ZEN - gerçəkliyi
əlcəklə deyil, yalın əllə tutanların fəlsəfəsi
Bilavasitə varlığın nüvəsinə
tuşlanan, insan - təbiət harmoniyasının ən dərin
qatlarını açan, "mütləq həqiqət"in
(paramita) arxitekturasını yaradan, transendental müdrikliyi həyat
tərzi kimi qəbul edən zen-buddizm üç böyük
mədəniyyətin (Hindistan, Çin, Yaponiya) təcrübəsindən
süzülərək meyvələnib.
Buddizmin bu yolu - insanın bütün mənəvi
gücünü toplayaraq və mücərrəd təfəkkürün
gərəksiz yükündən onu azad edərək, mənəviyyat
tarixində ilk dəfə duyum (zen) - qavrayışın ilk və
əsas pilləsi - təməlində bir yaşamın var
olduğunu təsdiq edir. Əgər sivilizasiya
addımbaşı yanılmaq, özünün qurduğu tor - ehkamlar, formallıqlar içərisində
çırpınıb qalmaq istəmirsə, zen həyatının
təbii məcrasına düşməlidir.
Zen-buddizm - bütləşdirməkdən mütləqləşdirməyə
qədər bütün aktları rədd edir. Bu inkarda o təsdiq
var ki, Varlığın içərisindən onun hansısa
bir "hissəsi"ni - nə qədər "müqəddəs"
olursa-olsun, müstəsnalaşdırmaq olmaz.
Varlığın mərkəzi və periferiyası
yoxdur, vakuumu və doluluğu yoxdur. Sən ümumdünya
harmoniyası içərisindən Özünə doğru hərəkət
edirsən. Həm başlanğıcda, həm də sonda
dayanan Özünsən. Sənin yolun - bütün
yaradılışın yoludur. Qaranlıqlardan keçən
bu yolda Çıraq sənin əlində deyil, içindədir!
Zen - azadlığın deklarasiyası yox,
özüdür. Onun qapıları nəinki köləliyə,
hətta azacıq asılılığa belə
bağlıdır. İnsan - məbəddən, məbəd
- Tanrıdan asılı deyil. "Nə monoteistik, nə də
panteistik" olan (Sudzuki) Zenə sanki bütün dinlərin və
fəlsəfələrin ən sağlam ideyalarının
şəhdi-şirəsi süzülüb.
Ancaq bitməz özəlliyində bütün
saçaqlanan mənaları ilə Zen - ədəbiyyat
düşüncəsinin cövhəridir. "Cahana
sığmayan" Şair - Zen ustadıdır.
Zen - İnsanı azad etdiyi kimi, Tanrını da dini
ehkamların caynağından qoparıb hər zərrəsi bərq
vuran Varlıq Okeanına qərq edir. Varlığın hər
zərrəsi tək İnsanın da işıqlanması -
buddalaşması onun Taleyidir...
Getdiyin yolun bitməyini istəyirsənsə, o qurtaracaq.
Əgər onun yenidən başlamasını istəyirsənsə,
bir daha açılacaq. Ancaq o həm yoldur, həm də
sıldırım. Fəqət, hara burulsa da, birbaşa məqsədə
hədəflənmiş yoldur.
Gerçəkliyi "əlcəklə deyil, yalın
əllə tutmağ"a çalışan (Sudzuki) Zenin
cavabı - sual, sualı - cavabdır. İnsanların ən
çox istifadə etdikləri söz - Zendə ən az
üz tutulandır. Diqqət mərkəzindəki
nəsnəni daxil olduğu birgəlikdən ayırmadan tərpədilə
biləcək nöqtəsindən oyandırmaqla, ona bir meh
toxunuşunda dilləndirir Zen.
Əgər Varlıq özü danışa bilirsə,
niyə Onun əvəzində İnsan
danışmalıdır?! İnsanın susması - həm
ona, həm Varlığa tam azadlıq verir. İnsan məntiqinə
və bu məntiqin mücərrəd-çərçivə
anlayışlarına pərçimlənməmiş
Varlığın dili belə açılır,
substansiyası belə bəlli olur...
Zen - insanın tapındığı o Həqiqətdir
ki, burada Onunla Varlıq ayrı olduqda, sadəcə, bir-birini
tanımır. Zen fəlsəfəsinin məqsədi də
budur: İnsan özünün tanımadığı
dünyada yaşamasın. Bu dünyanın ziddiyyətləri
- məhz bizim tanımadığımız, bizə dolayı
sırınmış, hətta özümüzə yad
saydığımız dünyanın ziddiyyətləridir.
Bizim tanıdığımız dünya -
içimizin dünyasıdır ki, o - əslində,
yanlış olaraq özümüzə özgələşdirdiyimiz,
hətta qorxub çəkindiyimiz dünya ilə Vəhdətdədir.
Mənim dünyam - böyük dünyanın bir
bağçasıdır. Vəhdət dünyasında -
Düşmən yoxdur! Hətta - O yoxdur! Yalnız - Biz
varıq!
Rahid ULUSEL
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.13.