Mirzə İbrahimov
publisistikasında Milli hökumət mövzusu
Məlumdur ki, 21 Azər Cənubi Azərbaycan
xalqının tarixində ən əlamətdar gün
olmuşdur. Həmin gün Təbrizdə Milli Məclis öz
işinə başlamış, Seyid Cəfər Pişəvəri
başda olmaqla Milli Hökumətin yarandığı elan
edilmişdi.
Cənubi Azərbaycanın dirçəlişində,
onun yeni həyatının canlanmasında Azərbaycanın
bir çox görkəmli-yaradıcı
ziyalılarının, o cümlədən, Azərbaycanın
xalq yazıçısı (1911-1993) görkəmli nasir,
dramaturq, tərcüməçi, ədəbiyyatşünas,
tənqidçi, publisist, ictimai dövlət xadimi Mirzə
İbrahimovun əvəzsiz xidmətləri olmuşdur.
Həmkarlarından fərqli olaraq Mirzə
İbrahimovun Cənubi Azərbaycana müntəzəm gedib-gəldiyini
qeyd etmək lazımdır. O, Cənubda gedən hadisələri
diqqətlə izləməklə bərabər, maarif və mədəniyyətin
çiçəklənməsinə
çalışmış, Cənubla bağlı mətbuatda
məqalələr çap etdirmiş, müxtəlif tədbirlərdə
çıxışlar etmişdir. Mirzə İbrahimovun bu
dövrün hadisələri, Milli hərəkatın
xarakteri, Milli Hökumətin gördüyü tədbirlərlə,
İran mətbuatının Cənubi Azərbaycan hadisələrinə
münasibəti ilə əlaqədar onun, həm də
sonralar da yazılmış bir çox elmi publisistik, xatirə
tipli əsərləri vardır. 1945-1946-cı illərdə
demokratik hərəkatın hazırlanmasında və
inkişafında Mirzə İbrahimovun rəhbərliyi ilə
çıxmış "Vətən yolunda" qəzetinin
mühüm rolu olmuşdur. Qəzetin geniş uğurlarından
M.C.Bağırov razı qalsa da, SSRİ-nin Tehrandakı
diplomatları bu qəzetin xalqımızın milli həmrəyliyinə
xidmət etdiklərini bilmədiklərinə görə
narazı idilər. Odur ki, istər Tehran hakim dairələri,
istərsə də SSRİ diplomatları hər vəchlə
qəzetin nəşrinə maneə törədirdilər.
Professor Cəmil Həsənli "Güney Azərbaycan:
Tehran, Bakı və Moskva arasında" (1939-1945) adlı
monoqrafiyasında yazır: "Vətən yolunda" qəzetinin
geniş yayılması və bolşevikləşmə
meylinin güclənməsi Azərbaycanda (Cənubi Azərbaycanda
- M.M.) sərt tədbirlərlə müşayiət olundu.
Oktyabrın (1941-ci ilin oktyabr ayında - M.M.) axırlarında
İranın daxili işlər naziri Cahanbani Təbrizə gəldi.
Oktyabrın 30-da o, əyalətin bütün vəzifəli və
imkanlı adamlarının toplantısını keçirdi.
Cahanbani öz çıxışında bildirdi ki, hər kəs
gərək ayıq olsun, şahın və hökumətin
tapşırıqlarını sözsüz yerinə yetirsin.
Nazirdən sonra vali Fəhimi çıxış etdi və
bildirdi ki, əhali gərək Qızıl Ordu tərəfindən
aparılan təbliğata uymasın, öz pullarını
havayı yerə Sovet kino filmlərinə və teatr
tamaşalarına xərcləməsinlər."
Hərəkat ərəfəsində və
gedişində Cənubi Azərbaycanda Milli-Demokratik hərəkatın
güclənməsində qəzetdə çap olunmuş
imperializm və despotizm əleyhinə məqalələr vətənpərvər
və yurd tarixi ilə bağlı yazılar, bir çox bədii
əsərlər, şeir və hekayələr mühüm
rol oynamışdı.
Mirzə İbrahimov dəfələrlə Cənubi
Azərbaycanda olmuş, bu prosesdən ayrı-ayrı
görüntüləri və epizodları qələmə
almış, xatirə və səfər qeydlərində
konkret məqamları xatırlamışdır.
Yazıçının 1958-ci ildə qələmə
aldığı "Parçalanmış zəncirlər"
adlı publisistik yazıda bir dilənçinin hələ gələcəkdə
çox hadisələrin baş verəcəyi haqqında
öngörənliyini mənalandırmışdı. "On
altı-on yeddi il əvvəl, Təbriz bazarının
ağzında səhərdən axşama qədər adam əskik
olmayan qapıların qabağında quru yerdə bardaş
quraraq bir dilənçi oturmuşdu. Saçı, saqqalı,
hətta qalın qaşları da ağarmış bu qoca
öz görkəmilə dilənçidən artıq, qədim
əsrlərin müdrik filosoflarına oxşayırdı.
Bütün günü istehzalı bir təbəssüm və
inqilabı baxışlarla bazara gəlib gedənləri
süzər, başını tərpədərək
öz-özünə söylənərdi:
"O.. la..caq.. çox şey... olacaq!" Doğrudan da, çox şeylər
oldu. Cənubi Azərbaycan xalqı öz muxtariyyətini,
öz azad dövlətini qurdu. Qısa müddət ərzində
Azərbaycan dili dövlət dili elan edilmiş, Təbriz
Universiteti, filarmoniyası yaradılmış, xalq ordusu təşkil
edilmiş, hökumət heyəti formalaşmışdır.
Lakin bu dövlət Azərbaycanın ilk Cümhuriyyətindən
də az, cəmi 12 ay yaşamışdı.
Mirzə İbrahimov 1946-cı ilin mayında qələmə
aldığı "Cənubdan səslər" adlı səfər
təəssüratlarında 1945-ci ilin iyulunda Tehran və Təbriz
haqqında yazaraq İranda gedən hadisələri qələmə
almışdır. O özünün Tehran təəssüratını
belə bildirirdi: "Bazarlarda və küçələrdə
gözə dəyən bu ziddiyyət (ictimai qüvvələr
arasında təzad nəzərdə tutulur - M.M) siyasi
mübarizə meydanında da əks edir. İstibdadın məhbəslərdə,
dar ağacları susdurmağa
çalışdığı mütərəqqi və
demokratik qüvvələrin də hərəkətə gəlmiş
və azadlıq uğrunda mübarizə aparırlar"
Yazıçı 1945-ci il may ayının 5-ni də
xüsusi hərarətlə xatırlayır. Bu gün sovet
qoşunlarının İrandan
çıxarıldığı gündür. Həmin
gün həm faşist Almaniyası üzərində qələbə
sevinci yaşanırdı, həm də sovet
qoşunlarının Təbrizi tərk etməsi mərasimi
çox yüksək səviyyədə təşkil
olunmuş, Milli Məclisin qarşısında mitinq
keçirilmiş, Səttarxan xiyabanı insanlarla dolmuşdu.
Böyük ədibin o dövrdə Təbrizdə, eləcə
də Cənubi Azərbaycanın digər şəhərlərində
keçirdiyi günlər unudulmazdır. Mirzə İbrahimov
bu günləri yazaraq əbədiləşdirmiş, daha da
unudulmaz etmiş, qələminin və qəlbinın hərarəti
ilə isindirmiş, azadlıq dastanına çevirmişdir.
Mirzə İbrahimovun "Cənubi Azərbaycanda
milli-demokratik hərəkat haqqında" adlı məqaləsi
Cənubi Azərbaycan hadisələrini işıqlandıran əsaslı
publisistik əsərlərdən biridir. 1947-ci ildə qələmə
alınmış bu əsərdə 1945-1946-cı ilin
demokratik hərəkatına, hərəkatın gedişinə,
Azərbaycan Milli Hökumətinin islahatlarına, hərəkatın
məğlubolma səbəblərinə və nəticələrinə
geniş yer verilmişdir.
Bu məsələlərə Təbrizdə İran
qoşun hissələrinin neytrallaşdırılması, mərkəzin
tez-tez bir-birini əvəz edən hökumətləri ilə
danışıqlar aparılması və müqavilələr
bağlanması, İran mürtəce mətbuatının
yazdığı böhtanlar, "İran demokrat firqəsi"
kimi mürtəce siyasi qurumun yaradılması, Qəvamüddövlə
hökumətinin məkrli və iyrənc oyunları və s.
daxildir.
Mirzə İbrahimovun məqalələrində
şah ordularının hücumu, onların Azərbaycanın
bütün yerlərində yaratdığı terror və vəhşiliklər,
Milli Hökumətin süqutu konkret faktlarla təsvir
edilmişdir. Müəllif yazır: "Beləliklə, Cənubi
Azərbaycanda bütün xalqın, bütün mütərəqqi
qüvvələrin iştirakı ilə əmələ gəlmiş
böyük və qüdrətli bir milli-demokratik hərəkat
qan dəryasında boğuldu. İndi mürtəcelər onun
buraxdığı dərin izləri və güclü təsiri
də qanla yuyub aparmağa çalışırlar".
Müəllif belə bir qərara gəlir ki,
"Terror, dar ağacları, məhbəslər və
kitabları yandırmaqla heç bir xalqın azadlıq hərəkatına
son qoymaq və çürümüş ictimai münasibətləri
əbədi saxlamaq olmaz".
Yazıçı azadlıq və istiqlaliyyət
uğrunda həlak olmuş qəhrəmanları adbaad
xatırlayır, onların ölümünün, şəhidliyinin
təfərrüatlarını təsvir edir. O, Təbrizdə,
Mərənddə, Xoyda, Marağada, Urmiyada və s. yerlərdə
şah qoşunlarının cinayətlərini sadalayır, bu
qoşunların Azərbaycana yalnız cəza məqsədi
ilə göndərildiyini sübut etməyə
çalışır. Yazıçı ölümü
böyük cəsarətlə qəbul edən Milli Hökumətin
baş prokuroru Firudin İbrahiminin, general Kəbirinin, Xoylu
İsmayılın, Urmiyalı Bəhram Nəbinin, köhnə
inqilabçı Azad Vətənin ölümə mətanətlə
sinə gərdiyini xatırlatmış, ADF fəallarının
xüsusi qəddarlıqla qətl edildiyini vurğulayaraq
yazmışdı: "Azərbaycan Demokrat Firqəsi Xoy əyalət
komitəsinin sədri Əhmədi ölümqabağı onu
sorğu-suala çəkən Tehran cəlladlarına
demişdir: "Mən Tehran nümayəndələrinin
suallarına heç bir cavab verməyəcəyəm, mənim
cavablarım sizə bəllidir. Mən sizin murdar
üzünüzü görmək istəmirəm.
Ömrümün son iki ilini mən Azərbaycan
xalqının azadlığı yolunda xainlər və
mürtəcelərlə mübarizəyə sərf etmişəm."
Mirzə İbrahimovun məqalələrində bu
cür qəhrəmanlardan biri Azərbaycan himnini oxuyarkən
can vermiş, digəri Səttarxana həsr edilmiş şeiri
oxuya-oxuya həlak olmuşdu. 1946-cı illərin sonunda belə
qanlı cinayətlərin sayı-hesabı yox idi. Xalq Tehran cəlladlarına
boyun əymir, dönməz və qətiyyətli olduğunu
öz ölümü ilə nümayiş etdirirdi.
Mirzə İbrahimov digər məqalələrində
də Cənubi Azərbaycanda 1941-1946-cı illərdə
baş vermiş hadisələrə toxunmuş, öz fikir və
mülahizələrini bildirmişdi. O, bu məqalələrdə
təkcə milli-demokratik hərəkata deyil, bu dövrdə
yaranmış ədəbiyyat və incəsənətə də
münasibət bildirmişdir. "Cənubi Azərbaycan ədəbiyyatı
antologiyası"nın III cildinə yazdığı
"Milli-azadlıq mübarizəsi və Demokratik hərəkatın
qızıl səhifələri" adlı Ön
sözü o, belə başlayır: "1940-1950-ci illər Cənubi
Azərbaycan ədəbiyyatının çiçəklənmə
dövrü oldu. Bunun da kökləri həmin illərdə
ictimai həyatın canlanmasında, xalqın milli-azadlıq və
demokratik hərəkatının o vaxta qədər
görünməmiş dərəcədə genişlənməsində,
fırtınalı dərya kimi coşaraq şiddətli
dalğalarla şəhərlərdən kəndlərədək
ölkənin bütün güşələrini əhatə
etməsində, bütün ictimai təbəqələri hərəkətə
gətirməsində idi" .
Mirzə İbrahımov 1945-1946-cı illər
milli-demokratik hərəkatından, bu hərəkatın
ülvi məqsədlərindən və nümayəndələrindən
böyük iftixar hissi ilə söz açırdı.
Yazıçı XIX-XX əsrlərin ədəbi
materialları əsasında ilk antologiyaların
yaradılmasına böyük diqqət və qayğı ilə
yanaşırdı. Filologiya elmləri doktoru Rəhim Əliyev öz xatirələrində yazır:
"Mirzə müəllim şöbə müdiri təyin
olunan kimi bir instituta bəs edən böyük bir layihə
hazırladı: bu layihənin adı çox adi və
iddiasız idi: Cənubi Azərbaycan ədəbiyyatı
antologiyası; söhbət XIX-XX əsrlər Cənubi Azərbaycan
ədəbiyyatından gedirdi və şöbənin rəsmi
adı da belə idi. Amma üzdə antologiya adlanırdı,
mahiyyətdə isə bu, XIX-XX əsrlər Cənubi Azərbaycan
ədəbiyyatının ensiklopediyası idi." Burada təqdim olunan şair və
yazıçıların, jurnalistlərin, siyasi xadimlərin
təkcə əsərləri verilmirdi, həm də onlar
haqqında bioqrafik məlumatlar verilirdi. Layihə əsasında
hazırlanan dörd cildlik antologiya Azərbaycan xalqının
milli birliyi üçün misilsiz bir iş idi.
Mirzə İbrahimovun publisistikasında şəxsi
müşahidələrlə yanaşı, tarixi sənədlər,
gerçək faktlar mühüm yer tutur. Onun məqalə və
oçerklərinin intellektual, həm də emosional tutumu
aydın və zəngindir.
Xalq yazıçısı İsa Hüseynov "Azərbaycan
sovet yazıçıları" kitabına
yazdığı oçerkdə Mirzə İbrahimovun
publisistikasını belə səciyyələndirmişdi:
"Mirzə İbrahimovun publisistikası nə qədər
odlu, həyəcanlıdırsa, bir o qədər səmimi və
qəlbə yatandır. Bu isə, hər şeydən əvvəl,
onun özünün təbiətindən doğan bir
xüsusiyyətdir. Mirzənin böyük ideallarla
döyünən ürəyi nə qədər odlu və
ehtiraslıdırsa, onun özü bir o qədər sadə, təvazökar
və səmimidir" .
Mirzə İbrahimov "Cənubi Azərbaycanda
milli-demokratik hərəkat" adlı məqaləsində
Xiyabani hərəkatına xüsusi diqqət yetirmişdi. O,
publisistik əsərində Şeyx Məhəmməd
Xiyabaninin hərəkatında azərbaycançılıq
ruhunu, Azərbaycanda xalq hərəkatının milli xarakter kəsb
etdiyini vurğulayır: "Şeyx Məhəmməd
Xiyabaninin qiyamı azərbaycanlıların qüdrətli vətənpərvərlik
ruhunu ifadə etmişdir".
Mirzə İbrahimov öz publisistik məqalələrində
Ş.M.Xiyabaninin çıxış və nitqlərinə
müraciət edir, ondan misallar gətirir, fikirlərini əsaslandırmaq
üçün onlardan istifadə edirdi. O, tamamilə əmin
idi ki, Xiyabani üsyanı Səttarxan hərəkatının,
1945-1946-cı illər milli-demokratik hərəkatı
Ş.M.Xiyabani hərəkatının davamıdır. Beləliklə,
yazıçının publisistikasında Cənubi Azərbaycan
həyatının müxtəlif dövr və hadisələrinə
diqqət həmişə güclü olmuşdur. İstər
ədəbi-bədii əsərlərində, istərsə
ictimai-siyasi publisistikasında, istərsə də məruzə
və çıxışlarında Cənubi Azərbaycanın
həyatı, ədəbiyyatı və mədəniyyəti,
ictimai-sosial hadisələrinə maraq qətiyyən itməmiş,
əksinə, daha da artmış, şaxələnmiş, ətraflı
və parlaq şəkildə öz əksini
tapmışdır.
Yuxarıda verdiyimiz məlumatlar söyləməyə
əsas verir ki, sevimli yazıçımız Mirzə
İbrahimov xalqımızın qəhrəman
keçmişində dövrün fəal
iştirakçısı olmaqla yanaşı, həm də
tarixi əhvalatların salnaməçisidir.
Mahmizər MEHDİBƏYOVA
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.27.