Filosof Rəhman Bədəlovu
itirdik...
Filosof həmkarım Rəhman Bədəlov rəhmətə
gedib. Dövrümüzün müdrik adamlarından biri idi.
Uzun illər eyni elmi qurumda, müxtəlif şöbələrdə
çalışmışıq. Yaxın dost
olmamışıq, amma daim xoş ünsiyyətimiz olub.
Rəhman bəyin ilkin ixtisası, səhv etmirəmsə,
memarlıq olub. Onun "memar" olduğu elə
yaradıcılığından da görünür. O, hər
bir yazısının "ornament" və
"tağlarını" əsl memar ustalığı ilə
bir aqraf (buna açar da demək olar) vasitəsi ilə
bağlayırdı.
O, Fəlsəfə İnstitutunun "Diamat"
şöbəsində çalışırdı. Nə
yazıqlar ki, indi Rəhman bəy ilə çalışan
filosofların bir çoxu - Həsən və Zəfər
Quliyevlər, onların məslək dostu Gündüz
Sarıyev və Niyazi Mehdiyev əbədi
dünyasındadır. Amma nə yaxşı ki, onun bir
çox dostları (Əli Abbasov, Əbülhəsən
Abbasov) öz fəaliyyətlərini yenə davam etdirirlər.
Rəhman bəy klassik filosoflar kimi universal erudisiyaya
malik idi. O, maarifçi, kinoşünas, nəzəriyyəçi,
tarixçi, publisist və təbii ki, ən ümdəsi
filosof idi.
Təhsilini rusca alsa da, təpədən-dırnağacan
milli aydın idi.
O, 88 il yaşadı. Amma uşaq kimi sadə və sadəlövh
idi. Zahirən çəlimsiz olsa da, daxilən əzəmətli
idi.
Yadımdadır, ötən əsrin sonlarında
sevimli həyat yoldaşını, bir neçə il əvvəlsə
nəvəsini itirmişdi. Amma o, əsl filosof kimi həyatın
və ölümün dialektikasını zahirən sakitcə,
səbirlə, təmkinlə, daxilənsə ağrılarla
qarşılamışdı.
Əslində, Rəhman Bədəlovun həyatını
qeyb etməsi bizim üçün milli itkidir. Amma nə edəsən
ki, bu gün filosofun, fikir adamının ölümünün
cəmiyyətdə doğurduğu məyusluq və ələm,
meşədəki hansısa bir ağacın kəsilməsindən
narahatlıq hissi keçirən meşəbəyinin
"daşıdığı" kədərdən o yana
getmir.
Ruhun şad olsun, Rəhman bəy.
Firuz Mustafa,
Əməkdar İncəsənət xadimi
Professor Rəhman Bədəlov bizi tərk etdi.
Mütəfəkkir. Filosof. Zahid. Maarifçi.
Bütün yazıları, kitabları və
çıxışları göstərir ki, Rəhman Bədəlov
üçün fikir - yaşamaq üçün nəfəsdir.
Bəli o, XX və XXI əsrin nəhəng fikir adamlarından
biridir. Antik fəlsəfənin ən mükəmməl bilicilərindən
biri idi. Onu Həsən bəy Zərdabi şəxsiyyəti dərindən
düşündürürdü. Və Azərbaycanın
maarifçi oğlu Zərdabinin tədqiqatçısı
idi. Yazdığı "Çelovek iz Zardoba" kitabı Həsən
bəyin mükəmməl bioqrafiyasıdır.
Üçcildlik fundamental "Qadın və
kişi" fəlsəfi traktatından sonra
yazdığı maraqlı kitablardan biri "Mənim
paydeyam" adlanır. Yunan sözü olan "paydeya" da
("pais" - uşaq) "dəyişdirmə" mənasını
bildirir. Əsər klassik təhsil-tərbiyə mövzusunun
fəlsəfəsidir.
Fəlsəfə İnstitutunda işlədiyimiz
dövrlərdə onun söhbətləri heç vaxt yaddan
çıxmaz.
Sokrat ölümqabağı demişdi:
"Ölümdən qorxmaq lazım deyil. Ölüm, ya yuxu
görmədən yuxudur, ya da başqa dünyadakı bir həyatdır.
Orada mən Orfey, Muza, Hessoid və Homerlə maneəsiz
söhbət edəcəyəm. Bir şeyi dəqiq bilirəm
ki, orada insanları sual verdiyinə görə öldürməyəcəklər".
Professor Rəhman Bədəlov ən yüksək dəyər
verdiyi Həsən bəy Zərdabi ilə görüşə
getdi...
Allah Rəhmət eləsin...
Etibar Əliyev,
fəlsəfə doktoru
Rəhman əmi... Rəhman müəllim... Rəhman
baba... "Əlvida" demək çox çətin... 5-6
gün öncə dəydik ona... əvvəl-əvvəl o qədər
də yaxşı deyildi sanki... amma sonra nitqi də bərpa
olundu. Danışırdı o İnsanlardan - mənəvi
qohumlarından - ruh doğmalarından - Zərdabidən, Mirzə
Cəlildən, Həmidə xanımdan... foto çəkdirməyi
özümə rəva bilmədim... amma monitorda bir
görüntü var idi - onu çəkdim. Rəhman müəllim
doğmaları Mirzə Cəlil və Həmidə
xanımla... birgə şəklimiz isə köhnədir -
22-ci ilin... belə də yadda saxlamaq istərdim - gözündə
məxsusi iti gülüşlə...
P.S. Çox kədərlidir. Miqyaslı bi İnsan
idi. Nəhəng biliklər sahibi. Nadir analitik təfəkkürə
malik. Hadisələrə fərqli baxmağı bacaran. Hər
şeyi "stereofonik" görə bilən. Hamlet və
Laertin fərqini izah edən Zərdabi, Mirzə Cəlili, Həmidə
xanımı insan kimi duymağı bizə təlqin edən;
vətənimizin layiqli - kölgədə qalan
adamlarını yaddaşımıza həkk edən... musiqini
- bədəninin hər bir hüceyrəsinəcən sevən...
Nəhəng, dərin, polifonik təfəkkürlü
adamı itirdik... olduqca kədərlidir, olduqca...
Zümrüd Dadaşzadə,
Professor
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.24.