Mətndə
abzasların əlaqələndirilməsi
I hissə
(Qüsurlu nümunə üzərində iş)
Oxuyub-anlama bacarığı dövrümüzdə
insan həyatında prioritet olduğu üçün
ixtisasından asılı olmayaraq, çoxlarının
müzakirə mövzusuna çevrilir və sosial şəbəkələrdən
müşahidə etdiyimiz kimi, insanlar yazılı
kommunikasiyada anlaşmadıqda bir-birlərini məhz bu
bacarığın əskikliyi ilə ittiham edirlər. Lakin
çox az adam nəzərə alır ki, oxuyub-anlama oxucunun məntiqi, tənqidi
idrakından nə qədər asılıdırsa, yazı
müəllifinin peşəkarlığı da bu məsələdə
o qədər rol oynayır.
Oxuyub-anlama, yazı bacarıqlarının
formalaşdırılması mətnşünaslığın
bir çox elmi-nəzəri mövzuların mənimsənilməsini
tələb edir. Bu mövzulardan biri mətn dilçiliyimizin
az öyrəndiyi keçid cümlələri, keçid
abzaslarıdır. İstənilən sahə üzrə
yazılı materialların ilk oxunuşda
anlaşılmasında çətinlik yaradan problemlərdən
biri məhz abzasların əlaqələnməsində yol
verilən qüsurlardır. Mətnlərdə abzaslararası
əlaqənin nəzərə alınmaması əsas
mövzu və tezisin inkişafını izləməyi,
köməkçi fikirlər arasındakı əlaqəni dərk
etməyi çətinləşdirir. Mətnin asan dərk
edilməsi üçün bu struktur məsələsinə
ciddi diqqət vermək müəllifin vəzifəsidir.
Saytlardan birində yayımlanmış məqalədən
bir parça üzərində praktik iş aparmaqla sizə mətnin
strukturunda keçid cümlələrin, keçid
abzasların rolunu izah edəcəyik. Məhz bu
parçanı seçməyimiz mövzuya yaxşı
nümunə olduğu üçündür. Səhvlər də
bizim üçün resursdur, buna görə məqalənin
müəllifinə minnətdarlıq borcumuz vardır. Məqsədimiz
məqalənin tənqidi olmadığı üçün
mənbəni göstərməyi uyğun görmürük.
Aşağıda təqdim olunan nümunə vasitəsilə
mətndə abzaslararası əlaqənin pozulmasının
fikrin inkişafına mənfi təsirini müşahidə edəcəksiniz.
Nümunə: "Dilçilik təlimi cəmiyyətdə
yaranır və yazıçılar tərəfindən
müəyyənləşir, təsdiq edilir, əksər
hallarda dilçilik institutları tərəfindən tənzimlənir,
nizama salınır, yönəldilir. Cəmiyyət,
yazıçılar, dilçilik institutları üzərlərinə
düşən vəzifələri heç də hər
zaman yerinə yetirmirlər. Son həlledici faktor dövlətdir.
Dilçilik institutları yalnız tərifçiliklə
məşğul olurlarsa, onda tənqidə ehtiyac qalmır.
Dillər son dərəcə rəngarəng ifadə
vasitələrinə malikdir və bir dildə kəskin
emosional mənaya malik olan söz digər dildə neytral
xarakter daşıya bilər. Məsələn, "sən
yaşamağı bacarmırsan" Çin dilində
ağır söyüşdür. Azərbaycan dilinə
birbaşa tərcümədə isə nəsihət kimi qəbul
oluna bilir..."
Nümunəni oxudunuz və indi təhlilimizdən
öncə özünüz abzaslar arasındakı əlaqəyə,
mövzusunun inkişaf etdirilməsinə diqqət edin.
Mətnin izahedici abzaslarının ən son cümləsi
keçid cümləsi ola bilər. Abzasda keçid cümləsi
ümumiləşdirici cümlədən sonra gəlir və
yeni mətləbə keçidi təşkil edir. Nümunədəki
"Son həlledici faktor dövlətdir" cümləsi
keçid cümləsi kimi görünür. Çünki
"dilçilik institutlarının rolu" mövzusundan
yeni mövzuya keçir: dilçilik təlimində dövlətin
rolu.
Mətn parçasında növbəti abzas bir
cümlədən ibarətdir. Belə cümlələr keçid abzası adlanır və
o halda istifadə edilir ki, öncəki abzasda keçid
cümləsi olmasın. Keçid abzası iki izahedici abzas
arasında əlaqələndirici rol oynayır. Bu abzasın
mövzusu növbəti abzasda izah edilməlidir.
Nümunəmizə baxaq. Birinci abzasda dilçilik təlimində
dövlətin roluna keçid olundu və biz gözlədik
ki, yeni abzasda bu roldan bəhs ediləcəkdir. Lakin keçid
abzası bu cümlənin mətnlə məntiqi əlaqəsini
pozdu və bir məsələ açılmamış
qaldı.
Keçid abzasından sonrakı abzasa baxaq. Bu, izahedici
abzasın ilk cümləsi tematik cümlədir və biz
mövzunu ifadə edən açar sözü seçirik:
dilin ifadə vasitələri. Keçid abzasımızda
mövzu nə idi? Dilçilik institutunun tənqidi
funksiyası. Lakin növbəti abzasın tematik cümləsi
tamamilə başqa mövzunu təqdim etdiyi üçün
bu abzasın da mətndə məntiqi əlaqədən kənarda
qaldığını görürük.
Mətnin aydın, oxunaqlı olmasında keçid
cümlələri və abzaslarının böyük rolu
vardır. Bu məqamlara diqqət edilməyəndə
oxuyub-anlama çətinliyi oxucunun deyil, müəllifin
problemi olur. Müəllif mətninin
anlaşıqlığını - məzmunun hamı
üçün əlçatanlığını təmin
etmək üçün mətndə əsas mövzunun,
tezisin inkişafına xüsusi diqqət verməlidir. Bu isə
mövzular, tezislər arasında əlaqəni qoruyaraq abzasların
məntiqi əlaqəsini təmin etməklə
mümkündür.
II hissə
(Nümunəvi mətn parçası üzərində
iş)
Mətn tərtibi məsələlərini izah etmək,
öyrənənlərin mətnqurma bacarığını
formalaşdırmaq üçün qüsurlu nümunələr
üzərində işləmək kifayət etməz, gərək
məşğələlərdə nümunəvi mətnlərdən
istifadə edilsin ki, mövzu tam aydın olsun. Buna görə
də qüsurlu nümunənin əsasında təhlil
apardığımız kimi, nümunəvi mətndən bir
parçada abzasların əlaqələnməsinin fikrin
inkişafındakı rolunu dəyərləndirəcəyik.
Mətn yazmaq bir sənətkarlıqdır. Azərbaycanda
bunun ustadı olan alimlərdən biri natiqliyi, elmi-publisistik məqalələrinin
maraqlı üslubu ilə tanınan akademik Rafael
Hüseynovdur. Alimin "525-ci qəzet"in 2 iyul 2025-ci il
tarixli buraxılışında yayımlanmış "Hər
yeni gündə təkrarlanmalı dərs" məqaləsindən
bir parça seçərək abzaslararası məntiqi əlaqənin
izahı üçün istifadə edəcəyik.
Öncə seçdiyimiz parçanın birinci
abzasını oxuyaq və keçid cümləsini, onun
mövzusunu müəyyənləşdirək.
Nümunə: "...Cavad xan məhz onu
seçmişdisə, demək ki, digərlərindən
üstünmüş. Ancaq nədirsə, o, Şəfinin bənna,
memar yox, ruhani olmasını istəyirmiş. Odur ki, gətirib
qoyubmuş Gəncə mədrəsəsində dərs
almağa. Ancaq Şəfi din adamı da olmadı. Nə ailəsi,
nə yaxınları onu gələcəyin şairi kimi
görürdü. Di gəl, taleyin yazısı beləymiş
ki, gərək o, Azərbaycanın böyük müəllimlərindən
və üstün söz ustalarından biri ola".
Abzas parçasında Mirzə Şəfinin bir zaman bənna,
ruhani kimi peşələrlə məşğul olduğunu
öyrənirik. Parçanın son iki cümləsindən isə
məlumat alırıq ki, Mirzə Şəfi müəllim,
şair kimi tanınmışdır. Bu məlumat yeni
mövzuya keçiddir. Son iki cümlədə açar
sözlərə diqqət edək: şair, müəllim. Demək,
növbəti abzasda məhz bu mövzunun
açılacağını gözləyirik. Yəni
növbəti abzasda Mirzə Şəfinin müəllimliyindən,
şairliyindən bəhs olunmalıdır.
Oxumağa davam edək:
"Şəfinin adının əvvəlində və
ardındakı hər iki sözü ona keçdiyi yol nəsib
etdi. Mirzəlik əski əyyamlarda xəttatlığın,
katibliyin məxsusi bir çeşidi idi. Hamının
yazı-pozudan baş çıxarmadığı
çağlarda, bir yerdən başqa yerə məktub
göndərənlər mirzələrin yanına gələrdi.
Onların şifahi dediklərini mirzələr kağıza
köçürər və məktub ünvanına
yollanardı. Hərdən yazısı, savadı olanlar belə
məktubu daha təmtəraqlı, daha gözəl xətlə
yazdırmaqçün mirzələrin xidmətindən
istifadə edərdi. Bəlli mirzələrin çörəyi
beləcə, başqalarına məktublar yazmaqdan
çıxardı, ancaq bir də vardı onun-bunun
yazısını yazan, hansısa yazılmışların
üzünü köçürüb abıra salan mirzələrdən
çox fərqli olan Millət Mirzələri."
Abzasın ilk cümləsində müəllif
"Şəfinin adının əvvəlində və
ardındakı hər iki söz" dedikdə Mirzə və
Vazeh sözlərini nəzərdə tutur. "Mirzə"
sözünü müəllif "xalq müəllimi"
ifadəsi ilə assosiasiya edərək bu abzasda Mirzə Şəfinin
ustadlığı - müəllimliyi mövzusuna giriş
edir. Bu abzasın sonuncu cümləsindən
çıxış edərək növbəti abzasın
mövzusunu təyin edək. Abzasın açar sözü
"Millət Mirzələri"dir. Növbəti abzasın
açar sözü də "Millətimizin Mirzəsi"dir.
Nümunədən göründüyü kimi, müəllif
özü də bu ifadəni böyük hərflərlə
yazmaqla əsas açar söz kimi fərqləndirmişdir:
"Peşəsi mirzəlik olanların
sayını-hesabını müəyyən etmək
mümkünsüzdür, amma Millətimizin Mirzəsi adlanmaq
şərəfini qazanmışların miqdarı barmaqla
hesablanacaq qədər azdır. Vazehin doğuluşundan
qazandığı Şəfi adının əvvəlində
sabit yerini tapmış iftixarlı "Mirzə"
sözü millətin ölməz balaları Mirzə Fətəli
Axundzadənin (1812-1878), Mirzə Ələkbər Sabirin
(1862-1911), Mirzə Cəlilin (1866-1932), Mirzə Əbdürrəhim
Talıbovun (1834-1911), Mirzə Nəsrullah Didənin (1797-1870),
Mirzə Qədim İrəvaninin (1825-1875), Mirzə
Baxış Nadimin (1785-1880)... adlarını nurlandıran kəlmədəndir".
Nümunə gətirdiyimiz mətn
parçasının ikinci abzasının birinci cümləsində
şairin "adının arxasındakı söz" ifadəsi
də diqqətimizi çəkmişdir. Rafael Hüseynov o
mövzunu da unutmayaraq üçüncü abzasda şairin ədəbi
şəxsiyyətinin bu tərəfinə -
aydınlığına, yəni ziyalılığına nəzər
salır.
Müəllif cümlələr, abzaslar arasında məntiqi
əlaqə zəncirini çox incəliklə hörür.
Mətndə mövzunun, fikrin inkişaf etdirilməsindəki
incəlik onun hər abzasında özünü göstərir.
İkinci abzasın sonunda "nurlandıran" kəlməsini
istifadə etməklə növbəti abzasın mövzusuna
keçid etmişdir:
Adının əvvəlindəki "Mirzə"ni
Şəfiyə el, ənənə yaraşdırdısa,
ikinci adına çevriləcək "Vazeh" təxəllüsünü
özü götürdü. "Vazeh" sözünün
mənası aydın deməkdir...
Mətndə bütöv bir abzasdan seçdiyimiz ilk
cümlələr abzasın tematik cümlələridir və
burada "Vazeh" sözü öncəki abzasın
keçid cümləsindəki "nurlandıran"
sözü ilə eyni mənanı ifdə edir.
Nümunələr əsasında abzaslardakı əsas
tezislərin keçid cümlələri ilə əlaqəsini
təhlil etməklə mətndə keçid cümlələrinin
rolunu anlayırıq: keçid cümlələr və
keçid abzaslar mətndə fikrin inkişafında ən incə
həlqələrdir və abzaslar arasında məntiqi əlaqəni
təmin edir.
Könül Aydın NƏHMƏTOVA
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.28.