Şuşa həsrətindən Qarabağ
Zəfərinə və bütövlüyə
Tanınmış şair Elçin
İsgəndərzadə Azərbaycan
ədəbiyyatında geniş
dünyagörüşü, ictimai baxışları,
intellektual ədəbi
fikirləri ilə səciyyələnən fərqli
yaradıcı simadır.
Dərin kökləri
etibarilə doğma xalqına və ölkəsinə ürəkdən
bağlı olan Elçin İsgəndərzadənin
yaradıcılığında Vətən anlayışı
dünyada özünəməxsus
yeri və mövqeyi olan ecazkar bir diyar
olmaqla bərabər, həm də dünya ilə birlikdə nəfəs alan, inkişaf edən bənzərsiz bir ölkədir. Doğma torpaqdan planetin doğma bir parçası səviyyəsində söz
açmaq da Elçin
İsgəndərzadənin geniş dünyagörüşünün
əks-sədasıdır. Elçin İsgəndərzadə
ölkəni, vətəni,
insanı intellektual bir yüksəklikdən və dərinlikdən baxıb mənalandıran
şairdir. O, ictimai baxışlarını obrazlı
şəkildə ifadə
edərək ədəbiyyat
düşüncəsinə çevirməyi bacarır.
Beləliklə, Elçin
İsgəndərzadə intellektual
baxışlara malik vətəndaş
şairdir. Həm də elmlər doktoru səviyyəsində
Azərbaycan elmini təmsil edən Elçin İsgəndərzadənin
bədii yaradıcılığı
tərənnümdən çox,
dərk və şərh poeziyasıdır.
Nəsihətçilikdən uzaq olan Elçin
İsgəndərzadə dünyanı,
vətəni və insanı dərkolunmuş
şəkildə poetik
cəhətdən mənalandıraraq
şərh edir. İntellektual poetik mənalandırma onun şeirlərində bədii
düşüncənin dərinliyini
və genişliyini müəyyən edir. Həyata və insana intellektual münasibətin poeziyada əks etdirilməsi Elçin İsgəndərzadənin
şair-alim obrazını
meydana qoyur. Lakin o, bütün hallarda ictimai baxışlarını
da, elmi-intellektual fikirlərini
də şeirlə poetik cəhətdən ifadə etməyin nümunəsini göstərir.
Onun intellektual şeirlərində ədəbiyyatın
payı, poeziyanın rolu elmin iştirakından
çoxdur. Elm Elçin
İsgəndərzadənin həyatı və cəmiyyəti qavramaq vasitəsi, şeir isə varlığı dərkolunmuş şəkildə
vəsf etmək istedadının ifadəsidir.
Geniş
elmi-ədəbi baxışlara
malik olan Elçin İsgəndərzadənin mövzu
dairəsi genişdir.
Dünya ölkələri
və planetar hadisələr haqqındakı
şeirləri və poemaları onun ədəbi baxışlarının
genişliyinin bədii
ifadəsindən yoğrulmuşdur.
Türk dünyasına
həsr edilmiş əsərlərində o, özünün
Turançı baxışlarını
məharətlə poetikləşdirir.
Onun Turan dünyasına ümumi poetik baxışlarında
türk dünyasının
birliyi və həmrəyliyi ideyası
ortaq tale və birgə gələcək
mənasında vəsf
olunur.
Bununla belə, Elçin İsgəndərzadə şair
kimi, hər şeydən əvvəl,
azərbaycançıdır. Azərbaycançılıq onun
bədii yaradıcılığının
qan damarıdır. Elçin İsgəndərzadə
dünyaya, o cümlədən
də türk dünyasına Azərbaycanın
gözü ilə baxır. Onun xarici ölkələrə
səfər təəssüratları
əsasında yazdığı
şeirlərdə də
həmin ölkələrin
təbiəti, şəhərləri
və insanlarının
poetik cəhətdən
mənalandırılması ilə bərabər, Azərbaycan havası vardır. O, həmçinin
Azərbaycanı da dünya
ədəbi-ictimai proseslərinin
axarında tərənnüm
edir. Bu, şairin yeni Azərbaycan, ölkəmizin
müasir inkişafı
haqqında fərqli poetik söz deməsinə imkan yaradır. Elçin İsgəndərzadənin "Lorka və siyah
ay", "Salvador Dali üçün Madriqal", "Rəssamın
pəncərəsi" kimi
poemalarında Avropa ölkələrinin poetik
coğrafiyası, dünyanın
görkəmli simalarının
bədii obrazları ilə bərabər, bənzər məqamlarda bədii baxımdan Azərbaycanla müqayisələr
öz əksini tapmışdır. Dünyanın
harasında olmasından
asılı olmayaraq, həmişə Azərbaycan
havasında yaşamaq,
doğma xalqı, onun bu günü
və gələcəyi
haqqında müqayisəli
poetik söz demək Elçin İsgəndərzadənin beynəlxalq
mövzularda yazdığı
əsərlərin canını,
ruhunu təşkil edir. O, dünya ölkələri və dünyanın tanınmış
simaları haqqında
vətənpərvər bir
Azərbaycan şairi kimi yazmaqla Azərbaycan
üçün yazdığını
ifadə edir.
Əksinə, Elçin İsgəndərzadənin
Azərbaycan mövzusunda
yazdıqlarında da doğma
ölkənin böyük
sevgi ilə tərənnümündən başqa,
həm də xalqımızı və ölkəmizi dünyaya tanıtmaq qayəsi öz əksini tapmışdır. Bu baxımdan
onun Xalq şairi Məmməd Araz, əfsanəvi rəssam Səttar Bəhlulzadə, Xalq rəssamı Toğrul Nərimanbəyov, romantik sənətkar Hüseyn Cavid əfəndi haqqındakı poemaları
Azərbaycanı xalqımıza,
yeni nəsillərə bir
daha sevdirən və eyni zamanda
dünyaya yaxından tanıtmağa xidmət edən uğurlu bədii əsərlərdir.
Bundan başqa, Elçin İsgəndərzadənin
təsvirlərində şair
ilhamından başqa,
rəssam kimi yaddaqalan təbiət notları da təqdim etmək və obrazların portret cizgilərini çəkmək
istedadı da aşkar
görünür. Dünyanın
və Azərbaycanın
məşhur rəssamları
haqqındakı əsərlərində
o, şair-sənətşünas kimi çıxış edir, poetik təhlillər
vasitəsilə hər
rəssamın özünəməxsus
obrazını canlandırır.
Elçin İsgəndərzadənin Şuşa haqqında yazdığı şeirlər
və esselər şairin Vətən və torpaq şeirlərinin ana xəttini
təşkil edir. Bu, Azərbaycanda doxsanıncı
illərdə ədəbiyyata
gələn nəslin,
o cümlədən də
həmin ədəbi nəslin əsas nümayəndələrindən biri olan Elçin
İsgəndərzadənin şəxsi taleyindən və özünəməxsus
yaradıcılıq missiyasından
irəli gəlir. Hər ədəbi nəslin palitrasında fərqli bir Vətən idealı olduğu kimi, Azərbaycan ədəbiyyatında
doxsanıncılar ədəbi
nəslini uğurla təmsil edən Elçin İsgəndərzadənin
də öz Qarabağı və özünəməxsus Şuşası
vardır. Bu cəhətdən
"Mənim Şuşa
dastanım" adlı
poeması həmin mövzuda yazılan bədii əsərlər
içərisində Şuşada
doğulan şairin - Elçin İsgəndərzadənin
həsrəti, ağrıları
və ümidlərinin,
eyni zamanda Zəfərdən
doğan qeyri-adi sevincinin ifadəsi kimi orijinal sənət
əsəri olaraq fərqlənir. Şuşada
dünyaya gələn
ədəbiyyat adamının
Şuşanın itirilməsini
görməyə məcbur
olması Elçin İsgəndərzadənin poeziyasında
yanar təndirin üstünə odun atmaq kimi qızmar
şeirlərin yaranmasını
şərtləndirir. Elçin
İsgəndərzadənin "Mənim Şuşa dastanım" poemasındakı
Şuşa nisgilindən
söz açan poetik parçalar, ilk növbədə, qızmar
düşüncəli ağrılı
poeziya nümunələridir:
Şuşa adlı,
Sevgili dərdim çıxır
hər yerdə qarşıma,
Sevgili kədərim çökür
üz-gözümə,
Sevgili göz yaşları axır gözlərimdən,
Sevgili ağrılar ağrıdır
ürəyimi,
Sevgili sancılar dağlayır içimi,
Sevgili ayrılıqlar sarılır
boynuma,
...Hamısı Şuşa adlı.
Elçin İsgəndərzadə Şuşa itkisini yaşadıqdan sonra insanın içinə hopmuş nisgilin poeziyasını da təbii
vasitələrlə yaratmışdır.
Sərbəst vəzndə
yazılmış bu poemanın bir çox məqamlarında
Şuşa nisgili xalq şeiri üslubunda, bayatı, gəraylı notları vasitəsilə səsləndirilmişdir.
Elçin İsgəndərzadə
xalq şeiri formalarından yaradıcı
şəkildə faydalanmaqla
Şuşa dərdini
ümumxalq nisgili səviyyəsində mənalandırmağa
nail ola bilmişdir. Ümumiyyətlə,
Elçin İsgəndərzadənin
"Mənim Şuşa
dastanım" poemasındakı
"mən" anlayışını
el-oba, xalq, ölkə anlayışı
səviyyəsinə yüksəldə
bilmişdir. Bu mənada,
"Mənim Şuşa
dastanım" poemasını
"Bizim Şuşa dastanımız" da adlandırmaq
olar. Yaxud "Mənim Şuşa dastanım" poeması sadəcə, "Şuşa
dastanı" adlandırılsa
da, eyni səviyyədə
təkcə şuşalıların
deyil, geniş mənada Azərbaycan xalqının Şuşanaməsi
səviyyəsində ümumiləşə
bilər. Fikrimcə, bu cür bədii
ümumiləşdirmə bir
qəlbin həyəcanlarından,
taleyindən keçən
Şuşa həqiqətlərindən
Vətən anlayışının
ifadəsinə çevrildiyi
üçün bir xalqın ağrısı
və sevinci kimi təbii səslənir. Bu mənada,
"Mənim Şuşa
dastanım" poeması
üçün seçilmiş
"Mən və Şuşa" mövzusu
tam olaraq "Biz və
Vətən" miqyasına
yüksəldilə bilir.
Fikrimcə, belə orijinal bədii ümumiləşdirmə istedadı
Elçin İsgəndərzadənin
"Mənim Şuşa
dastanım" poemasının
mühüm yaradıcılıq
nailiyyəti hesab olunmalıdır. Poemadan gətirdiyimiz aşağıdakı
poetik parça Elçin İsgəndərzadənin
bədii ümumiləşdirmə
düşüncəsinin miqyasını
təsəvvür etməyə
imkan yaradır:
Bir şəhərin ağrısı
Zamanın ağrısıydı,
Zamanın ağrısını çəkdik.
Bir şəhərin ağrısı
Sabahların ağrısıydı,
Sabahların ağrısını çəkdik.
Bir şəhərin ağrısı
Yolların ağrısıydı!
Yolların ağrısını çəkdik.
Ağrıları rəsm kimi çəkdik taleyimizə,
Şeir
kimi çəkdik gözlərimizə,
Musiqi kimi çəkdik duyğularımıza.
Bir şəhəri çəkdik
ayrılıqlara.
"Mənim Şuşa dastanım" poemasında
adındakı "dastan" sözü də təsadüfi olmayıb, əsərin ideya-məzmun
və bədii forması ilə əlaqədar seçilmiş
real anlayışdır. Əvvəla,
"Mənim Şuşa
dastanım" poemasında
Azərbaycan dastanları
üçün xarakterik
olan təhkiyə üsulundan bacarıqla və yaradıcılıqla
istifadə olunmuşdur.
İkincisi isə, poema janrında, yəni şeirlə yazılmış bu əsərdə kifayət
qədər dastanvari epik səhnələr vardır. Elçin İsgəndərzadə poema
janrı üçün
də xarakterik olan epik səhnələri
bir qədər mübaliğəli, sonra isə xeyli dərəcədə təntənəli
səviyyədə təqdim
etməklə ideya-məzmunun
cızdığı təfərrüatları
"dastanvari" şəkildə
canlandırmağı bacarmışdır.
Nəhayət, əsərdə
poema janrına xas olan liro-epik
xüsusiyyət şeirlə
nəsrin növbələşməsi
əsasında yaranan dastanlardakı kimi bir-birini mütənasib şəkildə əvəz
etməkdən başqa,
həm də ağrının və kədərin, həyəcanın
və sevginin şiddətini artıran bədii vasitə kimi poemaya "dastanvarilik" gətirmişdir.
Dastanlarda epik tərəf daha geniş və qüvvətli olduğu halda, "Mənim Şuşa dastanım"da
lirik-psixoloji ovqatın
üstün mövqedə
olması poemanın orijinallığını müəyyən
edir.
Deməli,
Elçin İsgəndərzadənin
"Mənim Şuşa
dastanım" poeması
xalqımızın yaşadığı
Şuşa həsrəti
və nisgilindən Qarabağ Zəfərinəqədərki
bütün ağrıları
və sevincləri özündə əks etdirən, bədii cəhətdən ümumiləşdirilmiş
orijinal bədii əsərdir. Bu, bir şairin, bir qəlbin timsalında bir xalqın ağrılarının, sevinc
və ümidinin, inam və sevgisinin
poetik monoloqudur. "Mənim Şuşa dastanım" Azərbaycan
yazılı ədəbiyyatının
Şuşanaməsidir. Elçin
İsgəndərzadə özü
də əksər dastanlarda olduğu kimi, "Mənim Şuşa dastanım"
poemasının həm
müəllifi və həm də əsas qəhrəmanıdır.
Əhəmiyyətli cəhət
ondan ibarətdir ki, Elçin İsgəndərzadə
poemada müəllif, təhkiyəçi kimi də, poemanın əsas obrazı ampluasında da həyatda olduğundan daha çox ədəbiyyat havasında görünür.
Beləliklə, o, yaşadıqlarını
yazan və yazdıqlarını yaşayan
müəllif-qəhrəman kimi ümumiləşir.
Poemada Şuşanın düşməndən
azad edilməsindən
sonrakı həyat səhnələrinin təsviri
və tərənnümü
"Mənim Şuşa
dastanım" poemasının
əsas səhifələrini
təşkil edir. Şairin işğal dövründə dağıdılmış
Şuşada uşaqlıq
xatirələrini, evlərini,
itirilmiş dostlarını
axtararkən keçirdiyi
həyəcanlar dastanlarda
ifadə olunan "lələ köçüb,
yurdu qalıb" ifadəsinin doğurduğu
ağır, çətin,
gərgin təəssüratları
poetik cəhətdən
mənalandırmağa xidmət
edir. "Təkcə
yaddaşımızı itirmədik"
deyən Elçin İsgəndərzadənin Azad Şuşada gördüyü
dəhşətin mənzərələri
təbii olaraq poemanın hissləri kimi yazılmış
"Atam üçün
rekviyem"i, "Ağdam
camesində yazılan
şeir", "Şəhid
övladının sevinci",
"Şuşadakı evimizin
uçuqlarına noktürün",
"İdealın Qəmər
nənənin əziz
ruhuna", "İsa bulağında
nənənin qucağında
çəkdirdiyim foto"ya,
"Bir Şuşa ağrısı",
sevgilisi şəhid olan qızın dilindən yazılmış
"Əllərim uçur
göyə", "Şəhid
evimizə elegiya",
"Bir evin taleyi"
və sair kimi ağrılı şeirlərin vasitəsilə
bütün reallıqları
ilə canlandırılmışdır.
Bunlar əslini, özəlliklərini, övladlarını
və gözəlliklərini
itirmiş Şuşanın
işğaldan sonrakı
poetik mənzərəsidir.
Elçin İsgəndərzadə
müxtəlif illərdə
bu mövzuda yazdığı şeirləri
və poemalarından parçaları da "Şuşa
həsrətli şeirlər"
silsiləsi kimi poemaya lirik ricətlər
kimi daxil etməklə acılı-ağrılı
poetik təəssüratları
daha da dərinləşdirmişdir.
Bu şeirlər həm
də şairin Şuşa dastanının
bütövlüyünü təmin edir. Və həmin bütövlük poemanın
"Mənim Şuşa
dastanım" adlandırılmasını
bir daha müəyyən edir.
"Mənim Şuşa dastanım" həyatda
da dastanlarda olduğu kimi qələbə ilə bitir. Elçin İsgəndərzadənin
final üçün təqdim
etdiyi yekun səhnələrdə Şuşa-Qarabağ
Zəfəri Böyük
Qayıdış ideyaları
ilə birlikdə tərənnüm olunur. Poemanın ağrılar və ümidlər üstündə köklənmiş
ideya-məzmunu dastan təntənəsi
ilə başa çatır:
Biz qayıtdıq -
Arzuların zirvəsində qayıtdıq.
Baharların
Neçə gözəl nəğməsində
qayıtdıq.
...Ümidlərin qanadında
yollarımız bərkidi,
Yumruq kimi əllərimiz-qollarımız
bərkidi.
Biz qayıtdıq -
Vətən kimi, torpaq kimi qayıtdıq,
Ağacından ayrı düşmüş
yarpaq kimi qayıtdıq.
"Mənim Şuşa dastanım"da bir neçə şeir var
ki, onlardan hər biri final funksiyası daşıyır. Fikrimcə,
Azad Şuşanı tərənnüm
edən "Şuşam"
şeiri poemadakı mətləbləri və
müəllif ideyasını
daha çox tamamlayır. Xüsusən,
"mübarək" rədifi
üstündə qurulması
bu şeirin final intonasiyasını daha da qüvvətləndirir:
Şuşam, Şuşam, ay Şuşam,
Bu növrağın mübarək!
Hər tərəfə yayılan
Səs-sorağın mübarək!
Durnalarla
qayıdan,
Dünyalarla qayıdan,
Ayla-nurla qayıdan
Çılçırağın mübarək...
...Təmtərağın mübarək!
...Çölün, dağın
mübarək!
...Yol-yolağın mübarək!
...Bu növrağın mübarək!
Bununla belə, "Mənim Şuşa dastanım"
poemasının mənalı
epiloqu "Havalansın
Xanın səsi, Qarabağın şikəstəsi"
kimi məşhur mahnıdakı cəmi iki misra ilə
ifadə olunmuşdur.
Beləliklə, Elçin İsgəndərzadənin
Şuşanaməsi Şuşa
həsrətindən Qarabağ
Zəfərinə, Böyük
Qayıdış hərəkatınadək
keçilmiş yolun,
yaşanan həyəcanların
və nəhayət, qələbə sevincinin poetik mənasını açıb göstərən
intellektual poeziya salnaməsidir.
Bu poemadakı lirik ricətləri və haşiyələri xatırladan
şeirlər Qarabağ
və Şuşa haqqında obrazlı və düşündürücü
poetik monoloqlardır.
Bu, Elçin İsgəndərzadənin
yeni tarixi dövrün
nisgildən sevincə,
məğlubiyyət məyusluğundan
Zəfərin doğurduğu
qeyri-adi qüruraqədərki
ictimai-ədəbi düşüncələri
əks etdirən mənzum Qarabağnaməsidir.
Nəhayət, bu, Böyük Qayıdış
hərəkatının müasir
poeziyasından ibarətdir.
Hazırda Elçin İsgəndərzadə
Azərbaycan Yazıçılar
Birliyi Qarabağ şöbəsinin rəhbəri
kimi yeni tarixi dövrün bütöv və geniş Azərbaycannaməsinin yaradılması
yollarında özünün
düşünən və
düşündürən poeziyası ilə fəal iştirak edir və onun
ümidə, işığa
poetik məna verən şeirləri böyük sabahlara doğru inamla yol gedir, vətənin
bütövlüyünə nəğmələr qoşmaqla
davam edir.
Uğurlar olsun!
28 may
2025-ci il
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, ¹20.- S.8-9.