Kabusların bulud
parçası
Hekayə
Sən aldanmamısan... Sənin, bəlkə də ən
böyük günahın məni tanımamağın oldu. Sən
məni tanısaydın, xəyallarımı və
arzularımı da sevəcəkdin... Sən məni
tanımadın və eləcə də qaçdın... Amma
bəlkə də...
"Bəlkə"lərlə dolu dünyada
yaşamaq çox çətindir. Bəs xəyal və
arzular? Bu, insanlar üçün sadəcə sevincli, kədərli
bir duyğudur, amma onun üçün tamamilə fərqlidir.
Mən o qızı tanıyıram. Bəzən dənizin kənarında
çılpaq ayaqlarını quma basaraq hayqırar, bəzən
isə kiçik ovucları ilə gözlərini qapadıb
gülümsəyər. Gözləri qəhvəyidir,
günəşdə göz bəbəklərində sanki bir
çılğın balaca qız rəqs edir, amma
yağış yağanda elə kövrək olur ki, bu qumlu
sahil belə onun göz yaşlarını dindirməyi
bacarmır. Saçları uzundur. Rüzgar kimi sərtdir, amma
qartopu qədər həssas. Toxunsan, qopar əllərindən.
O qız saçlarına toxunduğundan qumlu sahilə hədiyyə
vermək istədi, amma sonra ayaqlarının qumda titrədiyini
görüb geri çəkildi. Məhz o an dedi ki, "bəlkə..."
Bu qızın taleyində yazılan o "bəlkə" əslində,
bütün alın yazısının cavabı idi...
Göy guruldadı. Şimşək
çaxdığında göylərdən bir balaca, xəfif
bir bulud parçası yerə qondu və
çırpınmağa başladı. O, parçalanan,
yaralı bulud parçasına toxunduğunda bulud
parçası qışqırdı.
- Toxunma!
Araya möhkəm bir sükut çökdü. Necə
ola bilərdi ki, bir bulud parçası ağlayaraq
çırpınsın?
Bəlkə də mən dəli olmuşam,
insanların "şizofrenik" adlandırdığı dəlilik...
Bəlkə də arzular və xəyallar yaratmaq da bir dəlilikdi...
Qız bulud parçasından yavaş-yavaş
uzaqlaşmağa başladı. Ayaqları qumlu sahildən
uzaqlaşdıqca üşüyürdü. Bədəninin hər
zərrəsi tir-tir titrədikcə, ayaq barmaqları da onu
getdikcə qaçmağa vadar edirdi.
- Getmə! Sənə sözüm var! Səni biri ilə
tanış edəcəm!
- Sən?
- Mənim adım yoxdur. Mən dünyaya gəldikdən
sonra belə, bir neçə dəqiqə içində ruhumu
göylərə təslim etmişəm. İndi sənə
vacib deyiləsi sözüm var. Məni diqqətlə dinə.
O, donub qalmışdı. Simasındakı cizgilərin
münasibəti belə dəyişmişdi. Ovuclarını
sıxıb, yerində tullanaraq dinləyirdi.
- Sən... Sən axı buludsan!
- Bulud... Bax, sən məni bulud olaraq görürsən.
Mən sənə Tanrıdan mesaj gətirmişəm, amma sən
hələ də xəyallarda yaşayırsan.
- Məgər xəyallarda yaşamaq bu qədər
yanlışdır?
- Yox... Ancaq sənin
bağışlamadığın insanlar çoxdur.
- Mən bağışlamağı bacarmıram.
- Bəlkə də sən onları unutmamaq
üçün bağışlamırsan. Bəlkə də
qorxursan ki, bağışlasan, yenidən həyatına
qayıdacaqlar. Bəlkə də sən
özün-özünü sevmədiyin üçün bu
tozlu quma ayaqlarını basıb, ruhunu qorxaq böyütmək
istəyirsən?!
- Axı...
- Sus! Bax, görürsənmi ki, sənin həyatında
nə qədər "bəlkə"lər var? Arzuların
və xəyalların da səndən yavaş-yavaş
qaçır, çünki sən onları bir qutucuğun
içində boğub öldürmək istəyirsn!
- Mən qatil deyiləm!
- Qatil... Qatil - sən və insanlar üçün
silahla öldürən adamdır, amma sən ruhundakı
arzularını gizlədib, torpağa basdırdıqca ən
böyük qatil olacaqsan. Sənin bir arzun vardı. Yox, yox, hətta
iki arzun...
- Sən hardan bilirsən axı?
Bu an arxadan kimsə onun çiyinlərinə toxunaraq
adını səslədi:
- Yasəmən...
- Qətiyyən arxaya çevrilmə, - deyə bulud
qışqırdı.
- Mən... Yasəmən? Adımı hardan bilirsiniz?
- Sənə dedim sual vermə! Tez ol, diz çök,
tez ol!
İllər sonra adı ilə ona kiminsə səsləndiyini
eşitmişdi. O, həyatda nə xoşbəxt, nə də
bədbəxt idi, amma arzuları yarım qalan bir insanın bir
parçası necə yarımçıqdırsa, o da elə
idi. Yerə baxdığında balaca bulud artıq qeyb
olmuşdu. Arxasına çevrildiyində yanmış bir məktub
parçası gördü. Titrəyən bədənini xəfif
rüzgarın səsi bir az sakitləşdirdi.
Xatırladı ki, o hələ buradadır, kainatda.
Yanmış məktubun parçaları ovuclarına
töküldü. Bir neçə dəqiqə ovuclarına
baxıb, parçalanan hissələri dənizə atdı və
əlində yarımçıq qalan parçanı
oxumağa başladı:
Bax, sənin arzuların da bu yarımçıq,
yanmış məktub kimidir. Sənin qolların çox
genişdir, Yasəmən. Açdıqca, balaca körpələr
sənə sığınmaq istəyir. Saçlarına xəfif
toxunan rüzgar sənə heyranlıqla baxır. Göz bəbəklərinlə
danışmaq istəyən Ay gecənin hüznlü
vaxtını gözləyir. Bəzən şimşək o qədər
güclü qışqırır ki, yağış
damlaları tələsir ki, simandan süzülüb getsinlər.
Bax, səni danışıram... İndi ayaqların
qumdadır, amma qum torpaq deyil axı?!.
Sən bu dəniz sahilinə arzularını
danışmaq üçün gəlmisən, amma
düşünmürsən ki, torpaq sadəcə ölüm
və kəfən deyil. Bəlkə də sənin
üçün elədir. Görürsən, artıq sənin
kimi "bəlkə"lərlə danışıram, amma
hələ də arzularından söz aça bilməmişəm.
Sənin bağışlamadığın bir insan vardı.
Xatırlayırsan onu? Onu xatırlamaq üçün sən
bu qumlu sahildən çıxıb, ayaqlarını dənizə
atmalısan. Sən azad deyilsən, Yasəmən. Sənin
ürəyindəki arzularını qəbul etmədikləri
və sən o arzunun pilləkənlərini hələ
qalxmadığın üçün azad deyilsən!
Bayaq balaca bulud parçası sənə arxaya
baxmamağını söylədi, çünki bilirdi ki, sən
hələ də küskünsən...
Uşaqlığını xatırla, Yasəmən. Uzun
saçlarınla danış, ona hər şeyi izah et.
Axı sənin balaca barmaqların pianonun üstündə gəzirdi...
Bir gün o pianodan əllərin qopdu, amma səni ən
çox o səhnədə görmək istəyən bir
şəxs vardı. Sən onu unutmusan... Bilirəm, həyatında
ona çox qırılmısan, amma qırılan
parçaları tapmağa çalış! Biri bu gün
qarşında idi. Bax, bulud...
İndi səninlə sağollaşıram, amma bu məktubu
dənizə təslim et, görəcəksən,
parçaları qumun üstünə çıxıb və
səni gözləyir.
Yasəmən əlindəki məktub
parçasını qatlayıb dənizə təslim etdi.
Birdən barmaq uclarına kiçik yanmış kağız
parçalarının yapışdığını
gördü, amma yanmış kağız parçalar suda
ovulmamışdı. Onları titrək əlləri ilə
ovuclarına alıb diqqətlə baxdı. Qəribədir,
kağız parçalarının yanmış hissəsindəki
yazılar suda silinməmişdi. Bu, Tanrının
lütfü idi! Parçaları birləşdirib qumun
üstünə qoydu:
Məni bağışla, bəbəşkam. Sən
bağışla ki, göylər də məni
bağışlasın. İrəlidə səni gözləyən
bir hədiyyə var. O hədiyyəyə yaxınlaş,
xatırlayacaqsan. Atan...
Yasəmənin titrəyən bədəni və
hıçqırıqla tökülən göz
yaşları məktub parçasının üstünə
töküldü. Yasəmənin göz yaşları ilə
məktubdakı sözlər yavaş-yavaş silindi...
Ovcundakı parçaları sıxıb irəliyə
doğru qaçdı. O qədər sürətlə
qaçırdı ki, qəfildən balaca daş
parçasına dəyib yıxıldı. Dizlərindən
axan qanlı göz yaşları daha da incidirdi. Birdən
kiminsə onun çiyninə toxunduğunu hiss etdi. Arxasına
çevrilib baxmaq istədiyində, yenə də kimsə ona
çevrilməməsini söylədi, amma bu dəfə Yasəmən
bunu düşünmədən arxaya baxdı:
- Ata!
- Yasəmən, sakit ol, qızım.
- Sən məni 11 il öncə tərk etdin, ata. Tək
məni deyil, hamımızı...
- Bilirəm, qızım, sizin yanınızda ola bilmədim,
amma bax, yenə yanındayam.
- İndi səni görmək istəmirəm.
- Məni, sadəcə, bir neçə dəqiqə
dinlə. Dizin yaralanıb, gəl həkimə gedək.
- Sən axı bu dünyada deyilsən.
- Deyəsən, göy üzünə heç
baxmırsan. Düzdür, mənim göy üzünə gəlməyim
çox gec oldu, amma indi də göylər məni rahat
buraxmır. Məni bağışla, qızım,
bağışla ki, qarşıdakı arzularına da
çata biləsən.
- Bəlkə də bağışlamaq heç vaxt
olmayacaq, ata?
- Yasəmənim, sən
bağışlamadığın müddətcə arzu və
xəyalların səndən uzaqlaşacaq. Onlar sənin bir
parçandır, amma unutma, insan deyillər və insan
olmayanlar üçün nifrət və kin sadəcə bir
boşluqdur.
- Axı...
- Həyatındakı "bəlkə"ləri
çıxart. Sən "bəlkə"lərlə
yaşadıqca, gecikirsən. Əlindəki məktubun sənə
kim tərəfindən göndərildiyini hələ
anlamamısan?
- Sən göndərmisən.
- Yox, mənim göndərmək icazəm yoxdur. Bir
başını qaldırıb diqqətlə buludlara bax, biləcəksən
ki, o kimdir.
Yasəmən yavaşca başını
qaldırıb göy üzünə baxdı. Bu gün
göy üzündəki buludları elə bil rəssam
çəkmişdi. Yasəmən əllərini göyə
qaldırıb dedi:
- Ata, bu gün ulduzlara daha çox yaxınam. Onlara
toxunmağıma lap az qalıb, amma dizim çox
ağrıyır.
- Bilirəm, qızım, amma zamanımız azdır.
İrəliyə doğru yavaşca addımla.
- Axı çox ağrıyıram!
- Səbirli ol, mən sənə kömək edəcəm.
İndi addımlamağa başla. Əllərini göyə
qaldır, hiss et ki, yavaşca göy üzünə
yaxınlaşacaqsan.
Yasəmən bir qolunu yuxarı qaldırıb göy
üzünü seyr etməyə başladı. Kiçik
addımlarla addımlamağa başladı. Bir neçə
addımdan sonra qarşısında böyük bir qutu ilə
rastlaşdı. Qutunun üstündə "Yasəmən,
birinci arzun gerçəkləşdi"
yazılmışdı.
O, qutunu açdığında içində balaca,
ağ rəngli piano ilə qarşılaşdı. Göz
yaşlarına hakim ola bilməyən Yasəmən
atasını həyəcanla səslədi:
- Ata!
- Burdayam, qızım.
- Axı mən pianonu yarımçıq qoydum.
- İndi qoymayacaqsan. Əllərinə al,
bağrına bas və onu hiss et
Yasəmən həyəcanla pianonu əllərinə
alıb, ona xeyli baxdı. Qutunun içində əlavə məktub
da vardı. Qatlanmış kağız parçasını
açıb oxudu:
Bir arzunu tapmaq üçün lap az yolun qalıb, amma
mənim bu kağız parçalarını sənə
göndərməyimin səbəbi sənin özünsən.
Sən özündən qorxursan, Yasəmən. O vaxt bir
müəllimin sənə olan nifrətimə görə ən
böyük xəyalından vaz keçdin. İndi isə o
biri xəyalını, arzunu bu fırtınalı dənizə
təslim etmək istəyirsən. Sən bunun
üçün çabalayırsan. Bəlkə də sənin
arzuların çoxdur, amma sən onlara qovuşmaq
üçün savaşmırsan. Bayaq dizin yaralandı, elə
bilirsən ki, o indi baş verdi? Yox. Xatırlayırsanmı, məktəbdə
oxuyan vaxt həyətdə qaçaraq
yıxılmağını? Atan bəs? Yanında idi.
İndi sən onu etdiyi səhvlərə
görə bağışlamaq istəmirsən, amma unutma,
atanın da dediyi kimi, qəlbində qırıq parçalar
az olsa da, kin, nifrət duyğusu arzularına yetməyə izn
verməyəcək. Sənin ən böyük arzun nədir,
Yasəmən? Rejissor olmaq, yoxsa pianist? Cavabında hər
ikisini deyəcəksən. Bilirsən, niyə? Çünki
rejissor sənin arzun, pianist isə xəyalındır. Xəyal
və arzu bir-birindən ayrılmayan parçalardır. Atan
bayaq göy üzünə baxmağını dedi.
Görürsənmi, göy üzündəki buludları
sanki rəssam çəkmişdi. Əslində o buludlar həmişə
elədir, amma sənin göz bəbəklərində o
ulduzlar məhz ağ lentə bənzəyir. Bu, bir
saçlarına bağladığın bant, bəlkə
boynunu isidəcək şərf, ya da göy üzünə
qaçmağın üçün bir nərdivandır. Yenə
də bunların seçimini sən edəcəksən, Yasəmən.
Atanı bağışla. Zamanımız azdır,
bağışla ki, arzu və xəyalların qərib
diyardan sənə qovuşa bilsin. Axı bizim dünyada
sevgililəri belə ayırmaq günahdır. Bunu ən
yaxşı sən bilirsən.
Yasəmən qışqıraraq, ətrafda
atasını axtarırdı. Sürətlə qaçanda
ayaqlarını torpağa basdığını hiss etdi. Diz
çöküb dedi:
- Ata! Ata, hardasan, ata!
- Qızım! Gəl, irəliyə gəl!
- Ata, dizlərim çox ağrıyır, ata!
- Gəl, qızım, gəl!
Yasəmən alnından axan qan-tər, dolaşıq
saçları, çatlamış dizləri ilə torpaqdan
yapışdı. Dırnaqları ilə torpaqdan
yapışıb irəliyə atıldı:
- Ata! Ata, gəldim!
- Qızım, əllərini tuta bilmirəm.
Bu an göy üzündən balaca bulud
parçası Yasəmənin saçlarından
yapışdı. "Qəlbini dinlə, Yasəmən,
artıq vaxtdır", deyən bulud parçası
saçlarından sürüklənib torpaqda son nəfəsini
təslim etdi.
- Ata, bağışladım. İndi azadam?
- Sən həmişə azad idin, qızım. Mənim
ruhum azaddır.
- Bəs bulud parçası? O.
- Ölmədi. O bulud parçası sizi incitdiyim illərin
kabusları idi. O quru torpağa, mən isə göylərə
təslim oldum.
Səma MUĞANNA
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.31.