Eşqin rəngləri
Romandan hissə
(Əvvəli ötən saylarımızda)
Müəllif -
Gülçin - 32 yaşında, istedadlı rəssam
Böyükkişi - 35 yaşında, Gülçinin
əri
Yalçın - 34 yaşında,
Böyükkişinin müdiri
Nemət - 45 yaşında, tanınmış psixiatr
Nemət
Bəzən insan içindəki duyğuya ad qoymaqdan
çəkinir, bilir ki, ondan sonra o hiss daha dərinə
işləyə, nəzarətdən çıxa bilər, sərhədləri
aşar. Ona görə də özünü susqunluğa məhkum
edir. Amma susduğun duyğu səssiz qalmır. Sən
danışmadıqca o içində dilə gəlib fəryad
qoparır. Ona görə də daxilimdəki duyğuları
Gülçinlə bölüşməyimdən, bu hisslərə
ad qoymağımdan peşman deyiləm. Əlbəttə, əslində
bu qadın mənim üçün, sadəcə, bir pasiyent
olaraq qalmalı idi. Amma ürəyə hökm etmək
heç də hər igidin işi deyil; sevilən qadın, ən
inadkar ürəklərin belə zəif nöqtəsidir.
Gülçin artıq xeyli dəyişib. İlk dəfə
gələndə gözləri həyəcanla otağı
süzürdü, səsi titrəyirdi, əlləri əsirdi.
Artıq terapiya və dərman müalicəsi öz nəticəsini
göstərir, getdikcə əhvalı sabitləşir.
Baxışları durulub, qəribə bir işıq
saçır sanki... Bir pasiyentin sağalma əlaməti kimi
bu, sevindirici görünə bilərdi. Amma onun bu cür
işıq saçması, indiki əhval sabitliyi
Yalçının sevgisinə görədir, əgər
aralarında qəfil bir hadisə baş versə,
Gülçinin ildırımın zərbəsindən devrilən
əzəmətli çinar kimi yıxılacağı
ehtimalı məni indidən qorxudur.
Bir kişi kimi qəlbimi ən çox incidən məqam
da sanki məndən uzaqlaşmasıdır. Elə bil əvvəlki
kimi ruhən yaxın deyil. Qəribə bir məsafə qoyub
aramıza. Salamı nəzakətlidir, gülüşü
ölçülüdür, sözləri seçilib. Sanki
bu mənə "getdikcə sənə ehtiyacım
qalmır" deməyin başqa yoludur. Baxışlarda təşəkkür
olsa da, bu, peşəkar bir həkimə olan yanaşmadan
başqa bir şey deyil. Nə gizlədim, bu mənim kişi
kimi qürurumu incidir, ürəyimi yaralayır.
Bir zamanlar bu otaqda gözlərini mənə dikib
çarə gözləyən o qadın artıq yoxdur. Yerində
daha ağıllı, daha soyuq, daha sakit bir başqası əyləşib.
Elə bir qadın ki, elə bil içindəki təlatümləri
susdurub, onları sənətə, tabloya və
Yalçına olan eşqə çevirib. Kilid nöqtəsi
isə Yalçındır. Bilirəm, peşəkar həkim
kimi bunu deməyim düzgün deyil, amma Gülçini dəhşətli
dərəcədə Yalçına qısqanıram.
Böyükkişiyə də nifrət edirəm ki, belə
bir qadının qədrini bilməyib, onun başqasında
sevgi axtarmasına da göz yumub. Yalçının
haqqında isə ümumiyyətlə eşitmək də istəmirəm,
ondan zəndeyi-zəhləm gedir. Gülçinin mənim
daxilimdə yaratdığı bu qarışıqlıq məni
hər gün dərin düşüncələrə qərq
edir. Sanki getdikcə çıxılmaz dalana dirənirəm,
artıq neyləyəcəyimi bilmirəm...
Həkim kimi baxsam, müalicə prosesi irəliləyib.
Amma kişi kimi baxanda - itirdiyim bir qadının kölgəsini
izləyirəm. Düzdür, o heç vaxt mənim
olmamışdı. Amma mən özümü onun hekayəsində
həmişə xilaskar kimi görmək, onun yanında qalmaq
istəyirdim. İndi isə onun səssizcə yola
saldığı bir əsgərə bənzəyirəm, elə
bil döyüş bitib və mən daha ona lazım deyiləm.
Yalçın adı çəkiləndə
içimdə bir burulğan baş qaldırır. Bu
burulğanda qısqanclıq da var, özünü dəyərləndirmə
də. Elə bil sınaqdan keçirəm. Mən onun əlindən
tutan, sözlərini dinləyən, ağrılarına dərman
olan idim. Yalçın isə sadəcə sevilən bir
adam... Amma görünür, bəzən sevilən olmaq yetərlidir...
İçimdə bu suallar dolanır, cavabları isə
demək olar ki, yoxdur. Bu gün o qədər rahat
danışdı ki, gözümün önünə illər
öncə tanıdığım başqa bir qadın gəldi.
Oxşarlıq qorxuludur. Qəfildən keçmişlə
üz-üzə qala bilirsən. Gülçin mənə gənclik
vaxtı sevdiyim dəlisov bir qadını da xatırlatmağa
başlamışdı. Bəlkə də Gülçin mənim
üçün unutmaq istədiyim keçmişin aynadakı
əksi idi, kim bilir?
Seansın ortasında nəbzini yoxlamaq bəhanəsilə
əlini tutdum. Elə bil içimdə fırtına qopdu.
Sinirlərim gərildi, nəfəsim dəyişdi. Onun
baxışlarında bu halımı gördüm. Amma
heç nə demədi. Sakitliyində elə bir güc
vardı ki, mən o səssizlik içində əzildim... Onun
baxışları içimdə hər şeyi alt-üst
edirdi. Gözlərindəki ifadə sanki deyirdi:
"Görürəm səni, mənə necə dəlicəsinə
aşiq olduğunu görürəm, amma buna cavab verəcək
hissim yoxdur..." Onunla da yaxın olmaq, onun dünyasına
daxil olmaq istəyirəm. Ona görə də seansın
sonunda sanki terapiyaya dəstək kimi yaradıcılıq
emalatxanasına gəlmək üçün icazə istədim,
ünvanı soruşdum. Ünvanı tərəddüdlə
dedi, tələsik kağıza yazdım, dedim ki, bir gün
icazənlə emalatxanaya kofe içməyə, doğulmaq ərəfəsində
olan tablolara baxmağa gələrəm. Razılaşdı,
qarşıdakı həftə içində məni
emalatxanada gözləyəcəyini deyib sağollaşdı.
Həddindən artıq sevindim, onun dünyasına girməyə
icazə istəmişdim və o, buna etiraz etməmişdi. Bu,
kənardan kiməsə əhəmiyyətsiz görünə
bilər, ancaq sevən kişi üçün, hətta belə
cüzi addımlar da böyük görünür.
Gülçin sağaldıqca məndən
uzaqlaşır, ona görə də emalatxana məsələsini
qəsdən ortaya atdım ki, onunla həm də dostluğa
doğru addım atım. Mən onu sağaltmaqdan çox ,
yanımda saxlamaq, daim onunla bir yerdə olmaq istəyirəm.
Bilirəm, bu sevgi həkimlik peşəsinin çərçivəsinə
sığmır. Mən artıq xəstəyə kömək
edən adam yox, kömək bəhanəsi ilə onun
yaxınında olmaq istəyən bir kişiyə.
Ən acısı isə budur ki, bu duyğu artıq
seçim deyil, məcburiyyətə çevrilib. Deyəsən,
onu sağaltmaq üçün meydana atılıb
özüm eşq xəstəliyinə mübtəla oldum... Və
mənim dərmanım indi sadəcə Gülçindir...
Gülçinin dərmanı Yalçın olduğu kimi.
Gülçinlə hər seans mənim üçün həm
cəzadır, həm də böyük mükafat. Deyəsən,
Gülçinin bu bəlası keçici imiş, onu sağaltmaq
istədiyim mərəzə indi mən psixoloji olaraq
"yoluxmuşam". Bəs məni kim sağaldacaq?..
Böyükkişi
Həyatda bəzi münasibətlər var ki, insan
onlara illərlə məruz qalır, amma heç vaxt daxilən
qəbul etmir. Gülçinlə olan evliliyimiz məhz bu
cür bir münasibət idi. Kağız üzərində
vardı, amma ruhumuzun heç bir qatına toxunmurdu. Eyni evin
içində nəfəs alırdıq, amma bir-birimizdən
xəbərsiz ömür sürürdük. İllərlə
adət etdiyim bu ölü həyat tərzi məni içəridən
çürüdürdü. Amma indi həyatımda İlkanə
adlı yeni bir nəfəslik açılmışdı.
Onunla danışdıqca, yaxından tanış
olduqca illərlə boğazımda düyünlənən
sözlərin yavaş-yavaş
açıldığını hiss edirdim. Sanki içimdə
gizlənmiş, zamanla pas bağlamış hisslər bir-bir
üzə çıxır, nəfəs almağa
başlayırdı.
Bir neçə dəfə işdən sonra İlkanə
ilə kafedə, restoranda oturmuşduq, şəhərin sakit
küçələrində gəzmişdik. Dünən yenə
isti yaz havasında Dədə Qorqud parkına getmiş, doyunca
söhbət eləmişdik. Küçədəki axşam
işıqları onun üzündəki yumşaq ifadəni
daha da cazibədar edirdi. Danışdıqca başını
bir az yana əyir, gözlərində qəribə bir
işıq yanırdı. O axşam bir restoranda oturduq. Masa
üstündəki şam işığı onun
yanaqlarına solğun narıncı rəng çiləyirdi.
Yeməkləri seçərkən, qırmızı şərab
içmək istədiyini sakit səslə dedi. Onun
danışığında qəribə bir nəzakət,
eyni zamanda rahatlıq vardı. İnsan onunla danışanda
özünü heç sıxılmış hiss etmirdi.
Gülçinlə münasibətimizdə illərlə belə
sadə, rahat bir ünsiyyət olmamışdı. Onun hər
sualına ölçüb-biçib cavab verməyə məcbur
qalırdım, çünki dediyim hər söz, ya
mühakimə olunur, ya da soyuq baxışlarla
süzülürdü. İlkanə isə məni həqiqətən,
ürəkdən dinləyirdi. Ona həyatımla, ailəmlə
bağlı hər şeyi rahatca danışa bilirdim.
Restoranda yemək yeyərkən, İlkanənin
barmaqlarını süfrənin kənarında yüngülcə
oynatdığını gördüm. Bu hərəkətində
bir incəlik, bir qadın zərifliyi vardı. Restoranda caz
musiqisi səslənirdi. Onunla baxışlarımız tez-tez
toqquşurdu, amma bu toqquşmalar nə gərgin, nə də
utancaq idi. Aramızda görünməyən bir bağ
yaranmışdı, bunu hər ikimiz hiss edirdik. Söhbətimiz
daha çox həyatdan, musiqidən, kitabdan gedirdi. Heç
zamanın necə keçdiyini anlamadım. Saat gecə on ikini
keçəndə İlkanəyə baxıb dedim: "Bəlkə
bir az da gəzişək?" O isə gülümsəyərək
başını tərpətdi. Həmin anın içində
qəribə bir tamamlanmışlıq duyğusu hiss etdim.
Restorandan çıxıb maşına gedəndə
dodaqlarından öpdüm, etiraz etmədi, məsumluqla mənə
sığındı, bu hərəkəti məni çox təsirləndirdi.
Dərindən baxanda, onunla münasibətimdə nə
böyük ehtiras, nə də qəribə həyəcan
sezilirdi. Amma sabitlik, sabaha inam hissi vardı. Onun yanında
sakitləşirdim. Danışmasam da, onun varlığı
kifayət idi ki, özümü kişi kimi hiss edim. Mənə
artıq "niyə belə davrandın?", "niyə
danışmadın?", "nə hiss edirsən?" kimi
suallar verilmirdi. Sadəcə olduğum kimi qəbul olunurdum.
Bu, uzun illərdən sonra ilk dəfə idi. Gülçin nə
vaxtdan bəridir məni heç kişi hesab etmirdi, indi İlkanə
isə mənə son dərəcə əhəmiyyətli
insan kimi yanaşırdı.
Gülçinlə evliliyimiz kağız üzərində
hələ də davam edir. Amma artıq içimdə o əlaqə
çoxdan qopub. Biz bir damın altında yaşayırıq,
amma yollarımız bir nöqtədə kəsişmir.
Artıq özümə söz vermişəm, İlkanə
ilə evlənəcəyəm, Gülçinlə olan formal
nikahıma isə yenidən göz gəzdirəcəyəm,
bəlkə də saxta evlilikdənsə, onunla
boşanmağımız yaxşı olar?! Bu, artıq
zamanın axarına buraxılmış bir qərar idi, amma mən
artıq bu barədə düşünməyə
başlamışdım... Çünki Gülçinlə
olan münasibət sadəcə vərdişdir, amma İlkanə
ilə olan münasibət içimi isidən, ürəyimi
açan doğma ehtiyacdır. Onunla olmaq üçün
heç bir rol oynamağa ehtiyac yoxdur. İlkanənin
qarşısında maska taxmıram.
Həyatda hər şey öz axarı ilə gedir. Bəzən
çox gec də olsa, həyatdan nə istədiyini başa
düşürsən. Mən indi nə istədiyimi, kimə
bağlandığımı, kimlə sakit və
dürüst bir ömür keçirə biləcəyimi
daha aydın görürəm. İndi anlayıram ki, həyat
həqiqi şəkildə, bir-birinə gerçəkdən
dəstək olaraq yaşamağı bacardığın
insanla daha dəyərlidir. İlkanə ilə təkcə
danışaraq yox, həm də susaraq bir-birimizi başa
düşürdük. Bəzən bir qadının sənə
heç nə demədən, qınamadan, ittiham etmədən
səni dinləməsi - bütün suallara verilən ən
dürüst cavabdır.
Yalçın
Gülçinə qarşı hisslərimin sadəcə
ehtiras olmadığını çoxdan bilirdim. Bu, artıq
sevgiyə çevrilmişdi. Gülçinə qarşı
işıqlı, ağır, bədənimi yox, ruhumu isidən
bir duyğu yaranmışdı. Ona get-gedə
bağlanırdım, ayrı qala bilmirdim. Hər axşam
işdən sonra emalatxanaya getməsəm, elə bil, o
günü yaşamamışam. Gülçinin adını
"Eşqin rəngləri" qoyduğu o
yaradıcılıq emalatxanası mənim boz həyatımı
rəngləndirir, yaşamaq həvəsi oyadır. Bir yandan
da Nilufər məsələsi çıxıb. İndi bunu
açıb Gülçinə danışmaq da var hələ...
İşdən çıxanda hələ hava isti
idi, axşamın günəşi parlaq narıncı məcməyi
kimi üfüqdə asılıb qalmışdı. Evə
gedən kimi anam yenə başlayacaqdı - nişan buradan gəldi,
toy oradan getdi, Nilufərlə görüşdünmü?
Ürəyim sıxılırdı bu sorğu-sualdan...
...Novxanıya getməyi qərara aldım,
Gülçindən ötrü darıxırdım. Şəhərdən
çıxmamış yolüstü bir cəvahirat
dükanına sarı yönəldim, çoxdandır
Gülçinə gözəl bir hədiyyə almaq istəyirdim...
...Qapını yavaşca döyüb içəri
keçdim. Səs-səmir yox idi. Qapı açıq idi,
torşerin zəif işığı otağı xəfifcə
işıqlandırmışdı. Gülçin divanı
açıb üstünə nazik odeyal atıb üzü
divara yatmışdı. Örtüyü də üstünə
çəkib özünü elə bələmişdi ki, elə
bil qışın oğlan çağında
üşüyürdü. Mışıltıyla
yatırdı, qapının açılmasına da
oyanmadı. Ona aldığım hədiyyəni yavaşca
divanın yanındakı kiçik jurnal stolunun üstünə
qoydum. İçəri isti idi, yavaşca pəncərəni
açdım. Divanın kənarına yavaşca oturdum ki,
oyanmasın. Sakitcə izləməyə başladım.
Göz qapaqları səyriyir, gözəl dodaqlarında xəfif
bir təbəssüm donub qalmışdı. Yavaşca
odeyalı qaldırıb yanına uzandım, bütün
gücümlə qucaqlayıb bağrıma basdım,
dodaqlarına yapışıb buraxmadım. Dərindən ah
çəkib incəliyinə yaraşmayan bir qüvvətlə
mənə sarıldı, gülümsəyib gözlərini
açdı: "Gəlmisən, Yalçın?"
Bu təbəssümün içində nə
şıltaqlıq, nə də həyəcan vardı, bir
qadının sevdiyi kişi gələndə gözlərində
yaranan işıq parlayırdı. Qucaqlaşıb bir-birimizin
nəfəsini dinlədik... Onu öpüb ayağa qalxdım,
mətbəxə keçib çay qoydum. Qayıdanda
aldığım qutunu açıb baxırdı.
Yaxa sancağı almışdım. Qiymətli
daşlarla bəzənmiş bir broş idi. Miniatür kətan
formasında düzəldilmişdi, ortasında qızıldan
kiçicik fırça və bir damla boyanı xatırladan
tünd qırmızı yaqut daşla süslənmişdi.
Tam rəssam qadına yaraşan bir hədiyyə idi, nə qədər
hədiyyənin içərisindən diqqətlə
seçmişdim. Onun sənətini,
qadınlığını, mənim ürəyimdəki yerini göstərən bir hədiyyə
idi. Gülçinin gözləri fərəhlə
parıldayırdı, qalxıb üzümdən öpdü,
heyrətlə dedi:
- Şahanə bir hədiyyədir, bunu haradan
tapmısan belə, Yalçın?
Əlində broşu saxlayıb uzun-uzadı baxdı.
Sonra gözlərini sevgiylə, şəfqətlə mənə
zillədi. Baxışlarında nələr vardı, bəlkə
də sözə-kəlməyə sığmayacaq mətləblər
idi...
Səssizcə yanında oturub əlindən tutdum,
dodaqlarıma yaxınlaşdırdım... Bu əllər sadəcə
rəsmlər yaratmırdı - mənim taleyimi də dəyişdirirdi.
Gülçin baxışlarını qaçırmadan
üzümə baxırdı. Əlimi belinə doladım,
başını çiynimə söykədi. Nəfəsi
boğazımda gəzirdi. Dərindən nəfəs alıb
sözə başladım:
- Gülçin, sən mənim həyatıma rəng
gətirdin. Mən səninlə bir insan olaraq nəfəs
almağı, düşünməyi, hiss etməyi öyrəndim.
Bu hiss... sadəcə bədən istəyi deyil. Sənə
toxunanda ruhum dincəlir. Amma... Bir məsələ var. Sənə
bir şey danışmalıyam... Anamın illərdir arzusu məni
evləndirməkdir. Ailəvi dostumuz var, onun qızı Nilufərlə.
Bu yaxında nişanımız olacaq, evdə - ailə
arasında edəcəyik. Kağız üzərində,
valideynlərimin xətrinə evlənəcəyəm. Amma
xahiş edirəm, inan mənə, onu qətiyyən sevmirəm,
sırf anamın arzusu gözündə qalmasın deyə...
Gülçin sakit qulaq asırdı. Elə sakit idi
ki, hətta bir ara bu sükut məni qorxutdu. Başını
qaldırıb üzümə baxdı. O gözlərdə nə
qəzəb, nə də ittiham vardı, amma o
baxışlardan sonsuz bir kədər boylanırdı.Əlimi
yanağında gəzdirdim, barmaqlarımla qulağını
sığalladım. Onun gözlərinə baxa-baxa sözlərimi
pıçıldadım:
- Həyatımdakı əsas qadın həmişə
sən olacaqsan, Gülçin. Nilufər anamın gəlini
olacaq. Amma sən... Sən mənim nəfəsim, həyatımsan,
ömrümün rəngisən... Səni heç vaxt
buraxmayacağam.
Bu sözləri dedikcə bədənində bir titrəyiş
hiss etdim. Bir əli ilə ağzımı qapadı, o biri
qoluyla boynuma sarıldı. Dodaqlarıma yaxınlaşdı,
öpmək istədim, icazə vermədi...
Ayağa qalxdı. Sakit addımlarla emalatxananın
ortasındakı natura stoluna yaxınlaşdı.
Arxasını mənə çevirərək əynindəki
nazik donu əynindən çıxardı... Tamamilə
çılpaq şəkildə güzgünün
qarşısında oturdu.
Əvvəlcə qorxdum, yavaşca
"Gülçin, Gülçin", - deyə səsləndim...
Mənə fikir vermədi, güzgünün yanındakı
çoxlu fırçalarından birini götürüb
güzgünün qarşısında üzünə boya
çəkməyə başladı... Nə elədiyini
anlamadım, əvvəlcə gözlərindən qara damlalar
çəkdi, sanki qara göz yaşları
süzülürdü... Hər şeyi anladım,
Gülçin rənglərlə hiss etdiyi kədəri
atmağa başlamışdı. Sonra sinəsində, sol
döşünün üzərində qara rənglə
ürək şəkli çəkməyə başladı.
Ona yaxınlaşıb, qucaqladım, boynundan öpdüm:
- Belə eləmə, Gülçin, niyə belə
elədiyini bilirəm, kədərdən belə eləyirsən,
eləmə, and içirəm, sən mənim həyatımın
mənası olacaqsan həmişə...
Mənə tərəf çevrildi,
ağlayırdı... Gözündən yaş süzülə-süzülə
məni qucaqlayıb öpməyə başladı...
Çılpaq bədəninə bulanmış rənglər
həm kədərli, həm də son dərəcə gözəl
görünürdü... İçimdə qəribə bir həyəcan
qalxdı. Əllərimi güzgünün yanındakı rənglərə
batırıb Gülçinin bütün bədəninə
yaydım, o da güldü, əllərini boyalara çəkib
bədənimə sürtdü. İkimizin də
çılpaq bədəni rənglərə
boyanmışdı, gah ağlayıb, gah gülürdük,
həyatın bütün rəngləri üstümüzdə
idi, bütün dünyanı unutmuşduq...
Gülçin
Seansdan çıxandan sonra özümü emalatxanaya
çatdırdım. Həkim Nemətin duyğuları elə
bil məni əzməyə başlamışdı. Onun
qarşılıqsız sevgisi sanki get-gedə çiyinlərimdə
yükə çevrilirdi. Emalatxanama gəlmək istədiyini
dedi, ünvanı soruşdu, əvvəlcə
razılaşmaq istəmədim, amma sənətimə
hörmət bəsləməsi çox xoşuma gəldi. Məni
təkcə qadın kimi yox, insan və rəssam kimi qiymətləndirməsi
heysiyyətimi oxşayırdı. Emalatxanaya çatan kimi
divanı açıb uzandım. Yorğun idim, elə bil
bütün dünyanın şələsi üstümə
aşmışdı...
Yalçın gəlib-gedəndən sonra emalatxanadan
çıxmadım, Böyükkişiyə mesaj yazdım
ki, gecəni emalatxanada keçirəcəyəm.
Yalçının Nilufər adlı ailə dostunun
qızıyla nişanlanması xəbərinə dərindən
sarsılmışdım. Onunla Yalçının
adının eyni cümlədə çəkilməsi mənim
üçün cəza kimiydi. İstəmədiyim halda onu
düşünməyə məcbur idim. Bütün
qadınlıq qüruruma rəğmən
qısqanırdım. Əvvəlcə ağlasam da, sonra
yanında güldüm ki, çox qürursuz görünməyim.
Amma elə bil ürəyimə bıçaq
saplanmışdı. Yalçın gedəndən sonra durub
hamama da girmədim, bütün bədənim rənglərə
boyanmış halda, elə çılpaq şəkildə də
divanın üzərinə uzanıb ağladım... İlk dəfə
idi ki, belə dərin kədər hiss edirdim. Sanki dağ
uçmuşdu, altında qalmışdım. Ya da
güclü zəlzələ olmuşdu, böyük bir
çat yaranmışdı torpağın sinəsində...
Ya da, bəlkə elə münasibətimizə ilk
böyük çat düşmüşdü... Onun məni
necə sevdiyini, dəyər verdiyini bilirəm, amma bəzən
sevgi də hər şeyi xilas edə bilmir... Bəzən
sevgidən daha güclü şeylər var - qorxu, ailə təzyiqi,
sosial çərçivələr... Hər halda, o məni
yox, Nilufəri seçmişdi. Bəlkə də
Yalçın heç zaman mənə aid olmamışdı
və olmayacaqdı. Bəlkə də mən onu, sadəcə,
öz ürəyimin içində
böyütmüşdüm. O isə mənimlə bir səhnədə,
amma başqa bir tamaşanın aktyoru olmuşdu. Bu
düşüncəylə ağlayırdım, göz
yaşım üzümə çəkdiyim qara boyaya
qarışıb axırdı... İlk dəfə idi ki,
sevişməkdən sonra içimi boşluq
bürümüşdü. Sanki o anlarda mənə toxunan
sehrli əlləri indi yaddan da yad olmuşdu.
Bir az da uzanandan sonra yerimdən qalxıb kətana
yaxınlaşdım, sürətlə çəkməyə
başladım... Qaranlığı qalın, tünd
fırça zərbələri ilə çəkdim - qəhvəyi,
tünd boz, mürəkkəb qara tonlarında. Sanki torpaq
çöküb, sinəsi parçalanmış bir ana kimi
ağrıyırdı. Bu qaranlıq torpağın
bağrında dərin bir çat yaranmışdı... Bu
çatın içindən isə işıq süzülürdü:
sarı, açıq narıncı işıq... O çatdan
çıxan işıq, sanki ağrıdan qopan sevinc
nişanəsi idi. Həmin işıq zolağını
çəkərkən əlim titrəyirdi.
İşığın ətrafında isə yarı şəffaf
qadın siluetləri çəkdim... Bunlar mənim içimdə
yaşayan - sevilmiş, aldanmış, inanan və sınan
qadınların kölgələri idi. Torpağın
bağrından qalxan işıq isə o kölgələri
qaranlıqdan aydınlığa
çıxarmışdı...
Müəllif
Bəzən insanların danışmadığı
cümlələrdə, demədikləri etiraflarda, gizlədikləri
baxışlarda nə qədər həqiqət və qorxu gizlənir.
Hər dəfə anlayıram ki, heç kəs bir
başqasının hekayəsini tam anlaya bilməz; amma
anlayış göstərə bilər.
Nemət sevgini bir pasiyentin gözlərində görərək
dərk etdi. O, peşəsinin sərt çərçivələri
içində boğularkən, bir qadına aşiq oldu. O,
sevdiyi qadının sağalmasını istəyir, amma həmin
sağalma Gülçini ondan uzaqlaşdırdığı
üçün həm də əzab çəkir. Bəlkə
də onun üçün yolun sonu yoxdur, amma bütün
yollar başa çatmalı deyil ki...
Böyükkişi uzun illər susaraq, sanki
üzündə maska ilə yaşayıb. Amma İlkanə ilə
tanışlıqdan sonra bu maskanı atmağa başladı.
İlkanənin sadə varlığı onun içində
illərlə basdırılmış kişilik hissini yenidən
oyatdı. İndi o, artıq həyatın mənasını
birlikdə yaşaya biləcəyi bir qadının gözlərində
tapır. Nəhayət, özü üçün
yaşamağa, xoşbəxt olmağa qərar verir.
Yalçın Gülçində sevgini tapdı. Bu
sevgi ona bədən istəyi ilə ruh ehtiyacının fərqini
anlamağı öyrətdi. Yalçın əvvəlcə
özünü bu münasibətin içində bir kişi
kimi hiss etdi, amma zamanla anladı ki, Gülçin, sadəcə,
sevilməli bir qadın deyil, həm də ruhu oxşanmağa
ehtiyac duyan bir insandır. Nilufərlə quracağı ailə,
anasının arzusu, cəmiyyətin diktəsi - hamısı
Yalçını başqa bir yola sürükləyir. O, bu məcburiyyətin
içində Gülçinə "Sən mənim nəfəsimsən"
deyə pıçıldasa da, o, öz sevgisini cəmiyyətin
sərt qaydaları ilə bölüşmək məcburiyyətində
qalır. Bu bölünmə - onu da, Gülçini də
incidir...
Gülçinin boyalara, kətanlara
sığınması təsadüfi deyil. O, içindəki
sarsıntıları tablolara çevirir. O ağlayır,
gülür, sonra yenə çəkir. Rənglərlə
danışır, çünki insanlar onu həmişə səhv
başa düşür. Onun çəkdiyi qadın siluetləri
- yalnız sənətdə var ola bilən qadınların
kölgələridir. Bəlkə də Gülçin
özü də onlardan biridir.
Bu hekayənin qəhrəmanları günahkar deyil.
Onlar, sadəcə, insanlıq halının içində
çırpınan, sevməyə çalışan, sevilmək
ümidi ilə yaşayan adamlardır. Bir müəllif olaraq
onların heç birini qınaya bilmirəm. Çünki
insan sevəndə neylədiyini bilmir, sevgi, bəzən doğru
qərar verməyi bacarmamaqdır... Sevgi çox zaman planlara,
ölçülərə, ağıla sığmır.
Amma əsl insan bütün bunlara baxmayaraq yenə də sevməkdən
vaz keçməyəndir.
Bu qəhrəmanlar - Nemət, Böyükkişi,
Yalçın, Gülçin - hər biri bir duyğunun təmsilçisidir.
Onlar insanın içində baş verən
qırılmanın, bağlanmanın, qorxunun, inamın
şahidləridirlər. Mən bu talelərə bələd
olduqca bir daha anlayıram ki, sevmək asan deyil. Amma sevməyi
bacaranlar bu dünyanın ən cəsur insanlarıdır...
(Davamı var...)
Hüseynbala MİRƏLƏMOV
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.20-21.