Novruz bayramı
türk dünyasının birlik və inkişaf modeli kimi
(Əvvəli ötən sayımızda)
Bütün Azərbaycan Respublikasında təntənə
ilə qeyd olunan Novruz mərasimini xalqla bir yerdə qeyd edən
ulu öndər öz bayram təbriklərində bayramla
bağlı çox qiymətli fikirlər söyləmişdir.
O, 19 mart 2000-ci ildə Novruz bayramı münasibəti ilə
Azərbaycan xalqına təbrikində demişdir:
"İnsanları baharın gəlməsi, təbiətin
oyanması, həyatın canlanması ilə müjdələyən
Novruz bayramı ən qədim dövrlərdən bəri
xalqımızın sevinc və şadlıq bayramı
olmuş, tariximizin müxtəlif dövrlərində bəzi
təzyiqlərə, süni maneələrə məruz
qalmasına baxmayaraq, bu günə qədər gəlib
çatmışdır".
Hər sözü, hər kəlməsi dövlətçilik
fəlsəfəsi ilə bağlı olan ulu öndərin bu
fikri, əslində dərin mənalara malikdir. Novruzu xalqı
baharın gəlişinin, təbiətin
oyanışının, həyatın canlanmasının
müjdəçisi hesab edən Heydər Əliyev bununla
bayramın ümumhumanitar mahiyyətini
vurğulamışdır. Yəni Novruz bayramı, əslində,
insanlar arasında milli, dini, irqi, cinsi və s. fərq qoymadan
bütün insanlığın bayramıdır: təbiət
bütün insanların anası, Novruz da ana təbiətin
elçisidir.
Ulu öndər bu obrazlı yanaşma ilə əslində
yalnız Azərbaycan xalqına deyil, bütün dünya
xalqlarına xitab edir, onlara Azərbaycan və digər Şərq
xalqlarının bəşər mənəvi mədəniyyət
xəzinəsinə Novruz adlanan nə qədər
böyük bir dəyər bəxş etdiyini
vurğulayırdı.
Heydər Əliyevin müraciətində Novruzun Azərbaycan
xalqının "sevinc və şadlıq bayramı"
olmasının xüsusi vurğulanması təsadüfi
deyildir. Novruz öz gəlişi ilə insanların həyatına
yalnız müsbət emosiyalar bəxş edir. Quran, yaradan
insanın ən çox ehtiyacı olduğu "emisiosemlər"
(sevinc və şadlıq hisslərini ifadə edən məna
vahidləri), başqa sözlə, gələcəyə
yönəlik xoş ümidlərdir. Dahi rəhbər bu məqamı
vurğulamaqla Azərbaycanı milli dövlət quruculuğu
istiqamətində mətin olmağa, yüksək ruhla milli hədəflərə
doğru irəliləməyə
çağırırdı.
Milli ideoloqun nitqində Novruzun "tariximizin müxtəlif
dövrlərində bəzi təzyiqlərə, süni maneələrə
məruz qalması"nın vurğulanması xüsusi bir məqamdır.
Novruz bayramının tarixinə nəzər
saldıqda onun öz varlığını qoruyub saxlamaq
üçün, sözün, bəlkə də, həqiqi mənasında,
müxtəlif ideoloji sistemlərlə savaşa
çıxdığını görürük. Ulu öndərin
vurğuladığı kimi: "Novruz bayramı bir çox
başqa bayramlardan fərqlənir və bu, bizim, məhz Azərbaycan
xalqının bayramıdır. Qədim zamanlardan bəri və
bu gün də bu bayramı ən çox sevən, ən uca
tutan Azərbaycan xalqıdır… Ancaq elə vaxtlar, zamanlar
olubdur ki, bu bayramı xalqımızın əlindən almaq
istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər.
XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq
Novruz bayramının o qədər dərin kökləri var,
Azərbaycan xalqının, millətimizin qəlbində o qədər
yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət,
heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının
əlindən ala bilməyibdir".
Yaxın tariximiz ulu öndərin nə qədər
haqlı olduğunu açıq şəkildə təsdiqləyir.
Faktlara nəzər salaq.
"Keçən əsrin iyirminci illərinin
axırlarında sovet Azərbaycanında ifrat solçuluq təsirləri
nəticəsində Novruz bayramına dini damğa
basılmış və o, demək olar ki, rəsmən
qadağan olunmuşdu. Buna baxmayaraq, o vaxtdan bu günə kimi
xalq onu evlərdə bayram etmiş, çərşənbələri,
bayram günlərini səməni, şəkərbura, paxlava,
noğul-badam, bəzəkli xonçalar, rənglənmiş-boyanmış
yumurtalarla keçirmişdir" (Mirzə İbrahimov).
"1953-cü ildə sovet qanlı ölüm
aparatının başçısı İ.V.Stalinin vəfat
etməsi, Sovet İttifaqı Kommunist Partiyasının yeni
katibi N.Xruşşovun Stalinin SSRİ-də
yaratdığı şəxsiyyətə pərəstiş
və qanlı repressiya siyasətini dayandırması ölkənin
siyasi həyatında müəyyən yumşalmalara səbəb
oldu. Bu proses yasaq olunmuş xalq adət-ənənələrinin
müəyyən şəkildə bərpasına, o cümlədən,
xalq tərəfindən, əslində, heç bir zaman
unudulmayan Novruz bayramının da rəsmi şəkildə bərpasına,
müvəqqəti də olsa, öz təsirini göstərdi.
Bu işdə görkəmli partiya və dövlət katibi,
yazıçı-dramaturq, ictimai xadim Şıxəli
Qurbanovun (1925-1967) böyük rolu oldu" (Sevinc Qasımova).
"1967-ci ildə Novruz bayramının "Bahar
bayramı" adı altında təntənəli şəkildə
qeyd olunması o vaxt SSRİ Ali Sovetinin Rəyasət Heyətinin
sədri işləyən A.Mikoyanın və onun əlaltılarının
böyük qəzəbinə səbəb oldu. Erməni
separatçılarının liderləri Levon Şaumyan,
Mariyetta Şaginyan, Sero Xanzadyan və onlarla
başqalarının imzası ilə Kremlə məktublar
axını başladı. Bu məktublarda Sovet rəhbərlərinə
Azərbaycanda dini bayramın bərpa edilməsi və bu ad
altında geniş antisovet kompaniya aparılması barədə
böhtanlar başlıca yer tutur, Azərbaycan rəhbərliyinin
cəzalandırılması tələb edilirdi. Doğrudur,
bayramın qadağası ilə bağlı Moskva rəsmi sənəd
imzalamadı. Ancaq Novruzun adının çəkilməsi
yenidən yasaqlandı, bu barədə təbliğat və tədqiqat
işləri üzərinə yenidən ciddi senzura nəzarəti
qoyuldu. Azərbaycanda Novruzun bayram edilməsi yenidən
qapandı" (Azad Nəbiyev).
Novruz bayramının milli müstəqilliyin
bayramına çevrilməsində Heydər Əliyevin
müstəsna xidmətləri oldu. O, qeyd etdiyimiz kimi, Novruz
bayramına sıradan bir mərasim kimi deyil, xalqı, milləti
birləşdirməyin, dövlət quruculuğu ideyaları ətrafında
vahid bir qüvvəyə çevirməyin modeli kimi
baxırdı. Dahi rəhbərin nitqlərində bu cəhət
daim vurğulanmışdır.
Ulu öndər belə hesab edirdi ki, "milli
ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi
dəyərlərimizdir. Bizim milli-mənəvi dəyərlərimiz
əsrlər boyu xalqımızın həyatında,
yaşayışında, fəaliyyətində
formalaşıbdır. Milli-mənəvi dəyərləri
olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".
Heydər Əliyev çox gözəl bilirdi ki,
milli-mənəvi dəyərlər minilliklər ərzində
formalaşır və milli yaddaşın silinməz, pozulmaz
arxetiplərinə çevrilir. O, Novruz bayramını bu mənada
milli-mənəvi dəyərlərin ən nəhəng abidələrindən
biri hesab edirdi.
Novruz bayramının etnopsixoloji mahiyyəti ilə
bağlı aparılmış tədqiqatlar ulu öndərin
nə qədər böyük bir ideoloq olduğunu təsdiq
edir. Cəlal Qasımov sovet epoxasında Novruz bayramının
unutdurulması ilə bağlı ideoloji-inzibati tədbirlərdən
bəhs edərkən qeyd edir ki, "bolşevik ideoloqları
nəyi unudur, yaxud nəyi bilmirdilər:
- Novruz, sadəcə olaraq bir bayram yox, Azərbaycan
xalqının ritual-mifoloji yaddaşının funksional
formulu, mifik-kosmoloji düşüncə ilə yaşayan
türk etnosunun gerçəkliyə münasibətinin
etnopsixoloji mexanizmidir...
- Novruz bayramı əski türkün məkan-zaman
haqqında bütün görüşlərinin yaddaş
modeli və bu modelin funksional sistemidir...
- Yaddaş hərəkətə gəlməklə
etnosu yaşadır: etnos yaddaş formulları əsasında
funksionallaşır - mövcudluğunu qoruyur və inkişaf
etdirir...
- Etnosun fiziki-mənəvi təcrübəsinin
bütün aksioloji dəyərləri ilkin kökdən
başlayıb, bütün dövrlər (siyasi, ideoloji, dini
epoxalar) boyunca Novruza konsentrasiya olunmaqla onu akkumulyasiya mənbəyinə
- etnoenergetik sistemə çevirir...
- Vaxtaşırı (ritmik olaraq) Novruz bayramını
keçirən etnos qapalı-dövrəvi ritmlə ondan
keçməklə hər dəfə özünü
etnoenergetik arxetiplərlə təchiz edir".
Beləliklə, Novruz bayramını dövlətin
milli-mədəni siyasətinin əsas tezisinə çevirən
Heydər Əliyev, Bəkir Nəbiyevin qeyd etdiyi kimi,
1993-cü ildə tarixi Sərəncam verdi və bundan sonra
Novruz ölkədə ümummilli bayram kimi dövlət səviyyəsində
qeyd edilməyə başladı. Bu isə bayramın nüfuz
çevrəsini daha da genişləndirdi, özünəqayıdışı
gücləndirdi, xalqımızın milli birliyinin möhkəmlənməsinə,
vətən, torpaq, sülh və dostluq uğrunda səfərbər
olmasına öz dəyərli töhfəsini verdi.
Bütün bunlar isə bayramın beynəlxalq aləmdə
şöhrətlənməsinə və dünya xalqları
içərisində sürətlə yayılmasına
öz müsbət təsirini göstərdi.
Bütün bunlar göstərir ki, bu gün
R.T.Ərdoğanın dilindən Novruz bayramı ilə
bağlı səslənən milli şüarlar təsadüfi
olmayıb, türk xalqlarının dövlətçilik təcrübəsinə,
o cümlədən, Heydər Əliyevin milli quruculuq sahəsində
təcrübəsinə əsaslanır. Bu cəhətdən,
ulu öndərin Novruz bayramını "beynəlmiləlləşdirmək"
istiqamətindəki düşüncə və fəaliyyəti
bu gün özünün müsbət nəticələrini
verməkdədir. Belə ki, bu fakt türk dövlətlərinin
vahid siyasi qüvvəyə çevrilməsi
baxımından bu gün
xüsusi əhəmiyyət kəsb edir.
Novruz bayramının konseptual-fəlsəfi əsasları
haqqında tədqiqata görə,
bütöv Avropa, Asiya və Şimali Afrikada müxtəlif
etnosların nümayəndələri tərəfindən
qeyd olunan bu bayram həmin etnosların ana vətəni kimi
dünyanın üç qitəsini, miqrasiyaların
timsalında isə bütün materik və qitələri
bir-birinə birləşdirən, onlar arasında sülh və
sevgi yaradan ümumbəşəri harmoniya və sülh
bayramıdır. Bu bayram siyasi coğrafiyası
baxımından Avrasiya materikində və Şimali Afrikada
Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika
ölkələrindəki "Novruz" topluluqlarına,
Asiyada Saxa-Yakutiyadan, Avropada Balkanlara, Krıma, Moldovaya,
Çindən - Uyğurustandan Şimali Rusiya türk dövlətlərinə,
onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər
çox nəhəng siyasi coğrafiyada
yayılmışdır.
Bu amilləri ətraflı şəkildə bilən
və onların rolunu dərindən anlayan Heydər Əliyev
Novruz bayramına türk xalqlarını vahid milli mədəniyyət
fenomeni ətrafında birləşdirən vəhdət modeli
kimi baxır və öz fəaliyyətini bu istiqamətdə
qururdu. Bu cəhətdən, Novruz bayramının 2009-cu ilin
30 sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan
qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi
bilavasitə ulu öndərin milli siyasət perspektivlərinin
beynəlxalq miqyasda təntənəsi idi.
Bu siyasətin davamlı inkişafı onda ifadə
olundu ki, Birləşmiş Millətlər Təşkilatı
Baş Məclisinin 64-cü sessiyasında martın 21-i
bütün dünyada "Beynəlxalq Novruz günü"
elan edildi. Vurğulamaq istərdik ki, BMT-də qəbul
edilmiş qərar Azərbaycan dövlətinin təşəbbüsü
ilə reallaşmışdır.
Ə.Paşayevanın yazdığı kimi, 21
martın "Beynəlxalq Novruz günü" elan edilməsi
hadisəsi Azərbaycan Respublikasının təşəbbüsü
ilə baş vermiş və Azərbaycan dövlətinin
bütün xalqlarla həmrəylik, dostluq və anlaşma
şəraitində yaşamaq istəyini bir daha nümayiş
etdirmişdir. 18 illik üzvlük dövründə Azərbaycan
BMT-də böyük nüfuz qazanmış, onu
özünün milli-mənəvi dəyərlərini
dünyada yaymaq üçün mühüm bir tribunaya
çevirmişdir. Bu isə bilavasitə ölkəmizdə mədəni
dəyərlərin qorunub saxlanması və bərpasına
ardıcıl göstərilən dövlət siyasətinin məntiqi
nəticəsidir.
Novruz bayramının siyasi mahiyyəti onun dövlətlərarası
mədəni inteqrasiyaya töhfə verməsi ilə əlaqədardır.
Heydər Əliyev və İlham Əliyevin bu bayramı milli
ideologiyanın əsas elementi kimi qəbul etməsi, onun
müstəqil dövlət quruculuğunda rolunu gücləndirmişdir.
Türkiyənin Novruzu milli birlik modeli kimi siyasi gündəminə
daxil etməsi və Türk Dövlətləri Təşkilatının
2025-ci il sammitində bu bayramın xüsusi vurğulanması,
onun türkdilli xalqların birləşməsi
üçün strateji əhəmiyyət
daşıdığını göstərir. Beləliklə,
Novruz bayramı təkcə qədim mərasim deyil, eyni zamanda
türkdilli və digər xalqlar arasında mədəni
inteqrasiyanın fəlsəfi və konseptual modeli kimi
çıxış edir. Onun mifoloji və dini kökləri,
etnokulturoloji sintezi, geniş coğrafi yayılması və
siyasi əhəmiyyəti onu dünya miqyasında vahid mədəni
vəhdət sistemi kimi təsdiqləyir. Azərbaycan və
Türkiyənin bu bayrama verdiyi önəm, onun strateji və
ideoloji gücünü daha da artıraraq, türkdilli
xalqların gələcək birlik modelinə töhfə
verir. Novruzun bu universal funksiyası, onun insanlığın
harmoniya və qarşılıqlı anlaşma prinsipləri
çərçivəsində daha da inkişaf etməsinə
zəmin yaradır.
Sadiq QURBANOV
Ədəbiyyat qəzeti .- 2025.-25 iyul (№26).- S.12.