"Səndən gözəl
olmasın" – emosional
dilemmalara estetik müqavimət
Aylar öncə "Səndən
gözəl olmasın"
şeirlər kitabını
almağımın səbəbi
müəllifin sosial şəbəkələrdəki iddialı bəyanı olmuşdu: Səddam Laçın kitabının
üçüncü nəşrinin
bitmək üzrə olduğunu yazırdı. Naşiri İlkin Tomar isə oradaca "dördüncü
nəşrə nə
deyirsən?" soruşmuşdu.
Maraq məni götürmüşdü. Axı
qəzet və jurnallardan oxuduğum qədərincə, Səddamın
şeirləri kütləvi
bəyəniləcək, satıla
biləcək deyildi. Kitabı alıb oxuyandan sonra isə "sirri" anladım.
Əksər gənc müəlliflər
kimi, Səddam da bu kitabda (ümumən
yaradıcılığında) balansı gözləməklə,
həm oxucunu ələ ala, həm də ədəbiyyatşünaslığın
marağına səbəb
ola bilir. Kitabda, sadəcə, hisslər qoynunda uçurdan, duyğular dəryasına
qərq edən, köks ötürdən,
ağladan, kədərləndirən,
darıxdıran, ovunduran
mətnlər az deyil: "BəxtSiz",
"Ayrılığın səhəri", "Ölü
adam", "Sevgi resepti", "Qısacası",
"Kəpənək ömrü",
"Sonrakı peşmanlıq",
"Gecikmiş məhəbbət"
və s. kimi xeyli şeirlərin adı belə, "arabesk"ə meyillidir. Belə "cooki" şeirlər bütün
ağıl oyunlarından
usanıb dincəlmək
istəyən oxucunun ruhunu, qəlbini oxşamaq üçün
yazılır. Odur ki,
Səddam Laçını
oxucusu daha çox sevgi şairi kimi tanıyır. Müəllif
özü "Səndən
gözəl olmasın"ı
ən sevilən şeiri hesab edir.
Sən olmayan günlərin
Hər günü bir şeirdi, hər günü bir qəzəldi,
Səndən gözəl olmasın,
sənsizlik də gözəldi.
Mən bu şeirin yalnız uğurlu hesab etdiyim son üç misrasını
köçürdüm buraya.
Kitabda isə diqqətimi cəlb edən başqa mövzu, başqa şeirlər oldu. Məsələn, qarışqanı
yerdən, hörümçəyi
torundan, donuzu çərçivələrindən ayırıb kəpənək
kimi, quş kimi uçurdan assosiativ poetikaya malik "Tanrıların şeiri"
azadlıq şərqisi
kimi səslənir:
Məni
himayənə al, Artemida
İnsan
olmaq yorur məni
Qarışqa olsaydım,
Çiyinlərimdəki yükü
Ruzi bilərdim
Sevə-sevə daşıyardım.
Kəpənək olsaydım,
İntiharı düşünməzdim
Uça-uça yaşayardım.
Ən gözəl azadlıq şeirini məhkumlar yazır. Şeirdə sosial məhdudiyyətlər
burulğanında çabalayan
insanın xəyalları
ənginliyə qovuşur,
düşüncə zənciri
xəyali obrazlarla bağlanır. Əvvəldə
Artemidanın, sonda Erosun timsalında tanrılara müraciət
həm dua, həm də üsyandır - sosial yüklərdən azad olub cəmiyyətdən daha ədalətli olan təbiətin himayəsinə keçmək
arzusunu ifadə edir.
Hörümçək olsaydım,
"Xərçəng"-lərin
saçlarını hörərdim.
Quş olsaydım,
Haralısan deyənlərə gülərdim.
Donuz olsaydım,
Vegeterianları ayrıca,
Yəhudilərlə müsəlmanları
Bir arada sevərdim.
Oxunu heyvanlara tuşla, Eros,
İnsanlar seviləsi hər
şeyi sevib.
Burada kontrast və paralellərin formalaşdırdığı
poetik provokasiya sosial çərçivələri
dağıdan metafizik
mənalandırma qazanır.
"Tanrıların şeiri"ndəki
tezis - antitezis - sintez strukturu poetik materialı daha çox ictimai problemlərdən alan Səddamın şeirlərinin ümumi mənzərəsində qabarıq
müşahidə olunan
cəhətdir. Bu xüsusiyyət
şeirlərin poetikasına
fəlsəfi çalar
qatıb duyğulardan
uzaqlaşdıraraq fikrə\düşüncəyə əsaslanan
poeziya müstəvisinə
çıxarır.
Səddamın sosial diaqnoz kimi səslənən bir çox mətnləri çağdaş
insanın, bir çox hallarda konkret olaraq Azərbaycan vətəndaşının
ictimai-psixoloji reallığını,
emosional dilemmalarını
ifadə edir. Bu şeirlər cəmiyyətin
güzgüsünə çevrilir
- qorxu və təlaşının, ümid
və təlatümlərinin
əlində əsir-yesir
qalan, arzularının
böyüklüyündən, xəyallarının ənginliyindən
diksinən tərəddüdlü
insanın kölgəli
güzgüsünə.
Hər kəsdən birazam bu aralar
Qaşı alınmış qız,
Saçı uzun oğlanam...
Mən qəribə insanam -
Böyükdən uşaq olmasını,
Uşaqdan uşaq doğmasını
istəyirəm
Məni
sevən qızlara
"pis qızlar"-ın etdiyini edirəm
Məni
sevməyən hər
qızı pisləyirəm
Özüm özümü anlaya
bilmirəm
Bacısını məktəbə qoymayan
Məktəbdən qız sevib, evlənən...
Anası,
bacısı varkən
qız uşağını
"abort" eliyən adam kimiyəm...
"Qəribəlik" şeiri
təfəkkürü heç
cür müasirləşə
bilməyən çağdaş
insanın daxili parçalanmasını, cəmiyyətin
ikili standartlarının
səbəb olduğu
mənəvi dağınıqlığını,
bu fondakı kimlik böhranını ifadə edir. Müxtəlif sosial rolların daşıyıcısı
olan insan milli yaddaşın formalaşdırdığı
ictimai gerçəklik
ilə içdən gələn səmimi istəklər arasındakı
dolanbaclarda azıb qalır. Bütün ziddiyyətlərin kökünün
ailədən və cəmiyyətin köhnəlsə
də, sıradan çıxmayan mirasından
qaynaqlandığını ifadə edən şeir psixoloji dərinliyə nüfuz edir. Cəmiyyət qanunlarının suladığı
meydanda vicdan aynasına boylanan yalnız bulanıq əksini görə bilir. Ziddiyyətləri bir poetik fiqurda cəmləyən şeirdə
hər bənzətmə
insanın sosial tələb və gözləntilər fonunda
özündən bir parça itirməsinin ifadəsidir.
Yum gözünü, bəlkə
hər şey düzəldi?
Bir yuxu ki gerçəyindən
gözəldir,
Oyanma.
Oyandınsa, yuxulara inanma.
Bir yuxudur gerçək olan, bir həyat,
Aç
gözünü, inanmasan,
bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat,
oyanma.
Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki, ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla, qızım,
utanma.
Bir eşqi ki, qurban verdik bir səhvə,
Yüz dəfə də "gəlmə" desəm,
bir dəfə
Gəl,
amma
Evdə
səni gözləyirlər,
yubanma.
Sevgi və həsrət mövzusundakı "Yuxu"
şeirinin təzadlar
üzərində dalğalanan
bu misraları isə yuxuda hər şeyin dəyişəcəyi ümidi
ilə başlayıb
evdə gözləyənin
olduğu gerçəyi
ilə bitir. Ən təsirli vurğusu gerçək ilə illüziya arasındakı kontrastı
qabardan "gəl, amma..." məqamı olan şeirin ahəngi bu amplitudalar arasında rəqs edir. "Oynaq" ritmi belə, ümidlə təslimiyyət arasındakı
uçurum qədər
dərin olan bu şeirin ağrısına təzad
yaradır. Həyatla yuxu, gerçəkliklə
illüziya, sevgi ilə peşmanlıq arasındakı ziddiyyətlər
üzərində qurulmuş
bu poetik müraciətdəki sarsıntı
inamın önünə
keçir.
Dağınıq otaq...
Fonda
Mozart... Reqviem - d minor
Kətan
parça üzərində
Tələskən barmaqlar - tremor
İki dünya bir olur hər səhər
İki adam qovuşur hər axşam
Səsləri kəsən bəstəkar
Əlləri əsən rəssam
Notlara
hakim adam
rənglərə kəniz qız
Bir gözü gölməçə,
Bir gözü dəniz qız.
İntermedial
poetikaya malik "Tremor rəssam"
şeiri biri musiqi, digəri rəsmlə nəfəs alan iki sənətkarın
timsalında iki fərqli yaradıcı enerjinin bir məkan
və zamanda təması, eyni müstəvidə qovuşmasıdır.
İntermedial elementlərin əsas bədii istinada çevrildiyi şeirdə səslənən
Mozartın "Rekviem"i
yaratdığı atmosferlə
əsas emosional fonu formalaşdırır.
Şeir rəssamın
fırçası ilə
bəstəkarın musiqisi
əsasında yaranmış
emosional sahəni hər iki sənətin
estetik impulsları ilə ifadə edir. "Tremor rəssam"
daxili təlatümün
portretidir. Əlləri
əsdiyi üçün
kətan üzərində
yaranan assimmetriya sənətkarın üslubuna
çevrilir və harmoniya yaradır. "Bir
gözü gölməçə,
bir gözü dəniz qız" metaforası vizual fərqə psixoloji duallığı
sığdırır. Məhz
bu şeirlər hiss edəndən daha çox, düşünən
oxucu ünvanlıdır.
Beləcə, "Mən
şeir müəllifi
yox, tam şeirlik adamam" yazan Səddam Laçının
əksər şeirlərini
sosial-psixoloji təbəddülatların
əks-sədası, boyumuzdan böyük dərdlərə
estetik müqavimət
kimi oxudum.
Mətanət VAHİD
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, ¹20.- S.11.