Şahin Həmidlinin şeirləri
Azərbaycan təbiətinin gözəlliklərini,
insan-təbiət vəhdətlərini əks etdirən
şairlərimizin adları çəkiləndə, ilk
sırada Hüseyn Arifin, Musa Yaqubun, Məmməd Arazın, Nəbi
Xəzrinin, Hüseyn Kürdoğlunun, Məmməd
Aslanın, Qasım Qasımzadənin şeirlərini
xatırlayırsan. Onlar təbiətin poeziyasını
şeirlərində əks etdirməklə sonra gələn
şairlər nəsli üçün ustad dərsləri
keçiblər. Təbii ki, Azərbaycanda elə şair
tapılmaz, təbiətdən, onun gözəlliklərindən,
ümumiyyətlə, böyük alman filosofu Kantın "nəcib,
gözəl sadəlik" adlandırdığı təbiətin
varlığından söz açmasın. O ənənə
indi də davam edir - "Ana təbiətə
yaxınlaşdıqca Dönüb özümüzə
yaxınlaşırıq" (B.Vahabzadə), "Qoy
danışsın təbiət" (Qabil), "Çinar
canlı tarix, canlı yazıdır" (H.Arif) - şairlərimiz
təbiəti danışdırdıqca özlərini dərk
edirlər. Belə şairlərdən biri də Şahin Həmidlidir.
Tökülən şəlalə ruh verir çaya,
Zirvədə açılıb gözəl mənzərə,
Yazı taxtasıdır el bil qaya
Sinif otağına oxşayır dərə.
Çox sevir göylərin yağış dilini,
Ötür səhər-səhər yay ləhcəsində.
Hər gün salamlayır səhər yelini,
Bulaqla danışır çay ləhcəsində.
Meşəyə sevdirib yaman dilini,
Ağacla danışır külək dilində.
Dərə işə salıb duman dilini,
Çəmən nəğmə deyir çiçək
dilində.
Şahin Həmidlinin "Təbiət dilini öyrədir
bizə" şeirindən gətirdiyimiz bu misralar bəlkə
də oxuculara adi bir təbiət şeirini xatırladır.
Amma bu adilikdə təbiətə aid 15 ad səslənir və
hər birinin özünəməxsus keyfiyyətli - hərəkət
və ritmi açıqlanır. Sanki təbiət özü
danışır bu şeirdə.
Şahin Həmidli Lerik rayonunun Tikəband kəndində
dünyaya göz açıb, elə bir kənddə ki,
yaşıl meşələr, əzəmətli məğrur
dağlar, sərt qayalar, hər damcısı göz
yaşına oxşayan bulaqlar, güllər-çiçəklər-otlar,
axar çaylar bu kəndi təbii mənzərələr,
canlı rəsmlər vadisi kimi canlandırır. Bir kəndin
təbiətini, gözəlliklərini nəzərə
çarpdırmaqla doğulduğu o məkanın
bütün dağ kəndlərinə aid olduğunu
görürük. Amma ən başlıca məqam şairin təbiət
sevgisindədir. Ustad Hüseyn Arifin "Gəlin, təbiəti
dinləyək bir az" çağırışına səs
verən Şahin Həmidli bu dinləməni təbiətin
özündə axtarır. Ustadın şeiriylə səsləşmələr
də buna sübut ola bilər:
Bahardır torpaqçün ömrünü qoyan,
Bahar gələn kimi oyanır çöllər.
Nə fırça görünür, nə də bir
boya,
İlahi rənglərlə boyanır çöllər.
Baxmaqdan qalmayıb göylərdə taqət,
Buludlar alnından silir tərini.
Bir dahi rəssamdır ana təbiət
Sərgiyə çıxarıb əl işlərini.
Təbiətə bu dərəcədə heyranlıq
hissinin səbəbini elə təbiətin özündə
axtarmaq lazımdır.
Şahin Həmidliyə görə, lalələr ona
görə qırmızıdır ki: torpağın
köksündə dərdlər, nalələr bitib, "bir
vaxt burda qan yerinə su axıb, ona görə
qırmızıdır lalələr".
Görkəmli münəqqid Yaşar Qarayev
yazırdı ki: "Təbiət Vətənin tarixidir".
Bu tarixə nəzər yetirsək, görərik ki:
Dağlar ana yurdun baş daşlarıdır,
Seçilmir pirindən, ocaqlarından.
Bulaqlar torpağın göz yaşlarıdır
Axır gecə-gündüz yanaqlarından.
Yurdun ürəyində yatır sirləri,
Çəmənlər otlarla yazılan dastan.
Dərələr köhnəlmiş qəbir yerləri
Sıldırım qayalar muzey, qəbirstan.
Amma ana təbiət həm də bütün gözəllikləri
ilə şairlərə və yurdun hər bir insanına
duymaq, özünü bu gözəlliklərə vaqif olmaq
aludəçiliyini bəxş edir. Şahin Həmidli təbiəti
təkcə tarixin gözüylə yox, həm də (və
daha çox!) bu günün sirləri, möcüzələri
ilə oxudur bizə. O, təbiətin
vəsfini, standart və şablon tərənnümünü
deyil, özünü təqdim edir, yəni sözün
yaxşı mənasında, təbiət dərsi keçir.
Çalışır ki, ilin fəsilləri, səhəri-axşamı,
meşəsi, bağı, günəşi-ayı, çəməni-çölü,
dağı- dərəsi haqqında yazılan şeirləri
təkrar etməsin, təzə söz desin və təbii ki,
onun orijinal bədii təsvir vasitələri ilə buna nail
olsun.
Məsələn, əksər şairlər öz
şeirlərində səhər lövhələri çəkiblər.
Şahin Həmidlinin "Səhər löhvəsi"nə
diqqət yetirək:
Xəyal dənizində yerlə göy üzür,
Gecə gözlərindən ovur yuxunu.
Açıb əllərini göyə dan üzü
Oyanıb yuxudan, qovur yuxunu.
Zülmət qaranlığı gətirir yada,
Səhər nurlandırır daşı, qayanı.
İlahi bir rəssam canlı tabloda
Ağ rənglə boyayır qara boyanı.
Göy çəmən göyərə-göyərə
qalıb
Barmaqla göstərir doğan günəşi.
Bərk-bərk qucaqlayıb basır bağrına
Göylər qabağına çıxan günəşi.
Yeri gəlmişkən qeyd edim ki, Şahin Həmidlinin
səhərə həsr etdiyi digər şeirləri də
var və heç bir şeirdə təkrarçılığa
yol vermir. Ancaq onun təbiət şeirlərini təkcə
bununla məhludlaşdırmaq olmaz. Onun qış gecələrinə,
sökülən dana, payız səhərinə, günəş
şüalarına, yarpıza, nanəyə, güllərə,
çiçəklərə, kol dibində bitən bənövşəyə,
meşələrə həsr etdiyi şeirlərindən də
misallar gətirə bilərəm.
Mən şair Ağacəfər Həsənlinin
üç il əvvəl Şahin Həmidlinin "Təbiət
dilini öyrədir bizə" şeirlər kitabı
haqqında yazdığı resenziyasını oxudum. Eyni
fikirdəyik ki, "Şahin təbiət şairidir,
böyük ilhamla Azərbaycan torpağını vəsf
edir, onun gözəlliklərini qabardır, şeirə gətirir.
Müəllifin obrazları, metaforaları,
tapıntıları özünəməxsusluğu ilə
seçilir".
Təbii ki, Şahin Həmidlinin şeir aləmi təkcə
təbiətlə məhdudlaşmır. Öz kəndi və
onun adamları haqqında şeirləri də az deyil. Və
inanıram ki: "Kəndimizin hər yerinə baş çəkib,
bulaq-bulaq, meşə-meşə gəzmişəm".
Əlbəttə, mən onun "ilk xoruz banıdır kənd
fəlsəfəsi" şeirindəki "fəlsəfəyə"
irad tuturam. Amma o şeirdəki "Çöl-çəmən
yaşıl bir muzey kimidir, sənət əsəridir quş
yuvaları"nı bəyənirəm. Qoy desin. Qoy desin ki:
"Kəkliyə, bülbülə, sarıköynəyə,
Dağların qoynunda yuvadı Lerik". Qoy desin ki:
"Ən gözəl, ən təmiz dağ havasının
nur saçan gözüdür kənd adamları". Qoy
desin ki: "Məndən çox yaşlıdır o qoca kəhriz,
dayanıb üzümə eynəksiz baxır". O,
dağlara məftunluğunu gizlədə bilmir və etiraf
edir ki: "Yazmağa, pozmağa o qədər söz var,
dağa layiqini tapa bilmirəm". Onun bu etirafını bəzi
şeirlərinə aid edirəm və hesab edirəm ki,
Şahin Həmidlinin "Əntiqə şeirim" kimi bir
çox şeirləri onun kitabına yol tapmasın. Şahin
Həmidlinin hər iki kitabında çoxlu ithaf şeirləri
var. Bu şeirlərin bir qismi - atasına, anasına, əmisinə
və şair dostlarına həsr etdiyi şeirlər bəyənimlidir,
amma qalan ithaflar nə qədər səmimi hissləri ifadə
etsə də, onları əsl şeir kimi qəbul etmək
doğru deyil. Qoy həmin şeirlər (onlarla dosta,
tanışa həsr edilən və şeir kimi yox, tərif
kimi yazılanlar) ad günlərində oxunsun.
Şahin Həmidlinin sevgi şeirləri, din-imam təəssübkeşliyi,
Şuşaya, Azərbaycan zabit və əsgərləri ilə
bağlı digər şeirlərindən özüm söz
açmadım, onlar təbii hisslərdən yaranıb.
Sözümü Şahin Həmidlinin Vətən sevgisi ilə
yoğrulan bu misraları ilə bitirirəm.
Qolumun qüvvəsi, gözümün nuru,
Qəlbimin sevinci Azərbaycandır.
Kökünə bağlıdır soyadım, soyum,
Qurban olum ocağına, pirinə.
Bayrağın üstünə başımı qoyum,
Himnini oxuyum layla yerinə.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.26.