Azərbaycan ədəbiyyatında
keçid ədəbi cərəyanı - modernizm
Sovetlər İttifaqının taleyində xüsusi
bir hadisə olan Kommunist Partiyasının 14 fevral 1964-cü
ildə keçirilmiş XX qurultayında İosif Stalinin
timsalında şəxsiyyətə pərəstişin kəskin
tənqid olunması və bu sahədə qəbul edilən sərt
qərarlar cəmiyyət həyatının bütün sahələri
kimi, ədəbiyyatın da istiqamətinin dəyişməsinə
ciddi təkan vermişdir. Cəmiyyətdə baş vermiş
"Xruşşov mülayimləşməsi" prosesləri
ədəbiyyat və incəsənətdə sosialist realizmi
yaradıcılıq metodunun önə
çıxardığı partiyalılıq və sinfilik
prinsiplərini xeyli dərəcədə zəiflətmişdir.
Ədəbiyyatda həyat həqiqətlərinin və insan mənəviyyatının
təsvir edilməsinə və tərənnüm
olunmasına meyil get-gedə qüvvətlənməyə
başlamışdır. Bu proses, öz növbəsində,
yeni ədəbi nəsli - əllinciləri meydana
çıxarmışdır. Bəxtiyar Vahabzadə,
İsmayıl Şıxlı, İsa Hüseynov, Xəlil Rza,
Məmməd Araz, Hüseyn Arif və başqalarının təmsil
olunduğu bu ədəbi nəsil özündən əvvəlki
ədəbiyyatda ideoloji tələbləri əks etdirməyə
məcbur edilmiş yazıçı və şairlərlə
az sonra ədəbiyyata gələn
"altmışıncılar" ədəbi nəsli
arasında körpü yaratmış, bədii
düşüncədə ideologiyanın tilsimlərini
qıraraq, həyat nəfəsinə meyli qüvvətləndirmişdir.
Buna görə də biz Azərbaycan ədəbiyyatının
"Əllincilər"ini nəzəri şəkildə
"Aralıq ədəbi nəsil" adlandırmağı
məqsədəuyğun hesab edirik.
"Altmışıncılar" ədəbi nəsli -
Anar, Elçin, Fikrət Qoca, Sabir Əhmədli, İsi Məlikzadə,
Fikrət Sadıq, Fərman Kərimzadə, Ələkbər
Salahzadə, İsa İsmayılzadə və başqaları
isə "Aralıq ədəbi nəslin" - əllincilərin
başladığı işi daha da dərinləşdirərək,
sosializm ideyalarının təsvir və tərənnüm
edilməsindən uzaqlaşmış, sovet hakimiyyətini
açıq tənqid etmədən mövcud cəmiyyətdəki
nöqsanları kəskin şəkildə diqqətə
çatdırmış, "kiçik adamı" ədəbiyyatın
böyük qəhrəmanı kimi təqdim etmişlər.
Bu proses XX əsrin başlanğıc dövrünün,
mollanəsrəddinçi epoxanın sənət
ideallarının, klassik tənqidi realizmin yenidən təzahür
etməsi, üzə çıxması olmaqla yanaşı, həm
də müasir mərhələnin də
reallıqlarını özündə əks etdirirdi.
Keçmiş Sovetlər İttifaqındakı
respublikaların hər birinin ədəbiyyatının öz
"altmışıncılar"ı meydana
çıxdığı üçün bu proses
qaçılmaz bir şəkil almışdır.
"Altmışıncılar" - bütövlükdə
SSRİ miqyasında yeni ədəbi nəsil və müasir ədəbiyyatın
yaradıcıları kimi meydana
çıxmışdılar. Bu mənada, Çingiz
Aytmatovun, ümumiyyətlə
"altmışıncılar" haqqında
aşağıdakı sözləri eynilə Azərbaycan
"altmışıncılar"ının da fəaliyyət
və xidmətlərinə aiddir: "Mən qəti əminəm
ki, bu nəslin ("altmışıncılar"ın -
İ.H.) ədəbiyyatda, teatrda, kinoda ən istedadlı
nümayəndələri cəmiyyətin mənəvi,
estetik və hətta ideoloji yeniləşməsində
müstəsna rol oynadılar. Rusiyada da, keçmiş müttəfiq
respublikalarda da azadlıq, demokratiya, müstəqillik
ideyaları bu nəslin ən yaxşı nümayəndələrinin
qurduğu təməllər üzərində yüksəldi".
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlişi
ilə "Xruşşov mülayimləşməsi"ndən
başlanan yeni tipli ədəbi proses daha da davam və
inkişaf etmək imkanı qazanmışdır. Bu isə,
öz növbəsində,
"altmışıncılar"a başladıqları
gerçəkçi sənət yolunu ardıcıl olaraq
davam etdirməyə münbit şərait
yaratmışdır. Heydər Əliyev epoxasının ədəbiyyatın
və ictimai fikrin aparıcı ideyasına çevirdiyi azərbaycançılıq
idealı "yetmişincilər" ədəbi nəslini
daha da cəsarətləndirmişdir.
"Altmışıncılar"dan gerçəkliyə,
"kiçik adam"a, adi həyat həqiqətlərinin təsvirinə
üstünlük verilməsi estafetini qəbul etmiş
"yetmişincilər" ədəbiyyatda həm də
yüksək vətəndaşlıq
çağırışları ilə səciyyələnmişlər.
Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, Hidayətin,
Kamal Abdullanın və başqalarının timsalında Azərbaycan
ədəbiyyatında gerçəkliyin dərindən və
hərtərəfli əks etdirilməsindən tədricən
milli istiqlal ideyalarının səsləndirilməsinə
doğru ciddi addımların atılmasına
başlanılmışdır. Səksəninci illərdə
ədəbiyyata gələn Ramiz Rövşən, Rüstəm
Behrudi, Vaqif Bəhmənli, Vaqif Cəbrayılzadə və
başqaları bədii düşüncədə sovet cəmiyyətinin
çöküşü və xalqın azadlıq
ideyalarının daha da qabarıqlaşdırılmasına
doğru addımlar atmışlar.
Göründüyü kimi, tarix etibarilə qısa və
mürəkkəb olan bu mərhələ XX əsrin
altmışıncı illərində böyük təməlləri
atılmış, yetmiş-səksəninci illərdə
inkişaf etmiş milli-mənəvi özünüdərk və
istiqlalçılıq ideyaları ilə XXI əsrin
astanasında milli ədəbiyyat özünün yaranmaqda
olan ən yeni dövrünə - müstəqillik mərhələsinə
qədəm qoymuşdur. Ədəbiyyatda yaşanmış
milli-mənəvi özünüdərk milli istiqlalın
bünövrəsi, təməli və
başlanğıcı idi. Belə bir təməl
dövrünü yaşamadan birdən-birə
istiqlalçılıq mərhələsinə keçmək
mümkün ola bilməzdi. Milli-mənəvi
özünüdərk milli azadlığın start nöqtəsidir.
Milli özünüdərkə qayıdış və
istiqlalçılıq mərhələsində ədəbiyyatda
başlanan və qüvvətlənən ümummilli ideallar
Azərbaycanda dövlət müstəqilliyinin qələbə
çalması ilə özünün ali məqsədinə
çatmışdır. Beləliklə, XX əsrin əllinci
illərində sosialist realizmi yaradıcılıq metodunun
tilsimləri sındırılmış, buzları əriməyə
başlamışdır. "Altmışıncılar"
artıq Cəlil Məmmədquluzadənin və ümumiyyətlə
mollanəsrəddinçilərin ədəbiyyata gətirdikləri
tənqidi realizmi yenidən fərqli səviyyədə
dirçəltməyi bacarmışlar. Tənqidi realizm və
Qərbdən gələn ekzistensializm meyilləri Azərbaycan
ədəbiyyatında sosialist realizminin yerində elan
olunmamış yaradıcılıq metodlarının
funksiyalarını ifadə etmişlər. Bunlar Azərbaycan ədəbiyyatında
yeni dövrün yaratdığı yeni ədəbi cərəyana
- modernizmə keçid funksiyasını yerinə
yetirmişlər. Beləliklə, Azərbaycan ədəbiyyatında
tək metodla ədəbiyyat dövrü süquta
uğramış, çoxmənalı ədəbiyyatın əsası
qoyulmuşdur.
Azərbaycan ədəbiyyatında 1960-1980-ci illərdəki
milli-mənəvi özünüdərk, həyata və
insana dönüş və istiqlalçılıq
idealları ilə əlaqədar sənətdə baş
vermiş yeniləşmə hərəkatı modernizm mərhələsini
yaratmışdır. Lakin ədəbiyyatdakı böyük
dəyişmələrə ümumi şəkildə
modernizm desək, onda bu axının mənşəyini ədəbiyyat
tarixinin daha qədim dövrlərində axtarmalı
olarıq. Hətta Azərbaycanda ədəbiyyat nəzəriyyəsi
üzrə meydana çıxan son tədqiqatların birində
filologiya elmləri doktoru Pərvanə İsayeva "Modernizm
Renessans ilə başlanmışdır" - qənaətini
də irəli sürmüşdür. Bununla belə, modernləşmə
hərəkatı XIX əsrdən etibarən Azərbaycan ədəbiyyatında
davamlı olaraq baş vermiş, bütün mərhələlər
üzrə ədəbi prosesin inkişafına təkan
vermişdir. Fikrimizcə, Azərbaycanda modern ədəbiyyatın
ən böyük nümayəndələrindən biri Mirzə
Fətəli Axundzadə olub, yaşadığı cəmiyyətdə
və ədəbiyyatda islahatlar aparmış, maarifçilik
hərəkatının əsas simasına
çevrilmişdir. Cəmaləddin Əfqaninin islam mədəniyyətində
və müsəlman aləmində apardığı modernləşmə
cəmiyyətin müasirləşdirilməsi və
inkişaf etdirilməsində mühüm rol
oynamışdır. Tanınmış tədqiqatçı
Azər Turanın yazdığı kimi, "Müsəlmanların
bir mərkəzdən idarə olunmasını, bütün
müsəlman ölkələrinin bir konqresdə
toplanmasını, ümmət fəlsəfəsini
sarsıtmayacaq hər bir islam millətinin dil
özgürlüyünə sahib olmasını" istəyən
Cəmaləddin Əfqani də modernist idi.
Bizə görə, böyük demokrat Cəlil Məmmədquluzadənin
yaradıcılığı və bütövlükdə
mollanəsrəddinçilik hərəkatı da çox
mühüm modernləşmə hadisəsidir. Cəlil Məmmədquluzadə
və mollanəsrəddinçilik həm ədəbiyyatı,
həm də ictimai mühiti hərəkətə gətirib
yeniləşdirmək və irəli aparmaq yolunda böyük
xidmətlər göstərmişdir. "Molla Nəsrəddin"
ədəbi məktəbi modern ədəbiyyatın
mübariz ədəbi cəbhəsidir. XX əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatında baş vermiş yeniləşmə,
modernləşmə tənqidi realizm ədəbi cərəyanını
doğurmuşdur. "Molla Nəsrəddin" ədəbi məktəbi
və tənqidi realizm ədəbi cərəyanı konkret
tarixi şəraitdə - XX əsrin əvvəllərində
eyni, vahid ədəbiyyat platformasının modern ifadəsi
qismində çıxış etmişdir.
Sosialist realizmi özü də yaradıcılıq
metodu kimi klassik realizmdən fərqlənən ədəbi
istiqamət idi. Hətta bu dövrdə ədəbiyyatda
modernist baxışın böyük yaradıcıları da
meydana çıxmışdır. Xalq şairi Rəsul
Rzanın və onun davamçılarının
yaradıcılığı özündən əvvəlki
klassik poeziya ənənələrindən fərqli olan modern ədəbiyyata
əsl nümunə idi. Azərbaycan ədəbiyyatında yeni
tipli sərbəst şeir məktəbi yaratmış Rəsul
Rzanın məşhur "Rənglər" şeirlər
silsiləsi nəinki Azərbaycan şeirində, ümumiyyətlə
sovet poeziyasında yeni hadisə idi. Lakin sosialist realizmi
yaradıcılıq metodunun əsasən siyasi xarakter
daşıması və bu metodun irəli sürdüyü
partiyalılıq və sinfilik prinsipləri sovet
dövründə gerçək ədəbiyyatdan daha
çox, ideoloji sxemlərin əsasında yaranan bədii əsərlərin
meydana çıxmasına kökləndiyi üçün həmin
mərhələnin ədəbiyyatında modernizm geniş mənada
ədəbi cərəyan kimi inkişaf tapa bilməzdi.
XX əsrin altmışıncı illərindən
başlayaraq sosialist realizminin mövqeyi zəiflədikdən
sonra Azərbaycan ədəbiyyatında yenidən modernist hərəkat
müşahidə olunmuşdur. Azərbaycan
"altmışıncılar"ının ədəbiyyatda
vahid cəbhə kimi meydana çıxmaları və
ideologiyadankənar bir mövqedən yazıb-yaratmaları ədəbi-ictimai
proseslərin konkret bir hərəkat səviyyəsinə
qalxmasına şərait yaratmışdır. Nəinki
sosialist realizmi yaradıcılıq metodunun hüdudlarına
sığmayan, hətta əksər hallarda bu metodun cazibəsindən
çıxaraq, öz ideya-estetik prinsiplərini meydana qoyan
"altmışıncılar"ın konkret tarixi şəraitdəki
fəaliyyətləri, vahid ədəbi mövqe və fərqli
üslub yaxınlıqları ədəbi cərəyan
formatına daha çox uyğun gəlirdi. Lakin
"altmışıncılar" hərəkatı sovet hakimiyyəti
illərinə təsadüf etdiyindən, o zaman sosialist
realizmindən kənar hər hansı bir fərqli
yaradıcılıq metodundan və ya ədəbi cərəyandan
söhbət açılması mümkün
olmamışdır. Hətta elmi ədəbiyyatda modernizm təzahürləri
Qərbdən gələn və sosialist realizminin əleyhinə
olan yad meyillər kimi tənqid olunmuşdur: "Modernist incəsənət
(o cümlədən, ədəbiyyat - İ.H.) bizim epoxa, onun
çətin problemləri haqqında "öz
sözü"nü demək üçün nəhayətsiz
pessimizm və mistika düşüncəsini təqdim edir...
Bu isə tamam mücərrəd olub, şərlə
mübarizədə insanın aktiv fəaliyyət səviyyəsinə
çatdırılmasına imkan vermir. Bu, "yeni ədəbiyyat"ın
"sənət-həyat" prinsipinin üzvi tərkib hissəsi
olmasına maneçilik törədir, onun həyat həqiqətləri
ilə əlaqəsini qırır" (M.Qus. Modernizm bez maski.
- Moskva: Sovetskiy pisatelğ, 1966, s.7).
Buna baxmayaraq, sovet ədəbiyyatşünaslıq
elmi XX əsrin altmış-yetmişinci illərində
sosialist realizmi yaradıcılıq metodunun
"imkanlarının genişlənməsi" pərdəsi
altında yeni metod və cərəyanların yaranması
ideyasını qəbul etməli olmuşdur. Xüsusən,
yetmişinci illərdə sosialist realizminin artıq
böyük yol keçmiş və inkişaf etmiş sovet
dövrü insanının həyatını və mənəvi
aləmini bütün dərinliyi və genişliyi ilə əks
etdirməkdə çətinliklə üzləşdiyi elmi
şəkildə etiraf olunmuşdur. Yalnız
düşünülmüş şəkildə
tapılmış sosialist realizminin "imkanlarının
genişlənməsi" formatı tədricən elmi ədəbiyyatdakı
yeniləşmə və dəyişikliklərdən bəhs
etməyə imkan yaratmışdır.
Ədəbiyyat bu imkandan yararlanaraq həyata, insana,
xalqa, gerçəkliyə doğru böyük
dönüş etmişdir. Xalq yazıçısı
Anarın yazdığı kimi, "1956-cı ildə Kommunist
Partiyasının XX qurultayında Xruşşov Stalin
dövrünün əyintilərini, cinayətlərini,
zülmlərini faş edəndən sonra, obrazlı şəkildə
desək, "buzların əriməsi", ya da "ilıq
havalar" deyilən bir dönəm yarandı... Bir qurtum
azadlıq havası bütün sovet ədəbiyyatında,
incəsənətində, o cümlədən, Azərbaycanda
da canlanma dalğası doğurdu... O günə qədər
malalanmış ideoloji cızıqdan çıxmayan ədəbiyyat...
bunacan ört-basdır edilən həqiqətləri üzə
çıxaran örnəklər qazandı... Ədəbiyyatımızda
təzələşmənin əsas yükünü
daşımaq "altmışıncılar" nəslinin
üstünə düşdü" (Anar. Söz
dünyası. - Bakı: Şərq-Qərb, 2018, s.50-51).
XX qurultaydan sonra sovet cəmiyyətinin həyatında
baş vermiş dəyişikliyin dalğasında ədəbiyyata
gələn yeni nəslin -
"altmışıncılar" nəslinin bütün ədəbi
cəbhə boyu ardıcıl fəaliyyəti ədəbiyyatda
sosialist realizmi yaradıcılıq metodunun
"buzları"nı əritmiş və modernizmə
doğru geniş yol açmışdır.
Məhz XX əsrin altmışıncı illərindən
başlayaraq Azərbaycan ədəbiyyatının xarakteri
ciddi şəkildə dəyişmiş və yeniləşmişdir.
Qısa müddətdə
"altmışıncılar"ın sıraları
genişlənərək Azərbaycan ədəbiyyatında
xüsusi bir ədəbi cəbhə kimi diqqəti cəlb
etmişdir. "Altmışıncılar"ın
mövzuları və qəhrəman tipləri də mövcud
sovet ədəbiyyatından fərqli idi. Bu ədəbi nəsil
adi həyat həqiqətlərini və sadə
"kiçik adam"ı böyük ədəbiyyatın əsas
meydanına çıxarmışdır. Onların
yaratdıqları lirik-psixoloji əsərlər, intellektual
poeziya, realist-satirik ədəbiyyat, dram-monoloq, esse və s. ədəbiyyatda
fərqli hadisələr idi. Sovet cəmiyyətinin sərt
ideoloji prinsipləri modernizmin özünü bəyan edən
cərəyan kimi ədəbi prosesə daxil olmasına imkan
verə bilməzdi. Ona görə də Sovetlər
İttifaqında, o cümlədən, Azərbaycanda modernizm
sosializm cəmiyyətinin vahid ədəbi prosesinin içərisində
formalaşmışdır. Bu səbəbdən modernizm
açıq proqramı, bəyan edilmiş nizamnaməsi ilə
deyil, ədəbiyyatdakı keyfiyyət dəyişiklikləri
ilə özünü büruzə vermişdir. Yeni nəslin
yeni tipli ədəbiyyatı, bir növ, modernizmin ədəbi
prosesdəki bəyannaməsi funksiyasını həyata
keçirmişdir. Anarın "Bayram həsrətində",
Elçinin "Min gecədən biri", Sabir Əhmədlinin
"Bir payız axşamı" hekayələr kitabları,
Əli Kərimin "İki sevgi", "Həmişə səfərdə",
"Qızıl qanad", Fikrət Qocanın "Hamıya
borcluyam", "Dənizdə ay çiməndə",
İsa İsmayılzadənin "Ulduzların ad
günü" şeir topluları Azərbaycanda modern ədəbiyyatın
canlı örnəkləri kimi ədəbi mühitə yeni
ab-havanın gəldiyini nümayiş etdirmişdir. Anarın
"Ağ liman", "Dantenin yubileyi", Elçinin
"Açıq pəncərə", "Sos" və
"Dolça" povestləri, İsi Məlikzadənin
"Özgə anası", Sabir Əhmədlinin
"Aran" romanı, "Arabaçı" hekayəsi və
s. Azərbaycan ədəbiyyatında modern bədii
düşüncənin dərinləşdiyini və möhkəmləndiyini
sübut edən əsərlər idi.
XX əsrin altmış-yetmişinci illərində
meydana çıxmış elmi əsərlər və ədəbi-tənqidi
məqalələrlə adı çəkilmədən yeni
bir ədəbi cərəyan - Azərbaycan modernizmi öz
konsepsiyasını irəli sürmüşdür. Fikrimizcə,
Anarın "Nəsrin fəzası" və "Dədə
Qorqud dünyası", elmi-ədəbi esseləri,
Elçinin "Hekayə janrı: imkanlarımız və
iddiamız", "Müasir tənqidimiz: vəziyyət və
vəzifələr", Yaşar Qarayevin "Mirzə Cəlilin
Novruzəlisi" məqalələri, Akif Hüseynovun "Nəsr
və zaman" silsiləsi bir növ Azərbaycan modernizminin
ideya-sənətkarlıq xüsusiyyətlərini meydana
qoymuşdur. Bu elmi-ədəbi məqalə və esselərdə
yeni ədəbiyyatın əsas prinsipləri və vəzifələri
bəyan olunmuşdur. Dəqiq təhlillərə və
ümumiləşdirmə imkanlarına malik olan Anarın
"Nəsrin fəzası" məqaləsini yeni dövr Azərbaycan
ədəbiyyatının, modernizm ədəbi cərəyanının
manifesti adlandırmaq olar. "Nəsrin fəzası" məqaləsindən
gətirdiyimiz aşağıdakı tezislər modern ədəbiyyatın,
modernizm ədəbi cərəyanının bəyanatı
kimi səslənir: "60-cı illərdəki Azərbaycan nəsrinin
(ədəbiyyatının - İ.H.) ən yaxşı
nümunələri öz sələflərinin bir çox
estetik və etik meyarlarına münasibətdə müəyyən
mənada daxilən polemik ruhda idi. Bu nəsri artıq birmənalı
cavablar qane etmirdi; bu nəsr - həqiqəti
aydınlığın qurtardığı xəttin o
tayında axtarıb tapmağa çalışırdı. Bu
nəsr hər şeyi bir rəngdə - çəhrayı və
qara rəngdə görmək istəmir, insanları müsbət
və mənfi, təqlidə və ya inkara layiq deyə, iki
qismə bölmür və ümumiyyətlə, təqlid
üçün qəhrəmanlar yaratmağa can
atmırdı. Bu sözün - "təqlid"
anlayışının arxasında gizlənən mənəvi
süstlüyü, əqli ətaləti sevmirdi; öz
axtarışlarında təqlidçilərə deyil,
düşünən insanlara üz tuturdu; ucdantutma hər
şeyi izah etməyə deyil, bu dünyanı dərk edib
anlamağa, özü də oxucuları ilə bir yerdə dərk
edib anlamağa can atırdı; onların əvəzinə
yox, məhz onlarla bir yerdə! Bu nəsr "mənfi qəhrəman"da
da insanı görə bilirdi, ona bəraət qazandırmaq
üçün deyil, onu dinləmək üçün.
Əlbəttə, bu nəsr igidlik, namus, ləyaqət, vicdan
kimi yüksək anlayışlardan imtina etmirdi və imtina edə
də bilməzdi".
Azərbaycan ədəbiyyatında modernizm cərəyanı
konkret tarixi dövrü - XX əsrin altmış-səksəninci
illərini əhatə edir. Bu, sovet cəmiyyətində, o
cümlədən də, Azərbaycanda "Xruşşov
mülayimləşməsi" ilə milli-mənəvi
özünüdərk və müstəqillik qurulması
uğrunda mübarizə mərhələsini özündə
birləşdirir. Bu, Azərbaycan ədəbiyyatında
modernizm makro-epoxası kimi səciyyələnən bir mərhələdir.
Ümumiyyətlə, modernizm üçün səciyyəvi
olan "müasirlik, yenilik və modernləşmə"
(Ö.L.Üvetkov. Modern i modernizm v literaturovedenii. Sm.: Vestnik
Permskoqo Universiteta. 2010, vıpusk 6/12, s.197) kimi xüsusiyyətlər
XX əsrin altmış-səksəninci illərində
yazıb-yaratmış bütün ədəbi nəsillərin
yaradıcılığında bu və ya digər dərəcədə
müşahidə olunmuşdur. Bununla belə, Azərbaycan ədəbiyyatında
modernizmin lokomotivi funksiyasını
"altmışıncılar" həyata keçirmişlər.
Bu ədəbi nəslin XX əsrin altmışıncı illərində
yenidən Azərbaycan ədəbiyyatındakı klassik tənqidi
realizm ənənələrinə - mollanəsrəddinçiliyə
qayıdışı ədəbiyyatda bir daha həyatı və
insanı kəşf etməyə yol açmışdır.
Lakin "altmışıncılar"ın tənqidi
realizmi klassik Azərbaycan tənqidi realizmindən fərqli
olub, mövcud siyasi rejimi açıq deyil, örtülü bədii
vasitələrlə, dolayı yolla tənqid etmək
üsuluna istinad etmişdir. Onların
yaradıcılığında sovet cəmiyyətinin tənqidi
yox, daxildən çökməsi, çürüməsi,
aşınması prosesləri və cəmiyyətin yeniləşməsi,
müasirləşməsi zərurəti, habelə insanın
daxili-mənəvi təkamülü öz əksini
tapmışdır. Bu, yeni keyfiyyətli tənqidi realizm əslində
sosialist realizmindən modernizmə keçidin
başlanğıcı idi. Cəmiyyət hadisələrinə
obyektiv münasibət, hər cür təntənəli, dəbdəbəli
təsvir üsulundan uzaq olmaq, vətəndaşlıq ruhu,
milli-mənəvi özünüdərk, həyatilik, insana
dönüş, istiqlal düşüncəsi və s. bu
tarixi mərhələnin əsas səciyyəvi xüsusiyyətləridir.
Beləliklə, Azərbaycan ədəbiyyatında sosialist
realizmindən modernizmə keçid yeni tipli tənqidi realizmdən
keçməklə baş vermişdir. "Xruşşov
mülayimləşməsi" dövründən ədəbiyyatda
ilk əlamətləri müşahidə edilən tənqidi
realizm "altmışıncılar"ın ədəbiyyata
gəlişi ilə bir qədər də yetkinləşmişdir.
Anarın "Molla Nəsrəddin - 66" satirik hekayələr
silsiləsi bu dövrün yeni tipli tənqidi realizminin ən
səciyyəvi xüsusiyyətlərini özündə əks
etdirir. "Molla Nəsrəddin - 66"da Anarın "Zarafatsız"
essesi yeni tarixi dövrün "Sizi deyib gəlmişəm"i
idi. Həmçinin Anarın "Gülməşəkər
kəndinin hekayəsi" bu tarixi mərhələyə Cəlil
Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"
povesti kimi gəlmişdi. Altmışıncıların digər
nümayəndələrinin yaradıcılığında
da ifşa deyil, islah ruhlu tənqid notları və kiçik
adama dönüş müşahidə olunmaqda idi. Qərb
ölkələrində həmin dövrdə ədəbi hərəkatı
istiqamətləndirən ekzistensializm cərəyanının
Sovetlər İttifaqına sızması ümumən sovet ədəbiyyatında,
o cümlədən də, Azərbaycan ədəbiyyatında
gedən yeniləşmə proseslərinə dəstək
funksiyasını həyata keçirmişdir. Prosesin sürətlənməsi
yeni ədəbi baxışların formalaşmasına ciddi təkan
vermişdir. Beləliklə, yeni tipli tənqidi realizm sosialist
realizmindən modernizm ədəbi cərəyanına
keçid rolunu oynamışdır. Rus ədəbiyyatşünaslığında
"sosialist tənqidi realizmi" adlandırılan yeni tipli tənqidi
realizmi ədəbi cərəyana çevrilə bilməsə
də, modernizm ədəbi cərəyanının
formalaşdırılması vəzifəsini yerinə
yetirmişdir. Sosialist realizmindən ayrılma prosesi tənqidi
realizmdən keçərək modernizmə
çevrilmişdir.
Bununla belə, modernizm özü də keçid
xarakterli ədəbi cərəyan idi. Buradakı
"keçid" anlayışını heç cür Azərbaycan
cəmiyyətində 1991-1995-ci illərdə
yaşanmış "keçid dövrü" ilə eyniləşdirmək
olmaz. XX əsrin 60-80-ci illərində mövcud olan modernizm təkmetodlu
sosialist realizmi yaradıcılıq metodu ədəbiyyatın
müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatına
keçid funksiyasını yerinə yetirmişdir. Bu,
mövcud ideoloji baryerlərə görə bəyan edilməsi
mümkün olmayan, ədəbiyyatda gedən yeniləşmə
proseslərinin təbii axarında meydana çıxan elan
olunmamış ədəbi cərəyan idi. Əksinə, Azərbaycan
ədəbiyyatında modernizm 1991-1995-ci illərin keçid
dövründə fəaliyyətini başa
çatdırmışdır. Modernizm keçid
dövrünün deyil, keçid ədəbiyyatının ədəbi
cərəyanı idi.
Sovet İttifaqı miqyasında Aleksandr Tvardovskinin
baş redaktoru olduğu "Novıy mir" və Sergey
Barudzinin çap etdiyi "Drujba narodov" jurnalları
"altmışıncılar" ədəbi nəslini
öz ətrafında birləşdirib, vahid axına
çevirən mətbuat orqanları kimi fəaliyyət
göstərmişdir. Dövrün tədqiqatçılarının
qeyd etdikləri kimi, Valentin Katayevin redaktorluğu ilə nəşr
edilən "Oqonyok"un da özünəməxsus
siması, üstünlükləri və ideya-üslub istiqaməti
var idi. Bu jurnalda azad düşüncəli ziyalıların əsərləri
çap olunurdu. Burada təkcə yaxşı yazan yox, həm
də asan və müasir dildə yazmağı bacaran ədəbi
qüvvələr çap olunurdular (M.Veller. Oqonğ i aqoniə.
- Moskva: İzdatelğstvo ASQ, 2018, s.56-57). Azərbaycanda həmin
funksiyaları "Qobustan" incəsənət toplusu və
qismən də "Ulduz" gənclik jurnalı həyata
keçirmişdir. Azərbaycan
"altmışıncıları"nın böyük əksəriyyəti
nəinki bu jurnallarda əsərlərini çap etdirmiş,
hətta bu mətbuat orqanları rəsmi şəkildə
onların iş yerinə çevrilmişdir. Mətbuat
orqanlarında təmsil olunmaq baxımından ədəbi
mühitdə maraqlı bir mənzərə müşahidə
edilirdi. XX əsrin altmışıncı illərində Azərbaycan
Yazıçılar İttifaqının mətbu orqanları
olan "Azərbaycan" jurnalı, "Ədəbiyyat və
incəsənət" qəzeti daha çox xalq
yazıçılarının, fəxri adları olan
ağsaqqal nəslin, təcrübəli yazarların əsərlərini
çap edirdi. Anarın redaktorluğu ilə nəşr edilən
"Qobustan" incəsənət toplusunda və yeni nəşrə
başlayan "Ulduz" jurnalında isə yeni ədəbi nəsil
- "altmışıncılar", az sonra yetmişincilər
təmsil olunmuşlar. XX əsrin əvvəllərində
"Molla Nəsrəddin" və "Füyuzat"
jurnallarının ədəbi gedişatda oynadığı
rolu yeni tarixi mərhələdə daha çox
"Qobustan" və müəyyən dərəcədə
"Ulduz" jurnalları həyata keçirmişdir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının
sosialist realizmindən modernizmə qədər keçdiyi yol
ideoloji təmayüllü ədəbiyyatdan ümummilli mənafelərə
xidmət edən, həyatı və insanı əks etdirən
ədəbiyyatadək yaşanan böyük yolun
reallıqlarını əks etdirir. Modernizm - ədəbiyyatın
ideya - məzmunca və bədii forma etibarilə modernləşdirilməsi
prosesi müstəqillik dövründə genişlənərək
və daha da inkişaf edərək postmodernizm, dekadentizm, magik
realizm, akademizm və sair kimi yeni tipli ədəbi cərəyanların
meydana çıxmasına zəmin
hazırlamışdır.
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.6;7.