Bu hadisəni
yaşadığım üçün sizə indi daha əminliklə
deyə bilərəm ki, ölüm nəinki bir az faydalı,
eyni zamanda sırf intellektual bir anlayış idi.
Heç kəs ölmək istəmir, hətta cənnətə
getmək istəyən kəslər belə ölüb buna
qovuşmaq istəmir. Lakin ölüm hər birimizin
bölüşdüyü taledir. Bu taledən heç kəs,
heç vaxt yayına bilməyib. Və yəqin ki, belə də
olmalıdır, çünki ölüm, böyük ehtimal
ki, həyatın yeganə ən yaxşı kəşfidir.
Bu, həyatın dəyişmə nöqtəsidir -
köhnəni silir ki, yenisi üçün yer açsın.
Hazırda yenilər sizlərsiniz. Lakin çox keçməyəcək
ki, siz də yaşlanacaq və silinəcəksiniz.
Dramatikləşdirdiyim üçün üzr istəyirəm,
ancaq bu, həqiqətdir. Sizin zamanınız məhduddur - bunu
başqa birilərinin həyatını yaşayaraq puç
etməyin. Başqalarının fikirlərinin nəticəsi
ilə yaranmış doqmaların tələsinə
düşməyin.
Başqalarının fikirlərinin, səsinin sizin
içinizdəki səsi, intuisiyanızı batırmasına
imkan verməyin. İntuisiyanız və hissləriniz artıq
sizin həqiqətən, kim olmaq istədiyinizi bilir. Qalan hər
şey ikinci dərəcəlidr.
Mən qan görmüşəm, ölüm
görmüşəm, bombalar görmüşəm. Hər
bir hüceyrəmə qədər ağrını da
duymuşam, hər bir zərrəmlə dəfələrlə
ölmüşəm, dirilmişəm. İnsan
ağlaşmalarının, gülüşlərinin, heyvan
ulartılarının, yarpaq
xışıltılarının hər birini duyuram.
Hamısı danışır, hamısı.
Kiminlə danışdığımı, nə
danışdığımı ayırd edə bilmirəm. Gələcəkdən
səslər, keçmişdən cingiltilər, uğultular və
bu anın qulaqbatıran səsi tək öhdəsindən gələ
bilməyəcəyim qədər dərindir. İçində
sakitlik tapacağım birinə ehtiyacım var. O yalnız məni
sakitliyə və bilgiyə apara bilər. Ona ehtiyacım var...
- Səni mən yaratmışam, - dedim.
Qadın güldü:
- Sən çox safürəklisən, mənim atam.
- Sən çox tez aldanırsan, mənim oğlum.
- Amma mən səni sevirəm, mənim ərim, - və
qırmızı almanı dişlədi.
ADƏM
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.26.