Nə yaxşı
(hekayə)
1
Xəzinədən - ana bətnindən duyulan
sancı, dünyaya körpə gəldiyini xəbər
verirdi. Təcili tibbi yardım maşını Şəfəq
xanımı doğum evinə çatdırdı. Tədarük
görüldü. Bir azdan Şəfəq xanımın
qucağına bir bələk qoydular: "Gözün
aydın olsun, dünyaya oğlan uşağı gətiribsən!"
Körpə nəfəsini duyan ana balasının
qulağına ilk sözünü pıçıldadı:
- Vəzifəni bil, arxa olacağını yadında
saxla!
Adətən, ad insandan əvvəl doğulur. Körpə
adına sahiblənməliydi:
- Adını Kamil qoyuram. Bundan sonra səni bu adla
çağıracağam. Qarşında müxtəlif
yönlü yollar açılacaq. Deyirlər, insan adına
çəkir. Adını Kamil qoydum ki, bu çəlpəşik
yollarda ayaqların büdrəməsin.
2
Şəfəq xanım oğlunu həm ruhən, həm
də maddi olaraq südü ilə qidalandırırdı.
Sağlam uşaq tez-tez yemək istəyirdi, hətta gecələr
də. Hər dəfə Kamilin qida təmənnalı səsini
eşitdikdə ana incimir, şirin yuxusundan olub körpəsini
əmizdirirdi. Kamil halal südlə mayalanırdı.
Ananın süd dolu döşləri onun ixtiyarındaydı.
Şəfəq xanım istirahətinin qayğısına
qalmaqdan yan durur, süni məmədən - aldadıcı
rezin əmzikdən istifadə etmirdi. İnciklik törədən
narahatlığını "başa" salırdı:
- Yalanın ilkin mənbəyi süni rezin əmzikdir.
Ona meydan vermək olmaz. Qorxma, əziyyətinin
mükafatını sonra alacaqsan.
3
Kamil kitabı, qələmi tanıdı,
çantasını götürüb məktəbə
yollandı. Evlə məktəbarası yol yeni marşrut idi.
Həyat tədricən mürəkkəbləşirdi. Ana
oğluna deyirdi:
- Şaxəli əxlaq ünsiyyətlərini evdən,
elmə yiyələnmək yollarını isə məktəbdən
öyrənəcəksən
4
İlk xeyirxah addımı kim atırsa, kim nümunə
göstərirsə, o qazanır. Böyük tənəffüsdə
yemək üçün anası oğlunun çantasına ərzaq
payı qoyurdu. O, bu payı bilərəkdən iki hissəyə
ayırırdı - biri az, o birisi çox. Kamilin Rəşid
adlı parta yoldaşı vardı. O da böyük tənəffüsə
hazırlıqlı gəlirdi. Şəfəq xanım
oğluna tapşırmışdı:
- Yemək payını xətlədiyim yerdən
bölərsən. Payların kiçik hissəsini
özünə götürər, böyük hissəsini
dostun Rəşidə verərsən.
Kamil payı anasının göstərdiyi kimi
bölürdü. Rəşid qənaətin bölgü fərqinə
varmadan gözünə təpirdi. Bir gün anası Kamildən
soruşdu:
- Rəşid də evdən yemək gətirirmi?
- Gətirir.
- Dostlar arasında onun pay bölgüsü necə
olur?
Kamil gördüyünü, şahid olduğunu dedi:
- O, sovqatını məndən gizlədir. Fürsətə
salıb gətirdiyini gizlincə, tək yeyir.
Bu hal Kamili təsirləndirə bilərdi. Şəfəq
xanım nəvazişlə oğlunun telini tumarladı:
- Bacarırsa, qoy o səndən nümunə
götürsün. Sən öz yolunla get. Vaxt gələr,
parta yoldaşın səhvini başa düşər.
Bölgünün azına qane olan mərifətin çoxuna
sahiblənər.
- Anladım, ana, - deyə oğlu anasını əmin
etdi.
5
Yuxarı sinif şagirdləri - parta dostları Kamil ilə
Rəşid narahat bir gündə çantalarını yellədə-yellədə
məktəbdən çıxıb evə gedirdilər. Hiyləgər
külək kələyindən əl çəkmirdi. O, tərpənməz
dəmirlərin, daşların üzünü
sığallayır, gücü çatdığı
toz-torpağı, kağız qırıntılarını
isə fırladıb ora-bura çırpırdı.
Külək zəif yerişli qocalardan kimisə təntitmiş,
portmanatını - pul qabını əlindən alıb yolun
kənarına tolazlamışdı. Narahat havada adamların
seyrək olması itiyin asan tapılmasına imkan vermirdi. Onun
"kəşf" olunması üçün, ya təsadüf,
ya da iti göz lazımıydı. Bu iki haldan biri Kamilə nəsib
oldu. İrəli çıxıb yolun kənarındakı
portmanatı götürdü və vəcd ilə dilləndi:
- Portmanat tapdım! Görəsən, kimindir?
Rəşid dərhal hadisəyə şərik oldu,
yeganə çıxış yolunu səsləndirdi:- Bəxtimiz
gətirdi! Gedək restorana, yeyək-içək, şənlənək!
Kamil onun niyyətinə mane oldu:
- Yox, bu itiyi sahibinə qaytarmaq üçün anamla
məsləhətləşməliyəm.
Kamil tapıntı barədə anasını məlumatlandırdı.
Şəfəq xanım pulqabını nəzərdən
keçirib dedi:
- Yaxşı ki sən Rəşidin təklifinə
uymamısan. Portmanatın köhnəliyindən bilinir ki, onun
sahibi pensiyaçıdı. Gözləyək, yəqin bu barədə
itki sahibi televiziyada nəmiynən-nişanıynan məlumat
verəcək.
Axşam televiziyanın "Xəbərlər"
proqramında yaşlı bir qadın itki barədə həyəcanlı
halda məlumat verdi. Hətta pulun qədərini də söylədi.
Tapıcılar pulun qədərini saydılar. Qədər
qarının dediyi ilə düz gəlirdi. Sonra televiziyaya
telefon açıb portmanatın etibarlı əllərdə
- onlarda olduğunu bildirdilər. Ehtiyac içində olan
pensiyaçı qadın Kamilin ünvanına təşəkkür
əlaməti olaraq bu sözləri səsləndirdi:
- Halal olsun səni doğan anaya!
6
Hələ ki Kamil ilə Rəşidin yolları eyni
istiqamətli idi. İkisi də Universitetin tarix fakültəsinə
daxil olmuşdu. Bu fakültənin gələcək
üçün vədləri məzunlar arasında maraq
doğururdu. Kamil Rəşiddən artıq bal
topladığına görə kurskom seçildi. Dekanlar, adətən
ilk addımları ədalətli atırlar. Kimin kim olduğu
bilinəndən sonra vəziyyət dəyişə bilir.
Birinci yarım ilin imtahanlarına qədər dinc
axının sakitliyi pozulmadı.
Nəhayət, təmənnalı niyyət göbələk
kimi torpağı yarıb üzə çıxdı.
Çərkəz adlı bir tələbə sosial şəbəkədə
çıxış edərək müəllimin ondan
rüşvət umduğunu dilə gətirdi. İnternet sirr
saxlamağı bacarmır. Aləm bir-birinə
qarışdı. Rektor dekanın, dekan da rüşvət istəyən
(ya alan) müəllimin üstünə düşdü. Təmənnalı
müəllim vaxt itirmədən araçıları hərəkətə
gətirdi. Bu çalışma xeyli dərəcədə bəhrəsini
verdi. Böyük əksəriyyət tələbənin
şər atdığını deyərək müəllimi
müdafiə edirdi. Bu gedişlə zərərdidə
günahkar olacaqdı. Rəşid dərhal haqlı tələbə
yoldaşına arxa çevirib rüşvətxor müəllimin
sözünu tutmuşdu. Bəs kurskom - Kamil bu işə nə
deyirdi?
Kamil hələlik qərar qəbul edə bilmirdi. Onun
fikirli olması anasının diqqətini çəkdi.
Oğlundan nə baş verdiyini soruşdu. Kamil baş verənləri
olduğu kimi anasına söylədi. Şəfəq
xanım:
- Sənin qərarın necə olacaq? Şərin
üzərinə yeriyəcəksənmi, haqqı müdafiə
edəcəksənmi?
Kamil:
- Elə o barədə fikirləşirəm. Onlar
artıq birləşiblər. Haqqı dəstəkləsəm,
vəzifəmi itirəcəyəm.
Şəfəq xanım:
- Mən sənə saf süd əmizdirmişəm.
Haqlını müdafiə etsən, vəzifəni,
haqsızı müdafiə etsən, vicdanını itirəcəksən.
Mənim oğlum hansını seçir?
Kamil:
- İtki var ki, şərəf gətirir. Mən haqla
bir yerdə olan vicdanı seçirəm.
7
İki halda adamın rəngi dəyişir,
qızarır: bir yalan danışanda, bir də sevgi ilə
bağlı sirlər açılanda.
Kamilin hərəkətləri Şəfəq
xanımın gözündən yayınmırdı. Oğlu
özündə deyildi. Ya deyiləni eşitmir, ya nə
dediyinin fərqinə varmırdı. Ana hiss elədi ki,
oğlunun qəlbində gizli bir sevgi ocağı közərir.
Oxşarlıqlar çoxdur, xüsusilə, ağacla insan
arasında. Ağac vaxtı çatanda meyvələnir.
İnsan yaşı çatanda sevdalanır.
Sevginin əzabı da şirindir. Sevgi
qarşılıqlı olanda sevinc gətirdiyi kimi, savaş da
doğurur. Əslində, sevgi iki vurğunun bir-birinə can
atması, iki könülün savaşıdır. Sevgini idarə
edən hakim, iradədir. İradəsi zəif olanlar mütləq
qarşı tərəfə "əsir"
düşür. Tərəflər ehtiyatlı
olmalıdırlar. Həmişə yadda saxlamalıdırlar
ki, onlar "minalanmış" sevgi sahəsində gəzirlər.
Sevgi həm yaradıcı, həm də
dağıdıcı qüvvəyə malikdir.
Bu barədə danışmaq oğula çətindən-çətin
görünürdü. Əlbəttə, ilkin sözü ana
açmalıydı. Dedi:
- Deyəsən, başında sevda havası var?..
Oğul cavab vermək əvəzinə qızardı.
Dili bəndə düşmüşdü. Sevgi
işıqforunun "yox" işarəsində
qırmızı yanırdı. "Hə" işarəsində
isə utancaq bir yaşıl rəng göz
oxşayırdı. Mətləbi anlamaq üçün bu
sözlü-lal vəziyyət anaya hər şeyi dedi.
İşıqforun danışığından sonra Şəfəq
xanım açıq sözə başladı:
- Başa düşdüm, oğlum. Evlənmək də
bir quruculuq işidir. Bu evi elə tikməlisən ki, hər zəlzələyə
uçmaya.
Kamil dilinin deyəcəyini üzündəki
işıqlı təbəssümə verdi. Danışmamaq
razılıq - şifahi sazişi "paraflamaq" əlaməti
idi.
8
Qarabağın Şuşa, Xankəndi, Xocalı
qarışıq mühüm bir hissəsi 30 il idi ki,
rusların arxa durduğu erməni işğalında inləyirdi...
Nəhayət, biz elliklə ayağa qalxdıq. Ordumuz erməni
tapdağında olan torpaqlarımızı qanı-canı
bahasına azad etməyə başladı. Əli silah tuta biləcək
cavanlar da könüllü surətdə azadlıq müharibəsinə
qoşulmağa can atdılar. Bu hərəkətlənmədə
Kamil və Rəşid də vardı. Anasının fikri
Kamili düşündürürdü.
İnanırdı ki, anasının fikri, qərarı
onu məyus etməyəcək. O, anasına bildirdi ki, ali təhsilini
yarımçıq qoyub könüllü surətdə cəbhəyə
qatılmaq istəyir. Ana üçüncü adam sarıdan
nigaranlığını gizlətmədi:
- Bəs sevdalın nə fikirdədir?
Qəhər Kamilin boğazına dirəndi:
- O, mənimlə həmrəylik etmədi.
Ana fikirli halda "Aydındır" dedi. Sonra təmkinini
toplayaraq Kamili qərarında ürəkləndirdi:
- Hər gün qapısını
açdığın, masasında çörək yediyin,
çarpayısında yatdığın tikili bizim
kiçik, Vətən isə böyük evimizdir.
Böyük evimizi qoruya bilməsək, düşmən bizi
kiçik evimizdən də didərgin salacaq. Get! Silahı sənə,
səni də Vətənə tapşırıram. - Sonra nə
fikirləşdisə soruşdu: - Rəşid də səninlə
gedir?
- Yox, Rəşid xaricə əkildi. O
üzüdönmüş də ona könüllü
qoşulub aradan çıxdı.
Ana köksünü ötürüb inamla dilləndi:
- Seçmirəm, əsgərli-zabitli bütün
döyüşçülərimizi Allaha ismarlayıram. Azərbaycanın
torpaq yarasını sağaltmaq sizə nəsib olacaq.
9
Könüllü Kamil, şair demişkən:
"geyib əsgər paltarını" düşmənə
qarşı 44 günlük savaş aparan igidlərimizin
sıralarına qoşuldu...
Qələbəyə bir gün qalmış Kamilin
sinəsi əli qurumuş düşmənin gülləsinə
tuş gəldi. Hadisədən silahdaşları pərt
oldular. Qələbə atəşfəşanlığını
onunla birlikdə keçirmək istəyirdilər...
İki gün idi ki, Şəfəq xanım
oğlunun başının üstündə idi. Ana
balasını ayrılmaq fikrindən qorumaq istəyirdi.
Oğul özündə deyildi. Ürəyi danışsa da,
dili söz tutmurdu. Ananın göz yaşları içinə
axırdı. O, oğlunu danışdırmaq,
Şuşanın alınmasından, Xocalının azad
olunmasından söz açmaq istəyirdi. Bilirdi ki, o, belə
şad xəbərlərin həsrətini çəkir.
Oğul anasının arzusunu gerçəkləşdirə
bilmir, susur, sözlü baxışlarını
anasının üzünə dikirdi.
Nəhayət, xəstə dirçəldi.
Baxışları ilə anasını aradı. Bu anda
ananın qanadları olsaydı, uçardı. Həyəcanla
astadan oğlunu səslədi:
- Kamil!..
Kamil özünü toplamağa
çalışdı. Dili ürəyinə gələn
sözü geri qaytarmadı. Ömrü boyu anasının
yaddaşında yaşayacaq sözləri qibləgahına əmanət
etdi:
- Nə yaxşı, mənim Anam Sən olubsan!..
Bu cümlə son nöqtə kimi Kamilin
gözünü qapadı. Ana illərlə zəhmət
çəkib oğul böyütmüşdü. Oğul isə
son sözləri ilə anasını ömürlük
böyütdü...
Qərib MEHDİ
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.25.