Qadın hiyləsi
Hekayə
Dini inanclı insanları bəzən geridəqalmış
sayırıq.
1
Hər həftə azından 2-3 dəfə bibim
oğlu Kərbəlayi Ehtibar zəng eləyirdi mənə.
Dost-tanış telefonuma düşə bilməyəndə,
bilirdilər ki, bibim oğluyla danışıram.
Danışmaq da var, danışmaq da, azı 45 dəqiqə,
çoxu 2 saat - o ordan asılıb qalırdı dəstəkdən,
mən burdan. Bezib-eləyirdik?! Əstəğfürullah! Bir
dəfə söhbətin şirin yerində məzəmmət
elədi məni:
- Hamıdan yazırsan, o boyda baban yadından
çıxıb!
- Hansı babamı deyirsən?!
- Hansı nədi, əsl babanı - Hacmayıl bəyi.
Mən də borclu qalmadım:
- Gərək ki, Hacmayıl bəy sənin də baban
olmalıdı?!
- Xeyr!
- Xeyr nədi, Kəbleyi, anan İngilis bəyim məgər
Hacmayıl bəyin qızı deyildi?!
- Nə olsun ki, qızıydı?! Yəhudilər
milli mənsubluğu anayla götürürlər, biz
türklər atayla. Mənim əsl babam Cavadlı Abuş
kişi olub.
- Seyidlərin qızlarından olan nəvələrinə
də həftədə bir dəfə seyidlik gəlir.
- Qoy sən deyən olsun. Bizi də qat Hacmayıl bəyin
dəstəsinə.
- Onda bir fotoşəklini də göndər mənə.
- Fotoşəklimi neynirsən?!
- Hacmayıl bəyin nəsil-nəcabətinin də
şəklini verəcəm yazdığım kitabda.
- Eləsə, mən çıxdım ordan.
- Nə demək istəyirsən?!
- Şəkil çəkdirməkdən xoşum gəlmir.
- Elə niyə?
- Şəklə cansız əşya kimi baxma, şəkil
insanın özü deməkdi. İndi də ölkəmizdə
hər şey sürətdən qaldığı halda
falabaxanlıq, cindarlıq, öncəgörənlik, cadugərlik
güclü şəkildə inkişaf eləyib. Şəklimi
götürüb, ruhuma əl uzadarlar, sədəmə toxunar
mənə.
- Oyunun olsun, Kəbleyi! - Gülmüşdüm.
O da arif adam idi, əlüstü tutmuşdu fikrimi:
- Nə olar, qoy mənim ehtimalım sənə
gülməli gəlsin!
2
Tələbə yoldaşım Vəfa xanıma zəng
eləmişdim. Ağzımı açmağa qoymadı:
- Qızdan xəbərin var? - həyəcanla
soruşdu.
- Nə qızdan?
- Çiçəyi deyirəm.
- Nə olub ki?!
- Başlarına bəla gəlib, - bacısı
qızı, 3 uşaq anasını maşın vurub.- Nə
danışırsan?!
- Allahın işini nə bilmək olar?! Dünya
gözəliydi, bir qan üzünə baxmaq olmurdu. Zəng elə,
başsağlığı ver.
- Zəng eləyə bilmərəm.
- Niyə?!
- Bir ildi aramız dəyib.
- Onun başsağlığına nə dəxli?!
- Zəng eləsəm, barışarıq.
- Onsuz da qeyrətinə bələdəm.
- Nə mənada?
- Geci-tezi var, - barışacaqsan.
- Yox, ayağımı bərk dirəmişəm yerə.
- Mesaj yaz!
- Baxaram.
O günü ürəyim istəmədi aramızda
olan qəzalı körpüləri yenidən bərpa eləyim.
Səhəri günü Vatsapı açıb,
Çiçəyin səhifəsinə girdim: "Dünyada
ən ağır kəlmə "ölüm"dü.
Bacın qızının faciəli surətdə həyatdan
getməyi məni məyus elədi. Cavan bir xanımın qəfil
yox olması qohumlarının, xüsusən də
uşaqlarının mənən şikəst olması deməkdi.
Başsağlığımı qəbul edin. Ruhu şad, məkanı
cənnət olsun!"
Elə bil məni gözləyirmiş, o dəqiqə
təşəkkürünü bildirdi.
Çox keçmədi nəvələrimin ali məktəbə
girmələrinə görə təbrik yazdı.
Bu dəfə də mən təşəkkür elədim.
Atalar demişkən, söz sözü çəkdi,
iynə bezi... köhnələrin diliylə desək -
pişiyimiz barışdı.
- Nə oldu bu yazığa? - Soruşdum.
- 9 ilin sözüdü. Bacım indi
danışır - qızımla Corat qəsəbəsinə
getmişdik, - deyir. - Yolda geyim-kecimindən qaraçıya
oxşayan bir qadın rast gəldi bizə.
- Ay qaraçı xala, gəl, sənə pul verim! -
Qızım əl çantasından pulqabını
çıxartdı.
Qaraçı dayanıb diqqətlə ona baxdı:
- Mən axı səndən pul istəmədim?!
- Ürəyim dedi ki, sənə pul verim.
- İndi ki, belə nəcib ürəyin var, onda gəl,
mən də sənin falına baxım, olsun əvəz-əvəz.
Qızım başını dala atıb güldü:
- Ay qaraçı xala, onsuz da mən fala-mala inanan
deyiləm, əziyyət çəkmə.
Qaraçı qızımın sağ əlini tutub,
qoydu sol ovcuna. Baxdı... baxdı...
Qızım yenidən güldü:
- Nə oldu, bir şey oxuya bildin?!
Qaraçı əvvəlcə başını
bulayıb, sonra gözünü qaldırıb
qızımın üzünə baxdı və yenidən
diqqətini cəmləyib nəzərlərini dikdi onun ovcuna.
- Nə oxudun, sən Allah, qaraçı xala?!
Qaraçı bu dəfə qızımın əlini
buraxıb, gözlərini zillədi üzünə:
- Sənin qızın olacaq, amma sən onun heç nəyini
görməyəcəksən.
- Qoy oturmuşuq! - Qızım şaqqıldayıb
güldü.
- Nəyə gülürsən?
- İndi həkimə gedirəm, səndən ayıb
olmasın, elə tədbir gördürəcəyəm, bir də
uşağa qalmayım, iki oğlum var, Allah saxlasın, bəsimdi!
- Mən gördüyümü dedim, qalanı
Allahlıqdı - Qaraçı az qala incik halda
çıxıb getdi.
- Ay qaraçı, ay qaraçı... - nə qədər
çağırdım, çevrilib dala da baxmadı.
Həkimə getdik, məlum oldu ki, qızım ay
yarımlıq hamilədi.
Yadıma qaraçının sözləri
düşdü - ürəyim titrədi.
- Ay ana, - qızım bu dəfə də gülməyə
saldı, - qaraçılar insan taleyini oxuya bilsəydilər,
özlərinin ölümünü görüb,
qabağını alardılar. Avam olma.
Təxminən, 7 ay yarımdan sonra qızımın
bir qızı oldu.
3
- Bacım qızı həyatsevər bir gəlin idi.
- Çiçək növbəti dəfə mənə zəng
eləyəndə, yarımçıq söhbətini
tamamlamaq istədi. - Yaxşı geyinər, yaxşı yeməklərin
dalıyca ailəvi restoranlara gedər, deyib-gülüb, əylənərdi.
Özü də elə səxavətliydi, deyərdin ki, bu
qız, vallah, pulundan bezib. Tanıdı-tanımadı,
yetim-yesirə, kasıb-kusuba əl tutardı. Qəsəbədə
bir qadınla oğluna hər ay məvacib vaxtı gələndə,
dönər alarmış, pul verərmiş. Onlar da
bilirmiş ki, Gözəl ayın hansı vaxtı onlara
kömək əlini uzadır. Odur ki, gəlib qəsəbənin
mərkəzində onu gözləyərmiş. Amma belə
şən əhvallı gəlin işçilərinə
qarşı çox tələbkar imiş. Deyərmiş,
öz işinizi elə görün ki, özgənin zəhmətinin
bəhrəsini yeməyəsiniz. Müftəxorluq elədiyinə
görə iki qadını işdən qovdurmuşdu. Həmin
qadınlardan biri, deyirlər, göz yaşları içində
boğula-boğula nalə çəkirmiş: "Bəs
indi üç uşaqla mən necə dolanacağam?! Dilənməyi
də bacarmıram! Ya Allah, bu zülmü götürmə! Bu
zülmü götürmə, ya Allah".
Gözəl alqışdan-qarğışdan qorxan
deyildi. Amma son aylar başağrısı tapmışdı.
Özü də başlamışdı caduya inanmağa:
- Heç rahat olmuram. Görünür, mənə nəsə
eləyiblər ki, başımın ağrısı ara
vermir! Vallah, deyəsən, mən öləcəm.
İki ay yarım bundan əvvəl ad
günüydü. Səhər açılandan qolunu
çirməyib, başlayır biş-düşə. Təzə
aldığı allı-güllü süfrəni salır,
üstünə də min cürə naz-nemət
düzür. Bir qıraqda dayanıb bu yar-yaraşığa
tamaşa eləyir. Nə çatmır? Nəəə... əlini
vurur alnına. Tez durub paltarını dəyişir, evdən
çıxıb, gedir qəsəbənin mərkəzinə.
3 kiloqramlıq tort alır. "Bəlkə taksi
çağırım?!... Yoox, piyada getsəm
yaxşıdı, beş addımlıq yoldu, ayaqlarım
açılar heç olmasa, bir az da çəkimdən
ataram". Demə, əcəl hərləyirmiş
yazığı. Bizim qəsəbənin də ortasında
yolların kəsişdiyi basdırıq bir yer var, adamlarla
maşınlar bir-birinə sürtünə-sürtünə
keçib gedir. Bacım qızı əlində tort girir yola.
Birdən yandan TIR maşını çıxır.
Sürücü sonralar danışırmış ki, yola
yox, yana baxırdım... Maşın qızı alır təkərinin
altına. - Sağ yanağını götürüb
aparır...
4
Bir həftəydi ki, bu hadisə fikrimdən
çıxmırdı. Bir gün Vəfa xanım zəng elədi:
- Həəə... qardaş, necəsən?!
- Yaxşı olasan, xəstəliklə mübarizə
apara bilirsən?!
- Həm "hə", həm "yox!"
- Bacı, qarğadili dərsi keçməyiblər
ey, bizə!
- Başa düşmədin?! Demək istəyirəm
ki, xeyri olan yeməkləri də yeyirəm, ziyanı olanı
da.
- Nahaq!
- O dünyada yemək verəcəklər bizə,
qardaş?
- O dünyada sanuzeldi-zaddı, deyirlər, yoxdu axı.
- Birdən Çiçəyin telefon nömrəsi ekrana gəldi.
- Bacı, bağışla, qapımı döyən var, bir
azdan səni yığaram. Olar?
- Niyə də olmur, əlbəttə olar?!
Tez Çiçəyi yığdım.
O dəqiqə xəbər aldı:
- Kimlə danışırdın?
- Vəfa xanımla.
- Tik-toka baxmısan?
- Nədi ki?
- Qəbiristanlıqda təzə bir qəbrin ayaq
altından bacım qızının foto-şəkli
tapılıb. Videonu göndərirəm, bax, sonra zəngləşərik.
Vatsapı açdım, - bir qadın
danışırdı: "Qayınanamın qəbrini ziyarətə
getmişdik. Qəbrin ətrafını ot-alaqdan təmizləyəndə
sinə daşının ayaq ucundan torpağa
basdırılmış bir şəkil çıxdı.
Qardaşım şəkli əlinə alıb, baxmağa
başladı:
- Bacı, bu kimin şəkli olar, tanımadım?!
- Baxım. - Şəkli əlimə alanda elə bil
ildırım vurdu məni! Ay Allah, bu ki, Solmaz bacının
qızı Gözəlin şəklidi.
- Qəribədi, bu şəkil necə gəlib
düşüb bura?! - Yoldaşım dedi.
- Allah sirridi!
- Maşın vurmamışdı bu qızı?!
- Bura baxın, bura baxın, - dedim, - maşının
təkəri yazıq qızın başının bir hissəsini
necə götürüb aparmışdısa, bu şəkildə
də o hissə şam qarasıyla qaraldılıb.
- Bəs bu şəkil necə gəlib düşə
bilər bura?! - Yoldaşım diqqətlə üzümə
baxdı.
- Görünür, kimsə qızın fotosunu
aparıb cadugərəmi, qaraçıyamı verib, bəddua
elətdirib, sonra da gətirib qəbrin ayağı altında
basdırıb.
- Deməli, kimdisə qızın
ölümünü istəyirmiş! - Qardaşım dedi.
- Eşitdiyimə görə, qızın işdən
qovdurduğu iki qadından biri ona qarğış eləyibmiş,-
dedim, - bəlkə də həmin qadındı şəkli
falabaxana verib, bəddua yazdırıb, sifətini də bu
günə saldırıb, sonra da gətirib burda
basdırıb ki, duası həyata yetsin?!
- Buna deyərlər - qadın hiyləsi! -
Yoldaşım başını yellədi.
- Deməli, Allahın da yanında keçərlidi bu
hiylə! - Qardaşım dedi.
- Əstəğfürulla de, qardaş!..
Yadıma bibim oğlu, mərhum Kərbəlayi
Ehtibarın sözləri düşdü: "Şəklə
cansız əşya kimi baxma, şəkil insanın
özü deməkdi".
Qəşəm İSABƏYLİ
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.24.