Bir söz ki,
şairin ürəyindən, sazın köynəyindən
keçə...
Çağdaş Azərbaycan poeziyasının
görkəmli nümayəndəsi İbrahim İlyaslı
bir neçə ay öncə mənə şeirlərini
göndərib telefonda demişdi ki, vaxtın varsa, oxu.
Şair aşıq şeirinin əsas nəzm şəkillərində
və janrlarında (qoşma, gəraylı, təcnis, müxəmməs,
ustadnamə, mənzum məktublaşma...) bir kitab
bağlamışdı. Bütün şeirlər "sazın
köynəyindən keçmişdi". Bu, bir tərəfdən,
İbrahim İlyaslının türk sazına və
sözünə sədaqətliliyinin nişanəsi, digər
tərəfdən, rəqəmsal texnolojilər dönəmində
də, virtual-vizual sistemlərin düşüncəmizə
hakim kəsildiyi vaxtda da klassik şeir formalarının imkanlarının
genişliyinin təsdiqi idi.
İbrahim telefon söhbətində onu da əlavə
etmişdi ki, Elmlər Akademiyasının Folklor İnstitutunun
rəyi ilə çap olunacaq. Dedim ki, şair, qorxmursan, səni
folklor hadisəsi kimi qəbul etsinlər?
İbrahim İlyaslı öz "ədəbi əcdadlar"ını
yaxşı tanıyır. Bütün incəli şairlər
kimi, "Avdı baba" ismi İbrahimin də dilindən
düşmür. Avdı babanı şeir təriqətinin
mürşidi, özünü də onun müridlərindən
biri hesab edir...
Rəhmətlik Akif Səməd deyirdi ki, saz su kimidir,
murdar götürməz. Akif Səmədin sözünün
qüvvəti, saz su daşı kimi sözü duruldur. Yad kəlmələri,
diləyatmaz sözləri öz ahəngində - avazında əridir
və könüləyatımlı şəklə salır.
Dilimizin, sözümüzün bu xasiyyətinə İbrahim
İlyaslı dərindən bələddir.
Beyqafıl sinəmin altı göynədi,
Elə qəribsədim, oyy... səndən
ötrü.
Divan şeiri kimi, aşıq şeiri də yazılan
və yazılmayan qanunları ilə bir mükəmməl
sistemdir. Vəzni, havacatı, janr repertuarı, qafiyə-rədif
yaddaş ilə bir etnomədəni ənənə təcrübəsidir.
İbrahim İlyaslı gözünü açandan bu sistemin
və təcrübənin içindədir.
Qoy öpsün mübarək qədəmlərini
Bəxtəvər-bəxtəvər yol, sənə
qurban.
Şeirlərin "sazın köynəyindən
çıxdığı"nı misraların təzad-sinonim
cərgəsindən, ritm-intonasiya bölgüsündən, təkrirlərin
və qafiyələrin məhrəmliyindən bilmək olur.
İbrahim İlyaslı aşığın dilini -
lüğətini, qoşma, gəraylı qanunları ilə
fonetik düzənini gözəl bilir. Aşıq şeirinin
forma-şəkil tərəflərini, dilini və üslubunu,
aşıq şeirinin fəlsəfəsini dərindən mənimsəməsi
də bu üzdəndir.
Nə nüsrətim yeriyəndə
Nə bazarım, ağrın alım.
Mənim bazar olan yerdə
Nə azarım, ağrın alım?!
Elə bu deyimlər uyğun "janrın
aurası"nı qoruyub saxlayır. O, aşığın
"yaddaş şanalarında" hər sözün, deyimin
yerini öncədən hiss edir. Ona görə də
aşıqlar etiraf edirlər ki, İbrahimin sözlərini
oxuyanda yaddaşları əziyyət çəkmir.
Çünki aşığın yaddaşı şairin
sözünü "tanıyanda" qəbul edə bilir.
Bircə yol tel vurub səsini duydum,
Bir ildi ovcumdan gül ətri gəlir.
Elə bu misalda göstərir ki, İbrahim
İlyaslının lirik qəhrəmanı sevgi şeirlərində
köhnə kişilərin, irfan aşıqların qəhrəmanları
kimi davranır: yardan ərkyana umu-küsüsü ilə,
"ismi-pünhanı" ilə, Vaqifanə zarafatı ilə...
İbrahim İlyaslı - qəm bəylərbəyi,
Tanrıya aşkarın pünhandı nəyi?
Dünya ha dağılmaz, sevgilim deyib,
Bir gün də çağırsam ad ilən səni.
İbrahim bir sənətkar həssaslığı ilə
sinonim, epitet sırasını duyur. Məsələn,
aşağıdakı nümunədə "qəlbidaş"ın
yanında "könlükəsək" sözünü
işlətməsi fikrimizin sübutlarından biri ola bilir.
Könlükəsəklərin, qəlbidaşların
Nə dərdi olacaq, nə dərdi, əmi?
Oxu, bu qoşmaya qiymat qoy özün,
Adına bağladım - nətərdi, əmi?
İbrahim ənənəvi rədiflərə də
öz nitq şirinliyini qatır. Həmin rədiflərin (məsələn,
Molla Pənah Vaqifin və İbrahim İlyaslının
"Əfəndim" rədifli şeirlərini müqayisə
etsək) söylənişində öz səsini eşidirsən.
Məlumdur ki, aşıq-ozan şeiri kommunikativ sənətdir.
Aşıq şeirinin bu gün zəifləməsinin, əksər
janrların unudulmasının bir səbəbi də ənənəvi
kommunikativ məkanların - ağır el məclislərinin,
dastan gecələrinin, yaylaq şölənlərinin
sıradan çıxmasıdır. İndiki məclislər
aşıq şeirində yeni mətnlərin yaranmasında,
yeni məna formalarının yaranmasında sanki maraqlı və
uyğun görünmür. İbrahim İlyaslı bu
boşluğu qismən də olsa, doldurmağa, klassik
sözün dadını-duzunu yazıda çatdırmağa
qadir olan azsaylı şairlərdən biridir.
Aşağıdakı parçada çağdaş
metaforik-vizual düşüncənin tapıntısı
("Süd gölündə üzdürür/Ay eşikdə
çinarı") ilə, leksik vahidləri ilə
("oda", "türkü") süsləsə də,
janrın məntiqi yenə də hər şeyi "yerbəyer
edir".
Dil açıb türkü deyir
Odamın daş-divarı.
Eyvanımdan qopan ah
Göydə əridir qarı.
Süd gölündə üzdürür
Ay eşikdə çinarı.
Sizin həyət-baca da
Belədimi, ay Nigar?
Ustadlar kimi, İbrahim İlyaslı da hər janrın
struktur bütövlüyünə əməl edir, qafiyədən
səmərəli yararlanır, yəni üç-beş bəndin
çevrəsində qafiyələnməni
yekunlaşdırıb sözünü deyir:
Təntidi çaparlar, qaraldı atlar,
Yazın yaz günündə saraldı otlar.
Yanıq verə-verə ötdü buludlar,
Çiçəklər
çığıra-çığıra qaldı.
Amma burda bir kiçik nəzəri haşiyə
çıxarıb bildirim ki, bütün forma-məzmun,
dil-üslub oxşarlıqlarına baxmayaraq, aşıq
qoşması ilə şair qoşması fərqli
yaradıcılıq hadisələridir: aşıq
qoşması öncə musiqili janr olub, yəni sazın sinəsinə
qalxıb, saz havalarından "nəm çəkib".
Şair qoşması isə kağızla qələmin
"işbirliyi"ndən yaranır. İbrahimin
qoşması milli şeirimizin bu iki yaddaş tipinin ortaq təzahürüdür,
- düşüncəsindəyəm.
Qorxum budur - qəfil qırılar yollar,
Payızı yetişər, gül rəngi solar.
Bircə yol gözünə görünsə, nolar,
"Ona zəhmət - mənə xəcalətdimi?"
İbrahim İlyaslının bir müəllif özəlliyi
də ondadır ki, bütün ruhu - vücudu ilə məclisi
hiss edir. Dəfələrlə fikir vermişəm: məclisin
(auditoriyanın) havası sanki şeirinin havasına
yansıyır, yəni şeir ilə məclislə
bütövləşməyi bacarır (Sonuncu dəfə bunu
xalq şairi Zəlimxan Yaqubda müşahidə
etmişdim...).
O, şeirini bir peşəkar qiraətçi kimi
deyil, ozan kimi söyləyir. Yox, səhv eləmədim: məhz
ozan kimi! Üç-beş bəndlik qoşmasında da, xatirə
nisgilli süjetli şeirində də ("Sizin məhləyə
də yağış yağırmı?") əhvalat
danışır, hadisəni məclislə paylaşır...
Şairin bu "ünsiyyətcilliyi" ənənədən
və mənsub olduğu coğrafi, ədəbi-mədəni
məkandan gəlir. İbrahim öz şeirini məclisdəkilərə
bütün səmimiyyəti ilə inandırmaq gücündədir
- oxucu/dinləyici onun təbiiliyinə, yəni iç tarixçəsinə
inanır... Ustad aşıq dastan qəhrəmanlarının
gerçək varlığına inanan kimi, nəzəri dillə
desək, İbrahim də öz lirik personajlarının
gerçəkliyinə inanır. Əks halda, belə ürəkdən
yaşayıb söyləyə bilməzdi...
Şairin təxəyyülündə və təhtəlşüurunda
kitab/yazı oxucusunun deyil, şifahi sözün/səsin
obrazı canlanır.
Aşıq sənətinin magik gücü şairi
müdrik edir. Xəstə Qasım, Qurbani, Abbas Tufarqanlı,
Aşıq Alı, Aşıq Ələsgər... ilə təması
olan yazılı sözün müəllifini sanki müdrikləşdirir,
ağsaqqallaşdırır - hər halda mənim filoloji
hissiyyatım bunu deyir... Yeni texnolojilər dövrünün
şairi İbrahim İlyaslının könül
yaddaşı bu magik təsirdən qurtula bilməyib.
Düşüncəsinin aforistik olması, sözünü
ibrətli-hikmətli söyləməsi bu üzdəndir.
Yüz arxı qaldırıb bağla dəhnəyə,
Dəhnədən çıxandan çay olmaz-olmaz.
Yaxud:
Bir kəlmə tulladın üz qarasınnan,
Ömürlük giymərəm söz yarasından.
Haqq-hesab çox olar dost arasında,
Hər şeyi çəkməzlər pul
ayağına.
Təcnisdə, "qafiyənin sınaq
meydanının darlığı" ona ibrətli, müdrik
söz söyləməsinə mane ola bilmir.
İrmağa su gələr, dolar arxa da,
Xəlq eləyən Xaliq olar arxa da.
Atişləməz yollar qalar arxada -
Ya köhlənə yol var, ya səməndədi.
Azərbaycanın hər yerində olduğu kimi,
qazaxlı şairlərin Qazaxa, doğma yurd yerlərinə
şeirlər həsr etməsi bir ədəbi ənənə
halıdır. İbrahim İlyaslının bu poetik ənənədən
kənarda qalması mümkünsüzdür. Və
İbrahimin bu ikicə misrası kifayət eləyir ki, mən
onun ayrılıq həsrətinə, görüş nisgilinə
inanım. Üç feilin ("dartınmaq", "tərpənmək",
"atdanmaq") bir beyt məkanında məna vəhdəti
də bu hissləri bir az da məhrəmləşdirir.
Dartınıb Gəncədən tərpəndi qatar,
Ürəyim atdandı: budu... Qazaxdı.
Nə rus dilindən bədii tərcümələri,
nə də dörd tərəfində şəhər
insanlarının "yadlaşması" onun içindəki
qoşma, gəraylı, ustadnamə... damarını qətiyyən
qıra bilmədi - bu, şifahi söz ilə yazının,
irfan sözü ilə saz havasının mübarək
ortamında yazıb-yaradan görkəmli şairimizin
istedadının və dilinin təbii gücündəndir...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (¹26).- S.15.