"Yazmaq" adlı essedən
parçalar
"Yazmaq" adlı kitabında yer alan
"Yazmaq" adlı essedən parçalar dilimizə ilk dəfə
ingilis dilindən tərcümə edilir.
Kitab yazan insan ətrafındakı insanlarla həmişə
məsafə saxlamalıdır. Bu, təklikdir.
Yazıçının, yazılan şeyin tənhalığıdır.
Başlamaq üçün insan özündən ətrafındakı
tənhalığın nə olduğunu soruşar. İnsan
evdə atdığı hər addımda, günün hər
saatında, hər cür işıq - istər çöldən
gələn, istərsə də günorta yanan
çıraqların işığından - altında bu
sualı özünə verir. Bədənin bu əsl tənhalığı
yazının toxunulmaz tənhalığına çevrilir.
Bu haqda heç kimə danışmamışam. Tənhalığımın
ilk dönəmində artıq başa
düşmüşdüm ki, yazmalıyam. Reymon Keno (Raymond
Queneau) elə o vaxtdan məni təsdiqləmişdi. Bunu təsdiqləyən
onun bir cümləsiydi: "Başqa heç nə etmə,
yaz".
Yazmaq; həyatımı mənalandıran, məni
valeh edən tək şey bu idi. Mən də bunu etdim. Yazmaq məni
heç vaxt tərk etmədi.
Tənhalıq həm də bu deməkdir: ya
ölüm, ya kitab. Amma hər şeydən əvvəl bu,
spirt deməkdir. Viski deməkdir. İndiyə qədər
heç vaxt, həqiqətən də, heç vaxt
olmayıb; olsaydı, daha çox uzaqlara getməli
olacaqdım... Yəni, başlayıb bitirmədiyim bir kitab
olmayıb. Mən heç vaxt varolma səbəbi olmayan kitab
yazmamışam, bunu yazdığım bütün kitablara
aid etmək olar. Hər yerdə, hər mövsümdə belə
olub. Bu həvəsi, ehtirası burada, İvelin (Fransanın
şimali mərkəzində yerləşən, İl-de-Frans
regionun departamentlərindən biri - tərc.) bölgəsində,
bu evdə kəşf etdim. Nəhayət, kitablarımı
yazmaq üçün, içində gizlənəcəyim
evim olmuşdu. Bu evdə yaşamaq istəyirdim.
Bir çuxurda, o çuxurun dibində, demək olar
ki, tam tənhalıqda olmaq və yalnız yazının sizi
xilas edə biləcəyini kəşf etmək... Əgər
beyninizdə kitab mövzusu, kitab fikri yoxdursa, deməli,
qarşınızda bir kitab var, yeni kitabla
qarşı-qarşıyasınız, - deməkdir.
İnsanın həyatında elə bir zaman gəlir və
məncə, bu taleyüklü bir məqamdır; ondan
qaça bilməzsən; o anda siz hər şeydən
şübhələnirsiniz: evliliyinizdən,
dostlarınızdan, xüsusən də, cütlük olaraq
qazandığınız dostlarınızdan...
Övladınızdan yox. Övladdan heç vaxt şübhə
duymazlar. Bu şübhə öz ətrafında böyüməyə
başlayır. Bu şübhə tənhalıqdır, tənhalığın
şübhəsidir bu. Bundan doğulur, təklikdən. Bunun
adını indidən verə bilərik. İnsanların
çoxu mənim dediklərimə dözə bilmir, dərhal
qaçırlar söhbətdən. Elə buna görə də
hamı yazıçı deyil. Bəli. Aradakı fərq
budur. Həqiqət budur. Başqa heç nə. Şübhə
- yazmaqdır. Dolayısıyla yazıçıdır.
Yazıçı ilə bərabər hamı yazar. Bu,
çoxdandır hamıya məlum olan bir şeydir.
İnandığım başqa bir şey odur ki,
insanı yazmağa vadar edən bu ilkin şübhə hərəkəti
yoxdursa, tənhalıq da yoxdur.
Yatanda üzümü gizlədirdim. Özümdən
qorxurdum. Bunu niyə bilmədiyimi bilmirəm. Ona görə də
yatmazdan əvvəl içirdim. Özümü unutmaq
üçün. Dərhal qanınıza qarışır və
sonra yuxuya gedirsiniz. Alkoqol düşkününün tənhalığı
darıxdırıcı tənhalıqdır. Ürək, bəli,
ürək... Birdən çox sürətlə
döyünməyə başlayır.
Evdə yazanda hər şey mənimlə birlikdə
yazırdı. Yazı hər yerdə idi. Dostlarımla
görüşəndə bəzən onları dərhal
tanımırdım. Uzun illər belə keçdi, mənə
çətin oldu, hə, bəlkə on il, on il keçdi.
Dostlarım, hətta ən yaxın dostlarım da məni
görməyə gələndə, bu, fəlakət kimi
olurdu. Dostlarım mənim haqqımda heç nə bilmirdilər:
onlar mənə yaxşılıq etmək istəyirdilər
və incə düşüncəli olduqlarına görə,
mənə yaxşılıq etdiklərini zənn edərək
ziyarətə gəlirdilər. Ən qəribəsi isə o
idi ki, mən heç də belə
düşünmürdüm.
Yazmaq, insanı yabanılaşdırır. Müasir
insandan əvvəlki vəhşi həyata qayıdırsan. Və
bu, hər dəfə sənə tanış gəlir;
zamanın özü qədər köhnə meşələrin
vəhşiliyidir bu. Hər şeydən qorxmağın vəhşiliyi,
həyatın mahiyyətindən ayrılmaz bir vəhşilik.
Onu bütün varlığınla qucaqlayırsan. Fiziki
güc olmadan yazmaq mümkün deyil. Oturub yazmaq
üçün özündən güclü olmalısan,
yazdıqlarından güclü olmalısan. Qəribə
şeydir, bəli. Təkcə yazı aktı deyil,
yazılanlar gecələr çölə çıxan
heyvanların fəryadıdır; hamımızın, sizin və
mənim, itlərin... Cəmiyyətin kütləvi,
ümidsiz adiliyi. Bu, əzabdır, İsadır, Musadır,
fironlar və bütün yəhudilərdir, eyni zamanda xoşbəxtliyin
ən şiddətli ağrısıdır. Mən həmişə
buna inanmışam.
Tərcümə etdi: Nilufər HACILI
Marqerit Duras
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.32.