Bakı - gözəl diyar, mehriban şəhər...
Unutmağa kimsə var...
(Əvvəli ötən saylarımızda)
Moskvada müdafiə edəndən
sonra orada Dilçilik İnstitutunda
qalıb elmi işçi kimi çalışmaq mümkün
idi. Ninel Zeynalovna ilə Ədhəm Tenişev bunu mənim üçün ayarlaya bilərdilər. Ninel Zeynalovna bu barədə
mənim fikrimi də soruşmuşdu. Məni isə məsələnin belə
qoyuluşu qəti maraqlandırmırdı. Qeyri-müəyyən
bir cavab verib söhbəti davam etdirməmişdim. Bakıya, o mehriban diyara qayıtmaq mənim üçün böyük bir hadisə idi. Moskva nə qədər isti bir yuvaya
dönsə də, doğma şəhər anlayışının bir
başqa dadı vardı. Bu doğmalıq
təkcə qohumlardan
ibarət deyildi. Bu doğmalıq yalnız dostlardan da ibarət deyildi. Bu, küçələrin,
çayxanaların, bağların
doğmalığı idi.
Bu, cox ciddi deyirəm,
bəlkə də havanın doğmalığı
idi, dənizdən əsən xəzrinin doğmalığı idi.
Məhlənin doğmalığı
idi. Məhlədəki
tanıyıb-tanımadığım adamların doğmalığı
idi...
Ninel Zeynalovna, təbii ki, Azərbaycan dilçilərini
gözəl tanıyırdı.
Mən bilirdim ki, mənim yeznəm Ağamusa müəllimə
onun münasibəti
son dərəcə istidir.
Tenişev də, Musayev də, Baskakov da, hətta heç kimi bəyənməyən Serebrennikov
da Azərbaycan dilçilik
məktəbindən söhbət
düşəndə akademik
Şirəliyevdən sonra
hökmən Ağamusa
Axundovu yada salırdılar.
Ona, onun professionallığına
dərin hörmətləri
vardı. Şirəliyevə
münasibət isə,
ilk növbədə, əsasən,
onun Dilçilik İnstitutuna rəhbərlik
etməsi və akademik olması ilə bağlı idi. Bir sözlə, Şirəliyev hamı tərəfdən qəbul
edilən bir ağsaqqal idi. Azərbaycan dilçiliyinin
daha bir nümayəndəsinə Moskvada
və ümumiyyətlə,
Sovetlərin müxtəlif
dilçilik məktəblərində
xüsusi hörmət
var idi. Bu, Bakıda Dilçilik məktəbində
direktorun müavini vəzifəsində çalışan
Vaqif Aslanov idi.
Vaqif müəllim mənim namizədlik dissertasiyamın
iki opponentindən biri oldu. Birinci
opponentim Moskva Dövlət
Universitetinin Asiya və Afrika ölkələri
İnstitutunun "Türk
dilləri" kafedrasının
müdiri, tanınmış
türk dilləri mütəxəssisi professor Sokolov idi. Vaqif müəllimlə
sonralar başlanan dostluq məhz bu nöqtədən başladı. Son dərəcə
professional, ingilis dilindən
başqa, ərəb,
fars dillərini də gözəl bilən Vaqif müəllim eyni zamanda son dərəcə
sərt adam idi və son dərəcə sədaqətli
dost olduğunu da sonralar
dəfələrlə sübut
etdi. Deyim ki, o da mənim Moskvada qalmaqla bağlı tərəddüd və şübhələrimə son qoyanlardan oldu. "Gələrsən Bakıya,
bizim Dilçilik İnstitutuna, maraqlı mövzular var, əl-ələ
verib işləyərik"
deyərək məni
həvəsləndirdi. Beləliklə,
Vaqif müəllimdən
də ilham alaraq mən Moskvada qalıb işləmək xülyasını
özümdən birdəfəlik
uzaqlaşdırdım.
Ağamusa müəllimlə qohumluğumu
Ninel Zeynalovna mən aspiranturanın
3-cü (sonuncu) kursunda
olanda, tamam təsadüfən kimdənsə
eşidib bilmişdi.
İlk reaksiyası belə
oldu:
- Bəs niyə bunu mənə əvvəlcədən demədiniz?!
Vəssalam. Guya ki, desəydim,
nə dəyişəcəkdi?!
Onsuz da onun mənə münasibəti
ən yüksək səviyyədə idi. Elə bütün digər aspirantlara da həmçinin.
Bununla yanaşı, Ağamusa müəllim də mənim Moskvada qalmaq məsələmə
(əgər belə məsələ gündəmə
gələrdisə) yüngülcə
də olsa, tərəfdar olsaydı və məni buna inandırsaydı, bu məsələ yəqin
ki, müsbət həll
olunardı. Ən azından mən, ola bilər ki, bu barədə ciddi düşünərdim. Amma belə
olmadı. Dediyim kimi, nə mənim,
nə evdəkilərin,
nə də qohumlarımın ağlından
belə bir perspektiv keçdi. Digər tərəfdən,
məni Bakı - mehriban diyar maqnit kimi özünə
çəkirdi. Demək
olar ki, günləri bir-bir sayırdım.
1977-ci il,
yanvarın 7-də mən
SSRİ EA-nın Dilçilik
İnstitutunda müdafiə
kürsüsünə çıxdım.
Mənim aspirantura vaxtım iki ay əvvəl, noyabrda bitmişdi. Və mən elə o vaxtdan beynimin bir guşəsində
Moskva ilə vidalaşmağa
başlamışdım. Əlvida,
Moskva azadlığı. Əlvida,
aspirantlar evindəki şən həyat. Əlvida, Dusya xala. Əlvida, Aydın, Rasim, İftixar... Əlvida K-9.
Bu, Mərkəzi teleqraf
idi. Ora gedirdim ki, Bakıya evə zəng edim, anamgil "çaşıb"
mənə pul göndərəndə alım.
Əlvida, Kalinin prospekti
- Moskvanın "qoyma
çənəsi". Əlvida,
Arbat. Gözəl kafelər, gözəl rəfiqələr. Əlvida,
"Moskva" univermağı. Və əlbəttə
ki, əlvida, SSRİ Elmlər
Akademiyasının Dilçilik
İnstitutu. Əlvida,
unudulmaz "əcayib"
adamlar.
Bakı
- gözəl şəhər,
mehriban diyar!.. Mahnıda, gərək ki, belə deyilir. Və mən öz mahnıma qovuşmağa tələsirdim. Və mən, Vaqif Səmədoğlunun əsrarəngiz
misrasının təsirilə
desəm, bir axşam "Moskva- Bakı"
qatarının vaqonundan
Bakı vağzalına
endim. Payız deyildi, amma qışın
axırları idi.
Niyazi də öz işlərini yekunlaşdırmışdı
və o da Bakıya qayıdırdı. Zeynal
da həmçinin. Mənim
Moskvada Arif adlı bir qohumum
vardı. O, riyaziyyatçı
idi və Moskvada riyaziyyat üzrə dissertasiya üzərində işləyirdi.
Arif Ağamusa müəllimin bacısı
oğlu idi. Gözəl münasibətimiz
vardı. O da Bakıya
gedirdi. Biz hamımız
sözləşib qatara,
eyni günə, eyni vaqona, hətta
eyni kupeyə bilet aldıq. İki gün yarım bir-birimizin yanında olacaqdıq.
Moskva ilə bağlı
xatirələrimizi bölüşə-bölüşə
yol gedəcəkdik.
Arifin dadlı-məzəli söhbətlərinin hesabına
bu səyahətin dadını biz bu günə qədər çıxarırıq. Bunun kimi
ləzzətli səyahətə
çıxmaq mənə
bir də "Azdrama"nın aktyorları
və işçilərilə
bir yerdə avtobusla İstanbula gedəndə qismət oldu. Bu səfərin də başqa bir maraqlı tarixçəsi var. Amma gərək
illərin üstündən
yenə də irəli tullanaq.
1990-cı
il idi. Qara Yanvardan çıxmış
millət hələ də həmin günlərin müdhiş
ağırlığını çiynində daşıyırdı.
Xalq Cəbhəsinin aşkar və gizli şəkildə əlindən gələni
etməklə bacarmadığı
bir işi Sovet dövləti bir gecənin içində özü etmişdi. SSRİ-yə bir dövlət kimi münasibət birmənalı şəkildə
kökündən laxlamış,
sistemə nifrət, hətta rus dilinə, tarixinə, mədəniyyətinə, hətta
kiril əlifbasına nifrətə belə çevrilmişdi. Milli özgürlüyə
meyil əməlli-başlı,
geriyədönməz bir
təlatümlü cərəyana
dönmüşdü. Yavaş-yavaş
20 Yanvar müsibətindən
uzaqlaşan millət daxili özünüqoruma
instinkti ilə yaşamağa davam edirdi. Cürbəcür təşkilatlar müxtəlif
tədbirlər vasitəsilə
dünyaya çıxmağa
çalışır, millətin
ən dəyərli nümunələrini Mərkəzin
başı üstündən
keçirərək təqdim
etməyin yollarını
arayırdılar. Bu dövrdə
mərkəzi hakimiyyət
gec də olsa, necə böyük bir səhv etdiyinin və sanki Bakıya
ordu yeritdiyinin peşmançılığını çəkirdi. Rejimin tarıma çəkilmiş
ipləri azca da olsa, yumşalmışdı.
Azərbaycanın timsalında
bütün SSRİ respublikalarına
dərs vermək istəyənlərin arzusu
əks-reaksiya vermişdi.
Milli şüur, milli münasibət
bütün milli respublikalarda
get-gedə artır, insanlar böyük qurtuluşun hardasa yaxında olmasını
hiss edirdilər. Aydın
olan o idi ki, SSRİ-nin süqutu artıq zaman məsələsidir.
Azərbaycan dram teatrı çox
maraqlı bir dəvət almışdı.
Türkiyədə çox
dəyərli bir alim,
ictimai-siyasi xadim vardı. Türkçülüyün
müasir dövrdə
canlı simvolu idi. Dəfələrlə
Azərbaycana gəlmiş,
türk qardaşlarımızla
bizdəki müxtəlif
dairələrin elmi, ictimai, mədəni, siyasi aspektdə təmasını qurmaq üçün əlindən
gələni etmişdi.
Bu dəyərli şəxs
professor Turan Yazqan idi. O, "Türk dünyasını araşdırma
vakfı" adlı böyük bir fonda başçılıq
edirdi və bu fondun missiyasını
türk xalqlarının
mədəni, siyasi təmasını yaratmaq və inkişaf etdirməkdə görürdü.
Turan Yazqanın başçılıq etdiyi
fond Azərbaycan dramaturqu
və yazarı
İlyas Əfəndiyevin Azərbaycan
Dövlət Dram teatrında
səhnəyə qoyulmuş
"Sevgililərin cəhənnəmdə
vüsalı" adlı
tamaşasını İstanbula
aparmaq istəyirdi. Bu tamaşa təsadüfi seçilməmişdi. İlyas müəllim bu əsərində sovet repressiyalarına məruz qalan azərbaycanlı qurbanların bədii və lirik tarixini
yaratmışdı. Tamaşadan
keçən ideyalar sanki bu günümüzlə
əməlli-başlı səsləşirdi.
Hadisələri qabaqlayıb
deyim ki, ilk dəfə
Azərbaycan teatrı
ilə tanış olan türk tamaşaçısı (onların
isə arasında çoxlu əslən Azərbaycandan olub sovetlərin ilk zamanında
canını götürüb
buralara pənah gətirənlər və
onların övladları
var idi) özünü
əsəri seyr edən kimi yox, hadisələrin real iştirakçısı kimi
görürdü. Tamaşa
İstanbulda Təqsim
meydanındakı Atatürk Kültür Mərkəzində
neçə dəfə
oynanıldısa, hər
dəfəsində böyük
coşqunluqla qarşılandı.
Bəzən bizim aktyorlar bu coşqunu
türk teatrosunun özünün gəlib çıxa bilmədiyi bir yüksəkliyin etirafı kimi qəbul edirdilər. Əlbəttə ki, bu, belə deyildi. Bizimkilər onların teatrını o zaman hələ
o qədər də yaxşı tanımırdılar.
Aktyor oyunu ilə bağlı, əsasən, türk kinosu vasitəsilə təsəvvür əldə
edirdilər. Türkiyə
teatrlarının dərin
professional səviyyələri barədə təsəvvürləri,
demək olar ki, yox idi.
Onu qeyd eləmək vacibdir ki, İlyas müəllimin
bu tamaşasının
Türkiyəyə aparılıb
oynanması asan məsələ deyildi.
SSRİ son günlərini yaşasa
da, məsələnin alınması
yenə də asan yolla başa
gəlmədi. Bu istiqamətdə
ciddi danışıqlar
getdi. Azərbaycan tərəfdən danışıqları
o zaman bizim teatrda Həsən Turabovun müavini ədəbiyyatşünas
və teatrşünas
Ədalət Vəliyev
aparırdı. Türkiyə
tərəfdən, mən
bildiyim qədər, bu işin baş
tutması üçün
Turan xoca əlindən gələni
edirdi. Biz, bütün
teatrsevərlər, "Azdrama"nın
aktyorları səbirsizliklə
gözləyirdik ki, görəsən,
belə bir səfər baş tutacaq, ya yox?!
Ədalət Vəliyevin
coşqun və cəsarətli enerjisi imkan verdi ki, bu səfər gerçəkləşsin. O, bir
müddət Türkiyədə,
sonra Bakıda mümkün olan bütün siyasi, mədəni kanalları işə salıb iki qardaş ölkənin sənət
xadimlərinin və sənətsevərlərinin bu
möhtəşəm görüşünü
reallaşdırdı.
Tamaşada iştirak edən
heyətdən əlavə
səfərə üç-dörd
nəfər teatr xadimi də qatılmışdı. Həsən
Turabov başda olmaqla, səfərə çıxa bilməyən
İlyas müəllimin yerinə
mədəniyyətşünas alim oğlu, professor Temurçin
Əfəndiyev, ssenarist-rejissor
Oqtay Mirqasımov, Teatrın bədii Şurasının üzvü
kimi mən səfərdə iştirak
edirdik. Təbii ki, Türkiyə səfərinə
daxil edildiyim üçün mən,
ilk növbədə, dostum
Həsən Turabova minnətdar idim. Onu da bəri başdan deyim ki, həyatım boyu (nə əvvəl, nə də sonra) belə gözəl səfərə
çıxmağım yadıma
gəlmir. Bu səviyyədə
olmasa da, Moskvadan Bakıya işləri tamamlayandan sonra Niyazi, Zeynal, Ariflə qatarla gəlməyimiz də bu qəbildən olan səfər kimi yadda qalıb.
Türkiyə səfəri qənaət
xətrinə təyyarə
ilə deyil, avtobusla baş tutdu. Biz - səfərə
gedənlər "Azdrama"nın
xidməti qapısının
ağzında teatra məxsus böyük və rahat "Mersedes" markalı avtobusa əyləşib yola düşdük. Əvvəlcə Tiflisə,
sonra Batuma, oradan da Türkiyəyə
keçəcəkdik. Türkiyə
sərhədində bizi
Turan xoca öz dəstəsi ilə və Ədalət qarşılayacaqdı.
Mən kimlərlə səfərə
çıxmışdım?! Qibtə etməyinə dəyərdi. Səyavuş
Aslan, Yaşar Nuri, Şəfiqə
xanım Məmmədova,
Amalya xanım Pənahova, Şükufə
xanım Yusifova, Firəngiz xanım Mütəllibova, Ələsgər
Məmmədov...
Yolboyu gözəl söhbətlər,
aktyorların bir-birilə
şirin münasibəti
mənim üçün
son dərəcə maraqlı
idi. Bəzən adam, hətta riqqətə belə gəlirdi. Yüngülvari
içkidən sonra sənət dostlarının
bir-birinə "məhəbbət
izhar etməsi" xüsusilə təsiredici
olurdu. Bu mənim tanıdığım teatrın
o biri üzü idi. İnsani, səmimi hisslərin aşıb-daşması, bəzən,
hətta hamıya məlum intriqaların közərməsi, amma tezcə də söndürülməsi, alova
keçməyə imkan
verilməməsi, hətta
belə deyərdim,
dost kimi tanıdığım
sənət adamlarını,
məsələn, Yaşar
Nurini tamam başqa rakursdan görüb dəyərləndirməm
üçün faydalı
idi. Avtobus böyük bir məclisin bir bütöv stolu kimi idi. Kim evdən
yemək üçün
nə götürmüşdüsə
ortada idi. Söhbət bəzən birinci sıra ilə axırıncı sıra arasında gedirdi. "Pəncərədən
daş gəlir"dən
tutmuş, bütün
bacardığımız xalq
mahnıları oxundu,
cürbəcür səhnələrdən
monoloqlar deyildi. Yolboyu kiçik istirahət dəqiqələrində
də şirin zarafatlar, məzəli əhvalatlar davam edir, biz bəzən gülməli məqamları
siqaret kimi bir-birinə calayırdıq.
Bəzən gülməkdən
huşumuzu itirmək dərəcəsinə gəlirdik.
Yolboyu baş vermiş ən gülməli əhvalat isə Batum yaxınlığındakı
Sərp keçid məntəqəsində oldu.
İki ölkə sərhədində idik. Hər tərəfdən dağlar sıra tutub gedirdi. SSRİ tərəfdəki dağın
döşündə miniatür
kilsə tikilmişdi.
Türkiyə tərəfdə
düz o kilsənin qarşısında ondan
da gözəl bir məscid göz oxşayırdı. Biz SSRİ-nin
son dayanacağına çatıb
avtobusdan endik, hər kəs özünə aid yol çamadanını götürdü.
Bizi sərhədi keçməzdən əvvəl
gömrükçülər yoxlayacaqdılar. Nə başınızı ağrıdım,
gömrükçülərin başçısı, eləcə
də digər üzvləri milliyyətcə
ermənilər çıxdı.
Erməni-Azərbaycan qarşıdurması
yavaş-yavaş güc
yığırdı. Gömrük
məntəqəsində biz bunu unutmağa çalışdıq. Bizim
beynimizdə başqa mənzərələr canlanırdı.
Biz məscid tərəfə
baxıb orada bizi gözləyənləri
görürdük, bir
azdan ayağımız
türk torpağına
dəyəcəkdi. Çoxumuz
mənim kimi Türkiyəyə ilk dəfə
idi ki, gəlirdik. Bu möhtəşəm hiss bizim
bütün ruhumuza hakim
kəsilmişdi.
Yoxlama başladı. Gömrükçülər
üzümüzə gülə-gülə,
amma açıq-aşkar
bir qəddarlıqla hamının çamadanını
açdırır, az
qala izahat istəyir, lazım bildiklərini bir kənara qoyurdular, guya ki, təftiş edirdilər. Hamı bir-birinə dəymişdi.
Hədiyyə aparanların
həyəcanı Həsənağaya
da təsir eləmişdi,
amma onun özünün də çamadanını açıb
tökməyə başlamışdılar.
- Mən SSRİ Ali Sovetinin deputatıyam. Siz nə etdiyinizi düşünürsünüz? - Həqiqətən də,
SSRİ-nin Ali Sovetinin
deputatı olan Həsənağanı belə
hiddətli bir halda mən görməmişdim.
- Hamı yoxlamadan keçməlidir! Kim olmağınızın
fərqi yoxdur. - Gömrükçülər bizə
əzab verməkdən
əməlli-başlı həzz
alırdılar.
Qadınların çamadanlarında cürbəcür əşyalar
bir-birinə qarışmışdı.
Ah-nalə, necə deyərlər, göylərə
bülənd olurdu. Bu
zaman növbə aktyor
Ələsgər Məmmədova
çatdı. Bu sakit,
son dərəcə mütəvazi
adam dinməzcə yoxlama stoluna yanaşdı. Əlini atıb çamadanını
açmaq istəyirdi
ki, gömrükçü onun üzünə diqqətlə baxıb sualdan çox təsdiqedici şəkildə:
- "Teqeran 43"? - deyə rusca soruşdu. Cavab gözləmədən:
Proxodi! Yəni, sən keç, - dedi.
Biz hamımız mat qalmışdıq.
Məlum filmdə epizodda çəkilmiş
Ələsgəri gör
bir harda tanıyırdılar, özü
də necə tanıyırdılar?.. Teatrın özündə də Ələsgər epizod ustası idi. İddiasız bir sənətkar idi. Ən əsası o idi ki, Ələsgər bütün bu oyunu bir adi
hal kimi qəbul elədi. Bu zaman Həsənağanı, Yaşarı,
Səyavuşu, elə
avtobusla gələnlərin
hamısını görmək
lazım idi. Hamımızın üzündə
"Teqeran 43"ə dərin
bir nifrət yazılmışdı. Biz hamımız
Ələsgəri döyməyə
hazır idik. O isə həmişəki məzlum halında, səssiz-səmirsiz, çamadanını
açmadan sərhəd
xəttindən o biri tərəfə keçdi.
Sonralar bu mövzu dilimizin əzbəri oldu. Ələsgərin özü
ilə mən sonralar qarşılaşanda
barmağımı ona
doğru uzadıb
"Teqeran 43?" sualını
verəndə o günü
yada salırdıq, bu
barədə danışanda
gülməkdən uğunub
gedirdik.
Elə bu zaman bizim də dadımıza çatdılar. Bu gömrükdə
çox ləngidiyimizi
görən türk tərəfinin gömrükçüləri
biz tərəfə gəldilər
və vəziyyəti
anındaca anladılar.
Onlar erməni "həmkarlar"ına nə
dedilər, nə demədilərsə, bütün
buzlar anındaca əridi, bizim hamımızı təcili
surətdə elə
o dəqiqə yoxlamadan
sərhəddən keçirdilər.
Mənim ayağım
ilk dəfə türk
torpağına dəydi.
Ürəyimdə qəribə
hisslər oyandı.
15-20 metrlik yol və tamam başqa
bir dünya... Qəhər məni boğdu. Piyada sərhəd keçməyin
ləzzəti başqadı.
Təyyarə ilə olsaydı, məncə, belə dərin hisslər yaşanmazdı.
Sərhədi ayaqla, addım-addım keçmək
başqa bir əhval gətirir, onu sözlə demək mümkün deyil, çox çətindir. Təyyarə
ilə bunabənzər
heç bir hiss keçirmirsən. Piyada isə... Sanki sən o yolu getmirsən, o yol sənin üstündən addımlayır.
Sanki o yolla bir yerdə üstündən
illər, əsrlər
keçir. Şair demiş, bir yandan da bu qəhər...
Həyatım boyu bir çox səfərlərdə
olmuşam. Yaxın, uzaq ölkələrə
səfər etmişəm.
Tək də getmişəm, yoldaşlarla
bir yerdə də getdiyim olub. Ancaq bu
iki səfər qədər yaddaqalan və belə deməkdən çəkinmirəm,
əfsanəvi səfər
olmayıb. Biri Moskvadan
Bakıya gəldiyim səfər, o biri də Bakıdan Türkiyəyə "Azdrama"
ilə bir yerdə getdiyim səfər.
Moskvaya gedən bizlər və Bakıya qayıdan bizlər. Aradan üç il keçmişdi. Əziz və mehriban diyara qayıdan bizlər artıq həmin gənclər deyildik; 26-27 yaşımız
var idi. Müdafiə etmiş, elmlər namizədi olmuşduq. Zeynal ali məktəbi
bitirmişdi. Bakıda
bizi nə gözləyirdi?! Bunu təsəvvür belə
etmək mümkün
deyildi. Nə mən, nə Niyazi, nə də Zeynal və Arif gələcək
üçün heç
bir plan qurmurduq. Nə olacaqdısa, o da olacaqdı. Biz özümüzü
taleyin ixtiyarına vermişdik.
(Davamı var)
Kamal
ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.4-5.