Bizimdir və bizimlədir...
Azər Turanın "Müstəqil Azərbaycanın
ilk səhiyyə naziri Rahim Hüseynov" kitabı
haqqında düşüncələrim
Azərbaycan müstəqillik əldə etdikdən
sonra ölkəmizin uğurları, əldə etdiyi nailiyyətlər
daha da yüksəlmişdir.
Elm, təhsil, səhiyyə, mədəniyyət və
digər sahələrdə qazandığımız müvəffəqiyyətlər
bizim üçün daha qürurvericidir. Əgər
Qarabağ problemi kimi ağır dərdimiz olmasaydı, bəlkə
də daha böyük uğurlara imza atardıq.
Buna baxmayaraq, ən ağır vaxtlarda bir çox
ziyalılarımız vətənsevərlik, dəyanət və
mərdlik nümunəsi göstərməklə öz
missiyalarına şərəf və ləyaqətlə əməl
etmişlər.
Dəyərli ziyalımız, tənqidçi-ədəbiyyatşünas,
filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər Turanın "Müstəqil
Azərbaycanın ilk səhiyyə naziri Rahim Hüseynov"
adlı kitabı müasir tariximizin parlaq simalarından biri olan
Rahim Hüseynovun gənclərə örnək olan mənalı
ömür salnaməsindən, onun fəal həyat mövqeyinə
malik şərəfli ömür yolundan bəhs edir.
Kitabda müəllif Rahim Hüseynovu bütün
müsbət cəhətlərlə oxuculara təqdim etməyi
qarşısına məqsəd qoymuş, onun zəngin həyat
təcrübəsinin, ömür kredosunun bütün
aydınlığı ilə təsvir etməyə nail
olmuşdur.
Rahim müəllimin həmyerlisi və qohumu kimi bu
kitabdan əxz etdiyim xoş duyğular və iftixar hissi məni
daha da fərəhləndirdi. İnandım ki, Azər müəllim
Rahim Hüseynovun haqqında yazdığı bu əsəri
özünəməxsus kövrək hisslərlə və
xoş duyğularla qələmə almışdır.
Fəxr edirəm ki, Rahim Hüseynov kimi vətəninə,
elinə sadiq insanla eyni məkandanam. Onun tərcümeyi-halına
yaxından bələd olan bir ziyalı kimi
düşünürəm ki, R.Hüseynov haqqında hər dəfə
yeni bir şey yazmaq çox çətindir. Çünki
valideynləri, bütün qohum-əqrəbası Salyanda
yaşamış, bu torpağın şərəfini uca
tutmuş, rayon maarifinin, səhiyyəsinin, kənd təsərrüfatının
inkişafına səmərəli töhfələrini
vermişlər. Bu nəslin layiqli davamçısı olan
Rahim Hüseynovun bütöv bir kitaba sığmayan həyatı,
fəaliyyəti, sözün həqiqi mənasında, hər
birimiz üçün örnəkdir. O, 1975-1993-cü illərdə
18 il Səhiyyət Nazirliyində rəhbər vəzifəsində
çalışıb. Gözəl ailəsi, ölkə həyatının
müxtəlif sahələrində çalışan ləyaqətli
övladları var. Rahim Hüseynov həm Səhiyyə
Nazirinin müavini, həm də Nazir vəzifəsində
çalışarkən öz xalqı üçün
çox işlər görmüşdür. Erməni
daşnaklarının əzəli torpaqlarımızı
işğal etməsi və günahsız əhaliyə
qarşı vəhşiliyi təəssübkeş bir ziyalı
kimi R.Hüseynovu həmişə narahat etmişdir. O,
yaxşı bilirdi ki, hamımızın bir Vətəni, bir
güvənc yeri var.
O müsibətli günlərdə Səhiyyə
Nazirliyinin rəhbər işçisi kimi ilin çox hissəsini
Qarabağda keçirmişdir. Hər dəqiqədə faciə
gözlənilib, 4 dəfə olduğu vertalyot düşmən
gülləsi tərəfindən vurulub. Dəqiqəsi həyata
bərabər olan belə çətinliklərlə çox
üzləşib. Tibbi xidmət polkovniki olan Rahim Hüseynov
Füzulidə, Tərtərdə, Ağdamda və başqa ərazilərdə
səhra hospitallarının təşkilində yaxından
iştirak etmişdir. Vaxtında və operativ həyata
keçirilmiş tibbi yardım nəticəsində 50 mindən
çox yaralının həyatı ölümün pəncəsindən
xilas edilmişdir. O, yaxşı bilirdi ki, Qarabağ varsa, Azərbaycan
var, Qarabağ yoxdursa, Azərbaycan yoxdur. Məncə, əsl Vətən
oğlu, Dövlət məmuru belə olmalıdır. Və
Azər Turan onu həyatından keçən məqamları
yüksək peşəkarlıqla qələmə alıb.
Səhiyyənin, poeziyanın, incəsənətin əsl
bilicisi olan Rahim Hüseynov bəzən kövrələndə
sədəfli tarını sinəsinə sıxıb,
keçdiyi həyat yolundan mənəvi zövq alır.
Salyanda hamıya yaxşı tanış olan və müqəddəs
and yeri olan Mir Bağır ağanın rayonda abidəsinin
yaradılması üçün çəkdiyi əziyyət,
zəhmət onun necə böyük ürək sahibi
olduğundan xəbər verir. Ad-san, şan-şöhrət
üçün yox, xalq üçün çalışmaq
R.Hüseynovun həyat amalı olmuşdur. Bu məqamlara
sözügedən kitabda yetərincə diqqət yetirilib.
Qədirbilən xalqımız belə qeyrətli
eloğlumuzun qiymətini həmişə uca tutar.
"Müstəqil Azərbaycanın ilk Səhiyyə
Naziri Rahim Hüseynov" kitabı haqqında təəssüratımı
müəllifin - Azər Turanın fəxrlə dediyi bir
cümlə ilə bitirmək istəyirəm:
"Qürur duyuram ki, yaxın qohumu, milli məfkurəmizin
təməllərini türkləşdirən,
islamlaşdıran, çağdaşlaşdıran,
ideallarımızı bayraqlaşdıran Əli bəy
Hüseynzadə kimi, yaxud sirr üstünə sirr, ecaz
üstünə ecaz, nur üstünə nur olan Mir
Bağır ağa kimi Rahim Hüseynov da bizimdir və bizimlədir!".
Mətləb Əliqulu oğlu Axundov,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı
laureatı
Salyan
Mətləb AXUNDOV
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.13.