Ana haqqı - Tanrı haqqı
Dövri mətbuatda ara-sıra maraqlı hekayələrini,
kəsərli publisistik yazılarını oxuduğum, "Mələklərin
fəryadı", "Özümlə söhbət" nəsr
kitabları ilə yaxından tanış olduğum
yazıçı-publisist Nəriman Fərmanın
"Analı dünyam" memuar-poeması
şüuraltına ötürülmüş etnoyaddaş və
mental dünyaduyumu baxımından diqqətimi çəkdi.
Əsasən nasir kimi tanıdığım və
özünün də şairlik iddiası olmayan qələm
dostumuzun bu poemasının qəhrəmanı (həm də
prototipi) on uşaq dünyaya gətirib, boya-başa
çatdıran doğma anasıdır. Bu "Qəhrəman
ana"nın övladlarına çəkdiyi əziyyət,
verdiyi tərbiyə, aşıladığı öyüd-nəsihət,
halallıq, gözütoxluq kimi əxlaqi dəyərlər
maraqlı epizodlar, lirik ricətlərlə oxucu qəlbinə
yol tapır. Nəticədə, hər birimizin "ana" deyə
biləcəyimiz Azərbaycan-türk xanımının ümumiləşdirilmiş
obrazı, doğma siması gözümüzün
önündə canlanır:
Orta boylu idi, həm də ağsifət,
Nə qədər çəksə də əzab-əziyyət
Bir uşaq saflığı vardı üzündə,
Mən qəzəb görmədim ala gözündə.
...Ey mənim on uşaq anası anam,
Ömrümün-günümün mənası anam.
"Proloq"la başlayıb "epiloq"la bitən
poema daxili yarımbaşlıqlara bölünür: "Anam
atam haqqında", "Cehiz", "Sözün hikməti",
"Ər evi", "Ananın oğluna nəsihəti",
"İllər sonra", "Anamı xatırlarkən",
"Qovaq ağacı", "Qovaq kölgəsində
qadınlar", "Səhər süfrəmiz",
"Anamın yun şalı", "Anamın
bayatıları".Bu adlara poemanın fəsilləri səviyyəsində
yanaşmaq təbii ki, düz olmazdı. Əslində, mətndaxii
verilmiş yarımbaşlıqlar poemanın
kompozisiyasını və süjet sistemini tənzimləməyə
xidmət edir. Müəllif ötən çağlara -
analı günlərinə acılı-şirinli xatirələrlə
qayıdır. Bu nostalji duyğular bəzən onu
çayında çimdiyi Qobuya, bəzən də həmkəndlilərinin
"qərərgahına" bənzəyən qovaq kölgəsinə
aparır. Lakin, xatirələr müxtəlif istiqamətlərə
şaxələnsə də onların hər birində zəhmətkeş
(bəlkə də əzabkeş), gəncliyini və dincliyini
övladlarına qurban verən ana obrazını
görürük:
Anam şum yerində yığırmış
başaq,
Kürəyində uşaq, bətnində uşaq.
Böyük külfət idik, çoxu da oğlan,
Başqa dövran idi bizim o dövran;
Köhnədən, kültədən tikib geyərdik,
Yağlıdan, yavandan tapıb yeyərdik.
Bir an belə dayanmaq bilməyən, hər işə əl
atan bu ana - doqquz oğul, bir qız anası övladlarına
mükəmməl tərbiyə verməyə də vaxt
tapır. Onların atalarına "baş tacı" kimi
baxmağını ailənin qanunu hesab edir.
Poemada ər evinə yola saldığı
qızına verdiyi nəsihəti eyni zamanda qızının
qaynanası da öz oğluna verir. Bütün bunlar müasir
gəncliyimiz üçün dəyərli tərbiyə
kodeksidir. Müəllif ananın dilindən gəlin
köçən qızına dediyi sözləri həyati
misallarla, gələcəyə yönəlik reallıqlarla
çatdırır. Bu məqamda gen və qan
yaddaşımızla zəmanəmizə qədər gəlib
çıxan Azərbaycan-türk ailə dəyərlərinin
fərqinə laqeyd qala bilmirik və buna qürur yerimiz kimi
baxırıq. Qonşular qızı üçün
hansı cehizləri verdiyini soruşanda müdrik ana təmkinlə
dillənir: "Sözlərdən tutmuşam mən ona
cehiz". "Ananın oğluna nəsihəti" bölməsində
də didaktik təhkiyə dərin məzmunu və mənəvi-əxlaqi
dəyəri ilə diqqəti cəlb edir. Ana öz oğluna
tövsiyə edir ki, bütün məqamlarda həyat
yoldaşına xoş münasibət göstərsin. Bu ailə
adlı "kiçik dövlətin" təməl prinsiplərindəndir.
Onu da xatırladır ki:
Bir səhvi olarsa onu az qına,
Söz demə qəhərdən zorla udquna.
Verdiyi yeməyi sən iştahla ye,
İradın olsa da ustalıqla de.
Bir az duzlu olsa verdiyi yemək
Deyərsən yeməyin duzlu - özün tək...
Poemada yer alan "qovaq kölgəsi" müəllifin
tapıntısıdır. Adətən, bölgələrdə
belə yığnaq yerləri olur - ya çinar, ya qovaq, ya da
hansısa bir çardaq kölgəsi sanki təbii bir teatr səhnəsinə
bənzəyir. Sanki hər insan bir obraz olaraq öz rolunu
oynayır. Nəriman Fərmanın təsvir etdiyi "qovaq
kölgəsidə" olduğu kimi...
Məsnəvi poetik formasında yazılan "Anali
dünyam" poeması deqradasiyaya uğramış dəyərlərimizin
bərpası yönündə, ailədən cəmiyyətə
sağlam inkişaf yolunda önəmli örnəklərdən
biridir. Müəllifin gəldiyi qənaət budur ki, ana
haqqı Tanrı haqqıdır!
Adil CƏMİL
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.27.