Sırtıq dilənçi
Hekayə
Mirzə Əzim bəy Çuğtayi 1928-ci ildə
Britaniyanın müstəmləkəsi olan Hindistanın Buduan
şəhərində doğulub. Çuğtayi - urdu dilində
yazıb-yaradan, şair və nasir kimi tanınan Şəbnəm
Romaninin ədəbi təxəllüsüdür. Pakistan
dövləti öz müstəqilliyini elan etdikdən sonra o,
paytaxt Kəraçi şəhərində məskunlaşmaqla,
qalan ömrünü orada yaşayıb. Urdu dilində
çıxan "Quarterly Aqdar" adlı jurnalına uzun illər
boyu naşirlik və baş redaktorluq edib. Bununla yanaşı,
o, Kəraçidə nəşr olunan "Daily Mashriq" qəzetində
köşə yazarlığı da edib. Çuğtayi
2008-ci ildə, uzun sürən xəstəlikdən sonra
dünyasını dəyişib. "Cəzirə",
"Disra Himala", "Hicrət" və "Töhmət"
adlı əsərləri ona ədəbi şöhrət gətirib.
Yazarın böyük oğlu Feysəl Əzim hazırda
Kanadada yaşayır və şair kimi tanınır.
1
Ötən günlərin birində duşdan sonra
eyvana çıxdığım vaxt bir dilənçi hər
halda tülün üstünə düşən kölgəmi,
ya da tülün titrəyişini sezmişdi ki, mənə:
"Bacım, Allah-təala sənə övlad versin!" -
deyərək dua elədi. Əslinə qalanda həmin məqamda
yaxın ətrafda nə bir bacı gözə dəyirdi, nə
də övladsızlıq dərdindən şikayətlənən
birisi. Yəni bu dilənçi öz peşəsinə də
yetərincə yiyələnməyən kəslərdən
sayılmalıydı. Kaş boş-bekar bir adam
tapılaydı və gedib bu axmaqdan soruşaydı ki, hər
dəlikdə bir qımıldanma görən kimi niyə
sağına-soluna bu cür oğul-qız, övlad paylamaq
niyyətinə düşürsən axı və bundan sənin
umacağın nədir?! Həm də mənim bu dilənçi
tayfasını görən gözüm yoxdur, çünki
rastıma çıxan bütün dilənçilərin məndən
iki dəfə yekəpər olduğunun fərqinə
çoxdan varmışam. Amma yenə də bir iş
arayıb-aramadığını öyrənmək məqsədilə
pəncərənin məhəccərinə salınan həsirin
bir ucunu qaldırmağı uyğun bildim.
Ona diqqət yetirincə, qarşımda zavallı bir məxluqun
dayandığını sezdim. Yaşlı, həm də
yamaqlı paltarına görə yoxsul biri sayılacaq bu
kişi yiyəsizliyin və çarəsizliyin canlı abidəsi
idi. Durumları həqiqətən, acınacaqlı
olduğundan belələri dilənçiliyin heç sirlərinə
də sən deyən vaqif olmurlar, çünki nə bir
gözəl nəğmə-havacat, nə də bir şeir-zad
bilirlər. Eləcə qarşımıza keçib:
"Bizlər də bu dünyada belə
yaşayırıq" - deyərmiş kimi, illah, onlara
acımamızı umarlar.
Onun bu halına canım yandığından evin
giriş qapısına yanaşmasını işarətlə
bildirdim.
Səhərin erkən saatlarıydı. Çay
içirdim. Arvadıma dedim:
- İndi qapıya cındırından cin hürkən
bir dilənçi gələcək, ona bir neçə rupi sədəqə,
bir stəkan da çay verərsən.
İrişaqqalı dilənçilərə məndən
daha betər nifrət bəsləyən arvadım həqiqi mənada
zavallı, pənahsız dilənçilərin halına da
ürəkdən acıyacaq biriydi.
Qapımıza dilənçinin gəldiyini eşitcək,
arvadım bir cüt qızarmış çörəyin
üstünə yağ yaxdı, bol süd qatmaqla, bir fincan
çay süzdü, bunları bir məcməyiyə
yığandan sonra böyürlərinə də bir az
şirni və dörd rupi pul qoydu. Sonra isə nökərimizə
tapşırdı ki, az sonra qapıya gələcək dilənçini
eyvanda oturtsun, qarnını doyurmasına imkan yaratsın.
2
Amma dəvət elədiyim dilənçi
qapının kandarına yanaşmadı. Bu kişi, ya evin
başına dolanmağa, ya yolunu dəyişməyə ərinmiş,
ya da yoluna davam etməklə, başqalarından nələrsə
dilənməyə üstünlük vermişdi. Bəli, nə
hikmət idisə, o zavallı dilənçi qapımıza
yanaşmamış, ancaq onun əvəzinə kandarı
başqa bir kişi dilənçi kəsdirmişdi. Ev yiyəsini
səsləməsinə fürsət tapmamış, itimiz
onun böyründə dərhal peyda olmuşdu. Əlindəki
iri çomağı havada hərləməyə adam imkan
tapmadan məcməyi daşıyan nökərimiz
özünü ona yetirdi. Amma nə görsə,
yaxşıdır?! Boğazından təsbeh asan, əlində
dilənçilərə xas qalın bir əsa tutan,
bütün geyimi boynundakı torba və bunun altından
geyindiyi təhməddən (kəndli kişilərin geyim
növüdür, bədənin beldən topuğa qədərki
qismini örtən bu tumana bənzər əlbisə tək
parçadan biçilir - A.Y.) ibarət olan bir adam durub
qarşısında. İtə təpinən nökər dilənçini
evə dəvət elədi. Fürsəti qənimət sayan
dilənçi bir tərəfdən, məcməyidəki nemətləri
gözünə təpir, digər tərəfdən isə,
bizim xanıma səslənirdi: "Evdə nimdaş bir jaket,
ya da köynək varsa, onu da bu fağır bəndəyə
çox görməyin. Bayırda hava soyuq olduğundan biz
yoxsulların əl-ayağı donur ey".
Arvadım da dərhal bir köynək ilə nimdaş
jaket tapıb, nökərə uzadarkən ondan soruşdu:
- Başqa nəsə deyir o?
- Xeyr, xanım, sizlərə dua edərək yeməyini
yeyir.
Köynək ilə jaketi götürüb, eyvana tərəf
gedən nökər bu sovqatı da dilənçiyə verdi.
Mən də çayımı içib bitirdim və dilənçinin
mənə aid qalın paltarları necə geyinəcəyindən
razı bir əda ilə evdən çıxdım.
3
Bəs bayıra çıxınca nə görsəm,
yaxşıdır?! Yetərincə sağlam,
güclü-qüvvətli biri sayılacaq dilənçi gəyirərək,
həm də dualarına əsla ara vermədən mənə
aid o jaket ilə köynəyi büküb, torbasına
dürtüşdürür.
Əslində, bu cüvəllağı əyninə
sinəsiaçıq, yəni adətən dilənçilərin
geyindiyi o ənənəvi əbalardan taxıbmış.
Sanki belə davranmaqla, soyuq havanın həzzini də
duymağa çalışırmış. Geniş sinəsini
təraş etməsi və güclü əzələləri
istər-istəməz diqqətimi çəkdi. Gözünə
sataşdığım an o, dualarını ard-arda
düzdü, nə düzdü...
Az əvvəl yeyib-içdiyim o loxmalar
qursağımda zəhərə döndü. Əməlli-başlı
karıxdım. Mən o sırtıq hərifin
ağız-burnunu əzmək üçün ona tərəf
yönəlincə, o da dualarını əskik etmədən
oradan uzaqlaşmağı uyğun bildi. Dualarındakı
saxtalıq və boğazdanyuxarı minnətdarlıq
ucbatından canım lap betər sıxıldı. Bizə
badalaq gələn bu hərifin üzüsulu şəkildə
aradan sivişməsini əsla özümə
bağışlamazdım.
O dəm bir tanışımla rastlaşdım.
Üç-beş kəlməylə dilənçinin
durğuzduğu hoqqabazlığı ona anlatdıqdan sonra dilənçinin
ardınca bağırdım:
- Bu əməlindən görəsən, heç
utanırsan?!
Bu töhmətimi eşitcək, hərif
gözünü əynindəki təhmədə dikdi,
ardınca nəcibliyimə görə guya mənə təşəkkür
edirmiş kimi, ətəyinin belini bir az da aşağı
saldı.
- Yaramaz!
Yamanca əsəbiləşmişdim.
- Bunca sağlam və güclü ikən dilənməyi
özünə yaraşdırdığın
üçün görəsən, heç
utanıb-ölürsən?!
Bunun cavabında dilənçi dünyaya gəldiyi
üçün sahib olduğu bütün hüquqları
birbəbir mənə sadaladı və bunlardan heç bir
halda imtina etməyəcəyini sözlərinə əlavə
elədi. Artıq mən bu qanacaqsızdan öz jaket və
köynəyimi geri almağı bacarıb-bacarmayacağım
barədə düşünməyə
başlamışdım. Tanışım isə bunun ağbədiyə
olacağını bildirdi. Amma vaxtilə bir şair
yaxşı deyibmiş ki: "Zillətin nə olduğun get,
ciyəri qan olana sor".
- Yox, - dedim, - dünya dağılsa belə, bu
zırramanın o geyimləri alıb-aparmasına nə
cürsə mane olacağam.
Odur ki, dilənçini sorğu-suala çəkməyə
girişdim:
- Niyə özünə bir iş-güc tapmırsan?
Cırnamış halda belə dedi:
- O işi mənə siz tapın, görüm.
Bildirdim ki, yemək-içmək də daxil, ayda on
rupi qazanacağı bir iş tapa bilərəm
- O cür işdənsə, mənim öz ailəmi
gözgörəsi zəhərləməm daha uyğun
olardı.
- O niyə? - soruşdum.
- Eh, cəmi on rupi alacağam da. Halbuki mən təkcə
elə inəyimə hər gün beş rupilik yem alıram.
Bundan əlavə, hələ arvada və üç
uşağa da baxmalıyam. Bəs onda biz qalan beş rupi ilə
necə dolanaq, hə?
- Sənin hələ inəyin də varmış?!
- Çoban hər aya məndən iki rupi istəyir, o
inək də olmasa, heç dolana bilmərik axı, ağa.
Lap çaşıb qalmışdım:
- Necə yəni "heç dolana bilmərik?!" Bəs
onda bizlər necə dolanırıq?
- Siz varlı adamsınız axı, ağa. Hər
gün altı litr süd almaqdan ötrü gərəkli pulu
biz haradan tapaq?!
- Altı litr? O qədər südü kim və niyə
içsin axı?
Dilənçi bildirdi ki, təkcə özü
gündəlik dörd litr süd içir. Ayda nə qədər
qazandığını soruşduğumda isə kişi
dolanışığın çətinliyindən
acı-acı şikayətləndi. Sonra ev xərclərinin
otuz rupiyə çatdığını deyib, əlavə elədi
ki, əgər sözügedən xərcləri az-çox
qarşılayacaq bir iş tapa bilsə, bu dilənçiliyin
daşını birdəfəlik atmağa hazırdır.
Tanışımla bir-birimizin üzünə
baxdıq. Daha sonra dilənçinin gündüzlər bir qədər
mürgüləməyə vərdişkar olduğunu, bu səbəbdən
də günorta saatlarını işləməkdən imtina
elədiyini öyrəndik. Bunu çıxmaq şərtilə,
qarşımızdakı adam istənilən iş-gücə
girişməyə, yəni hər cür buyruğa
qatlaşmağa hazır biriymiş. İndi durub bu
sırtığa mən nə deyəydim axı?! Adam əsl
xata-bəlaydı!
O əsnada nökərim bizə yanaşdı və əvvəlki
o yoxsul dilənçini nə qədər axtarsa da, heç
cür tapa bilmədiyini söylədi. Əgər o
tanışım yanımızda olmasaydı, nimdaş
paltarlarımı o sırtıq dilənçinin əlindən
dartıb-alardım.
Ancaq yaranmış duruma bir qədər fərqli
çözüm yolu tapınca, dilənçiyə sərt
şəkildə bildirdim:
- Mənə bax, haram loxma yeyib, cəzasız bir şəkildə
buradan çıxıb-getmənə heç bir vəchlə
imkan verən deyiləm. İndi əllərinlə
qulaqlarını qapa və əlli kərə oturub dur. Ondan
sonra da səni bir də bu həndəvərdə hərlənən
görməyim!
O ara gözlərimdə çaxan şimşəklərə
şahid olan dilənçi torbasındakı jaket ilə
köynəyin ona qalacağından artıq əmin idi yəqin.
İstənilən halda qazanan tərəf o olasıydı.
Tamamilə səssiz və sakit bir tövrlə əsasını
və kəşkülünü bir tərəfə, əlində
tutduğu torba ilə boynundan sallanan təsbehi isə digər
tərəfə qoydu. Təhmədini təkrar yuxarı
qaldırmağa hazırlaşanda əsəblərim lap yerindən
oynadı və kişinin üstünə bağırdım:
- Vay səni, qanacaqsız!
Tövrünü pozmadan dilləndi:
- Altdan iç donu da geyindiyim üçün hər
oturub duranda təhmədim mənə mane olacaq.
Ona illah, bir cəza verməyə
çalışdığım üçün bu şərtə
də göz yummalı oldum. Artıq o, ruh yüksəkliyi ilə,
dərindən nəfəs alıb verərək, pəhləvanlar
misalı dizlərini yanlara doğru geniş açmaqla,
durduğu yerdəcə sürətlə oturub-qalxır, amma əllərilə
qulaqlarını tutmağa bir gərək duymurdu.
Özümdən çıxdım:
- Ədəbsiz hərif, niyə elə edirsən?!
Bax, əgər əllərinlə qulaqlarını tutub, adam
kimi oturub durmasan, vallah, səni polisə təslim edəcəyəm!
Qulaqlarını qapayaraq, necə
oturub-duracağını ona göstərəndən sonra hərif
kəsdiyim cəzaya da qatlaşmağı qəbul elədi. O
ara tanışımla mən bu dilənçi
tayfasının məlum iyrənc xislətlərini pisləməkdə
idik.
Qəfildən ağlıma gəldi ki, hərifin
qulaqlarını tutaraq, oturub durmalarının sayı indiyədək
ən azı əllini keçmiş olar. Dönüb, ona nəzər
saldığımda hərifin hələ də idmana davam
etdiyini gördüm. Soruşduğumda hərəkəti
artıq yüz kərə təkrarladığını
dedi.
- Bəsdir! Yetər! Çıx get buradan! Mən cəmi
əlli dəfə demişdim axı, niyə artıq eləyirdin
ki?!
- Ağa, mən bu hərəkəti gün ərzində
beş yüz kərə təkrarlayıram. Fikirləşdim:
indi ki, başlamışam, elə gündəlik normamı
bitirim də.
- Buna bax da! - deməklə, bu iyrənc hərifi
başdan-ayağa ikrah hissiylə süzdüm.
- Yoxsa hələ güləşlə də məşğul
olursan?
Bunu soruşmazdan əvvəl onun meydan kimi sinəsi, əzələli
çiyinləri və bədəni diqqətimdən
yayınmamışdı.
- Mən sözü havaya atmıram ha! Baxın, bu
şəhərdəki istənilən güləşçiylə
döşəyə çıxmağa hazıram!
Bir istədim bu iyrənc həriflə elə
özüm güləşməyə razılıq verim, amma
sonra fikrimdən daşındım.
- Haydı, haydı, sürüş buralardan! Elə
bu dəqiqə... hə, indicə sürüş... Onu
uzaqlaşdırın buradan...
Əlüstü torbasını və digər əşyalarını
da qamarlayan hərif dualar edərək
uzaqlaşdığı zaman mən içimdə baş
qaldıran hiddətə artıq necə çarə
qılacağımı heç cür kəsdirə
bilmirdim...
Tərcümə etdi: Azad YAŞAR
Mirzə Əzim bəy ÇUĞTAYİ
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.30;31.