Aqibətnamə
Nizami Gəncəvinin
"Xosrov və Şirin" əsərində ölüm məqamları
(Əvvəli 23-cü sayımızda)
Daşa toxunan şüşə
(Məhinbanunun ölümü)
Məhinbanu dünyadan köçməsini,
ruzigarının sonunun yetişdiyini hiss edəndə
qardaşı qızı Şirini yanına
çağıraraq ona tapşırır ki, cavanlıqdan
onun ömür payına nə düşübsə, həyatın
həmin hissəsini dünyadan alsın. Çünki insan bəzən
cavanlığını ürəkdolusu yaşaya bilmir və
belə olan halda Adəm övladının ömrünün
həmin dövrü sanki yaşanmamış kimi qalır.
Qardaşı qızına daim şux, qəm yemədən,
nisgilsiz, qayğısız yaşamağı tapşıran Məhinbanu
həm də ona ədalətli rəhbər olmağı
tövsiyə edir. Ədalətsizlik olan yerdə ömür də
bada gedir, nəinki ictimai, heç şəxsi xoşbəxtlik
də yetərincə olmur.
Məhinbanu ölümü ilə - aqibəti ilə
barışır, ona görə də son dərəcə
ümidsizdir. Müəllifin təbirincə, ümidsizlik
kiminsə qulağından tutubsa, deməli, artıq həmin
adam daha xilas yolunu çoxdan unudub. Nizami bu məqamda canı
şüşəyə, ölümü isə daşa bənzədərək
"elə şüşə yoxdur ki, daşa dəyəndə
sınmasın" yazır.
Müəllif həm də dünyadan
ayrılmağı əlin qaşınmasına bənzədir.
Əl gicişəndə əvvəlcə onu qaşımaq
adama xoş gəlir, sonrasa qaşınan yer daha da
acışır, həmin yer sanki getdikcə alovlanır.
İnsan dünyada nə qədər çox mal-mülk
toplayırsa, əvvəlcə sevinir, xoşhallanır,
cahanın ləzzətindən xumarlanır, belədəsə
onun dünyadan ayrılmağı çətinləşir,
sonrasa mal-mülk (onları dünyada qoyub getmək azarı) acı
loğma kimi onun boğazında tıxanır.
Mal-mülk, var-dövlət həm də insanın ətrafındakı
etibarlı insanların sayını azaldır, eyni zamanda sərvət
yiyəsi çoxlu tamahkarların əhatəsində
olduğunu duyduğuna görə, əksər insana
etibarını itirir. İnsanlara etibarı olmayan adam isə
dünyadan asanca ayrıla bilmir, çünki bir ömür
boyu yığdıqlarını qoyub gedəcəyi inamlı
bir kimsəsi yoxdur.
İnsan çətinə düşəndə ona
daha ağrılı sınaqlar üz verir. Bu çətin, məşəqqətli
durumu Nizami belə izah edir: "Maral şirdən qaçanda
ayağının altındakı otların hər biri
qılınca çevrilir". Məhinbanu da əcəlin əlinə
düşür, ölüm onu haqlayır, daha
vurnuxmağın, nəm-nüm eləməyin yeri deyil, gərək
real vəziyyətlə barışasan. İnsan son anında,
axır məqamında çox zaman qəmlənir,
yaşadığı şirin, xoş günlər onun
yadına düşür, gözəl anların qiyməti
gözlərində daha da artır, qəmli saatlar,
müşküllü anlar isə onu daha çox incidir.
Çünki insan əksərən axır anında dünya
nemətləri üçün yediyi qəmlərə
görə peşman olur. Düşünür ki, əgər
həyatda heç nə əbədi deyilsə, bəs
qüssə nə üçün daimi olsun? İnsan gərək
bu dünyada hər şeyi ayırd, saf-çürük eləməyə
çalışmaya, yaxşı-pisin asanca üzə
çıxacağı aqibət gününü səbirlə,
təmkinlə gözləyə.
Ölüm anındasa çox şey keçidsiz,
birbaşa olur. Ona görə də Məhinbanu şahlıq taxtından
qəfildən qara torpağa qismət olur. İnsan çox
zaman yanılır: zənn edir ki, ölüm pilləlidir, mərhələlidir,
eynən həyat kimi, fəqət, çox zaman belə olmur,
ölüm insanı qəfil haqlayır, ani olur. Bu baxımdan
ölüm haqqında düşünərkən vaxt
bölgüsü aparmaq böyük yanlışdır. Bu
yanlışdan xilas hər kəsə, xüsusən də,
daim həyatında iş bölgüsü aparan şahlara, vəzifə
sahiblərinə nəsib olmur. Məhinbanu da ölkə rəhbəridir
və məlum aqibət onu da haqlayır. İsa Məsihin məşhur
fikri var: "Bu dünyada birinci olanlar, o dünyada
axırıncı olacaqlar". Oxşar düşüncəni
əsərin bu hissəsində Nizami də dönə-dönə
xatırladır:
Kimin ki yaşayışı dərdli-qəmlidir,
Ölən vaxtda çıraq kimi gülür.
Çiçəyi üzəndə sanki
çiçək onu üzən əllərə tərəf
əyilir və elə bil onu üzənin əlindən
öpür. İnsan da belə olmalıdır: əcəl
yetişəndə taleyin əlindən öpməyi
bacarmalıdır. Əgər bunu bacarmırsa, həmin
adamın dünyadan qopmaq ağrısı daha çox olacaq,
özünə daha çox əziyyət verəcək.
İnsan taleyini, son aqibətini qəbul edərsə,
ölümlə və özü ilə barışmaq onun
üçün daha asan olar...
Dərd yorğunları
(Məryəmin ölümü)
Necə ki Fərhad öləndən sonra Xosrov
Şirinə başsağlığı məktubu göndərir,
eləcə də Məryəm dünyadan köç edəndən
sonra Şirin Xosrova kinayəli, ikibaşlı namə
yazır. Rum qızı olan Məryəm Xosrovla izdivac
bağlayanda aralarında şərt kəsilir ki, Xosrov ölənə
qədər öz arvadına sadiq qalacaq və onun
üstünə zövcə gətirməyəcək. Lakin
günlərin birində Şirinin eşqi ilə köksü
yanan aşiq Xosrov ömür-gün yoldaşı Məryəmə
təklif edir ki, Şirinin saraya gəlib yaşamasına
razılıq versin. Məryəm Xosrova
bağladığı əhdi xatırladır və deyir ki, əgər
Şirin saraya gəlsə, o, İranı tərk edib Ruma -
öz ata-baba yurduna qayıdacaq.
Dedi-qoduçuların sözlərinə görə,
Şirin Məryəmin yeməyinə zəhər
qatdırır, amma ikinci ehtimal kimi Nizami onu da yazır ki,
düzünü bilmək istəsəniz, o, zəhərdən
yox, himmət bəlasına (himmət burada dua, saf adamın
ahı, qarğışı mənasındadır - red.) gəldiyi
üçün qəhr oldu. Bu ölümdə, hər halda,
Şirinin də əli olur, çünki Nizami əsərin həmin
hissəsində "dünyanın əvəz verməkdə
məşhur olduğunu" xüsusi olaraq qeyd edir, bununla da
Şirinin haçansa etdiyinin cavabını dadacağına
eyham vurur.
Beləcə, Xosrov Fərhadı, Şirin Məryəmi
aradan götürür və sonda dünya onlardan qisas alaraq hər
iki aşiqi əbədi ayrılığa - fərağa,
ömürlük möhnətə düçar edir. Kim
başqasına hansı cəzanı verirsə, qisas almaq
üçün həmin şəxsə həmin haqqı
tanımış olur. Öldürən özünü
öldürülməyə, aldadan özünü
aldadılmağa məhkum edir. Sadəcə, insanların əksəri
özünü mühakimə edə bilmir deyə, dünyada
hakimlərə, əməlləri dəyərləndirən
qazılara, məhkəmələrə ehtiyac var. Ən
böyük hakim isə Yaradandır və o, insanı öz
aqibəti ilə mühakimə edir.
Şirin Məryəmin ölümündən sevinir,
çünki Xosrovla aralarındakı maneə daha yox olub,
qaratikan kolu quruyub, amma həm də bu aqibətə görə
kədərlənir və belə bir günün haçansa
onun üçün də olacağını istisna etmir.
Şirin Xosrova ünvanladığı məktubunda
kinayə ilə qarşı tərəfə yazır ki:
"Onsuz da, şahlar hər şeydən tez doyurlar, ölənin
dərdindən də tezcə yorulub başqa bir gözəli
bağrına basarsan, qurbanlığın qurban olmasına
heyfsilənməyə dəyməz, qoy o, gözündən
iraq olduğu kimi, könlündən də uzaqlaşsın, sən
ləlsən, ləl isə taysız olanda qiyməti artır,
başqa quşlarla özünü müqayisə eləmə,
sən simurqsan, simurq quşu isə yalnız olur, bir gül
solanda qəmlənməyə dəyməz, novbaharı fikirləşmək
lazımdır". Bu məqamda Şirin həm də Məryəmlə
Xosrovu ancaq diplomatik əlaqələrin bir-birinə
bağladığına işarə edir, bir növ: bu
evliliyin siyasi mahiyyət daşıdığını diqqətə
çatdırır. Adətən, bu cür evliliklərdə
ölüm tərəflərdən birinin yaxasının digərinin
öhdəliklərindən xilas olmasına səbəb olur. Fərhadın
ölümündən sonra Xosrovun Şirinə
yazdığı məktubdan o nəticə hasil olur ki, bir
qiymətli insan ölübsə, ona ağlayıb gözlərini
kor eləmə, əksinə, gözlərini daha iri aç və
başqa bir dəyərlini tapıb xoşbəxt ol. Yəni,
bir növ, həyatdakı heç bir münasibətin əbədi
olmadığını, həm də Şirinin dəyər
verdiyinə münasibətdə mövqesizliyin onun
üçün ən uyarlı çıxış yolu kimi
təqdim edərək sanki qarşı tərəfi
alçaldır, onun mənəviyyatsızlığını
göstərir.
Məktubunda Şirin özünü diplomatik evliliklə
həqiqi xoşbəxtlikdən məhrum edən Xosrovun,
arvadının vəfatını dərdlə
qarşılamasının riyakarlıqdan başqa bir şey
olmadığını bildiyini diqqətə
çatdırır. Şirinin Xosrova verdiyi tövsiyələrdən
belə anlaşılır ki, o, riyakardır, ona görə də
dərdini elə riyakar kimi də çəkməlidir, həqiqi
aşiq rolundan imtina etməli və bu ölümdən həyatın
onun üzünə açdığı bəxt
qapısı kimi yararlanmalıdır. Yəni, həyata
münasibətdə özü ola bilməyən, həqiqi
kimliyini ortaya qoymaqda aciz biri, barı ölümə münasibətdə
necədirsə, elə olmalıdır. Bunu Şirin ona görə
yazır ki, Xosrov arvadı öləndə sevindiyi halda,
ictimai qınaqdan çəkindiyi üçün aylarla qara
libas geyərək taxtda oturur.
İki məktubdan söhbət getmişkən,
Nizaminin təbirincə, belə bir müqayisə apara bilərik:
"Fərhadın ölümündən sonra Xosrovun
Şirinə yazdığı məktub əgər kəsəkdirsə,
Məryəmin ölümündən sonra Şirinin Xosrova
yazdığı məktub daşdır. Yəni kiməsə
kəsək atan ona tullanacaq daşın intizarında
olmalıdır".
Əsərin bu hissəsində Şirinin
nazlanması, Xosrovun da ona dəyər verməkdə
ehtiyatlanması, qarşı tərəfin ayağının
yer alacağını düşünməsi onu göstərir
ki, onların arasında hələ böyük mənada
ülvi məhəbbət yoxdur, sadəcə hələlik hər
iki tərəf özünə sərf edəcək uyğun
vəziyyətin yaranacağı əlverişli məqamı
gözləyir.
Xosrov və Şirinin eşqi ancaq izdivacdan sonra tam mənada
ali mərtəbəyə qalxır. Çünki ona qədər
hər ikisinin eşqi kamilləşməyib,
qarşılıqlı şəkildə təkəbbür
nümayiş etdirir, şəxsiyyətləri barədə
ziddiyyətli qənaətlərə gəlməyimizə
imkan yaradan naqis əməllər törədirlər. Həm
Məryəm, həm də Fərhad sadəcə
qurbandırlar, onlar iki aşiqin vüsal yoluna
çıxıblar, lakin dərin düşünsək, buna
görə ölümlə cəzalandırılmağı
haqq etmirlər. Sadəcə, o qədər pakdırlar ki, bu
günahsızlıq onları həddən artıq gücləndirir.
Onların öldürülərək rəf olunması Məryəm
və Fərhad haqqındakı ən ağır qərardır.
Ancaq bu qərar o dövrün, zəmanənin təbiətinə
uyğundur, çünki yaşadıqları cəmiyyətlərdə
insani münasibətləri əsasən dini qaydalar tənzimləyir.
Dini qaydalara görə isə andı pozmaq, əhdi qırmaq
yolverilməzdir. Xosrov Məryəmdən başqa heç bir
qadınla izdivac bağlamamaq üçün and içib,
Allahla əhd bağlayıb, Şirin Bisütunu yarıb bitirəcəyi
təqdirdə Fərhadla daha da yaxınlaşacağı
labüddür. Xosrov və Şirin verdikləri sözdən,
bağladıqları əhddən keçə bilmək
üçün ancaq ölümü qarşı tərəf
üçün dəfetmə yolu seçirlər. İki
ölüm (Məryəm və Fərhadın dünyadan
köçməsi) - iki aşiqi ayırır. İki
ölümün nəticəsi kimi qovuşmuş Xosrovu və
Şirini sonda bir ölüm (Xosrovun qətli) cismani
ayırır və əbədi qovuşdurur!
İnsanlar həyatda qılınclarını hər
dəfə dara düşəndə qınından
çıxarırlar, əcəl isə bircə dəfə
silahını sıyırır və bədənləri
ruhdan məhrum edir...
Peşəkarların düşməni olmur
(Bəhram Çubinin ölümü)
"Xosrov və Şirin" əsərində
"taxtı tabuta dönmüş" Bəhram Çubinin
ölümü haqqında ayrıca bir hissə yer alır.
Nizami Bəhram Çubini əzəmətli bir cahangir, cəsur
bir türk sərkərdəsi olaraq təsvir edir. Rum qeysərinin
hücumu ilə Bəhramın üzərinə gələn
Xosrov qələbə çalır. Nizami bu vuruşu rumlu ilə
türk arasında olan döyüş kimi təsvir edir:
"Türklərin o qovğasında türk neyinin
(şeypurunun) səsi ucalmışdı. O səsdən
türklərin boğazı qurumuşdu".
"Xosrov və Şirin" əsərində Bəhram
Çubin Xosrovun atası Hürmüzün dövründə
Sasani qoşununun sərkərdəsi idi. Nizami yazır ki,
Xosrov atasının qorxusundan Azərbaycana qaçdı və
Ərməndə Məhinbanunun yanında ikən
atasının ölüm xəbərini gətirən qasid
onun yanına çatdı. Şah taxtına yaxın olan
adamlar ona belə bir məktub göndərmişdilər:
"Tez gəlməyə tələs. Taxt əldən
gedir". Xosrov öz paytaxtına yola düşüb taxta əyləşdi.
Vilayəti fitnədən azad elədi və ədalət
göstərdi. Qoşun başçısı olan Bəhram
Çubin Xosrovun taxta oturmasını eşidib özü
hakimiyyət həvəsinə düşdü və belə
bir şayiə yaydı ki, Xosrov öz atasının gözlərinə
mil çəkdirərək onu öldürüb.
Atasını öldürən bu adamdan şah olmaz. Meyi, nəğməni
ölkədən çox sevir. Belə bir hiylə ilə
çoxbilmiş Bəhram xalqı Xosrova qarşı
qaldırdı. Xosrov Pərviz taxt üstündə gedən o
qovğadan özünü Azərbaycana, Muğana
çatdırdı. Bəhram Çubin bir ilə (590-591)
yaxın Sasani taxtında oturdu. Xosrov tezliklə qoşun
yığıb, həm də Şirinin öyüd-nəsihəti
ilə Bəhram üzərinə hücum çəkib onun
hakimiyyətini devirdi. Bəhram Çubin Türk
xaqanlığının yanına qaçdı və orada
öldürüldü. "Bəhram yağılıq edib
zor işlətdiyindən dünya onu - Bəhramı gur kimi
yıxdı. Xudbin adamın sınmadığı
görülməmiş hadisədir. Bəhram Xosrovdan üz
çevirdiyindən düşmənlər kimi kam alıb,
nakam oldu!"
Atasının ölüm xəbəri Xosrova
çatanda o, bərk məyus olur, baxmayaraq ki onlar düşmən
idilər və aralarında qanlı savaş baş
vermişdi. Hətta Xosrov üç gün - gecə-gündüz
bu ölümün qüssəsinə dalaraq özünə
qapanır, heç yana çıxmır. Bəs düşmən
üçün bu qədər qəm çəkməyin mənası
nədir? Hər ağıllı adam, hər aqil insan gərək
öz düşmənini güzgüsü hesab edə, onun zəif
cəhətlərinə baxıb onları təkrarlamaya, əksinə,
güclü tərəflərinə nəzər yetirib
onları aşmağa çalışa.
Bəhram Çubin zalım, qəddar olsa da, qüdrətli
sərkərdə sayılırdı. Xosrov
düşünür ki, əgər o özü bu qədər
güclüdürsə, atası hakimiyyəti illərində
(579-590) bunca parlaq zəfərlər qazanıbsa, bunun bir səbəbi
də onun güclü düşməninin olması - Bəhram
Çubinin mövcudluğudur. Çünki güclü
düşmənlə savaşan qüdrətli olmağa və
daim səfərbər qalmağa məhkumdur. Əgər dillərə
dastan olan qələbə qazanmaq istəyirsənsə, gərək
qarşı tərəf də - düşmənin də
cahana öz adını parlaq hərflərlə
yazdırmış olsun. Xırdalar, acizlər üzərində
zəfər çalmaqla böyümək
mümkünsüzdür, gərək düşmənin iti zəkalı,
dərin dərrakəli ola ki, onu üstələmək üçün
sən də zəngin biliklər sahibi, döyüş
üsullarına bələd olan mahir sərkərdə kimi
tarixdə iz salasan.
Bu, Xosrovun öz düşməni Bəhram Çubinə
verdiyi dəyərdir, bəs dünyanın cahanda bu cür ad
çıxarmış hökmdara biçdiyi qiymət donu nədən
ibarətdir?
Zəmanə bizi ağacla döyəcləyəndə
Fələk Bəhram üçün çubuq
döyürdü.
Bizim bəxtimizin ağacı bar verəndəsə
Çubinin ayı Şərqdə çubuğa
döndü.
Yəni bu dünyada nə zillət, nə də
üstünlük əbədidir. Bir zaman dünya Bəhramın
qarşısına qırmızı xalı sərir, bəxt
üzünə hər an gülürdü, ancaq
dünyanın üzünün ondan döndüyü andaca hər
şey tərsinə çevrilir. "Çıraq yağdan
nur alır, amma yağdan da sönür. İnsan dünyadan
qüdrət alır, ancaq dünya insanı qüdrətindən
məhrum edir". Dünya insanı ucaldır, həm də
sonda axırına çıxır. İnsanın
tamahını artıran təkcə öz nəfsi deyil, həm
də bəxtin onun üzünə gülməsi, cahanın
cürbəcür imkanlarını onun önündə
taybatay açmasıdır. Bəxt üzə güldükcə,
insan şahin kimi qanadlarını daha geniş açır,
daha iri şikar üçün daha ucalığa
şığıyır, get-gedə onda daxili əminlik
yaranır ki, hər şey yolundadır və onun
qarşısını alacaq qüvvə yoxdur.
Fələk nə qədər ki, ona cahanda yar idi,
O, cahangirlik təmənnasında idi.
Əslində, bu dünyada alınan, satılan əsasən
bir şey var: Torpaq. İnsan bütün maddi
imkanlarını səfərbər edərək dünyada
daha çox yer almağa çalışır. Böyük
evlər, mülklər, xanələr və sair. İnsan
yaşamaq, yaxud var olmaq üçün daha çox yer əldə
etmək istəyir. Bəşər övladı ətrafındakı
insanların nüfuzlu mövqelərə yerləşməsini,
ali məqamlarda çalışmasını istəməsi də
torpaq sevgisi ilə bağlıdır. İnsan yaxın ətrafındakı
adamların haralardasa yerləşməsini həmin yeri
tutması kimi qavrayır, fiziki olaraq dərk edir. Bu həm də
şüuraltı istəkdir. Bəhram Çubin dünyada
ayrı-ayrı yerləri tutduqca cahanı zəbt etdiyini
düşünür, ölümsə ona qoynunda sadəcə
biradamlıq yer verir.
Nizami Bəhramın qüsurlarını ümumi
öyüd kimi sadalayır:
- Çox yemə ki, xörək ağzında murdara,
xurma ağzında tikana çevrilməsin.
- Tülkü ona görə qurda şahlıq edir ki,
tülkü tələni görür, qurd isə
balığı.
- Xam tədbir görənin sinəsini
qızıl-gümüş yox, ox bəzəyər.
- İnsan yalnız öz peşəsi ilə
öyünməlidir, əldə etdikləri ilə yox.
- Həsir toxuyan zərli parça toxuya bilməz - hər
kəs bildiyi işin üstünə düşsün.
- Özgələrin gümüşü ilə
öz evini bəzəyənin xanəsi gec-tez xarabaya
çevrilər.
- Öz eybinə bir cüt gözlə,
başqasının paxırına yüz cüt gözlə
baxma, aynanın hünəri odur ki, o, gözəlin də,
çirkinin də sirrini özündə saxlayır, heç
birinə heç nə demir.
- Xam oyunçunu udmaq çətindir, çünki
o, ağılla gedişlər etmir, ona görə də zəif
düşməni gərək xor görməyəsən.
Bu öyüdlər içərisində belə bir əhvalat
da yada salınır. Deməli, avam adamların arasında
adı dəli kimi anılan biri varmış. Həddi-büluğa
çatmamışlar onunla dava edəndə o, dərhal
böyüklərə daş atarmış. Bu hərəkətinin
səbəbini soruşandasa o deyərmiş ki, böyüklər
uşaqların əməlinə gülməsələr,
uşaqlar ürəklənib pis iş tutmazlar. Bəzi
hökmdarlar da belədir, onlar özlərindən vəzifəcə
kiçiklərə ayaq verməklə
uşaq-muşağı aqillərin üzərinə
qaldırırlar. Bəhram da hakimiyyətində bu cür
naşılıqlara yol verdiyinə görə nəhayətdə
cəzasını aldı.
Dünya insanı naşı böyüklər kimi
pis işlərə həvəsləndirir, biz öz əməllərimizlə
axirətimizi daş-qalaq edir, həqiqi dəyərləri
alçaldırıq. Həqiqi dəyərləri yerbəyer
edən ölümsə daşı böyüklərə
tullayır.
Bəhramın ölümü nəticəsində
onun bütün günahları üzə çıxır,
naqis cəhətləri qabarıq şəkildə nəzərə
çarpır. Nizami göstərir ki, həyat insanı gizlədən,
ölüm isə iç üzləri açandır. Ölərkən
bizi müdafiə edən olmayacaq, elə yaşamaq
lazımdır ki, əməllərimiz bizim vəkillərimiz
olsun, iddiaçımız yox...
Dağa dönmək
(Fərhadın ölümü)
Şirin Fərhadı görmək üçün
onun yanına gedir. Bu görüşün əsas səbəblərindən
biri Bisütun dağının çapılmasına
tamaşa etmək və oradan çəkiləcək su
(süd) arxı ilə bağlı görülən işlərlə
tanışlıq idi. Amma eyni zamanda eşq yolunda Fərhadın
hansı əzablara qatlanması da həmin görüşdə
üzə çıxır. Şirin görüş
zamanı Fərhada süd camı verir. Xosrov isə Şirini
güdmək, izləmək üçün mindən
artıq xəbərçi tutur ki, Şirin ayağını
hara qoysa, dərhal ona bu barədə məlumat versinlər.
Əlbəttə, Fərhadla Şirinin
görüşünü Xosrova bildirəndə o sanki dəliyə
dönür. Həm də xəbərçiləri Xosrova onu
da deyirlər ki, Fərhad dağı elə çapır,
sanki daşlar toza çevrilir, elə bil o, daşların əlindən
sərtlik xasiyyətini alıb. Əgər belə getsə,
bu şücaətinə görə Şirin onunla izdivaca
razılıq verəcək. Necə ki tərəzi
üçün fərqi yoxdur, onun gözlərinə qoyulan
qızıldır, yoxsa arpa, tərəzinin gözünə
arpa çox qoyulsa, onun həmin tərəfi arpaya sarı əyiləcək,
qadınlar da belədir, onlar ən dəyərlini yox, ən
çox olanı seçirlər. Bu, Fərhadın qənaətidir.
Nizami yazmır ki, Xosrov bu vəziyyətdən
çıxmaq, rəqibini aradan götürmək
üçün müdrik qocanı yanına
çağırıb ondan məsləhət soruşdu,
yazır ki, fərasətli bir qocadan məsləhət
aldı. Çünki müdrik adam kiməsə şər
yol göstərməz, amma fərasətli biri öz məqsədi
üçün başqasına əyri yolu nişan verə
bilər. Həmin fərasətli qoca Xosrova
çıxış yolu olaraq Şirinin ölüm xəbərini
Fərhada çatdırmağı tövsiyə edir. Beləcə,
Xosrovun göstərişi ilə bir zabitəli adam tapıb
onu qorxudur və pul verirlər ki, get bu yalanı - Şirinin
dünyadan vaxtsız köçməsini Fərhada
çatdır. Həmin zabitəli adam xəbəri Fərhada
deyən kimi Fərhad dağın başından dağ kimi
yerə aşıb ölür. Nizami bu ölümlə mənəviyyatlı
insanın zərifliyini göstərir, bir tərəfdən
dağlar yaran bir insan, yeri gələndə, eşitdiyi bircə
sözdən ölür. Və Nizami yazır ki, dünyada
heç nəyin gücü yoxdur, dağ nə qədər
dözümlü olsa da, gec-tez qum olub düzə
dağılır. İnsan da belədir. İnsanların
sevdikləri kəslər onların zəif yerləridir,
Nitsşenin təbirincə, insanı gücləndirən nədirsə,
onu gücdən salan da odur, əgər bədənin
ağırlığı olmasa, cismimiz pambıq qədər
yüngül olsa, onda yıxılmaq bizə heç nə eləməz.
Yuxuda heç bir zərbədən bədənimiz
ağrımır, çünki yuxuda bədənimizdən
arınırıq. Bizə həzzlər verən bədənimiz
həm də əzablarımızın mənbəyidir. Fərhada
dağ yardıran, qayaları toza döndərmək
gücü verən eşq, bircə anda onun cüssəli bədənini
süst salır, onu dağın başından yerə sərir.
Nizami Xosrovu nə qədər öysə də, "eşqdə
Fərhad olmaq gərək" yazır. Xosrov Fərhadı
öldürməklə, əslində, özünü də
öldürür. Çünki özgəsi
üçün hansı pisliyi edirsənsə, həmin
pisliyin başqası tərəfindən sənə
olunmasına irəlicədən haqq qazandırırsan. Xosrov
sevdiyi qadını əldə etmək üçün hiylə
ilə Fərhadı öldürür, oğlu Şiruyə də
hiylə ilə onu aradan götürür. Xosrov Fərhadı
ən uzaqdakı adam vasitəsilə
öldürtdürür, özü isə ən doğma
bildiyi oğlunun əli ilə aqibətinə qovuşur. Beləcə,
hər bir günah öz qisasını doğurur. Nizami
açıq yazır ki, hər kim ki başqasına pislik eləsə,
həmin pislik mütləq bir gün onun özünə qayıdacaq.
Fərhad ölür, ancaq onun aqibəti elə Xosrovun axır
gününün səbəbkarı olur.
Bu hadisədən - Fərhadın ölümündən
sonra Xosrov Şirinə məktub yazaraq ona ürək-dirək
verir, səbir arzulayır, ancaq xeyli ikibaşlı fikirlər
də dilə gətirir. Yazır ki, sən səhərsən,
o, çıraq, çıraq gərək səhərdən
qabaq sönə. Bədirlənmiş Ay yerindədirsə
(Şirin sağdırsa), Hilalın bölünməyindən
(Fərhadın ölümündən) ziyan yoxdur. Və riya
dolu bu məktub Xosrovu Şirinin gözündən salır,
çünki bu namədən aydın görünür ki,
Xosrov eşq amalına bütün vasitələrə əl
ataraq çatmaq istəyir, onun üçün keçdiyi
yolun necəliyi vacib deyil, eyni zamanda o, sevdiyinə xüsusi tərzdə
yanaşır, amma ona əziz olan hər şeyəsə
ümumi. Bu cəhət isə aşiqi məşuqun
gözündə kiçildən amildir. Beləcə, Fərhadın
həyatı onu mənəvi ucalıqlara, yüksəkliyə
qaldırır, Xosrovunsa ölümü. Fərhad da
ölür, Xosrov da ölür, Şirin də ölür,
Şiruyə də ölür, bəs qalan kim, yaxud nə
olur? Qalan Bisütun dağı olur, çünki o,
yaralıdır, məhəbbətlə vurulan zərbələr
onun köksünü dəlib. Fərhadın
yarımçıq taleyi, Xosrovun nakam ölümü,
Şirinin ağrılı sonu Bisütun dağının
köksündə tarixə dönüb. O dağ
dünyanı simvolizə edir, çünki dünya
yaraları sağaltmır, yaşadır. Eynən eşqin
qüdrəti ilə Fərhadın qopardığı qaya
parçalarının yeri kimi...
(Ardı var)
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.28-29