Keçib gedənlər
Hekayə
Gənc ikən (indi də qocalmamışam) öz
arzularımın və meyillərimin əsirinə
çevrilmişdim. Bunlarısa şəhər həyatının
vüsətində reallaşdırmaq daha asandır, nəinki
kənddə. Etiraf edirəm ki, yay tətillərində kəndə
gedəndə dözülməz dərəcədə
darıxırdım. Əslində, kəndə sevinə-sevinə
gedirdim, amma bir müddətdən sonra oranın yeknəsək
həyatı məni yorur, cizgiləri gözlərimə boz və
tutqun görünürdü. Kənd camaatı da -
qonşularım, qohumlarım - nə isə xüsusi,
inadcıl, adamayovuşmaz idilər; onlarla olan münasibətim
qısa və quru dialoqlarla məhdudlaşırdı. Onlar
(cod saqqallı, arıq üzlü kişilər) mənimlə
təşnələşəndə qaşqabaqlı halda:
"Bir işin qulpundan yapış", "Tez oyan"
deyirdilər. Özümlə apardığım kitabların
hamısını tezliklə oxuyub qurtarırdım. Mənim
üçün orada artıq bircə məşğələ
qalırdı: balıq tutmaq. Deyim ki, balıq tutmaq olduqca
orijinal bir işdir. Səni sakitləşdirir də, əsəbiləşdirir
də. Çəmənin kənarında boy verən
qarağacın altında oturub həm qırmağına
balıq düşməsini gözləyirsən, həm də
ot-ələfin, gəncliyin, həyatla bağlı olan
qorxularının rayihəsi ilə ciyərlərini
doldurursan. Düşünürsən, düşünürsən,
sakit-sakit düşünürsən. Bəzənsə
qarmağına suyun üzüylə axıb-gedən
şax-şəvəldən, zir-zibildən savayı heç
nə düşmür və bu anlarda
balıqçılığa olan münasibətində qərəz
yaranır; bu qərəz elə həddə çatır ki,
ümidsizlikdən tamam başını itirirsən.
Mən qəlbimi də tez-tez bəxş edirdim. Adətən
qısaömürlü olan məhəbbət macəralarından
əlahiddə zövq alırdım. Qızlara bəslədiyim
münasibət isə kübar mühitdə qəbul
olunmuş qaydalardan, zahiri utancaqlıq pərdəsinə
bürünmüş əlamətlərdən uzaq idi; mən
dəniz qamışı kimi tez alışır, adətən
istəyimə tez çatır və tez də
sönürdüm.
Lakin mən kənddə bir dəfə ciddi aşiq
olmuşdum. Ürəyimi çalan həmin qızı toyda
görmüşdüm. Bu əhvalat belə olmuşdu: birinci
kursu bitirib yay tətilində kəndə
qayıtmışdım. Qonşuluqda toy vardı, yollandım
ora. Kürəyimi stulun söykənəcəyinə
dayayıb yenicə oturmuşdum ki, birdən gözüm
dikdaban tuflilərdə üzərinə xalça sərilmiş
uzun pilləkənin pillələriylə gümrah
addımlarla enən tünd qara saçlı, qonur
gözlü, gülümsər çöhrəli, qədd-qamətli
qıza sataşdı. Bu, qonşumun nəvəsi - Səbinə
idi, uşaqkən birlikdə o qədər cırcırama
tutmuşuq ki... Heyranlıq və utancaqlıq ifadə edən
baxışlarla bir xeyli süzdüm onu, başımda
saysız-hesabsız fikirlər cilvələndi.
Evə gələn kimi oturdum, üzümü tutub elə
hey onun barəsində fikirləşdim. Onunla elə burada, bu
kənddə uzun və xoşbəxt bir insan ömrü
yaşaya bilərdim. Bir çox adamların
yaşadığı kimi... Evimizdəki hər kəsi öz
inadımla dalana dirədim. Dedim, ya universitetdən imtina edib əsgərliyə
gedəcəyəm, ya da o qızı mənə alın. Bu
düşüncə canıma-qanıma işlədi, beynimdə
bunun üçün onlarla vadaredici səbəb kök
saldı. İnadkar və usandırıcı təkidlərimə
baxmayaraq, razılıq vermədilər. İki-üç
gün ac qaldım. Qayıtdım Bakıya. Zəng vurdum evə
ki, bəs, universitetin qabağındayam, qızgilə getməsəniz,
ərizəmi yazıb çıxacağam. Məndən bir
az vaxt istədilər, razılaşdım.
Aylar keçdi, dərs başlandı. Öz təbiətim
və vərdişim etibarilə unutqan olmağım həsədimin
bütün hüdudları aşmasına əngəl törədir
və bunun nəticəsi olaraq mən zamanla qızı tamam
unutdum.
Şəhərdəsə başqa bir qız mənə
aşiq olmuşdu. Buna tam əmin idim. O, dolu bədənli,
mehriban baxışlı bir qız idi, adı Zərintacdı,
uzun hörüklərlə əhatələnmiş xoş
cizgili sifəti vardı; hər məni görəndə
qızarırdı, nə vaxt əlindən tutsam, əli əsirdi,
baxışlarımız çarpazlaşanda gözlərini
yerə dikirdi, bəzən isə nazlanaraq dodağımdan ona
qarşı xoş sözlər qopmasını gözləyirdi.
Mən isə özümdənrazı halda onun qulağına
"Səni sevirəm" deyə pıçıldamışdım.
İstəyirdim ki, o, mənə tez isinişsin, heç nədən
çəkinməsin, mənim onu
oxşayıb-sığalladığım kimi, o da
sıxılıb-utanmadan mənə cavab versin. Ancaq o, utancaq
idi, mənim çox da irəli getməyimə mane olurdu. Hiss
edirdim ki, o, məndən yalnız pak, təmiz nəvazişlər,
mehriban, amma şəhvətsiz oxşamalar istəyir, istəyir
ki, bu yaxınlığın sonu izdivacla nəticələnsin,
əvvəl ruhumuz, sonra da taleyimiz birləşsin. Hətta mənə
elə gəlirdi ki, qız səbirsizliklə bizim toyumuzu
gözləyir, mənim isti nəvazişlərimdən daha
çox bu təhər şeyləri xəyal etməkdən
zövq alır. Qız məni əməlli-başlı
çıxılmaz vəziyyətə salmışdı. Bu,
həqiqətən də, çıxılmaz vəziyyət
idi və ola bilsin ki, məhz buna görə mən laqeydlik
göstərərək bu məsələnin dərinliyinə
getmədim. Mən öz ehtirasımı cilovlamaqdan
yorulmuşdum, anlaşılmaz taqətsizlik əldən
salmışdı məni. Elə hey dərindən köks
ötürürdüm. Nəhayət, başa
düşdüm ki, bu yorğunluğun, köks ötürmələrin
səbəbi - mənim səbirsizliyimdir. Bundan sonra da istəyimə
çatmaq üçün səbir təşnəsinə
çevrilə bilməzdim, ona görə də, ən
yaxşısı ondan qaçmaq, bacardıqca uzaqlaşmaq
idi. Bunu isə ona yadlaşdığımı göstərə-göstərə,
qəlbində özümə yer tuta bilmədiyimi
anlada-anlada, axmaq davranışlarımla onun rəğbətini
qazana bilmədiyimi sübut etməyə
çalışa-çalışa etdim. Amma mən heç
də uzun, hüznlü və tənha günlər
keçirmədim, yeni münasibətlərə can atdım,
yeni başlanğıclara həvəsləndim. Bəli, məni
bu baxımdan tam mənasilə bəxti gətirən adam
adlandırmaq olardı. Lakin bununla bərabər, mən, həmişə
həyatımda nəyinsə çatmadığını
hiss edirdim. Nədənsə elə zənn edirdim ki, təkəm,
bir kimsəm yoxdur. Bilaixtiyar tez-tez düşünürdüm
ki, yanımda mənə həyan olacaq, əzizləyəcək
heç kəsim yoxdur. İstəyirdim ki, həyatımda elə
bir adam olsun ki, onunla daha sadə və daha dostcasına əlaqələr
quraq. Birlikdə olanda özünün, şəxsən
özünün nə istədiyi, nəyin xəyalı ilə
yaşadığı haqda müfəssəl sorğu-suala
tutam onu. O isə hər şeyi
açıqdan-açığa danışa, nəyisə
etiraf etməyə çəkinməyə.
Mənimlə münasibət quran qızlar çox
qısa müddətdə xarakterimin sabitsizliyinin nə demək
olduğunu öyrənirdilər. İkicə həftəlik
yox olanda və bundan sonrakı ilk görüşdə bizim
söhbətimiz çox uğursuz olurdu. Qızlar
açıq və kobudcasına mənim məsuliyyətsiz
olduğumu deyir, bu münasibətin ömrünün uzun
olacağına inanmadıqlarını bəyan edirdilər. Mən
bununla razılaşmağa məcbur qalsam da, nə heyrətlənir,
nə də kədərlənirdim. Əksinə, bir andaca
onlar üçün yad və uzaq bir adama çevrilirdim.
Çünki mən qızlarla adətim üzrə, sadəcə,
öz başımı qarışdırmaq, əylənmək
üçün söhbət edir, "sevgi-sevgi
oynayırdım". Ayrıldığım qızlar isə
məni unuda bilmirdi. Məndən hər nə qədər
uzaq olurdularsa da, bir o qədər məni görmək arzusu ilə
yanırdılar.
Amma bir gün elə bir şey oldu ki, bu, həyatımın
bundan sonrakı dəqiqələrini zəhərləmək
gücündəydi. Bu hadisə bir payız günü,
günorta baş verdi.
Elmlər Akademiyasının qarşısındakı
insan qaraltılarıyla dolu parkda veyil-veyil
dolaşırdım. Hava həm sərin, eyni zamanda qar
havası kimi təmiz idi. Günəş şəhərin qərb
qurtaracağı üzərində dayanmışdı, yerdə
uzun kölgələr sürünürdü. Oturacaqlarda
oturan bir dəstə bekar adam ötüb keçənlərə
göz qoymaqda idi. Bir də baxdım ki, incə, zərif
boyunlu, qəşəng, qonur gözlü bir qız yumşaq
addımlarla, quş kimi süzən yerişlə parkda gəzinir.
Başladım quzu güdən canavar kimi ona göz qoymağa.
Amma bir neçə addım atıb onu daha yaxından görəndə
heyrətimdən çaşıb qaldım. O, mənim kənddə
aşiq olduğum qız - Səbinə idi. Mən onu tamam
yadımdan çıxarmışdım və bir də
görəcəyimi (özü də şəhərdə)
güman etmirdim. Geridə qalan illər ərzində heç
dəyişməmişdi, hətta saçlarının
daranışı da o vaxtkı kimi idi. O, nəhayət,
boş skamya tapıb əyləşdi. Əyləşən
kimi də başladı telefonuyla əlləşməyə.
Ürəyimdə dedim: "Görəsən, o məni
tanıyacaq? Əgər tanımasa, kim olduğumu mütləq
ona deməliyəm. Hətta bir neçə il bundan qabaq ona
bir andaca dəli kimi aşiq olduğumu da bildirməli, fürsət
tapıb bunu ona deyə bilmədiyim üçün üzr də
istəməliyəm". Bu fikir canıma-qanıma işlədi
və onun nə dərəcədə uğurlu
olacağını indi, məhz indi yoxlamaq istədim. Yeriyib
düz Səbinənin yanında oturdum və oturan kimi də nəzərlərimi
ona yeritdim. Onun parıltılı qara saçları səliqə
ilə arxaya daranıb hamarlanmışdı (sonuncu dəfə
görəndə də belə idi). Göyümtül sviteri
sinəsini şux tuturdu. Sol biləyində zərif əl
işi olan bilərzik, üzərində isə kiçicik,
dairəvi saat vardı. Zərif barmaqlarının
yüngül hərəkətiylə telefonda qurdalanır,
gözünün ucuyla da mənə baxmırdı.
Özümü itirdim, bilmədim nə edim, başladım əsnəməyə.
O qədər əsnədim ki, lap ağzım aralı
qaldı. Gördüm yox, onun diqqətini cəlb edə bilmirəm,
bəm səslə yanıqlı-yanıqlı fit
çaldım. Yenə bir nəticəsi olmadı. Bu dəfə
başladım öskürməyə, boğazımdan ard-arda
quru, xışıltılı öskürək qopdu. Bu da
yetkin sifəti ehtiraslı və gözəl olan Səbinənin
eyninə olmadı. Nəhayət, əzabverici utancaqlıqla
"Deyəsən, tələbəsiniz?" - deyə
soruşdum. Gözlərini telefondan ayırmadan həvəssizcəsinə
"Aha" - dedi. Dilim açıldı. Dedim, mən də
tələbəyəm. Səbinə dinmədi, iri, qara
gözlərini yuxarı qaldırıb
gülümsündü və təzədən
başını aşağı saldı. Yox, o, məni tanımamışdı.
Mən özümdə güc tapıb adımın Orxan
olduğunu deyəndə də bu ad ona xüsusi gəlmədi
və o, sükutunu pozmadı. Artıq başa
düşdüm: o, ümumiyyətlə məni görməzdən
gəlirdi! Birdən telefonunda nəsə oxudu və bu zaman
onun gözlərinin parıltısı ən qiymətli ləl-cəvahirat
parıltısını üstələdi, yanaqları
çiçək kimi açıldı və o, cəld
ayağa qalxdı. Titrəyən səsimlə "M-mən,
bilirsiniz, h-hansı Orrxanam..." dedikdə isə
arxasını mənə tərəf çevirib
sözümü ağzımda qoydu. Tələsik və
vüqarlı addımlarla üzü metroya yol tutdu.
Damağıma bir siqaret qoyub tərəddüdsüz onu təqib
etdim. O yeridikcə arxadan onun yaraşıqlı vücudunu
seyr edirdim. Səki boyu irəliləyib metronun xəyalət
kimi ucalan ön fasadının qarşısında dayandı.
Burada oynaq gözlü, cılız, kəkilli, seyrək
sarışın saqqalı uzunsov sifətinə bir az da eybəcərlik
qatan bir oğlan onu qarşıladı. Hərarətlə
qucaqlaşıb görüşdülər. Oğlan boz
paltosunun döş cibindən rəngli kağız
bükülüsü çıxarıb Səbinəyə
uzatdı. Sevincindən çılğına dönən
qız yerindən sıçrayaraq oğlanın əlləri
arasına aldığı eybəcər sifətini
öpüşlərə qərq etdi. Onlar bəxtiyar halda
qol-qola girib yolun o biri tərəfinə keçdilər və
burada nəyisə gözlədilər. İki-üç dəqiqədən
sonra əl-ələ tutub gələn oğlanla qız onlara
yanaşdı. Qızlar öpüşərək, oğlanlar
isə əllə görüşdülər. Yeni gələn
qızın cizgilərini tam görəndə məni elə
bil ildırım vurdu. Yerimdə quruyub qaldım. O, bir vaxtlar məni
sarsılmaz məhəbbətlə sevən qız - Zərintac
idi. Onun əlindən tutan oğlanın
görünüşü isə əsl gicbəsər
görünüşü idi. O, uğultulu-cingiltili səsiylə
"Tələsməliyik, yoxsa gecikəcəyik", dedi və
bir neçə addım atıb yolun kənarında
dayanmış taksiyə yaxınlaşdı.
Başını sürücü tərəfdəki
açıq pəncərədən içəri doğru
uzadıb nəsə danışdı, yəqin gedəcəkləri
yeri söylədi və qiyməti öyrəndi. Ardından əl
işarəsiylə yoldaşlarını
çağırdı. Özü qabaqda oturdu, Zərintac, Səbinə
və kəkilli oğlan isə arxada əyləşdilər.
Maşın tərpəndi.
Ah, nə böyük məyusluq! Bir anlıq sinəmdə
kəskin ağrı duydum, sanki ürəyimə iynələr
sancıldı. "Sən bir işə bax!" deyə
mızıldandım. Sarsılmış, ruhdan
düşmüş mən, labüd fəlakəti dəhşətlə
gözləyən adamlarsayaq yerimdə vurnuxdum. Ya taleyin bu
oyununa inana bilmədiyim, ya da pərt olduğum
üçün bir anlığa qorxudulmuş
küçük kimi inildədim. Üzümü çevirəndə
gözlərim dayanacağın yanında qoyulmuş zibilqabına
sataşdı. Nədənsə elə hiss etdim ki,
zibilqabı ağzını geniş açıb mənə
gülür, göz vurur, "zavallı" deyir.
Özümü saxlaya bilmədim, yaxınlaşıb
tutarlı bir təpik ilişdirdim ona. Baxmayaraq ki,
ayağım ağrıdı, birdən-birə içimdəki
qəzəb soyudu və sakitliklə əvəz olundu. Sanki
zibilqabına vurduğum zərbə güclü bir sakitləşdirici
kimi dərhal öz təsirini göstərdi. Damağımda
yanıb qurtaran siqaretin kötüyünü yerə
tullayıb, qranit pilləkənlərlə qalxdım, metroya
girdim.
Aprel, 2025-ci il
Orxan İSMAYILOV
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.29.